2
Müəllif:
Məmmədova Səyyarə Nazim qızı
Redaktor: Məmmədova Ülkər İzbail qızı
Metodik vəsait Azərbaycan Respublikası Təhsil Naziri
Mikayıl Cabbarovun “Ümumtəhsil məktəbləri şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə
mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə”
əmrinə əsasən hazırlanmışdır.
Metodik vəsaitdə məktəblilərin yaş xüsusiyyətlərinə görə
mütaliə mədəniyyətinin formalaşdırılmasının mərhələlərindən bəhs
olunur. Həmçinin vəsaitə kiçik, orta və böyük yaşlı şagirdlərə tədris
olunan Azərbaycan dili və ədəbiyyat fənlərinin proqramları ilə
paralel sinifdənxaric oxu materialları, eləcə də şagirdlərin müxtəlif
elm sahələrinə aid sorğularına cavab verəcək soraq-məlumat
nəşrləri və məktəbdənkənar mütaliə materiallarının tövsiyə biblioq-
rafiyası daxil edilmişdir.
Metodik vəsait sinifdənxaric və məktəbdənkənar mütaliə işinin
səmərəli təşkili məqsədilə ümumtəhsil məktəblərinin müəllimləri,
məktəb kitabxanaçıları, şagirdlər və valideyinlərin istifadəsi üçün
hazırlanmışdır.
S.N.Məmmədova. Şagirdlərin mütaliə mədəniyyətinin forma-
laşdırılması. Sinifdənxaric oxu.–Bakı:
Nərgiz nəşriyyatı,
2014. - ... səh.
2014
832
079
742000000
M
© «Нярэиз», 2015
3
Kitabın insan həyatında təsiri - insanın
insan həyatına təsirindən daha güclüdür.
(Qrim Qrin. İngilis yazıçısı)
GİRİŞ
Məktəb millətin hər mənada sağlam gələcəyinin
təminatçısıdır. O, böyük zaman kəsiyində öhdəsinə götürdüyü
çətin işi - insan tərbiyə edib yetişdirərək boya-başa çatdırmaq
missiyasını yerinə yetirir. Altı yaşlı uşaqkən qəbul etdiyi
övladları on yeddi yaşlı gənc vətəndaş olaraq cəmiyyətə təqdim
edir. Bu gənclər həm mənsub olduğu ailənin, həm məktəbin,
həm də cəmiyyətin simasıdır. İstər ailənin, istərsə də
cəmiyyətin bir arzusu, məktəb qarşısında bir tələbi var - kamil
insan yetişdirmək.
Kamil insan ağıllı, əməksevər, fiziki cəhətdən sağlam,
zəngin mənəviyyatlı, öz hüquq və vəzifələrini yaxşı bilən
insandır. Kamilliyə mənəviyyatın min cür əlamətləri - vətən-
pərvərlik, halallıq, mərdlik, düzlük, doğruçuluq, dostluq və
yoldaşlıq, mübarizlik, etibarlılıq, sözübütövlük, insanpərvərlik
və s. daxildir.
Qeyd edilən keyfiyyətlərə nail olmaq üçün təlim
proqramları ilə yanaşı, sinifdən və məktəbdənxaric mütaliə də
mühüm rol oynayır. Sinifdənxaric mütaliə işi təlim-tərbiyə
işinin üzvi tərkib hissəsi hesab edilir.
Mütaliə mədəniyyəti olduqca geniş məfhumdur, o,
kitabla işin səmərəli bəhrəsidir. Mütaliə zehni fəaliyyət prosesi
olub, oxucu ilə kitab arasında baş verən mürəkkəb bir
4
prosesdir. Mütaliənin mahiyyəti əsərin sadəcə oxunması deyil,
onun məzmununun, süjet xəttinin ideya-bədii cəhətdən
qavranılması prosesidir. Mütaliə gənc nəslin təşəkkül tapma-
sına, nitq və təfəkkürünün inkişafına yönəldilmiş mənəvi
fəaliyyət formasıdır. Oxumaq, yazmaq bacarığı olan hər bir
insanın həyat, cəmiyyət haqqında ətraflı biliklərə yiyələn-
məsində mütaliə etməyin çox böyük əhəmiyyəti vardır.
Görkəmli fransız filosofu və yazıçısı Deni Didro deyirdi: “Hər
kim kitab oxumursa, o düzgün fikirləşə bilməz”.
Böyük çex pedaqoqu Yan Amos Kominski isə öz
yetirmələrinə bu sözləri dönə-dönə xatırladırdı ki, “O günü, o
saatı bədbəxt say ki, yeni bir şey öyrənməmisən və öz təhsilinə
heç nə əlavə etməmisən”.
Doğrudan da, ən dərin bilik, elmi dünyagörüşü məhz
mütaliə yolu ilə yaranır. Buna görə şagirdlər dərsdən sonra
xüsusən də asudə vaxtlarında müəllimlərin tövsiyə etdikləri və
onları maraqlandıran kitabları oxumalı, müstəqil bilik əldə
etməlidirlər.
Mütaliə mədəniyyətindən danışarkən bir mühüm məsələ-
nin üzərində də dayanmaq lazımdır. Müşahidələr göstərir ki,
bəzi şagirdlər ancaq bədii ədəbiyyata - məhəbbət və ya qəhrə-
manlıqdan bəhs edən kitablara daha çox meyl edir, mübarizə -
döyüş səhnələrini əks etdirən kitabları oxumağı özləri üçün
faydalı sayırlar. Mütaliə zamanı ancaq məktəbdə tədris edilən
fənn proqramları üzrə kitab oxumağa üstünlük verənlər də az
deyil. Ancaq orta ümumtəhsil məktəblərinin ilk pillələrindən
başlayaraq uşaqlara həyat, ətraf aləm, özündən böyüklərin işi-
peşəsi haqqında məlumat vermək, onlarda müəyyən anlayışlar
formalaşdırmaq, mənəvi hisslərini, milli - vətənpərvərlik tərbi-