«Azərbaycanın vergi xəbərləri ».–2010.-№8.-S.38-42.
Fillips əyrisi və Azərbaycan iqtisadiyyatı
Rəşad HƏSƏNOV,
Qlazqo Universitetinin (Böyük Britaniya Krallığı) magistrantı
Bir neçə il əvvəl dünyanı vahiməyə salatı iqtisadi böhran hələ tam sovuşmayıb. Hətta bəzi tanınmış
iqtisadçılar Avropanı yeni və daha təhlükəli böhran gözlədiyini proqnozlaşdırırlar. Belə ki, Yunanıstan,
Portuqaliya və İspaniyada baş verən proseslər bu ölkələr üçün əsas sınağın hələ qabaqda olduğunu göstərir.
Təbii ki, bu hadisələr digər avrozona ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Bütün bu proseslər bir daha
onu göstərir ki, dünya iqtisadiyyatı durmadan dəyişir, iqtisadi-siyasi konyuktura uyğun olaraq köhnə
nəzəriyyələrə yeni baxışlar yaranır.
Doğrudur, düzgün iqtisadi siyasətin aparılması nəticəsində Azərbaycan qlobal böhranın fəsadlarından qaça
bilmiş və ölkə iqtisadiyyatı bu böhrandan çox az zərər çəkmişdir. Əksər dünya ölkələrinin böhrandan əziyyət
çəkdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatı dinamik inkişafa nail olmuşdur. Lakin ayrı-ayrı iqtisadi göstəricilər
arasında əlaqənin bütövlükdə iqtisadi proseslərə ciddi təsir göstərdiyini nəzərə alsaq, tarixi təcrübəyə nəzər salmaq,
bu təcrübənin Azərbaycan iqtisadiyyatına təsiri və ya əks-təsiri barədə fikir söyləmək faydalı olardı.
İşsizliklə inflyasiya arasında qarşılıqlı əlaqə iyirminci əsrin ən çox müqayisə olunan nəzəriyyələrindən biri
olmuşdur.
1958-ci ildə Yeni Zelandiya iqtisadçısı professor Uilliam Fillips araşdırmaları nəticəsində Böyük Britaniya
iqtisadiyyatında işsizlik və inflyasiya arasında nəzərə çarpan əlaqə olduğunu göstərmişdir [1]. 0, 1861-ci ildən
1957-ci ilə qədər olan dövrdə ingilis iqtisadiyyatını təhlil edərək bu qənaətə gəlmişdir. XX əsrin 60-70-ci illərində
bu nəzəriyyə çox məşhurluq qazanmış və Fillips əyrisi termin kimi tarixə düşmüşdür.
Qeyd edək ki, Fillips əyrisi (Phillips curve) - işsizlik səviyyəsi ilə inflyasiya tempi arasında tərs mütənasib
əlaqə olduğunu göstərən əyridir.
Bu nəzəriyyə meydana çıxandan sonra tezliklə digər tanınmış iqtisadçılar da Fillips əyrisini ABŞ, Yeni
Zelandiya və başqa ölkələrin iqtisadiyyatına tətbiq edərək, onun həqiqətə uyğun olduğunu sübut etmişlər. Əslində,
Fillips inflyasiya dedikdə maaş inflyasiyasını nəzərdə tuturdu. Ondan 32 il əvvəl isə qiymət inflyasiyası barədə
amerikan iqtisadçısı İrving Fişer yazmışdı. Sadəlik naminə, yazının qalan hissəsində biz qiymət inflyasiyasını
nəzərdən keçirəcəyik.
İlkin hesablamalara əsasən, işsizliyi 4% səviyyəsində saxlamaq istəyən dövlət (ümumiyyətlə) 3-4%
inflyasiya ilə razılaşmalı idi. Odur ki, ilk vaxtlar bəzi makroiqtisadçılar bu nəzəriyyənin dövlətə inflyasiya və
işsizlik arasında seçim etmək üçün imkan yaratdığını düşünürdü. Bundan başqa, bir çox iqtisadçılar daha da irəli
gedərək, Fillips əyrisində işsizliyi məhsuldarlıq ilə əvəz etdilər. Onlar bu nəzəriyyəni yeni formaya salaraq "yüksək
inflyasiya tempi yüksək məhsuldarlıqla müşayiət olunur" kimi fikirlər yürütməyə başladılar.
Xatırlayırsınızsa, 2007-ci ilin Qlobal İqtisadi böhranı zamanı bir çox iqtisadçılar 1929-33-cü ilin Böyük
Depressiyasından analoqiyalar göstərirdilər. 0 vaxtın böyük alimi, öz nəzəriyyələri ilə böhrandan xilas olmaq üçün
dövlətlərin üzərinə düşən mühüm rolu qeyd edən ingilis iqtisadçısı Con Maynard Keynsin ideyaları yenidən
aktuallıq qazanmağa başladı. Halbuki, bir neçə onillik bundan əvvəl Milton Fridman və digər alimlər Keynsin
nəzəriyyələrini təkzib edirdilər. Elə XX əsrin 60-cı illərdə aparılan tədqiqatlar Keynsin "iqtisadiyyatı tam
məşğulluğa çatdırmaq" haqqında dediklərinin mümkünsüzlüyünü göstərmişdi. Belə ki, iqtisadiyyatda "tam
məşğulluq" anlayışının dəqiq təyininin mümkün olmadığı üzə çıxmışdı. Ona görə də, Fillipsin kəşfi Keynsin bu
təlimini yeni formaya saldı: əgər hazırkı məşğulluqdan gələn xeyir ona uyğun inflyasiya səviyyəsindən gələn
ziyandan daha çoxdursa, o zaman həmin inflyasiya səviyyəsinə razılaşmaq olar. Beləliklə, inflyasiyaya işsizliyi
aşağı səviyyədə saxlamağın "iqtisadi bədəli" kimi baxmağa başlandı. Bu baxışlara əsasən, aşağı səviyyədə
inflyasiya yolverilən idi.
Lakin XX əsrin 70-ci illərindən etibarən bu nəzəriyyə təcrübədə özünü doğrultmamağa başladı. 2006-cı il
iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edmund Felps, Milton Fridman kimi böyük iqtisadçılar öz yazılarında
Fillips nəzəriyyəsinin təcrübədə sırf təsadüfən təsdiqini tapdığını göstərdilər [2]. Onlar bu təsadüfi subyektlərin
bazar gözləntiləri ilə bağlayırdılar. Beləliklə, Fridman dövlətin daha çox iqtisadiyyatın "təbii məşğulluq"
səviyyəsinə çatması üçün çalışmalı olduğunu təklif etdi. Bu iqtisadçıların gəldiyi nəticə odur ki, aşağı inflyasiyaya
razılaşaraq yüksək məşğulluğa nail olmaq son nəticədə effektsiz almır. Əksinə, iqtisadiyyatda yüksək inflyasiya
yüksək işsizliklə müşahidə olunur. Bu fenomen sonralar "staqflyasiya" adı aldı.
Fridmana əsasən, Fillipsin təklif etdiyi kimi müəyyən inflyasiya dərəcəsinə razılaşaraq işsizliyin aşağı
saxlanmasına çalışan zaman bazar subyektləri artıq gözləntilərini Dövlətin elan etdiyi inflyasiyaya uyğun
quracaqlar. Yəni, Dövlətin elan etdiyi inflyasiya dərəcəsi artıq subyektlərin gözləntilərinə daxil olacaq. Belə olan
halda Dövlət bir neçə müddət sonra nə yüksək inflyasiyadan nə də aşağı məşğulluqdan qaça bilməyəcək. Odur ki,
Fridmanın makroiqtisadi sabitliyin bərqərar olunması üçün göstərdiyi yol ölkədə pul kütləsinin sabit bir şəkildə,
bazar gözləntilərinə uyğun inkişafına nail olmaqdır.
Fridmanın gəldiyi nəticələrdən biri budur ki, Fillips əyrisi yalnız qısamüddətli perspektivdə özünü doğrulda
bilər, uzunmüddətli perspektivdə isə bu nəzəriyyə işlək deyil. O fikrini belə əsaslandırır: Tutaq ki, monetar
genişlənmə və ya hər hansı digər bir səbəbdən ölkədə qiymətlər və maaşlar 2% artır. Belə olan halda, hələ iqtisadi
subyektlər elə hesab edəcəklər ki, onların real əmək haqları artıb - çünki paralel baş verən qiymət artımından
xəbərləri yoxdur. Bu səbəbdən onlar daha çox işləməyə və daha çox pul qazanmağa çalışacaqlar. Bu səbəbdən işçi
təklifi artacaq. Digər tərəfdən, məhsullarının qiymətlərinin bahalaşdığını bilən şirkətlər də nəzərə alırlar ki,
ödədikləri real əməkhaqqı əvvəlki perioda nisbətən daha azdır (Çünki qiymətlər qalxıb və indiki real əməkhaqqı
daha az alıcılıq qabiliyyətinə malikdir). Odur ki, şirkətlər də daha çox işçi cəlb eləmək istəyəcəklər. Beləliklə,
verilmiş inflyasiya dərəcəsində işsizlik ilk vaxtlar azalacaq. Bir müddət sonra, bazar iştirakçılarının inflyasiya
gözləntiləri dəyişir və nəticədə Fillips əyrisi uzunmüddətli perspektivdə yenidən özünü doğrultmur. ABŞ-ın
eks-prezidenti Abraham Linkoln dediyi kimi: "Müəyyən insanları hər zaman aldatmaq olar, hamını birlikdə bəzən
aldatmaq olar, lakin hamını hər zaman aldatmaq mümkün deyil". Son nəticədə gözləntilərə artmış qiymətləri daxil
edən işçilər daha yüksək əməkhaqqı tələb edəcəklər ki, bu da son nəticədə əməyə olan tələb-təklifi əvvəlki
vəziyyətinə qaytaracaq.
İllər boyu sınaqlardan keçirilən, daim müxtəlif interpretasiyalara məruz qalan bu nəzəriyyə Azərbaycanda
necə, özünü doğruldubmu?
Dövlət Statistika Komitəsinin və Mərkəzi Bankın hesabatlarına əsasən, ölkəmizdə inflyasiyanın və
işsizliyin qrafiklərinə nəzər salaq. Birinci qrafikindən göründüyü kimi, 2003-cü ildən bu yana ölkəmizdə işsizlik
azalma istiqamətində gedir. Yeni açılan iş yerləri, əmək şəraitinin yaxşılaşdırılması yönündə görülən işlər
nəticəsində işsizlik 2009-cu ildə 6%-ə qədər aşağı düşmüşdür.
İkinci qrafikdən ölkəmizdə İstehlak Qiymətləri İndeksinin (İQİ) dinamikasına nəzər salaq.
Ölkədə əhalinin nominal gəlirlərinin artmasına paralel inflyasiya da artmaqda davam etmişdir. Təbii ki,
dünya bazarlarında mallara olan qiymət artımı dolayı və birbaşa yolla ölkəyə "inflyasiya idxalı" ilə nəticələnmişdir.
Həmçinin, Mərkəzi Bankın "Pul siyasətinin yerinə yetirilməsi haqqında hesabatında" qeyd olunduğu kimi, ölkədəki
pul kütləsinin artımı inflyasiyaya birbaşa təsir edən amillərdən olmuşdur. Belə ki, hesabata əsasən son bir neçə ildə
inflyasiyaya təsir edən amillər arasında xarici amillərlə yanaşı, nominal effektiv məzənnə və M1 pul kütləsi də
böyük rol oynayır.
Bu
iki
qrafiki
3-cü
qrafikdə
birləşdirərək
Azərbaycan
üçün
Fillips
əyrisinin
özünü
doğruldub-doğrultmadığına nəzər salaq.
Göründüyü kimi, ölkəmizin son bir neçə illik təcrübəsində bu nəzəriyyə gözlənilir. Ümumi görüntüyə
əsasən, aşağı inflyasiya dərəcəsi yüksək işsizliyə uyğun gəlir.
Belə hesab edirik ki, Azərbaycan iqtisadiyyatında Fillips əyrisinin nəzəriyyəyə uyğun olması sırf təsadüfi
faktdır. Burada neft amilinin rolu çox böyükdür. Belə ki, neftdən gələn böyük gəlirlər və bunun nəticəsində ölkədə
pul kütləsinin sürətlə artması inflyasiyanı bir müddət ikirəqəmli etmişdir. Eyni zamanda, bu pullar hesabına,
xüsusən də, qeyri-neft sektorunda açılmış yeni iş yerləri, Dövlətin işsizliyin azaldılması uğrunda gördüyü işlər
nəticəsində işsizlik azalmaqdadır. Düşünürük ki, Azərbaycanda "Holland sindromundan" qaçmaq üçün Dövlət
tərəfindən görülən səylər nəticəsində yaxın gələcəkdə həm aşağı inflyasiyaya, həm də aşağı işsizliyə nail olmaq
mümkündür.
Qarşımızdakı bir neçə ildə hökumətin atacağı iqtisadi addımlar çox həlledici olacaq. Fikrimizcə, bu
periodda Mərkəzi Bank çox dar monetar siyasət həyata keçirməli, inflyasiya üzərində çox sərt nəzarət etməli,
həmçinin milli valyutanın məzənnəsinə diqqət etməlidir. İstənilən halda maliyyə sektorunda nizam-intizam
makroiqtisadi stabilliyin yaranmasında böyük rol oynayacaqdır.
Ədəbiyyat
1. Uillim Fillips. "Böyük Britaniya iqtisadiyyatında 1861-1957-ci illərdə işsizlik və maaş inflyasiyası arasında
qarşılıqlı əlaqə". Economica jurnalı. Noyabr, 1958. səhifə 283-299.
2. Milton Fridman. "Monetar siyasətin rolu". American Economic Review jurnalı, Mart, 1968 səh. 1-17.
3. Milton Fridman. "İnflyasiya və işsizlik". Journal of Political Economy. İyun, 1977 səh. 451-477.
4. Robert Lukas. "Məhsuldarlıq və inflyasiya arasında seçim üçün bir neçə beynəlxalq təcrübəyə baxış".
American Economic Review jurnalı. İyun, 1973. səh. 326-334.