Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 24 –
Günel Abdullayeva
✵
Bağışlamanın vərəsəlik payına təsiri
Annotasiya
Məqalə bağışlama əsasında əldə edilmiş hədiyyələrin vərəsəlik münasibətləri bərqərar
olduğu halda nə kimi rol oynamasından bəhs edir. Burada hədiyyənin miras əmlakın
açılması zamanı cəlb edilm
əsinin hansı hallarda ədalətli və məqsədəuyğun olması
göstərilmişdir. Bu barədə Fransa, Almaniya, İngiltərə, Türkiyə və sair ölkələrin mülki
qanunvericilik sistemi milli qanunvericiliklə müqayisə edilərək mənfi və müsbət məqamlar
qiymətləndirilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsində daha ədalətli hüquq
normasının müəyyən olunması barədə tövsiyələr əks olunmuşdur. Habelə məqalədə ailə
əmlakına edilmiş hədiyyənin hansı hallarda birgə mülkiyyət hesab olunması və miras
bölgüsündə necə nəzərə alınması məsələsinə toxunulmuş, birgə mülkiyyət rejimi
qaydasının qanuni nikahdan əlavə, daha hansı hallarda nəzərə alınmalı olmasına dair
müxtəlif müəlliflərin yanaşması əks olunmuşdur.
Abstract
The article is dedicated to the role of received gifts as donation when inheritance
relationships are set up. There is shown in which cases concerning the donation is rather
fair. There is appreciated negative and positive points by comparative analysis with civil
legislature of France, Germany, England, Turkey and other countries and national civil
legislature. There are shown recommendations on determining fair and more perfect legal
norms in the Civil Code of the Republic of Azerbaijan. In addition, the article covers the
cases in which gifts to marital property should be considered as the shared ownership
property and how should be adjusted in the partitioning of shares. There are reflected
approaches of different authors about in which cases the rule of the shared ownership
property should be established besides marriage.
Giriş
ülki hüquqda vərəsəlik münasibətlərilə əlaqədar məsələlərin
həllinə tələbat daim əhəmiyyət kəsb etmişdir. Digər hüquq
münasibətlərindən fərqli olaraq, hər bir şəxsin vərəsəlik hüquq
münasibətinin subyekti ola bilmə imkanı mütləqdir. Bu zaman ortaya çıxa
biləcək problemlərdən biri də odur ki, miras qoyan şəxsin ölümündən qısa
müddət əvvəl bağışlama əqdini etmiş olması, habelə nikah münasibətində
olduğu şəxsə qarşı belə bir əqdi icra etməsi vərəsəlik münasibətinə müəyyən
dərəcədə təsirini göstərir. Xüsusilə də, müddətin az olması belə bir əqdin
uydurma olub əhəmiyyətsiz xarakter daşıması imkanını ortaya çıxara
bildiyindən bu tip hüquq münasibətlərində bağışlanan əşya miras açılan
zaman diqqətdən tam da kənarda qalmamalıdır. Belə ki, onun vərəsəlik
payına, miras əmlakın həm aktiv, həm də passivinə təsiri digər vərəsələrə
haqsızlıq edilməməsi məqsədilə nəzərə alınmalıdır. Buna baxmayaraq, belə
təsirin qiymətləndirilməsi məsələsinə bağışlama hüquq münasibətində
əvəzsiz hədiyyə əldə edən tərəfin hüquqlarının tapdanması kimi yanaşmaq
✵
Bakı Dövlət Universiteti Hüquq fakültəsi, III kurs, SABAH qrup
u tələbəsi
M
Dekabr | 2015
Mülki hüquq
– 25 –
olmaz. Bu səbəbdən məqalədə hansı hallarda bağışlanan əşyanın mirasdan
kənarda qalıb-qalmaması məsələsindən danışılacaq. Bundan əlavə
qanunvericiliyin belə hallarda tənzimləmə üsulunun məqsədəuyğunluq
dərəcəsi və optimallığına nəzər yetiriləcəkdir. Həmçinin beynəlxalq
təcrübədə rast gəlinən həll yolları ilə yerli qanunvericiliyin müqayisəli təhlili
aparılaraq mənfi və müsbət cəhətlər araşdırılacaq, daha ağlabatan həll
üsulları qeyd olunacaqdır.
I.Bağışlama müqaviləsinin hüquqi təbiətinin
vəsiyyət etmə ilə müqayisəsi
Vərəsəlik münasibətlərində miras qoyan şəxsin ölümündən sonra
əmlakının sonrakı aqibəti barədə sərəncam verə bilmə imkanı vəsiyyət etmə
nəticəsində gerçəkləşir. Vəsiyyət etmə ilə bağışlama əqdi hüquqi təbiətinə
görə bəzi oxşarlıqlara malikdir. Belə ki, hər ikisi qeyri-kommersiya xarakteri
daşıyır, o cümlədən hər ikisi əvəzsiz əqdlərdir və əsasən, qəbul edən tərəf
üçün qazandırıcı əqd kimi çıxış edirlər. Buna baxmayaraq, onların hüquqi
təbiətində fərqli məqamlar mövcuddur ki, bu da onlara verilən anlayışlarda
nəzərə çarpır. İlk əvvəl, vəsiyyət etmə birtərəfli əqd olduğu halda, bağışlama
əqdi müqavilə əsasında gerçəkləşdiyindən ikitərəfli əqd formasında təzahür
edir. Belə ki, vəsiyyətnamədə yalnız miras qoyanın iradəsi əks olunur,
bağışlama müqaviləsində isə hədiyyə qəbul edən şəxsin razılığı tələb olunur,
yəni onun qəbul etməsi əsasında müqavilə bağlanmış sayılır. Bundan əlavə,
digər fərqli məqamlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
(bundan sonra AR Mülki Məcəllə) 666.1-ci maddəsində bağışlama
müqaviləsinə verilən anlayışda əks olunub: “Bağışlama müqaviləsi sağ ikən
bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının
bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də hədiyyə alan
tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir”. Burada bağışlamanın
vəsiyyət etmədən fərqli olaraq sağ ikən realizə edilməsi əks olunmuşdur.
Vəsiyyət edərkən şəxsin bütün əmlakı barədə sərəncam verə bilmə
imkanının olmağına baxmayaraq, bağışlama zamanı əmlakın bir hissəsinin
hədiyyə olunmasının nəzərdə tutulması bütövlükdə bağışlamanın
ağlasığmaz olmasından irəli gəlir. Vərəsəlik münasibətlərində vərəsələrə
keçən öhdəliklə bağışlama zamanı hədiyyə qəbul edənin üzərinə qoyula
bilən öhdəliklər də xarakterinə görə fərqlənir. Belə ki, AR Konstitusiya
Məhkəməsinin “AR Mülki Məcəllənin 666.1, 670.1, 670.3 və 673.1-ci
maddələrinin şərh edilməsinə dair” Plenum Qərarında deyilir: “Hədiyyə
verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan
müxtəlif öhdəliklər qoya bilər ki, bunlar dövlət mənafeyi, ictimai mənafe,
hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə nəzərdə tutula bilər. Lakin
öhdəlik bağışlamanın mahiyyətinə zidd olmamalı və ya hər hansı maddi
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 26 –
təminat əldə edilməsi ilə bağlı olmamalıdır”.
1
Bu səbəbdən həmin
öhdəliklərin yerinə yetirilməməsinə görə müqavilədən imtina edilməsi
məntiqəuyğundur. Belə görünür ki, bağışlama əsasında yaranan öhdəlik
subyektiv xarakterə malikdir və vərəsəlik münasibətlərində ümumi faydalı
məqsədlərlə əlaqədar olan vəsiyyət tapşırığı ilə oxşarlıq təşkil edir. Hədiyyə
edilərkən ümumi faydalı məqsəd naminə qoyulan şərtin, əsasən, donorun –
hədiyyə verənin ölümündən sonra da yerinə yetirilməsi tələb olunur.
2
O ki
qaldı, vərəsəlik qaydasında miras əmlakın passivinə daxil olan öhdəliklərə,
bunlar obyektiv xarakterə malikdir.
Xarici ölkələrdə bağışlama və miras vergisi (gift and estate tax) müəyyən
edilmişdir. Lakin burada nəzərdə tutulan dəyər həddi fərqli müəyyən
olunmuşdur. Məsələn, Amerika Birləşmiş Ştatlarında hər il inflyasiyaya
əsasən, dəyişən bağışlama vergisinə cəlb olunma həddi 14 min dollardan
yuxarı dəyərdə olan hədiyyə üçün müəyyən edildiyi halda, miras üçün 5.43
milyon dollar nəzərdə tutulmuşdur.
3
Bağışlamaya nəzərən mirasda həddin
yuxarı göstərilməsində məqsəd odur ki, miras qoyan öldükdən sonra onun
aqibətinin müəyyən olunması şərtdir. Ancaq bağışlama sırf hədiyyə verənin
istəyindən asılıdır. Azərbaycan Respublikası qanunvericiliyində bağışlama
və miras ilə əlaqədar verginin müəyyənləşdirilməməsi heç bir əvəz
qarşılığında edilməyən bir qazandırma əqdi olmaları ilə əlaqədardır. Lakin
nəzərə almaq lazımdır ki, bağışlamanın vergidən azad olması vergidən
yayınma məqsədilə də bu müqaviləyə müraciət edilməsinə imkan yaradır.
Bu səbəbdən verginin müəyyən olunması yalan əqd kimi bağışlama
müqaviləsindən sui-istifadə edilməsi imkanının qarşısını alacaqdır. Miras
vergisinin müəyyənləşdirilən həddi isə külli miqdarda əldə olunan
qazandırmalara aid olduğundan ədalətsiz sayılmamalıdır.
II. Bağışlama müqaviləsi əsasında verilmiş hədiyyənin
vərəsəlik payının müəyyən edilməsi zamanı nəzərə
alınmamasının üçüncü şəxslərin hüquqlarına təsiri
A. Hüquqdan sui-istifadəyə əsas verən, yaxud kreditorların
mənafeyinin tapdanmasına gətirən bağışlama
Əlbəttə ki, məsələyə bu aspektdən yanaşılması bağışlama predmetinin
hədiyyə verənin əmlakının yarısından çox ola bilməsi, habelə borcu olduğu
təqdirdə bağışlama halını istisna etmək məqsədi güdmür. Lakin bu müqavilə
1
AR Konstitusiya Məhkəməsinin “AR Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci
maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Plenum Qərarı
2
Manfred Pieck, A Study of the Significant Aspects of German Contract Law, 3 Ann. Surv. Int'l &
Comp. L. 111, s. 141, 1996
3
Internal Revenue Service Announces 2015 Estate and Gift Tax Limits (2014),
http://www.forbes.com/sites/ashleaebeling/2014/10/30/irs-announces-2015-estate-and-gift-
tax-limits/ (son baxış 3 dekabr, 2015)
Dekabr | 2015
Mülki hüquq
– 27 –
əsasında borcu olan şəxsin borcunu ödəməzdən qabaq belə bir sərəncam
verməsi, daha sonra isə borcu ödəmək iqtidarında olmaması kreditor üçün də
xoşagəlməz vəziyyət meydana gətirir. Baxmayaraq ki, AR Mülki Məcəllənin
673.2.2-ci maddəsinə əsasən, bağışlama vədindən, vəd verildikdən sonra
hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır
yükə çevirə biləcəyi dərəcədə dəyişərsə, imtina edilə bilər, lakin bu imtina
hədiyyə verən tərəfin iradəsindən asılı olması ilə səciyyələnir. Belə ki,
təminatsız kreditor üçün belə bir hal risk təşkil edir. Bunu belə əsaslandırmaq
olar ki, əksər hallarda borc verilən zaman kreditor borca təminat istəməsə
belə, borclunun əmlak aktivinə bələd olaraq etimad edir. Əgər belə bir
məlumat mövcud olarsa, böyük həcmdə bağışlama əqdi borc ödənmədiyi
təqdirdə kreditorun mənafeyinə təsir edəcəkdir. Hətta belə bir hal hüquqdan
sui-istifadəyə də yol açmaq imkanına malikdir. Belə ki, borclu borcunu ödəyə
bilmədiyi təqdirdə mülkiyyətində olan əşyaya məhkəmə tərəfindən tutma
yönəldilməsindən, əlindən çıxmasından ehtiyat edərək ailə üzvlərindən
birinə və ya digər yaxın hesab etdiyi şəxsə bağışlaya bilər. Hərgah bu halda
bağışlama müqaviləsinin uydurma əqd kimi mövcud olması da mümkündür,
hansı ki, AR Mülki Məcəllənin 340-cı maddəsinə əsasən, əhəmiyyətsizdir.
Lakin belə bir etibarsızlıq halı olmadıqda belə üçüncü şəxslərin mənafelərinin
təmin olunması zəruridir. Vərəsəlik münasibətlərində isə mirasa ölən şəxsin
əmlakının passiv qismi, yəni öhdəlikləri də daxil olduğundan borclunun
aktivlərinin vərəsəlik payına daxil olması kreditorların mənafelərinin
tapdanması üçün əsas yaratmır. Buna görə də, əşyanın mülkiyyətçisi olan
borclu vərəsələri borcu ödəməkdən azad olsun deyə də bağışlama əqdi edə
bilər ki, bu zaman müqavilənin etibarlılıq şərtləri gözlənilsə də, hüquqdan
sui-istifadə edilməsi əks olunacaqdır. Burada həm sağ qalma halında, həm də
ölüm hadisəsi baş verdiyi təqdirdə meydana çıxa bilən problemlərin
tənzimlənmə mexanizminin yaradılması zəruridir. Belə ki, əvvəla, bağışlayan
şəxs sağ qalsa belə, borcunu ödəmək üçün bağışlanan əmlakı geri tələb edə
bilməyəcək. Çünki AR Konstitusiya Məhkəməsinin müvafiq Plenum
Qərarında 673.2-ci maddənin yalnız bağışlama vədi ilə əlaqədar olması qeyd
olunub.
4
Sözsüz ki, belə bir halda hədiyyəni artıq əldə etmiş şəxsə qarşı geri
qaytarmaq tələbinin qoyulması ədalətli sayılmaz. Lakin hədiyyə əldə edənin
payına mütənasib şəkildə borcu ödəməyə cəlb etmək hüququnun kreditora
keçməsi və ya borclu qarşısında bağışlanan qazandırmaların borcun
ödənilməsinə cəlb edilməsinə dair tələb hüququnun yaranması imkanı təmin
4
Yenə orada. Mülki Məcəllənin 673.2-ci maddəsi ilə konsensual bağışlama müqaviləsinin,
hədiyyə verənin bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina
edilməsi halları tənzimlənir. MM-in 673.1-ci maddəsində göstərilən hallardan əlavə olaraq,
vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son
dərəcə ağır yükə çevirlə biləcəyi dərəcədə dəyişməsi və ya hədiyyə verənin ailə hüquq
münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması
barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina edilməsi hallarına aiddir.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 28 –
olunarsa, daha məqsədəuyğun olar. O cümlədən borclu öldükdən sonra
vərəsələr də hədiyyəni tələb etməkdən boyun qaçıra bilər. Türkiyə Mülki
Məcəlləsinin 562.1-ci maddəsində bənzər tənzimləmə qaydası təsbit
olunmuşdur. Burada deyilir ki, vərəsələr ödəmə qabiliyyəti olmadığı halda
bağışlanan əşyanın geri verilməsinə dair iddia qaldırmazsa, bu hüquq kreditorlara
keçir. Əslində AR mülki qanunvericiliyinin belə bir hüququ tanımamağına
əsas kimi, bu hüquq münasibətinin nisbi xarakter daşımasını göstərmək olar.
5
Lakin belə bir müddəanın təsbitinin əhəmiyyəti bağışlanan əşyanın borcun
ödənilməsi zamanı yayınması üçün miras qoyanın hüquqdan sui-istifadə
etməsinin, belə bir məqsədi olmadığı halda belə, kreditorların mənafelərinin
tapdanmasının qarşısını alacaqdır. Sui-istifadə halının olmaması üçün ən
azından, borc yarandıqdan sonra edilən bağışlamanın borcun ödənilməsində
nəzərə alınması tövsiyəolunandır.
B. Vərəsələr hədiyyəni hansı hallarda və nə üçün tələb etmək
istəməyə bilər?
Bağışlayan şəxs borcunu ödəməzsə, mülki məsuliyyətə, habelə mülki iş
üzrə məhkəmə qərarını icra etmədiyi təqdirdə AR Cinayət Məcəlləsinin 306-
cı maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunacaqdır. Bu xarakterdə
mənfi nəticələrin müəyyən olunması dövlət tərəfindən kreditorun
hüquqlarının pozulmamasına qarşı təminat yaradır. Lakin vərəsələr
mirasdan imtina etdiyi halda borclar yalnız miras əmlakın aktivinə yönələcək.
Əslinə qalsa, AR Mülki Məcəlləsində vərəsələrin borcların ödənməsi zamanı
məsuliyyət həddinin müəyyən olunmasında ziddiyətli bir məqam nəzərə
çarpır. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsində deyilir ki, vərəsələr miras
qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına
mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Burada borcun həm
tam şəkildə, həm də alınmış aktiv həcmində ödənməli olması qeyd
edilmişdir. Bəs bu müddəa miras aktivinin borcdan az dəyərdə olduğu halda
tam ödənməməsini ifadə edir? Mülki Məcəllənin 1307-ci maddəsində
vərəsələrin kreditorların borclarının ödənilməsi zamanı sübutetmə yükü əks
olunmuşdur. Belə ki, burada mirasın notarius tərəfindən siyahıya alındığı
haldan başqa, vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu
sübut etməli olması göstərilir. Belə çıxır ki, sübut edildikdə vərəsələr
kreditorlar qarşısında maksimum miras əmlakın aktivi həcmində məsuliyyət
daşıyacaqlar. Belə bir hüquq normasının müəyyən edilməsində məqsəd onlar
üçün məsuliyyətdən azad olmaq imkanının təmin edilməsi kimi görünür. Bu
məsələnin dəqiqləşdirilməsi baxımından bir əsas da budur ki, AR Vergi
5
Nisbi xarakter daşıyan hüquq münasibətlərinin mövcudluğu zamanı tərəflərin yalnız bir-
birinə qarşı hüquqlara malik olması və öhdəlik daşıması səbəbindən həmin hüquqların
üçüncü şəxslər tərəfindən irəli sürülməsi nəzəriyyəçilər tərəfindən qəbul edilmir. Yalnız
tələbin güzəşti halı istisnadır. O da hüquq münasibəti tərəflərinin iradəsi əsasında mümkün
olur.
Dekabr | 2015
Mülki hüquq
– 29 –
Məcəlləsinin 77.4.3-cü maddəsində vergi öhdəliyinə xitam verilməsi
hallarından biri kimi vergi ödəyicisinin vəfat etmiş və ya Azərbaycan
Respublikası mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş elan
olunması halı göstərilmiş və ardınca həmin anda vergi borclarının
ödənilməsini tənzimləməklə əlaqədar belə bir norma təsbit olunmuşdur:
“Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik
əmlakının dəyəri hədlərində ödənilir”. Bu da bir daha miras passivinin çox
olduğu halda borcun qalan hissəsinin ödənilməsi məsələsinin müəmma
altında qaldığını təsdiq edir. O cümlədən bütün vərəsələrin mirasdan imtina
etməsi halında belə, miras əmlak dövlətə keçsə də, məsuliyyət yenə də miras
əmlakın aktivinin dəyəri həddində olacaq. Belə ki, Mülki Məcəllənin 1314-cü
maddəsində əks olunan dövlətin vərəsələri olmayan əmlak ona keçdiyi halda
kreditorların borclarına qarşı vərəsə kimi məsuliyyət daşımalı olması zamanı
vərəsələr üçün nəzərdə tutulan yüngülləşdirici norma analogiya əsasında
dövlətə də şamil olunacaqdır. Bütün bunlar ona əsas verir ki, hədiyyənin
dəyəri borca bərabər və ya ondan az olarsa, vərəsələrin bağışlanan əşyaya
dair məcburi payın tamamlanması üçün iddia qaldırmaqda marağı
olmayacaqdır. Belə ki, həmin pay da borcun ödənilməsi üçün tələb
olunacaqdır. Bu səbəbdən də kreditorların mənafeyinin təmin olunması üçün
yuxarıda təklif olunan müddəanın qanunvericiliyə daxil edilməsi və bu
əsasda kreditorların hədiyyə alana qarşı tələb hüququnun tanınması Mülki
Məcəllənin 6.1.7-ci maddəsində əks olunan "mülki hüquqların maneəsiz
həyata keçirilməsinə şərait yaradılması" prinsipi ilə də uzlaşmış olacaq.
III. Mirasın bölüşdürülməsində hədiyyənin nəzərə
alınmasına əsas verən digər halların təhlili
A. Beynəlxalq təcrübədə hədiyyə nə zaman miras
bölgüsündə nəzərə alınır?
Bağışlanan əşyanın mirasın bölüşdürülməsi zamanı təsirinə dair AR Mülki
Məcəlləsində nəzərdə tutulan yeganə hüquq norması 1200-cü maddədir.
Burada qeyd olunub: “Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda,
məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı,
onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını
tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki
il keçirsə, hədiyyə hesaba alınmır”. Ancaq qanunvericilikdə vərəsələrin
nəzərdə tutulan yaxın dövr ərzində bağışlama əsasında əldə etdiklərinin
mirasda digər əsaslar üzrə nə kimi rol oynaması məsələsinə
toxunulmamışdır. Bu hal əslində İngiltərə, Uels kimi ümumi hüquq sistemli
ölkələr üçün də səciyyəvidir.
6
Belə ki, həmin ölkələrdə də bağışlanan əmlak
6
Eleanor Cashin Ritaine, National Succession Laws in Comparative Perspective, s. 148
(University of Lorraine, Metz, France 2013) “In common law countries such as England and Wales.
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 30 –
yalnız məcburi payın ödənilməsi halında nəzərə alınır. Buna baxmayaraq,
miras əmlakın tərkibi sayılmır.
7
Böyük Britaniya parlamenti tərəfindən 12
noyabr 1975-ci il tarixli "Inheritance (Provision of Family and Dependants)" -
"Vərəsəlik (Ailə və onun üzvlərinin təminatı)" haqqında Aktda
qanunvericilikdə vərəsələrin onlara miras qaldığı halda belə əldə etdikləri
qazandırmalar (advancements) ağlabatan həcmdə olmadıqda və məcburi payı
böyük həcmdə zədələdikdə daha çox həcmdə miras payı əldə edən şəxsə
qarşı iddia qaldıra bilmək hüququ əks olunmuşdur.
8
O cümlədən sözügedən
hüquq miras qoyanın ölümündən 6 il sonra da böyük həcmli bağışlamalara
dair nəzərdə tutulmuşdur.
9
Türkiyə Cümhuriyyətində isə mülki
qanunvericilik bu halda həmin əşyanın nəinki məcburi payın tələb edilməsi
zamanı, üstəlik qanun üzrə vərəsəlik rejimi bərqərar olduğu halda mirasın
bölüşdürülməsində nəzərə alınmalı olmasını təsbit etmişdir. Qanuni
vərəsələrlə yanaşı, digər şəxslərə edilmiş qazandırmalar o zaman nəzərə
alınır ki, məcburi payın tamamlanması lazım olsun.
10
Almaniya Mülki
Məcəlləsində isə bu hal barədə qanun üzrə vərəsələrin əldə etdiklərini geri
vermək öhdəliyi belə ifadə olunmuşdur: “Qanun üzrə vərəsəlik zamanı
vərəsələr miras qoyanın sağlığında qəbul etdikləri bütün qazandırmaları
mirasın bölünməsi üçün təhvil verməlidirlər, bir halda ki, miras qoyan
qazandırma əqdini tərtib edərkən əksini müəyyən etmiş olmasın. Digər
şəxslərə edilmiş hədiyyələr isə o halda mirasın bölüşdürülməsi zamanı geri
verilir ki, miras qoyan hədiyyə edərkən bu halı nəzərdə tutmuş olsun.”
11
Burada da Türkiyə Mülki Məcəlləsindəki kimi qanun üzrə vərəsələrin mirasın
bölüşdürülməsi zamanı əldə etdikləri hədiyyə barəsində təslim etmə öhdəliyi
qoyulub. Habelə 2052-ci maddədə göstərilib ki, onlar vəsiyyət üzrə vərəsə
olsalar, lakin payları qanun üzrə vərəsəlik rejimi müəyyən olunduqda
nəzərdə tutulan paylarla eyni olarsa, yenə bu qayda tətbiq olunur.
12
Lakin
It is to be noted that lifetime transfer of property is governed by lex situs and therefore does not fall
into the deceased’s estate that may be governed by a foreign lex successionis”.
7
Yenə orada “Lifetime gifts are therefore excluded from the estate for the purposes of calculating the
amount of forced heir ship shares, as this property is not part of the estate at death”.
8
Inheritance ( Provisions of Family & Dependants), UK, 1975 “An order for the payment to the
applicant out of that estate of a lump of such amount as may be so specified”
9
Yenə orada
10
Ahmet Kılıçoğlu, Miras Hukuku, s. 440 (5-ci nəşr. 2013)
11
Almaniya Mülki Məcəlləsinin 250-ci maddəsi “Descendants who inherit as heirs on intestacy
are obliged to have whatever they received from the deceased during his lifetime as an advancement
adjusted in the partitioning between the heirs, unless the deceased directed otherwise when giving the
advancement. Other gifts inter vivos must be adjusted if the deceased directed adjustment when he
made the gift” İngilis dilinə tərcümə olunmuş tam mətn:
http://www.gesetze-im-internet.de/englisch_bgb/
12
Almaniya Mülki Məcəlləsinin 2052-ci maddəsi “If the deceased has appointed the descendants
as heirs to what they would receive as heirs on intestacy, or if he has defined their shares of the
inheritance in such a way that they have the same proportion to each other as the shares of the
Dekabr | 2015
Mülki hüquq
– 31 –
2056-cı maddəyə əsasən, digər hallarda hədiyyə nəticəsində payın
digərlərindən çox olması artıq dəyəri ödəmək öhdəliyi yaratmayacaqdır.
Türkiyə mülki qanunvericiliyi bir sıra qazandırmaların normalda qəbul edilə
bilən həddən yuxarı olduğu halı nəzərə alır. Belə ki, Türkiyə Mülki
Məcəlləsinin 675-ci maddəsində normal hesab olunan hədiyyələr və evlənmə
əsnasında verilmiş normal miqdarda qəbul edilən hədiyyələr miras
bölünərkən miras əmlaka daxil edilməyə (denkleşdirme) tabe deyil. Lakin belə
bir misala nəzər yetirək: “Miras qoyan sağlığında övladlarından birinin təhsili
üçün 60.000 manat xərcləyib. Bu məbləğ ümumi qaydada rast gəlinən və
normalda qəbul edilən təhsil üçün nəzərdə tutulmuş xərclərdən daha yüksək
olması səbəbilə miras bölünərkən hesaba alınır”.
13
Burada qanunvericinin
məqsədini belə izah etmək olar ki, miras qoyanın sağlığında etdiyi bu
qazandırma digər vərəsələrin əldə edə biləcəyi paya təsir edərək onlar üçün
ədalətsiz nəticə yarada bilər. Sözügedən hal məcburi payın tamamlanmasıyla
bağlı iddia (tenkis) ilə eynilik təşkil etmir. Belə ki, həmin zaman təkcə qanuni
vərəsələr deyil, digər şəxslərin də əldə etdikləri hədiyyə, habelə vəsiyyətnamə
əsasında əldə olunan qazandırmalar nəzərə alınır. Lakin miras qoyan bunu
bağışlamışdırsa, buna onun iradə ifadəsi kimi baxmaq daha məqsədə-
uyğundur. Əslində Fransa Mülki Məcəlləsinin 1077-1-ci maddəsində də
qanuni vərəsələrə edilmiş hədiyyənin miras əmlakın balansına daxil edilə
bilməsi halı nəzərdə tutulmuşdur.
14
Lakin buradakı müddəa fərqli xarakter
daşıyır. Belə ki, bu iddianın irəli sürülməsi üçün əsas məcburi payın
tamamlanması ilə əlaqədardır. Bu baxımdan sözügedən müddəa AR mülki
qanunvericiliyi ilə oxşarlıq təşkil edir. Belə ki, vərəsə öz qanuni payının
tamamlanması məqsədilə bu formada iddia irəli sürə bilməz.
15
Yəni qanuni
vərəsəlik rejimi üzrə vərəsə olsa belə, hədiyyəni təslim etmə öhdəliyi nəzərdə
tutulmamışdır. Həmçinin burada əldə etdiyi hədiyyəyə iddia ediləcək şəxslər
dairəsi yalnız qanuni vərəsələrlə məhdudlaşmışdır. Hədiyyə verilmiş şəxslər
qanuni vərəsələr sırasından deyildirsə, onlara qarşı iddia qaldırıla bilməz.
Azərbaycan, o cümlədən, Türkiyə mülki qanunvericiliyində isə belə
məhdudiyyət nəzərdə tutulmayıb. Belə ki, bağışlama və vəsiyyət edilən
istənilən şəxsə qarşı məcburi payın tamamlanması ilə bağlı iddia irəli sürülə
bilər. Jersey (Fransa ərazisində yerləşən və muxtariyyətə malik olan qurum)
inheritance on an intestacy, then in case of doubt it is to be assumed that the de
scendants are to be
obliged to adjust their advancements under sections 2050 and 2051”
13
Kılıçoğlu, s. 441
14
Fransa Mülki Məcəlləsinin 1077-1-ci maddəsi “A descendant who did not participate in a
partition made by gift or who received a part below his portion of the reserve may bring an action for
abatement where there does not exist at the opening of the succession property not included in the
partition and sufficient to form or make his reserve complete, account being taken of the gratuitous by
which he may have profited” İngilis dilinə tərcümə olunmuş tam mətn:
http://www.legifrance.gouv.fr/content/download/1950/13681/version/3/file/Code_22.pdf
15
Fransa Mülki Məcəlləsinin 1077-2-ci maddəsi “ A child not yet conceived at the time of a
partition made by gift has a similar action to form or make his hereditary share complete”
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 32 –
mülki qanunvericiliyində geri tələb edilə bilməyən hədiyyələrin siyahısı
(rapport`a la masse) öz əksini tapmışdır. Bunlar ərzaq üçün pul, geyim, təhsil
almaq və ixtisas əldə etmək üçün edilən ödəmələr, uzufrukt əsasında əldə
olunmuş bəhərlərdir.
16
Burada bağışlama predmetinin sərf edilərək
tükənməsi əsas olaraq göstərilmişdir. Bundan əlavə, burada qanunvericinin
məqsədini belə izah edə bilərik ki, xərclənən məbləğ normal həddən çox olsa
da, miras qoyanın arzu və məqsədinin böyüklüyü ilə uzlaşacaqdır. Necə ki,
vəsiyyətnamə üzrə miras qoyan öz əmlakının ölümündən sonrakı aqibətini
azad iradəsi əsasında müəyyən edirsə, bağışlama əsnasında da iradəvi
şəkildə əmlakına dair sərəncam verir.
B. Hədiyyənin nəzərə alınmasını vacib edən məqamlar
Məlumdur ki, AR mülki qanunvericiliyində miras əmlak üzərində həm
vəsiyyət, həm də qanun üzrə vərəsəlik rejiminin yarana bilməsi halı tanınır.
Bu hal AR Mülki Məcəllənin 1172-ci maddəsində əks olunmuşdur. O
cümlədən eyni şəxsin hər iki əsas üzrə vərəsə ola bilmə imkanı da
mövcuddur.
Həmin
qayda
isə
məcəllənin
1259-cu
maddəsinin
məzmunundan aydın olur.
17
Bu baxımdan miras qoyanın bağışlama əqdinə
vəsiyyət etmə kimi yanaşmaq daha məqsədəmüvafiq olar. Belə halda
hədiyyə, üzərində vəsiyyət üzrə vərəsəlik rejimi yaranan miras payı kimi,
qanun üzrə vərəsəlik rejimi bərqərar olmuş əmlaka daxil olmamalıdır. Bu
səbəbdən də AR Mülki Məcəlləsindən Türkiyə mülki qanunvericiliyində əks
olunan sözügedən müddəa ilə eynilik təşkil edən 1277-ci maddənin
çıxarılması mütərəqqi bir hal kimi qiymətləndirilməlidir. Lakin anqlo-sakson
hüquq sistemi ailəsinə də xas olan bu cəhətin mənfi tərəfi borcların
ödənilməsi zamanı ortaya çıxır. Bu səbəbdən hədiyyənin vərəsəlik
münasibətləri zamanı miras əmlakın passivi baxımından nəzərə alınması
zəruridir. Belə ki, borcların ödənilməsi zamanı vəsiyyət üzrə vərəsələr öz
paylarına mütənasib şəkildə məsuliyyət daşıyırsa, bu vəziyyətin hədiyyə
verilən şəxsə də şamil olunması ədalətli nəticə əldə olunması baxımından
effektiv olar. O cümlədən belə bir müddəanın təsbiti miras qoyanın bağışlama
əqdi etməklə digər vərəsələrdən fərqli olaraq hədiyyə alanı borclardan azad
edib, digər vərəsələri daha çox ağır nəticəyə məruz qoyma ehtimalını da
aradan qaldırar. Bu baxımdan Fransa və Türkiyə qanunvericisinin mirasın
bölüşdürülməsi zamanı məhz qanuni vərəsələrə edilmiş hədiyyələrin miras
əmlaka daxil edilməsinə dair hüquq norması müəyyənləşdirməkdə məqsədi
aydın olur. Əmlaka daxil olan əşyanı qanuni vərəsəyə bağışlamaq borcun
ödənməsindən yayınmaq, yəni hüquqdan sui-istifadə edə bilmək üçün daha
16
Timothy Hanson və Barbara Corbett, Forced Heirship – Trusts and other problems, tam mətn:
https://www.jerseylaw.je/Publications/jerseylawreview/june09/JLR0906_Hanson.aspx (son
baxış 29 noy. 2015) (2009)
17
AR Mülki Məcəlləsi 1259-cu maddə “Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay
düşürsə, o bir payı qəbul edə, digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər”
Dekabr | 2015
Mülki hüquq
– 33 –
əlverişlidir. Milli qanunvericilikdə məcəllənin 673.2.2-ci maddəsində əks
olunan hal baş verdikdə bağışlama vədindən imtina hüququ vərəsələr üçün
də nəzərdə tutulub, lakin borcun miqdarı hər zaman vərəsələrin onu ödəyə
bilmək iqtidarında olmamağı vəziyyətinə gətirmir. Bundan əlavə, borcun
ödənilməsi məcburi payın azalmasına səbəb olmadıqda bağışlanan
qazandırmalar mirasdan kənarda qalır. Bununla da bağışlanan əşyanın əmlak
passivindən azad olması vərəsəlik payını əldə edənlər üçün ədalətsiz nəticə
yaradır. Belə ki, göstərilən hal vərəsələrin paylarının daha çox azalmasına
səbəb olur. Buna görə də hədiyyə verilən şəxsin əldə etdiyi əşyanın dəyərinin
ona düşən pay kimi nəzərə alınması digər vərəsələrin borclara dair öhdəliyini
yüngülləşdirməyə imkan verəcəkdir.
IV. Hədiyyənin miras qoyanın borcları üçün hesaba
alınmasının hədiyyə alan üçün nəticələrinin təhlili
A. Bağışlama vədi edildikdə hədiyyə vəd olunan tərəf üçün
yaranan problemlərin həlli
Hədiyyə əvəzsiz bir qazandırma olduğu üçün hədiyyə edən və onun
vərəsələrinin bağışlama vədindən imtina etməsi ilk baxışda problemli
görünməyə bilər. Lakin belə bir müqavilə qarşı tərəfdə həmin sərəncama
etimad edərək müəyyən planlar qurmağa əsas verə bilər ki, müqavilədən
imtina olunması hədiyyə alan üçün, o bu halı qabaqcadan yəqin etməsə belə,
ağır nəticələrə səbəb ola bilər. Bağışlama vədinin etibarlı sayıla bilməsi üçün
tələb AR Mülki Məcəlləsinin 668.1.5-ci maddəsində göstərilmişdir. Burada
gələcəkdə bağışlama vədi edildikdə bu vədin notarial qaydada təsdiqlənməli
olması qeyd olunub. Oxşar müddəa Almaniya Mülki Məcəlləsinin 313-cü
maddəsindədə əks olunub.
18
Belə ki, əmlakın bir hissəsi və ya hamısının
başqasına verilməsinə dair söz verildikdə bu vəd ilə bağlı müqavilə məhkəmə
və ya notarial qaydada təsdiq edilməlidir. Sözsüz ki, hədiyyə verən şifahi
qaydada etdiyi vədi tam şəkildə yerinə yetirərsə, həmin vəd yazılı və notarial
qaydada təsdiqlənməsə belə, bağışlamanın etibarlılığına xələl gəlməyəcək.
Müqavilənin bu cür forma şərtinə tabe tutulmasına səbəb isə mübahisə
yarandıqda sübutu təmin etməkdir.
19
Lakin vəddən imtinaya əsas verən
hallar olduqda formal tələblər gözləndiyi təqdirdə belə, qarşı tərəfin
müqaviləyə etimad göstərməsi səbəbindən zərərə məruz qala bilməsi
ehtimalı nəzərə alınmayıb. Belə ki, AR Mülki Məcəlləsində hədiyyə verənin
məsuliyyəti sadəcə hədiyyə ilə əlaqədar dəyən zərər barədə və zərərin
qəsdən, yaxud kobud ehtiyatsızlıq səbəbindən vurulması zamanı nəzərdə
tutulur. Burada zərər əşyanın qüsuru ilə bağlıdır. Vəd ilə əlaqədar zərərdən
18
Almaniya Mülki Məcəlləsi 313-cü maddə “Contracts by which a person promises to transfer or
to subject to a usufruct all or part of his currently-owned property must be judicially or notarially
authenticated”
19
Pieck, s. 115
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 34 –
isə bəhs edilmir. Qanunvericilik bağışlamanı edəcək şəxsin mənafeyini, onun
üçün ağır nəticələr törədə bilən vəziyyət yarandığı zaman qoruduğu kimi,
vədi qəbul etmiş şəxs üçün də müdafiə mexanizmi nəzərdə tutulmalıdır.
Bağışlamanın əvəz tələb etməyən sərəncam olmasına baxmayaraq, bağışlama
vədinin notarial qaydada təsdiqi vədi qəbul edən şəxs üçün müsbət nəticə
yaratmalıdır. Belə ki, şəxsin real zərəri ağlabatan həddə ödənilməlidir.
B. Hədiyyə verildikdən sonra yaranan problemlərin həlli
Yuxarıda borcların ödənilməsi zamanı bağışlanan əşyanın hesaba alınması
barədə təklif əks olunmuşdur. Bu baxımdan həmin anda da hədiyyə əldə
etmiş şəxsin mənafelərinin qorunması təmin olunmalıdır. Qeyd etmək
lazımdır ki, Almaniya Mülki Məcəlləsinin 528-ci maddəsində AR mülki
qanunvericiliyindən fərqli olaraq hədiyyə edənin əqdi yerinə yetirdikdən sonra
da ondan imtina etməsinə əsas kimi yoxsullaşması (improverishment), özünə
və ya ailə üzvlərinə qarşı əvvəl nəzərdə tutulmamış öhdəliyin yaranması halı
göstərilmişdir. Belə olduqda verilmiş hədiyyə qaytarıla bilər. Həmçinin
hədiyyə əldə edən hədiyyəni qaytarmaqdan imtina edib lazımi məbləği
ödəyə də bilər.
20
Almaniya mülki qanunvericiliyi hədiyyənin verildikdən
sonra da qaytarıla bilməsinin mümkünlüyünü təsbit edir. Belə iddia əsassız
varlanmaya (unjust enrichment) dayanaraq edilir. Bu səbəbdən bağışlamaya
görə fayda əldə etmək üçün edilən xərc ödənmədiyi təqdirdə hədiyyə əldə
edən müqaviləyə etimadından irəli gələn zərəri tələb edə bilməli və ya
hədiyyəni geri vermədən zərər xaricində qalan dəyəri bağışlayan şəxsə
ödəməlidir.
V. Ailə münasibətləri zamanı hədiyyənin
nəzərə alınması
A. Hədiyyənin birgə mülkiyyətə daxil edilməsinin zəruriliyi
Məlumdur ki, AR mülki qanunvericiliyinə əsasən, ailə-nikah münasibət-
lərinin yaranması birgə mülkiyyət rejiminin bərqərar olmasına əsas verir.
Yəni nikah bağlandıqdan sonra AR Ailə Məcəlləsinin 32.2-ci maddəsində
göstərilən əsaslar üzrə əldə olunmuş əmlak ər və arvadın birgə mülkiyyətinə
daxil olur. 34-cü maddədə ər-arvadın hər birinin ayrılıqda mülkiyyətinə daxil
olan əmlak əks olunmuşdur: “Nikaha daxil olanadək onlara məxsus olan
əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında,
digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca
mülkiyyətindədir”. Lakin burada ər-arvadın bir-birinə etdikləri hədiyyənin
20
Almaniya Mülki Məcəlləsi 528-ci maddə “ To the extent that the donor, after fulfillment of the
condition , is not a position to maintain himself reasonably and to meet the maintenance obligation
incumbent upon him by law in relation to his relatives, his spouse, his civil partner, or his previous
spouse or civil partner, he may demand return of the gift from the donee under the provisions on the
return of unjust enrichment. The donee may avoid return by paying the amount required for
maintenance”
Dekabr | 2015
Mülki hüquq
– 35 –
burada əks olunan hədiyyə ilə eyni rejimə tabe olması məsələsi mübahisəli
xarakter daşıyır. Almaniya mülki qanunvericiliyinin bu məsələyə münasibəti
belədir ki, birgə mülkiyyət rejimi altında ailə əmlakından edilən hədiyyənin
yarısı hər iki şəxs tərəfindən edilmiş hesab olunur, lakin başqa biri tərəfindən
ər və ya arvada edilən hədiyyə onun öz mülkiyyəti hesab olunur.
21
Bu cür
qaydanın mövcud olması əslində daha məqsədəuyğundur. Belə ki, nikah
tərəfindən biri hədiyyə etməklə öz əmlakına dair sərəncam verir və belə bir
əqd nəticəsində əmlakında baş verən azalmanı qəbul edir, lakin diqqətdən
qaçırmaq olmaz ki, həmin bağışlama onların birgəyaşama vəziyyəti nəzərdə
tutularaq edilmişdir. O cümlədən bağışladığı hədiyyənin zərurət olduqda
özünün də faydalana bilməsi imkanını nəzərə almışdır. Bu səbəbdən
müəyyən miqdarda dəyərə malik hədiyyələr birgə mülkiyyətə aid
edilməlidir. Bunun nəticəsində ər və ya arvad öldükdə hədiyyənin yarısı
miras əmlaka daxil edilməlidir. Lakin istənilən hədiyyənin birgə mülkiyyətə
daxil edilməsi düzgün deyil. Belə ki, bu qayda dəyəri böyük olan hədiyyələrə
tətbiq olunmalıdır. Necə ki, AR Ailə Məcəlləsinin 34.2-ci madddəsində ər-
arvadın ayrıca mülkiyyətinə onların şəxsi istifadəsində olan əşyalar aid
edilərkən zinət əşyaları barəsində istisna göstərilmişdir, bağışlama zamanı da
zinət əşyaları və onlardan daha dəyərli əşyalar birgə mülkiyyətə daxil
olmalıdır.
B. Birgə mülkiyyət rejiminin müəyyən olunması əsasının
fərqli təzahürünü əks etdirən yanaşmalar
Bir sıra müəlliflər birgə mülkiyyət rejiminin nə vaxt bərqərar olunması
məsələsinə müxtəlif cür yanaşırlar. Belə ki, faktiki nikah münasibətlərinin
yaranması, bu münasibətlərin davam etmə müddətinin də əmlak üzərində
birgə mülkiyyətin mövcudluğuna təsir göstərə bildiyini qeyd edirlər. Burada
həmin yanaşmaları əks etdirməkdə məqsəd odur ki, birgə mülkiyyət rejimi
tanınarsa, həmin şərtlərlə müşahidə olunan münasibətlər çərçivəsində edilən
hədiyyələrin üzərində də hər iki tərəfin mülkiyyət haqqı yaranar və yarısı
ölən tərəfin miras əmlakına daxil olar. Lakin faktiki münasibətlərin vərəsəlik
münasibətlərində oynadığı rol xarici praktikada fərqli şəkildə təzahür edir.
AR Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, ər və ya arvadın məcburi
pay almaq hüququ var. Xarici praktikada faktiki nikah münasibətlərində ər
və ya arvad üçün bu hüququn tanınması ilə onların əmlak üzərində digər
nikah münasibətində olan şəxslər kimi birgə mülkiyyət rejiminin yaranması
hər zaman üst-üstə düşmür. İngiltərə və İrlandiyada faktiki ailə
münasibətlərində olan şəxslər üçün müəyyən müddət şərti ilə qanuni vərəsə
21
Almaniya Mülki Məcəlləsi 2054-cü maddə “ Half of a gift made from marital property under the
community of property regime is deemed to have been made by each of the spouses. However, if the gift
is made to one of descendant who is descended only one of the spouses, or if one of the spouses must
reimburse the marital property for the gift, it is deemed to have been made by that spouse”
Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı
Buraxılış 2 |
Say 1
– 36 –
olmaq, habelə məcburi paya iddia etmək hüququ tanınıb.
22
Belə ki, əgər
şəxslərin övladı olarsa, 2 il birgə yaşadıqda, əks halda isə 5 il birgə yaşadıqda
məcburi pay hüququna sahib olurlar.
23
Lakin burada birgə mülkiyyət rejiminə
əsas verilməməsinin səbəbi odur ki, evlənməmək birgə yaşayışla müşayiət
olunsa belə, onların münasibətlərinə “üzərində ailənin formalaşdığı və bu
səbəbdən dövlətin qoruduğu və təminat verdiyi nikah institutu”
24
kimi ciddi
xarakter verməmək məqsədi güdür. Hətta bəzi müəlliflər məcburi pay
hüququnun tanınmasını da məqsədəuyğun saymayaraq belə əsaslandıma
irəli sürür ki, onların evlənməmək hüquqları olsa belə, vəsiyyət etmək
hüquqları da vardır. Yəni lazım gəlsə, belə bir sərəncam verərlər. Bu səbəbdən
məcburi pay onlar üçün nəzərdə tutulmamalıdır.
25
Əslində bu daha doğru
mövqedir. Çünki əks halda ailə institutu nəzərdə tutulduğundan daha kövrək
və az əhəmiyyətli xarakter daşıyacaqdır. Lakin bir sıra müəlliflər bu
ciddiyyəti müəyyən etməkdən yayınmaq vəziyyətinin eynicinsli nikah
münasibətlərində olan şəxslərə şamil etməyin düzgün olmamasını
vurğulayırlar. Belə ki, əksər dövlətlər marginal azlıqlara belə bir imkan
tanımadığından və bu səbəbdən nikah qeyri-mümkün olduğundan məcburi
pay üçün nəzərdə tutulan birgə yaşayış müddətinin
26
onlar üçün, qanuni
nikah münasibətlərində olduğu kimi, birgə mülkiyyət rejimini müəyyən
etməsi və bu səbəbdən də əldə olunan ailədaxili hədiyyələrin ölkə
qanunvericiliyindəki kimi birgə mülkiyyətə daxil edilməsi daha ədalətli
hesab olunur.
27
Əslində belə qaydanın müəyyənləşdirilməsi hədiyyənin yarı-
sının mirasa daxil edilməsini təmin edər və bununla da hədiyyə edən tərəfin
digər qanuni vərəsələri üçün də müsbət nəticə yaradılmasına səbəb olar.
Nəticə
Bağışlama əqdi nəticəsində əldə olunan qazandırma digər qanuni
vərəsələr baxımından ədalətsiz hesab olunmamalıdır. Lakin bu o demək deyil
ki, həmin hədiyyə vərəsəlik münasibətlərindən irəli gələn məsələlərdən
tamamilə kənarda qalmalıdır. Belə ki, AR mülki qanunvericiliyi bir neçə əsas
üzrə vərəsəliyi tanıdığından, vəsiyyətnamə olmasa belə, hədiyyə sanki
vəsiyyət üzrə əldə edilmiş miras rejiminə tabe tutularsa, qalan əmlak
üzərində isə qanun üzrə vərəsəlik hüququ tanınarsa, daha məqsədəuyğun
olar. Çünki, sözügedən əqd miras qoyanın iradəsini əks etdirdiyindən bu
22
Inheritance ( Provisions of Family & Dependents), UK, 1975
23
Civil Partnership and Certain Rights and Obligations of Cohabitants Act (2010)
24
İrlandiya Konstitusiyası maddə 41.3.1
25
Clare Nicolle Jersey’s forced heirship laws and the rights of a “common law” partner (2015)
http://linkedin.com/pulse/jerseys-forced-heirship-laws-rights-common-law-partner-clare-
nicolle/ (son baxış 4 dekabr 2015)
26
Övladları olması halı mümkün olmadığından sadəcə 5 il birgə yaşamaq şərti nəzərdə
tutulur.
27
Brian Sloan, The Concept of Coupledom in Succession Law, 70 (3) Cambridge Law Journal 623,
s. 626 (2011)
Dekabr | 2015
Mülki hüquq
– 37 –
məsələ üzrə vəsiyyətlə eyni mahiyyət kəsb edəcəkdir. Belə olduqda hədiyyə
mirasın bölüşdürülməsi zamanı bərabərlik yaratmaq məqsədilə mirasa daxil
edilməli deyil. Çünki əks halda onun mirasa daxil edilmək üçün geri tələb
olunması miras qoyanın iradəsinin etinasızlıqla qarşılanmasını ifadə
edəcəkdir. Buna baxmayaraq, miras qoyanın borclarının ödənilməsi zamanı
hər bir vərəsə əldə olunmuş paya mütənasib olaraq məsuliyyət daşıdığından
digər vərəsələr üçün ədalətsiz nəticə yaranmasın deyə hədiyyə əldə edənin
payına hədiyyənin dəyəri də əlavə olunmalı və mütənasiblik bu qaydada
müəyyən edilməlidir. Belə qayda həm vərəsələr üçün, həm də kreditorların
mənafeyi baxımından ədalətli və uğurlu nəticə yaradacaqdır. Belə ki, həm
hədiyyə əldə etməmiş vərəsələrin payı daha çox azalmaq məcburiyyətində
qalmayacaq, habelə vərəsələr borc çox olduğundan mirasdan imtina etməli
olmayacaq, həm də miras aktivinin həcminin azalması kreditorların
maraqlarını təmin edilməmiş vəziyyətdə qoymayacaq. Üstəlik belə bir qayda
miras qoyanın, vərəsələrinin maksimum olaraq miras aktivi həcmində
məsuliyyət daşıyacağını nəzərdə tutaraq onun bir hissəsini borcun
ödənməsindən azad etmək məqsədilə bağışlama müqaviləsindən sui-istifadə
etməsinə imkan yaratmayacaq. Əslində belə bir sui-istifadə daha çox qanuni
vərəsələrə hədiyyə etməklə müşayiət olunsa da, bəzən digər vərəsə olmayan
şəxslərə də edilə bilər. Habelə bağışlayan şəxs vicdansız bir niyyət güdmədən
də hədiyyə edə bilər, hansı ki, sonradan öz qazancı ilə borcunu ödəyəcəyini
də güman etmişdir. Buna baxmayaraq, kreditorun mənafeyi təmin oluna
bilməmişdirsə, xoş niyyətlə (good faith) edilmiş hədiyyə belə borcun
ödənilməsinə tabe tutulmalıdır. Bu səbəbdən də sözügedən qaydanın sadəcə
qanuni vərəsələrə deyil, həm də digər şəxslərə şamil olunması ədalətli
olacaqdır.
Bundan əlavə, ailə-nikah münasibətləri zamanı edilmiş hədiyyə üzərində
yaranan mülkiyyət rejiminin qanunvericilikdə təsbit olunması və onun birgə
mülkiyyətə daxil edilməsi məqsəduyğundur. Belə ki, hər iki tərəfin
mülkiyyəti hesab olunacaq hədiyyənin yarısı tərəflərdən biri öldüyü halda
onun mirasına daxil edilməli və bu əsasda bölgü aparılmalıdır.
Dostları ilə paylaş: |