ƏDƏBİ TƏNQIDIMIZ BARƏDƏ BƏZİ FİKİRLƏR
Mən bu yazıda demək istədiyim fıkirləri son vaxtlarda nəşr edilmiş tənqidi məqalələrdən birinin
təhlili ilə izah etmək istəyirdim. Sonra fıkirləşdim ki, bu məsələlər yalnız bir və ya iki məqalə
müəllifınə aid deyil (əlbəttə, bütün tənqidçilərimizə eyni qüsurları yapışdırmaq ədalətsizliyindən
də tam uzağam).
Məlumdur ki, tənqidçinin vəzifəsi bədii əsəri təhlil eləyib, kəsirlərini, yaxşı cəhətlərini öz şəxsi
zövqü və qabiliyyəti miqyasında meydana çıxarmağa çalışması ilə bitmir. Tənqidçi həqiqi
sənətkarı onun özündən də dərin duyub dərk etməlidir. Onu kəşf etməlidir (əgər, yazıçı bıı kəşfə
layiqdirsə). Tənqidçinin həqiqi sənətkarı kəşf etməsi Ko-umbun Amerikanı kəşf etməsi qədər
maraqlı bir hadisədir. Ədəbiyyat tarixində buna ən parlaq misal Puşkinlə Belinskinin əhvalatıdır.
Məlum olduğu kiıni, o zaman Rusiyada ən böyük yazıçı «Molla Nur»un müəllifı sayılırdı. Onu
Balzakla müqayisə edirdilər. Lakin günün birində gənc Belinski meydana çıxıb sübut etdi ki,
həqiqi sənətkar Puşkindir! Sübut etdi ki, rus bədii ədəbiyyatına rus ruhunun dərin şeriyyətini,
yüksək poetik qüvvəyə malik həqiqi xalq dilini Puşkin gətirmişdir. Belinski Puşkin lirasının
avazındakı nəhayətsiz ülviyyəti, qəlbin dərinliklərinə nüfuz eləyib, insanı sanki bir an başqa
dünyaya qanadlandıran duyğuları bir sehrkar kimi açıb göstərdi...
Bir dəfə mən bu barədə bir tənqidçi dostumuzla söhbət eləyəndə, o, zarafatyana dedi: «Hamı
Belinski olmaz ki...»
Doğrudur, hamı Belinski olmaz... Çünki Belinski müstəsna istedad sahibi idi və o zamankı dünya
ədəbiyyatının bütün ədəbi prosesləri ona məlum idi. Bədii «yaxşının» və bədii «pisin» nə demək
olduğu ona bəyan idi.
Həqiqi yazıçı, zəhmətkeş bir bəndə olan yazıçı həmin dostumuza deyə bilər ki, «əziz dost,
əgər, sən Belinski olmayacağını hiss edirsənsə, nə üçün kustarçılıqla məşğulsan? Axı, müdrik
atalar deyib ki, pis papaqçı olmaqdansa, yaxşı palanduz olmaq yaxşıdır».
Azərbaycanda bədii nəsrin böyük novator nümayəndəsi Cəlil Məmmədquluzadə öz hekayə və
felyetonları ilə sənətimizə, tamamilə yeni yazı tərzi gətirdi. Onun hekayələrində Şərq nəsrində
ilk dəfə müəllifın bilavasitə müdaxiləsi olmadan tiplər, surətlər öz hərəkət və rəftarları ilə
təəccüblü bir aydınlıqla dərhal oxucunun gözləri qarşısında canlanırdı, həm də öz fərdi
psixologiyası, öz koloritilə canlanırdı. Bu hekayələr sadəlövh, quraşdırma süjetlərdən uzaq idi.
Adi insanlardan, adi hadisələrdən bəhs edən bu hekayələrin yaradılışında bədii dərinlik, həqiqi
sənətkarlıq var idi. Bu cür hekayəçiliyin Qərbdə Mopassan, Rusiyada Çexov kimi güclü
nümayəndələri var idi. Biz böyük iftixar hissilə onu da qeyd etməliyik ki, Mirzə Cəlilin hekayə
və felyetonları bədii dəyəri və ictimai təsir qüvvəsi etibarilə müxtəlif milliyətli məşhur
sələflərinin əsərlərindən heç də geri qalmırdı. Əlbəttə, Mirzə Cəlil haqqında dəyərli tədqiqat
əsərləri yazılmışdır. Lakin onun Azərbaycan nəsrinin yazı tərzinə gətirdiyi böyük yenilik ədəbi
tənqıd tərəfındən vaxtında təhlil və təbliğ edilməmişdir. Bəlkə, bir də buna görədir ki, bu tarixi
yenilik uzun zaman sonrakı nasirlərimiz tərəfindən davam etdirilmədi və bu da nəsrimizin kəsir
cəhətlərindən biri oldu. Ədəbi tənqid isə, Mirzə Cəlilin müasir Azərbaycan ədəbi prosesindəki
rolunu müəyyənləşdirməli, bu barədə öz tutarlı sözünü deməlidir. Deməlidir... Bəs, nə vaxt
deyəcək? Nə üçün xarici ölkələrin ədəbi tənqidi Bulqakov, Kafka, Prust kimi yazıçıların müasir
ədəbi prosesdəki roluna monoqrafıyalar həsr edir, bizim ədəbi tənqid öz böyük klassiklərimizə
bu nöqteyi-nəzərdən baxmağı bacarmır? Aydın məsələdir ki, həm siyasi-ictimai, həm də bədii-
estetik baxımdan Mirzə Cəlil Kafkadan da, Prustdan da uzaq bir yazıçıdır. Lakin onun müasir
ədəbi prosesdəki iştirakı faktdır. Ədəbi tənqidimiz ara-sıra bu faktı qeyd edir. Qeyd edir və belə
bir quru qeydiyyatla da kifayətlənir.
Tənqiddən isə çox şey asılıdır.
Hər hansı bir ədəbi novatorluğun vaxtında dərk və təqdir edilməməsi çox təəssüf ediləcək bir
haldır. Çünki bu elm sahəsində, texnikada olduğu kimi, həqiqi sənətin inkişafına mane olur.
Yerində saymağa, ətalətə, əyalətçiliyə gətirib çıxarmaq təhiükəsi yaradır.
Cəfər Cabbarlı bizim dramaturgiyamıza Şekspir, Şiller ehtirası ilə daxil oldu. Onun «Aydın»,
«Oqtay Eloğlu», «Od gəlini». «1905-ci ildə» pyesləri yüksək emosionallıqla qanadlanan güclü
istedad nümunələri idi. Bu əsərlərdə həqiqi sənətkar ehtirası var idi. Ədəbi tənqid bunu təqdir
etmək, bu nadir istedada layiq olmaq əvəzinə bir sıra hallarda gənc dramaturqun üstünə düşüb,
Allah bilir ki, onu necə əcaib şeylərdə təqsirləndirmədi... Əlbəttə, belə bir tənqid öz mənfi
təsirini göstərməyə bilməzdi. Lakin böyük istedad öz şəfəqini harada isə yenə də göstərməli idi.
«Yaşar»dakı təkcə İmamyar surəti müəllifin necə istedad sahibi olduğundan xəbər verirdi. Heç
təsadüfi deyil ki, İmamyar surəti geniş xalq arasında ikiüzlülük, hiyləgərlik timsah kimi zərb-
məsəl olmuşdur. O da təsadiifi deyil ki, bəzi üzdəniraq tənqidçilərin saxta ittihamlarına,
böhtanlarına baxmayaraq, xalq həmişə Cəfər Cabbarlını sevmişdir. Xalq həqiqi sənətkarını, onun
səmimiyyətini, öz vətəninə olan məhəbbətini həmişə hiss edib qiymətləndirmişdir.
Həqiqi sənəti və onun səmimiyyətini duymaqda xalq fovqəladə həssaslığa malikdir
(semimiyyətsiz isə, həqiqi sənət yoxdur!). Mən indi düşiinürəm ki, əgər, ədəbi tənqid Cəfər
Cabbarlını vaxtında qiymətləndirib, ona qol-qanad versəydi, bizim dramaturgiyamız daha nə
qədər böyük əsərlərlə zənginləşərdi! Təəssüf ki, tənqid öz səhvini başa düşəndə, artıq Çəfər bu
dünyada yox idi.
Əlbəttə, ədəbi tənqidimiz inkişafdadır. O, niüsbət cəhətlər əldə edir, lakin bununla bərabər, bəzi
zərərli cəhətlər də tamam silinib getmir. Bəzi hallarda tənqid istedadlı yazıçıların əsərlərindəki
maraqlı yeni cəhətləri, keçilmiş yollardan keçməmək cəhdini nəinki duyub müdafiə eləyir,
əksinə, lazımsız bir hay-küylə «tənqid atəşinə» tutur. Buna misal Mövlud Süleymanlının
əsərlərinə yaxın keçmişdəki münasibəti göstərmək olar,
Mövlud Süleymanlının dilində, ifadə tərzində nöqsanlar olduğu şübhəsiz idi. Tənqid bunları
düzəltməkdə istedadlı müəllifə kömək etməli idi. Söhbət tənqidin səhvindən, bəzi hallarda onun
hələ də vulqar sosiologizm əhvali-ruhiyyəsindən xilas olmamağından, müasir proqressiv dünya
ədəbiyyatının yeni ab-havasından, yeni nailiyyətlərindən xəbərsiz olmasından gedir.
Məlumdur ki, bizdəki neqativ hadisələrlə cəmiyyətin böyük ideaında kəskin bir ziddiyyət vardır.
Mövlud bu ziddiyyəti həqiqi sənət dili ilə ifadə etmək üçün həmin neqativ hadisələri açıb
göstərməyə cəhd etmişdir. Cəmiyyətin başına bəla olan neqativ hadisələrlə, bu
hadisələri..törədən yeni donda yeni psixologiya ilə meydana çıxan İmamyaria gizlənpaç
oynamaq olmaz! Demək, həqiqətin gözünə cəsarətlə baxmaq Iazımdır. Xışı dərindən götürmək
lazımdır. Əgər, gənc müəlliflər hər cür sadəlövh öyüd nəsihətçilikdən, primitiv müəllif
müdaxiləsindən qaçırlarsa, həyatm ğozəllikləri, yüksək idealı ziddinə olan rəzaləti, eybəcərlikləri
və bunları törədənləri bütün ikiüzlülüyü, saxtakarlığı, biqeyrətliyi, paxıllığı, yaltaqlığı ilə təsvirə
cəhd edirlərsə, bu, təqdirəlayiqdir. Ədəbi tənqid bütün bunları şərh etməli və müəllifləri,
yuxarıda dediyim kimi, dil-ifadə qüsurlarından, yaradıcılıqlarında bəzən naturalizm
təzahürlərindən saqındırmalıdır.
Vaqif Cəbrayılzadənin şeirləri ilə mən bu yay tanış oldum. Və bir oxucu kimi elə hesab eləyirəm
ki, onun da yaradıcılığı bizim şeirimizdə maraqlı bir hadisədir. Mən, Vaqifin yaşının və
təcrübəsinin azlığına baxmayaraq, «onun da» ifadəsini işlətdim, çünki mənim üçün bir həqiqət
şübhəsizdir: hərgah bizdə bir tərəfdən, misal üçün, Bəxtiyar Vahabzadə, yaxud Nəriman
Həsənzadə qələmi hərəsi öz fərdi poetik sözünü deyirsə, bir tərəfdən Qabil, yaxud Məmməd
Araz qələmi, bir tərəfdən də deyək ki, Fikrət Qoca, yaxud Məmməd İsmayıl qələmi eyni işi
görürsə - belə bir müxtəliflik yalnız və yalnız poeziyamızın xeyrinədir!
Məni maraqlandıran Vaqifın hansı vəznlə yazması deyil. Bu, hər şairin öz işidir. Hər şeydən
əvvəl, mənə təsir eləyən Vaqifin tərənnüm etdiyi hisslərdəki dərinlik və təzəlikdir. Sanki şair
insan qəlbinin, insan ruhunun təhtəlşüur" sarsıntılarını; həyat hadisələri ilə münasibətindəki
ziddiyyətlərini, assosiasiyalarını həssaslıqla duyur, həqiqi, yaxşı insan qəlbinin dramatizmində
belə bir ülviyyət görür.
Vaqifm müharibədə həlak olanların xatirəsinə həsr etdiyi şeirində ölüm yarası almış oğul
nənəsinə deyir:
- Qarı nənə, qarı nənə,
Qara yaylığın düşdü, nənə. . ,
- Qara yaylıq ölümdü, oğul,
Ört üstünə.
- Qarı nənə, qarı nənə,
Bağlama gözümü, nənə,
bir damla göz yaşı
incidir məni.
- Gözümün son damlasıdı,
oğul,
incidir səni,
O son damla yaş
Hələ illərcə saxlayacaq
Gözlərinin çiçəyini,
qoy örtüm gözünü, oğul.
Və biz ananın ahsız-ufsuz faciəsini nə qədər dərindən hiss edirik. Burada nə müəllif müdaxiləsi
var, nə də sabun köpüyütək qavazaq deklomasiya! Ana ürəyinin dəhşətli sarsıntısı var! O da çox
maraqlıdır ki, Cəbrayılzadənin tərənnüm etdiyi faciələrin, dramatik hadisələrin o tayında həmişə,
nə isə, bir işıq hiss edirsən. Elə bil ki, heç bir iztirab, heç bir kədər o işığın ülviyyətini,
gözəlliyini poza bilmir; elə bil ki, o işıq adi insan hisslərinin, adi insan taleyinin simvoludur.
Vaqif Cəbrayılzadənin şeirləri sözçülükdən, sadəlövh heyrançılıqdan, öyüd-nəsihətçilikdən, eyni
fıkri yüz dəfə təkrar eləyib oxucunu təngə gətirən gurultudan uzaqdır. (Şeirimizdə xeyli kök
salmış bu son dərəcə ciddi nöqsanlara ədəbi tənqidin necə dözdüyü də mənim üçün qəribə
hadisədir.)
Vaqif şeir kitabçasını mənə təqdim eləyəndə, zarafatyana dedim ki: «Nə balaca kitabdır...» O da
ciddi cavab verdi ki, «şeir kitabı gərək kiçik ola».
Bu sözlər mənə simvolik təsir bağışladı. Taxçalarda heç kəsin oxumadığı toz basmış qalın-qalın
«şeir» kitabları yadıma düşdü. Şeir çox yazıla bilər, amma pis yazıla bilməz! Pis şeir nifrətə
layiqdir! Çünki o, həqiqi şeriyyətin müqəddəs gözəlliyini ucuzlaşdırır. Hazırlıqsız oxucunun
zövqünü korlayır.
Cəbrayılzadə vətənpərvər şairdir. Lakin o, «vətən, sevirəm səni» deyib qışqırmır. Vətən, xalq
sevgisi cazibə qüvvəsinə malik gözəgörünməz bir xətt kimi onun bütün yaradıcılığından keçir.
Bu istedadlı şairin də ifadə tərzində qüsurlara rast gəlirsən. Bəzən onun özünə mənası məlum
olan ifadələr oxucuya çətin çatır. Bəzən sözlər yerinə sərrast düşmür... Bütün bunları ona indidən
demək lazımdır. Yaxşısını da, pisini də, həm də obyektivcəsinə, necə deyəriər, «sevə-sevə»
demək lazımdır. İndidən demək lazımdır ki, sonra gec olmasmın.
Bizim altmışıncı, səksəninci illərdə meydana çıxan əsərlərimizlə, həmin illərdə Rusiyada və
eləcə də başqa respublikalarda meydana çıxan yaxşı əsərlərin arasında istər forma və istərsə də
məzmun etibarılə səsləşmə vardır. (Əlbəttə, təqlid və ya oxşarlıq etibarilə deyil!) Bu səsləşmə
yeni forma və məzmun axtanşlarındadır, köhnəlmiş, standartlaşdırılmış formalar çərçivəsindən
daha genişliyə çıxmaq cəhdindədir. Ədəbi tənqidimiz isə, bu məsələyə lazımınca fıkir vermir.
Əlbəttə, uzaq zamanlardan bəri xalqın qəlbinə yol tapmış bədii formaları unutmaq olmaz. Lakin
məlumdur ki, dövrün ictimai məzmunu dəyişdikcə, bədii əsərin ifadə tərzində də müəyyən
dəyişiklik tələb olunur və bu dəyişiklik həmişə inkişafa doğru gedir. İstedadlı yazıçı bunu hiss
etməyə bilməz, buna biganə qala bilməz. Həqiqi ədəbi tənqid də bunu hiss edir və əsərə bu
nöqteyi-nəzərdən yanaşır. Lakin elə tənqidçilər də vardır ki, onlar üçün köhnə formalar
toxunulmazdır. Daha doğrusu, onlar özləri bu köhnəliyin çərçivəsindən çıxmaq iqtidarında
deyillər.
Amerika ədəbiyyatının kamil əsərlərindən biri olan «Heklberri Finnin sərgüzəşti» povestinin
üstündə Mark Tvenin belə zarafatyana bir yazısı var:
«Xəbərdarlıq.
Bu hekayədə motiv tapmağa cəhd eləyən şəxslər məhkəməyə veriləcək, moral axtaranlar sürgün
ediləcək, süjet tapmaq istəyənlərsə güllələnəcək.
Müəllifin əmrilə.»
Yəqin məsələ idi ki, həqiqətdə Mark Tven bədii əsərdə nə motivin, nə əxlaqi nəticənin və nə də
süjetin əleyhinə idi. Lakin məhz «Heklberri Finnin sərgüzəştləri» haqqında belə yazmasının
mənası var idi. Bu ölməz əsər süjet barədəki ənənəvi sxem əsasında yazılmamışdır. Povest
assosiativ tərzdə əlaqələndirilən bir sıra sərgüzəştlərdən, bir sıra personajların fəaliyyətindən
ibarətdir. Müəllif «Heklberri Finnin sərgüzəştləri»ni, onun dolaşdığı həyatı, bu həyatla bilavasitə
və ya dolayısı ilə əlaqədar hadisələri, adamları təsvir edirdi. Heç bir oxucu da bu gözəl əsəri
oxuyarkən, onun vahid bir süjet əsasında yazılmaması barədə diişünmürdü.
Əlbəttə, vahid süjet sxemini inkar etmək olmaz. Yüzlərlə gözəl əsərlər vahid bir süjet sxemində
yazılmışdır və bundan sonra da yazılacaqdır. Lakin bu o demək deyil ki, heç bir yazıçı bu sxem
çərçivəsindən çıxmasın. Hansı formada yazırsansa, yaz, lakin sənətkarlıqla, ürəklə yaz! Həyatı,
onıın doğurduğu psixologiyanı duyaraq, onun dərinliklərinə nüfuz edərək yaz! Həyatın təbii,
amansız dramatizminə göz yummayaraq yaz! Əsl sənətin məlum devizi belədir və əlbəttə ki, bu,
yazıçıdan güclü istedad istəyir.
Bəzi tənqidi məqalələrdə filan şairin (nasirin və ya dramaturqun) öz əsərlərində «fəisəfı fıkirlər»
söylədiyi yazılır. Lakin bu «fəlsəfənin» nədən ibarət olduğu, müəllifin bu «fəlsəfəsində» hansı
təzə bir söz dediyi tənqidçi tərəfindən izah olunmur. Əslində, görürsən ki, həmin «fəlsəfə»
çeynənmiş köhnə söhbətlərdən ibarətdir.
Bütün bunlar baqqında düşiinərkən, təkrar bu nəticəyə gəlirsən ki, tənqidçi yoldaşlar istər forma
və istərsə də məzmun barədə, ümumiyyətlə, bədii əsər barədə hokm verərkən diqqətli
olmalıdırlar, bizim ədəbiyyatın və eləcə də dünya ədəbiyyatının təcrübəsindən çıxış etməyi
bacarmalıdırlar. Bunun bir gizlini yoxdur ki, dayaz sadəlövh tənqidin tərifləyib göyə qaldırdığı
elə əsərlər var ki, bu gün heç kəsin yadına düşmür və yeni nəsil də onların nə üçün vaxtilə
tərifləndikIərinə təəccüb edir.
Ədəbi tənqidin ayrı-ayrı dövrlərdəki səhvləri haqqında düşünərkən, onun işıqlı cəhətlərini,
ədəbiyyatımızın, ictimai fıkrimizin inkişafinda dəyərli xidmətləri olan nümayəndələrini, təbii ki,
unutmaq olmaz. ƏIi Nazim, Mikayıl Rəfıli, Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov,
Mehdi Hüseyn, Əziz Mirəhmədov, Abbas Zamanov, Əli Sultanlı, Əkbər Ağayev, Kamal
Talıbzadə, Mehdi Məmmədov, Kamran Məmmədov, Cəlal Məmmədov kimi veteranların,
onlardan sonra gələn tənqidçilər nəslinin istedadlı nümayəndələrinin təmkinli ziyalı xidmətləri
təqdirəlayiqdir. Bu gün gənc tənqidçilər nəsli də yetişməkdədir ki, onların bədii əsəri başa
düşmək, onun müvəffəqiyyət və nöqsanlarını düzgün hiss etmək istedadı, ümumi mədəniyyəti,
dünya ədəbiyyatına bələdliyi, müasirliyi, ədəbiyyatımızm ən yaxşı tənqidçilərinin əsərlərilə bir
sırada dura bilən ağıllı məqalələri çox fərəhli haldır. Bu, sübut edir ki, tənqidimiz inkişaf
yolundadır.
Lakin bir həqiqət də vardır ki, indi hələ də elə tənqidi yazılara rast gəlirik ki, ədəbiyyatımızın
yüksəlişi naminə onlarla qəti mübarizə aparmaq lazımdır. Belə məqalələrdə zəif yazılar, heç bir
bədii dəyəri olmayan əsərlər təriflənir. Çünki həqiqəti söyləməyə nə savad, nə istedad, nə də
cəsarət çatır! Ona görə də redaksiyalarda ədəbi tənqid sahəsində işləyən yoldaşlara qarşı tələbi
artırmaq lazımdır. Sənətirn amansız bir qanunu var: zəif əsər, pis əsər nə qədər təriflənirsə-
təriflənsin, nə qədər qaldırılırsa-qaldırılsın, kimsəyə lazım olmayan cansız bir şey olaraq qalır ki,
qalır.
Bunu da unutmaq olmaz ki, yaxşı tənqid yaxşı əsərlərin, həqiqi sənətin düzgün izahı ilə, pisin
isə, inandırıcı ədəbi ifşası ilə yüksəlir.
Biz istəyirik ki, ədəbi tənqidin yaxşı cəhətləri inkişaf etsin. Onun səhvləri ədəbiyyatımızın
inkişafına mane olmasın. Ədəbi tənqid arxaizm, məhdudluq, bəsitlik kimi ciddi qüsurlardan,
arxiv iyi verən mühakimələrdən, tamamilə, xilas olsun.
Bunun üçün bizdə tənqidlə məşğul olan müasir ruhlu, istedadlı, bilikli, təravətli qələm sahibləri
vardır. Qoy onlar mədəniyyətimizin tərəqqisi naminə öz fəaliyyətlərini artırsınlar.
«Ədəbiyyat və incəsənət» qəzeti, 28 yanvar 1983-cü il.
Dostları ilə paylaş: |