Doqquz kitabda BİRİNCİ HİSSƏ



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix08.12.2017
ölçüsü0,58 Mb.
#14663
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

17

sevinirlər, onlarla dostluq və ittifaq haqqında andla təsdiq edilmiş müqavilə bağlayırlar. Bununla yanaşı, Krez onlara

əvvəllər də bəzi xidmətlər göstərmişdi. Belə ki, Lakoniyadakı Fornakda indi də duran Apollon heykəlindən ötəri qızıl

və hədiyyə almaq üçün lakedemonlular Sardaya elçi göndərmişdilər.

70. Buna görə, (eləcə də, Krez müttəfiq sifəti ilə onları bütün başqa ellinlərdən üstün tutduğu üçün) lakedemonlular

bu ittifaq müqaviləsini bağlayırlar. Özləri də "nəinki hökmdarın təklifini qəbul edirlər, hətta, hökmdar tələb edərsə

onun hədiyyələrinin əvəzində hədiyyələr göndərmək istəyirlər. Beləliklə, lakedemonlular çaxıra su qarışdırılması üçün

bayır tərəfdən qıraqlarına hər cür naxış vurulmuş 300 amfora tutumu olan iri həcmli mis cam hazırlamışlar. Bununla

belə, bu cam Sardaya gedib çatmamışdır, səbəbini də iki cür söyləyirlər. Lakedemonluların dediklərinə görə Sardaya

göndərilən camın yolu Samos adasına düşmüşdür. Samoslular da bunu eşidib hərbi gəmilərdə oraya getmiş və camı

oğurlamışlar. Samosluların özləri isə, əksinə, iddia edirlər ki, camı aparan lakedemonlular mənzilə çox gec gedib

çatmışlar və yolda öyrənmişlər ki, (farslar) Sardanı almışlar, Krez də əsir düşmüşdür. Onda onlar guya bu camı

Samosda satmağı təklif "etmişlər və bir neçə (Samos) vətəndaşı onu alıb Hera məbədinə nəzir vermişdir. Mümkündür

ki, camı satan adamlar doğrudan da Spartaya gələndə onu samosluların qarət etdiklərini söyləmiş olsunlar.

71. Çaxıra su qarışdırılması üçün düzəldilmiş cam məsələsi belə olmuşdur. Krez isə rəmmalı düz yoza bilməyib,

Kuruşu taxtdan salmaq və fars hökmranlığını yıxmaq ümidi ilə Kappadokiyaya yürüş etmişdir. Yürüşə hazırlıq zamanı

bir nəfər lidiyalı hökmdara məsləhət vermişdir (Sandanis adlanan bu lidiyalı əvvəllər də tədbirli adam kimi tanınırdı,

axırıncı məsləhəti sayəsində lidiyalılar arasında daha artıq şöhrətlənmişdir). O demişdir: "Hökmdar! Sən dəridən tuman

geyinən və başqa paltarları da dəridən olan, sərt bir torpaqda yaşadıqlarına görə istədikləri qədər deyil, xörəkləri çatan

qədər yeyən adamların üzərinə yürüşə hazırlaşırsan. Bundan başqa, onlar su ilə ötüşərək çaxır içmirlər. Onların nə əncir

ağacları var, nə də başqa xeyirli meyvələri. Sən onlara qalib gəlsən belə, hər cür nemətdən məhrum olan xalqdan nə

alacaqsan? O biri tərəfdən, bir düşün ki, məğlub olsan nədən məhrum olarsan! Axı onlar bizim yaşayışımızın ləzzətini

görüb bizə elə daraşarlar ki, onları (ölkəmizdən) qova bilmərik. Mən allahlara təşəkkür edirəm ki, onlar lidiyalılarla

müharibə aparmaq fikrini farslara təlqin etmir!" Amma bu sözlər Krezi inandırmayıb. Mən bunu ona görə danışıram ki,

farslar Lidiyanı istila edənə qədər, doğrudan da, nə zinət tanıyırdılar, nə də var-dövlət.

72. Ellinlər kappadokiyalıları suriyalılar adlandırırlar. Bu suriyalılar isə fars hökmranlığına qədər lidiyalılara tabe

idilər, sonra Kuruşa tabe oldular. Midiya və Lidiya hökmdarlığının sınırı isə Ərmən (sıra) dağlarından axıb gələn və

Kilikiyadan keçən Qalis çayı olmuşdur.33 Bu çay sonra sağdan matienlərin sahələri üzrə, sol tərəfdən frigiyalıların

torpağından keçəndən sonra şimala burulur və sonra sağ sahildə Suriya kappadokiyalılarının sınırını təşkil edir.

Beləliklə Qalis çayı az qala Asiyanın bütün aşağı hissəsini Kiprin qarşısında yerləşən Evksin Pontu deyilən dənizdən

ayırır Bura bütün ölkənin ən ensiz yeridir və çevik piyada bu yolu 5 günə keçib gedə bilər.

73. Krezin Kappadokiya ilə müharibəyə başlamasının səbəbi də belə olmuşdur: hər şeydən öncə o, torpaq ələ

keçirmək ehtirasına qapılaraq (bu ölkənin ərazisini də öz ölkəsinə qatmağa çalışmışdır). Amma əsas səbəb budur ki,

rəmmalın bəyanına inanan Krez Kuruşdan Astiaqın intiqamını almaq istəmişdir. Kambis oğlu Kuruş Midiyanın

hökmdarı və Krezin kürəkəni olan Kiaksar oğlu Astiaqı məğlub etmişdi. Astiaqın Krezə kürəkən olması səbəbi də

belədir: Qiyamçı köçəri iskitlər dəstəsi Midiyaya köçmüşdü. O vaxt midiyalıların hökmdarı Deyokun nəvəsi,

Frəörtənin oğlu Kiaksar olmuşdur. Hökmdar bu iskitləri əvvəlcə dostcasına qəbul etmişdi, çünki onlar sığınacaq xahiş

etməyə gəlmişdilər; Kiaksar kamandan ox atmaq məharətini öyrənmək üçün öz oğullarını onlara vermişdi.34 Amma bir

müddətdən sonra, iskitlərin həmişə ovla məşğul olub, daim ov ovlamalarına baxmayaraq, iş belə düşür ki, heç bir ov

vura bilmirlər. Onlar əliboş geri qayıdanda Kiaksar (görünür, acıqlı adam olduğundan) onlarla çox sərt və təhqiramiz

rəftar edir. İskitlər Kiaksardan layiq olmadıqları belə təhqiri görəndə təlim verdikləri oğlanlardan birini tikə-tikə

doğramaq fikrinə düşürlər. Sonra, adətən, quşun içalatını necə çıxararlarsa, oğlanın da içalatını eləcə təmizləyib ov

xörəyi kimi Kiaksarın süfrəsinə təqdim edirlər. İskitlər bundan sonra dərhal Sardaya, Sadiatt oğlu Aliattın yanına

qaçmaq istəyirlər. Elə belə də edirlər; Kiaksar və qonaqları bu ətdən dadır, iskitlər də Aliattın himayəsinə keçirlər.

74. Kiaksarın tələb etməsinə baxmayan Aliatt iskitləri təslim etmək istəmədiyinə görə lidiyalılarla midiyalılar

arasında müharibə başlayır. Bu müharibə beş il sürür, özü də gah midiyalılar üstünlük qazanırlar, gah lidiyalılar qələbə

çalırlar və hətta bir dəfə gecə vuruşmasında da qalib gəlirlər. Bu uzun sürən müharibə tərəflərdən gah birinin, gah da

digərinin qələbəsi ilə davam edir və altıncı ildə bir döyüş vaxtı birdən-birə gündüz gecəyə dönür. Miletli Fales bu

güntutulmasını yunanlılara əvvəlcədən xəbər vermişdi, hətta baş verəcəyi ili də əvvəlcədən dəqiq müəyyənləşdirmişdi.

Elə ki, lidiyalılarla midiyalılar gündüzün gecəyə döndüyünü görürlər, onda döyüşü dayandırırlar və tələsik sülh

bağlayırlar. (Bu işdə) kilikiyalı Siennesi və babilli Labinet vasitəçi olurlar. Məhz onlar buna nail olurlar ki, lidiyalılarla

midiyalılar barışıq andı içsinlər və bunu kəbin kəsdirməklə möhkəmləndirsinlər. Onlar Aliattı inandırırlar ki, o, öz qızı

Arienisi Kiaksarın oğlu Astiaqa ərə versin. Axı, belə qohumluq əlaqəsi olmayan sülh müqavilələri adətən möhkəm

deyil. Andla möhkəmlənmiş müqavilələri isə bu xalqlar da ellinlərdəki kimi bağlayırlar, bundan başqa, onlar əllərinin

dərisini yüngülcə cızıb bir-birinin (üzə çıxmış) qanını yalayırlar.

75. Kuruş həmin bu Astiaqı-ana tərəfdən öz babasını hakimiyyətdən salmışdı. Bunun səbəbini mən sonrakı

hekayətdə danışacağam. Krez də buna görə Kuruşu təqsirləndirərək, elçi göndərib rəmmaldan soruşmuşdu ki, o,

farslarla müharibəyə getsinmi? Hətta Krez ikimənalı cavab alıb, onu öz xeyrinə yozmuş və fars torpaqlarına

müharibəyə getmişdi. Mən ən azı belə düşünürəm ki, Krez Qalis çayına çataraq, öz qoşununu indiki körpüdən

keçirmişdir. Ellinlər də danışırlar ki, Krezin qoşununu çaydan miletli Fales keçirmişdir. (Ellinlər belə xəbər verirlər ki,)

hökmdar qoşunu çaydan keçirməkdə çətinliyə düşübmüş, çünki indiki körpü o vaxt olmamışdır. Deyildiyi kimi, Krezin

qərargahında olan Fales isə elə edə bilib ki, çay nəinki qoşunun sol tərəfindən, həm də sağ tərəfindən axsın. Fales çay

axarını bu cür etmək üçün əmr edib ki, çay məcrasından yuxarıda aypara şəklində dərin kanal qazılsın, çay bu kanal

vasitəsilə ordu qərargahının arxasından axsın. Beləliklə, kanal vasitəsilə əvvəlki məcradan ayrılan çay sonra qərargahın




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə