İCTİMAİ VƏSAİTİN MONİTORİNQİ MƏRKƏZİ
ABŞ GERMAN MARŞAL FONDU
“Black Sea Trust for Regional Cooperation”
Təşəbbüsünün
dəstəyi ilə
DÖVLƏT MALİYYƏSİ
TERMİNLƏRİ
LÜĞƏTİ
Müəllif qrupu:
Dr.İnqilab Əhmədov
Kənan Aslanlı
Şəhriyar Əhmədov
Bakı – 2008
Redaktor: Günel Kərimova
Korrektor: Kəmalə Cəfərli
Dizayner: Ramil Əhmədov
Dövlət maliyyə terminlərinin mühüm qisminin müasir izahını əhatə
edən bu kitab, müvafiq sahədə çalışan dövlət məmurları, universitet
kollektivləri, aktiv vətəndaş cəmiyyəti nümayəndələri və bütövlükdə
dövlət maliyyəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə
tutulur.
Tiraj 1000
Kitab pulsuz paylanılır
ISBN 978-9952-8051-2-3
İVMM. Bakı–2008
Ön söz
Dövlət maliyyəsi Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf
mərhələsində bizim üçün müstəsna əhəmiyyətə malik sahəsidir. Təkcə
ona görə yox ki, Azərbaycan neft ölkəsi olaraq iqtisadi inkişafını əsasən
karbohidrogen resurslarının istismarından və onun dünya bazarında
satışından əldə etdiyi dövlət valyuta vəsaiti hesabına təmin edir. Önəmlisi
odur ki, cəmi 17 illik müstəqillik tarixinə malik olan ölkəmiz hələ də dünya
iqtisadi terminologiyası ilə tam uyuşmayıb.
Mövcud ədəbiyyatlarda dövlət maliyyəsi ilə bağlı termin və anlayışlar
ya daha çox sovetin planlı iqtisadiyyatından miras qalmış “ənənəvi” xalq
təsərrüfatı kontekstində işıqlandırılır (əsasən dövlət nəşrlərində), ya da
dünya maliyyə praktikasında artıq bərqərar olmuş, ancaq ölkəmizdə
maliyyə bazarının zəif inkişafı ucbatından reallıqdan uzaq olan əcnəbi
terminlərlə digər kənarlaşmaya yol verilir. Əlbəttə, dünya dövlət maliyyəsi
terminologiyası artıq formalaşmış bir sahə olduğundan qlobal iqtisadiyyata
inteqrasiya edən gənc ölkələr üçün yeni ixtiraya “ehtiyac” yoxdur. Əksinə,
inkişaf etmiş dünyanın əksər digər nailiyyətləri kimi, bu anlayışların da
istifadəsi sırf texniki xarakter daşıyır. Problem daha çox artıq dünya
iqtisadiyyatında formalaşmış dövlət maliyyəsi terminoloji bazasını oxucu
üçün mümkün qədər əlçatan etməkdən ibarətdir. Bu terminlərin anlaşıqlı
dildə oxuculara çatdırılması bir tərəfdən praktiki əhəmiyyət daşıyıb iş
adamlarının biznes fəaliyyətində bu və ya digər anlayışın dəqiq mənasını
bilmək zərurətindən irəli gəlirsə, digər tərəfdən iqtisadiyyatı bir sahə kimi
seçib gələcəkdə nəzəri biliyini artırmaq qərarına gələn oxucu üçün çox
vacub əyani vasitə kimi ona böyük tələbatdan doğur.
Sirr deyil ki, qloballaşan dünyada universallıq meyli hər sahədə olduğu
kimi, terminologiya və anlayışlar sahəsində də xüsusilə özünü büruzə
verir. Təbii ki, milliyyətindən və dilindən asılı olmayaraq, dünyanın hər
bir vətəndaşı üçün internet, kompüter, e-mail və s. terminlər o qədər
doğmadır ki, onları ana dilinə tərcümə etmək haqqında çox az sayda
adam düşünür. O qəbildən də dövlət maliyyəsi sahəsində bir sıra
populyar anlayışları, məsələn, büdcə, bank, birja və s. bu kimi terminləri
göstərmək olar. Amma bununla yanaşı, dövlət maliyyəsi sahəsi o
qədər zəngin və mürəkkəbdir ki, burada çoxsaylı mürəkkəb anlayışlar
da mövcuddur. Onların mənasını bilmədən bu sahəni fəth etmək isə
mümkünsüz görünür.
Bütün bunları nəzərə alaraq müəllif qrupu qarşısında çox mürəkkəb bir
vəzifə dururdu: mürəkkəb detallarına varmadan bu sahədə istifadə edilən
ən populyar və faydalı terminləri seçib onların mənasını açıqlamaq. Nə
dərəcədə bu məqsədə nail olunub, bunu siz müəyyənləşdirəcəksiniz.
Ümumiyyətlə, lüğət hazırlanarkən əsasən ABŞ və Böyük Britaniyanın
müvafiq sahədəki nüfuzlu nəşrlərindən, tanınan iqtisadi-maliyyə
elektron resurslarından, eyni zamanda Azərbaycanın bank-maliyyə
qanunvericiliyindən və rəsmi statistika terminologiyasından istifadə
edilmişdir.
Beləliklə, biz kitaba daxil etdiyimiz 650 terminin seçimini etdik və
ümidvarıq ki, sizin üçün həm praktiki işinizdə, həm də nəzəri fəaliyyətinizdə
məhz onlar daha gərəkli olacaqdır.
A
A
Adambaşına düşən pul gəlirləri (per capita income) – hesabat
dövründə əhalinin pul gəlirlərinin onun orta illik daimi sayına bölünməsi
yolu ilə müəyyən edilir. Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına
nisbəti isə ailədə adambaşına düşən orta gəlirdir.
Adambaşına düşən sosial transferlər (per capita social transfers) –
dəyər transferlərinin (natura şəklində sosial transferlər istisna olmaqla)
və natura şəklində sosial transferlərin cəminin, yaxud müxtəlif sosial
transferlərin hər birinin kəmiyyətinin əhalinin orta illik daimi sayına
bölünməsi yolu ilə müəyyənləşdirilir.
Akrhesabı ödənişlər (acreage fees) – karbohidrogen ehtiyatlarının
işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə
sahəsindən istifadə üçün hökumətə ödənilən vəsaitlər.
Aksiz (excise) – bəzi kütləvi istehlak mallarının (tütün məmulatları,
spirtli içkilər, bəzi yanacaq növləri) qiymətinə və ya tarifinə əlavə
edilən dolayı vergi növü. Azərbaycan Respublikasında aksizli mallara
aşağıdakılar aid edilir: spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün
məmulatları; neft məhsulları; minik avtomobilləri (xüsusi nişan və
avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri
istisna olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər
üçün nəzərdə tutulan digər üzən vasitələr.
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin
sahib olduğu bütün maddi varlıqları əhatə edir. Müəssisənin
aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə
bərabər olmalıdır. Beynəlxalq mühasibatlıqda aktivlərin aşağıdakı
təsnifatı mövcuddur: (a) cari aktivlər – nağd pullar, qiymətli kağızlar,
bank depozitləri və nağd pula mümkün qədər tez çevrilə bilən digər
predmetlər; (b) ticarət investisiyaları – “qız” və ya birgə kompaniyalara
investisiyalar; (c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və
avadanlıqlar, mebellər; (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı,
müsbət reputasiya), patentlər və s.
Aktivlər və passivlər (assets and liabilities) – aktivlər keçmiş
hadisələr nəticəsində obyekt tərəfindən idarə olunan elə resurslardır
ki, bunlardan gələcək iqtisadi effekt və xidmət potensialının obyektə
axması gözlənilir. Passivlər keçmiş hadisələrin nəticəsi olan obyektin
mövcud olan öhdəçilikləridir.
Dostları ilə paylaş: |