Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Nurtəkin Atalının həyat yoldaşı İlqar bəyin xalasına Yas Mərasimi keçirdi
Ocaq Yükümlüsü Soylu Atalı: Mütləqimiz, Müqəddəsimiz, Ulu Peyğəmbərimiz Asif Ataya
– İnam Ataya Ali Səcdə ilə “Yas Mərasimi”nə başlayırıq!
Bu gün İlqar bəy və Amaldaşımız Nurtəkin xanımın evində yas mərasiminə toplaşmışıq.
Ünvanımız dar olsa da, bayırdakı insanlarımız da bizi dinləsələr yaxşı olar. Bilək ki, ölüm nədir,
nə baş verib?! İnsan nə deməkdir?! Adətən biz, bir millət olaraq, uzun yüzillərdir ki, yas
mərasimimizdə yalnız şüuraltı bilirik ki, aramızdan bir adam getdi. Yalnız şüuraltı bilmişik.
Yüzillərdir biz öz ölümüzü tamamilə fərqli bir üslubda, fərqli bir dildə torpağa gömürük. Bunu
da biz, bir millətin insanları olaraq, onun ziyalıları, aparıcıları olaraq, əlbəttə, doğru saymırıq.
Millətindən asılı olmayaraq, bütün bəşər övladının, hər bir xalqın öz ölüsünü öz dilində, öz
gələnəklərində torpağa gömməyə haqqı var. Bu gün biz bu evdə hər kəsin anlayacağı bir dildə,
yəni özümüzün dilimizdə yas mərasimi keçiririk. Əgər biz varıqsa, Ocaq varsa, insan sükutla,
yaxud anlaşılmayacaq bir tərzdə torpağa gömülməməlidir. Əminliklə bildiririk, Ocaq varsa,
insanın urvatı da var. Çünki Asif Ata insanı etiqad səviyyəsinə qaldırıb. Hesab edir ki, insana adi
yanaşmaq, onu ötəri, öləri bir varlıq saymaq doğru deyil. Hər bir insan həyata doğuluşuyla
əslində özünü aşkarlamağa gəlir.
Özünün mənasında, mahiyyətində, varlığında olan ali, uca keyfiyyətləri aşkarlamağa gəlir.
Çox vaxt insanlar öz daxili keyfiyyətlərini aşkarlamadan həyatdan gedirlər, torpağa gömülürlər.
Əslində insan niyə gəldi, niyə getdi, bəlli olmur. Elə adamlar olar ki, onun fiziki davamı olmaya
bilər. Amma onun fiziki davamının olmamasını faciə kimi möhürləmək doğru deyil. Çünki insan
təkcə fiziki, bioloji, nəsil artıran bir varlıq deyil, özündə insani keyfiyyətlər daşıyan ruhani
varlıqdır. Hər birimizin ali, gözəl nəyimiz varsa, bizdən sonra qalır. Balalarda qalır, nəsildə qalır,
xalqda qalır. Bax, bunlar bizə əsas verir ki, həyata, dünyaya, gələcəyə ümidsiz baxmayaq. Həyat
davam eləyir, bu gün də bu evdə həm gerçək işıq, həm mənəvi işıq sönməz olsun, davam eləsin
deyirik. İlqar bəyin evində həmin məzmun davam eləyəcək. İnsana münasibət davam eləyəcək.
Ümumən, bizim hər birimizin insana ali münasibətimiz yaranmalı və davam eləməlidir.
İnsan dünyaya fiziki olaraq təbiətdən gəlir. Amma insan həm də xalqdan gəlir, Mənadan gəlir.
Xalqda gözəl nə varsa, onları öz ömründə, öz ruhunda, öz genində gətirir. O, öz ömründə onları
aşkarlayır, təzədən xalqa qaytarır. Xalqdan gəlirik mənaca və xalqa qayıdırıq. Biz fiziki olaraq,
bədən olaraq torpaqdan gəlirik və torpağa qayıdırıq. Məna etibarilə xalqdan gəlirik və xalqa
qayıdırıq. Biz bunu bilirik, bilməliyik. Ona görə də bilirik ki, insan itmir. Bizim üçün faciə,
fəlakət nədir? Biz bilirik ki, fiziki olaraq gerçək varlıq bildiyimiz insanı itiririk. Öyrəşdiyimiz
üzdən, gözdən ayrılırıq. Bu bir kədərdir. Bu kədəri yaşayırıq, yaşamalıyıq. Kədəri yaşamamaq
olmaz. Amma dediyim kimi, insan təkcə bunda məhdudlaşmır. O qurtarmır. Asif Ata həmişə
vurğu eləyərdi görüşlərində, bəzən balaca uşaqlara baxırsan, elə bil min il bundan əvvəlki
babasıdır. Qədim kişilərə oxşayır. O gendir, o ruhdur gəlir. Buna görə ölüm bizim üçün nisbi
məna daşıyır.
Mütləq ölüm yoxdur! Ona görə həyata nikbin baxmalıyıq. Gələcəyə nikbin baxmalıyıq. Həm
də ibrət götürməliyik. Öyrənməliyik ölümdən. İnsan getdi, niyə gedir, hara gedir? Öyrənməliyik,
bilməliyik ki, biz həyata insani əməllərlə məşğul olmağa gəlirik. Xəlqi, bəşəri əməllərlə məşğul
olmağa gəlirik. Gərək böyük məsələləri yaşadaq. Bəsit, balaca, heyvani ömür sürməyək. Bizim
üçün bu ibrətdir. Bizim üçün bu dərsdir. Dərs götürürk ölümdən. Ölümü yamanlamırıq, dərs
götürürük. Bax, indi kədərdən dərs götürmək yönündə mərasim keçiririk və bu mərasimin məğzi,
məzmunu hesab edirəm ki, insanlarımızın qəlbinə çatır, ağlına çatır. Xalqımıza çatır. Əlbəttə, biz
bu söhbəti burda məhdudlaşdırmırıq. Bunu biz istəyirik ki, xalqımız öyrənsin, bilsin.
İndiyə qədər biz bir çox yas mərasimləri keçirmişik. Sizin anladığınız dildə, anladığınız qaydada,
üslubda. Sizin ruhunuza doğma olan bir qaydada. Mən atamı torpağa qoyarkən öz sözümlə
yerdən qaldırmışam. Onun kimliyini ifadə eləmişəm. Niyə gəlir, niyə gedir, nə deməkdir bu?
Mənasını açmışam. Atamın balaları var, nəvələri var, nəticələri var. Fiziki olaraq davam eləyir.
Həm də atam özünəməxsus bir ömür yaşayıb. Özünəməxsus bir qeyrət yaradıb. Özünəməxsus,
xalqdan gələn, bir keyfiyyət aşkarlayıb. Biz atamızı onunla tanımışıq. Gələcək üçün biz ruhani
keyfiyyətlərlə kimimizi, kimliyimizi tanıyırıq. İlqar bəy də bu gün torpağa göməcəyimiz xalasını
ona məxsus ruhani keyfiyyətlərlə davam eləyəcək. Biz İlqar bəyin kədərinə şərik oluruq. Ona
başsağlığı veririk və deyirik ki, evindən işıq əksik olmasın.
Biz zaman-zaman keçirdiyimiz yas mərasimlərində insanlarımızın qədir-qiymətini ifadə
eləmişik. Onlara sevgimizi bildirmşik. Ölənin özünə də bir sevgi var. O ölürsə, o demək deyil ki,
sevgi də onunla bir yerdə ölür. Ölmür! İndi bölgələrdə, Aran Qarabağda bir sıra yas yerlərində
söhbətlər aparıb qurallarımızı tanıdan Günev qardaşımız söz desin.
Günev Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali
Səcdəylə başlayıram sözümə. Mən də bura yığılanların hər birinə başsağlığı verirəm.
Asif Ata həyatın bütün sahələrinə işıq salır. Ona yön verir, təyin verir. Təkcə ölügötürmə
quralı ilə bağlı deyil, həm də toy qaydaları ilə bağlı, dövlət quruluşundan tutmuş, bütünlüklə
cəmiyyətin ruhani nizamını yenidən yaratmaq yönündə. Çünki hər bir kəsə bəllidir ki, həyatda
heç kəs heç nədən razı deyil. Bütün münasibətlərdə hamı narazılıq eləyir. Yenə də qayıdaq bu
məsələylə bağlı. Ayrı-ayrı zaman kəsiyində bir təriqət yaranır, bir qayda yaranır və yeni bir
ölügötürmə quralı tətbiq olunur. Əslində hər şey yönsüz-yöndəmsiz dəyişə-dəyişə gedir,
dəyişdikcə də tənəzzülə gedir. Bəs yaxşı, bunun dəyişməməsi üçün nə eləmək lazımdır? Bax,
ona görə Asif Ata bunu insani bir yönə gətirir. Asif Ata deyir ki, heç bir adət, heç bir ənənə öz
insani, bəşəri, xəlqi mahiyyətində yaranmayıbdır. Ona görə onu dəyişmək olur. Nə qədər
narazıçılıq olsa da dəyişmək olur. Etirazların olmaması üçün məhz insani, xəlqi, bəşəri mənanı
ifadə eləyən qurallar yaranmalıdır. Yas törənlərimizdə saatlarla bizi anlamadığımız bir dildə
moizə dinləməyə məcbur edirlər. Lap bu ibrətamiz bir sözdür, mən onu anlamıramsa, niyə məni
məcbur edirsən, nə haqla məcbur edirsən? Ona görə də həqiqət öz yerini gec-tez almalıdır. Asif
Ata bu fikrə gəldi ki, xalqı öz mahiyyətinə qaytarmaq lazımdır. Bəşər niyə bəşər ola bilmir?
Çünki heç bir xalq öz xəlqi mahiyyətini ifadə eləmir. İfadə eləməsi üçün hər şey başlayır
insandan, insanlıqdan.
Bu ana aramızdan cismən getdi. Amma belə fikirləşmək olmaz ki, bu insan qurtardı. Bunun
arxasında qalanlar var, xatirələr var. Oğlu var, gəlini var, evi var, ətrafı var. Bu, müəyyən bir
dövrdə xatirələrdə yaşayacaq. Ancaq bunun əbədi bir xatirat qazanması üçün insanlığına bərabər
olması gərəkdir. Ona nə qədər yetibsə, bir o qədər xatirələrdə yaşayacaq.
Mən bəzən belə fikrə gəlirəm ki, xalqımızın maariflənməsi üçün yas yerləri həm də bir
auditoriyadır. Çünki orda kənar qayğılardan azad olub bir-birini dinləmək imkanı var. Ruhumuzu
təmin eləyən fikirləri dilə gətiririk. Bax, ona görə də bu qurallarımız xalqımızın həyatına
gəlməlidir ki, özümüzü tanıyaq, xalq olaq, meydana çıxaq.”
Nurtəkin Atalı: Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali
Səcdə ilə sözümə başlayıram.
Atanın bir sözü var, deyir bir insan öləndə dünya əksilir. Həmin insan fiziki varlığıyla ölür,
özünəməxsusluğu ilə, bənzərsizliyi ilə getmir.
Mən vəfat edənimiz haqqında bir neçə kəlmə demək istəyirəm, onun ömrü haqqında. Necə bir
insan olub? Onun uşaqlıq dövrü müharibə illərinə düşüb. Çox çətin uşaqlıq dövrü olub. Analığın
himayəsində yaşayıb. Analığı ilə aralarındakı münasibətlərdən mənə danışırdı, heç də xoş
olmayıb. Deyirdi ki, müharibə dövründə onları silah zavoduna aparırdılar, ora biz çörək yeməyə
görə gedirdik. O qədər aclıq olub ki. 13-14 yaşı olub o vaxt. Gündəlik çörək yemək üçün
Aşqabada gedirmişlər. Həm kömək eləsinlər, həm yemək yesinlər. Yəni bu cür çətin, əziyyətli
bir ömür yaşayıb. Qardaşı hərbçi olub. Onu gedib Aşqabaddan gətirib Azərbaycana. Burda ailə
qurub, burda yaşayıb, buraya da bağlı idi. Mən son 9 ayı onunla bir yerdə yaşamışam.
Əziyyətləri onu qonaqsevər etmişdi. Xeyirxah idi...
Bilirdi ki, mən Ocaq tədbirlərinə gedirəm. Hər hansı bir hadisə haqqında mən öz
münasibətimi deyəndə o deyirdi ki, mənim xeyli yaşım var, təcrübəm var, bilirəm ki, sən bu
hadisəyə münasibəti getdiyin yerdən öyrənirsən. Fərqi hiss eləyirdi və qiymətləndirirdi.
Əlbəttə, aramızdan bir insan gedir, darıxırsan onünçün, çünki onu bir daha görməyəcəksən,
söhbət eləməyəcəksən. Onunla bağlı xatirələr təbii ki, ancaq bizim ömrümüzdə qalacaq. Amma
ömrümüzdən qırağa çıxması, deyildiyi kimi, xalqda qalması üçün insan gərək öz mahiyyətinə
bərabər yaşasın ki, onun əbədi bir ömrü olsun. Bununla belə, o da, sadə xalqın sadə bir
nümayəndəsi idi. Nəyi varsa, əziyyətli bir ömür yaşayan bu insan xatirələrimizdə yaşayacaq...”
İsa Mehdioğlu: Bu gün sizin şahidi olduğunuz bu yas mərasimini, əlbəttə, çoxları birinci dəfə
görür. Çox gərəkli, anlaşıqlı, qəbul olunan bir hadisədir. Müsəlman dünyasının mütəfəkkiri Əl-
Qəzali deyir ki, başa düşmədiyim, qanmadığım duaların, alqışların mənim üçn heç bir mənası
yoxdur. O böyük adamdır, bu sözü deyib.
1400 il keçməsinə baxmayaraq, hələ də İslam dünyası Quranın başqa dildə oxunmasını
qadağan eləyib. 1400 il əvvəldən bu günə qədər İslam dünayasında milliləşmə olmayıb. Bunun
təsirindəndir ki, heç bir xalq milli ruhunda yaşamağa çalışmır. Bunu yönəldən lazımdır. Bunu
əsas götürüb, hətta Quranın öz ayəsinə istinad edərək mən deyirəm ki, bu gün türk xalqından
başlayaraq ortaya çıxan peyğəmbər Asif Atadır. Onun kəlamlarını adam oxuyanda həqiqətən
dünyaya niyə gəlib, niyə getdiyimiz bizə aydın olur. Heç kəs şübhələnməsin deyə mən bunu
dedim. Bu gün biz bu şəxsin ətrafına yığılmışıq. Hər bir insanda Allahın zərrəciyi var. Ona görə
bizim Nəsimimiz də, Nəimimiz də, Mənsur Həllacımız da Ənəlhəqq deyir, yəni haqq məndədir.
Tanrı zərrəciyi məndədir. Tanrılıq imkanı var hamıda. O cümlədən torpağa verəcəyimiz bu
insanda həmin imkan olub. Biz, həmin imkanı daşımış olduğuna görə ölümüzə münasibət
sərgiləyirik.
İlqar: Bütün dostlar, qonşular hamımız yığışmışıq bir yerə. Yaxşı sözlər dediniz onun
barəsində. Mən düşünürəm ki, o, barəsində belə sözlər eşitdiyinə şad olardı. Fikirləşirəm ki, o
bizi eşitsəydi sizə təşəkkürünü bildirərdi. Biz sizinlə onu yaxşı sözlərlə yola saldıq. O, çox yaxşı,
dürüst insan olub. Hesab edirəm ki, bu sözlərə layiq idi...”
Bundan sonra Ölügötürmə Quralları tam olaraq icra olundu. Burada ölünün üstündə oxunan
bəzi izharları olduğu kimi veririk:
“Ölümlə görüş”
(Göylü Atalı oxuyur):
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə
bilməyəcəksən!
Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.
Gözüm, sifətim, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani
biçimimi öldürürsən.
Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə,
əllərim bir başqasına.
Cismimdən heç nə itməyəcək.
Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə
bacara bilməzsən, ölüm!
İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə!
Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım
ölmür!
Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür.
Hərarətli misram, vəcdli ideyam – ölmür!
Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm.
İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən!
Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə
bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də,
Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda
cəmlənib, onları öldürə bilməmisən!
Sən məndə böyüklüyü öldürə bilmirsən, balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən,
keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim
bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdurursan! Mənə oxşayan saysız-hesabsız
körpələr gələcək dünyaya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər!
Naşısan, ölüm!
Elə bildin məni yer üzündən siləcəksən!
Səhv elədin, ölüm.
Mənə Ölüm Yoxdur!
Soylu Atalı: Bu nə deməkdir? İnsan ölümün qarşısında təslim olmur. Həyat davam eləyir.
Varlıq davam eləyir. Varlıq ölmür. Biz də ona görə deyirik ki, varlıq öləndən sonra xalqda,
nəsildə, balalarda davam eləyir.
“Aqibət”
(Yasin Türksoy oxuyur):
İnsanı torpağa basdırdılar.
Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər,
xatirələrini yad etdilər.
Biri dedi: Gözəl ailə başçısı öldü.
O biri dedi: Xeyirxah, xalqsevər öldü.
Digəri dedi: İti, parlaq zəka məhv oldu.
Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.
O biri dedi: İşıqlı mənəviyyat söndü.
Mərhumun
vəfadarlığından,
fədakarlığından,
mətanətindən
doyunca
danışdılar.
Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz
dərəcə artıq idi, onlara sığmırdı. Əslində insanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum
gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o dünyaya, adi
təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, sifətlərə, saçlara,
dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını
daim arayacaq, arayacaqdı.
“Matəm üstə Mütləqlə Təmas”
(İnamlı Atalı oxuyur):
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Yas Mərasimi bitəndən sonra ölü Sonevliyə (qəbirstanlığa) götürüldü. Torpağa gömüldükdən
sonra “Gömmə Mərasimi”nə uyğun söz deyildi. Beləliklə, əvvəldən axıracan Ocağın
“Ölügötürmə Quralı” ilə həyata keçirilən yas-gömmə mərasimi başa çatdı.
Atamız Var olsun!
Yağış Ayı, 35-il. Atakənd.
(noyabr, 2013. Bakı).
Dostları ilə paylaş: |