- 112 -
birləşə bilmirik?» sualı qoyulur. Lakin unudulur ki, milli
birlik zaman kəsiyində mümkün deyil. Bunun üçün zaman
oxunda birlik axtarmaq, öz böyük mənəvi sələflərimizlə
birləşmək lazımdır.
Bütün bu deyilənlərə əlavə olaraq XX əsrin bu iki
böyük şəxsiyyəti arasında daha bir ümumi cəhəti qeyd et-
mək istərdik. Bu – dil məsələsidir. Müasir Azərbaycan dili-
nin formalaşmasında onların rolu məsələsidir.
Hamı tərəfindən qəbul olunmuş, lakin yenə də layiq
olduğu dərəcədə vurğulanmayan həqiqətlərdən biri budur
ki, müasir Azərbaycan dilinin formalaşmasında heç kim
Cəfər Cabbarlı qədər böyük rol oynamamışdır. Cabbarlı
türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin
müstəqil ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində
əvəzsiz xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inki-
şafında rolu barədə fikirlər müxtəlifdir. Çoxları hətta onu
yabançı üslubda yazmaqda təqsirləndirir, müasir dilimizdə
fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət verir-
lər. Lakin məhz Cavidin dilimizi zənginləşdirmək, böyük
türk dilinin potensial imkanlarının müasir Azərbaycan dilini
inkişaf etdirmək sarıdan xidməti ədalətsizcəsinə heçə en-
dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur.
Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün
gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi.
Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə baş-
qası deyil, məhz C.Cabbarlı verir: “Caviddə su kimi duru,
almaz kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu,
- 113 -
islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir,
zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri,
ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir.
Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda
tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını
da meydandan sıxıb-çıxaracaqdır” (C.Cabbarlı. “Ədəbi
mübahisələr”).
Müasir dövrdə, məhz cavidlərin, cabbarlıların böyük
səyləri nəticəsində formalaşmış Azərbaycan ədəbi dili ilə
müqayisədə bizə, bəlkə də, çətin görünən Cavid lisanının o
dövr üçün həqiqətən böyük bir tərəqqi olduğunu ancaq
onun müasirləri düzgün qiymətləndirə bilərdi.
* * *
Cavid milli və dini dəyərlərlə müqayisədə, ümumbə-
şəri dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də,
dünyəvi məktəblər uğrunda mübarizəsi də, bizcə, hər hansı
bir millətə və dinə mənsub olmaqdan öncə, bir bəşər övladı
olaraq özünü dərk etməyi ön plana çəkməsindən irəli gəlir.
Maraqlıdır ki, gəncliyində daha çox millətçi olan Cabbarlı
da tədricən ümumbəşəri ideyalara doğru təkamül yolu ge-
çir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum,
yəhudi olsun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə
azad əmək əli uzadır. O, bizim qardaşımızdır. Biz ərəb mö'-
təsəmlərinə, Bağdad xilafətinə qarşı vuruşuruq. İki addım-
lığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpışır. Lakin
biz onunla birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə
- 114 -
Bağdadın mö'təsəmləri, Bizansın imperatorları, Makedoni-
yanın iskəndərləri, Romanın qeysərləri, neronları arasında
heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşmə-
ninin düşməniyik». (səh.63)
Cavid məkan və zaman müəyyənliyindən, etnik və
dini mənsubiyyətindən, mənəvi-əxlaqi məxsusiyyətindən
asılı olmadan bütün insanların eyni bir mahiyyətə yüksəl-
mək şansını qəbul edir. Məhz mahiyyətə varanda, insani,
ümumbəşəri keyfiyyətlər önə çıxanda üfüqi müstəvidəki
fərqlər itir və insanlar ancaq vertikal müstəvidə, haqqa, hə-
qiqətə yaxınlıq dərəcəsinə görə fərqlənirlər. Burada «məni
hər kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər
tutulur. Yaxud Cabbarlıda «alçaq cismani duyğuları atıb,
ruhani bir yüksəkliyə varmaqdan» («Od gəlini») söhbət
açılır.
Həm də bu yüksəliş intellektual müstəvidən daha çox
mənəvi müstəvidə həyata keçməlidir. Çünki Allaha ancaq
inanmaq, O-nu ancaq müqəddəslik duyğusu ilə dərk etmək
olar. Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid
bu ideyanı «Xəyyam»a girişdə – münacat səsi ilə belə ifadə
edir:
Ey fəzalarda gülümsər əbədi şerü xəyal!
O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!?
Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,
Yenə yox kimsədə əsla səni idrakə məcal.
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görü-
nür, insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvaz-
- 115 -
lanması, eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları
həm də dinlərin vəhdəti ideyasına gətirir.
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi-bəşər.
Həm də bu fikir təkcə Dərvişin dilindən eşidilmir.
Şeyx Sənan İslamı daha dərindən anladıqca xristianlığı da
ehtiva etməyə çalışır:
Mənə olmuş cahan pərəstişkar,
İmdi pək başqa bir cəlalım var.
Sanma İslamə rəhbərəm tənha,
Peyrəvimdir xristianlar da.
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:
Birsə həqq, cümlə din də bir... naçar,
Xəlqi yalnız ayırmış azğınlar...
Yaxud Cabbarlıda oxuyuruq:
«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış
məzlum bəşəriyyət!» «Mən bu gün bütün istilalara, mühari-
bələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altun-
lara, hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski
varlığa qarşı üsyan bayrağı qaldırıram».
«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər
yerdə belə olmuşdur. Bunu babillilər də belə etmişlər, yu-
nanlar da belə etmişlər, rumlar, yəhudilər də belə etmişlər.
İsalar, musalar, iskəndərlər, saysız-hesabsız insan qəssab-
ları hamısı belə etmişlər»
Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğusun-
dan ayrı salınmış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş,
- 116 -
müxtəlifləşmiş və bu müxtəlifliklərin qarşıdurmasını yarat-
mış əski dünyanın əleyhinə çıxaraq, insanın öz daxili-mə-
nəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin
gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri
birləşdirərək hamısına qarşı eyni dərəcədə üsyan edən El-
xan əslində dinləri birləşdirərək hamısına eyni dərəcədə
xidmət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər
eyni mahiyyətdə birləşmirmi?
Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq ha-
disə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyə-
ti isə müqəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olmadıq-
da dini ehkamlar, dini ayinlər, dini mərasimlər əsl dini əvəz
edir və din əvəzinə dini pərdəyə bürünmüş psevdodin yara-
nır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.
Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din
pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəli-
fənin hədiyyə göndərdiyi rəqqasələrə işarətlə Xəyyam «Din
pərdəsi altında nə xoş, incə, lətifə», – deyir. Eləcə də Elxan
«mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını
qəbul edə bilmərəm», – deyir.
Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və
«məhəbbət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə
Xürrəm diyarının mənəvi kodeksi belə səslənir: «Azad sev-
gi, azad vicdan könlümün tanrısı». Dini hiss daxili bir ehti-
yac olmadıqda, insanın mənəvi yüksəlişindən, saflığından,
paklığından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duyğu-
larından doğmadıqda, kənardan icbari yolla təlqin edildikdə
- 117 -
bu böyük azadlıq carçıları onu qəbul edə bilmirlər. Həm də
bu mövqe 20-ci əsrin əvvəllərində meydana gəlməyərək,
Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi
fikirləri, böyük Ömər Xəyyamın mövqeyi ilə necə də
səsləşir:
Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.
Bir dindəyəm, azadə bütün küfr ilə dindən.
(«Xəyyam»)
Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər-
cümə olunaraq mətnə daxil edilmişdir. Həmin mövqe
«Xəyyam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim
olunur:
Bir vəhşi göyərçin kimi mən də,
Şən könlümü azadə dilərdim.
(«Xəyyam»)
Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü.
Lakin Cəfər Cabbarlı Şeyx Sənanın dinlə azadlığı uzlaş-
dırmaq cəhdlərini tənqid etsə də, onun «Od gəlini»ndəki
azadlıq axtarışları da son nəticədə sadəcə dinsizlikdən de-
yil, nəfsin tərbiyəsi, mənəviyyatın yüksəlişi ideyasından
bəhrələnir. Maraqlıdır ki, «Od gəlini»ndən sonra yazılan
«Xəyyam» bu ideya təkamülündə sintez məqamına uyğun
gəlir. Və biz iki müxtəlif dramaturqun birlikdə triada sis-
temi qurduqlarının şahidi oluruq. Cabbarlı «Şeyx Sənan»ı
inkar edir və «Od gəlini»ni yaradır. Cavid inkarı inkar mə-
qamında «Xəyyam»ı yaratmaqla hər iki ideyanın sintezinə
nail olur.
- 118 -
Son söz əvəzi
Sovet dövründə, fəlsəfi fikir üçün əlçatmaz, ünyetməz
ideoloji çəpər çəkildiyi bir vaxtda, neçə minillik tarixi olan
milli məfkurə ancaq bədii ədəbiyyat vasitəsilə sızıb keçir və
gələcək nəsillərə çatdırılmaq üçün öz varisliyini, kəsilməz-
liyini təmin edirdi.
Fəlsəfəyə klassik elmdən, fizikadan gələn bu sətirlə-
rin müəllifi də fəlsəfi fikirdə öz milli-mənəvi təsdiqini tap-
maq cəhdi göstərərkən peşəkar fəlsəfədən daha çox bədii
ədəbiyyata və ilk növbədə milli dramaturgiyaya müraciət
etməli oldu. İlk diqqəti cəlb edən də, təbii ki, öz həyatı ba-
hasına ideoloji tabuya etinasızlıq göstərərək bütün yaradıcı-
lığını qadağan məfkurə zolağında quran böyük Cavidin əzə-
mətli siması oldu.
Ümumbəşəri, kosmopolit fizikadan bəhrələnmiş ra-
sional düşüncə tərzimin milli fəlsəfi fikir axarına düşməsi
üçün ən çox milli ədəbiyyata ehtiyac duyduğumu etiraf edi-
rəm. Həm də bu təkcə mənim timsalımda deyil, bütün dövr-
lərdə belə olmuşdur. Fəlsəfənin məhz düşüncə tərzini şərt-
ləndirən özək hissəsi – milli fəlsəfi fikir təkcə elmi-fəlsəfi
kateqoriyalardan istifadə etməklə məhdudlaşmamış, həm də
- 119 -
yeri gəldikcə klassik bədii obrazlara müraciət etmişdir. Fəl-
səfi əsərin təhkiyəsində fikrin ən kəsə yolla çatdırılmasına
xidmət edən bədii obrazlar bir qayda olaraq milli klassik
ədəbiyyatdan götürülür, rəmzləşir, standartlaşır, kateqoriya-
laşır. Bu, çox spesifik bir prosesdir. Əgər hər bir tədqiqatçı
bədii obraz nümunəsi kimi başqa-başqa mənbələrə müraciət
etsə, oxucu onu anlamaq üçün gərək hər dəfə yeni əsərlər
oxuya. Lakin bir rəmz olaraq artıq «Hamlet» seçilibsə və
ədəbi tənqid buradakı ayrı-ayrı bədii obrazların, süjetlərin,
ifadələrin və s. fəlsəfi açılışını artıq dönə-dönə veribsə və
bu obrazlar, rəmzlər hamılıqla öyrənilibsə, milli düşüncənin
strukturuna daxil olubsa, tədqiqatçıların çox az adama mə-
lum olan başqa bir obraza müraciəti təfəkkür yolunu qısalt-
maq, fikri aydınlaşdırmaq əvəzinə daha da dumanlandırar,
uzaqlaşdırar.
Elmi əsərlər tam müstəqil ola bilməzlər. Hər bir elmi
ideya mütləq başqasının davamı kimi ortaya çıxır. Elmi fi-
kirlər toplanaraq bütün dövrlərin və bütün millətlərin vahid,
möhtəşəm bir abidəsini yaradırlar. Bədii yaradıcılıqda isə
toplanma yoxdur. Müasir fizik Nyutonun, Eynşteynin çi-
yinləri üzərinə çıxdığından daha ucada durmuşdur. Müasir
rəssam, müasir yazıçı isə Mikelancelonun, Şekspirin çiyin-
ləri üzərində deyil, yanında dayanmaqla onlardan yüksəyə
qalxa bilmir. Müasir bir şair Füzulini bütünlüklə əzbər də
bilsə, onun poeziyası Füzuli şeirinin üzərində yüksəlmir,
əgər zamanın sınağından çıxarsa, boy sırası ilə onun ya-
nında dayanır. Burada zaman oxu elə bil ki, böyük klassik-
- 120 -
lərin şərəfinə irəliyə deyil, geriyə doğru yönəlmişdir.
Hər bir bədii əsər isə müstəqil bir hadisədir. Və o baş-
qa bədii əsərlərin süjetinə qatılaraq öz ömrünü uzada bilmir.
Lakin klassika adlandırdığımız elə bədii əsərlər də vardır ki,
onların ideyaları ədəbi tənqidin və ədəbi-elmi tədqiqatların
sayəsində, əslində ancaq elmə mənsub olan toplanma (ku-
mulyativlik prinsipi) qaydaları ilə gələcək əsərlərin məzmu-
nuna daxil olur. Elə bil ki, ədəbiyyatın, bəlkə də bəxti gəti-
rərək klassikaya çevrilmiş nümunələri elmi fikrin qanadla-
rına qonaraq davamlı fikir prosesinin iştirakçısına çevri-
lirlər.
Lakin bədii ədəbiyyatın öz təhkiyə və məzmun hüdu-
dundan kənara çıxaraq daha davamlı mənəvi-idraki proses-
lərə qatılması heç də yalnız ədəbi tənqid və ədəbiyyatşünas-
lıq vasitəsi ilə həyata keçmir. Bunun başqa bir yolu da icti-
mai şüur vasitəsi ilə fəlsəfi fikir mündəricəsinə daxil ol-
maqdır. Necə ki, şifahi xalq ədəbiyyatı neçə-neçə nəsillərin
düşüncə tərzində davamlı bir proses kimi yaşayır, eləcə də
klassik ədəbiyyatın ayrı-ayrı bədii ideya və obraz nümu-
nələri adi şüura qatılaraq nəsillərdən nəsillərə ötürülür.
Bu iki üsul arasında fərqlərdən biri budur ki, El ədə-
biyyatındakı kimi Milli şüura qatılmadan fərqli olaraq ədə-
biyyatşünaslıq və fəlsəfi təhlil qanadlarında davamlı prose-
sə çevrilən klassika millilik hüdudlarını keçərək ümumbə-
şəri, beynəlmiləl miqyas ala bilər. Necə ki, «İliada»ya, «İla-
hi komediya»ya, «Hamlet»ə müraciətlər təkcə ayrı-ayrı mil-
lətlərin deyil, bütövlükdə Qərb təfəkkür tərzinin forma-
- 121 -
laşmasında iştirak etmiş, onun üzvi tərkib hissələrinə çevril-
mişlər. Və bu gün bizlərin də təfəkkürünə sirayət etməkdə-
dirlər. Əlbəttə, burada pis heç bir şey yoxdur, o halda ki,
əks əlaqə də mümkün olaydı.
***
Müasir dövrdə, böyük sələflərimizin uğrunda mübari-
zə apardığı, lakin bu gün məhz bizə qismət olmuş müstə-
qillik illərində milli fəlsəfənin həm bir ideya, həm də bir
milli iradə olaraq formalaşdırılması kimi ağır yükü ufaq çi-
yinlərimizdə daşımağın bütün ağırlığını və məsuliyyətini
dərk edərək bu şərəfli yükü böyük mütəfəkkirlərimizlə bö-
lüşmək qərarına gəldik.
Müstəqil Azərbaycanın bütün istiqamətlərdəki quru-
culuq fəaliyyətinin əsasında, heç şübhəsiz, milli fəlsəfi fikir
dayanmalıdır. Lakin hadisələr dünyasının axarı dayanıqlı
fəlsəfi fikrin formalaşmasını gözləmir. Bəzən hadisələr
müstəvisində zaman fikir müstəvisindəkinə nisbətən daha
sürətlə axır. Ona görə də, milli fəlsəfi fikir heç də sıfırdan
başlamayaraq, əcdadlarımızın qoyduğu bünövrə üzərində
qurulmalıdır. Lakin orta əsrlərin islam fəlsəfəsi bizdən çox
uzaqdadır, həm də, əsasən, ərəb dilində yaradılmışdır. 20-ci
əsrin peşəkar fəlsəfəsi isə yaxın olsa da, milli fəlsəfi ruhdan
məhrumdur və əsasən rus dilində və ya rus dilindən tərcü-
mələrə istinadən yazılmışdır. Nəzərə alsaq ki, əsl milli fəl-
səfi fikir ancaq milli dildə yaradıla bilər, milli düşüncə
tərzinin, milli fəlsəfi fikrin başlıca daşıyıcısı məhz milli bə-
- 122 -
dii ədəbiyyat sayılmalıdır. Belə olan halda, mənim Cavid
yaradıcılığına münasibətim sadəcə ədəbiyyata müraciət ol-
mayıb, həm də milli fəlsəfi fikrin ən yaxın təməl daşlarını
müstəqillik dövrümüzdə fəlsəfi özünüdərkin strukturuna və
mədəni-mənəvi quruculuq proseslərinə daxil etmək təşəb-
büsüdür.
- 123 -
M ü n d ə r i c a t
Ön söz ................................................................................. 3
Cavid yaradıcılığı və milli fəlsəfi fikir ............................. 6
Cavidin poeziyasında əsas fəlsəfi məsələlər və
onlara ənənəvi münasibət ............................................... 15
Cavid və Əttar ................................................................. 29
Cavid və İbn Ərəbi .......................................................... 37
Cavid və Cübran ............................................................. 64
Cavid və İqbal .................................................................. 75
Cavid, Əfqani və Sabir .................................................... 79
Cavid və Cabbarlı ........................................................... 92
Son söz əvəzi ................................................................... 118
Dostları ilə paylaş: |