mənim nəsə öyrədə biləcəyimi güman edən sizin kimi dəlisovlardan isə çox şey tələb edirəm. Yox. Siz
həddindən artıq gəncsiniz. Bir ildən sonra gələrsiniz.
– Amma,
düz sözümdür, kimya biliyimlə...
– Siz fiziki kimya keçmisiniz?
– Xeyr, cənab, amma üzvi kimyanı yetərincə yaxşı bilirəm.
– Üzvi kimya! Bu kimya deyil, cəfəngiyatdır! İylənmiş kimyadır! Aptek kimyası! Fiziki kimya isə gücdür,
dəqiqlikdir, həyatdır. Üzvi kimya qabyuyanların məşğuliyyətidir. Yox. Siz gəncsiniz. Bir ildən sonra
gələrsiniz.
Qotlib fikrindən dönmürdü. Qarmağa oxşayan barmaqları ilə Martinə qapını göstərdi; gənc oğlan
bundan
daha artıq mübahisəyə cəsarət etmədiyindən otaqdan çıxdı. Martin özünü əməlli-başlı bədbəxt hiss
edirdi. Həyətdə kimya tarixçisi, hay-küylü Dubl Edvardsla qarşılaşdı və yalvarış dolu səslə soruşdu:
– Professor, deyin görüm, üzvi kimyada həkim üçün əhəmiyyətli bir şey varmı?
– Əhəmiyyətli? Əlbəttə, var. O, ağrını sakitləşdirən dərmanları tədqiq edir. Sizin evinizin boyandığı boyanı
istehsal edir, sevgilinizin geyindiyi paltarın əlvan rənglərini də… Ola bilər ki,
hətta bizim tənəzzül
dövrümüzdə onun gilas dodaqlarının boyasını da! Hansı alçaq mənim üzvi kimyama qara yaxmağa
cəsarət edib?
– Heç kim. Elə belə, maraq xətrinə soruşdum, – Martin köksünü ötürdü və universitet yeməkxanasına
yollandı, kədərdən və küskünlük içərisində böyük porsiya bananlı plombir, bir də badamlı şokolad yedi.
"Mən bakteriologiya ilə məşğul olmaq istəyirəm, – öz-özünə deyirdi, – xəstəlikləri lap başlanğıcından
öyrənmək istəyirəm. Neyləyək, fiziki kimyanı öyrənərəm. Qoca Qotlibə göstərərəm, lənət şeytana!
Günlərin birində xərçəngin basilini , ya da
başqa bir şeyi kəşf edərəm, o zaman o görər! Aman Allah,
ümid edirəm ki, meyit otağına girəndə ürəyim bulanmaz… Mən baktiorologiya ilə məşğul olmaq
istəyirəm – elə indi!"
Qotlibin istehzalı sifəti Martinin gözü önündən getmirdi. O, içindəki nifrətin dağıdıcı gücünü hiss edir və
ondan qorxurdu. Sonra Qotlibin üzündəki qırışları xatırladı və onu dahi kimi yox, baş ağrısına, əzabverici
yorğunluğa yaxşı
bələd olan, sevilə biləcək insan kimi təsəvvür etdi.
"Doğrudanmı, mənim güman etdiyim kimi, Edvards bu qədər çox bilir? Görəsən, həqiqət haradadır?" –
özünü sorğu-suala tutmağa başladı.
4
Meyitlər üzərində işləməyə başladığı ilk gün Martin həddindən artıq qorxurdu. O, taxta stolların üstünə
uzadılmış sısqa, bozarmış adamların hərəkətsiz, insanlıqdan çıxmış sifətlərinə baxa bilmirdi. Amma bu
adamlar – bu qoca səfillər o qədər oxşar idilər ki, iki gündən sonra digər həkimlər kimi Martin də onları
"Bill", "Ayk", "pastor" çağırmağa və bu cansız bədənlərə biologiya dərslərində heyvanlara baxdığı kimi
baxmağa başladı. Meyit yarılan otaq da heç nə ilə fərqlənmirdi: möhkəm sement döşəmə, dəmir
barmaqlıqlı pəncərələr arasında kobud malalı divarlar... Formaldeqidin iyi Martini iyrəndirmişdi. Elə
bilirdi ki, onun, bir də nəsə başqa
bir şeyin dəhşətli, ürəkbulandıran qoxusu otaqdan çıxanda da üstünə
hopub qalır. Martin bu iyi unutmaq üçün siqaret çəkirdi. Amma bir həftə sonra ona alışdığından artıq
gənclik həvəsi və günah sayılacaq bir ləzzətlə arteriyanı tədqiq etməyə girişmişdi.
O, meyitlər üzərində əməliyyatı tələbələr arasında "Svikli" ləqəbilə məşhur olan müqəddəs Ayra Xinkli ilə
birlikdə aparırdı.
Ayra missioner həkim olmağa hazırlaşırdı. Onun iyirmi doqquz yaşı vardı, Pottsburq xristian kollecini və
Yevangelist Maarif Məktəbini bitirmişdi. Gənc yaşlarında futbol oynayırmış, öküz kimi güclü, demək olar
ki, öküz kimi də yekə idi, elə gönünün qalınlığında da öküzdən geri qalmazdı. Şən və qayğısız xaçpərəst,
sakitlik
bilməyən optimist, bütün günahları və şübhələri gülüşlə yuyan, gülərüzlü puritan idi. O,
zəhlətökən bir canfəşanlıqla Yevangeliya Qardaşları Sektasının "gözəl kilsədə ibadət etmək kart oynamaq
kimi əxlaqsızlıqdır" söyləyən nəzəriyyəsini təbliğ edirdi.
Martin özünü o məqamda yaxaladı ki, qarşısındakı cəsədə – balacaboylu, üzünü civzə basmış, daşlaşmış
ağ-çəhrayı sifəti və iyrənc kürən saqqalı olan kişiyə – Billiyə maşına baxdığı kimi baxır. Özü də çox gözəl,
mürəkkəb, yaxşı, amma hər halda, maşına baxdığı kimi… Bu, onun ilahi yaranışa və insanın
ölümsüzlüyünə onsuz da zəif olan inamını qırırdı. O,
yəqin ki, öz fikirlərini ürəyində saxlayar və tikə-tikə
edilmiş çəhrayı başın ön hissəsindən əsəb damarını pinsetlə asta-asta dartıb çıxararaq, onun üstündə
baş sındırardı; amma Ayra Xinkli ona dinclik vermirdi. O, inanırdı ki, hətta tibb məktəbi tələbəsini belə
düz yola gətirmək olar; Ayra üçün isə düz yol Yevangaliya Qardaşları Kilsəsində uzun-uzadı və mənasız
himnlərin oxunması demək idi.
– Mart, övladım, – o, az qala, bağırırdı, – bir çoxlarının iyrənc adlandıra biləcəkləri bu işdən bizim bilik
öyrəndiyimizi, yəqin ki, anlayırsan; bu bizə cəsədlərə şəfa verməyə və saysız-hesabsız talesiz insanın
məhv olmuş ruhunu xilas etməyə imkan verəcək.
– Fu! Ruh! Nəsə qoca Billidə ruh tapa bilmədim.
Sən allah, vicdanla de, doğrudan, bu cəfəngiyata
inanırsan?
Ayra yumruğunu sıxdı, onu hədələdi, qəhqəhə ilə gülməyə başladı, sonra Martinin kürəyinə ilişdirərək
dedi:
– Qardaşım, elə fikirləşirsən ki, bu cür əhəmiyyətsiz şeylərlə Ayranı əsəbiləşdirə bilərsən? Guya ki, təzə
dəbə düşmüş o şübhələr sənin də ruhuna hakim kəsilib?
Ürəyin rahat olsun, sənin içində belə bir şey
yoxdur; yalnız mədə pozğunluğu var. Sənə gimnastika ilə məşğul olmaq, idman etmək lazımdır. Bizim
yanımıza – GİXA-ya gəl, əvvəl bir az üzər, sonra da ibadət edərik. Eh, zavallı aqnostik, əlinə qadir Allahın
yaratdığını anlamaq imkanı düşüb, sən isə bu dərsdən nə öyrənirsən? Sadəcə, özünü ağıllı hesab edib