«Dövlət və Din».-2011.-№3(23).-S.16-23.
NƏSİRƏDDİN TUSİNİN FƏLSƏFİ MƏKTƏBİ HAQQINDA
AYTƏK MƏMMƏDOVA,
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri
şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, a.z.m-9-9@mail.ru
Açar sözlər: Nəsirəddin Tusi, din, fəlsəfə.
Ключевые слова: Насираддин Туси, религия, философия.
Key words: Nasir ad-Din Tusi, religion, philosophy.
Ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusi (1201-1274) dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində
mühüm xidmətləri olan böyük şəxsiyyətdir. Onun başçılığı ilə 1259-cu ildə Marağa şəhərində inşa edilmiş
rəsədxana təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqi ölkələrində böyük elmi-mədəni hadisə idi.
Marağa rəsədxanasında aparılan elmi tədqiqatların sonrakı əsrlərdə elmin inkişafına böyük təkan verdiyini
bildirən professor Həbibulla Məmmədbəyli burada tədqiq olunan çox dəyərli elmi işlərdən biri kimi coğrafi
koordinatlar cədvəlinin tərtib edilməsini vurğulamışdır: "Zic Elxani"də 256 şəhərin coğrafi enlik və uzunluq
koordinatları verilmişdir. Bu cədvəl XIII əsrdə Azərbaycan alimlərinin coğrafi biliklərinin yüksək səviyyədə
olduğunu göstərir. Cədvəlin coğrafiya elminin inkişafında böyük və Amerikanın kəşfində isə müəyyən dərəcədə
əhəmiyyəti olmuşdur (1, 98).
Rəsədxanada çalışan alimlər astronomik müşahidələr aparmaqla, rəsədxana işlərində çalışmaqla yanaşı,
bütün elm sahələrində dərin tədqiqatlarla da məşğul idilər. AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu barədə
yazmışdır ki, 1266-cı ildə Nəsirəddin Tusinin yanına gəlib, Marağa rəsədxanasında işləyən azərbaycanlı mühəndis
Kəriməddin Əbubəkr Mahmud oğlu Salmasi kağızdan alınan qarışıqdan alətlər və cihazlar düzəldirmiş (2, 187).
Zakir Məmmədov mənbələr əsasında sübut etmişdir ki, Kəriməddin Salmasi rəsədxanada Yer kürəsi modelini
hazırlamış, onun üzərində iqlimlərin təsvirini vermişdir. Əlbəttə, bu coğrafi qlobus idi. Halbuki elm aləmində elə
hesab edirlər ki, ilk coğrafi qlobusu alman coğrafiyaşünası və səyyahı Martin Böhaym (1459-1507) hazırlamışdır
(2, 187).
Müəllimlik fəaliyyətinə görə də məşhurlaşan Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi
məktəbdə burada çalışan alimlərin əksəriyyətinə dərs demişdir. Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi
(1236-1311), Əllamə Hilli adıyla məşhur olan Həsən ibn Yusif ibn Əli ibn Mutəhhir Hilli (1250-1326) və başqaları
bu məktəbin nümayəndələridir. Yaradıcılığı ensiklopedik səciyyə daşıyan həmin şəxsiyyətlər riyaziyyat,
təbiətşünaslıq, tibb və başqa dəqiq elmlər üzrə daha çox məşhur olmalarına baxmayaraq, fəlsəfənin nəzəri və əməli
hissələrinə dair də qiymətli traktatlar yazmışlar.
Nəsirəddin Tusinin şagirdi olan İbn Kəmmunə İsraili (...-1284) Marağada ondan təhsil almış, müəlliminin
yaradıcılıq yolunu davam etdirmişdir.
Zakir Məmmədov XII əsrdə dünyaşöhrətli Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdinin yaratdığı
işraqilik fəlsəfi təliminin Nəsirəddin Tusiyə və onun şagirdlərinin yaradıcılığına böyük təsir göstərdiyini qeyd
edərkən yazır ki, Marağa rəsədxanasında çalışan alimlər- dən bir çoxu işraqi filosofun kitablarını tədris və təbliğ
etməklə kifayətlənməmiş, onlara dəyərli şərhlər yazmışlar. Səd ibn Mənsur ibn Kəmmunə İsrailinin Şihabəddin
Sührəvərdinin "Lövhi və ərşi Qeydlər" kitabına yazdığı şərh də "Düzəlişlər" adlanır (3, 199).
Zakir Məmmədov Şihabəddin Sührəvərdinin əsərlərinin, xüsusən onun işraqilik fəlsəfəsinin Nəsirəddin
Tusinin digər istedadlı şagirdi Qütbəddin Şirazi tərəfindən müfəssəl araşdırıldığını bildirmişdir. İşraqi ədəbiyyatının
şah əsəri "İşraq fəlsəfəsi" ("Hikmət əl-işraq") kitabına Qütbəddin Şirazinin yazdığı şərh xüsusilə qiymətlidir. İranın
müxtəlif kitabxanalarında ayrı-ayrı vaxtlarda üzü köçürülmüş məlum yeddi əlyazma nüsxəsi saxlanılan həmin şərh
orijinalı ilə birlikdə 1898-ci (1315) ildə Tehranda çapdan çıxmışdır. Cəlaləddin Əbdürrəhman Süyuti (1445-1505)
Qütbəddin Şirazinin əsərləri sırasında "Sührəvərdinin sirlər kitabının şərhi" ("Şərh kitab əl-əsrar li-s-Sührəvardi")
traktatının da adını çəkmişdir. 1295-ci ildə tamamlanmış və öz müəllifinə şöhrət qazandırmış bu şərhə Seyid Şərif
Cürcani (1339-1413), Mövlana Əbdülkərim (...-1495), Nəcməddin Hacı Mahmud Təbrizi, Sədrəddin Şirazi
(...-1640), Molla Hadi Səbzəvari (1798-1878) kimi filosoflar haşiyələr qələmə almışlar (3, 199-200).
Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndələrindən Nəcməddin Qəzvini (1203-1277) böyük astronom,
təbiətşünas filosof, məntiqçi alim kimi məşhurdur. Filosofun ləqəbi Nəcməddin (Dinin ulduzu), adı Əli, atasının adı
Ömər, babasının adı Əlidir. Əbülhəsən künyəsi isə onun adının əvəzedicisidir. Qəzvin şəhərindən olduğu üçün
Qəzvini nisbəsini daşımışdır. Mütəfəkkir elmi əsərlərin üzünü köçürən "mirzə" sözünü ifadə edən Dəbirani və ya
Katibi kimi də tanınmışdır. Mənbələrdə o, "ən böyük alim" ("Əllamə") adı ilə yad edilmişdir (5, 162-163).
Nəsirəddin Tusinin dəvəti ilə Marağaya gələn Nəcməddin Qəzvini rəsədxanada çalışan ilk dörd astronomdan
biri olmuşdur. O, mənbələrdə Nəsirəddin Tusinin şagirdi kimi təqdim edilməsinə baxmayaraq, Marağaya
gəlməmişdən əvvəl də alim kimi tanınmışdır. Nəsirəddin Tusinin "Elxani astronomik cədvəl" ("Zic əl-elxani")
traktatından da məlum olur ki, alim 1259-cu ildə adlı-sanlı mütəxəssis imiş.
Nəcməddin Qəzvini elmlə məşğul olmaqla bərabər, müəllim kimi də fəaliyyət göstərmişdir. Ensiklopedik
alim Qütbəddin Mahmud Şirazi və Əllamə Hilli Nəsirəddin Tusi ilə yanaşı, onun da məşhur şagirdlərindəndir.
Nəcməddin Qəzvini fəlsəfə tarixində daha çox məntiq alimi kimi məşhur olmuşdur. Təsadüfi deyildir ki,
Nəsirəddin Tusinin şagirdi İbn əl-İbri (1226-1286) onu "ən böyük məntiq alimi" adlandırmışdır(5, 163).
Nəcməddin Qəzvini fəlsəfə, məntiq və təbiətşünaslığa dair qiymətli əsərlərin müəllifidir. Filosofun
"Həqiqətlərin kəşfində incəlikləri ehtiva edən" ("Cami əd-dəqaiq fi kəşf əl-həqaiq") əsəri məntiq, metafizika və
fizikaya dair orijinal bir traktatdır. Filosofun "Məntiq və hikmətə dair mahiyyətin qaydaları" ("Ayn əl-qəvaid
fi-l-məntiq və-l-hikmə") əsəri də peripatetik fənləri əhatə edir. Bu traktat naməlum müəllif tərəfindən şərh edilərək
"Parıltının faydaları" ("Bəhr əl-fəvaid") adlandırılmışdır.
Nəcməddin Qəzvininin "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabı isə "Məntiq və hikmətə dair mahiyyətin
qaydaları" traktatının ikinci hissəsi olub, fəlsəfə, təbiət və riyaziyyat məsələlərinə həsr edilmişdir. "Mahiyyət
hikməti" kitabına ən dəyərli şərh XIV əsrin birinci yarısında Mövlanə Mirak Şəmsəddin Məhəmməd ibn
Mübarəkşah Buxari tərəfindən yazılmışdır.
"Məntiqin qaydalarına dair Şəmsəddin traktatı" ("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") kitabı da
mütəfəkkirin məntiq haqqında yazılmış orijinal və çox qiymətli bir əsəridir. Əsər el-xanilərdən Hülakü xan, Abaqa
xan və Əhməd xanın hakimiyyətləri dövründə vəzir işləmiş "divan sahibi" ("sahib əd-divan") Xacə Şəmsəddin
Məhəmməd ibn Bəhaəddin Məhəmməd Cüveyninin (...-1284) xahişi ilə onun şərəfinə qələmə alınmış və
"Şəmsəddinə ithaf edilmiş" ("əş-Şəmsiyyə") adı ilə daha çox məşhurdur. Müəllifinə böyük şöhrət qazandırmış bu
əsər bütün dövrlərdə alimlərin marağına səbəb olmuşdur. "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"na onlarla
şərh və haşiyə yazılmış, mədrəsələrdə tədris edilmişdir (5, 165).
Nəcməddin Qəzvininin fəlsəfi görüşlərində məntiq məsələləri mühüm yer tutur. Təsadüfi deyildir ki, filosof
özünün "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"nda yazır: "Bu məntiq qanunlarına dair Şəmsəddin traktatı
adlandırdığım bir kitabdır. Mən onu müqəddimə, üç məqalə və nəticədən ibarət tərtib etdim. Müqəddimə iki
bəhsdir. Birinci bəhsə gəldikdə o, məntiqin mahiyyəti və ona ehtiyacı barədədir".
Mütəfəkkir fəlsəfi görüşlərində öz sələflərinin ideyalarından bəhrələnmiş, fəlsəfi məsələlərə peripatetik
mövqedən yanaşmış, orijinal fəlsəfi təlim yaratmış və dünyəvi elmlərin inkişafında mühüm xidmət göstərmişdir.
Bununla da Nəcməddin Qəzvini fəlsəfə tarixində Nəsirəddin Tusi məktəbinin məntiq alimi kimi məşhurdur.
Nəsirəddin Tusinin şagirdlərindən Qütbəddin Mahmud Şirazi daha çox tanınmış, nüfuzlu alim kimi şöhrət
qazanmışdır. Qütbəddin Şirazi həm geniş elmi yaradıcılığına, həm də dövlət işlərində mühüm xidmətlərinə görə
seçilmişdir.
Qütbəddin Əbussəna Mahmud ibn Ziyaəddin Məsud ibn Müslih Şirazi (1236-1311) ziyalı ailəsində anadan
olmuşdur. Onun atası Ziyaəddin Məsud ibn Müslih Kazəruni (Kazərun Şirazın qərbində bir şəhərdir) Şirazda həkim
işləmişdir. Alim ilk təhsilini atasından almış, 1250-ci ildə onun vəfatından sonra təhsilini Şirazda əmisi Kəmaləddin
Əbdülxeyr Kazəruninin, Şəmsəddin Kütübinin, Şərəfəddin Zəki ər-Rukşəvinin və dövrünün başqa tanınmış
alimlərinin yanında davam etdirmişdir.
Qütbəddin Şirazi Qəzvinə səfər edib, orada görkəmli alim Nəcməddin Qəzvininin mühazirələrini dinləmişdir.
Alim biliyini təkmilləşdirmək üçün Marağaya Nəsirəddin Tusinin yanına getmişdir. O, Marağa rəsədxanasında
çalışmaqla yanaşı, Nəsirəddin Tusidən fəlsəfə, astronomiya və riyaziyyatı mükəmməl öyrənmişdir. Marağada alim
kimi böyük nüfuz qazanmışdır.
Qütbəddin Şirazinin "Quranın təfsirinə dair Mərhəmətlinin açması" ("Fəth əl-Mənnan fi təfsir əl-Quran")
traktatı təxminən qırx cilddir. Əsərdə Quranın geniş təfsiri verilmişdir.
Ensiklopedik alim elmin müxtəlif sahələrində qələmini sınasa da, peripatetizm və işraqiliklə daha möhkəm
bağlı olmuşdur.
Türk alimi Hilmi Ziya Ülkən Qütbəddin Şirazini "işraqi mütəfəkkir" adlandırıb, onun "İşraq fəlsəfəsi" əsərinə
yazdığı şərhə görə tanındığını qeyd etmişdir (7, 207).
Qütbəddin Şirazi İbn Sinanın fəlsəfə və məntiqə aid "Şəfa" ("əş-Şifa") əsərinə şərh yazmışdır. Bu şərh
Nəsirəddin Tusinin İbn Sinanın kitabına şərhidir və Qütbəddin Şirazinin dilindən rəvayət edilir. Filosof göstərir ki,
Nəsirəddin Tusi Əbubarakat Bağdadinin fikirlərinin Fəxrəddin Razi tərəfindən şərhini təkzib etmişdir.
Qütbəddin Şirazinin yaradıcılığında xüsusi yer tutan fəlsəfəyə dair "Dibaca ən yaxşı tac incisi" ("Dürrə ət-tac
li ğürrət əd-Dibac") traktatı nəzəri və əməli fəlsəfənin bütün qisimlərini əhatə edir. Kitab Qərbi Gilanın hakimi
Filşah ibn Rüstəmşah oğlu əmir Dibaca ithaf olunmuşdur. Filosofun fars dilində qələmə aldığı bu əsər təxminən
1293-1305 illər ərzində yazılmışdır.
"Dibaca ən yaxşı tac incisi" traktatı beş hissədən: məntiq, "ilk fəlsəfə", təbiət elmləri, riyazi elmlər,
metafizika və nəticədən (din və siyasət məsələləri) ibarətdir.
Qütbəddin Şirazi ensiklopedik səciyyə daşıyan bu traktatı yazarkən sələflərinin və müasirlərinin
yaradıcılığından geniş istifadə etmişdir. Traktatın əlyazma nüsxələri Düşənbə, İstanbul, Tehran, Berlin, Hamburq,
Florensiya və başqa şəhərlərin kitabxanalarında saxlanılır.
Qütbəddin Şirazinin fəlsəfi fikirlərində həm din, həm peripatetizm, həm də işraqilik motivləri vardır. Bütün
bunlardan daha çox isə onun İslam dini dünyagörüşünə mühüm yer verməsi qeyd edilməlidir. Məntiq, fəlsəfə və
təbiət elmlərini Marağada Nəsirəddin Tusi məktəbində öyrənən mütəfəkkir sonralar Konyada Sədrəddin Konəvidən
(1210-1274) və başqalarından dini elmləri - hədis, fiqh və Quranın şərhi üzrə təhsil almışdır. Bu, onun
dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Qütbəddin Şirazinin təxminən qırx cildlik "Quranın
təfsirinə dair Mərhəmətlinin açması" ("Fəth əl-Mənnan fi təfsir əl-Quran") traktatı və "Quranın çətin məsələlərinə
dair" ("Fi müşkilat əl-Quran") əsəri onun dini məsələlər ilə dərindən məşğul olmasından xəbər verir.
Qütbəddin Şirazinin fəlsəfəsindən bəhs edərkən onun müxtəlif aspektlərinə diqqət yetirilməlidir. Hədisə və
təfsirə dair mühakimələrində sırf İslam mövqeyindən çıxış edən mütəfəkkir fəlsəfi düşüncələrində həmin mövqeyə
zidd getməməyə çalışmışdır. Bunun üçün o, istər peripatetizm, istərsə də işraqilik təlimlərinə dair əsərlərində
pozitiv şəkildə mövcud fikirlərin şərhini vermişdir. Bu baxımdan Qütbəddin Şirazinin dünyagörüşü müəyyən
mənada sinkretik məzmun daşıyır.
Zakir Məmmədov bu dövrdə Yaxın və Orta Şərq ölkələrində mövcud fikir cərəyanları arasında ideya
mübarizəsinə baxmayaraq, bir-birinə yaxınlaşma, qarşılıqlı təsirlənmə hallarının artdığını bildirmişdir. Tədqiqatçı
müxtəlif təlimlərin uzlaşdırılmasının XIII əsrin sonlarından etibarən daha artıq dərəcədə nəzərə çarpdığını
yazmışdır (4, 201).
Qeyd etmək lazımdır ki, bu hal Qütbəddin Şirazinin dünyagörüşündə daha qabarıq şəkildə özünü göstərir. Bu
səbəbdən filosofu ensiklopedik məzmunlu yaradıcılığına görə həm dini, həm də dünyəvi elmlərin nümayəndəsi
hesab edir, həm peripatetik, həm də işraqilik təliminin tərəfdarı adlandırırlar.
Qütbəddin Şirazinin məntiqə, metafizikaya, təbiətşünaslığa, ümumiyyətlə, peripatetik fənlərə dair yazdığı
traktatlar onun dünyagörüşünün sırf fəlsəfi məzmun daşıdığının göstəricisidir. Qütbəddin Şirazi işraqilik
fəlsəfəsinin pozitiv şərhini, dini elmlərin şəriət baxımından təfsirini verməsinə baxmayaraq, Nəsirəddin Tusi
məktəbinin tanınmış filosofu kimi diqqəti cəlb edir, fəlsəfi dünyagörüşü etibarilə, əsasən, peripatetizmin
nümayəndəsi kimi yadda qalır.
Qütbəddin Şirazi elmi fəaliyyətində müəllimi Nəsirəddin Tusinin mövqeyindən çıxış etsə də, yaradıcılıq irsi
orijinallığı və zənginliyi, ən əsası ensiklopedik səciyyə daşıması ilə diqqəti cəlb edir.
Böyük ilahiyyatçı alim və filosof Əllamə Hilli (1250-1325) də Nəsirəddin Tusi məktəbinin məşhur
nümayəndələrindəndir. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir. Mütəfəkkir "Ayətullah"
("Allahın rəmzi, yaxud nişanəsi") titulunu daşımışdır. Məlumdur ki, bu titul müsəlman hüququnu və ilahiyyatını
mükəmməl bilən, dinə aid əsərlər yazan din xadimlərinə verilir. Məhz həmin xüsusiyyətlərin hamısı Əllamə Hillinin
şəxsində və elmi fəaliyyətində özünü göstərir.
Mütəfəkkirin yaradıcılığında dinə aid əsərlər say etibarı ilə çox olsa da, fəlsəfə ilə bağlı əsərlər də mühüm yer
tutur. Filosof sələflərinin ideyalarından geniş şəkildə bəhrələnmişdir. Təsadüfi deyildir ki, Nəsirəddin Tusinin irsi
Əllamə Hilli üçün örnək olmuş və o tarixdə öz müəlliminin fikirlərinin fəal təbliğatçılarından biri kimi tanınmışdır.
Əllamə Hilli Nəsirəddin Tusinin "Kəlamın təcridi" əsərinə çox dəyərli şərh yazmışdır. Həmin kitab
"Əqidələrin təcridi" ("Təcrid əl-əqaid") və "Etiqadın təcridi" ("Təcrid əl-etiqad") adları ilə məşhurdur. Nəsirəddin
Tusi əsərin adı haqqında belə yazır: "Onu "Əqidələrin təcridi" adlandırdım" (6, 29).
Ensiklopedik alim, biblioqraf Hacı Xəlifə (1608-1670) "Kəlamın təcridi" əsərinin orta əsrlərdə filosofların və
mütəfəkkirlərin hədsiz marağına səbəb olduğunu, ona çoxlu sayda şərhlər, haşiyələr və izahatlar qələmə alındığını
göstərmişdir. Hacı Xəlifənin yazdığı bir fakt xüsusilə diqqətəlayiqdir ki, bu da "Kəlamın təcridi" əsərini ilk şərh
edənin şeyx Əllamə Hillinin olmasını qeyd etməsidir (8, 249).
Mənbələrin bir qismində şərhin adı "Əqidələrin təcridinin şərhi" ("Şərh Təcrid əl-əqaid") göstərilsə də,
Əllamə Hilli "Etiqadın təcridi" başlığını seçib öz şərhini belə adlandırmışdır: "Etiqadın təcridinə dair Muradın
açıqlanması" ("Kəşf əl-Murad fi şərh Təcrid əl-etiqad") (6, 92).
Mütəfəkkir sələflərindən biri olan Nəcməddin Qəzvininin də yaradıcılığı ilə maraqlanmış və onun irsi ilə
yaxından tanış olmuşdur. Əllamə Hilli Nəcməddin Qəzvininin "Məntiqin qaydalarına dair Şəmsəddin traktatı"
("ər-Risalə əş-Şəmsiyyə fi-l-qəvaid əl-məntiqiyyə") əsərinə və "Mahiyyət hikməti" ("Hikmət əl-ayn") kitabına
şərhlər yazmışdır. Mənbələrdə onun "Mahiyyət hikməti" kitabı əsasında qələmə aldığı şərh "Əsasların Mahiyyətinin
hikmətindən məqsədlərin izahı" ("İzah əl-məqasid min Hikmət əl-ayn qəvaid") adlandırılmışdır.
Əllamə Hilli orta əsr mənbələrində və əksər tədqiqatlarda böyük ilahiyyatçı alim kimi məşhurdur. Təsadüfi
deyildir ki, İran alimi Müdərris Rizəvi mütəfəkkir haqqında belə yazmışdır: "Əllamə Hilli bütün elmlərdə
müasirlərini ötüb keçmiş və öz dövründə imamiyyə firqəsinin başçısına çevrilmişdir" (9, 78).
Şeyxülislam Allahşükür Paşazadə "Qafqazda İslam" əsərində yazır ki, Əllamə Hilli Nəsirəddin Tusi ilə birgə
ilahiyyat təliminin hazırlanmasında iştirak etmişdir: "Nəsirəddin ət-Tusi və onun şagirdi Əllamə əl-Hillinin - Allah
onların hər ikisindən razı olsun! - səyləri sayəsində İslamın beş əsas müddəasına və eləcə də on iki imam əqidəsinə
əsaslanan ilahiyyat elmi qəti bərqərar oldu" (10, 92).
Əllamə Hilli Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndəsi kimi Şərq peripatetizmi ilə də məşğul
olmuşdur. Filosof mühüm fəlsəfi məsələlərin qoyuluşunda və həllində öz sələflərinin mövqeyini əsas götürmüşdür.
Əllamə Hilli Nəsirəddin Tusiyə dərin rəğbət bəsləmiş, onun ideyalarını ardıcıl şəkildə tədqiq və təbliğ
etmişdir. Müəlliminə bəslədiyi hörmət filosofun yaxınlarına, davamçılarına da təsir göstərmiş, onlar da Nəsirəddin
Tusini böyük nüfuz sahibi kimi qəbul etmişlər. Bu onun oğlunun, bacısı oğlu Abdulla ibn Xəlil Əmidinin və şagirdi
Rüknəddin Məhəmməd ibn Əli Cürcaninin yaradıcılıqlarında parlaq şəkildə əksini tapmışdır.
Beləliklə, ensiklopedik alim Marağa rəsədxanasının nəzdindəki məktəbdə müəllimlik fəaliyyətinə görə böyük
uğurlar qazanmışdır. Nəcməddin Qəzvini, Qütbəddin Şirazi və Əllamə Hilli kimi mütəfəkkirlər Nəsirəddin Tusinin
fəlsəfi məktəbinin məşhur nümayəndələrindəndir.
ƏDƏBİYYAT
1. Məmmədbəyli H.C. Nəsirəddin Tusi. Bakı, 1968.
2. Məmmədov Zakir. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983.
3. Məmmədov Zakir. Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü). Bakı, 2009.
4. Məmmədov Zakir. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
5. Məmmədova Aytək. Nəsirəddin Tusi məktəbinin məntiqçi alimi. "Dirçəliş XXI əsr" jurnalı, oktyabr 2002, s.
162-167.
6. Məmmədova A.Z. Nəsirəddin Tusinin dünyagörüşü. Bakı, "Elm", 2000.
7. Ülken Hilmi Ziya. İslam felsefesi kaynakları ve tesirleri. Ankara, 1967.
8. Hacı Xəlifə. Kəşf əz-zünun ən əsami əl-kütub və-l-fünun. I c., Dər-Səadət, 1310.
9. Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri. Fars dilindən tərcümə edənlər: Məsiağa
Məhəmmədi və Vidadi Mustafayev. Bakı, 2002.
10. Paşazadə Şeyxülislam Allahşükür. Qafqazda İslam. Bakı, 1992.
Айтек Мамедова
О философской школе Насиреддина Туси
РЕЗЮМЕ
В представленной статье отмечается значительная роль в обогащении миро вой науки и философии,
принадлежащая ученому энциклопедического склада Насиреддину Мухаммеду Туси (1201-1274). В данном
контексте рассматривается со оружение под его руководством в 1259 году обсерватории в Мараге, ставшее
зна менательным событием не только для Азербайджана, но и для всего мусульманского Востока. Наряду с
этим указывается и об основании азербайджанским философом школы на базе Марагинской обсерватории,
о преподавании им боль шинству работников обсерватории, таким как Наджмеддин Газвини (1203-1277),
Гутбеддин Ширази (1236-1311), Джемаледдин Хасан Хилли (1250-1326) и другим последователям
философской школы Насиреддина Туси, обладавшими также энцикчопедическими знаниями, проявившими
себя в таких областях, как математи ка, природоведение, медицина и др., явившись авторами трактатов по
фило софской теории и практике.
Aytek Mammadova
About Nasiraddin Tıısi's philosophical school
SUMMARY
It is noted in the article that the encyclopaedic scientist Nasiraddin Mohammed Tu si's (1201-1274) played
an important role in enrichment of world science and philo sophy. It is informed that the observatory which
constructed in Maragha in 1259 under his observation was great scientific-cultural event not only in Azerbaijan, but
also in all Eastern Moslem countries. In the article it is also stated that Azerbaijan philosopher fo unded the school
attached to Maragha observatory, the graduates of which were Najmaddin Gazvini (1203-1277), Gutbaddin Shirazi
(1236-1311), Jamaladdin Hasan Hil li (1250-1326) and others who had encyclopedic creative heritage like
Nasiraddin Tusi.
Dostları ilə paylaş: |