10 noyabr 2016-cı il İş № 1(106)600/2016 Şirvan
şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov
Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Dosiyev Amil
Qaraxan oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi ilə,
dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu, məhkum edilmiş şəxs Mirzəyev Kənan
Ələkbər oğlu və onun müdafiəçisi Əbdurəhmanov Kənan Səfər oğlunun,
zərərçəkmiş şəxs Hüseynova Sədaqət Oktay qızı və onun nümayəndəsi İbrahimov
Tağı Məmməd oğlunun iştirakları ilə, Mirzəyev Kənan Ələkbər oğlunun
Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum edilməsi barədə
Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 1(073)-80/2016 saylı
hökmündən zərərçəkmiş şəxs Hüseynova Sədaqət Oqtay qızı tərəfindən verilmiş
apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq
məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDI:
Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 1(073)-80/2016
saylı hökmü ilə (Hakim: Quliyev Mirələm Qoçu oğlu)
29.10.1983-cü ildə Cəlilabad şəhərində anadan
olmuş, Azərbaycan Respubikası vətəndaşı, evli, orta
təhsilli, fərdi əməklə məşğul olan, məhkum
olunmamış, Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi ev
59 A-da qeydiyyatda olan və orada yaşayan,
barəsində başqa yerə getməmək haqqında iltizam
qətimkan tədbiri seçilmiş Mirzəyev Kənan Ələkbər
oğlu
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli
bilinib aylıq qazancının 20 %-i dövlət xeyrinə tutulmaqla 1 (bir) il müddətə islah işləri
cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəkməsi və cəzasının əvvəli
qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanması, barəsində
seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni
qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrası Cəlilabad rayon İcra Bölməsinə
həvalə edilməsi müəyyən edilmişdir.
2
Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli hökmündən
zərərçəkmiş şəxs Hüseynova Sədaqət Oqtay qızı tərəfindən apellyasiya şikayəti
verilmişdir.
İŞİN HALLARI:
Məhkəmənin hökmünə əsasən Mirzəyev Kənan Ələkbər oğlu 04.05.2016-cı il
tarixdə, saat 10:30 radələrində Cəlilabad şəhərində yerləşən 8 saylı məktəb-liseydə
direktor otağında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə
açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət
edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Hüseynova Sədaqət Oktay
qızını vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Hökmdən apellyasiya şikayəti vermiş zərərçəkmiş şəxs Hüseynova Sədaqət
Oqtay qızı göstərmişdir ki, məhkəmə baxışı zamanı müvafiq vəsatətlər verərək ona
qarşı bir nəfərin deyil, iki nəfərin xuliqanlıq hərəkətləri etməsini və bu faktın işdə
olan və məhkəmə baxışı zamanı dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilməsini
əsas gətirərək əməldə daha ağır cinayət tərkibi olduğu üçün yenidən ibtidai
araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş
etmişdir. Vermiş olduğu vəsatət məhkəmədə müzakirə edilərkən çox təəssüflər
olsun ki, məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror hansısa səbəbdən
qanunu deyil təqsirləndirilən şəxsi müdafiə edərək vəsatətin təmin edilməməsini
xahiş etdi.
İşdə olan sənədlərdən və məhkəmədə dindirilmiş şahid ifadələri ilə tam təsdiq
edilir ki, həmin vaxtı Mirzəyev Kənan və Xəqani qardaşları hər ikisi onlara zor
tətbiq edərək xuliqanlıq hərəkətləri etmişlər.
Göstərilənlərə əsasən Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il
tarixli, 1(073)-80/2016 saylı hökmünün ləğv edilməsi barədə müvafiq qərar qəbul
edilməsini xahiş etmişdir.
PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI VƏ İFADƏLƏRİ:
Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs
Mirzəyev Kənan Ələkbər oğlu çıxış edərək, cinayəti tək törətdiyini, məhkəmə
tərəfindən ona təyin olunmuş cəza ilə də razı olduğunu bildirərək, apellyasiya
şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.
Məhkum edilmiş şəxsin müdafiəçisi Əbdurəhmanov Kənan Səfər oğlu çıxış
edərək apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi.
Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs
Hüseynova Sədaqət Oqtay qızı apellyasiya şikayətinə uyğun çıxış edərək əlavə etdi ki,
onun məhkum edilmiş şəxs Mirzəyev Kənan Ələkbər oğluna qarşı şikayəti və tələbi
yoxdur. Lakin ona qarşı xuliqanlıq hərəkəti törətmiş ikinci şəxsin tapılaraq
məsuliyyətə cəlb olunmasını üçün işin ibtidai istintaqa qaytarılmasını xahiş
etmişdir.
3
Apellyasiya instansiyasında məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs
Hüseynova Sədaqət Oqtay qızının nümayəndəsi İbrahimov Tağı Məmməd oğlu
apellyasiya şikayətinə uyğun çıxış edərək, işin ibtidai istintaqa qaytarılmasını xahiş
etdi.
Apellyasiya instansiyası məhkəməsində dövlət itihamını müdafiə edən
Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə
idarənin prokuroru Hüseynov Elnar Əli oğlu, zərərçəkmiş şəxs Hüseynova Sədaqət
Oqtay qızının apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, Mirzəyev
Kənan Ələkbər oğlunun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə məhkəmə tərəfindən düzgün tövsif olunduğunu, birinci
instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsasların
olmadığını göstərərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən
saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.1-ci
maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi
tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun
və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü
yoxlayır.
Azərbaycan Respublikasınin Cinayət Prosessual Məcəlləsinin 397.2-ci
maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki
hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin
və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi
tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi
apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya
protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
Qeyd edilən prosessual normaya görə hökmün və ya qərarın qanuni və əsaslı
olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş
hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-
göstərilməməsindən asılı olmayaraq birinci instansiya məhkəməsinin tətbiq etdiyi
cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı
olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini
yoxlamalıdır.
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin
materiallarını araşdırıb, apellyasiya şikayətlərini müzakirə edərək, məhkum edilmiş
şəxsin, müdafiəçinin, zərərçəkmiş şəxsin, nümayəndəsinin və dövlət ittihamçısının
çıxışını dinləyərək, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin
edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı tarixli hökmü
apellyasiya şikayətinə əsasən dəyişdirilməməlidir.
Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı
sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi
tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun
4
pozuntusuna yol verilməmiş, işə Cəlilabad Rayon Məhkəməsi tərəfindən ağlabatan
müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə
olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların
tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən
məhkum edilmiş şəxs Mirzəyev Kənan Ələkbər oğlunun qanunvericilikdə nəzərdə
tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etmələri üçün kifayət qədər
imkanlar və şərait yaradılmışdır.
Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə
kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki,
Mirzəyev Kənan Ələkbər oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
221.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair həm ibtidai istintaq orqanı, həm də işə
baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət
Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən
məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər
nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin
mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki
hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası
hesab edir ki, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı tarixli hökmü ilə
Mirzəyev Kənan Ələkbər oğlunun əməli Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir.
Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərdiyi
«hadisə yerində olmuş digər şəxsin də cinayət məsuliyyətinə cəlb edilməsinə» dair
dəlilləri qeyri qanuni və əsassız hesab edərək, qeyd edir ki, cinayət prosessual
qanunvericiliyə görə apellyasiya məhkəmə baxışı yalnız təqsirləndirilən şəxslər
haqqında, həm də yalnız onların barəsində məhkəməyə verilmiş ittiham üzrə çıxarılmış
hökmdən və ya qərardan verilmiş apellyasiya protesti və ya apellyasiya şikayəti üzrə
aparılır.
İş materiallarına əsasən müəyyən olunur ki, zərərçəkmiş şəxs Hüseynova Sədaqət
Oqtay qızının apellyasiya şikayətində göstərdiyi digər şəxslərə ittiham verilməmiş və
həmin şəxslər barəsində hökm çxarılmamışdır. Əksinə iş materiallarında olan cinayət
işinin başlanmasının rədd edilməsi barədə 23 may 2016-cı il tarixli qərara əsasən
müəyyən edilir ki, qeyd edilən şəxslər barəsində cinayət işinin başlanması rədd edilmiş,
zərərçəkmiş şəxs həmin qərardan şikayət verməmiş və həmin qərar hal-hazırda
qüvvədədir.
Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxsə cəza təyin edilməsi
məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiyada işə baxan
məhkəmə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə törətdiyi cinayətin
xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, onun
cinayətin törədilməsində iştirak dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran
halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində tələblərinə uyğun
qanuni və ədalətli cəza təyin etmişdir.
Məhkum edilmiş Mirzəyev Kənan Ələkbər oğlunun barəsində cəza təyin
edilməsi məsələsini müzakirəsi zamanı aydın oldu ki, birinci instansiya
məhkəməsində işə baxılarkən Mirzəyev Kənan Ələkbər oğlunun əməlindən peşman
5
olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə
törətməyən cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır.
Mirzəyev Kənan Ələkbər oğlunun əməlində cəzasını ağırlaşdıran hal müəyyən
edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr
tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il
tarixli 04 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir
konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,
cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət
Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz
təmin etməlidirlər.
Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə
cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli
tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin
şəxsiyyətinə uyğun olmalıdır.
Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə
təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə
alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə
ədalətli cəza təyin edilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 58.3-cü maddəsinə görə
cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,
təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla
yanaşı, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat
şəraitinə təsiri nəzərə alınır.
Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən normaların tələbləri baxımdan
birinci instansiya məhkəməsi düzgün olaraq məhkuma cəza təyin edərkən onun
yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş orta həddə yaxın
azadlıqdan məhrum edilməklə islah olunması qənaətinə gəlmişdir.
Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci
maddəsinə
görə
apellyasiya
instansiyası
məhkəməsi
birinci
instansiya
məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya
apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə
haqlıdır.
Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs
Hüseynova Sədaqət Oqtay qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin
edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı il tarixli, 1(073)-
80/2016 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin 397.1, 397.2, 398.1, 398.1.1, 407 və 408-ci maddələrini rəhbər tutaraq
Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası,
QƏRARA ALDI:
6
Mirzəyev Kənan Ələkbər oğlunun Azərbaycan Respublikası CM-nin 221.1-ci
maddəsi ilə məhkum edilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr
2016-cı il tarixli, 1(073)-80/2016 saylı hökmündən zərərçəkmiş şəxs Hüseynova
Sədaqət Oqtay qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Zərərçəkmiş şəxs Hüseynova Sədaqət Oqtay qızı tərəfindən verilmiş
apellyasiya şikayətinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2016-cı
il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir.
Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu
maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin
kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən:
Ələsgər Novruzov
Hakimlər:
Zəki Babayev
Amil Dosiyev
Dostları ilə paylaş: |