AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Q Ə T N A M Ə
AZƏRBAYCAN RESPUBLİKASI
SUMQAYIT APELYASİYAMƏHKƏMƏSİNİN
MÜLKİ KOLLEGİYASI
17 mart 2014-cü il
№ 2(105)-429/2014
Sumqayıt şəhərində
Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi,
Hakimlər Azər Qəmbər oğlu Hüseynov və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə,
Samirə Zahid qızı Məmmədovanın katibliyi,
İddiaçının nümayəndəsi: Ağazahid Şirzad oğlu Qulamov,
Cavabdeh: Zərinə Əli qızı Məmmədova,
Cavabdehin vəkili: Sevda Rufulla qızı Əliyevanın iştirakları ilə,
İddiaçı Nazirov Nazim Nazir oğlunun cavabdeh Məmmədova Zərinə Əli qızına qarşı aliment
ödəməkdən azad edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr
2013-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə
açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N
E T D İ:
Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim V.Y.Ruvinov)
iddia rədd edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən 15
yanvar 1999-cu il təvəllüdlü Nazirov Nazir Nazim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması
üçün müəyyən olunmuş 100000 AZN alimentin ödənilməsindən azad olunması barədə iddia tələbi
təmin edilməmişdir.
İ Ş İ N H A L L A R I:
İddiaçı N.N.Nazirov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər
Məhkəməsinin 23 aprel 2004-cü il tarixli qətnaməsinə əsasən 15 yanvar 1999-cu il təvəllüdlü Nazirov
Nazir Nazim oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş 100000 AZN
alimentin ödənilməsindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 1994-cü ildə rəsmi nikaha daxil olmuşdur.
Həmin nikahdan iki uşaqları var. Onların nikahı 2001-ci ildə pozulmuşdur. 1994-cü il təvəllüdlü qızı
Cəmilə cavabdehin himayəsində, oğlu Nazir onun himayəsində qalmışdır. Bu hal Sumqayıt Şəhər
Məhkəməsinin 26 may 2003-cü il tarixli qərardadı ilə təstiq olunmuşdur. Bu səbəbə görə Sumqayıt
Şəhər Məhkəməsinə aliment ödəməkdən azad etmə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir.
Lakin məhkəmə gedişində oğlu Nazirin saxlanması üçün cavabdehin xeyrinə 100000 AZM ödəməyi
o öz öhdəsinə götürmüşdür. Cavabdeh əvvəllər onun atasının şəxsi mülkiyyətində olan mənzildə
yaşayır. Hal hazırda mənzilin mülkiyyətçisi dəyişmişdir. Faktiki olaraq o, cavabdehi mənzillə təmin
etmiş, çünki yeni mülkiyyətçilərlə razılığına gəlmişdir. O, 2001-ci ildə Axundova Sevda Mirbaba qızı
ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan iki uşağı anadan olmuşlar. Qızı C.Nəzirova
Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş və ödənişli əyani təhsil alır və bütün xərcləri o
çəkir. Bunları nəzərə alıb, aliment ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.
Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
İddiaçının nümayəndəsi A.Ş.Qulamov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,
məhkəmə qanunvericiliyin tələblərinə riayət etmədən, qətnaməni əsaslandırmadan iddianı rədd
etmişdir. İddianın rədd olunmasının səbəbini indiyə qədər aydınlaşdıra bilmir. Məhkəmə qətnamədə
cavabdehin güya xəstə olmasını qeyd edir. Lakin bunu təstiq edən heç bir sənəd işin sənədlərinə əlavə
olunmamışdır. Bunları nəzərə alıb, Sumqayıt Şəhər Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli
qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını
xahiş etmişdir.
İddiaçının nümayəndəsi A.Ş.Qulamov apelyasiya şikayətinini müdafiə edib, ona oxşar izahat
verib, apelyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
Cavabdeh Z.Ə.Məmmədova və onun vəkili S.R.Əliyeva apelyasiya şikayətinin dəlilləri ilə
razılaşmayıb, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər.
Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin
dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara
görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apelyasiya şikayəti isə təmin edilməməlidir.
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:
İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin etməyərkən,
iddiaçının cavabdehin xeyrinə 100000 AZM ödəməyə öz öhdəsinə götürməsini, həmin məbləğin
hazırda dövriyyədə olan 20 yeni manata bərabər olmasına istinad etmişdir.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və
əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur.
Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası
məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı
ilə mübahisə edilən hissəsi üzrə, apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə
yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən
mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiya
şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
etməsini yoxlayır.
Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Ş.Qulamovun
apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya
şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz
olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci
instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün
riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.
İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətlərindən görünür ki,
iddiaçı N.N.Nazirov S.M.Axundova ilə 15 noyabr 2001-ci ildə nikaha daxil olmuşlar və bu nikahdan
iki uşaqları anadan olmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq
və onlara tərbiyə etmək valideynlərin borcudur.
“Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki,
əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat
səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər
uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün
vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında
yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment
verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın
(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun
qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən
hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını
əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb
edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul
məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə
uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
«Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu» haqqında 30 noyabr
2
2012-ci il tarixli Qanununa əsasən 2013-cü ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış
minimumu 93 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi A.Ş.Qulamovun birinci instansiya məhkəməsi
tərəfindən cavabdehin heç bir yerdə işləməməsi və xəstə olmasının heç bir sübutla təstiq olunmaması
barədə gətirdiyi dəlilə qiymət verərək hesab edir ki, dəlil əsassızdır və qəbul edilə bilməz.
Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş 07 fevral 2014-cü il tarixli 145 saylı arayışdan
görünür ki, Z.Ə.Məmmədova 2 qrup əlildir və pensiyanın məbləği 132 manat 76 qəpik təşkil edir.
Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və
etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə
iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Beləliklə, məhkəmə kollegiyası iddiaçının nümayəndəsi A.Ş.Qulamovun apelyasiya şikayətində
göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar
nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apelyasiya
qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, onun apelyasiya şikayəti təmin edilə bilməz, iş
üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci
maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçının nümayəndəsi Qulamov Ağazahid Şirzad oğlunun apelyasiya şikayəti təmin
edilməsin.
Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 22 noyabr 2013-cü il tarixli 2(060)-4666/2013 saylı
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi
gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Qətnamədən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi
vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə
bilər.
Sədrlik edən: imza
Hakimlər: imzalar
Əsli ilə düzdür,
Sədrlik edən
Gülnarə Tağızadə
3