BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Sosial-siyasi
elmlər seriyası
2010
DİLİN SOSİAL-FƏLSƏFİ MAHİYYƏTİ
Ə.Y.QASIMOV
Bakı Dövlət Universiteti
eles@box.az
Dil sosial bir fenomen olaraq cəmiyyətin həyatında əhəmiyyətli rola malikdir.
Funksional baxımdan dil ünsiyyət, kommunikasiya və təfəkkür vasitəsi hesab edilir. Dil
həmçinin mədəniyyətin ötürülməsi vasitəsi olub, onun inkişafına böyük təsir göstərir. Dilin
mahiyyəti ilə əlaqədar müxtəlif konsepsiyalar və müxtəlif fəlsəfi cərəyanlar mövcud olmuşdur.
Bu cərəyanların bəzisi dilin sosial sferada əhəmiyyət və funksiyalarını və digər hissəsi dilin
fəlsəfi sferada əhəmiyyət və funksiyalarını təhlil etməyə səy göstəriblər. Bunlara misal olaraq
analitik fəlsəfə, hermenevtika, dilin fəlsəfəsi, müxtəlif linqvistik cərəyanlar və dilçilik
sahəsində yaranmış cərəyanlara işarə etmək olar.
Açar sözlər: dil, təfəkkür, kommunikasiya, anlama, mədəniyyət.
Dil sosial bir fenomen olaraq insanların birgə fəaliyyət və yaşayışının nəticəsi-
dir. O, həm cəmiyyətin əsasını təşkil edən kommunikasiya vasitələrindən, həm də
insanın düşüncə və təfəkkürünün formalaşması və təqdim edilməsi vasitələrindən
biridir. Dil təcrübələrin, düşüncə və təsəvvürlərin, adət-ənənələrin, sosial dəyər və
normaların cəmiyyət üzvləri arasında mübadiləsini həyata keçirir. Belə bir mübadilə
nəticəsində o, cəmiyyətin mədəni sisteminin formalaşmasında iştirak edir. Əlbəttə,
dilin mədəniyyətlə əlaqə və münasibətləri haqda müxtəlif fikirlər mövcuddur.
Ümumilikdə demək olar ki, dil mədəni prosesləri əks etdirməkdən daha çox mədəni
proseslər üçün universallıq rolunu ifa edir. Lakin bunu da nəzərə almaq lazımdır ki,
dil – mədəniyyət arasındakı əlaqə və təsir heç də birtərəfli deyil. Mədəniyyətin dil
proseslərinə təsiri olduqca əhəmiyyətlidir.
“Dil cəmiyyətin elmi və mədəni həyatının inkişafında başlıca vasitələrdən biri
olmuş və indi də belə bir mühüm vasitə olaraq qalır” [1, 291]. İctimai zərurət əsasında
yaranan dil birdən-birə formalaşmamışdır. Mifik və dini görüşlərdə olduğu kimi,
qədim fəlsəfi görüşlərdə də dilin mənşəyi və mahiyyətinə dair geniş müzakirələr yer
almışdır. Əlbəttə, “dilin mənşəyi məsələsi antik dövr mütəfəkkirlərinin çoxu
tərəfindən hələ lap əvvəldən bir qədər başqa məsələ ilə - ad və həmin adla göstərilən
əşya arasında olan əlaqənin xarakteri haqqındakı məsələ ilə əvəz edilirdi” [2, 232].
Məsələn, Demokrit hesab edirdi ki, əşya ilə onun adı arasında heç bir əlaqə yoxdur,
əşyaya adı həmişə insanlar vermişlər. Platon isə əşya ilə onun adı arasında əlaqənin
mövcudluğunu əşyaya adın ilahi qüvvə tərəfindən verildiyini vurğulayırdı. Dilin
mahiyyəti və mənşəyi XIX əsrdən etibarən daha elmi və daha dəqiq formada öyrə-
nilmişdir. Bununla əlaqədar müxtəlif nəzəriyyələr və konsepsiyalar meydana
gəlmişdir. Dilin mənşəyi və mahiyyəti haqda nəzəriyyələri ümumi olaraq iki qrupa
ayırmaq olar: a) fərdi nəzəriyyələr; b) ictimai nəzəriyyələr. Fərdi nəzəriyyədə dilin
106
ekspressivliyi nəzərə alındığı halda, dilin ictimai nəzəriyyəsində onun kommunikativ-
liyi nəzərə alınır, dilin bir ünsiyyət vasitəsi kimi yaranma səbəbləri öyrənilir. Dilin
fərdi nəzəriyyəsində onun kommunikativ vəzifəsi diqqətdən kənarda qalmışdır və
burada daha çox təqlid və nidalar nəzəriyyəsi əhəmiyyət kəsb etmişdir.
Zənnimizcə, dilin mahiyyətinin təhlilində onun kommunikativ cəhəti olduqca
əhəmiyyətli və vacib cəhətlərdən biridir. Dilin bu cəhəti həm sosial, həm də fəlsəfi
əhəmiyyət kəsb edir. Həmçinin dilin kommunikativ cəhəti təfəkkür və təsəvvürlərlə
əlaqədar olmaqla yanaşı, mədəniyyətin formalaşması və ötürülməsi ilə də əlaqədardır.
Dilin kommunikasiya prosesində əhəmiyyətli rolu onun əlaqə və ünsiyyət
vasitəsi olması ilə əlaqədardır. Niklas Luman hesab edir ki, “canlı orqanizmlərin əsəb
sistemləri dilsiz də biri-birinə qoşula bilər. Ancaq dil şüurla kommunikasiya
münasibətləri aspektində əsas mexanizm kimi nəzərdən keçirilir. Bu məzmunda o,
universal mexanizm olaraq cəmiyyətin müxtəlif aspektlərini vahid anlayış altına
gətirməyə imkan yaradır” [3, 114].
Dilin kommunikativ cəhətindən danışarkən belə bir məsələyə də diqqət vermək
lazımdır ki, mədəniyyətin nəsildən-nəslə ötürülməsində kommunikativ imkanların
rolu ciddi əhəmiyyət kəsb edir. “Problemin bu tərəfini öyrənən tədqiqatçılar əsasən
dil ilə bağlı məsələlərə diqqət yetirirlər” [4, 97]. Deməli, dil sadəcə mədəniyyətin for-
malaşması və inkişafı deyil, həm də mədəni dəyərlərin mənimsənilməsində, mədə-
niyyətin ötürülməsində və mədəni identikliyin formalaşmasında da vacib amil hesab
edilir.
İnsan ünsiyyət zamanı dil vasitəsilə yalnız informasiya mübadiləsi etmir, eyni
zamanda fikirləşir, onu əhatə edən təbiətin, varlığın sirlərini dərk edir. Dil fikirləşmə,
anlaşma vasitəsi olmaqla yanaşı, həm də fikri təcəssüm etdirmə alətidir. Ferdinand de
Sössür dilin bu və digər cəhətlərini nəzərə alaraq qeyd edir ki, dil fikir ifadə edən
işarələr sistemidir, həm də semiotik sistemlərdən ən mühümüdür [5, 42; 7].
Dilin düşüncə və təfəkkürlə münasibətini öyrənən alimlər məsələyə müxtəlif
mövqelərdən yanaşdıqları üçün bir-biri ilə üst-üstə düşməyən “mülahizələr” meydana
gəlmişdir:
1.
Dillə düşüncə eyniləşdirilmişdir.
2.
Dil düşüncədən fərqləndirilmişdir.
3.
Dillə düşüncənin müəyyən münasibətdə ola bilmədiyi göstərilmişdir [5, 42].
Dilin təfəkkürlə eyniliyi ideyasını müdafiə edən alimlərdən biri alman filosofu
Vilhelm fon Humboldt və digəri ingilis dilçi alim Maks Müller olmuşdur. Humboldt
dil ilə təfəkkürü eyniləşdirərək dili mədəniyyətin ifadəsi hesab edirdi. Qeyd etmək
lazımdır ki, dillə təfəkkürün eyniliyi ideyası müasir əsrdə də davam edir. Məşhur
amerikali dilçi Leonard Blumfild dil ilə düşüncəni - eyniləşdirən müasir alimlərdən
biridir. O, hesab edir ki insanın öz-özünə danışması əslində daxili nitqdir. Nəticədə dil
ilə təfəkkür eyniləşdirilmiş və hər iki anlayış ünsiyyətə aid edilmişdir.
Bəzi alimlər dil ilə təfəkkürü qarşılıqlı münasibətdə görmüş və onların arasında
fərqin olduğunu qeyd etmişlər. Bu tip mülahizələrin tərəfdarlarından biri məşhur dilçi
Ferdinand de Sössür olmuşdur. O, hər iki anlayışı fərqləndirməklə yanaşı, həm də
təfəkkürü dilin bir hissəsi hesab etmişdir. Bəzi alimlər (o cümlədən, Jak Adamar) belə
hesab edirlər ki, dillə təfəkkür arasında müəyyən məqamda heç bir münasibət yoxdur.
Bunlara baxmayaraq, elmi ədəbiyyatda dil ilə təfəkkür arasındakı münasibətə dair
daha obyektiv görüşlər yer almışdır. Bu görüşlərə misal olaraq aşağıdakıları göstər-
mək olar:
107
1.
Qarşılıqlı münasibət mövqeyi. Dil və təfəkkür arasında həm yaxın və oxşar
cəhətlər, həm də fərqli cəhətlər var. Bu iki anlayış arasında qarşılıqlı münasibət
mövcuddur.
2.
Dialektik əlaqə mövqeyi. Dil ilə təfəkkür, onların tərkib hissələri və formaları
arasında dialektik əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki; birincisi, dil və
düşüncə biri digərindən təcrid vəziyyətdə ola bilməz; ikincisi, həm dil, həm də
təfəkkür ictimai hadisədir, bunların hər ikisi birgə fəaliyyət və birgə yaşayış
prosesində formalaşmışdır; üçüncüsü, bu iki kateqoriyanın hər birinin varlığı
digəri üçün zəruridir; dördüncüsü, hər bir fikrin yaranmasında dil ilə təfəkkürün
qarşılıqlı fəaliyyəti vacib amil rolunda çıxış edir.
3.
Daimi asılılıq. Dil və təfəkkür ilk andan biri-birindən asılı vəziyyətdə olurlar.
İnsan danışarkən təfəkkürə nəzarət mexanizmi fəaliyyət göstərir və anlayışların
ifadəsi üçün uyğun sözlər axtarılır. Təfəkkür fəaliyyətinin nəticələri nitq vasitəsi
ilə ifadə edilir.
Dilin sosial fəlsəfi mahiyyətinin təhlili və onun təfəkkür, sosial həyat və
mədəniyyətlə əlaqələri haqda müxtəlif konsepsiyaların mövcudluğu nəzərə alınsa,
demək olar ki, müasir dövrdə elmi ədəbiyyatda dilin sosial-fəlsəfi təhlili fundamental
əhəmiyyət kəsb edir. Müxtəlif fəlsəfi cərəyan və məktəb nümayəndələri dilin sosial-
fəlsəfi mahiyyətinin və əhəmiyyətinin tədqiq və təhlili ilə məşğul olmuşlar. Bu fəlsəfi
cərəyanların ən əhəmiyyətlilərindən biri analitik fəlsəfədir (bəzən bu cərəyanı
linqvistik fəlsəfə də adlandırırlar). Analitik fəlsəfəyə keçməzdən öncə qısaca olaraq
dil haqda konsepsiyaların bəzisini nəzərdən keçirək.
Humboldt hesab edir ki, dil mədəniyyəti tanıma vasitəsidir. Mədəniyyət
dildə öz əksini tapır və təkrarlanır. Əslində, dil və mədəniyyəti biri-birindən ayrılıqda
təsəvvür etmək olmaz. Dil və dil sistemini təşkil edən işarələrin köməyi olmadan
mədəniyyətin yaranması və inkişafı mümkün deyildir. Eyni zamanda mədəniyyətin
dilə və dilin inkişafına təsiri də danılmaz faktdır.
Ziqmund Freydin fikrincə, dil insanın alt şüurunu açır. Yəni dil insanı
tanıma vasitəsidir. Eyni zamanda bu məsələyə də diqqət yetirmək lazımdır ki, dil
insanın psixologiyası və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rola malikdir.
Bəzi alimlər hesab edirlər ki dil insanın sadəcə özünü ifadə etməsi vasitəsi deyil,
ümumilikdə dünyanı dərk etməsi vasitəsidir. Dilin zənginliyi insanın baxış və
düşüncə zənginliyi deməkdir.
Martin Haydeggerə görə dil dünyanı tanıma vasitəsidir. Yəni dil insana
dünyanı tanıtdırır. Onun fikrincə “biz dilə elə qulaq asmağı öyrənməliyik ki, o,
bizimlə danışa bilsin. Dil nitqdir. Biz özümüzü nitqdə ifadə edirik. Özümüzü ifadə
edərkən biz kim olduğumuzu xəbər veririk. Elə buna görə də, nitqdə biz yalnız
nəyinsə haqqında danışmırıq, həm də danışan insan olaraq, özümüz barədə məlumat
veririk” [6, 710].
Qeyd etdiyimiz kimi, analitik fəlsəfə dilin mahiyyəti və müxtəlif cəhətləri ilə
əlaqədar olan ən əhəmiyyətli cərəyanlardan biridir. Analitik fəlsəfədə hesab edilir ki,
bütün fəlsəfi problemlər dil və dil prosesləri ilə əlaqədardır.
Bu cərəyan qismən Lüdviq Vitgenşteynin son əsərlərinin təsiri altında
formalaşmışdır. Məntiqi atomizmdən fərqli olaraq, analitik fəlsəfə dilin və gerçəkliyin
qarşılıqlı olaraq – birmənalı olaraq – uyğunluğu barədə tezisdən imtina edir. Analitik
fəlsəfə təsdiq edir ki, sözlər və cümlələr müxtəlif funksiyaların çoxcəhətliliyinə ma-
likdir. Məsələn “dörd qara çörək” sözləri kontekstdən asılı olaraq müxtəlif mənalara
108
malikdir. Satıcı üçün bu sözlər daha çox al-ver funksiyası daşıyır. Lakin riyaziyyat
dərsində şagird tərəfindən söyləndikdə həmin sözlər riyaziyyatdan olan hansısa
tapşırığın cavabı da ola bilər.
Analitik fəlsəfə baxımından, dil və gerçəklik arasında qarşılıqlı olaraq – bir-
mənalı olaraq – uyğunluq yoxdur. Həmçinin elə bir vahid, düzgün “elmi dil” də
mövcud deyildir ki, dünyanı olduğu kimi əks etdirə bilsin. Deməli, dilin faktiki olaraq
istifadə edilmə kontekstini hər dəfə aydınlaşdırmaq vacibdir. Dilin sosial-fəlsəfi
təhlili zəminində analitik fəlsəfədən fərqli yanaşma üsuluna malik olan “dilin
fəlsəfəsi” (philosophy of language) və “fəlsəfi hermenevtika” cərəyanları da müasir
dövrün əhəmiyyətli cərəyanlarından hesab edilir. Hermenevtik fəlsəfənin əsas nü-
mayəndələrindən bir olan Hans-Georg Qadamerin fikrincə, insanın dünya haqda
təcrübələri dil vasitəsi ilə olur. dil varlığın evidir. Qadamerin fəlsəfəsində dil epis-
tomologiyanın əsası hesab edilir. Məhz elə buna görə də, varlıqla dil arasında qırıl-
maz əlaqənin olduğu qeyd edilir. Qadamer dili “anlama” və mənaları ötürməyin bir
vasitəsi hesab edən konsepsiyaya tənqidi yanaşır və hesab edir ki, istənilən “anlama”
bir növ “təfsir”dir və “təfsir” dildə yerləşir. O, “anlama” ilə dil arasında hər hansı bir
məsafənin olduğunu inkar edərək qeyd edir ki, anlamanın əsası və mahiyyəti dildir.
Qadamerin dilə yanaşması daha çox Fridrix Şleyermaxerin və alman romantiklərinin
təsiri nəticəsində formalaşmışdı. Şleyermaxer hesab edirdi ki, hermenevtika dildən
başqa bir şey deyil.
Ümumilikdə, dilin mahiyyəti həmişə filosofları və müxtəlif humanitar elm
sahələrində fəaliyyət göstərən tədqiqatçıları maraqlandıran məsələlərdən biri olmuş-
dur. Yuxarıda qeyd edilənlərə nəzərən demək olar ki, dil kommunikasiya vasitəsi
olmaqla yanaşı, həm də təfəkkür və düşüncə vasitəsidir. Bu o deməkdir ki, dil insan
şəxsiyyətinin formalaşmasında, onun düşüncə tərzi və dünyagörüşünün formalaş-
masına təsir edən ciddi amillərdən biridir. Biz dilin vasitəsi ilə sadəcə ünsiyyət və
əlaqə yaratmırıq, həm də dilin vasitəsi ilə düşünürük, təfsir edirik və ifadə oluruq.
İnsan cəmiyyətlərinin ən böyük nailiyyəti olan mədəniyyətin inkişafı və ötürül-
məsində dilin əhəmiyyətli rolu var. Dil və mədəniyyət arasında təsir qarşılıqlıdır. Dil
ictimai həyatın davam etməsi üçün də vacib amil hesab edilir. Əgər qəbul etsək ki,
kommunikasiya ictimai həyatın və birgə fəaliyyətin əsasını təşkil edir, o zaman dilin
funksional əhəmiyyəti daha çox aşkar edilmiş olacaq.
ƏDƏBİYYAT
1.
Qurbanov A.M. Ümumi dilçilik, 2 cilddə, I c., Bakı: Maarif, 1989, 568 s.
2.
Budaqov R.A. Dilçiliyə dair oçerklər. Bakı: Azərnəşr, 1956, 278 s.
3.
Qurbanov F. Autopoyezis və sinergetika: sosial təşəkkül metaforaları. Bakı: Adiloğlu,
2007, 486 s.
4.
Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı: Ayna mətbuat evi, 2001, 505 s.
5.
Rəcəbli Ə.Ə. Sosiolinqvistika. Bakı: Nurlan, 2004, 520 s.
6.
Qunnar S., Nils G. Fəlsəfə tarixi. Bakı: Zəkioğlu, 2007, 752 s.
7.
Ferdinand de Sössür. Ümumi dilçilik kursu. Bakı: Nurlan, 2003, 408 s.
109
СОЦИАЛЬНО-ФИЛОСОФСКАЯ СУЩНОСТЬ ЯЗЫКА
Э.Ю.КАСУМОВ
РЕЗЮМЕ
Язык как социальный феномен играет существенную роль в жизни общества. С
функциональной точки зрения язык считается средством общения, коммуникации и
мышления. Язык также является средством трансляции культуры, оказывая тем самым
большое влияние на развитие культуры, в целом. О сущности языка имеется большое
число концепций, в том числе и философских. Часть из них рассматривает значение
языка в социальной сфере, часть же - стремится расследовать значение и функции языка
в философском мышлении. В частности, здесь следует указать аналитическую
философию, различные лингвистические направления философии и языкознания.
Ключевые слова: язык, мышление, коммуникация, понимание, культура.
SOCIAL-PHILOSOPHICAL ESSENCE OF LANGUAGE
A.Y.GASIMOV
SUMMARY
Language, as a social phenomenon is of grave importance in the life of the society.
From functional standpoint, language is considered to be a means of communication
and thinking. Language also appears as a means for translation of culture, thus affecting the
development of culture on the whole. The essence of language is a matter of different
conceptions including a variety of philosophical approaches. Some of them study the nature of
language in the social sphere while others try to analyze the significance and functions of
language in philosophical context.
Analytical philosophy, different linguistic trends of Philosophy and Linguistics are
particularly noteworthy in that respect.
Key words: language, thinking, communication, understanding, culture.
110
Dostları ilə paylaş: |