28
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
H
umanitar elmlər seriyası
2012
47.09-
Ədəbiyyat tarixi UOT 82(091)
HÜSEYN CAV
İD YARADICILIĞINDA “HÜBUTİ-ADƏM”
S.M.QOCAYEVA
Bakı Dövlət Universiteti
sevinc.malik.99@mail.ru
“Hübuti-
Adəm” H.Cavidin ilk əsərlərindəndir. Burada şair Quran qissəsinə müraciət
edərkən təsəvvüfdən də bədii özünüifadə vasitəsi kimi faydalanaraq cəmiyyət və fərdlə bağlı
düşüncələrini əks etdirmişdir.
Açar sözlər: Allah, Cavid, Adəm, sevgi, gözəllik
Hüseyn Cavidin əsərləri şairin varlığa, idraka baxışları, həyata münasi-
bəti haqqında tam təsəvvür yaradaraq onun cəmiyyət və fərdlə bağlı düşüncə-
lərini açıqlayır. Mütəfəkkirin yaradıcılığında Allah ilə mövcudat, Allah və
insan münasibətlərindən bəhs edərkən ilk növbədə onun şeir yaradıcılığına
diqqət yetirmək daha məqsədəuyğundur. Belə ki, “ümumilikdə, Cavidin şeirlə-
rin
də dərin bir həyat fəlsəfəsi, sağlam bir məntiq, insanın kamalına möhkəm
inam özünü göstərməkdədir. Gələcəkdə dramlarında qoyub həll edəcəyi bir
çox problemlərin “eskizini” Cavid şeirlərində cızmışdır” (5, 9). Şair hansı
mövzuya müraciət edirsə etsin insan, mənəviyyat, cəmiyyətlə bağlı sağlam
məntiqi nəticələrini təqdim etməyə çalışır və buna müvəffəq olur. İnsanın
xilqəti, məqamı ilə bağlı islami təsəvvürlərə yaxından bələd olan böyük
sənətkar bəşəriyyətin fəlakətini nəfsinə hakim ola bilməməsində görürsə,
nicatı həqiqi sevgidə axtarır. Bu baxımdan “Hübuti-Adəm” şeri diqqəti xüsusi-
lə cəlb edir. Bu lirik parçanın mövzusu məşhur Quran qissəsindən – Adəm
pey
ğəmbərin hekayətindən alınmışdır. Məlumdur ki, Nizami Gəncəvi də “Sir-
lər xəzinəsi”nin “Adəmin məqamı” adlanan birinci məqalətində həmin rəvayə-
ti nəzmə çəkmişdir. Nizaminin əsərində Adəmin xilqətindən ta tövbəsinə qə-
dər bütün hekayət “Bəqərə” surəsində olduğu kimi əks olunur. Məqalətin adın-
dan da göründüyü kimi, şair Allah-Təalanın Adəmi xəlq etməkdə məqsədinin
nə olduğunu özü və oxucuları üçün aydınlaşdırmağa çalışır. Cavidi isə Adəmi
Allahın ona bəxş etdiyi yüksək məqamdan aşağı düşürən səbəb daha çox
düşündürür. Şeir bu səbəbdən də “Hübuti-Adəm” adlandırılmışdır. Hübut ərəb
sözüdür, aşağıya düşmə, enmə, qonma kimi mənaları vardır. Cavid də sələfi
Fü
zuli kimi söz seçimində mahirdir. Sufizmə və sələflərinin poetik irsinə
yaxından bələd olan H.Cavid “hübut” sözünün ərəb dilindəki mənalarını
nəzərə alaraq şeirə bu adı vermişdir.
29
Hüseyn Cavid Adəmin xilqəti, xilafətə təyin olunma, səcdəyə əmr, Həz-
rəti-Adəmin tövbəsi kimi mərhələlərə toxunmayaraq şeiri Adəmin Həvva ilə
cənnətdə sakin olması, qadağan olunmuş ağac mərhələsi ilə başlayır, onların
be
hiştdəki həyatını təsvir edir, “çirkli dünya işlərinə bulaşmayan” o ülviyyətə
pərəstiş edərək cütlüyün nurlar içindəki həyatını romantik boyalarla əks et-
dirir. Lakin hər bir səadət daimi olmadığı kimi bu xoşbəxtlik də uzun sürmür:
Yaşarkən öylə nuranur içində,
Hücum etmiş də süfli ehtirasat,
Qabarmış adamiyyət hissi ... heyhat!
O ülviyyət, o ülvi sərmədiyyət
Zəbuni-ehtiras olmuş, nihayət,
Nihayət, incə bir vəhşi-təmayil,
O ülvi eşqi etmiş məhvü zayil (4, 27-28).
“Ülvi eşq” dedikdə söhbət hansı məhəbbətdən gedir? Quran ayələrində
bil
dirilir ki, Allah insanı ən gözəl biçimdə yaratmış, ona öz ruhundan üfürmüş-
dür. Adəmə bilgi vermişdir. İnsanın məqamı mələklərdən də ucadır. Yalnız
kamil insan xəlifətullah məqamına layiqdir. İslami düşüncəyə görə, “xəlqetmə
insanın xatirinə gerçəkləşmişdir. İnsansız xəlqetmə mənasını itirərdi” (7, 81).
Quranın Maidə surəsinin 54-cü ayəsində deyilir: “Ey iman gətirənlər!
Kim dinindən dönərsə, bilsin Allah bir qövm yetirər ki, O onları sevər, onlar
da Onu sevər”.
Təsəvvüfə görə, yaradılışın əsasında eşq durur. F.Əttar yazırdı: “Hər nə
var hamısı eşqin varlığından meydana gəlmişdir” (2, 286). Cavidin fikrincə,
yara
dılışdan əsas məqsəd məhəbbətdir. Şeyx Sənanın türbəsi önündə düşüncə-
lərə dalan şair yazır:
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir;
Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən (4).
Vəhdəti-vücud nəzəriyyəsini ilk olaraq sistemə salan İbn Ərəbinin
bununla bağlı verdiyi açıqlama da maraq doğurur: “Mütləq olan Allah özünü
özündən başqa nədəsə dərk etmək, müşahidə etmək istəyir. Allahın bu istəyi
Onun özünə məhəbbəti, deməli, həm də xəlq edilmiş aləmin obraz və hadisələ-
rin
də özünün təcəllilərinə məhəbbəti kimi səciyyələndirilir. Müxtəlif məhəbbət
növlərini təhlil edən ibn Ərəbi belə bir nəticəyə gəlir ki, onların hamısı son
nəticədə Xaliqlə Onun məxluqu arasında qarşılıqlı məhəbbətə müncərdir. Həm
də yalnız insanda Allahın məhəbbəti mənalı əks-sədasını tapır, çünki bütün
başqa məxluqlar Allahı kortəbii məhəbbətlə sevir” (8, 84).
Ülvi eşqə xələl gətirən insan - Adəm Behiştdən uzaqlaşdırılır. Onun gö-
zəlliyi də əlindən alınır. Yalnız tövbədən sonra gözəlliyinin üçdə biri qayta-
rılır. Nizami yaradıcılığında bu hadisə yeni məna siqləti kəsb edir. Şairə görə,
“Behiştdən Sərəndibə atılan Adəmin günahkar olduğundan üzü qaradır. Lakin
o bu cəzaya dözür, şikayətlənmir, tövbəsini təkrarlayır, gözlərindən peşimanlıq
yaşı axıdır. Allahın kərəminə ümidlə o qədər dözür ki, üzündən, əlindən
günahkarlıq qarası silinir”(1, 74). Cavidsə həmin əhvalata belə eyham edir:
Sararmış bət-bəniz, uçmuş təravət,
Hücum etmiş haman rəndi-səfalət (4, 28).
30
Mifik düşüncəyə görə, qara rəng şəri, zülməti təmsil edirsə, sarı rəng ay-
rılığın rəmzi kimi qəbul edilir. Nizami Adəmin üzünün qaraldığını bildirməklə
bir tərəfdən onun iblisə uymaqla günaha batdığına, digər tərəfdən peşiman ola-
raq qəmə qərq olduğuna, bu səbəbdən də rənginin boğulduğuna işarə edir. Hü-
seyn Cavid isə Adəmin bənizinin saraldığına diqqəti cəlb etməklə təsəvvüfdən
təsirlənir. Sufilərə görə, ruh ələst bağçasından Yer üzünə endirilərkən ona
cism verilir. İlk yaradılış bağçasından ayrı düşən ruh keçmiş günlərini xatır-
laya
raq ayrılıqdan şikayətlənir. O, öz əslinə qayıtmağı arzulayır. Ruh pak olsa
da cismin maddi və fiziki tələbatları onu “çirkli dünya işlərinə bulaşdırır”. Bu
Saib Təbrizinin yaradıcılığında lakonik şəkildə belə ifadə olunmuşdur: “Ah, o
günlər ki, təcrid iqlimində və ələst bağçasında öz başımın sultanı idim.
Bilmirəm nə etdim, nə günahım vardı ki, bu bədən zindanına düşüb də çirkli
dünya işlərinə bulaşdım” (3, 11).
M.Füzulinin “Yeddi cam” əsərində də ilkin vətəndən ayrı düşdüyündən
nalə edən neyin rəngi sarıdır :.
Sordum ona: “Ey qəm elinin tacı-qüruru,
Neyçin sarısan, anlat o qəlbindəki şuru?!
Söylə, de görüm ah, nə yanıq nalələrin var,
Solğun yanağından tökülən jalələrin var!”
Əslindən ayrı olduğu üçün Ney şikayətlənərək nalələri ilə ürəklərə od sa-
lır. Bu nalələrin yaranmasına səbəb onun qamışlıqdan uzaq düşməsidir. Be-
ləliklə, məlum olur ki, Ney də aşiqdir və eşqdən doğan hicran dərdini anladır.
Füzuli də C.Rumi kimi bu fikirdədir ki, sevgilisindən ayrı düşmüşləri Ney
qədər kimsə anlaya bilməz. Ney sufi rəmzlərində “Ələst” bağçasından gələrək
cisim daxilində dustaq olan insan ruhu, nəfsinə qalib gəlmiş salikin vücudu və
qəlbi kimi anlaşılır. Beləliklə, Adəmin çöhrəsinin saralmasının səbəbi ayrılıq
qəmindəndir. Bu ayrılığa isə səbəb onun ülvi eşqə (həqiqi məhəbbətə) xələl
gətirməsi olmuşdur.
Hüseyn Cavidə görə, gözəllik ilahi mənşəlidir və ruha verilmişdir. İnsa-
nın ruhu nə qədər pak olarsa, ondakı gözəllik də öz Lahutiliyi ilə daha əsrarən-
giz olar. Ruhun ülviliyi isə həqiqi eşqlə bağlıdır. Beləliklə, eşq və gözəllik əla-
qələndirilir, insanın gözəlliyinin onun eşqinin miqdarınca olması fikri mey-
dana çıxır. Quranda deyilir: “Aləm Allahın kölgəsidir”. Bu ayəyə əsaslanan
sufi təliminə görə yaradılış mənanın surətidir, “bütün varlıqlar fani olaraq
Alla
hın varlığında birləşir” (8, 61). Allahı sevən onun yaratdıqlarını da sev-
məlidir. Füzuli yaradıcılığında olduğu kimi Cavid yaradıcılığında da Yaradana
olan ülvi eşq maddi aləmdə bütün bəşəriyyətə sevgi kimi səciyyələndirilir.
Cavid bu fikirdədir ki, gözəlliyi insana sevdirən də sevgidir. “Hər yer səfalı,
nəşəli” seirində də şair bu kimi fikirləri təlqin edir:
İnsan olan cihanda nasıl sevgisiz yaşar!?
Həp sevgidir gözəlliyi insana sevdirən,
Məhrumi-eşq olunca gözəllik də can sıqar,
Dünyada varsa devləti-cavid, o, eşqdir (4, 61).
31
Ülvi eşqə xələl gətirdiyi üçün Adəm və Həvva öz gözəlliklərini itirirlər
ki, bu fəlakətlərin də əsas səbəbi Cavid yaradıcılığında İblis deyil, onların öz
nəfslərinə hakim ola bilməmələridir:
Əmin ol, nerdə nəfs olmuşsa hakim;
Həqiqi eşqi məhv etmiş məzalim (4, 29).
“Hübuti-
Adəm”də Adəmlə Həvvaya Behiştdən qovulmaları və Yer
üzünə enmələri barədə Allah fərmanı bir füsünkar Pəri vasitəsilə çatdırılır.
Pərinin dediklərindən aydın olur ki, Adəm övladının Yer üzündəki həyatı heç
də axar çaylar kimi duru olmayacaq. Onlar bəla və fəlakətlərə düçar olaraq
sınaqdan keçiriləcəklər:
Yaşarsın vadiyi-zillətdə məyus,
Fəqət dönməz, o günlər keçdi əfsus!
Cihan durduqca hər nəslin bərabər,
Bu müdhiş zərbədən qurtulmaz inlər.
Bu qəflət, öylə bir süfli cinayət
Ki, verməz kimsəyə bir ləhzə rahət.
Bu gün əxlaf üçün səndən əmanət
Qalan yalnız fəlakətdir, fəlakət!... (4, 29)
Pəri aydın şəkildə Adəmə bildirir ki, törəmələri üçün ondan qalan əma-
nət yalnız bəla və fəlakət olacaqdır. İnsanın Yer üzündəki yaşamı isə bizə bir
daha təsdiqləyir ki, bütün bu fitnə-fəsadlar insan əlilə törədiləcəkdir. İnsan
əlilə insan qanı axıdılacaq, xəyanət, zülm, ədalətsizlik, tamah Adəm övladını
uçuruma aparacaqdır.
“Bəqərə” surəsinin 30-cu ayəsində bildirilir: “Rəbbin mələklərə: “Mən
yer üzündə bir xəlifə yaradacağam”, - dedi. Beləliklə, Adəmin üzərinə cahanda
Allahın xəlifəsi olmaq missiyası düşür ki, “xilafət başqasının canişinliyini
öhdəsinə alıb onun işini yerinə yetirməkdir” (6, 103). İstər-istəməz belə bir
sual insanı düşündürür: Allah təkcə kamil insan olan Adəmimi öz xəlifəsi
təyin etmişdir, ya bu ali məqam bütün insanlara qismət ola bilər? Məhəmməd
Baqir Saivər “Bəqərə” surəsinin 30-cu ayəsinə - mələklərin sualına əsaslana-
raq bu qənaətə gəlir ki, xəlifəlik məqamı təkcə Adəmə yox, bütün insanlara
aiddir (6, 1
04). Həmin ayədə bildirilir:
Mələklər deyirlər: “Yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəs
yaratmaq istəyirsənmi?”
Böyük Füzuli də beytlərindən birində bu ayəyə eyham etmişdir:
Adəm əvvəl səri kuyin verüp almış cənnət
Eşidüp təni mələk sonra peşiman olmuş.
Şair demək istəmişdir ki, aldanmış Adəm bu dünyanı cənnət, ələst
bağçasından zənn edərək maddi aləmə enmiş, mələklərin tənələrini eşitdikdən
sonra peşman olmuşdur.
Yer üzündə Allahın xəlifəsi olmaq üçün yaradılan Adəm əvvəlcə öz
zövcəsi ilə birlikdə Cənnətdə yaşayır, ona ilk qadağa da burada qoyulur ki,
“bu, insan
ı əmr ilə nəhy, xeyirlə şər arasında seçim qarşısında qoymaqla
imtahana çəkmək üçün bir vəsilə idi” (7, 80). Adəm bu sınaqdan üzüağ çıxmır.
Behiştdə onun fəlakətinə səbəb İblis olmuş, o da cəzalandırılaraq Adəmlə
32
birlikdə Yerə enmək əmri almışdı. Adəm çox peşman idi, tövbə edir, günahı
bağışlanır. “Peyğəmbər” əsərində deyildiyi kimi:
Əhv edər, onun lütfü çox
Peşiman olan qullara (4, 152).
Allahın Yer üzündə xəlifə təyin etdiyi Adəm dünyaya endirilir və islam
mövqeyindən yanaşdıqda burada əsas məqsəd odur ki, bəşərin ilkin atası “ya
ixtiyari təkamüllə hidayəti seçsin və ona tabe olsun, ya da hidayəti təkzib etsin
və Allah buna da hazırlıq yaratmışdır” (6, 110). Cavidə görə, tamah və nəfs
insanın daxili düşmənidir. Yer üzünün bəla və fəlakətlərindən qurtulmağın
yeganə yolu nəfsə uymayaraq həyat sınaqlarından üzüağ çıxmaqdır:
Kimin ülviysə ruhu, söz onundur,
Əsəri-nəfs olan daim zəbundur ( 4, 29).
Bu deyilənlər belə bir nəticəyə gəlməyimizə əsas verir ki, insanın
yaradılmasından və ona bilgi, düşüncə verilməsindən əsas məqsəd Yer üzündə
haqqı və ədaləti bərqərar etməkdir. Dünya mələklərdən də yüksək məqama
layiq bilinən insanların sayəsində abadlaşaraq gülüstana çevrilməlidir. İnsanlar
haqq yolunu tutaraq mənən saflaşarlarsa bu dünyanı behiştə çevirə bilərlər.
A
dəm və onun törəmələri üçün Yer üzü də bir sınaq meydanıdır. Çünki
ən qəddar düşməni olan İblis də onunla birlikdə bu aləmə göndərilmişdir.
Adəm övladları Behiştdəki əhvalatdan ibrət almalıdırlar Adəmin düçar olduğu
bəla “insan üçün həyat həqiqətlərinin dərkidir ki, insan özünü Yerdə yaşayış
və tədrici təkamülə görə ilahi xilafətə tərəf hazırlasın”(6, 109).
Mütəfəkkirə görə, “Sevgisiz bir könül şeytan yuvası”dırsa, sevgi ilə dolu
olan qəlbdə şər məskən sala bilmir. İnsan qəlbini sevgi ilə şəfəqləndirərək mə-
ri
fətə çatarsa mənfi xislətlərdən qurtula bilər. Buna səy etməyən isə özü özü-
nün ən böyük düşmənidir. Fəridəddin Əttar Allaha müraciətlə yazırdı: “Xalq
Səndən qorxar, mənsə özümdən qorxuram. Çünki Səndən yaxşılıq gördüm,
özümdənsə pislik” (2, 31).
Cəmiyyət fərdlərdən təşkil olunur. Onun xoşbəxtliyi bu fərdlərin mənəvi
ka
milliyinə bağlıdır. Dahi Nizami də “İsgəndərnamə” əsərində belə bir nə-
ticəyə gəlir ki, insanlar mənən sağlam olarlarsa, ideal cəmiyyəti qura bilərlər.
Mənəvi saflığa çatmaq üçünsə insan öz mikroaləmini nurlandırmalı, buradakı
zülməti yox etməlidir:
Xəstə bir üzvə bənzər amili-şər,
Kəs də, bulsun şəfa vücudi-bəşər (4, 215).
Şair bu beytdə kin, tamah və paxıllığın insanın daxilində olmağına işarə edir.
H.Cavidin “İblis” əsərinə diqqət etsək görərik ki, bunu İblis özü də təsdiqləyir:
Siz nə qadar bəndən uzaqlaşsanız,
Yer deyil, əflakə uçub qaçsanız,
Qarşılaşıb birləşiriz daima,
Ayrı deyil, çünki biriz daima (4, 68).
Adəm övladının yeganə çıxış yolu içindəki şeytanı öldürməkdir ki, bu da
yalnız nəfsin tərbiyələndirilməsi sayəsində mümkündür.
“Hübuti-
Adəm” şeirində Cavid ilk peyğəmbərin behiştdəki qayğısız
günlərini təsvir edərək onun yerə endirilməsinədək baş verən əhvalatı qələmə
33
alır. İnsanın bu cahandakı həyatının acınacaqlı, fəlakətli olacağını Pərinin
sözlərilə bildirir. Yeganə nicatı isə nəfsə qul olmamaqda - mənəvi saflıqda
görür. Göründüyü kimi, Hüseyn Cavid Quran qissəsinə müraciət edərək,
cəmiyyət və fərdlə bağlı düşüncələrini açıqlamışdır. O, bədii təxəyyülündən
süzülüb gələn söz inciləri vasitəsilə mühüm bəşəri ideyanı təqdim edərkən
təsəvvüfdən də bədii özünü ifadə vasitəsi kimi faydalanmışdır.
ƏDƏBİYYAT
1.
Əlizadə M. Nizami insanın mənəvi məziyyətləri haqqında / Nizami Gəncəvi-850.
M
əqalələr toplusu, 1992, s.67-104.
2.
Ferid
üddin Əttar. Mantuku t-tayr (türkçesi Yaşar Keçeçi), İstanbul, 1998, 288 s.
3.
Əli Fuad Bilkan. Saib Təbrizidən hikmət damlaları. İzmir, Basqı Çağlayan A.Ş., 2003, 72 s.
4.
Hüseyn Cavid. Əsərləri. 5 cilddə. I c., Bakı: Lider nəşr, 2005, 256 s.
5.
Y.Qarayev. H.Cavid
in yaradıcılığı. H.Cavid. Əsərləri. 5 cilddə. I cild, Bakı: Lider nəşr,
2005, s.7-24.
6.
M
əhəmməd Baqir Saivər. Adəmin xilqəti, insanın əzəməti // Hikmət, №3, 2004, s.100-110.
7.
M
əmmədov A. Xəlqetmə, insan və Allah sevgisi ilə bağlı islami təsəvvürlər // Hikmət,
№1, 2003, s.79-84
8.
Rüst
əmov Y. Mövlana Cəlaləddin Ruminin fəlsəfəsi // Hikmət, № 3, 2004, s.56-69.
«
ХУБУТИ АДАМ» В ТВОРЧЕСТВЕ ГУСЕЙНА ДЖАВИДА
С.М.ГОДЖАЕВА
РЕЗЮМЕ
В статье рассматривается произведение Гусейна Джавида с точки зрения требо-
ваний современного литературоведения.
Также исследуются идея - художественные источники творчества Г.Джавида. В
заключении приходим к такому научному выводу, что поэт-драматург был глубоко
знаком с суфизмом, используя его как способ проявления своих мыслей об обществе и
индивиде.
Ключевые слова: Аллах, Джавид, Адам, любовь, красота
“ADAM’S FALL” IN JAVID’S CREATIVITY
S.M.GOJAYEVA
SUMMARY
The article studies the creative work of Huseyn Javid from the point of view of
demands of the modern literary criticism. Idea-artistic sources of H.Javid’s poetry are
reviewed. It is concluded that the poet-dramatist was deeply familiar with Sophism, using it as
a means, to elucidate his opinions about society and personality.
Key words: God, Javid, Adam, love, beauty
Dostları ilə paylaş: |