AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL PROBLEMLƏRİ
İNSTİTUTU
Mövzu 16
2012 – ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə yerinə
yetirilmiş “Azkomplektli məktəblərin mövcud problemləri”
mövzusunda tədqiqat işinə dair
H E S A B A T
Məsul şəxslər: p.ü.e.d. İ.H. Cəbrayılov
f.ü.f.d. Ə.M. Əhmədov
BAKI – 2012
Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilin struktur və
məzmununda əsaslı dəyişikliər baş vermişdir. Məqsədyönlü aparılan təhsil
islahatları bu gün də davam etdirilir və uğurlu nəticələr əldə olunur. Belə bir
dövrdə təhsilin daha da inkişafı cəmiyyət üçün layiqli vətəndaşlar yetişdirilməsi
məqsədilə ciddi elmi -pedaqoji araşdırmaların aparılmasına ehtiyac vardır.
Məlumdur ki, ölkəmizdə, xüsusilə, kənd rayonlarında azkomplektli
məktəblər də fəaliyyət göstərir. Azkomplektli məktəblərdə təlim-tərbiyə işi digər
məktəblərdən fərqli olaraq daha mürəkkəbdir. Təcrübə göstərir ki, azkomplektli
məktəblər dünyanın müxtəlif ölkələrində də mövcuddur və onların da ciddi
problemləri vardır. Belə məktəblərdə kadr hazırlığı, maddi-texniki baza, təlim-
tərbiyə işinin təşkili, idarəolunma və digər məsələlər tədqiqatçıların diqqətini
xüsusilə cəlb edir. Bu baxımdan tədqiq etdiyimiz problem olduqca aktualdır.
Tədqiqatın məqsədi azkomplektli məktəblərin mövcud problemlərinin
öyrənilməsi və müasir informasiya cəmiyyətində əsas təhsil infrastrukturu kimi
fəaliyyət göstərən azkomplektli məktəb modelinin formalaşdırlması üçün təkliflər
hazırlamaqdır.
Tədqiqatın vəzifələri aşağıdakılardan ibarətdir:
- azkomplektli məktəblərin təcrübəsini öyrənmək, fəaliyyətinin elmi-
pedaqoji təhlilini vermək, xüsusiyyətlərini aşkar etmək;
- respublikanın azkomplektli məktəblərinin fəaliyyətinin şəbəkəsinə,
tipologiyasına və vəziyyətinə kəmiyyət və keyfiyyət xarakteristikası vermək və
statistik təhlil aparmaq;
- azkomplektli məktəblərdə təlim prosesinin elmi-metodik təminatını
öyrənmək;
- beynəlxalq təcrübədə bu sahədə mövcud olan mütərəqqi ideyaları tətbiq
etmək;
- azkomplektli məktəblərin təlim prosesinə daxil ediləcək pedaqoji
innovasiyaları və texnologiyaları nəzərdə tutan metodik tövsiyələr hazırlamaq.
Tədqiqatın nəzəri əhəmiyyəti. Tədqiqatın elmi nəticələri pedaqogikanın, o
cümlədən ibtidai təhsil pedaqogikası və metodikasının (azkomplektli məktəblərdə
təlim-tərbiyə işinin təşkili ilə bağlı) nəzəriyyəsinin zənginləşməsinə töhfələr verir.
Tədqiqatın praktik əhəmiyyəti. Hesab edirik ki, azkomplektli məktəblərin
mövcud problemlərinin araşdırlması nəticə etibarilə ölkəmizdə bu təhsil
müəssisələrində təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, təlimin məzmununun və
idarəetmənin təkmilləşdirilməsinə ciddi təsir göstərə bilər.
Tarixi reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası
“YUNESKO” tərəfindən “Təhsil əsri” elan edilmiş, XXI əsrə təhsil sistemində
əsaslı islahatların reallaşdırılması şəraitində daxil olmuş, dövlət siyasətinin
müəyyənləşdirdiyi inkişaf strategiyası əsas götürülməklə təhsil sahəsində
məqsədyönlü islahatın aparılması, qarşıya çıxan problemlərin müvəffəqiyyətli
həlli, sahə üzrə xüsusi korrektə planları və perspektiv proqramlar çərçivəsində
intensiv fəaliyyət artıq öz müsbət nəticələrini verməkdədir.
Bu gün Azərbaycan Respublikasında ümumtəhsil məktəbləri şəbəkəsi
özündə 4505 tədris müəssisəsini birləşdirir. Burada 1 milyon 800 mindən artıq
şagirdin təlim-tərbiyəsi ilə 170 min nəfərə qədər pedaqoji kadr məşğul olur.
Azərbaycanda vətəndaş tərbiyəsi formalaşdırılır, gənc nəslin ilkin biliklərə
yiyələnməsi kimi dövlət əhəmiyyətli bir iş görülür.
Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən 4505 məktəbdən
368-i ibtidai (I-IV siniflər), 849-u ümumi orta (I-IX siniflər), 3288-i tam orta (I-XI
siniflər) məktəblərdir. Bu məktəblərdən 1336 məktəbdə şagirdlərin sayı 100
nəfərdən aşağıdır. Belə ki, 315 ibtidai məktəbdə şagirdlərin sayı 30-dək, 38
məktəbdə 50-dək, 9 məktəbdə isə 100-dəkdir. 89 ümumi orta məktəbdə şagirdlərin
sayı 30-dək, 154 məktəbdə 50-dək, 325 məktəbdə 100-dəkdir. Eyni zamanda 9 tam
orta məktəbdə şagirdlərin sayı 30-dək, 74 məktəbdə 50-dək, 323 məktəbdə isə 100-
dəkdir. Beləliklə, 413 məktəbdə şagirdlərin sayı 30-dək, 266 məktəbdə şagirdlərin
sayı 50-dək, 657 məktəbdə 100-dəkdir.
Məlumdur ki, təhsil müəssisələrində, ümumilikdə isə təhsil sistemində
prosesin effektivliyinin obyektiv meyarı kimi təhsilin keyfiyyət göstəricisi qəbul
edilir.
Ümumi təhsilin keyfiyyət parametrlərinə təsir göstərən faktorlar necədir?
Təhsil sistemində aparılan islahatların əsas istiqamətləndirici sənədləri kimi
qəbul edilən “Təhsil sahəsində İslahat Proqramı”nda və II Kredit Sazişi
çərçivəsində nəzərdə tutulmuş fəaliyyət strategiyasında ümumi təhsilin keyfiyyəti
və real tələbatlara uyğunluğu ilə əlaqədar olan tədbirlər ön plana çəkilir, bunlar
perspektiv inkişafın əsasını təşkil edir.