K. yavaş-yavaş küçənin ortalarına qədər getdi. Elə bil indi vaxtı çox idi və ya
ümid edirdi ki,
müstəntiq onu pəncərələrin birindən görəcək, K.-nın gəlib çıxdığını biləcək. Saat doqquzu
yenicə keçmişdi. Bina çox uzaqda idi, özü də uzun görünürdü, xüsusilə də həyətə giriş qapısı
hündür, enli idi. Görünür, bu qapı ətrafdakı bağlı mağazaların maşınları üçün idi. Onların
qarşısından müxtəlif firma adları yazılmış lövhələr asılmışdı və K. da həmin firmaların bir
neçəsini bankdan tanıyırdı. Adəti xilafına, bütün bunları diqqətlə gözdən keçirən K. həyətin
girişində bir az ləngidi. Lap böyründə ayaqyalın bir kişi boş qutunun üstündə oturub qəzet
oxuyurdu. İki oğlan uşağı da əl arabasında oturub onu irəli-geri diyirlədirdilər. Su quyusunun
yanında çəlimsiz bir qız uşağı gecə köynəyində cürdəyini doldura-doldura K.-ya baxırdı.
Həyətin bir küncündə iki pəncərədən bir-birinə ip uzadılmış və onun
üstünə də yorğan-döşək
üzləri sərilmişdi. Aşağıda bir kişi dayanıb hərdən qışqıra-qışqıra kimlərəsə göstəriş verirdi.
K. istintaq otağına getmək üçün pilləkənə tərəf yön aldı, ancaq yenə də dayanmalı oldu, çünki
həyətdə evə girən daha üç pilləkən gördü, üstəlik, həyətin qurtaracağında ikinci həyətə çıxan
balaca bir keçid də vardı. Əsəbiləşdi ki, niyə otağın yerini dəqiq demədilər, ona qarşı belə
diqqətsizlik, ya da biganəlik göstərdilər və qərara aldı ki, bu barədə onlarla açıq danışacaq,
susmayacaq. Nəhayət, pilləkənlə qalxmağa başladı və gedə-gedə də keşikçi Villemin o vaxt
dediyi sözləri xatırladı ki, günah özu məhkəmənin tuşuna gəlir və buradan da belə nəticə
çıxarmaq olardı ki, K.-nın təsadüfən seçdiyi pilləkən onu istintaq otağına aparır.
Qalxa-qalxa pilləkəndə oynayan çoxlu uşağa mane oldu, onların arasından keçəndə, hamısı
dönüb acıqla K.-ya baxdı. Ürəyindən keçirdi ki, bir də buraya
gələsi olsa, ya onları ələ almaq
üçün özü ilə konfet götürsün, ya da döymək üçün toxmaq... İkinci mərtəbəyə çathaçatda hətta
bir az dayanıb gözləməli oldu ki, uşaqların diyircəyi dayansın: üz-gözlərindən səfillik yağan
iki oğlan uşağı onun şalvarından yapışdı. Onları itələyib uzaqlaşdırsaydı, yəqin ki əl-qolları
ağrıyardı və qorxdu ki, qışqırarlar.
Əsil axtarış ikinci mərtəbədə başladı. Əlbəttə, istintaq komissiyasını axtardığını deyə bilməzdi
və ona görə də dülgər Lantsı soruşmağa başladı. Bu ad da ona görə ağlına
gəldi ki, kapitanın,
yəni frau Qrubaxın bacısı oğlunun adı belə idi. Fikirləşdi ki, bütün mənzillərdən dülgər Lantsı
soruşsun və beləliklə də, hamısının içinə baxa bilsin. Sonradan məlum oldu ki, bunsuz da
keçinmək olarmış, çünki az qala qapıların hamısı açıq idi, uşaqlar girib-çıxırdılar. Çoxu
balaca, birpəncərəli otaq idi və xörəyi də elə buradaca bişirdilər. Bəzi qadınlar, südəmər
körpələri qucaqlarında, bir əllə yemək hazırlayırdı. Sanki önlükdəcə gəzən balaca qız uşaqları
işgüzarlıqla ora-bura qaçışırdılar. Heç bir otaqda çarpayılar yığışdırılmamışdı, bəzilərində
xəstələr uzanmışdı, bəzilərində hələ də yatırdılar, bəzilərinin üstünə də elə pal-paltarlı
yıxılmışdılar. K. qapıları bağlı olan otaqların zəngini basdı, dülgər Lantsı soruşdu.
Çox vaxt
qapını qadın açır, onun kimi istədiyini biləndən sonra dönüb, bəlkə də yenicə yataqdan
qalxmaq istəyən kimdənsə soruşurdu:
– Cənab Lants adlı dilgəri axtarır.
– Dülgər Lantsı? – çarpayıdakı adamın səsi eşidilirdi.
– Bəli, – deyən K. başa düşürdü ki, istintaq komissiyası burda ola bilməz və bununla da işini
bitmiş hesab edirdi. Çoxlarına elə gəlirdi ki, dülgər Lants K.-ya çox lazımdır, uzun-uzadı
fikirləşirdilər, hansı dülgərisə xatırlayırdılar, ancaq onun adı Lants olmurdu və elə ad
çəkirdilər ki, Lants adına heç yaxın gəlmirdi, ya da qonşulardan soruşurdular, K.-nı
uzaq-uzaq
qapılara aparırdılar. Onların fikrincə, belə bir adam, çox güman ki, künc-bucaqlarda qala
bilərdi, ya da elə adam tapılardı ki, burda yaşayanları daha yaxşı tanısın. Axırda heç K.-nın
özünün soruşmasına ehtiyac qalmadı, kiminsə arxasına düşüb mərtəbələri gəzəsi oldu.
Əvvəlcə ona çox əlverişli görünən bu plandan axırda özü də bezdi. Sonuncu mərtəbəyə
çatanda qərara gəldi ki, daha axtarmasın və onu lap yuxarıya qədər
aparmaq istəyən gənc
mehriban fəhlə ilə vidalaşaraq aşağı düşdü. Sonra bu mənasız hərəkətindən özü də əsəbiləşdi,
təzədən yuxarı qalxaraq altıncı mərtəbədəki birinci mənzilin qapısını döydü. Balaca otaqda ilk
gözünə sataşan iri divar saatı oldu: on iki idi!
– Dülgər Lants burda yaşayır? – deyə soruşdu.
– Buyurun, – deyən qadının qara parlaq gözləri vardı, ləyəndə uşaq paltarları yuyurdu və su
damcılayan əli ilə qonşu otağın açıq qapısını göstərdi.
K.-ya elə gəldi ki, iclas zalına girdi. Çox da böyük olmayan ikipəncərəli otaqda hər cür adam
vardı, basabas salmışdılar, içəri girənə fikir vermirdilər və otağın az qala tavana dəyən
qalereyası vardı. Ora da adamla dolu idi və hamısı da
ikiqat əyilmişdi, çiyinləri, kürəkləri
tavana dəyirdi. İçəridə boğulan K. bayıra çıxdı, bəlkə də onu düz başa düşməyən gənc qadına
dedi:
– Mən sizdən dülgər soruşdum... Lants adlı dülgəri...
– Elədir, – dedi qadın, – buyurun, içəri keçin.
Əgər qadın ona tərəf gəlib qapının dəstəyini burmasaydı, K. bəlkə də ona qulaq asmazdı.
– Arxanızca qapını bağlamalıyam... Daha heç kəs ora girə bilməz.
– Əcəb işdir! İçəridə heç yer yoxdur, – deyən K. buna baxmayaraq, təzədən otağa girdi.
Düz qapının ağzında dayanıb söhbət edən iki kişinin arasından – onlardan biri əllərini elə
oynadırdı ki, deyərdin pul sayır, ikincisi də onun gözlərinin içinə baxırdı – bir əl uzanıb K.-
dan yapışdı. Balaca, qırmızıyanaq bir oğlan idi və:
-Gəlin, gəlin! – dedi.
K. onun ardınca getdi. Məlum oldu ki, basabas salan bu adamların arasında dar bir yol var və
həmin yol da yəqin onları iki dəstəyə bölürdü. K. oradan keçərkən həm sağdakı, həm də
soldakı adamların
üzlərini deyil, yalnız kürəklərini görməsi də bunu təsdiqləyirdi. Həmin
adamlar üzlərini öz dətəsinə tərəf çevirib nəsə deyirdilər. Çoxu qara geyinmişdi, əyinlərində
uzun, gen sürtuk var idi. Belə sürtukları, adətən bayram günləri geyərdilər. K.-nı çaşdıran da
elə bu geyim oldu, yoxsa elə bilərdi ki, siyasi iclasa gəlib çıxıb.
Zalın digər qurtaracağında – oğlanın K.-nı gətirdiyi yerdə adamla dolu alçaq bir səhnə vardı
və həmin səhnəyə də balaca bir stol çəpinə qoyulmuşdu. Stolun arxasında, səhnənin
qurtacağına yaxın yerdə kök, tövşük bir kişi oturmuş, qollarını kreslonun qoltuqaltısına