XV
Andrey Yefimıç meşşanın Belovanın üçpəncərəli evində yaşayırdı.
Evin mətbəxdən başqa üçcə otağı vardı, küçəyə pəncərəsi olan iki otağı
doktor tutmuşdu, üçüncü otaqda və mətbəxdə isə Daryuşka və üç uşağı
ilə bərabər Belova olurdu. Bəzən ev sahibəsinin yanına oynaşı gəlirdi,
bu, sərxoş bir mujik idi, gecələr səs-küy salır,uşaqları və Daryuşkanı
qorxudurdu. Bu mujik gələndə mətbəxdə oturub araq istəyir və hamının
yerini dar edirdi, ona görə doktor ağlayan uşaqlara yazığı gəlib, onları
öz yanına alır və döşəmə üstə yatırdırdı, bu hal ona böyük zövq verirdi.
Doktor qabaqkı kimi saat səkkizdə durur və çay içəndən sonra öz
köhnə kitab və jurnallarını oxuyurdu. Təzələrini almağa mümkün yox
idi. Kitablar köhnə olduğundanmı və ya bəlkə şərait dəyişdiyindənmi,
mütaliə əvvəlki kimi onu cəlb etmir və yorurdu. Vaxtı boş keçməsin
deyə, kitabları üçün müfəssəl kataloq düzəltmişdi, onların kötüklərinə
nömrə yapışdırardı, bu mexaniki və zəhmətli iş ona mütaliədən maraqlı
gəlirdi. Yeknəsəq və zəhmətli iş onun fikirlərini anlaşılmaz bir surətdə
oxşayırdı, o heç bir şeyin fikrini çəkmirdi, vaxt da sürətlə gəlib
keçirdi.Hətta mətbəxdə oturub Daryuşka ilə kartof soymaq və ya darı
arırmaq ona maraqlı gəlirdi. Şənbə və bazar günləri kilsəyə gedirdi.
Divar dibində durub gözlərini süzür, nəğməyə qulaq asır və atası, ailəsi,
universitet, din haqqında düşünürdü; özünü sakit, kədərli hiss edirdi,
sonra kilsədən gedərkən ibadətin belə tez qurtardığına heyifsilənirdi.
O, söhbət etmək üçün iki dəfə xəstəxanaya, İvan Dmitriçin yanına
getmişdi. Lakin İvan Dmitriç hər dəfə onu çox həyəcanlı və qəzəbli
qarşılamışdı; Andrey Yefimıçdan ona rahat buraxmasını xahiş etmişdi,
çünki boçboğazlıq çoxdan bəri onun zəhləsini tökmüşdü, o deyirdi ki,
çəkdiyi olmazın əziyyətlər qarşısında bu əclaf və alçaq adamlardan
yalnız bircə mükafat istəyir – onu təkbaşına dama salsınlar. Olmaya
bunu da ona çox gördülər? Andrey Yefimıç hər iki dəfə onunla
xudahafizləşərkən gecəniz xeyrə qalsın deyəndə, o, donquldanıb
demişdi:
-
İzalə
ol
başımdan!
İndi Andrey Yefimıç iki yol arasında qalmışdı; bilmirdi ki, bir də
onun yanına getsin, ya yox? Getməyi arzu edirdi.
Əvvəllər Andrey Yefimıç nahardan sonra otaqları gəzib düşünürdü,
indi isə nahar zamanından axşam çayınadək divanda üzü divara
uzanaraq xırda-xuruş fikirlərə dalırdı və bu fikirlərə heç cür qalib gələ
bilmirdi. İyirmi ildən artıq xidmət qarşısında ona nə bir təqaüd, nədə
birdəfəlik maddi yardım göstərmədikləri ona bərk təsir etmişdi. Əlbəttə,
o, namusla işləməmişdi, lakin təqaüdü, namuslu oldu-olmadı, hər bir
qulluqçu alır. Müasir ədalət məhz bundan ibarətdir ki, rütbə ilə, ordenlə
və təqaüdlə insanın əxlaqi keyfiyyəti və qabiliyyəti deyil, ümumiyyətlə
hər cür xidmət təltif edilir. Bəs nə üçün təkcə o, istisna təşkil etsin?
Pulu heç yox idi. Dükanın qabağından keçməyə və ev sahibəsinin
gözünə görünməyə utanırdı. Pivə üçün artıq otuz iki manat borc
yığılmışdı. Meşşan Belovaya da borclu idilər. Daryuşka köhnə
paltarlardan və kitablardan satır və ev sahibəsinə yalan söyləyirdi ki,
guya doktor bu yaxınlarda böyük pul alacaqdır.
Yığmış olduğu min manatı səyahətə xərclədiyinə heyifsilənirdi. Bu
min manat belə gündə onun üçün böyük iş görərdi! Adamlar onu dinc
qoymurdular. Xobotov öz xəstə iş yoldaşını hərdənbir yoluxmağı özünə
borc bilirdi. Andrey Yefimıç onun hər şeyindən: tox sifətindən, pis,
təvazökar
danışığından, “iş yoldaşı” deməsindən, uzunboğaz
çəkmələrindən zəhləsi gedirdi, ən iyrənc şey də o idi ki, o Andrey
Yefimıçi müalicə etməyi özünə borc bilirdi və doğrudan da onu
sağaltmaqda olduğunu güman edirdi. Hər dəfə gələndə özü ilə bir şüşə
bromlu kalium və ravənd həbi gətirirdi.
Mixail Averyanıç da öz dostunu yoluxmağı və onu əyləndirməyi
özünə borc bilirdi. Hər dəfə Andrey Yefimıçın yanına gələndə saxta
açıq-saçıqlıqla danışır, zorla qəhqəhə çəkir və doktoru inandırmağa
başlayırdı ki, şükür Allaha, bu gün rəngi durudur, bundan sonra halı
daha yaxşı olacaq. Bundan belə nəticə çıxarmaq olardı ki, o öz
dostunun halını ümidsiz hesab edir. Varşavada aldığı borcu hələ
qaytarmadığı üçün bərk xəcalət çəkirdi, ona görə də özünü o yerə
qoymayaraq, daha ucadan qəhqəhə çəkir və gülməli söhbətlər edirdi.
Danışdığı lətifələr və hekayələr istər Andrey Yefimıça, istərsə də özünə
indi tükənməz və darıxdırıcı görünürdü.
Andrey Yefimıç həmişə onun hüzurunda divana uzanıb üzünü
divara çevirir cə canını dişinə tutub dostunun boşboğazlığını dinləyirdi,
qəlbi acıqla dolurdu və hər dəfə dostu gedəndən sonra bu acıq getdikcə
artır və sanki boğazını tıxayırdı.
Xırda fikirləri başından qovmaq üçün tez düşünməyə başlayırdı ki,
o özü də, Xobotov da, Mixail Averyanıç da gec-tez məhv olub gedəcək
və özlərindən sonra heç bir iz-əsər buraxmayacaqlar. – Əgər milyon il
bundan sonra fəzada yer kürəsi yanından bir ruh uçub keçsə, ehtimal ki,
yerdə gil və çılpaq qayalarından başqa heç bir şey görməyəcəkdir. Hər
şey – mədəniyyət də, əxlaq qanunu da – məhv olub gedəcək və hətta