24
tərəfdarlarını artırmaq üçün iş görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim
ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eşidən də sən olmusan.
Hüseyn Lələ bəy onunla mübahisəyə girişmədi. Çünki indi Səfəviyyənin mə’nəvi başçısı
odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düşünmək lazım gələcək.
– İndi biz tədbir görməliyik.Sultan Yaqub bizə güc gəlməmiş, öz işimizə başlamalıyıq.
İşlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə
bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir.
– Mürşidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər
getməyə hazırıq.
– Dərbənd qalası. Atam Şeyx Cüneyd də bu yolu tutmuşdu. Dərbənd qalası ölkənin
qüzeyində ən möhkəm qaladır və oradan başlayıb bu ölkəni birləşdirmək olar. Şirvanşahlar
qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. Başa düşdün məni?
–
Bəli.
– Müridlərə də elə buna görə tə’lim veririk. Din yolunda döyüşə hazırlayırıq.
Hüseyn Lələ bəyin dilinin ucunda bir sıra suallar vardı. Onlardan biri də elə bu “din
uğrunda” sözünə aid idi. Axı şirvanlılar da müsəlman idi, dərbəndlilər də. Amma Şeyxin fikri
açıq-aydın deyilmişdi. Görülən hər işə hamının qəbul edəcəyi bir don geydirməsən, o başa
gəlməz.
Şeyx Heydər xidmətçinin açdığı darvazadan ağ atın üstündə geniş həyətə girəndə onu
qızılgüllərin ətri vurdu. Həyətin hər tərəfində növbənöv, cürbəcür qızılgüllər açmışdı. O atdan
düşdü. Xidmətçi atı çəkib apardı. O, hovuzun ətrafına dolandı və iplərlə dırmaşan səbagülü
kolunun arxasında Aləmşahbəyimlə üz-üzə dayandı. Qaranlıq düşmüşdü. Göydə iri ulduzlar
parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımışdı. Bu qədər güllərin arasında onun
öz ətri vardı ki, Heydər onu ayıra bilmişdi. Qarşısında dayandı. Əllərini əllərinin içinə aldı.
Baxdı, baxdı. Amma onlar biri-birilərini güclə görürdülər. Amma baxışlarını, gözlərini,
təbəssümlərini yaxşı seçirdilər. Heydər onu bağrına basdı. Dodaqları, onun gül qönçəsinə
oxşayan dodaqlarını tapdı. Hər ikisi məst oldu.
Bu evdə əndərun yox idi. Şeyx Heydər and içmişdi ki, Aləmşahbəyimdən özgə bu dünyada
onun ikinci arvadı olmayacaqdı. Aləmşahbəyim də öz taleyindən çox razı qalmışdı. Hər hansı bir
şahzadəyə versəydilər o bir neçə ildən sonra yenə dul qalacaqdı. Çünki şahzadələr hələ
hakimiyyətə keçməmiş qanlarına qəltan olurdular. Ya da hərəmxanadakı arvadlarına vaxt
ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkişməsi
vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi.
– Mənim gəldiyimi nədən bildin?
– Hər dəfə sən yaxınlaşanda Ülkər kişnəyir. Mənə muştuluq verir. Bəs sən mənim yerimi
hardan bildin?
– Ətrindən.
– İnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında...
Heydər barmağını onun dodaqlarının üstünə qoydu:
–
Mənim ən böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam.
Aləmşahbəyim qollarını onun boynuna dolayıb yanaqlarını onun yumşaq saqqallı sifətinə
söykədi.
– Gedək, mənim günüm-dirliyim. Gözümün nuru. Mənim nur parçam. Gedək uşaqların
yanına. Onlardan ötəri bu gün elə darıxmışam ki.
Onlar evə girdilər. Sultanəli bardaş qurub qarşısındakı rəhildəki kitabı oxuyurdu. İbrahimlə
İsmayıl yatmışdı. Sultanəli atasını görüb ayağa qalxdı. Qaça-qaça onun üstünə getdi. Şeyx
Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı.
– Sultanəli, sənə lələ tapmışam. Sənə də, İbrahimə də...
– Kimdi lələmiz, atacan?
– Hüseyn Lələ bəy. Bundan sonra o səninlə məşğul olacaq.
Sultanəlinin on iki yaşı tamam olmuşdu. Beş il idi ki, təhsilə başlamışdı.