Yenilənmə tarixi:
2014-cü ilin oktyabr ayı
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin
İQTİSADİ İSLAHATLAR ELMİ TƏDQİQAT İNSTİTUTUNA
RƏHBƏRLİK ETMİŞ DİREKTORLAR
i.e.n. Tofiq HÜSEYNOV
(1975-1976-cı illər)
Tofiq Həsən oğlu Hüseynov 1937-ci il dekabr ayının 27-də
Laçın rayonunun Şəlvə kəndində anadan olmuşdur. 1960-cı ildə K.Marks
adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun (indiki
Azərbaycan Dövlət İqtisad Universiteti) “Sənayenin iqtisadiyyatı”
fakültəsini bitirmiş və “iqtisadçı” ixtisasına yiyələnmişdir. Tələbəlik
illərində İnstitutun komsomol komitəsinin katibi kimi kollektivin ictimai-
siyasi həyatında da fəal iştirak etmişdir.
1961-1964-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Bakı şəhərində
yerləşən 1 saylı Evtikmə kombinatında iqtisadçı vəzifəsində çalışmışdır.
1964-1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və
Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı Elmi Tədqiqat
İnstitutunun əyani aspiranturasını bitirmiş, orada iqtisad elmləri namizədi
elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edərək Bakıya
qayıtmışdır.
1967-1980-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi
yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər
üzrə direktor müavini və institutun direktoru vəzifəsinin icraçısı
olmuşdur.
1980-2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak
Komitəsində şöbə müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə
müdiri işləyir.
T.Hüseynov 20 ildən çox respublikanın mərkəzi idarəetmə
orqanlarında şöbə müdiri vəzifəsində çalışmış, “Fədakar əməyə görə” və
“Əmək veteranı” medalları ilə təltif edilmiş, 1988-ci ildə Azərbaycan
SSR Nazirlər Sovetinin qərarı ilə ona “təşəkkür” elan edilmişdir.
Müstəqillik dövründə “Azərbaycan Respublikasının əməkdar iqtisadçısı”
fəxri adına layiq görülmüşdür.
T.Hüseynov
2009-cu ildən iqtisad elmləri doktorudur.
T.Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr
edilmiş 140-dan çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifi
və həmmüəllifidir. Onun elmi tədqiqat işləri investisiya-tikinti kompleksi
ilə yanaşı, iqtisadiyyatın diversifikasiyası və iqtisadi-sosial səmərəlilik
problemləri ilə bağlıdır.
T.Hüseynov “Azərbaycan Milli Ensiklopediyası”nda məqaləsi
(“Tikinti”) dərc edilmiş müəlliflərdən biridir. Onun əsərlərindən
“Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar, sənayeləşdirmə,
məşğulluq” monoqrafiyasını (“Elm” nəşriyyatı, 2009, Bakı, 24 ç.v.),
“İnvestisiyaların stimullaşdırılması və vergi siyasəti” (“Vergi xəbərləri”
jurnalı, Bakı, 2008, №2, 0,5 ç.v.),“Azərbaycanın milli iqtisadi inkişaf
modeli və onun xüsusiyyətləri” (AMEA, Xəbərlər, Humanitar və ictimai
elmlər seriyası, 2006, №2, Bakı, «Elm», s.47-66 1,3 ç.v.), “Azərbaycanın
iqtisadi durumunun qiymətləndirilməsi və investisiya siyasəti”
(“Dirçəliş-XXI əsr” jurnalı, Bakı, 2006, № 94-95, s.272-284, 1 ç.v.) və
s. Bu kimi məqalələrini xüsusi qeyd etmək olar. Bununla yanaşı,
T.Hüseynovun son illərdə “Azərbaycan”, “Xalq” və “Respublika”
qəzetlərində 21 elmi-analitik məqaləsi dərc edilmişdir. Onun
“Azərbaycanda investisiyalar: gəlirlər, investisiyalar,sənayeləşdirmə,
məşğulluq” adlı monoqrafiyası müəyyən olunmuş qaydada 2010-cu ildə
Dövlət mükafatına təqdim edilmişdir.
T.Hüseynov 1973-cü ildən etibarən yüksək ixtisaslı elmi kadrların
hazırlanmasında da fəal iştirak edir. 1969-cu ildə SSRİ Ali Attestasiya
Komissiyasının qərarı ilə ona “Kapital qoyuluşunun və yeni texnikanın
səmərəliliyi” ixtisası üzrə baş elmi işçi adı verilmişdir.
T.Hüseynovun apardığı elmi-tədqiqat işlərinin yekunlarına həsr
olunmuş təhriri məruzələr AMEA Rəyasət Heyətində, Sənaye və
Energetika Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Dövlət Statistika
Komitəsində, Azərbaycan Respublikassı Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzində yüksək qiymətləndirilmişdir.
T.Hüseynov AMEA İqtisadiyyat İnstitutunda fəaliyyət göstərən
müdafiə şurasının üzvü kimi dissertasiya işlərinin müzakirələrində də
fəal iştirak etmişdir və hazırda da bu fəaliyyətini uğurla davam etdirir. O,
özünün peşəkarlığı, obyektivliyi və prinsipiallığı ilə seçilən iqtisadçı
alimdir.