www.achiq.info
1
21Azər jurnalindan
İsmayil Şəms
Tərcümeyi Halım
Ulu babam Kərbəlayı Ağakişi Qarabağın Şuşa şəhərində doğulub. Onun iki oğlu var idi. Böyüyü Mirzə
Nəcəfqulu, kiçiyi Mirzə Həsən adlanırdı. Onların ikisi də ibtidai məktəbi Şuşada bitiriblər, Mirzə Nəcəfqulu
dini elmləri oxumaq üçün Təbrizə getmiş, oradakı müctehidlərin yanında təhsil alaraq, müctehidlik
məqamına yüksəlib Təbriz ruhanilərindən olan Musəvilər ailəsindən evlənmişdir. Mirzə Həsən isə xoşxətti
və inşası olduğu üçün Tehrana getmişdir. Onun bundan əlavə xoş səsi olmuş və Qarabağda çox məşhur olan
xanəndə Qaryağdıya tay hesab etmişlər. Tehranda Nəsirəddin şah Qacar onun səsini və münşiliyini eşidib,
öz dərbarında xidmətə götürüb. Beləliklə Mirzə Həsən həm şahın nədimi, həm də xüsusi münşisi kimi
xidmət etməyə başlamışdır. Bir necə müddətdən sonra şaha xəbər vermişlər ki, şahın bacısı Mirzə Həsənə
ərə getmək istəyir. Şah qəzəblənmiş və ona məşhur qəcər aşı içirdib öldürtmüşdür.
Mirzə Nəcəfqulu və onun anası bu xəbəri eşitdikdə artıq Təbrizdə qala bilməmiş və ailəsi ilə Qarabağa
qayıtmışdır. Mirzə Nəcəfqulu Şuşadan daha sonra Dağıstandan dəvət edildiyinə görə Qroznıda şiələrin dini
xadimi olmudşur.
Mirzə Nəcəfqulunun oğlu Mirzə Qasım ibtidai müsəlman və rus məktəblərini bitirdikdən sonra Şuşada
yaşayan bir diş həkimi yanında şagird olub bu sənəti öyrənmişdir. Mirzə Nəcəfqulunun digər oğlu Mirzə
Hüseyn də həmin həkimin yanında bu sənəti öyrənmişdir. İran məşrutə inqilabından əvvəl Qarabağda vəba
xəstəliyi yayıldıqdan sonra Mirzə Nəcəfqulu Təbrizli yoldaşı və iki oğlu ilə Təbrizə qayidirlar. Mənim atam
Mirzə Qasım Təbrizə gəldikdə onun 19 yaşı var imiş. Mirzə Nəcəfqulu Təbrizdə , xiyaban məhəlləsində bir
həyət almışdır. Atam və əmim orada diş həkimi işləməyə başiamışlar. Atamın dediyinə görə o zaman
Təbrizdə diş həkimi yox imiş. Hələ məşrutə inqilabı başlamamış, Təbrizdə Məmmədəli Mirzə vəliəhd idi.
O,atamın və əmimin diş həkimi olduqlarini eşidib.onları dərbarda diş həkimi olmağa çağırmış, atama
”Müsənnin Hüzur” və əmimə ”Müsənnin Divan” ləqəblərini vermişdir. Bu zaman Təbrizdə məşrutə inqilabı
başlamışdı. Atam Qafqazdan gəlmiş və Rus vətəndaşı olmasına baxmayaraq inqilabda gizlicə işirak etməyə
başlamışdır.
O, inqilab rəhbərləri, o cümlədən Siqətül-İslam, Mirzəli Davafüruş, Səttarxan, Bağırxan və s. lərlə yaxından
tanış olmuş və inqilabda iştirak etmişdir. Atamın dediyinə görə inqilab rəhbərləri bütün sənədləri bizim evdə
saxlayırdılar.
Mən 1912-ci ildə Təbriz şəhərində doğulmuşam. Lakin, Sovet İttifaqına keçdikdən sonra Tacikistan
www.achiq.info
2
respublikasında mənə pasport verəndə səhv edib doğum ilimi 1914-cü il yazıblar. İbtidai məktəbi Təbrizdə
”Təməddün” məktəbində bitirmiş, orta təhsil üçün Firdovsi adina məktəbə daxil olmuşam. Orada üçüncü
sinifədək ümumi kursda oxuyub, dördüncü sinifdən ədəbi şöbəyə daxil olmuş və bitirmişəm. Atam məni
Tehranda tibb institutuna daxil olmaq üçün göndərmiş, mən isə ali hüquq-siyasi məktəbinə daxil olmuşam.
Atam bildildikdə iki ay mənə pul göndərməmişdir.
Burada qeyd etməliyəm ki, mənim babam Mirzə Nəcəfqulu şair olmuş, fars və azərbaycan türkcəsində
şeirlər yazardı. Türkiyədə nəşr edilmiş Mirzə Məhəmməd Müctehidzadənin tərtib etdiyi Qarabağ şairləri
haqqında ”Riyazül-aşeqin” kitabında mənim babamın şəkli və bir qəzəli verilmişdir. Mən bu kitabı çox
oxuyardım və kiçik yaşlarımdan ədəbiyyatımıza marağım var idi, Oxuduğum zaman Azərbaycan türkcəsi
yabançı hesab olunurdu, bu da mənə çox pis təsir edirdi. Buna görə də atamın dediyinin əksinə olaraq tibb
institutuna getməyib, hüquq-siyasiyə daxil oldum ki, bəlkə bu yolla bu fikrin əleyhinə mübarizə edəm.
Nəhayət, atam Tehranda olan bir neçə dostlarının vasitəsilə mənə pul göndərdi.
Mən iki fakültə bitirdim. Qəzai şöbə və diplomatik şöbələr. Axırıncı kursu bitirən zaman İranın maliyyə
naziri Davər -”Maliyyə nazirliyinin kadrlarını cavanlaşdırıram”- deyə institutu bitirən tələbələrin hamısını
maliyyə nazirliyinə aparmaq fikrini hökumətdə təsdiq etdirdi. Məni Tehran gömrüyündə baş müfəttiş kimi
işə qəbul etdi. Qanun üzrə ali məktəb bitirənə 3-cü rütbənin maaşı verilir. Mənə isə 3 cü rütbədən əlavə
beşinci rütbəni əvəz edən kimi o rütbənin maaşının yarısı qədər əlavə maaş da verilirdi. Bir ay işlədikdən
sonra gömrüyün müdiri doktor Əmini məni çağırıb dedi ki, Şəms sən yaxşı cavansan, səndən əvvəl baş
müfəttiş necə işləyibsə sən də elə et ki, tacirlər səndən şikayət etməsinlər. Mən gedib öz işçilərimdən
məsələnin nə yerdə olduğunu soruşdum.
Mənə dedilər ki, gömrüyə gələn malların müxtəlif tarifləri vardır: ən aşağı tarif, orta tarif və ən yüksək tarif.
Keçmişdə ən yüksək tarif əvəzinə ən aşağı tarif yazılır və baş müfəttişə bir qədər pul verirdilər. Əlbəttə
bunda başçının da payı var idi. Mən bu işi görə bilməzdim. Çünki birinci, mənim aldığım maaşdan əlavə
qaçaq malların əlli faiz pulu da mənə verilirdi. Mən yaşayışıma lazım olan puldan üç bərabər artıq pul
alırdım, rüşvət də almağa ehtiyacım yox idi. İkincisi, atam mənə həmişə deyərdi: oğlum, halal pulla yaşa, bir
qəpik haram pul alsan ömrünün axırına kimi əlini yandıracaq. Buna görə də vicdanla işimi davam etdirdim.
İkinci ay doktor Əmini məni yenə çağırıb dediyi sözü sərt şəkildə təkrar etdi. Mən yenə əvvəlki kimi işimi
davam etdirdim. Üçüncü ay məni işdən azad etdi. Mən işsiz qaldım. Yaxşıdır ki,üç aydan sonra məni hərbi
xidmətə çağırdılar. Hərbi məktəbdə altı ay və qoşun hissələrində altı ay xidmət etməli idim. Gömrükdən
çıxdıqdan sonra bu qərara gəldim ki. əgər bu dövlətə ki, rüşvət almadığıma görə işdən azad edilirəmsə,
xidmət etməyəm.
Hərbi xidmətdə də bir sıra əziyyətlər və hətta milli təhqirlər gördüm. Üç ay Tehranda hərbi məktəbdə
www.achiq.info
3
oxuyandan sonra bizi Tehranın kənarında olan dağlıq düşərgəyə apardılar. Hərbi məktəbə daxil olanda 2ci
gün bizdən hansı hərbi hissəni istədiyimizi piyada, atlı, topxana və ya inşaat hissələrini soruşdular. Mən atlı
hissəsini seçdim. Mənə ”Firuzə” adlı bir at verdilər. Bu hissədə xidmət etmək digər hissələrə görə çətin idi.
Çünki, ata da xidmət etməlisən. Hərbi məktəbdə, şəhərdə atlı hissədə xidmət o qədər də çətin deyildi. Çünki
atlara əsgərlər xidmət edir, əməliyyatdan sonra isə biz atı soyudub tövləsinə aparmalı idik. Lakin yaylaq
düşərgəsində iş çox çətinləşdi. Səhər digər siniflərdən əvvəl durub ata qulluq etməli, qaşovlamalı, sonra isə
səhər yeməyinə getməli idik. Çox vaxt əlimizi yumağa, yeməyə belə vaxt tapmırdıq. Bizim Behbəhani adlı
bir komandirimiz var idi. Bizlərdən hərbirisi əməliyyatda səhv etsəydi, hər gün şaha dua etmək üçün
meydanda toplantı vaxtında azərbaycanlıların hamısı meydanın ortasına çağrılıb, 5 dəfə ”ma tork xərim”
(biz eşşək türkük) ucadan deməli idik. Bunu deməyən 3-5 gün həbsə göndərilirdi. Bu isə Tehran fars dövləti
əleyhinə nifritimi artırırdı. Nə isə, altı aylıq xidməti məktəbdə bitirib, Təbrizə altı ay kiçik leytenant dərəcəsi
ilə göndərildim. Bu xidməti bitirdikdən sonra Tehrana xidmət etdiyim idarəyə getməli idim.
Doktor Əmininin yanına gedərək işləmək istəmədiyimi bildirdim. O isə mənə dedi: Səni başqa yerdə
işləməyə icazə verməyəcəyəm. Mən israr edərək istədiyimi təkrar etdim: Dedi səni Əhvaza gömrük rəisi
göndərirəm.- yox - dedim.
Rizaşah dövründə ali məktəb bitirənləri Azərbaycanda xidmət etməyə qoymur, fars bölgələrinə
göndərirdilər. O mənə dedi səni Təbriz gömrüyünün müavini göndərirəm. Mən yenə qəbul etmədim. Dedi:
get fikirləş, ancaq səni başqa yerdə işləməyə qoymayacağam. Bu zaman atam da Tehranda idi. Xahiş, etdim
ki, tanış həkim dostlarından mənə xəstə olduğum və altı ay müalicə olunmağa ehtiyacım olduğum haqda
arayış alsın. O, iki həkimdən belə arayış alıb mənə verdi. Mən arayışı doktor Əmininin yanına apardım. O, -
mənə baxaraq dedİ:-”doğrudanda sən xəstəsən, get fikirləş. İranda vəkillik dövlət işi yox, azad iş
olduğundan mən Ədliyyə nazirliyindən vəkillik icazəsi alıb Təbrizə gəldim…
Bu, I939 cu il idi. Təxminən iki il Təbrizdə vəkillik etdikdən sonra 1941-ci ilin payızında Sovet qoşunu
Azərbaycana soxuldu. O gün Mərənd şəhərində mühakiməm var idi. Mərəndə getdim, sabahısı gün
mühakimə olmalı idi. Axşam mənə xəbər verdilər ki, Sovet qoşunu sərhəddən keçdi. Qayıtmaq üçün heç bir
nəqliyyat vasitəsi yox idi. Vəkili olduğum adamdan xahiş etdim ki, mənə Təbrizə qayıtmaq üçün bir at
versin, sonra atı qaytararam. Atla səhərədək yol getdim, bütün yolu Sovet təyyarə qüvvələrinin hücumunu,
bomba salmalarını, eləcə də İran qoşununun yüksək dərəcəli zabitlərinin vicdansızlığını gördüm. Sovet
qoşununa qarşı göndərilmiş iran hərbi hissələrinin komandirləri öz əsgəriərini başsız qoyub qaçmış, silahları
isə çölə ataraq pərakəndə olmuşdular. Sovet hərbi təyyarələri isə onları bombalayırdı. Bu mənzərə mənə çox
pis təsir etdi, yolda belə qərara gəldim ki, İran dövlətinin, şovinist fars hökumətinin əleyhinə bütün
qüvvəmizlə qiyam etmək lazımdır.
Sovet qoşunu Təbrizi aldıqdan 13 gün sonra fürsətdən istifadə edərək bir neçə həmfikir yoldaşlarimla
www.achiq.info
4
”Azərbaycan Cəmiyyəti”ni təşkil edib, məşrutə zamanı atamın dostu olmuş Əliqulu Səfərovun nəşr etdiyi
"Azərbaycan" qəzetini həmin forma və quruluşda, atamın mənə vəsiyyətinə əməl edərək cəmiyyətin orqanı
kimi nəşr etməyə başladım. Bu barədə "Azərbaycan" qəzeti haqqında xatirələrimdə geniş danışmışam və
təkrara ehtiyac yoxdur.
Eləcə də cəmiyyətin təşkili, məramnaməsi, fəaliyyəti, cəmiyyətin və qəzetin bağlanması haqqında
xatirələrimdə demişəm.
Cəmiyyət və qəzet bağlandıqdan sonra sovet məmurları tərəfindən Bakıya sürgün olunmuşam, təxminən 7
aydan sonra Təbrizə qayıtmışam. İran hökuməti orqanları tərəfindən təqib olunduğuma görə bir müddət
Təbrizdə və bir müddət Tehranda qeyri-qanuni yaşamışam. Azərbaycan Demokrat Fırqəsi Təbrizdə təşkil
olunandan sonra Haciəli Şəbüstərinin dəvəti ilə Təbrizə qayıdıb məclis nümayəndəsi, firqənin mərkəzi
komitəsi, təftiş komissiyasının üzvü, Təbrizin birinci hovməsinin fəxri sədri, Azərbaycan qəzetinin
redaktoru və daha sonra Milli Məclisin orqanı olan "Azad Millət" qəzetinin məsul redaktoru, Azərbaycan
Ali Məhkəməsinin və müsadirə komisionunun üzvü olmuşam.
1946-cı ildə İran qoşunu Azərbaycana basqın edən zaman fırqənin fəaliyyəti dayandırılmışdı. Mən bir il
Təbrizdə gizlənmiş. təminat məmurları məni axtarıb, atamı, yoldaşımı, qaynatamı dəfələrlə istintaqa çəkmiş
və yerimi soruşmuşlar. Lakin heç bir nəticə əldə edə bilməmişlər. Atamın evində gündüzlər kömür
anbarında gizlənmiş, axşam yemək üçün oradan çıxardım. Aldığımız xəbərə görə yerimi bilmişdilər və məni
tutacaqdılar. Saxta pasportla Tehrana qaçıb altı ay orada qeyri-qanuni şəkildə yaşadım. Artıq orada da qala
bilmədiyim üçün "Tudə Partiyasının rəhbərlərinə və daha sonra Sovet konsulluğuna müraciət edərək, SSRİ-
yə getmək üçün mənə yardım etmələrini xahiş etmişəmsə də nəticəsi olmadı. Axırda bir nəfər qaçaqçı tutub
Türkmənistan respublikası sərhəddindən Sovet İttifaqına keçdim. Tehrandan Sovet ölkəsinə gəlmək
istədikdə Zəncan firqəsində İşləyən Cahid adlı tanışım mənim yanıma gəlib xahiş etdi ki. onu da özümlə
aparım. Mən qəbul etdim. Qaçaqçı Türkmən idi, bizi qatara mindirib, Xəzər dənizinin kənarında olan
Gümüştəpəyə apardı. Bir gün onun evində qaldıq.İkinci gün hava qaralanda biz dənizin sahili ilə sərhədə
tərəf getdik. Dənizi və sahili on dörd gecəlik ay ışıqlandırırdı. Təəcüblüdür ki, sərhəddə nə İran, nə də Sovet
sərhədçilərinə rast gəlmədik. Biz Sovet postuna gedib pənah gətirdiyimizi bildirdik. Bizi itlə və bir neçə
sərhədçilərlə postun zindanına apardılar. Bir gecə qaldıqdan sonra başqa posta və daha sonra Aşqabada
aparıb təhlükəsizlik idarəsinin zindanına saldılar.
Ertəsi gün istintaq başladı. Müstəntiq bir nəfər Türkmən idi. O mənə deyirdi ki, biz irandan, Moskvadan və
Bakıdan sənin haqqında arayış almışıq, tezliklə azad olacaqsan. Lakin iki aydan sonra müstəntiq dəyişildi.
Səhər tezdən məni istintaq üçün apardılar. Müstəntiq Mirzayan adlı bir Erməni idi. Çatan kimi məni stulun
tinində oturdub dedi: sən casussan, indiyə kimi bunu gizlətmisən. Bu gözlənilməz sözü eşidib dedim: casus
sən özünsən ki, məni bu adla töhmətləndirirsən. O məni yumruqla, çəkmə ilə doyməyə başlayıb dedi: etiraf
www.achiq.info
5
et ki, casussan, səni kim göndərib deyib, vurduqca mən təkrar edirdim ki, sən özün casussan. O məni üzüm,
gözüm qanamış şəkildə kameraya göndərdi. İki il boyu orada saxianıldım. Səhər saat 9-da məni çağırır, saat
12-də kameraya buraxırdı. Axsam saat 12-də yenə çağırır saat 3 də buraxırdı. O.dəfələrlə məni
karserə.göndərir, 3- 4 gündən sonra çağırıb tələb edirdi ki, mən casusluğumu etiraf edim. Mən onu söyüb
rədd edirdim. Karser bir nəfərlik, sementli və su buraxılmış bir otaq idi. Oturmaq, yatmaq üçün heç bir şey
yox idi. Bir-iki gün qaldıqdan sonra artıq taqətdən düşüb su buraxılmış sement üstündə oturmalı olurdum.
Buna görə də Türkmənistan təhlükəsizlik zindanında qaldıqdan sonra mənim fəqərə sümüyüm xəstələnib
spandülos xəstəliyinə tutuldum. Bir gün o mənə dedi: "Mən Şuşa erməni-müsəlman döyüşündən qaçmış
ermənilərdənəm. Sənin atan-baban Şuşadan olduğuna görə səndən intiqam alacağam."
1949-cu il Aşqabadın faciəli zəlzələsində mən oranın təhlükəsizlik idarəsi zindanında idim. Bir gün yenə
Mirzayanın əmrilə məni yenə onun yanına apardılar. orada Cahid də var idi. Mirzayan ona dedi;”Şəmsə
sözünü de.” O dedi: Mən Tehranda Şəms olduğu mənzilə getmişdim. Orada iranda olan İngilis səfiri Şəmsin
yanına gəlib tapşırıq vermişdir ki, xüsusi dərmanlarla sovet əhalisini öldürsün. Mən onun boğazından tutub,
xain deyə boğmaq istədim. Mirzayan məni təpiklə vurub əlimdən aldı. Sonra mənim kamerama gətirilən bir
məhbus mənə nağıl etdi ki, Cahid bir il bundan əvvəl Mazandarandan gəlmiş 12 nəfər cavanla tanış imiş.
Həmin 12 nəfər bizdən bir il əvvəl Aşqabada İşləməyə gəliblərmiş. Onları altı ay zindanda saxlayıb
buraxmışlar. Azad olunandan sonra onlardan biri oğurluq etmiş, yenə hamısını tutub ”KQB” zindanına
gətirmişlər., Cahid bir zamanlar Mazandaranda toxuculuq fabrikində işləyərkən bu cavanlarla tanış olubmuş.
Aşqabadda ikinci dəfə zindana düşdükdə Mirzayan onları döyüb, casus olduqlarını onlara etiraf etdirmiş və
onlar Cahidin üzünə duraraq onun casus olduğunu bildirmişlər. Mirzayan Cahidi də döyüb məcbur etmişdir
ki, desin Şəms casus qrupunun başçısıdır.
Aşqabad zəlzələsində biz üç gün ac-susuz. qaldıqdan sonra dördüncü gecə hamımızı dəmiryolu üstündə bir
yük qatarına doldurdular. Yuxarıda dediyim 12 cavan Cahidlə dilləşərək bu qərara gəldilər ki, dustaqları
Türkmənistanın Marı şəhərinə apardıqdan sonra prokuroru istəyib casusluğu dansınlar. Desiniər ki,
Mirzayan onları döyüb casusluğu zorla boyunlarına qoymuşdur. Bir ay yük qatarında qaldıqdan sonra bizi
Marıya apardılar. Məni onlardan ayırıb başqa bir kameraya göndərdilər. 2-3 ay məni dilləndirən olmadı. 3
aydan sonra mənə bir kağız gətirdilər ki imza edəm. Bu Aşqabad məhkəmsinin qərarı idi və mənə icazəsiz.
sərhəddi keçmək töhmətilə üç il həbs vermişdilər. Mən kağızı oxuyub etiraz etdim və yazdım : Sovet Ana
yasası üzrə siyasi mühacirin sərhəddi icazəsiz keçməyə icazəsi vardır. Lakin etirazıma baxmayaraq məni
Tayşetə, oradan Sibirin Bratsk şəhərinə göndərdilər. Oraya ikinci dünya müharibəsində əsir düşmüş Alman,
Avstriya və digər dövlətlərin əsgərləri və eləcə də almanlara əsir düşüb qayıtmış sovet vətəndaşları, eləcə də
sovet quruluşu əleyhinə olan bir çox vətəndaşların saxlanıldığı siyasi, xüsusi düşərgə idi. Bu düşərgədə
olanlar 20-25 il azadlıqdan məhrum olanlar idi. Bu düşərgədəki dustaqlar meşəni qırıb indiki Anqara
elektrik stansiyasına yer hazırlamalıydılar. Düşərgədə olan qarovulçular dustaqlara yaxın gəlmir və onları
www.achiq.info
6
özlərinə yaxın qoymurdular. Çünki dustaqların hamısının əlində balta var idi. Dustaqlar hər neçə nəfər
öldürsə də onsuz da 20-25 ildən artıq cəzası yox idi. Mən savadlı və partiyaçı olduğumu danır. savadsız
fəhlə olaraq işləməyə gələrkən tutulub bura gətirdiklərini deyirdim. Düşərgədə ağır plan var idi. Planı yerinə
yetirən 400 qram qara çörək və 300 qram sliyotka balığı alırdı. Planı yerinə yetirə bilməyən isə 300 qram
çörək, 200 qram silyotka balığı alırdı. Mən planı yerinə yetirə bilmədiyim üçün az pay alırdım. Silyotka
balığı Moskvadan gəldiyi üçün düşərgəyə gəlib çatdıqda iylənirdi. 2-3 aydan sonra xəstələnib qara yara
xəstəliyinə tutuldum. Məni düşərgənin xəstəxanasına göndərdilər. Orada bir Avar millətindən (Şimali
Qafqazdan) olan bir həkim var idi.
O da əsir olub 25 illik həbsə məhkum olmuşdu. O mənə dedi sən savadsız deyilsən, de görüm kimsən? Mən
tərcümeyi halımı ona dedim, O dedi mən sənin üçün Şvernikə bir məktub yazaram, qarovulçuya bir pay
çörək verib xahiş edərəm ki, göndərsin. On beş gündən sonra məni düşərgənin rəisi bir polkovnikin yanına
apardılar. O mənə dedi Moskvadan bir məktub almışıq ki, səndən üzr istəyib, bilet alıb səni Tacikistana
göndərək. Məni yuyundurub, paltar verib sabahısı gün bir zabit qoşub Tacikistana apardılar. Orada məni bir
ay ”KQB” kurortuna göndərdilər. Sonra toxucu fabrikinin ümumi yaşayış evində yer verdilər.
Stalinabadda (indikİ Xocənd) 5 il qaldım. Nəşriyyatda bədii şöbə redaktoru, radio komitəsində rus dilindən
Tacik dilinə tərcüməçi və Tacikistan dövlət universitetində Fars dili müəllimi vəzifelərində işlədim. 1954-cü
ildə Moskvaya getdim və xahişimə görə oradan Aypara cəmiyyəti tərəfindən Bakıya göndərildim. Bakıda
əvvəl ”Kommunist” qəzetində işlədim. Azacıq sonra Azərnəşrdə bədii redaktor vəzifəsinə keçdim. 1960-cı
ildə Azərbaycan Dövlət universiteti tərəfindən ərəb dili müəllimi vəzifəsində işləmək üçün dəvət olundum.
İndiyədək orada işləyirəm. Namizədlik dissertasiyasını müdafiə edərək dosent elmi dərəcəsi almışam. 1972-
ci ildən "Ədəbiyyat və İncəsənət" qəzetində məqalələrim çap olunur. 1956-cı ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüyəm.
Bakıda yaşadığım müddətdə bir çox tərcümələrim, o cümlədən: Özbək ədəbiyyatı antologiyası, Macar
yazıçısı Mor Yokainin ”Sarı gül” əsəri, M.Qorkinin əsərlərinin on birinci cildini, İran şairi Səədi Şirazinin
Gülüstan əsərini, Hüseyn Cavidin əsərlərinin dördüncü cildində Fars məktubları və Məhəmmədəli
Tərbiyətin ”Danişməndane Azərbaycan” (Azərbaycanın görkəmli elm və sənət adamları) və son illərdə
Zərdüştün Avestasının birinci cildi- Qatalar kitablarını hazırlayıb çap etdirmişəm.
Bunlardan əlavə klassik Ərəb dili və qrammatikası haqqında dərslik və məqalalər hazırlamışam.
Bir neçə il Şərqşünaslıq fakültəsinin həmkarlar təşkilatının rəhbəri, Ərəb dili kafedrasının müdirini əvəz
etmişəm. İndi isə 85 yaşım olmasına baxmayaraq, Bakı Dövlət Universitetində Ərəb dilindən dərs deyirəm.
Həyatım boyu gördüyüm ictimai hadisələri bir xatirə olaraq yazmaqdayam.
www.achiq.info
7
Azərbaycan Cəmiyyəti
İstərsə bir cəmiyyətin, istərsə də ayrıayrı şəxslərin həyatında böyük tarixi və inqilabi hadisələrin, yaranması
uzun müddət ardıcıl şəkildə təkrarlanan kiçikkiçik hadisələrin nəhayət partlayış dərəcəsinə çatmasından
ibarətdir. Məni "Azərbaycan cəmiyyəti"ni təşkil etməyə sövq edən gördüyüm və eşitdiyim ədalətsizliklər və.
milii məhrumiyyətlər olmuşdur. Bunlar isə farslar və ruslar tərəfindən yaranmışdır.
Mən ibtidai məktəbi şəxsi məktəb olan "Təməddün" məktəbində bitirmişəm. Məktəb xüsusi mövqeyi olan
bir yerdə yerləşirdi. Təbriz şəhəri iki tərəfdən dağlarla əhatə edildiyinə görə yağış mövsümündə güclü sellər
Quru çay adlanan su məcrası ilə şəhərin ortasından axıb, faciələr törədir və ziyanlar vurardı. Quru çayın
"Qarı körpüsü" adlanan bir körpüsü var idi. "Təməddün" məktəbi bu körpü ilə Seyid Həmzə adlanan məşhur
məqbərəyə doğru uzanan yolun üstündə idi. Bu məqbərədə böyük və tanınmış şəxslər basdırılırdı.
Deyilənlərə görə Xaqani də bu məqbərədə basdırılmışdır. Bu məktəbin şagirdləri Seyid Həmzə
məqbərəsində basdırılanların dəfn mərasiminin şahidi olmuşlar. Bu məqbərədə basdırılanlardan iki nəfərin
dəfn mərasimi mənə böyük təsir qoymuşdur. Birinci Şeyx Məhəmməd Xiyabaninin dəfn mərasimi idi.
Bizim evimiz Xiyaban məhəlləsində Şeyx Məhəmmədin evindən bir qədər uzaqda yerləşirdi. Onun oğlu da
"Təməddün" məktəibində oxumuşdu və onunla dost idik. İkinci, Rizaşah tərəfindən Təbriz qarnizonu rəisi
göndərilmiş Əbdullaxan Təhmasibi tərəfindən öldürülmüş Makı xanın dəfn mərasimi idi. Bu mərasimdə
Makı xanın qatili Təhmasibi boynuna qara şal salıb, qara dəsmalla göz yaşını silərək cənazənin qabağında
gedirdi. Bu isə həm Təhmasİbinin həyasızlığını, həm də Tehran hökumətinin qəddarlığını nümayiş etdirirdi.
Məktəbin mövqe baxımından digər bir xüsusiyyəti də var idi. Məktəbin arxa tərəfində bir meydan var idi və
orada dar ağacı qurulmuşdu yerli hökumət camaatı qorxutmaq üçün arasıra bəzi müqəssirləri orada asardı.
Şagirdlər məktəbin meydana açılan pəncərəsindən asılanlara baxır, işgəncə ilə can vermələrini görərdilər. Bu
isə şagirdlərdə yerli hökumətə qarşı nifrət hissi yaradırdı.
Atamın kitabxanasında osmanlı türkcəsində bir çox kitablar var idi. Kiçiklikdən mənə türkcə oxumağı
öyrətmişdi. Mən "Kont mont kristo" romanını türk dilində oxumuşam. Əhməd Rəfiqin çox cildli tarix
kitabını oxumağa həvəsim var idi.
İbtidai məktəbi bitirdikdən sonra Təbrizdə yeganə orta məktəb olan Firdovsi məktəbinə getdim. Mən o
məktəbdə ilk dəfə olaraq milli məhrumiyyəti hiss etdim. Tehrandan Azərbaycana maarif rəisi göndərilmiş
Möhsüni əmr etdi ki, şagirdlərdən türk dilində danışanın ağzına eşşək noxtası vurub tövlədə bağlasıniar.
Möhsünidən sonra Azərbaycana gəlmiş maarif rəisi Zövqi isə əmr etdi ki, məktəblərdə cərimə sandığı
açıimalı, ana dilində danışan şagird cərimə edilib pulu o sandığa salınmalıdır. Cərimə verməyən şagirdin
əlinə ağac vurmaq lazımdır. Mənim də əlimə bir neçə dəfə ana dilində danışmağım üçün ağac vurmuşlar.
www.achiq.info
8
Zövqi haqqında qəribə bir hadisəni nağıl etmək yersiz düşməz. Bir gün maarif rəisi Zövqi yoxlamaq
məqsədi ilə məktəblərin birinə gedir. O, birinci sinfə girir. Mirzə Qənbər adlı birinci sinif müəilimi farsca
dərsliyi oxuyur və şagirdlərə ana dilində tərcümə edir. Məsələn: nan çörək, xurus xoruz deyir. Zövqi
hirslənərək deyir: ana dilində dərs vermək qadağan edilmişdir, nə üçün ana dilində dərs verirsən. Müəllim
deyir: dərslik fars dilindədir, fars dilini bilmirlər, mən ana dilində onları başa salıram. Zövqi deyir: fars
sözlərini ana dilində yox, əlamətlə, işarə ilə başa salmalısan. Məsələn "nan" sözünü başa salmaq üçün bir
tikə çörək götürüb göstərməlisən. "Xurus" sözünü başa salmaq üçün xoruz kimi banlamalısan. Atam məşrutə
inqilabının iştirakçısı idi. O, çox vaxt bu inqilab haqqında və rusların Azərbaycanda törətdikləri faciələr
haqqında, müsəlmanların müqəddəs günü olan aşura günündə bir çox məşhur məşrutəçilərin ruslar
tərəfindən dar ağacından asılmasından söhbət edərdi. Mən çox kiçik yaşlarımda anamla Şeşgilan
məhəlləsində yaşayan xalamgilə qonaq gedərdim. Yolda rus saldatlarına rast gələrdik. Saldatlar qara çarşablı
qadın gördükdə qamçı ilə vurardılar. Biz qaçıb bir dalanda, ya evin həyətində gizlənərdik.
Beləliklə mən kiçiklikdən ruslara nifrət bəsləyirdim.
Orta məktəbə girdiyim zaman məktəbdə ümumi proqram tədris edilirdi. Lakin sonra proqram dəyişildi və
dördüncü sinifdən yuxarı siniflər iki şöbəyə bölündü: birində dəqiq elmlər və digərində humanitar elmlər
tədris olunurdu. Atam həmişə mənə həkimlik oxumağı tapşırdığına baxmayaraq mən hüquq oxuyub
xalqımın milli hüququnu müdafiə etmək və ədalətsizliklə mübarizə etmək arzusunda idim. Buna görə də orta
məktəbin dördüncü sinfində hümanitar şöbəsinə daxil oldum. Çünki, hüquq fakültəsinə Tehranda ancaq
humanitar şöbəyə bitirmişlər qəbul edilirdi. Orta məktəbi bitirdikdən sonra Tehrana gedib hüquqsiyasi
institutuna girdim. Atam bunu bilib bir ay mənə pul göndərmədi.
Tehranda fars ləhcəsini bilmirdim və fars dilini kitab dan öyrənmiş idim. Buna görə də danışanda başqa
tələbələr mənə gülürdülər. Mən bunu da bir növ milli təhqir hesab edirdim. İnstİtutda nəşr edilən jurnalda
mən "Qanun və insan hüququ nə deməkdir?" adlı bir məqalə yazdım. Ali məktəbdə mənim diplom işim
"Rusların İranda müstəmləkəçi və ekspansionist siyasəti" mövzusunda olmuşdur.
Ali məktəbi bitirərkən institutda tədris edən o vaxtın maliyyə naziri Davər bildirdi ki, o, institutu bitirənlərin
hamısını maliyyə nazirliyinə aparacaqdır. Məni Tehran gömrüyündə işə qəbul etdilər. Mən bir ay bu
vəzifədə işlədikdən sonra gömrüyün rəisi doktor Əmini məni çağırıb dedi: keçmiş işçilər nə ediblərsə sən də
elə et ki, səndən şikayət olmasın. Mən işçilərdən bu haqda soruşdum, dedilər: gömrüyə gələn mala ən aşağı
tariflə dövlət üçün vergi alınar və bir qədər də özü üçün pul alınardı, bu puldan rəisin də payı verilərdi.
Mən məsuliyyətdən qurtarmaq məqsədi ilə hər mala tarif qoymaq üçün laboratoriysiya, mütəxəssisə
göndərərdim və onun yazısı ilə vergi alırdım. İkinci ay yenə rəis məni çağırıb bir qədər ciddi şəkildə əvvəlki
sözləri təkrar etdi. Uçüncü ay isə məndən o vəzifəni aldı. Bir neçə gün sonra mən hərbi xidmətə çağrıldım,
Tehrana hərbi məktəbə oxumağa getdim.
www.achiq.info
9
Hərbi məktəbdə üç ay oxuduqdan sonra bizi Tehranın kənarındakı dağlıq yaylağa düşərgəyə apardılar.
Orada alayımızın komandiri Behbahani adlı bir qatı şovinist fars zabit idi. Alayımızda beş nəfər
azərbaycanlı var idi. Bunlardan biri əməliyyatda səhv etdikdə axşam alay şahı dua etmək üçün meydana
toplaşanda beş nəfəri də meydanın ortasına çıxarıb, ucadan beş dəfə biz eşək türkük deməyi əmr edərdi. Bu
sözü demədikdə düşərgənin zindanına göndərərdi.
Hərbi düşərgədə üç ay qaldıqdan sonra imtahan verib altı ay qalan xidmət müddətimi Təbriz qarnizonunda
keçirməyə göndərildim. Hərbi xidməti bitirdikdən sonra Tehrana işlədiyim yerə getməli idim. Mən isə artıq
dövlətə xidmət etmək istəmirdim. Atamın vasitəsilə həkimdən altı ay müalicəyə ehtiyacım olduğu haqqında
arayış alıb gömrüyün rəisinə apardım. Daha sonra ədliyyə vəkaləti icazəsi alıb Təbrizə gəldim.
Təbrizdə iki il vəkillik etdiyim müddətdə ədliyyə işçilərinin ədalətsizliyi və özbaşınalığı məni Tehran
hökumətinə qarşı daha bədbin etdi. Bundan əlavə Rizaşahın son şahlıq dövründə Tehran rejiminin
Azərbaycana qarşı təzyiqi və milli təhqiri daha da şiddətləndi. Azərbaycanda istehsal edilən bütün azuqə və
taxıl Tehrana daşınır, süni qəhətlik və aclıq yaradılırdı. Azərbaycan ostandarı Müstovfinin Azərbaycan
xalqına qarşı təhqiredici münasibəti məşhurdur. Təbriz qarnizonu komandiri Tehrandan qarnizonun atları
üçün arpa göndərməyi tələb edir. Tehrandan Rizaşahın Mazandarandakı mülklərində bitən qara arpanı
Təbrizə göndərirlər. Qarnizon komandiri Müstovfiyə zəng edərək deyir: atlar bu arpanı yemirlər. O cavab
verir: arpanı göndər, mən bu eşşəklərə yedirdərəm. "Eşəklər" dedikdə o, Azərbaycan xalqını nəzərdə
tuturdu.
Ədliyyə vəkilliyim dövründə bir sıra həməqidə tanışlarımla ara-sıra toplantb Azərbaycanın bu fəlakətli
vəziyyəti haqqında danışırdıq. Sovet qoşunlarının Azərbaycana basqınından iki gün əvvəl mənim Mərənd
şəhərində mühakiməm var idi.
Mərəndə getdiyim günün axşamı mənə xəbər verdilər ki, sovet ordusu sərhəddən keçib Təbrizə doğru
irəliləyir. Təbrizə qayıtmaq üçün heç bir nəqliyyat olmadığına görə mən atla qayıtmalı oldum. Bütün gecəni
yolda olduğum zəman sovet təyyarələrinin yolları bombalamasının şahidi oldum.
Mən yolda belə qərara gəldim ki, ədliyyə vəkilliyindən əl çəkib, fars hakimiyyətinin əleyhinə və Azərbaycan
xalqının hüququnu müdafiə etmək uğrunda çalışam və siyasi bir təşkilat yaradam. Buna görə də rus
qoşunlarının Azərbaycanı işğal etməsindən 13 gün sonra əlliyə yaxın həməqidə yoldaşlarımı Hilal Nasirinin
kitab mağazasının üstündə yerləşən kiçik zalda toplayaraq iclası açdım. Azərbaycanın hazırki vəziyyətindən,
Rizaşah rejiminin Azərbaycan xalqına qarşı təhqiredici münasibətindən danışaraq "Azərbaycan cəmiyyəti"
ünvanında bir təşkilatın yaradılmasını təklif etdim. Bu təşkilatın əsas etibarilə Azərbaycanın ancaq
azərbaycanlılar tərəfindən idarə edilməsi və ana dilinin Azərbaycanın rəsmi dili kimi tnınması prinsiplərini
müdafiə edəcəyini bildirdim. Mənim təkliflərim bir səslə qəbul edildi və yaş etibarilə hamıdan böyük olan
Mirzə Əli Şəbüstəri cəmiyyətin sədri və mən onun müavini seçildik. Məşrutə inqilabı zamanı nəşr edilmiş
www.achiq.info
10
"Azərbaycan" qəzetinin mənim məsul redaktorluğumla Cəmıyyətin orqanı kimi tanınmasını da təklif etdim.
Bu, təklifim də qəbul edildi. Azərbaycan cəmiyyətində keçmiş inqilablarda iştirak etmiş, eləcə də
vətənpərvər ziyalılar, o cümlədən Əli Maşınçı, Hilal Nasiri, Həsən Zəfiri, Mirmehti Çavuşi, Əbdulla Rəhimi,
İsmayıl Pişnamazi və s. fəal iştirak etmişlər. "Azərbaycan cəmiyyəti" və qəzeti ciddi fəaliyyətə başlayaraq
öz məramı haqqında bəyaniyyə nəşr etdi və "Azərbaycan" qəzetinin ilk sayı nəşredildi.
"Azərbaycan cəmiyyətinin" iclasında hazırkı beynəlxalq vəziyyəti nəzərə alaraq teləbatımız qanun
çərçivəsində olsun deyə ilk mərhələdə məşrutə konstitusiyasında qəbul edilmiş və indiyədək həyata
keçirilməmiş əyalət, vilayət, şəhər və kənd əncümənlərinin bərpa edilməsi müzakirə edilərək qəbul edildi.
Cəmiyyət heç bir qüvvəyə və ya dövlətə bağlı olmadığını elan etdi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda sovetlər tərəfindən iki siyasət yürüdülmüşdür: Biri Mircəfər Bağırov
siyasəti və diygəri Moskva Stalin siyasəti.
Bağırov siyasəti iki Azərbaycanı Bağırovun başçılığı ilə birləşdirib böyuk respubulika təşkil etmək idi.
Moskva və Stalinin siyasəti Azərbaycan hərəkatı ilə İran hökumətini qorxudub şimal neftini əldə etmək idi.
Stalin güney Azərbaycanının istiqlaliyyəti əleyhinə idi. Çünki Quzey Azərbaycan da istiqlaliyyət fikrinə
düşərdi. Mircəfər Bağırov Azərbaycan hərəkatından öz xeyrinə istifadə etmək istəyirdi. "Azərbaycan
cəmiyyəti"nin ilk fəaliyyəti dövründə on nəfərdən ibarət Azərbaycan ziyalıları heyətini Bakıya dəvət etdi.
Təbrizə gəlmiş Bakı siyasi hərbi rəhbərləri dolayı yolla Bağırovun nəzərdə tutduğu məqsədi və Sovet
rejiminin təbliğ edilməsini istədilərsə də "Azərbaycan cəmiyyəti" qəbul etmədi və hətta cəmiyyətə və qəzetə
təklif etdikləri maddi yardımı da rədd etdi. "Azərbaycan cəmiyyəti " Quzey Azərbaycanının farslardan
qurtarıb rus boyunduruğu altına düşməyi istəmirdi.
İran dövləti isə Azərbaycan hərəkatının digər əyalətlərə yayımasından qorxaraq "Azərbaycan cəmiyyəti"ni
Cənubi Azərbaycanı Şimali Azərbaycan ilə birləşdirmək istəməkdə töhmətləndirdi və cəmiyyətə "macəraçı"
adı verdi.
Beləliklə İran və rus hökumətləri "Azərbaycan cəmiyyəti" əleyhinə birləşərək onun ləğv edilməsinə
çalışırdılar. 6 ay fəaliyyətdən sonra onun aparıcı rəhbərlərini zorla Bakıya sürgün etdilər.
Azərbaycan Qəzeti
“Azərbaycan" qəzeti ikinci dəfə məşrutə inqilabı dövründə Əliqulu Səfərovun müdiriyyəti ilə çıxmış, birinci
nömrəsi hicri 1325-ci il məhərrəmin 6-da, son nömrəsi 1325-ci il şəvval ayının 6-da nəşr edilmişdir. Qəzetin
www.achiq.info
11
redaktoru Əliqulu hicri 1326-cı ildə vəfat etmisdir. Atam məşrutə inqilabının iştirakçısı olub, Əliqulu
Səfərovla yaxın dost imiş. Bu qəzetin bütün nömrələri atamda var idi. Qəzet dörd səhifədən ibarət idi.
Birinci səhifə fars dilində, 2-3-cü səhifələr azərbaycan dilində və dördüncü səhifə karikaturadan ibarət idi.
Əilqulu varissiz olduğu üçün atam dəfələrlə mənə deyərdi: münasib şərait olduqda bu qəzeti dəvam
etdirməlisən.
Mən Tehranda ali hüquq və siyasi məktəbi bitirdikdən sonra xatirələrimdə yazdığım səbəblərə görə İran
dövlətinə xidmət etməkdən imtina etdim. Ədliyyə vəkilliyi icazəsi alıb, Təbrizə getdim. Sovet qoşunu
1941ci il İrana basqın etdiyindən və Riza şah rejimi devrildikdən sonra fürsətdən istifadə edərək həmfikir
yoldaşlarla biriikdə "Azərbaycan Cəmiyyəti" ünvanilə bir cəmiyyət təşkil edib, "Azərbaycan" qəzetini məsul
redaktorluğumla Cəmiyyətin orqanı etmişəm. Cəmiyyətin ümumi iclasında ən yaşlı inqilabçı Mirzə Əli
Şəbüstəri cəmiyyətin sədri və "Azərbaycan" qəzetinin daxili və maliyyə müdiri seçildi.
Azərbaycan Cəmiyyətinin əsasi şüarı Azərbaycanın nə fars, nə ə rus tərəfindən deyil, bəlkə
azərbaycanlıların öz tərəfindən idarə olunması idi. O zaman müharibə şəraitində Azərbaycanın irandan
ayrılmasına beynəlxalq siyasət yol vermədiyi üçün cəmiyyətin fikrincə Azərbaycan ilk mərhələdə geniş
muxtariyyət eldə etməli, sonra müstəqil olmalı idi. Cəmiyyət Cənubi Azərbaycanın Şimali Azərbaycanla da
birləşməsinin əleyhinə idi. Çünki, onun İran dövləti hakimiyyətindən çıxıb, kommunist rus dövləti
hakimiyyətinə düşməsini istəmirdi. Buna görə də Azərbaycan Cəmiyyəti həm İran, həm də Sovet
hökumətlərinin qəzəbinə tuş gəldi
Azərbaycan Cəmiyyətinin lap ilk dövründə Sovet Kommunist partiyasının köməyi ilə təşkil edilmiş "Tudə"
partiyası tərəfindən Cəmiyyətin ləğv edilməsi ücün ilk təşəbbüs başlandş. Tudə" tərəfindən Riza Rusta
Təbrizə gəlib Əli Şəbüstəri, mən və Badəqanla birlikdə görüşərək təklif etdi ki, Cəmiyyəti ləğv edərək
"Tudə" partiyasına qoşulaq və Təbrizdə Azərbaycanın "Tudə" partiyası şöbəsini təşkil edək. Əli Şəbüstəri və
mən bu təklifin əleyhinə olaraq dedik: İran inqilabı hərəkatı həmişə Azərbaycandan başlanmış, başçıları ya
Tehrana aparılıb öldürülmüs, ya da Təbrizdə üzdən iraq demokrat partiyası üzvü Muxbirüssəltənə tərəfindən
öldürülmüşdür. Badəqan bu təklifin tərəfdarı oldu. Azərbaycan Cəmiyyəti bağlandıqdan sonra
Azərbaycanda "Tudə" partiyası şöbəsinin katibi oldu. Tehran hökuməti Rizaşah dövründə və oğlu
Məhəmmədriza dövründə belə Azərbaycanın taxıl və azuqəsini Tehrana daşıyaraq, Azərbaycanda süni aclıq
yaradırdı. Buna görə də Cəmiyyət təşkil olandan sonra Təbriz şəhərinin darvazalarına adam qoyaraq
şəhərdən azuqə çıxmasının qabağını alırdıq. Buna görə də Cəmiyyətimizin ilk dövründə İran dovləti də
cəmiyyəti və qəzeti bağlamaq fikrinə düşdü. Mən "Azərbaycan" qəzetinin birinci nömrəsini hazırlayıb
mətbəəyə göndərdikdən sonra xəbər gətirdilər ki, təminat (milli təhlükəsizlik) idarəsi tərəfindən mətbəədə
qəzetin çapı dayandırılıb. Bu zaman Tehrandan Fəhimi Azərbaycana ostandar göndərildi. Mən Fəhiminin
yanına gedərək qəzetin çapının dayandırılmasının səbəbini soruşdum. O dedi: siz dövlətin işlərinə qarışır,
Təbrizdən azuqənin çıxmasına mane olursunuz. Mən dedim: əvvəl əhalinin azuqəsini təmin etməli, artıq
www.achiq.info
12
qalarsa Tehrana göndərməlisiniz. O dedi: Biz Tehranda yaşayan azərbaycanlılar üçün Tehrana azuqə
aparılmasına icazə veririk. Mən dedim: Biz bunu qəbul edirik, ancaq Təbrizdə yasayan farslar üçün də siz
Tehrandan azuqə gətirməlisiniz. Biz burada onlara azuqə çatmasının qabağını alacayıq. Bu isə Fəhiminin
xoşuna gəlmədi. O dedi: Mən iki şərtlə "Azərbaycan" qəzetinin nəşrinə icazə verərəm: birinci, qəzetinizdə
mənim gəlməyimi yazmısınız, adımın əvvəlində "cənab" sözünü yazmamısımz, onu artırmalısınız. İkinci
karikaturanı dəyişməlisiniz. (karikatura belə idi: Riza şah ingilislər tərəfindən Fars körfəzindən aparılır. O,
atasını yola salan oğlu Məhəmmədrizaya vəsiyyət edərək deyir: oğlum, ola bilər ki, səni də mənim kimi yola
salarlar. İrandan gedəndə mənim kimi cəvahirlərini və qiymətli şeylərini aparmağı yadından çıxarma.) Mən
Fəhiminin təklifini qəbul etdim. O, təminat idarəsi reisi Sərhəng Seyfə yazdı: "Azərbaycan" qəzetinin
İsmayıl Şəmsin redaktorluğu ilə nəşrinə icazə verilir. Məktubu Sərhəng Seyfə vermək üçün mənə verdi. Mən
qəzetin birinci nömrəsində söz verdiyim dəyişiklikləri etdim, qəzet nəşr olundu.
Son dəfə Azərbaycan Cəmiyyətinin ləğv edilməsi artıq iki tərəfin: həm İran və həm də Sovet məmurlarının
razılığı ilə həyata keçirildi. Cəmiyyətin son günlərində keçmişdə komintern üzvü olmuş və Cəmiyyətdə
iştirak edən Cəfər Əxgəri mənə belə bir xəbər gətirdi ki, Təbrizin taxıl anbarında ancaq bir günlük azuqə
vardır. Bu xəbərin qəzetdə getməsi təhririyyə heyəti tərəfindən də məsləhət görüldü. Qəzetin bu nömrəsi
çıxan günün sabahı təminat idarəsindən bir neçə nəfər və ardınca Əxgəri redaksiyaya gəldilər. Məmurlar
bildirdilər ki, cəmiyyətimizin və qəzetimizin fəaliyyəti qadağan olunur. Əxgəri də heç. bir etiraz etməyərək
onlarla getdi. Sonku hadisələrdən mənə məlum oldu ki, Əxgəri iki tərəfə işləyirmiş. Məsələ belə idi:
Cəmiyyət və qəzet bağlandıqdan sonra mən bir həftə evdən çıxmamışdım. Axşam saat 12-də evin qapısı
döyüldü. Atam qapıya gedib mənə xəbər verdi ki, iki nəfər sovet zabiti səni istəyirlər. Atama dedim: burax
içəri gəlsinlər. Onlardan biri şair Süleyman Rüstəm, ikincisi milli təhlükəsizlik məmuru idi. Onlar mənə
dedilər: bütün şeylərini yığışdır, uşaqlarınla birlikdə Bakıya getməlisən. Mən soruşdum nə üçün?
- Səni öldürərlər, dedilər. Dedim: qoy məni öldürsünlər, mənim iftixarımdır. Bizim danışığımız ucaldı. Atam
səsimizə gəldi. Ona dedilər ki, biz Şəmsi aparmalıyıq. O dedi: mən qoymaram aparasınız. Onlar dedilər,
Təbriz sovet qoşunu ixtiyarındadır. Şəms özü öz ixtiyarı ilə getməzsə, zorla aparacayıq. Sonra dedilər: biz üç
aylığa qonaq kimi aparacayıq. Atam dedi: mən gəlinimi, nəvələrimi qoymaram, Şəmsi aparın, üç aydan
sonra qaytarın. Önlar məni qara maşına mindirib vağzala apardılar. Orada Ə.Şəbüstərini, Mir Mehdi Etimadı
və Biriyanı da gördüm. Hamımızı qatara mindirib Bakıya apardılar, iş üçün hər birimizi bir iş yerinə təhkim
elədilər. Üç ay keçdi, nə ailəmizə məktub yazmağa, nə də ailəmizdən məktub almağa icazə vermədilər. Bizə
məlum oldu ki, bizi tutduğumuz siyasətdən ayırmaq ücün sürgün etmişlər. Şimali Azərbaycan təhlükəsizlik
məmurları bununla da kifayətlənməyib, bizə dedilər ki, şəkil gətirib sovet vətəndaşı olun və həmişəlik
burada qalın. Biz qəbul etmədik. Bizə xəbər verdilər ki, şəkil gətirib sovet vətəndaşı olmasaq, casus kimi
məhkəməyə verəcəklər.
www.achiq.info
13
Məhz kommunist sovet dövləti Azərbaycan xalqının müstəqil olmasına zidd olduğu üçün idi ki, kommunist
rejimi ləğv olunana qədər Cənubi Azərbaycan inqilabı haqqında yazılan kitab ya məqalələrdə Azərbaycan
Cəmiyyətinin adı çəkilməmiş və adını çəkməyə də icazə verilməmişdi. Sovet İttifaqında ömrümün
yarısından çox yaşadığım müddətdə təhlükəsizlik komitəsi məmurları həmişə məni izləmiş və curbəcür
bəhanələrlə məni tora salmaq istəmişlər. "Azərbaycan" qəzetinin 4-cü dövrü Təbrizdə Demokrat firqəsi işə
başladıqdan sonra firqə tərəfindən, əsasən Pişəvərinin rəhbərliyi altında və ilk dövrdə mənim
redaktorluğumla nəşr edilmişdir, lakin qəzetin ilk forması dəyişmişdir.
"Azərbaycan" qəzetinin 5-ci dövrü isə Cənubi Azərbaycanda demokrat firqəsi dağıldıqdan sonra Bakıda nəşr
edildiyi dövrdür.
Bu dövrdə qəzet “Tudənin Azərbaycan şöbəsinin orqanı” adı ilə nəşr edilmişdir.
S,C,Pişəvəri Haqda
Mən Seyid Cəfər Pişəvərini Tehranda "Ajir" qəzetinin redaktoru olduğu vaxtlardan tanımışam. Onun
həyatından “Seçilmiş əsərləri” çıxanadək məlumatım olmamışdır. Bu əsərdə qeyd edildiyi kimi, Pişəvəri
olduqca ağır həyat keçirmiş, kiçik yaşlarından mühacirət etmək məcburiyyətində qalmışdır. Mühacirətdə
çətinliklə yaşadığına baxmayaraq həm oxuyub, həm də əmək fəaliyyəti ilə məşğul olmuşdu. O təkcə elm
öyrənməyə yox, müəllim olub, ağır şəraitdə yaşayan Azərbaycanlı uşaqları tərbiyə etmək, öyrəndiyi elmləri
onlara aşılayaraq Azərbaycan xalqının gələcəyi üçün yararlı kadrlar hazırlamaq həvəsində olmuşdu. 1919-cu
ildə Xırdalan kəndində məktəb təşkil etmişdir.
Öz tərcümeyi halında yazır: "Məktəbi bitirdikdən sonra müəllim oldum. Təhsil etməyə, kitab oxumağa olan
böyük həvəsim sayəsində iyirmi yaşa çatanadək bütün vaxtlarımı kitabxanalarda keçirdim, tarix, ədəbiyyat
fəlsəfə sahələrinə aid kitablara daha çox həvəs göstərdim. Belə bir mövqedə Birinci dünya müharibəsi və
onun ardınca Rusiya inqilabı baş verdi".
Keçmiş həyatı və dünyada baş vermiş bu hadisələr nəticəsində Pişəvəri inqilabi hərəkata və siyasi fəalıyyətə
başlayıb professional inqilabçıya çevrildi.
Mən 1944-cü ildə "Azərbaycan Demokrat Partiyası" təşkilində S.C.Pişəvəri ilə yaxından tanış oldum. Onun
söhbətləri və çıxışları məni özünə cəlb etdi. "Azərbaycan" qəzeti yenidən nəşrə başladıqda, mən yenidən o
qəzetdə işləməyə başladım. Baş məqalələr haqqında mən Pişəvərinin yanına gedib onunla məsləhətləşməli
idim. O həmişə firqənin irəli sürdüyü prinsipləri və siyasəti qəzetdə geniş şəkildə izah edərək: xalqa
çatdırmağı və bununla inqilabi hərəkatımıza düzgün istiqamət verməyi tövsiyə edərdi.
www.achiq.info
14
S.C.Pişəvəri dönə-dönə deyərdi: "Firqə siyasi, ictimai bir təşkilatdır, xalqı hidayət edə bilər, lakin ona
hökumət edə bilmez. Xalqa hökumət edən təşkilat əncümənlərdir". O bu fıkri ictimaiyyətə düzgün
çatdırmağı tapşırardı.
O həmişə deyərdi: "İndi Azərbaycan xalqının əlinə böyük fürsət düşmüşdür. Bundan istifadə etməmək
xəyanətdir".
İnqilabçı Demokratın Mühacirətdə Ölümü
Memi Dehqaninin ölümü
Bəzən bir kiçik hadısə, yaxud bir kiçik yığıncaq insanı uzaq tarixi günlərə aparır, onda böyük hadisələri əks
etdirir, bir sıra müqayisələr aparmasına və nəticələrə gəlməsinə səbəb olur.
1981-ci il oktyabrın 5-də yaşadığım həyətdə təşkil edilmiş yas mərasimi yuxarıda dediyim yığıncaqlardan
biri idi.
1941-ci ilin Şəhrivər hadisəsindən sonra Təbrizdə "Azərbaycan Cəmiyyəti" təşkil edildi. Cəmiyyətin ətrafına
Tehran hakım dairələrindən ürəkləri dağlı olan mütərəqqi və maarifpərvər şəxslər toplandılar Cəmiyyətin
məram və məqsədi İran Məşrutə Konstitusiyası üzrə qəbul edilmiş əyalət, vilayət, şəhər və kənd
əncümənlərini bərpa etmək, özünü idarə idi. Bu prinsipə İranın bütün əyalətlərində əməl olunmalı idi
Cəmiyyət İrandan ayrılmaq tərəfdarı deyildi, bu məram Azərbaycanın əhalisi tərəfindən böyük sevinc və
məmnuniyyətlə qarşılandı. 1941-ci ildə Cənubi Azərbaycana keçmiş Sovet ordusu və onun siyasi rəhbərləri
cəmiyyətın apardığı hərəkatı dəyişməyə çalışdılar. Bunun. nəticəsində həm İran, həm də sovet hökumətləri
cəmiyyətin və onun, orqanı olan "Azərbaycan" qəzetinin, fəaliyyətinə mane oldular.
Sovetlər tərəfindən Cənubi Azərbaycanda iki siyasət yürüdülürdü. Mir Cəfər Bağırov siyasəti və Moskva
siyasəti. Mir Cəfər Bağırovla Mikoyan arasında böyük rəqabət var idi. Bağırov, iki Azərbaycanı birləşdirib,
Böyük Azərbaycan Respublikası istəyirdi. Moskvanın məqsədi isə Cənubi Azərbaycan hərəkatından istifadə
edərək İran hökumətini qorxudub, şimal neftini əldə etməkdən ibarət idi. Digər tərəfdən, sovet hökuməti ilə
Amerika və İngiltərə hökumətləri arasında neft üstünde rəqabət və çəkişmə var idi. Amerika və İngiltərə
Sovet hökumətini təcavüzkarlıqda töhmətləndirərək, onun ordusunu İrandan çıxarmağa məcbur edir, neft
məsələsindən də əlini kəsmək üçün Cənubi Azərbaycan hərəkatını xalq hərəkatı yox, sünii və sovet
www.achiq.info
15
tərəfindən düzəlmiş bir hərəkat kimi tanıtdırmaq istəyirdi. Bu məqsəd üçün hər cür vasitələrdən istifadə
edirdilər. Buna misal xarici dövlətlərin agenti Qulamhüseyn Rizazadə -nin oktyabr bayramında çıxışı idi.
Nəhayət, Amerika Azərbaycan məsələsini Millətlər Təşkilatında qaldırdı. Beləliklə, Cənubi Azərbaycan
hərəkatı sovetlər tərəfindən yürüdülən və Sovet İttifaqı ilə Amerika və İngiltərə arasında rəqabətin qurbanı
oldu.
“Azərbaycan Cəmiyyəti” bağlandıqdan sonra Azərbaycanda həmkarlar birliyi feal işə başladı. Lakin onun da
fəaliyyətinin qabağı alındı. Azərbaycanda Hizbi- Tudə şöbəsi təşkil edildi.
Həmkarlar birliyində iştirak edənlərin içərisində mən uca boylu, arıq bir adamı görüb onunla tanış oldum. O,
sadəliyi, saf ürəkliliyi və səmimıyyəti ilə məni cəlb etdi, o da zəhmətkeşlərin hüququnu müdafiə etmək
tərəfdarı idi. Onda nə kommunizmə, nə milli hərəkata rəğbət var idi. Azərbaycanda "Demokrat Firqəsi"nin
təşkilindən sonra onun dünya-görüşündə dəyişiklik əmələ gəlmişdi. Özünün etirafina görə, ancaq
Azərbaycan Demokrat Firqəsinin təşkilindən sonra, Pişəvərinin çıxışları nəticəsində o, milli hərəkatın nə
olduğunu və milli hərəkatda ana dilinin əhəmiyyətini başa düşmüşdü. Demokrat Firqəsinə üzv olduqdan
sonra milli azadlığın fəal müdafiəçisi olmuş, bütün ömrü boyu vicdanla bu yolda fəaliyyət göstərmişdir. O,
mühacirət dövründə firqə işçisi olmuş, bütün ömrünü bu yolda sərf etmişdir. Vətən odu daima ürəyində
alovlanmış, arzusuna çatmaq ümidi ilə bütün əziyyətlərə dözmüşdür. Onu, mühacirət dövrünün uzun
çəkməsi sarsıtmışdı. Son nəfəsdə yaxın yoldaşına demişdi: "İranda məndən sonra anadan olmuş qızımın
buraya gəlməsini arzu edirdim. Razıyam ki, mən kor olub, ona baxa bilməyəm, lakin o, bir dəfə də olsa,
məni görsün". Bu neçə söz mühacirətdə vətən arzusu ilə can verən bir inqilabçının faciəsindən xəbər verir.
Bu inqilabçı mərhum Məmi Dehqani idi. Onun bu vəziyyətdə ölümü soydaşlarımızı həddən artıq
kədərləndirdi.
Adətən keçmişdə firqə yoldaşlarından bir nefer vəfat etdikdə, bütün yoldaşlara xəbər verilir və hamı onun
yas mərasiminde iştirak edirdi. Məmi Dehqani vəfat etdikdə firqəçilərdən onun cənazəsini ancaq bir neçə
nəfər götürmüşdülər. O belə vəsiyyət etmişdi: "Məni Qubada dayımın yanında basdırın, orada mənə yas
tutun".
Bu gün onun vəfatından yeddi gün keçir. Mən bu mərasimdə iştirak etdim. Orada toplananların müxtəlif
söhbətləri və dünyagörüşləri məni çox uzaqlara apardı, bir sıra mübahisələrin və nəticələrin yaranmasına
səbəb oldu. Ola bilər ki, uzun sürən mühacirət dövrü onlarda müxtəlif əhvali-ruhiyyə, müxtəlif xislətlər
yaratmışdı. Təəsüf ki, inqilabi hərəkatda bu kimi hadisələrdə olur.
5 oktyabr 1981-ci il
Dostları ilə paylaş: |