Qədim Azərbaycan fəlsəfi fikirin
yaranması
Azərbaycan fəlsəfi fikirin formalaşması bir neçə mərhələdən keçmişdir ki, bunlardan biri
də orta əsrlər fəlsəfəsidir. erkən Orta əsrlərdə yanğın, müharibə, siyasi və dini münaqişələr
nəticəsində yazılı abidələrin məhvi bəhs olunan dövrlərə aid fəlsəfi fikrin tam zənginliyi ilə
təsvir və tədqiqinə imkan vermir. Buna baxmayaraq, əldə olan məlumatlar aşağıdakı qənaətə
gəlmək üçün əsas verir: qədim dövr və erkən Orta əsrlərdə Azərbaycanın mədəni irsində fəlsəfi
problemlərin qoyuluşu və şərhi metodları, fəlsəfi kateqoriyalardan – mövcudat, başlanğıc, son,
maddə, ruh, nəfs, zaman, məkan, həqiqət, ədalət, Xeyir və Şərdən, onların qarşılıqlı
əlaqələrindən bəhs edilməsi Azərbaycan fəlsəfəsini Qədim dövr dünya fəlsəfi fikrinin ayrılmaz
hissəsi kimi səciyyələndirir. Bu mülahizəni qədim yunan filosofları, tarixçiləri, eləcə də orta əsr
və yeni dövr mənbələri də təsdiqləyir. Qədim dövrdə və erkən Orta əsrlərdə varlığın atomlardan
yaranması, maddi və qeyri-maddinin, Xeyir və Şərin, işıq və zülmətin ziddiyyəti və vəhdəti,
Allahın işıq və həqiqətlə eyniləşdirilməsi, idrakın dəyərləndirilməsi tərzi, sosial ədalət və utopik
xoşbəxt cəmiyyət haqqında təsəvvür və nəzəri mülahizələr Azərbaycanda fəlsəfi fikrin təşəkkülü
və inkişafının ideya əsaslarını təşkil etmişdir.
Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər özünəməxsus mərhələ olmuşdur. Bu
dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış, ölkədə fəlsəfənin sonrakı inkişafı
xristian və İslam mədəniyyətləri məcrasında davam etmişdir. Eramızın I əsrindən Şimali
Azərbaycanda (Albaniyada) mövcud olan xristianlığın artıq IV əsrdə dövlət dini elan edilməsilə
Azərbaycanın mənəvi həyatı və fəlsəfəsi yunan-Roma mədəni-mənəvi arealı və bilavasitə Qüdslə
bağlanır. Alban fəlsəfəsi haqqında müəyyən məlumatı Musa Kalankatuklunun “Albanların
tarixi” əsəri verir. Burada həm də Albaniyada qnostisizm fəlsəfəsi və dualizm təmayüllü çoxsaylı
bidətçi ideoloji cərəyanlar və onların nümayəndələrinin olması, onların Aluenin baş kilsəsi
tərəfindən lənətləndirilməsi, Nerses Bakurun və “filosofların şöhrəti” kimi tanınan yepiskop
Karin Teodorosun erməni katolikosu Eliya tərəfindən təqibi, Nerses Bakurun zəngin
kitabxanasının çayda batırılması və onun xəlifə Əbdülməlikin əmri ilə edama məhkum edilməsi
haqqında məlumat verilir. Həmin mənbədə alban şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı
ortodoksal xristianlıqdan fərqli, hikməti tərənnüm edən və yunan mifologiyası ilə bağlı elegiyası
haqqında məlumat verilir. Bu dövrlərdə, həmçinin alban ilahiyyatçı-filosofları Sünikli Petros (VI
əsr) və Sünikli Petros (VIII əsr) yaşayıb yaratmışlar. Sünikli Stepanos Davidin “Fəlsəfənin tərifi”
və Porfirinin “Giriş” əsərlərinə yazdığı şərhlərlə tanınır.
Alban mədəni abidələrinin, əlyazmaları kitabxanalarının dəfələrlə erməni katolikosatının
təşəbbüsü ilə siyasi maraqlar naminə qəsdən məhv edilməsi (suda batırılması, yandırılması) faktı
hazırda alban fəlsəfi əsərlərinin Ermənistan, Gürcüstan və Qüdsün monastır kitabxanalarında
axtarılmasına əsas verir.