813
(yadındadırmı, Bubnovanın evində olurdu, üzü kirşanlı bir
qız idi, indi həbsxanadadır), bu məktubu ona verir ki, aparıb
knyaza versin, sonra geri alır, bu olub, o öləndən üç həftə
qabaq... Bu çox mühüm məsələdir, əgər o belə bir qərara
gəlmişsə ki məktubu göndərsin, geri götürsə də, heç fərqi
yoxdur, sonra da göndərə bilərdi. Elə məsələ də burdadır,
bilmirəm, bu məktubu o göndərib, ya göndərməyib... Ancaq
əsaslı bir zənn var ki, göndərməyib, çünki knyaz onun
Peterburqda olduğunu, hansı evdə yaşadığını yəqin ki, o
öləndən sonra bilmişdir. Bundan da görünür, çox
sevinmişdir!
– Hə, yadımdadır, Alyoşa mənə bir məktub haqqında
danışmışdı, deyirdi ki, bu onu çox sevindirdi, ancaq bu
çoxdanın sözü deyil, iki ay ancaq olar. Bəs sonra, sonra, sən
knyazla nə elədin?
– Knyazla nə elədim? Başa düş, tam mənəvi bir
yəqinlik, amma nə qədər əlləşdimsə, bircə sübut da əldə edə
bilmədim, bircə sübut da! Böhranlı bir vəziyyət əmələ gəldi!
Xaricdən məlumat almaq lazım idi, ancaq haradan? Məlum
deyildi. Əlbəttə, başa düşürdüm ki, mənim qarşımda bir
downloaded from KitabYurdu.org
814
vuruşma durur, onu ancaq eyhamlarla qorxuda bilərəm,
özümü gərək elə göstərim ki, o elə bilsin ki, mən daha çox
şey bilirəm...
– Sonra nə oldu?
– Onu aldada bilmədim, amma yaman qorxdu, hələ indi
də qorxur. Bizim bir neçə görüşümüz oldu, özünü bədbəxt
bir adam kimi göstərməyə çalışırdı! Bir dəfə, bir dost kimi,
özü mənə bütün şeyləri danışdı. Onda elə güman edirdi ki,
mən hər şeyi bilirəm. Yaxşı danışırdı, hiss ilə, açıq, amma
məlum şeydir ki, həyasızca yalan deyirdi. Mən burda ölçüb-
biçdim ki, o nə dərəcədə məndən qorxur. Əvvəllər mən
özümü ona lap səfeh göstərdim, amma üzdən hiss etdirdim
ki, biclik eləyirəm, onu yöndəmsiz halda qorxudurdum, yəni
qəsdən belə qorxudurdum, qəsdən onunla kobud hərəkət
edirdim. Sonra ona hədə-qorxu gəldim, bunların da hamısını
ona görə edirdim ki, elə bilsin mən səfehəm, amma birdən
ağzımdan başqa söz qaçırtdım, o əclaf məsələni başa düşdü!
Bir dəfə də özümü kefliliyə vurdum, bundan da bir şey
çıxmadı, yaman bic şeydir! Qardaş, Vanya, sən bunu başa
düşə bilərsənmi, mən gərək biləydim, görüm o məndən nə
downloaded from KitabYurdu.org
815
qədər qorxur, həm də özümü gərək elə göstərəydim ki, guya
bildiyimdən daha çox şeylər bilirəm...
– Axırı nə oldu?
– Heç bir şey çıxmadı. Mənə sübut, dəlil lazım idi, bu
da yox idi. O ancaq bunu başa düşdü ki, mən biabırçılıq
eləyə bilərəm. O elə ancaq biabır olmaqdan qorxurdu,
xüsusilə, ona görə qorxurdu ki, yuxarı dairələrlə yaxınlıq
eləməyə başlamışdı. O evlənmək istəyir, sən bunu
bilirsənmi?
– Yox...
– Gələn il! Hələ keçən il özünə bir qız seçib, onda qızın
on dörd yaşı var idi, indi on beş yaşı var, özü də, deyəsən,
yazıq qız hələ döşlük taxır. Ata-anası yaman sevinir! Heç
bilirsən arvadının ölməsi ona nə qədər lazım idi?! General
qızıdır, pullu qızdır, pulu çoxdur! Vanya, qardaş, heç vaxt
nə sən belə evlənə biləcəksən, nə də mən!.. – birdən o
yumruğunu stola çırpıb ucadan dedi: – Ancaq bircə şeyi mən
bütün ömrüm boyu özümə bağışlamayacağam, bu da odur
ki, o məni aldatdı, iki həftə bundan əvvəl... Əclaf!
– Necə yəni aldatdı?
downloaded from KitabYurdu.org
816
– Aldatdı da! Mən gördüm ki, o mənim əlimdə heç bir
sübut olmadığını başa düşmüşdür, bunu da hiss etdim ki, işi
nə qədər çox uzatsam, deməli, o bir o qədər tez mənim
acizliyimi başa düşəcək. Axırda ondan iki min almağa razı
oldum.
– Sən ondan iki min almısan?!
– Vanya, gümüş pul hesabı ilə canımı dişimə tutub
aldım. Belə bir iş üçün iki min nədir ki?! Özü də alçala-
alçala aldım. Onun qarşısında üzünə tüpürülmüş bir adam
kimi durmuşdum, deyirdi: Masloboyev, mən sizin əvvəlki
zəhmətinizin haqqını hələ verməmişəm (amma o əvvəlki
zəhmətimin haqqı olan yüz əlli manatı, şərtimiz belə idi,
çoxdan vermişdi), indi mən gedirəm, bu iki min puldur,
buna görə də mən əmin oluram ki, bizim aramızda olan
bütün iş tamamilə qurtarmışdır. Mən də ona belə cavab
verdim: “Bəli, knyaz, tamamilə qurtarmışdır!” Amma özüm
onun heç o murdar sifətinə baxmağa cürət eləmirəm,
fikirləşirəm ki, indi onun sifətində bu sözlər yazılmışdır:
“Elə bilirsən çox aldın? Mən ancaq kefim gələndə
downloaded from KitabYurdu.org
817
axmaqlara bu qədər pul verirəm!” Heç yadımda deyil, mən
onun yanından necə çıxıb getdim.
Mən həyəcanla dedim:
– Masloboyev, bu axı alçaqlıqdır! Sən gör Nelliyə nə
elədin?!
– Bu ancaq alçaq bir iş deyil, bu katorqalıq işdir, bu
murdar işdir. Bu... bu... Heç elə bir söz yoxdur ki, bunu
ifadə edəsən!
– İlahi! O heç olmasa, Nellini təmin etməli idi!
– Bəli, təmin etməli idi. Ancaq nə ilə onu məcbur
etmək olardı? Qorxutmaqlamı? O qorxmaz, mən axı ondan
pul almışam. Mən özüm, özüm onun qarşısında etiraf
eləmişəm ki, bütün qorxunu ona iki min gümüş pula
satmışam, özüm özümə bu qiyməti qoymuşam. İndi onu nə
ilə qorxutmaq olar?
Mən bütün ümidimi itirmiş kimi çığırdım:
– Yoxsa, yoxsa, bununla da Nellinin bütün işi məhv
olub getdi?
Masloboyev odlu-odlu:
downloaded from KitabYurdu.org
818
– Qətiyyən! – dedi, hətta onun bütün bədəni hərəkətə
gəldi. – Yox, mən bununla ondan əl çəkəsi deyiləm! Mən
indi yeni bir işə başlayacağam, Vanya, mən bunu qət
etmişəm! Nə olsun ki, mən ondan iki min almışam?
Tüpürüm buna! Belə çıxır ki, bu pulu mən təhqirin əvəzində
almışam, axı o yaramaz, demək ki, məni aldadıb, məni ələ
salıb. Aldadıb, hələ bir üstəlik də ələ salıb! Yox, mən
qoymaram ki, məni ələ salsınlar!.. Vanya, indi mən Nellinin
özündən başlayacağam. Bəzi müşahidələr nəticəsində mən
tamamilə əminəm ki, bu işin həlli ondan asılıdır. O bütün bu
şeyləri bilir, bütün... Anası özü ona deyib. Bu şeyləri ona
qızdırma içində, dərd içində deyə bilərdi. Ayrı bir adam yox
idi ki, açıb desin, Nelli əlinə düşüb, hamısını ona danışıb. –
Sonra əllərini bir-birinə sürtərək ləzzətlə əlavə etdi: – Bəlkə
bir sənəddən-zaddan da əlimizə keçdi... Vanya, indi başa
düşürsənmi, mən nə üçün buralarda veyllənirəm? Əvvəla,
sənə olan dostluğumdan, bu öz yerində, lakin əsas məsələ
budur ki, Nellini müşahidə edirəm, üçüncüsü də, əzizim
Vanya, istəsən də, istəməsən də, sən gərək mənə kömək
edəsən, çünki sənin Nellinin üzərində təsirin var...
downloaded from KitabYurdu.org
819
– Mütləq, sənin canına and içirəm! Masloboyev, mən
əminəm ki, sən əsas etibarilə Nelli üçün çalışacaqsan, təhqir
olunmuş, zavallı bir yetim üçün... Ancaq öz xeyrin üçün
yox...
– Ay sağ olmuş, sənin nəyinə gərəkdir ki, mən kimin
xeyri üçün çalışacağam?! Ancaq mən bunu edə bilim – əsas
məsələ budur! Əlbəttə, əsasən, yetim üçün çalışacağam,
insanpərvərlik də bunu tələb edir. Vanyuşa, mən öz barəmdə
də çalışsam, sən qəti olaraq məni qınama! Mən kasıb
adamam, qoy o kasıb adamları incitməyə cəsarət etməsin. O
mənim əlimdəkini alır, hələ bir üstəlik də, əclaf məni
aldadır. Sənin fikrincə, mən belə bir dələduzun durub üzünə
baxacağam? Morqenfri!
Ertəsi gün gül bayramını düzəltməyə müvəffəq
olmadıq. Nellinin halı xarablaşdı, o daha otaqdan bayıra çıxa
bilmədi.
Sonralar da o bir daha bu otaqdan bayıra çıxmadı.
O iki həftədən sonra öldü. Bu iki həftə içərisində o çox
ağır vəziyyətdə oldu, bircə dəfə də olsun, tamamilə özünə
gəlmədi, öz qəribə xəyallarından can qurtara bilmədi. Sanki
downloaded from KitabYurdu.org
820
onun şüuru pozulmuşdu. Lap ölənə kimi möhkəm inanırdı
ki, babası onu öz yanına çağırır, getmədiyi üçün də
babasının ona acığı tutur, ağacını yerə vura-vura ona əmr
edir ki, gedib dilənsin, çörəklə burunotu alıb gətirsin.
Yuxuda tez-tez ağlayırdı, ayılanda deyirdi ki, anamı yuxuda
görmüşəm.
Bəzən elə bil ki, onun huşu tamamilə başında olurdu.
Bir gün biz otaqda tək idik. Nelli mənə tərəf dartındı,
qızdırmadan yanan kiçik, arıq əli ilə əlimi tutaraq dedi:
– Vanya, mən öləndən sonra sən Nataşa ilə evlən!
O, deyəsən, çoxdan belə bir fikirdə imiş. Mən heç bir
söz deməyərək gülümsədim. Mənim gülümsədiyimi görüb o
da gülümsədi, üzündə dəcəlcəsinə bir ifadə göründü, arıq,
xırdaca barmağı ilə məni hədələdi, elə o saat da məni
öpməyə başladı.
Ölümündən üç gün qabaq gözəl bir yay axşamında,
pərdələri qaldırmağı, pəncərəni açmağı xahiş etdi. Pəncərə
bağa açılırdı, o xeyli müddət sıx yaşıllığa, batan günəşə
baxdı, birdən xahiş etdi ki, bizi tək buraxsınlar.
O çox zəif olduğundan, güclə eşidilən bir səslə dedi:
downloaded from KitabYurdu.org
821
– Vanya, mən bu yaxında öləcəyəm. Çox tez öləcəyəm,
sənə bir söz demək istəyirəm: məni unutma... Bunu da sənə
yadigar olaraq qoyub gedirəm (o mənə xaçla boynundan
asılmış duaya oxşar bir şey göstərdi). Bunu mənə öləndə
anam verib. Mən öləndə sən bunu götür, burada yazılanları
oxu. Mən bu gün hamıya deyəcəyəm ki, bunu ancaq sənə
versinlər. Sən onu oxuyandan sonra onun yanına get, de ki,
Nelli öldü, onu bağışlamadı. Bunu da ona de ki, mən bu
yaxında İncili oxudum. Orada belə yazılıb: bütün
düşmənlərinizi bağışlayın. Mən bunu oxudum, amma yenə
də onu bağışlamıram, çünki anam öləndə, hələ danışa
biləndə, onun mənə dediyi son sözü bu oldu: “onu
qarğıyıram”, mən də onu qarğıyıram, özümdən ötrü yox,
anamdan ötrü qarğıyıram... Anamın necə öldüyünü, mənim
təkbaşıma Bubnovanın yanında qaldığımı, sənin məni necə
Bubnovanın yanında gördüyünü danış, hamısını danış, bunu
da de ki, mən Bubnovanın yanında qalmağı istərdim, amma
onun yanına getməyi yox...
downloaded from KitabYurdu.org
822
Bunu söyləyərkən Nellinin rəngi ağardı, gözləri
parıldadı, ürəyi elə bərk döyünməyə başladı ki, başını balışa
qoyub uzandı, iki dəqiqə heç danışa bilmədi.
Nəhayət, o, zəif səslə dedi:
– Vanya, onları çağır gəlsin, mən onların hamısı ilə
halallaşmaq istəyirəm. Əlvida, Vanya!..
Nelli sonuncu dəfə olaraq məni bərk-bərk qucaqladı.
Evdəkilər hamısı içəri girdi. Nikolay Sergeiç başa düşə
bilmirdi ki, o ölür, bunu heç ağlına sığışdıra bilmirdi. O, axır
vaxta kimi bizim hamımızla mübahisə edirdi, bizi
inandırmağa çalışırdı ki, o mütləq sağalacaq. Qoca çəkdiyi
əziyyətdən qupquru qurumuşdu. Nellinin çarpayısı yanında
günlərlə oturur, hətta gecələr də onun yanından ayrılmırdı...
Son gecələr qətiyyən yatmırdı. Nellinin hər bir kiçik
arzusunu, hər bir istəyini qabaqcadan hiss edərək yerinə
yetirməyə çalışırdı, onun otağından çıxıb bizim yanımıza
gələndə dərdli-dərdli ağlayırdı, lakin bir az sonra yenə də
ümid etməyə başlayır, bizi inandırmağa çalışırdı ki, o
sağalacaqdır. Nikolay Sergeiç onun bütün otağını gül-
çiçəklə bəzəmişdi. Bir gün o, bir iri dəstə, çox gözəl ağ,
downloaded from KitabYurdu.org
823
qırmızı qızılgül alıb öz Nellisinə gətirdi, bunu gedib çox
uzaqdan almışdı. Bu şeylər Nellini çox sevindirirdi,
həyəcanlandırırdı, belə bir ümumi məhəbbətə o bütün
qəlbilə cavab verməyə bilmirdi. O axşam ki, Nelli bizimlə
halallaşdı, qoca Nikolay Sergeiç onunla həmişəlik
vidalaşmaq istəmirdi. Nelli ona baxıb gülümsəyir, bütün
axşamı şən görünməyə çalışırdı. Nikolay Sergeiçlə zarafat
edirdi, hətta gülürdü... Biz hamımız onun yanından ümidlə
çıxdıq, lakin ertəsi gün o danışa bilmədi. İki gündən sonra
öldü...
Yadımdadır, qoca Nikolay Sergeiç onun kiçik tabutunu
güllərlə bəzəyir, məyus-məyus onun balaca, arıq üzünə,
üzündəki təbəssümünə, sinəsində çalın-çarpaz qoyulmuş
əllərinə baxırdı. O, Nellinin üstündə elə ağlayırdı ki, sanki
Nelli onun öz doğma övladı idi. Nataşa, mən, biz hamımız
ona təsəlli verirdik, lakin o ovunmurdu, Nellinin dəfnindən
sonra o, bərk xəstələndi.
Anna Andreyevna Nellinin boynundan çıxartdığı
müşənbəni mənə verdi. Nellinin anasının knyaza yazdığı
məktub bu müşənbənin içində idi. Məktubu mən Nellinin
downloaded from KitabYurdu.org
824
öldüyü gün oxudum. Nellinin anası knyaza lənətlə müraciət
edərək, onu bağışlaya bilməyəcəyini söyləyirdi, həyatının
son hissəsini, Nellinin düşəcəyi dəhşətləri təsvir edirdi.
Yazırdı ki: “O sizindir, o sizin qızınızdır, siz özünüz də
bilirsiniz ki, o sizin öz qızınızdır. Ona tapşırmışam ki, mən
öləndən sonra sizin yanınıza getsin, bu məktubu sizin öz
əlinizə versin. Siz Nellini rədd etməsəniz, bəlkə də mən o
dünyada sizi bağışlayaram, qiyamət günündə Allahın taxtı
qarşısında durub yalvararam ki, sizin günahlarınızdan
keçsin. Nelli məktubda nələr yazıldığını bilir, məktubu ona
oxumuşam, mən hər şeyi ona demişəm, o hər şeyi bilir, hər
şeyi...”
Lakin Nelli anasının vəsiyyətini yerinə yetirmədi: o hər
şeyi bilsə də, knyazın yanına getmədi, knyazla barışmadan
öldü.
Nellinin dəfnindən qayıdanda mən Nataşa ilə bağa
getdim. Hava isti idi, gün işığı par-par parıldayırdı, onlar bir
həftədən sonra gedəcəkdi. Nataşa qəribə bir nəzərlə xeyli
mənə baxdı.
– Vanya, – dedi, – Vanya, bu ki yuxu idi!
downloaded from KitabYurdu.org
825
Soruşdum ki:
– Nə yuxu idi?
– Bunların hamısı, bu bir ildə olan şeylərin hamısı...
Vanya, axı niyə mən sənin xoşbəxtliyini məhv etdim!
Mən onun gözlərində oxudum:
“Biz bir yerdə həmişəlik xoşbəxt ola bilərdik!”
KİTABIN İÇİNDƏKİLƏR
Birinci hissə. . . . . . . . . . . . . . . . . . . . . . 3
İkinci hissə. . . . . . . . . . . . . . . . . . . . . . .92
Üçüncü hissə . . . . . . . . . . . . . . . . . . . .181
Dördüncü hissə . . . . . . . . . . . . . . . . . . .278
Epiloq . . . . . . . . . . . . . . . . . . . . . . . . . 349
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |