Elçİn cəHƏNNƏm sakiNLƏRİ



Yüklə 241,82 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix19.10.2018
ölçüsü241,82 Kb.
#75147
1   2   3   4   5   6   7   8   9

(Kişiyə.) Elə deyil? 

 

Kiçik pauza. 



 

Ancaq bir dəqiqə!.. Bir dəqiqə dayanın!.. 6 il bundan əvvəl, 1931-ci ildə Qəribzadə harda 

işləyirdi? (Gah Kişiyə, gah da arvada baxır.) 

 

Kiçik pauza. 



 

Yaxşı!.. Mən sizin yadınıza salım. Qəribzadə 1931-ci ildə doqquz ay Azərbaycan Sovet Sosialist 

Respublikasının Baş Prokuroru vəzifəsində işləyib. Cəmi doqquz ay... Ancaq bu doqquz ayda 

düz 34 nəfərə əksinqilabçı kimi ölüm hökmü tələb edib və onları güllələyiblər!.. Doqquz ayda 

neçə gün var? Doqquzu otuza vuranda neçə eləyir? 270. Bəzi aylar 31-dəndir, yaxşı, 5 də üstə 

gələk, eləsin 275. (Qadına) Düz hesablayıram? 

 

Kiçik pauza. 



 

275-i də 34-ə böləndə neçə eləyir? Bu saat... Bu saat... 275-i 34-ə böləndə eləyir 8-dən bir az 

çox... Deməli, Qəribzadə hər 8 gündən bir -- bir nəfəri güllələməyə göndərib! Bəs indi kim olur 

Qəribzadə? Belə çıxır ki, cəllad olur də... 

 

KİŞİ. O vaxt güllələnənlər həqiqətən əksinqilabçı idilər!.. 



QONAQ. Həqiqətən əksinqilabçı olanlar bəyəm adam deyil, ay mənim əzizim? 

KİŞİ. Mən sənin əzizin deyiləm!.. 

QONAQ. O-o-o!.. Sizin özünüzdən xəbəriniz yoxdu!.. Mən sizi çox sevirəm! Siz mənə 

doğmasız! (Qadına.) Siz də!.. Nə olar ki, məni balta ilə doğramaq istəyirdiz? Həqiqət budur ki, 

sizin ikiniz də mənim üçün əzizsiniz... (Barmağı ilə ərkyana Qadını hədələyə-hədələyə.) Sizin 

atanızın da xətrini mən çox istəyirdim...  

QADIN. Siz... siz bizimlə müqavilə bağlamaq üçün gəlmisiz? 

QONAQ. Müqavilə? Mən gündə cəmi bir dəfə gülürəm, ona görə də gözləyirəm ki, yerinə 

düşsün. Bax, indi əsl məqamı gəldi! (Gülür.) Özünüzdən bir doktor Faust uydurmusuz!.. Ruhunu 

Şeytana satır!.. Şeytanın nəyinə lazımdı sizin ruhunuz? Nə qiyməti var sizin ruhunuzun? 

Ruhunuz da elə özünüz kimidi də!.. Əfsanə uydurmusuz ki, Şeytan müqavilə bağlayıb, ruhunuzu 

alır... Sokratdan tutmuş Bekonacan, Nostradamusdan tutmuş Cordano Brunoyacan, kiminiz var, 

mif yaratmısız ki, ruhlarını Şeytana satıblar!.. Sizin ruhunuzu neyləyəcək Şeytan? Günaha 

batıracaq ruhunuzu? Onsuz da siz başdan-ayağa günah içindəsiz də!.. 

 

Kiçik pauza. 



 

Deyəsən mən çox danışdım, hə? Nə qədər söz verirəm ki, az danışım, yenə özümü saxlaya 

bilmirəm... (Qalxıb var-gəl etməyə başlayır və mizin qarşısında dayanır.) Şərabları tökdüz, ancaq 

eləcə qaldı, içmədiz... 

QADIN (yorğun). İçmək istəyirsiz? 

QONAQ. Mən? Yox. Mən alkoqollu içkilər içmirəm! (Var-gəl edir.) Yaxşı... (Saata baxır.) 

Gecdi daha... Hərənizin yadına bir hadisə salacağam, bununla da mən öz missiyamı bitirirəm! 

Ancaq bir xahişim var: bir-birinizlə dalaşmayasınız! Bir-birinizi təhqir etməyəsiniz! Oldu? 

KİŞİ. Nə? (Qadına.) Bu nə deyir? 

QADIN. Deyir ki, hərəmizin yadına bir hadisə salacaq, amma o hadisəni eşidəndən sonra biz bir-

birimizi təhqir etməyək... 

KİŞİ. Təhqir etməyək? (Ayağa qalxıb qışqırır.) Biz indiyə qədər sakit, mehriban yaşayırdıq!.. Nə 

istəyirsən bizdən? Sənin heç kimə borcun yoxdu, bəs bizim sənə nə borcumuz var? Niyə əl 

çəkmirsən bizdən? (Get-gedə daha artıq qızışaraq.) Axı... Axı sən özünü nə hesab edirsən? Sən 




nəsən, Allahın vəkilisən, bizi ittiham edirsən? Sənin hansı hüququn var, bizi ittiham edəsən? 

Bizə qiymət verəsən? Hə? Rəzalətin yiyəsi sən deyilsən? Qoy, məndən yaxşısı məni ittiham 

etsin!.. Qoy, məni ittiham edənin ittiham haqqı olsun! Bildin?! Sən başdan ayağa üfunət içində 

deyilsən? Sən hansı haqla bizi ittiham edirsən?! Biz sənin gözəl əməllərinə baxıb, mənəvi əzab 

çəkməliyik? (Sağ əlinin baş barmağını iki barmağı arasına salıb, Qonağa göstərir.) Ala!.. 

 

Kiçik pauza. 



 

QONAQ. Day sizin mədəniyyətinizə heç sözüm yoxdu!.. (Tamaşaçılara.) Yekə kişidi, gör özünü 

necə aparır e?!.. (Əli ilə Kişini göstərərək, Qadına.) Bu harda tərbiyə alıb, belə? (Başını bulayır.) 

Ay-yaya-yay!.. Gör necə qorxuya düşüb e!.. (Kişiyə.) Hələ heç bilmirsiz ki, nəyi yadınıza 

salacağam, indidən belə qorxursuz? Onda qulaq asın! (Qəfildən Qadına sarı çönür.) İstəyirsiz, 

sizdən başlayım? 

QADIN. Xeyr! İstəmirəm! (İsterika içində.) Əl çəkin bizdən! Siz nəsiz, ölməz məxluqsuz?! Sizi 

öldürmək mümkün deyil? Sizi məhv etmək olmaz? 

KİŞİ. Olar!.. Olar!.. (Vəhşi bir ehtirasla Qonağın üzərinə atılır.) Bu dəfə bizim əlimizdən qurtara 

bilməyəcəksən!.. Murdar goreşən!.. (Yenə də iki əli ilə Qonağın boğazından yapışıb boğur.) Bu 

dəfə hər şey qurtaracaq! Bu məsxərə bitəcək!  

 

Qadın onun köməyinə gəlir. İkisi bir yerdə Qonağı qamarlayıb, yerə yıxırlar. Qonaq var gücü ilə 



müqavimət göstərir. Kişi ona zərbələr endirir.  

 

Al!.. Al!.. Al!.. 



 

QADIN. Onu boğmaq lazımdı!.. Boğ onu!.. Boğ!.. 

QONAQ (qışqırır). Neyləyirsiz? Buraxın məni!.. 

KİŞİ. Yox!.. Yox!.. Yox!.. 

QONAQ (xırıldaya-xırıldaya). Siz dəli olmusuz?! Buraxın!.. 

QADIN. Buraxma onu!.. Bərk sıx!.. Bərk sıx!.. 

QONAQ (qışqırır). Vay!.. Gözüm!.. Gözüm çıxdı!.. 

QADIN. Bərk sıx!.. Buraxma!.. 

 

Qonaq bərkdən inildəyir və susur, daha müqavimət göstərmir. Cansız halda döşəməyə sərilir. 



 

Nə oldu? Gəbərdi? 

 

KİŞİ (qulağını Qonağın sinəsinə dirəyir). Ürəyi vurmur. 



QADIN. Bəlkə onun heç ürəyi yoxdu? 

 

Kişi Qonağın əlini qaldırıb, buraxır. Qonağın əli cansız halda yerə düşür. 



 

KİŞİ. Yox, bu dəfə gəbərib!.. Murdar olub bu dəfə!.. Olub!.. 

QADIN (ikrah hissi ilə əlini silkələyə-silkələyə). Gözünün qanı bütün əlimi bulayıb... 

KİŞİ. Sən onun gözünü çıxardın? 

QADIN. Gərək o biri gözünü də çıxaraydım!.. 

 

Kiçik pauza. 



 

KİŞİ. Barmağını basıb gözünü çıxardın? 

QADIN. Bəs nəylə çıxaraydım? Qoy, gedim, əlimi yuyum... (Ayağa qalxaraq nifrətlə Qonağa 

baxır.) İyrənc qurbağa!.. (Səhnədən çıxır.) 

Səhnə qaranlıqlaşır. Pauzadan sonra işıqlananda Qadın səhnəyə daxil olur və yerində donur. 



 

QADIN. Hanı o? 

 

Döşəmədə Qonağın cəsədi yoxdur. 



 

KİŞİ (əvvəlki kimi döşəmədə oturmuş halda dəhşət içində). Yoxa çıxdı! 

QADIN. Necə yəni yoxa çıxdı? 

KİŞİ (eyni dəhşət içində). Gözümün qabağında birdən-birə yoxa çıxdı!.. 

QADIN (isterika ilə). Yox! O, buradadı!.. O, gizlənib!.. (Ora-bura qaçaraq, səhnəni alt-üst edir.) 

Onu yenə boğmaq lazımdır! Onu məhv etmək lazımdır. Onu tikə-tikə doğramaq lazımdır!.. 

Kişi qalxıb, Qadını qucaqlayır. 

KİŞİ. Sakit ol!.. O, yox oldu!.. O, mənim gözümün qabağında birdən, elə bil, əridi, yox oldu... 

Bir göz qırpımında... 

 

Pauza. 



 

QADIN (uçuna-uçuna). O, nə idi? O, kim idi? 

KİŞİ. Sakit ol!.. O, daha burda deyil!.. (Qadını qucağına sıxıb, saxlamaq istəyir.) Bu da, görünür, 

bir sınaq idi, bizim baxtımıza düşmüşdü...  

QADIN (uçuna-uçuna daha da bərkdən qışqırır). Nə idi o? Nə idi? Kim idi? Niyə bizi seçmişdi 

o? Niyə?.. Niyə?.. 

KİŞİ (onu sinəsinə sıxaraq). Sakit ol!.. Yoxdu daha!.. O, əridi... Getdi... Yox oldu... Hər şey 

yaxşı olacaq!.. 

 

Qadın onun əlləri arasından çıxıb, İosif Stalinin portretinin qabağında dayanır. 



 

QADIN (barmağını İosif Stalinin portretinə tuşlayaraq). Bəlkə o, bu idi?! Hə? Bəlkə bu idi? 

 

Kişi cəld əli ilə Qadının ağzını yumur. 



 

KİŞİ (dəhşətlə). Sus!.. Sən tamam dəli olmusan?! 

 

İşıq sönür. 



 

YEDDİNCİ ŞƏKİL 

 

Yenə həmin məkan. Gecə. 



 

Qadın, Kişi, NKVD zabiti, iki nəfər NKVD əməkdaşı. 

 

Qadın ilə Kişi mizin arxasında üzbəüz oturublar. 



 

KİŞİ. Bəlkə bunlar hamısı yuxu idi? Bəlkə bizi qara basırdı? 

QADIN (çiyinlərini çəkir). Bəlkə də... 

KİŞİ. Sən... sən həqiqətən NKVD-də olmusan? 

QADIN. Hə...  

 

Pauza. 



 

Sən də (Əli ilə İosif Stalinin portretini göstərir.) ona məktub yazmısan... 




 

Pauza. 


 

KİŞİ. 38 də belə gəldi... Yəni 37 heç vaxt qurtarmayacaq?  

 

Qadın yenə çiyinlərini çəkir. 



 

Şampanı açım? 

 

QADIN. Özün bil...  



 

Pauza. 


 

Görəsən, yenə qayıdacaq? 

 

KİŞİ. O, əridi... Yox oldu... 



 

Pauza. 


 

Sən... sən deyirsən ki, səhərə kimi gözünə yuxu getmirdi... Elə bilirsən, mən gözümü yuman 

kimi yatırdım?.. Mən bəyəm daş parçasıyam?.. Özümü söyürdüm... Lənətləyirdim özümü!.. Yer 

tapa bilmirdim özümə... Sən mənə inanmırsan? 

QADIN. Niyə inanmıram? İnanıram... 

 

Kiçik pauza. 



 

KİŞİ. Gəl, elə bilək ki, heç nə olmayıb...  

Pauza. 

 

Adamın ürəyi partlayır!.. Bu cür biz necə yaşayacağıq? 



 

QADIN. Bilmirəm...  

 

Qapı bərkdən döyülür. 



 

QADIN (gərgin). Gəldi? 

Qapı yenə bərkdən döyülür. 

 

Odur!.. Odur!.. 



 

Kişi qalxıb qapıya tərəf gedir. 

 

KİŞİ. Kimdir? 



SƏHNƏ ARXASINDAN SƏS. Açın!.. 

QADIN. Səs gəldi... 

KİŞİ (yavaşdan Qadına). Bəlkə...  

SƏHNƏ ARXASINDAN SƏS. Açın!.. Açın qapını!.. 

KİŞİ. Bəlkə NKVD-dir?.. 

Qadın çiyinlərini çəkir. Kişi qapını açır. NKVD forması geymiş zabit və onu müşayiət edən iki 

nəfər içəri girir. Zabitin bir gözünün üstündən qara bağlanıb. 

ZABİT. Azər Ayaz oğlu? 

KİŞİ. Bəli... 



ZABİT. Siz bizimlə getməlisiz! 

KİŞİ. Nə üçün? Niyə? 

ZABİT. Niyəsini NKVD-də başa salarlar! (Müşayiətçilərə.) Axtarın evi! Bu 

kontrrevolyusionerin nəyi var, hamısını çıxarın üzə! 

 

Qadın Zabitə yaxınlaşaraq, diqqətlə ona baxır. 



 

KİŞİ. Kimdir kontrrevolyusioner? 

ZABİT. Kimdir? Siz! 

KİŞİ. Mən? 

QADIN (eləcə diqqətlə Zabitə baxaraq pıçıltı ilə). Bu odur!.. 

ZABİT (Qadına fikir vermədən müşayiətçilərə). Axtarış aparın! 

 

Orqan işçiləri səhnə boyu oranı-buranı axtarmağa başlayırlar.  



 

QADIN. Bu odur! Odur!.. 

ZABİT (ona fikir vermədən Kişiyə). Özünüzlə kiçik çamadan götürə bilərsiz! 

KİŞİ. Axı niyə?  

ZABİT. Demədim, niyə? Elə mütləq sizi təzədən başa salmaq lazımdı? (Kişiyə yaxınlaşaraq, az 

qalır burnunu onun gözlərinin içinə soxsun). Ona görə ki, siz işlədiyiniz komissarlıqda gizli 

pantürkist kontrrevolyusioner terrorçu təşkilatın rəhbərlərindən birisiniz! 

KİŞİ. Mən? Mən o təşkilatın rəhbərlərindən biriyəm? 

ZABİT. Bəli!.. Yoxsa belə deyil? 

KİŞİ. Əlbəttə, belə deyil!.. Mən o təşkilatı ifşa etmişəm! O təşkilat haqqında ilk siqnalı mən 

vermişəm! Sizi mən duyuq salmışam, mən xəbərdar etmişəm! Yoldaş Stalinə mən məktub 

yazmışam!  

ZABİT. Çünki qorxurdunuz ki, tezliklə sizi ifşa edəcəyik! Bizi qabaqlamaq istəyirdiz! Hə? 

Maymaq adam!.. Bizi qabaqlamaq olar? 

Axtarış aparanlar əllərinə keçən qəzeti, jurnalı, kitabları, məktubları, başqa kağız-kuğuzu gətirib 

səhnənin ortasına tökürlər.  

KİŞİ. Mən bunu belə qoymayacağam!.. Mən yoldaş Stalinə şikayət yazacağam!.. Mən... 

ZABİT (onun sözünü kəsir). Bura bax, maskalanmış düşmən ünsür, bilirsən, nə var? (Kişinin 

yaxasından yapışıb, silkələyir.) Sən o kontrrevolyusioner nəfəsinlə yoldaş Stalinin müqəddəs 

adını tələffüz etmə! Eşitdin? Eşitdin məni, xalq düşməni! 

KİŞİ. Mən xalq düşməni deyiləm! 

ZABİT. Mən hələ indiyə qədər bir nəfər də xalq düşməni görməmişəm ki, öz xoşuna bunu etiraf 

eləsin!.. Öz xoşuna boynuna alsın ki, bəli, mən xalq düşməniyəm!.. (Yamsılayır.) "Mənim alibim 

var!.. Mənim alibim var!.."  

QADIN. Dedim ki, odur!.. Bu, odur!.. 

ZABİT (Qadına fikir vermədən). Ancaq sonra maskaları yırtılır! Etiraf etməyə məcbur olurlar! 

Çünki sizdə namus, vicdan yoxdur! Var?  

 

Kiçik pauza. 



 

Var səndə vicdan? 

 

KİŞİ. Mən xalq düşməni deyiləm! 



ZABİT. Sən vicdansız, namussuz bir adamsan! Sən partiyaya, xalqa, vətənə, sadə sovet 

zəhmətkeşlərinə xəyanət etmisən! Sən yoldaş Stalinə xəyanət etmisən!.. Sən kommunizm 

ideallarına xəyanət etmisən! Bildin?.. Sən Yaponiya xüsusi xidmət orqanlarının cəsususan! 

KİŞİ (qışqırır). Mən ömrümdə Yaponiyada olmamışam! Mən ömrümdə bir nəfər yaponla da 

danışmamışam! 



ZABİT. Gedək! Biz sənin yadına salarıq! Yaponiyada yox e, boynuna alacaqsan ki, Marsda da 

olmusan! Hazırlaş!  

KİŞİ. Mən ora getməyəcəyəm! 

ZABİT. Gedəcəksən, əzizim, gedəcəksən! 

KİŞİ. Mən sizin əziziniz deyiləm! 

ZABİT. Orda ayaqlarıma yıxılıb mənə yalvaranda, soruşaram səndən, əzizimsən, yoxsa, yox?.. 

KİŞİ (nifrət və qətiyyətlə). Mən sənin iylənmiş ayaqlarına yıxılıb, yalvarmayacağam!.. 

ZABİT. Lap yaxşı! Baxarıq... Baxarıq, görək, kimin ayaqları iylənib?!. Tez elə, səni orda 

səbrsizliklə gözləyirlər!.. 

 

Kişi qorxudan bərəlmiş gözləri ilə Qadına baxır, sonra yenə Zabitə baxır və qəflətən pəncərəyə 



tərəf qaçır. 

 

(Axtarış aparanlara.) Tutun onu! Qoymayın! 



 

Kişini tutub saxlamağa macal tapmırlar. O, özünü pəncərədən atır və çiling-çiling olan pəncərə 

şüşəsinin səsindən sonra, Kişinin küçədə yerə dəyməyinin tappıltısı eşidilir. 

QADIN (qışqırır). Siz onu məhv etdiz!.. Siz onu öldürdüz!.. 

ZABİT (müşayiətçilərə). Axmaqlar! Onu saxlaya bilmədiz! (Pəncərəyə yaxınlaşıb, aşağı 

boylanır.) Ay-yay-yay!.. (Başını qaldıraraq müşayiətçilərə.) Gedin, onu maşına atın! Gedin! Mən 

də gəlirəm!.. 

Müşayiətçilər tələsik səhnədən çıxırlar. 

QADIN. Nə üçün? Nə üçün siz onu öldürdüz?! 

ZABİT (yavaşdan). Qorxma!..  

İşıq yanlız onların ikisinin üzərinə düşür. 

O, bizim yanımıza gələcək!.. 

 

Pauza. 


 

QADIN (pıçıltı ilə). Bizim yanımıza? Yəni hara? 

 

ZABİT (pıçıltı ilə). Hara?.. Ora... (Barmağı ilə tavanı göstərir.) Ora!.. Orda bizim yanımıza!.. O, 



artıq yoldadı...  

QADIN (pıçıltı ilə). Sən... Sən osan? 

ZABİT (pıçıltı ilə). O? Yəni kim? 

QADIN (pıçıltı ilə). Bayaqkı qonaq? 

ZABİT (təəccüblə). Nə qonaq? 

QADIN. Qonaq də!.. Bayaq bizdə olan qonaq... O... O, sənsən? 

ZABİT. Heç nə başa düşmürəm... 

QADIN (səsini daha da yavaşıdır). Qorxma... De... Sən osan?..  

ZABİT (gülümsəyir). Qorxma? Nədən qorxacağam? Mən heç Allahdan da qorxmamışam!.. 

Qorxaq sizsiz!.. İstədiyinizi edirsiz, sonra da ordan (Barmağı ilə tavanı göstərir), cəhənnəmdən 

qorxursuz!.. Siz hamınız axmaqsız də, gecə-gündüz Allaha yalvarırsız ki, atanızı, ananızı, 

bacınızı, qardaşınızı, oğlunuzu, qızınızı, istədiyiniz adamları cənnətlik eləsin!.. Özünüz də -- hər 

biriniz -- cənnətə getmək istəyirsiz... İbtidadan bəri, yalandan özünüz üçün Xeyir ilə Şərin 

mübarizəsini uydurmusuz... Hər şeyi qoyursuz Allahın boynuna!.. O qədər günahınız var ki, 

Allah neyləsin? Sizi cənnətə necə qəbul eləsin? Allaha kömək etmək lazımdır də!.. Özünü ən 

günahsız hesab edəninizin də o qədər günahı var ki!.. Allahı qoyursuz pis vəziyyətdə!.. Bir-

birinizin başına it oyunu açırsız, sonra da deyirsiz ki, lənət Şeytana! Niyə? Niyə, nə üçün lənət 

Şeytana? Hamınız da cənnət eşqinə düşürsüz!.. Ode, cənnət bomboşdu... Mənim informasiyama 

görə, son üç min ildə cənnətlik cəmi iki nəfər tapıblar, o da güzəştlə... Hamınız mənim yanıma 

gəlirsiz!.. Ancaq... Ancaq bunların sənə dəxli yoxdu... (Yavaş-yavaş Qadını qucaqlayaraq, artan 




bir ehtirasla.) Hamınız mənim yanıma gəlirsiz, yaxşı da edirsiz... Çünki mənə gətirib çıxaran yol 

-- əsl həyat yoludu... Bu yol sizin həyatınızın bünövrəsidir, mayasıdır... Bütün həyatınızın, 

varlığınızın mənası, əslində, elə bu yoldu!.. İndicə dediklərimə fikir vermə... Sözdü... Sözün heç 

bir əhəmiyyəti yoxdu... Söz - yalan deməkdən ötrüdür... Bəzən bunu heç özünüz də başa 

düşmürsüz... Sonra başa düşürsüz... (Əli ilə tavanı göstərir.) Orda yetişəndən sonra... Bunu sənə 

min illərin təcrübəsindən deyirəm... (Açıq-aşkar bir şəhvətlə.) Baltanı yaman qaldırmışdın a-a-

a... Xoşuma gəldi... (Qadını daha da bərk qucaqlayaraq, qara sarıqlı gözünə işarə edir.) Bunu da 

əla elədin... Pırt - barmağını soxdun içinə!.. Əla idi!.. Narahat olma, düzələcək... Milyonlarla 

dəfə belə işlər gəlib mənim başıma... Düzələcək... Özün görəcəksən... Səndən xoşum gəlir... 

Gözlərindən, əllərindən, bədənindən... Səni görən kimi bildim ki, mənimçün yaranmısan... Özün 

də bunu görəcəksən!.. Döşlərindən mənə elə enerji gəlir, elə bil... elə bil, uşaq əmizdirirsən... 

QADIN (başını o tərəf-bu tərəfə çevirərək, ətrafa nəzər salır). Deyəsən, məni qara basır... Hə? 

ZABİT (eynilə ətrafa nəzər salaraq, çiyinlərini çəkir). Qara basır? 

 

Kiçik pauza. 



 

QADIN (gizli bir ehtirasla pıçıldayır). Deyirsən... Deyirsən, o, bizim yanımıza gələcək? 

ZABİT. Başqa hara gedə bilər ki? (Qadını sinəsinə sıxır.) O, artıq çatıb, ordadı... (Pəncərəyə 

tərəf işarə edir.) Onu da özümə şagird götürəcəyəm!.. İstedadlıdı!.. Onun gələcəyi var!..  

QADIN. Bizim yanımıza? 

ZABİT. Hə... 

QADIN. Bizim? Axı... Axı mən burdayam... 

ZABİT. Nə olsun? Həmişə burda olmayacaqsan ki? Əvvəl-axır, gələcəksən... (Qadının 

dodaqlarından öpmək istəyir.) 

QADIN (əllərini Zabitin sinəsinə sıxıb, ondan aralanmağa çalışaraq). Yox!.. Yox!.. 

ZABİT. Nə üçün yox?.. 

QADIN. Yox!.. Yox!.. 

ZABİT. Niyə? 

QADIN. Mən... Mən qorxuram!.. 

ZABİT (barmağı ilə tavanı göstərərək, ehtiraslı bir pıçıltı ilə). Ordan? 

QADIN. Hə... 

ZABİT. Nahaq yerə!.. Elə bilirsən, ora burdan qorxuludur? Yox!.. Ora burdan qorxulu deyil!.. 

(Yenə Qadının dodaqlarından öpmək istəyir.)  

QADIN. Yox... 

ZABİT. "Hə" de!.. Hə... Hə... 

QADIN (ehtiras və həyəcan, nigarançılıq dolu bir pıçıltı ilə). Hə?.. 

ZABİT. Əlbəttə... 

 

Səhnənin işığı yanır. Zabit tələsik Qadından aralanıb, pəncərəyə yaxınlaşaraq, aşağı boylanır. 



(Bərkdən.) Nə oldu? Onu atdız maşına? (İti addımlarla qapıya tərəf gedərək, Qadına.) Hələlik!.. 

Özünüz də heç hara getməyin!.. Yəqin sizi də çağıracağıq!.. 

 

Zabit səhnədən çıxır. Qadın səhnənin ortasında donub qalıb. 



 

İşıq sönür. 

 

11 dekabr, 2007 



 

Bakı 


 

Yüklə 241,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə