Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 1 iyul tarixli 463 nömrəli
Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydaları haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununa əsasən hüquqi aktların Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət
Reyestri) daxil edilməsi qaydalarını müəyyən edir.
1.2. Dövlət Reyestri Azərbaycan Respublikasında qəbul edilən normativ
hüquqi aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli
Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamlarını, həmçinin onların
rekvizitlərini əks etdirən dövlət informasiya ehtiyatıdır.
1.3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi - qəbul edilmiş
hüquqi aktların bu Əsasnamədə müəyyən edilmiş qaydada Dövlət Reyestrinə
daxil edilməsi, habelə əvvəllər Dövlət Reyestrinə daxil edilmiş hüquqi
aktlarda dəyişikliklərin edilməsi və onların qüvvəsinin itirilməsi ilə bağlı
fəaliyyətdir.
1.4. Dövlət Reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
(bundan sonra - Ədliyyə Nazirliyi) tərəfindən aparılır.
1.5. Ədliyyə Nazirliyi Dövlət Reyestrinin formalaşdırılmasını,
aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet informasiya
ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi açıqlığını və mühafizəsini təmin
edir.
1.6. Naxçıvan Muxtar Respublikasının dövlət və yerli özünüidarə
orqanlarının hüquqi aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilir. Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestri Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi
tərəfindən aparılır və Dövlət Reyestrinin tərkib hissəsidir. Dövlət Reyestrinin
elektron variantında Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə ayrıca keçid olmalıdır.
1.7. Dövlət Reyestri qeydiyyat informasiya sistemi vasitəsilə elektron
variantda və Dövlət Reyestri kitabı vasitəsilə kağız variantda Azərbaycan
Respublikasının dövlət dilində aparılır. Hüquqi aktı qəbul etmiş orqan
tərəfindən həmin aktın qəbulu üçün müəyyən olunmuş qaydada təsdiq
edilmiş aktın digər dilə tərcüməsi mövcud olduqda, Dövlət Reyestrinə
müvafiq dildə olan hüquqi akt da daxil edilir.
1.8. Dövlət Reyestri “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 80-ci maddəsində müəyyən edilmiş
struktura uyğun olaraq aparılır.
1.9. Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan hüquqi aktlar
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununun, həmçinin ayrı-ayrı hüquqi aktların hazırlanması və qəbuluna dair
müəyyən edilmiş qaydaların tələblərinə uyğun olmalıdır.
1.10. Dövlət Reyestrinə konkret (birdəfəlik) təşkilati, nəzarət və ya
sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya
digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan normativ xarakterli aktlar
deyil, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks
etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş normativ
xarakterli aktlar daxil edilir.
1.11. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və
normativ xarakterli aktlar, həmin aktlarda onların qüvvəyə minməsinin daha
gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında
dərc edildiyi gündən qüvvəyə minir. Hüququn analogiyasından və ya
qanunun analogiyasından istifadə olunması haqqında Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarı Dövlət Reyestrinin elektron
variantında dərc edildiyi gündən qüvvəyə minir.
1.12. Hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları
Dövlət Reyestrinin elektron variantında və Dövlət Reyestrinin toplusunda
dərc edilmir.
1.13. Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən hüquqi aktlar istisna
olmaqla, natamam hüquqi aktların Dövlət Reyestrinin elektron variantında və
Dövlət Reyestrinin toplusunda dərc edilməsinə yol verilmir.
1.14. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların mətnləri rəsmi dərc
edilmiş hüquqi aktların mətnləri ilə birgə istinad üçün rəsmi mənbə hesab
olunur.
1.15. Dövlət Reyestrinə daxil edilmiş və rəsmi dərc edilmiş hüquqi
aktların mətnləri arasında ziddiyyət olarsa, Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktın mətninə üstünlük verilir.
2. Dövlət Reyestrinə daxil edilən hüquqi aktların rekvizitləri
2.1. Dövlət Reyestrinə hüquqi aktların aşağıdakı rekvizitləri daxil edilir:
2.1.1. aktın növü;
2.1.2. qəbul edildiyi tarix;
2.1.3. qeydiyyat nömrəsi;
2.1.4. adı;
2.1.5. rəsmi dərc edildiyi mənbə (qanunlara, fərmanlara və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına münasibətdə);
2.1.6. qüvvəyə minmə tarixi;
2.1.7. Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks
kodu (kodları);
2.1.8. Dövlət Reyestrinin qeydiyyat nömrəsi;
2.1.9. hüquqi aktın Dövlət Reyestrinə daxil edildiyi tarix.
2.2. Dəyişikliklər edilmiş, ləğv edilmiş və ya qüvvədən düşmüş hüquqi
aktlar üzrə Dövlət Reyestrinə həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv
etmiş və ya qüvvədən düşmüş hesab etmiş hüquqi aktın rekvizitləri, habelə
Dövlət Reyestrinin qeydiyyat nömrəsi və hüquqi aktın Dövlət Reyestrinə daxil
edilmə tarixi göstərilməklə müvafiq qeyd daxil edilir.
3. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları
3.1. Hüquqi aktları qəbul etmiş orqanlar onları Dövlət Reyestrinə daxil
edilmək üçün həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək
Ədliyyə Nazirliyinə göndərirlər.
3.2. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları müşayiət
məktubu olmadan, onları qəbul etmiş orqan tərəfindən Dövlət Reyestrinə
təqdim olunur və Ədliyyə Nazirliyinə daxil olduğu gündən sonrakı iş günü
ərzində Dövlət Reyestrinə daxil edilir.
3.3. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları rəsmi dərc edildikdən sonra Dövlət Reyestrinin elektron
variantında dərc edilir.
3.4. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları və
normativ xarakterli aktlar (Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarları istisna olmaqla) onları qəbul etmiş orqanın rəhbəri, o
olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanmış
müşayiət məktubu ilə birgə Dövlət Reyestrinə təqdim edilir.
3.5. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlara
müvafiq məcburi hüquqi ekspertizanın rəyi əlavə olunur. Məcburi hüquqi
ekspertizanın rəyi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq
tərtib edilməlidir.
3.6. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların
razılaşdırılması Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi
olduqda, habelə hüquqi aktda Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada digər orqanla bağlı normativ göstərişlər və (və ya)
tapşırıqlar olduqda, həmin hüquqi akt əlaqədar orqanla razılaşdırılaraq
Dövlət Reyestrinə təqdim edilir.
3.7. Nizamnamə, əsasnamə, təlimat, reqlament, qayda və norma
nəzərdə tutan digər aktlar onları təsdiq edən aktla birgə təqdim olunur.
3.8. Hüquqi aktlar kağız daşıyıcıda onların əslinin həqiqi surəti
formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında
təqdim edilir.
3.9. Hüquqi akt barədə məlumat, onu təqdim edən orqan, aktın növü,
qəbul edildiyi tarix, qeydiyyat nömrəsi və adı göstərilməklə Dövlət
Reyestrinin qeydiyyat jurnalının kağız və elektron formalarında qeydiyyata
alınır.
3.10. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar
Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddi iş günü müddətində Dövlət
Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına
dair yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi
ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-
ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.
3.11. Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas
aşkar edilməyən, bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi
aktlar Dövlət Reyestrinə daxil edilir. Gün ərzində Dövlət Reyestrinə daxil
edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron
variantında dərc edilir.
3.12. Dövlət Reyestrinə daxil edilmiş hüquqi akta xüsusi alqoritm
əsasında vahid və təkrarlanmayan Dövlət Reyestrinin qeydiyyat nömrəsi
verilir.
3.13. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın Dövlət Reyestrinin
qeydiyyat nömrəsi, Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina
olunmuş hüquqi akt barəsində isə imtinanın əsası (bu Əsasnamənin 4.1-ci
bəndinin müvafiq yarımbəndinə istinad olunmaqla) Dövlət Reyestrinin
qeydiyyat jurnalında göstərilir.
3.14. Yeni hüquqi aktın qəbulu ilə əlaqədar olaraq, Dövlət Reyestrinə
əvvəllər daxil edilmiş hüquqi aktlarda zəruri hallarda müvafiq dəyişikliklər
edilir. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktların ləğv edilmiş və ya
qüvvədən düşmüş hesab edilmiş struktur elementləri aktlardan çıxarılır,
hüquqi aktlar qüvvəsini itirdikdə isə bu barədə müvafiq qeyd edilir.
3.15. Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın kağız və elektron
daşıyıcıları Dövlət Reyestrinin strukturuna uyğun olaraq onun arxivində daimi
saxlanılır.
4. Hüquqi aktların Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtina edilməsi
4.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların
Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan aşağıdakı hallarda imtina
edilir:
4.1.1. hüquqi akt qəbul edildiyi gündən üç gün müddətində Dövlət
Reyestrinə təqdim edilmədikdə;
4.1.2. keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində hüquqi akt rədd
edildikdə və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana
qaytarıldıqda;
4.1.3. bu Əsasnamənin 3.6-cı bəndində nəzərdə tutulmuş hallarda aktın
layihəsinin əlaqədar orqanlarla razılaşdırılması (vizalanması) haqqında
məlumatı əks etdirən sənədlər təqdim edilmədikdə;
4.1.4. bu Əsasnamənin 3.4-cü, 3.5-ci və ya 3.7-ci bəndlərinin tələbləri
pozulduqda;
4.1.5. hüquqi aktın mətninin kağız daşıyıcısı üzərində hər hansı düzəliş
olduqda;
4.1.6. hüquqi aktın kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnləri
arasında uyğunsuzluq olduqda.
4.2. Hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtina edildikdə, imtinanın əsası göstərilməklə, hüquqi akt onu qəbul etmiş
orqana müvafiq məktubla qaytarılır. Bu Əsasnamənin 4.1.2-ci və 4.1.3-cü
yarımbəndlərində nəzərdə tutulmuş əsaslara görə hüquqi aktın Dövlət
Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edildikdə, məktubda
hüquqi aktı qəbul etmiş orqanın hüquq xidmətinin rəhbərinin intizam
məsuliyyətinə cəlb edilməsinin zəruriliyi göstərilir.
4.3. Bu Əsasnamənin 4.1.4-4.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş
əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtina edildikdə, onu qəbul etmiş orqan beş iş günü müddətində göstərilən
çatışmazlıqları aradan qaldıraraq, hüquqi aktı Dövlət Reyestrinə daxil
edilmək üçün Ədliyyə Nazirliyinə yenidən təqdim edir.
4.4. Bu Əsasnamənin 4.1.1-4.1.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
əsaslara görə hüquqi aktın Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan
imtina edildikdə, həmçinin bu Əsasnamənin 4.3-cü bəndində göstərilmiş
müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil
edilmək üçün qəbulundan imtina edilmiş hüquqi akt beş gün müddətində onu
qəbul etmiş orqanın ayrıca qərarı ilə ləğv edilir və qərarın surəti Ədliyyə
Nazirliyinə təqdim edilir.
5. Yekun müddəalar
5.1. Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktları
qəbul edən orqanlar tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi
aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların
Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul
etmiş orqanlara müraciət edir. Bu müraciət on iş günü müddətində yerinə
yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə bu
Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməyən
hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi
tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.
5.2. Ədliyyə Nazirliyi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş
müddətdə ləğv edilməmiş, həmçinin bu Əsasnamənin 5.1-ci bəndinin ikinci
cümləsində nəzərdə tutulmuş müddətdə Dövlət Reyestrinə daxil edilmək
üçün təqdim olunmamış mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının,
Azərbaycan Respublikası Mərkəzi Bankının, Məhkəmə-Hüquq Şurasının, Milli
Televiziya və Radio Şurasının və yerli icra hakimiyyəti orqanlarının normativ
xarakterli aktları barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə
məlumat verir, yerli özünüidarə orqanlarının qərarlarının etibarsız sayılması
barədə məhkəməyə müraciət edir.
Dostları ilə paylaş: |