“Milli Məclis”.-2010.-№3-4.-S.14-15.
XOCALIYA ƏDALƏT
Milli Məclisdə erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı
soyqırımı qurbanlarının xatirəsi yad edildi.
Fevralın 23-də Milli Məclisin növbəti iclasını açan Sədr Oqtay Əsədov deputatlara müraciət edərək dedi:
"Hörmətli millət vəkilləri, 3 gün sonra XX əsrin sonunda erməni silahlı qüvvələri tərəfindən törədilən, insanlığa
qarşı cinayət hadisəsi kimi qiymətləndirilmiş Xocalı faciəsinin 18-ci ildönümü qeyd olunacaq. Xahiş edirəm
bununla əlaqədar Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edək". Xocalı faciəsi
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra müzakirələrin gedişində çıxış edən deputatlar Ermənistan tərəfinin azərbaycanlılara qarşı soy-qırım
siyasətini hələ ötən əsrin əvvəllərindən həyata keçirməsindən, bu işdə ermənilərə həm çar, həm də sovet
Rusiyasının havadarlıq etməsindən, Xocalı soyqırımının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə
siyasətinin ən dəhşətlisi olmaqla yanaşı keçən əsrin ən böyük faciəsi olmasından, azərbaycanlılara qarşı soyqırım
faktının bütün dünyada tanınması və qəbul edilməsinin vacibliyindən danışdılar.
Milli Məclisin Sədri deputatların diqqətini bir məsələyə yönəltdi: "...Xocalı faciəsinə verilən siyasi
qiymətdən çox söhbət gedir... Biz araşdırdıq və gördük ki, ölkə Prezidenti, Milli Məclis və digər hökumət
təşkilatları tərəfindən bu illər ərzində Xocalı faciəsinə həsr olunan onlarla sənəd - fərman, qərar, müraciət, qətnamə,
bəyanat qəbul edilmişdir. İlk dəfə olaraq beynəlxalq aləmdə Xocalı faciəsinə düzgün qiymət verildi. Bildiyiniz
kimi, İslam Konfransı Gənclər Təşkilatı Forumunun Mədəniyyətlərarası Dialoq layihəsinin baş koordinatoru,
Heydər Əliyev Fondunun Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 1 il
bundan əvvəl "Xocalıya ədalət" kampaniyası başladı. Sevindirici haldır ki, dünyanın 51 ölkəsinin üzv olduğu bu
nüfuzlu təşkilatda - İslam Konfransı Təşkilatı Parlament Birliyində ilk dəfə olaraq Xocalı faciəsinə insanlığa qarşı
cinayət hadisəsi kimi qiymət verilib. İstərdim ki, Səfa Mirzəyev bir hüquqşünas kimi bu qətnamə barədə bizə izahat
versin".
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu hadisənin hüquqi aspektləri barədə deputatlara ətraflı
məlumat verdi: "...Bu il yanvarın 31-də Uqandada - Kampola şəhərində İslam Konfransı Təşkilatı Parlament
Birliyinin ali orqanı olan konfransın VI sessiyası keçirilmişdir. Həmin sessiyada Milli Məclisin nümayəndə heyəti
də iştirak etmişdir: hörmətli deputatlarımız Cavanşir Paşazadə və Sabir Rüstəmxanlı. Bu sessiya haqqında bizim
qabaqcadan məlumatımız vardı. Azərbaycan Xarici İşlər Nazirliyi və İslam Konfransı Təşkilatı Gənclər Forumu ilə
birlikdə biz qətnamə layihəsi hazırladıq... Bilirsiniz ki, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə
baş koordinatoru Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası keçirilir. Bu
kampaniya çərçivəsində qətnaməyə Xocalı barədə müddəalar daxil edildi. Birgə səylərimiz və İKT Parlament
Birliyinin baş katibliyi ilə iş nəticəsində qətnamənin mətnində Xocalı faciəsi erməni silahlı qüvvələri tərəfindən
dinc əhalinin qətliamı və insanlığa qarşı cinayət kimi qiymətləndirildi.
Mən qeyd etmək istərdim ki, bu əlamətdar bir haldır. Çünki ilk dəfədir ki, beynəlxalq təşkilat, özü də
dünyada mövcud olan parlamentlərin dörddə bir hissəsini təşkil edən bir təşkilat Xocalı faciəsinə, Xocalı qətliamına
insanlığa qarşı cinayət kimi qiymət vermiş və birbaşa göstərmişdir ki, bu cinayət erməni silahlı qüvvələri tərəfindən
dinc əhaliyə qarşı törədilən kütləvi qətliam olmuşdur. Bunun əhəmiyyətini qeyd edərək xüsusilə vurğulamaq
lazımdır ki, insanlığa qarşı cinayət anlayışı beynəlxalq hüquqda özündə bir çox dəhşətli hərbi cinayətləri,
soyqırımları, genosidləri əks etdirən bir ümumi anlayışdır. Bu, bizim əlimizə bir president verir. Bu president
əsasında biz bu qətnaməyə istinad edərək başqa təşkilatlarda da Xocalı soyqırımının insanlığa qarşı cinayət kimi
qiymətləndirməsini tələb edə bilərik.
Həmin qətnamədə iki başqa əlamətdar hal da var. Bu da ondan ibarətdir ki, İslam Konfransı Təşkilatı üzv
olan ölkələrin parlamentlərinə tövsiyə edir ki, onlar da öz parlamentlərində Xocalı soyqırımını insanlığa qarşı
cinayət kimi qiymətləndirsinlər. İkinci əlamətdar cəhət ondan ibarətdir ki, həmin o parlamentlərdən xahiş olunur ki,
İKT-yə daxil olan parlamentlər digər üzv olduqları beynəlxalq parlament təşkilatlarında bu məsələni qaldırsınlar və
həmin parlament təşkilatlarından tələb etsinlər ki, Xocalı soyqırımını insanlığa qarşı cinayət kimi
qiymətləndirsinlər.
Bütün bunlar mənə əsas verir ki, bu qətnaməni çox yüksək qiymətləndirəm və təkcə bir siyasi qətnamə kimi
deyil, eyni zamanda, özündə çox vacib hüquqi amillər daşıyan bir qətnamə kimi. Azərbaycan bu qətnaməni əldə
rəhbər tutaraq, digər beynəlxalq təşkilatlarda bunu president kimi gətirərək tələb edə bilər ki, öz qərarlarında bunu
təkrarlasınlar".
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıldı.