Vilayət bağçası beşİncİ cİld


İslam inqilabı - yeni mədəniyyətin yaranması10



Yüklə 356,08 Kb.
səhifə7/22
tarix08.09.2018
ölçüsü356,08 Kb.
#67239
1   2   3   4   5   6   7   8   9   10   ...   22

İslam inqilabı - yeni mədəniyyətin yaranması10

Bismillahir-Rəhmanir-Rəhim.


Şübhə yaratmaq - düşmənlərin siyasəti

İstəyirdim məclisi əziz tələbələrin sualları ilə başlayım. Çünki insan üçün ən gözəl işlərdən biri budur ki, öyrənmək, soruşmaq və bilmək tərənnümü olan gənclər bir şey soruşsunlar və insan öz məlumatları daxilində cavab versin, inkişafa həvəskar olan gəncin zehnindəki sual və şübhələrin bir qədər aradan qaldırılmasına kömək etsin. Xüsusən də bilirik ki, şübhə yaratmaq İslam Respublikası ilə mübarizə aparan mərkəzlərin əsas siyasətlərindən biridir. Şübhə yaratmağın və beyinlər üçün kor nöqtə icad etməyin özü bir siyasətdir. Buna görə mən əsas vaxtı yenə də suallara cavab verməyə ayıracağam. Vaxt sarıdan da məhdudiyyət yoxdur. Bacardıqca, sizin və mənim çox yorulmamıza qədər bunu davam etdirməyə hazıram. Lakin əsas məsələlərdən bir-ikisi var. Əminəm ki, siz əziz gənclər də bunlarla maraqlanırsınız. Buna görə əvvəl bu iki məsələ barədə söhbət edirəm və sonra suallara cavab verəcəyəm.


Tələbə və mənəviyyat

Sizin məclisinizin ab-havası bizim üçün çox xoşagələn olduğundan, burada paklıq, mənəviyyat və gənclik işığı duyulduğundan, əsl sözümü başlamazdan qabaq mənəvi məsələlərə təmayül haqqında bir qədər danışmaq istəyirəm. Mən ən təqvalı və ən nurlu gəncləri bəzi vaxtlarda tələbələrin arasında görmüşəm. On doqquz, yaxud iyirmi yaşlı bir gəncin xatirəsini yaddan çıxarmıram. Mən şəhadətindən sonra onun vəsiyyətnaməsini gördüm. O öz dövrünün tanınmış alimlərindən və təqlid müctəhidlərindən birinin nəvəsi idi. Həmin təqlid müctəhidi və məşhur alim irfan, mənəviyyat və tövhid adamı sayılırdı. Gəncin vəsiyyətnaməsini oxuyanda anladım ki, bu on doqquz-iyirmi yaşlı tələbə gənc hər bir arifin və həqiqət axtarışında olanın arzu etdiyi hüzur, irfan, mənəvi və ruhi pərvaz halətinə çatmaqda özünün 60-70 il bu yolda zəhmət çəkmiş müctəhid və arif babasından irəli olmasa da, geridə deyil. Düzdür, bu halət həmişə və hamı üçün qarşıya çıxmır. İnsanın mücahidlik etdiyi, yüksəldiyi hərəkətə maneçilik törədən “mən”i ayaq altında tapdayıb öz heyvani xüsusiyyətlərindən imtina etdiyi bir şəraitdə qəflətən bir gənc üçün belə bir pərvaz qarşıya çıxır. Hər halda, biz tələbə gənclər arasında belə nümunələr görmüşük. Bu bir nümunədir. Digər nümunələri də mən uzaqdan-yaxından müşahidə etmişəm.


Maddi və mənəvi sahələrdə gəncin qüvvəsi və həvəsi

Demək istəyirəm ki, idman yarışlarında siz gənclərin qüvvəsi və həvəsi bir qocadan artıq olduğu kimi, mənəviyyat rəqabətində də bacarığınız bir qocadan artıqdır. Yəni mənim və sizin indi qaçış yarışı keçirdiyimiz təqdirdə, şübhəsiz, sizin məndən irəlidə olacağınız kimi, əgər vahid bir nöqtədən mənəvi dərəcələrə yüksəlmək üçün hərəkət etsək, yenə məndən qabağa keçəcəksiniz. Yəni gəncin qüvvəsi və həvəsi həm maddi, həm də mənəvi sahədə gəncdir. Siz fiziki bir idmanda qocadan güclü, istedadlı olduğunuz kimi mənəvi sahədə də beləsiniz və öndə gedə bilərsiniz. Bunu dəyərləndirin.


Gəncliyin dəyərləndirmənin ən mühüm üsulu

Bəzən “gəncliyi dəyərləndirin” deyəndə başqa yollar təsəvvür olunur. Gəncliyi dəyərləndirmənin ən mühüm üsulu budur ki, gənclikdə olan bu paklıqdan, nuranilikdən və təbii təmizlikdən istifadə edin, nəfsin saflaşdırılması və əxlaq sahəsində irəliyə gedin. Bu inşallah, sizin bütün həyatınızın ehtiyatı olacaq. Yolu da iki məsələyə riayət etməkdir: zikr və tövbə. Zikr – xatırlamaq deməkdir; Allahı, vəzifə və məsuliyyəti, mələkut aləmində Allahın məmurları ilə qarşılaşacağı həssas zamanı və qiyamət gunu Allah qarşısındakı böyük hesabatı yaddan çıxarmamaq. Bu xatırlama çox mühüm məsələdir. Bunun bizim həyatımıza, hərəkətimizə və qərarlarımıza böyük təsiri var.

Kimsə deyə bilər ki, biz cavanıq, hələ ömrümüzdən bir şey keçməyib ki, sizin kimi çoxlu günahlar etmiş olaq və tövbəyə ehtiyacımız olsun. Xeyr, bu, düzgün deyil. Tövbə insanın həmişəlik vəzifəsidir. Ən pak insanlar da tövbə etməlidirlər.

Tövbə Allaha qayıdış deməkdir: səhv yoldan qayıdış, ürəyi Allaha sarı yönəltmək və üzü tamamilə Allah səmtinə tutmaq. İmam Səccaddan (ə) pak olan bir kəs varmı?! Siz, Səhifeyi-Səccadiyyənin əvvəlindən axırına qədər baxın, görün onda necə hal, necə yanğı və necə tövbə gizlənib. İmam Səccad (ə) Allaha-Taalaya belə deyir: “Ey mənim Rəbbim, mən bəzi vaxtlar Sənin fərmanından boyun qaçıran nəfsimə qarşı qəzəbliyəm. Səndən raziyam və nəfsimin Sənə qarşı itaətsizliyinə görə xəcalət çəkirəm”. Bu, İmam Səccadın (ə) raz-niyazıdır.

Mənim əzizlərim! Gənclər! Gəncliyin qədrini bilin. Sizdə mövcud olan bu pak qəlbləri, bu nurluluğu və səmimiyyəti qoruyun. Hətta bəzən bir gəncdən bir xəta baş versə də, günahlar toplanmayana qədər o nurluluq qorunur. Əlbəttə, hər bir günah onun bir hissəsini azaldır. Bunun əlacı tövbədir. Bizim qayıtmağımız və tövbə etməyimiz Allahın məhəbbətini bizə yönəldəcək. Bu məqamları sizin diqqət yetirməniz üçün dedim.
ABŞ-ın inhisarçı böyük güc məziyyətlərindən istifadə etməsi

Mən iki məsələyə toxunmağı münasib bilirəm. Bir məsələ ABŞ-ın və İslam Respublikasının indiki məsələsidir. Bu məsələ çoxlarını düşündürür. Mən bu barədə qısaca danışacağam və sonra siz gənclərlə daha çox əlaqədar olan ikinci məsələni söyləyəcəyəm; yəni bu bir neçə ildə verilmiş və hər yerdən artıq universitetlərlə əlaqəli olan əsaslı şüarlar barədə. Hər yerdən daha artıq universitetlərlə əlaqədar olan məsələ Elm istehsalı və proqramlaşdırma hərəkatıdır; yaxud ümumi şəkildə tələbələrə müraciət olan ədalətsevərlik, yaxud fəsadla mübarizə hərəkatı. Bu bir neçə ildə bir neçə belə şüar verilmişdir. Mən bunlar barədə bir qədər söhbət etmək istəyirəm.


İran və ABŞ

Birinci məsələ barədə qeyd edim ki, ABŞ və onun qarşısında İslam Respublikasının mövqeyi bir strategiya kimi geniş söhbətin mövzusudur. Ümidvaram bu imkanı əldə edim və yenə də bir gənc və daha yaxşı olar ki, tələbə toplantısında bu mövzu barədə danışım. Bu haqda sözüm çoxdur. Lakin bu məclisdə sizlərə demək istədiyim ABŞ-ın indiki vəziyyəti və xüsusən İraq hadisəsindən sonra beynəlxalq səhnədə qarşılaşdığı problem barədədir; həmçinin bəzən birbaşa, yaxud dolayısı ilə onlardan bəzi xalqlara, həmçinin bizə yönələn təhdidlər barədə.

Artıq 10-12 ildir ki, ABŞ dünyanın yeganə böyük gücü kimi tanınmaqdadır. Amerikalılar Sovetlərin süqutundan sonra dünyanın yeganə böyük gücü olduqlarını və dünyanın təkqütblü olduğunu təsbit etməkdə israr etdilər. Onlar bu məntiq əsasında bir mövqe seçdilər. O mövqe budur ki, inhisarçı böyük güc məziyyətlərindən istifadə etsinlər. Düzdür, bu fikir köhnə fikirdir, yeni deyil. Bu, əldə olan siyasi çıxış və sənədlərin məcmusundan və hətta ABŞ-ın siyasi mərkəzlərindən çıxan bəzi məqalələrdən başa düşülür. İnsan görür ki, bu fikir köklü və köhnə bir fikirdir. Lakin dünyanın hər yerində belə avantüralar üçün münasib insanlara ehtiyacları var. Buldozerlə bir binanı uçurmaq istəyəndə də, hər halda, ağılsız və cəsur bir sürücü lazımdır ki, bu buldozeri idarə etsin. Baxmayaraq ki, binanı o yox, buldozer uçurur, amma o da lazımdır. Yaxud filmdə cəsur bir kaskadyor lazımdır. ABŞ-ın indiki prezidentinin seçilməsindən sonra bu şərt həyata keçdi. O təbii şəkildə belə təcavüzkar və avantürist ruhiyyəyə malik adamdır. Onlar dünyada hamıya - həm düşmənlərinə, həm də dostlarına başa salmaq istəyirlər ki, onların beynəlxalq miqyasda özünəməxsus hüquq və tələbləri və bu tələbləri hər hansı yolla həyata keçirmək istəyən inhisarçı böyük gücləri var.
İranın ABŞ üçün əhəmiyyəti

Bu növ baxışın bir hissəsi təbii ki, İrana aiddir. Biz elə ölkələrdənik ki, bu ekstremist baxış bir sahədə bizə də yönəlmişdir. Çünki bu baxışda və siyasi hərəkətdə ABŞ-ın əsas baxışı Orta Şərqədir. Bildiyiniz kimi, Orta Şərq sərvətin və mühüm coğrafiyanın mərkəzidir. Təbii ki, biz də ölkəmizin malik olduğu üstün xüsusiyyətlərlə bu regionda yerləşirik. Nə üçün bu problemdə İran təcavüzkar qüvvənin, mərkəzin, yəni ABŞ-ın diqqət mərkəzindədir? Qeyd etdiyimiz kimi, əvvəla, buna görə ki, İran böyük, sərvətli, çox əhəmiyyətli yeraltı mənbələrə malik böyük bir ölkədir. Dünya səviyyəsində ikinci ən böyük qaz ehtiyatı bizim ölkəmizə aiddir. Çox dəyərli neft ehtiyatı və çoxlu digər yeraltı sərvətlər İrana aiddir. İran çoxlu əhalisi olan həssas coğrafi mövqeyə, Fars körfəzində və Oman dənizində uzun sərhədlərə malik bir ölkədir. Bunların hamısı bir ölkə üçün üstünlüklərdir. Qərbin Orta Asiyaya təxminən yeganə yolu da buradan keçir. Belə təbii dəlillərə görə, təbii ki, bizim ölkəmiz ABŞ-ın diqqət mərkəzindədir. Başqa bir dəlil də İslam Respublikası kimliyidir. Dünyanın bir nöqtəsində elə bir dövlət qurulub ki, zülm və diktaturanın inkarına, beynəlxalq qütblərin iqtisadi, mədəni və siyasi asılılığının inkarına çağırır, demokratiyaya arxalanır, yəni öz xalqı tərəfindən qurulmuşdur. O bütün bu anlayışları da dini, etiqadi və iman təməllərindən alıb, ictimai razılaşmalardan yox. Qərb demokratiyası ilə bizim demokratiya arasında fərq budur. Bu barədə də geniş söhbətə və xüsusi mövzuya ehtiyac var. Dini demokratiya bir dini etiqada əsaslandığından pozulmazdır. Yəni əgər kimsə seçkilərdə saxtakarlıqla, yaxud hansısa bir yolla xalqın nəzərini cəlb edib haqsız olaraq diqqətlərini özünə yönəldə bilsə, misal üçün, yalandan hansısa bir dəyərə malik olduğunu göstərib səs qazansa, dini demokratiya məntiqində heç bir haqqa sahib deyil. Bu üsullar Qərb demokratiyasının təməli olan liberalizm məntiqində isə tamamilə məqbul sayılır. Dini demokratiya din və iman təməllərinə söykəndiyinə görə bu baxımdan daha sərtdir.


Bizimlə ABŞ arasında zəruri təzad

Deməli, zülmü, istismarı, avtoritorizmi, asılılığı və fəsadı inkar etmək dini etiqadlardan qaynaqlanır. Bəllidir ki, dünyanın hər hansı bir yerində beynəlxalq zülmə, avtoritorizmə, xalqların və ölkələrin hüququnun inkarına, müstəqil ölkələrin sərhədlərinə etinasızlığa inanan hər bir kəs bu xüsusiyyətlərə malik bir quruluşa düşmən olar. Təbii olaraq belədir. ABŞ kimi beynəlxalq istismarçılığın və böyük gücün siyasəti və strategiyası öz maraqlarını təmin etməkdir. Digər ölkələrin maraqlarının təhlükəyə düşməsi onun üçün əhəmiyyət kəsb etmir. Dünyada belə müsbət xüsusiyyətlərə malik bir quruluş xüsusən də maraq baxımından ABŞ-ın diqqət mərkəzində olan bir regionda qurulduqda, bəllidir ki, bunların arasında təzad və problemin olması zəruri, mütləq və qaçılmaz bir məsələ olacaq.


İslam inqilabı və yeni mədəniyyətin yaradılması

İslam inqilabı təkcə ölkə daxilində dəyişiklik yaratmadı, bir mədəniyyət yaratdı. Bu mədəniyyət bütün İslam ölkələrində beyinlərdə, xüsusən də gənclərin, ziyalıların və universitet mənsublarının beyinlərində fərqli şəkildə öz təsirini buraxdı. Şübhəsiz, siz İslam ölkələrinin gənc təbəqəsinin inqilaba, imama, İran xalqının dəyərlərinə və müqavimətinə sevgiləri barədə eşitmisiniz. Əmin olun ki, eşitdikləriniz həqiqətdə mövcud olanlardan qat-qat azdır. Bu 21-22 ildə tədricən İslam təfəkkürü, İslam oyanışı və İslama qayıdış düşüncəsi zehinlərdə silinməz bir düşüncə kimi formalaşmışdır.


Dünyada İslam oyanışı

Bir neçə ay bundan əvvəl bir Amerika politoloqu öz tövsiyələrində demişdi ki, İslam ölkələrində demokratiya yaratmaq üçün əsla tələsmək lazım deyil. Çünki əgər bu gün hər hansı bir İslam ölkəsində azad seçkilər keçirilsə, İslam hərəkatları hakimiyyətə gələcəklər. Xalq bunları istəyir. Bu, çox maraqlı etiraf və çox əhəmiyyətli bir sözdür. Deyir ki, İslam ölkələri üçün demokratiya tezdir. Bu söz və bu iddia göstərir ki, İslam oyanışı və İslama qayıdış təfəkkürü - bunun mərkəzi İslam Respublikasında və siz xalqın arasında olmuşdur - bütün dünyaya yayılmışdır. Bu, kiçik dəyər deyil. Bu toxum artıq səpilmişdir. Əgər qlobal güc mərkəzləri və hegemon qüvvələr bu toxumun bitməməsini istəsələr, nə etməlidirlər? Onun ən təbii yolu budur ki, bu toxumu suvaran coşqun bulaqlarla mübarizə aparsınlar. Bu da hegemonizmin İslam Respublikası ilə və bizim ölkəmizlə düşmənçiliyinin səbəblərindən biridir. Bunun izahı sonraya qalsın, çünki hələlik söhbətimiz ABŞ barədədir.


Amerikanın İranla düşmənçiliyi yeni məsələ deyil.

Bu qarşıdurma inqilabdan əvvəl də olmuşdur. Kimsə düşünməsin ki, Amerikanın İranla qarşıdurması yeni bir məsələdir. Xeyr, inqilabın əvvəlindən bu qarşıdurma başlandı. İnqilabın qələbəsindən hələ 3-4 ay ötməmişdi ki, ABŞ Senatı inqilab əleyhinə çox kəskin bir qətnamə qəbul etdi. Düzdür, burada xalq toplandı, mitink keçirdi və dedilər ki, nə üçün müdaxilə edirsiniz? Qısası, inqilabın əvvəlindən bu qarşıdurma mövcud olmuşdur. Lakin nisbətən uzun bir dövrdə Amerikanın İslam Respublikası ilə qarşıdurması daha çox praktik qarşıdurma idi. Praktik qarşıdurma nəzəri qarşıdurmanın əksidir. Sonra bunu izah edəcəyəm.


Amerikanın İranla praktik qarşıdurması

Praktik qarşıdurma - müxtəlif yollarla İslam Respublikasına zərbə vurmağa qalxmaqdır. Praktik qarşıdurma ABŞ Senatının bu qətnaməsindən başlandı. Burada hərbi çevriliş törətdilər. Şəhid Noje bazasının çevrilişi məşhurdur. Mütləq eşitmisiniz və bəlkə məlumatınız da var. Biz bu hadisələrin içində idik. Çox təhlükəli bir hərbi çevriliş idi. Bəzi hazırlıqlar görmüşdülər, amma nəticə əldə edə bilmədilər. Ölkəmizin bank hesablarının dondurulması başqa bir praktik qarşıdurma idi. ABŞ banklarında İran xalqına məxsus olan, o cümlədən İran dövlətinin ticarət dövriyyəsindən və digər çoxlu pullar var idi. Lakin onlar bütün hesabları dondurdular. İnqilab düşmənlərini müxtəlif yollarla təhrik etdilər. Təkcə sağçı inqilab düşmənlərini, yəni şahlıq istəyənləri yox, hətta dolayı yollarla o zamanın solçu cərəyanına aid inqilab düşmənlərini və qrupları da təhrik edirdilər. Bu barədə bizdə sənədlər mövcuddur. Təbəsə hərbi hücum, iqtisadi embarqo, əlaqəni kəsmək, neft alışını dayandırmaq, İraqı mühribəyə həvəsləndirmək ABŞ-ın digər praktik qarşıdurmalarındandır. Biz bir dəfə təhlil edərək deyirdik ki, amerikalılar mütləq iraqlılara yaşıl işıq göstərmiş, sonra da özləri kömək edib demişlər ki, hücum edin. Bir neçə ildən sonra əldə etdiyimiz sənədlərdən məlum oldu ki, təhlillərimiz tamamilə doğru olmuşdur. Sənədlər mövcuddur. ABŞ-ın digər əməli işi Fars körfəzində bizim sərnişin təyyarəmizi vurmaq idi. O hadisədə bizim 300-ə yaxın həmvətənimiz öldürüldü. Onlar həmçinin bizim gəmimizi quldurcasına suda saxladılar. Bunlar ABŞ-ın elə həssas bir mövqedə praktik tədbirləri idi. Prezident olduğum dövrdə mən Birləşmiş Millətlər Təşkilatına getdim, Baş Məclisdə çox güclü çıxış etdim. Bir neçə Avropa telekanalı bu çıxışı canlı yayımladı. Bu çıxışın çoxlu təsir buraxması mümkün idi. Buna görə, həmin gün, yaxud ertəsi günü Fars körfəzində “İran Əcr” gəmisini saxladılar. Biz Nyu-Yorkda idik. Hansı televiziya kanalını açırdıqsa, bu gəmidən və guya onun Fars körfəzində mina qoymaq istəməsindən danışırdılar. Bu həmin çıxışı kölgədə qoymaq üçün idi. Neft platformalarına hücum və digər bu kimi işlər ABŞ-ın növbəti praktik qarşıdurması idi. Bütün bu illərdə daha çox praktik qarşıdurma üzərində dayandılar, siyasi, iqtisadi, yarımhərbi və hətta hərbi işlər gördülər.


ABŞ-ın İranla nəzəri mübarizəsi

ABŞ İslam Respublikasına və İran xalqına qarşı illərlə belə rəftar etdikdən sonra bu nəticəyə gəldi ki, praktik mübarizə kifayət etmir. Onun yanında nəzəri mübarizə və düşməçilik də başlanmalıdır. Nəzəri mübarizə nə deməkdir? Yəni İslam Respublikası ilə etiqadi, mədəni və əxlaqi sahələrdə mübarizə aparmaq. Düzdür, əvvəllər də onların mübarizəsi ciddi idi, lakin onda belə qənaətə gəldilər ki, əsas iş bu olmalıdır. Düşündülər ki, etiqadi mübarizə ilə böyük bir hissəni iflic edib bir maneəni aradan qaldıra, əxlaqi mübarizə ilə İslam Respublikasının əlində olan imkan və silahların bir hissəsini ala bilərlər.


Düşmənin planı haqda məlumat

Düşmənin bizim barəmizdə ümumi planını bilməyimiz bizim müdafiə gücümüzün bir hissəsidir. Bu məsələyə diqqət yetirin. Düşmənin nə düşündüyünü və nə etmək istədiyini bilməmək bizi tədbir görmək və müdafiə olunmaq imkanından məhrum edə bilər. Biz bunu yaxşı bilməliyik. 1994-95-ci illərdən tədricən və artan sürətlə etiqadi-əxlaqi mübarizə başlandı. Mən o zaman bu mübarizənin başlandığını hiss etdim. Ortaya atdığımız “Mədəni-ideoloji hücum” mövzusu bundan irəli gəlirdi. Siyasi, iqtisadi və digər praktik hərəkətlərin yanında mədəni məsələlər sahəsində və mədəni vasitələrlə doğrudan da bir hücum başlandı.


Nəzəri mübarizə və etiqadi hücumda məqsəd

Bu nəzəri mübarizədə və etiqadi hücumda məqsəd aydındır. İslam Respublikası quruluşu isə xalqa arxalanır. Xalq özünün imanı, ruhiyyəsi və etiqadı ilə bu quruluşu sevir və müdafiə edir. Bu amilin İslam quruluşundan alınması, təbii ki, bu ölkə və bu quruluş üçün başında planı olan hər kəsə çox əhəmiyyətlidir. Buna görə gördük ki, 94-95-ci illərdən bu mübarizə günbəgün sərtləşdi. Müxtəlif səviyyələrdə quruluşun etiqad və dəyər təməllərinə zərbə vurmağa başlandı. Hətta inqilabın özünə və onun daha dərin köklərinə, misal üçün, İslama, Aşuraya, Şiəliyə, dinin siyasətdən ayrı olmamasına - bunlar inqilabı idarə edənlərin, ölkə ziyalılarının və bu böyük hərəkətin öncüllərinin qəti düşüncə əsaslarıdır - hərtərəfli və güclü şübhə yağdırmağa başlandı. Seminar və konfranslar təşkil etdilər. Ölkədən xaricdə ixtisaslı jurnallar nəşr etdirdilər və ölkə daxilindəki bazalarından bacardıqları qədər istifadə etdilər. Bəziləri nə etdiklərini anlamırdılar, bəziləri isə anlayırdılar. Bəzi daxili ünsürlər düşmənə necə böyük kömək etdiklərini bilmirdilər. Təəssüf ki, həmin köməklər bu günə qədər də davam edir və düşmənin seçdiyi yol kimi davam edəcəkdir.


Düşmənin əsas planı

Düşməndən gözləmək olmaz ki, özünün qarşı cəbhəsi ilə mübarizə aparmaq üçün seçdiyi yolunu buraxsın. O yalnız ümidsiz olanda, oxu daşa dəyəndə və faydasız olduğunu anlayanda belə edər. Bütün məsələlərdə - istər siyasi, istər etiqadi, istər elmi, istər Fələstin və Hizbullah məsələlərində düşmən şübhə yağdırır. Düşmənin əsas planı nədir? İranı ələ keçirmək və istismar etmək üçün İslam Respublilkası ilə mübarizə. Bildiyimiz və qeyd etdiyimiz kimi, İran bəzi xüsusiyyətlərinə görə hegemon düşərgə və ABŞ üçün olduqca əhəmiyyətlidir.

Digər tərəfdən, daxildə quruluşun xalqa bağlılığını qırmaq vasitəsilə şərait hazırlayırlar. Onların əsas siyasəti budur ki, İslam Respublikası quruluşu ilə xalq arasında əlaqələri qırsınlar, sonra da beynəlxalq miqyasda ictimai rəy formalaşdırsınlar. Nə üçün buna ehtiyacları var? Çünki ABŞ bilir ki, hərbi üstünlüklərinə rəğmən, bu şərait olmadan onun İslam Respublikasına qələbəsi mümkün deyil. Bu, bir həqiqətdir. Hərbi üstünlük hər yerdə son sözü demir. ABŞ hərbi zəfər üçün bu daxili şəraitə ehtiyaclıdır.
ABŞ-ın strategiyası

ABŞ özünün böyük güc olduğunu təsbit etmək və bunun inhisarçı imtiyazından bəhrələnmək istəyir. Bu, strategiyadır. Şübhəsiz, bu strategiya onlardan macəraçılıq və böhran yaratmaq tələb edir. Lakin bunun bir mühüm şərti var. Əgər o olmasa, böhran yaratmağa qalxmırlar. O şərt budur ki, böhrandan uğurla çıxa bilsinlər. Macəraçılıqdan uğurla çıxacaqlarına əmin olmasalar, işə girişmirlər. Çünki öz zərərlərinə bitəcək.


ABŞ-ın məqsədi: qüdrətini artırmaq

Onların məqsədlərindən biri qüdrətini artırmaqdır. Uğursuz macəraçılıq buna ziyandır. İraq müharibəsinin, misal üçün, altı ay, yaxud daha çox çəkəcəyi bilinsəydi, ora hücum baş tutmayacaqdı. Yəni İraqı tutmaq üçün altı ay vaxt itirmək amerikalılara əsla sərf etməzdi. Təbii ki, çoxlu canlı itki verəcəkdilər. Bu işə girişməyin şərti o idi ki, qısa müddətdə bitirə bilsinlər. Bu, İraqda onlar üçün mümkün idi. Əvvəla, xalq bütünlüklə hakim rejimdən küsmüşdü, onu müdafiə etmirdi. Düzdür, amerikalıların tərəfdarı deyildilər. Amerikalılar səhvən elə bildilər ki, İraqa girəndə xalq onların lehinə şüar verəcək. Halbuki belə bir şey yox idi və olmadı. Sonra da İraq rejiminin başçıları ilə ən azı son mərhələlərdə razılaşdılar ki, Bağdad müqavimətsiz təslim olsun. İndiyə qədər dünyanın müxtəlif mənbələrindən bizə çatmış etimadlı xəbərlərin hamısı bunu təsdiqləyir. Buna görə, ABŞ-ın böhran yaratmaq şərti, öz nəzərlərinə əsasən, uğur ehtimalının çox olmasıdır. Uğur ehtimalı az olsa, işə başlamırlar. Əfqanıstanda amerikalılara kömək edən şimal cəbhəsi idi. Əfqanıstanın şimalında çox güclü şəkildə silahlanmış bir təşkilat vardı. Onlar Taliban rejiminə qarşı çıxırdılar. İraqda da, qeyd etdiyim kimi, xalqın rejimlə düşmənlikləri amerikalılara kömək etdi. Amerikalılar harada macəraçılıq etmək istəsələr, bu şəraitə ehtiyaclıdırlar. Ya xalq o quruluşla düşmən olmalıdır, ya arxalanmaq üçün o ölkənin daxilində nizam-intizamlı bir təşkilatları olmalıdır. Bəlkə də hər ikisi onlar üçün lazımdır. Əgər belə olsa, daha sərfəli olacaq. Əks təqdirdə, qələbə ehtimalı yoxdur.


Strateji əhəmiyyətli nəzəri mübarizə

Bunlara əsasən, görün ABŞ-ın İslam Respublikasına qarşı təbliğat fəaliyyətinin və nəzəri mübarizəsi onlar üçün nə qədər əhəmiyyətlidir. Onların buna ehtiyacları var. Xalqı quruluşun əsaslarından ayırmağa ehtiyacları var. Necə ki, xalqı əxlaqi fəzilətlərə etiqadsız etməyə ehtiyaclıdırlar. Bunlar xalqı İslam quruluşundan ayıran, quruluşla xalq arasındakı möhkəm əlaqəni qıran amillərdir. Bu gün bizim düşmənlərimiz bütün qüvvələrini buna səfərbər etmişlər. Əlbəttə, İranda bu işi görmək asan deyil. Bunu amerikalıların özləri də bilirlər. Onlar bilirlər ki, İran nə İraqdır, nə Əfqanıstan və nə də hətta ABŞ-ın dostu olan və özləri də təhdid olunan bəzi ərəb ölkələri. İran əsla bu ölkələrlə müqayisəediləsi deyil. İslam Respublikası çevrilişlə iş başına gəlməmişdir və təkpartiyalı quruluşun məhsulu deyil. İslam Respublikasını xalqın özü qurmuşdur və özü də qoruyur. İslam Respublikasının ən çox tərəfdarları ölkədə böyük əksəriyyəti təşkil edən gənclərdir. İslam Respublikasını müdafiə edən və onun uğrunda dayanan onlardır. Bizim düşmənlərimiz bundan xəbərdardırlar, bunu görürlər və bu onların təhlillərinə təsir edir.


Əsl demokratik quruluş

İslam Respublikası sözün həqiqi mənasında demokratik və xalqa arxalanan bir quruluşdur. 60-70 milyon əhalisi olan bir ölkədə hər il bir seçki keçirilir. Quruluşun rəhbərinin seçkilərindən tutmuş, prezident, parlament və bələdiyyə seçkilərinə qədər hamısı xalqın səsi ilə baş tutur. Düşmən bunun qarşısında gücsüz qalmışdır. Quruluş demokratik və xalqın imanına arxalanan quruluşdur. Təbii ki, xalqla belə bir quruluş və hakimiyyət arasında ayrılıq yaratmaq asan deyil. Xalq məmurların qayğıkeşliyinə inanır. Bilirlər ki, quruluşun yüksək rütbəli məmurları ürəkdən işləyirlər. Düzdür, bəzi yerlərdə bacarırlar, bəzi yerlərdə bacarmırlar. Deməli, İran xalqı ilə problemdə düşmənin uğrunun şərti budur ki, müxtəlif təbliğat vasitələri ilə İslam Respublikası quruluşu haqda yanlış təsəvvür yaratsın. Burada təbliğatın rolu aydın olur; qəzetin, kitabın, dünyada bu şəkildə İrana yönəlmiş və fars dilində proqram yayımlayan radio və televiziya kanallarının rolu. Təbliğatın onlar üçün nə qədər əhəmiyyət kəsb etdiyi bəlli olur. İran əleyhinə diktator və mürtəce bir dövlət təsəvvürü yaratmaq və sivilizasiya düşməni olduğunu göstərmək istəyirlər. ABŞ prezidenti çıxış edir və deyir ki, biz sivil dünyanı müdafiə edirik. Bunlar sivilizasiyanı necə tərif edirlər? Neftdən ötrü İraqa hücum edib bu qədər faciə törətməyin adını sivilizasiyanı müdafiə qoyurlar. Yəni özlərini sivil dünya hesab edirlər və qeyriləri, kim olursa-olsun, qeyri-sivildirlər. Onlar İslam ölkələri, o cümlədən, bizim ölkəmiz barədə həm dünyanın ictimai rəyində, həm də bacardıqları qədər bu ölkələrin öz ümumi fikrilərində belə təsəvvür yaratmağa çalışırlar.


Düşmənin məqsədi: xalqın etimadını qırmaq

Onların ciddi şəkildə izlədikləri məsələlərdən biri xalqın quruluşa etimadını qırmaqdır. Eşitdiyiniz bəzi sözlər təsadüfi deyil. Təsadüfu deyil ki, bəzi şəxslər gəlib İslam quruluşu barədə danışır və quruluşun legitimlik böhranını ortaya atırlar. Xalqın səsi, istəyi və zəhməti ilə, bu qədər səmimi hiss və duyğularla qurulmuş, bu qədər problemlərlə əlbəyaxa olmuş, bütün bu düşmənlik və mübarizələrdən başıuca çıxmış - bunların hamısı xalqın köməyi ilə olmuşdur - bir quruluşu sual altına salmaq və qeyri-legitim olduğunu demək istəyirlər. Bunlar təsadüfi deyil. Bəzi tribunalardan səslənən bu fikirlərin bəzisi xalqın beynində İslam quruluşuna dair mənfi təsəvvür yaratmaq və onların etimadını qırmaq üçündür. Onlar öz məqsədlərinə çatmaq, yəni xalqla quruluş arasında əlaqəni qırmaq üçün bunu edirlər.


ABŞ-ın qəti ehtiyacları

Prinsipial dəyərlərdə tərəddüdə salmaq, problemləri böyütmək, uğurları inkar etmək ABŞ-ın qəti ehtiyaclarındandır. ABŞ İslam Respublikası ilə mübarizədə öz uğruna zəmanət vermək üçün bu amillərə ehtiyaclıdır. Kim bu sahələrdə ABŞ-ın xeyrinə çalışırsa, əslində, ABŞ-ın İran xalqına qarşı məqsədlərini həyata keçirməsinə şərait yaradır. Əlbəttə, bəzi yerlərdə bu təsəvvürə çox qol-qanad verir, ABŞ-ı inkişaf və qələbə halında olan uğurlu bir qüvvə kimi, qarşısındakı cəbhəni isə zəif göstərmək istəyirlər. Bu tamamilə yanlış və yalandır. Bu, ABŞ mediasının təbliğatının məhsuludur. Əsla belə deyil. Səddam rejimi üzərində hərbi qələbə ABŞ-ın İraq və hətta Əfqanıstan məsələsində məqsədinə çatması demək deyil. Düzdür, İraq Əfqanıstandan çox mühümdür. ABŞ-ın İraqdakı problemləri də Əfqanıstandakı problemlərindən qat-qat artıq olacaq. Məsələnin bitdiyini və ABŞ-ın öz məqsədlərinə çatdığını göstərmək istəyirlər. Halbuki əsla belə deyil. Məsələ bitməmişdir və onların çoxlu problemləri mövcuddur.


Macəraçı və təcavüzkar Amerika qarşısında çıxış yolu

Macəraçı və təcavüzkar Amerika qarşısında çıxış yolu nədir? Bəziləri təslimçiliyi münasib görürlər. Amma bu, uğurlu deyil. Əlbəttə, siz gənclər bilirsiniz, müstəqil insani heysiyyəti olan hər bir kəs bilir ki, düşmən qarşısında təslim əlamətlərini göstərmək əsla keçərli deyil. Təslimçilik və qorxmaq düşməni gücləndirir, əhval-ruhiyyəsini yüksəldir, öz təcavüzkar yolunu davam etdirməsinə kömək edir. Bu baxımdan, əsla təslim olmaq lazım deyil.

Bəzi şəxslər deyirlər ki, fürsətləri əldən verməyək. Mən bilmirəm onların məqsədi nədir? İndi hədər gedən fürsət hansı fürsətdir? Amerika qarşısında təslim olmaq fürsəti? Bu, fürsətdir?! Yoğun və quldurcasına səsi ilə öz hökmranlığını yeritmək istəyən bir düşmənə təslim olmaq, onun qarşısından geri çəkilmək bizim xalqımız üçün fürsətdir?! Bu fürsətdirmi kimsə onu əldən verməsin?! Bir zaman insan özü öz məsuliyyətini öhdəsinə götürüb, ya dayanır, ya təslim olur. Əgər təslim olsa, bədbəxtlik və qaragünlük də özünə aid olacaq, başqa bir yerə zərər yetirməyəcək. Lakin insan mühüm bir sahənin başçısı olanda, təslim olması bir ölkəni və xalqı təslim etmək, düşməni bir xalqın taleyinə hakim etmək deməkdir. Məgər bu işə kiminsə haqqı varmı?! Mən bir dəfə başqa bir münasibətlə dedim ki, Şah Sultan Hüseyn əfqanların qarşısında bu bəhanə ilə təslim oldu. Dedi ki, əgər təslim olmasaq, İsfahanın darvazalarını açmasaq, kimlərsə öldürülə bilər. Əgər o bunu etməsəydi, o zaman İsfahanda olan hərbçilərə və digər qeyrətli insanlara arxalanıb desəydi ki, biz düşmənə təslim olmarıq, şübhəsiz, İran xalqından, İsfahan əhalisindən və əfqanların hücumu zamanı tələf olan insanlardan daha az adam öldürülərdi, xalq da o rəzilliyə düşməzdi. Əlbəttə, bu gün şərait başqadır, düşmən də başqa düşməndir. Lakin düşmənin hegemonluğuna təslim olmamaq və hər bir yumşaqlığın onu həvəsləndirdiyini bilmək lazımdır. Bu, dəyişməz qaydadır.
ABŞ və region ölkələrinə hökmranlıq

Amerikalılar yalandan öz devizlərini dəyişdirirlər. Həqiqət budur ki, onlar region ölkələrinə hökmranlıq etmək istəyirlər. Deyirlər ki, Orta Şərqin siyasi xəritəsi dəyişilməlidir. Dünən çıxışı yayımlanan ərəb rəsmilərdən biri dedi ki, onlar Ərəb Liqasını buraxıb, sionizm rejiminin də daxil olduğu başqa bir birlik yaratmaq istəyirlər; yəni bölgədə öz qüvvələri və bölgə dövlətlərinə daimi təzyiq vasitələri olsun. Bundan aza qane olmurlar. Dost və düşmən də tanımırlar. Bu gün bəzi bölgə ölkələri ABŞ-ın ənənəvi dostlarıdır. Əgər bu təcavüzkar və yırtıcı heyvana, yəni sionizm rejiminə imkan yaradılsa və qarşısındakı yollar açılsa, şübhəsiz, onların növbəsi də çatacaq. Özləri də bilirlər. Bölgənin bəzi ölkələri hətta bizim yanımızda da qorxduqlarını bildiriblər. Onlar özlərinin qaranlıq gələcəklərindən qorxurlar, çünki xalqlarına arxalanmırlar. Deməli, təslimçilik yolu düzgün yol deyil.


Quruluşun daxili strukturunu möhkəmləndirmək

ABŞ təcavüzünə qarşı çxış yolu quruluşun daxili strukturunu möhkəmlətməkdir. Həqiqətən xalqa söykənən, xalqın müdafiə etdiyi bir quruluş öz daxilində möhkəm olar, bir dövlətə zərbə vuran müxtəlif yollar bağlanar və heç bir qüvvə onu məhv edə bilməz. Biz daxili strukturu möhkəmlədə bilərik. Necə ki, bu gün Allaha şükür olsun ki, möhkəmdir. Amerikalılar bunu bilirlər, bunu onların sözlərindən tam anlamaq olur. Onlar bilirlər ki, bu xalqın birliyi, İslamla əlaqəsi, dini əsaslara və dini dəyərlərin bu sahədə roluna görə quruluşla xalq arasında olan əlaqənin möhkəmliyi necədir. Bunları məhv etmək istəyirlər. Biz oturub bunların bir-bir bu möhkəm telləri qırmasına tamaşa edək?! Onlar əslində, İran xalqının, İslam quruluşunun səngərlərini bir-bir sıradan çıxarmaq və sonra asanlıqla hücum etmək istəyirlər. Bu gün hər bir adam bacardığı qədər, xalqın birliyindən, dövlət məmurları ilə həmrəyliyindən və quruluşun bütün sahələrində söz birliyindən asılı olan daxili möhkəmliyi qorumağa borcludur.


Günün əsas şüarları

İndi növbəti mövzuya keçmək istəyirəm. Qabaqkı mövzu uzandığından bunu qısaltmağa məcburam. Son 2-3 ildə bizim verdiyimiz bir neçə şüarın hamısı fəsadla mübarizə istiqamətində olmuşdur. Çünki fəsad cəmiyyətdə uçurum yaradır. Digər şüarlar ədalətsevərlik, elm istehsalı və proqramlaşdırma hərəkatlarıdır. Əlbəttə, elm istehsalı elmi inkişafsız mümkün deyil. Elm inkişaf etmədən bu çeşidli dünyada rəqabət aparmaq, irəliləmək olmaz. Elmi inkişaf vacib şərtdir. Bu, universitetlərin, tələbələrin və müəllimlərin vəzifəsini çox ağırlaşdırır. Bir neçə ay bundan əvvəl ortaya atılan azadfikirlilik hərəkatı, son 2-3 ildə çoxlu işlər görülmüş işsizlik problemlərinin həlli, milli valyutanın gücləndirilməsi - bizim bu bir neçə ildə üzərində təkid göstərdiyimiz, hər biri üçün xüsusi plan hazırlanan, Allahın lütfü ilə aidiyyətli orqanlarda xüsusi hərəkət başlanan şüarlardandır. İnsan düşmənin nə etmək istədiyini gördükdə daxildə nə etməli olduğunu anlayır. Düzdür, 2-3 il bundan qabaq yoxsulluğun, fəsadın və ayrıseçkiliyin aradan qaldırılması formatında bu sözlərin çoxu deyilirdi. Rəhbərin hökumətə elan etdiyi və parlamentin əsaslanaraq qanunlar qəbul etməli olduğu ümumi siyasətlərdə bunların hamısı əks olunmuşdur. Lakin ictimai rəyin, xüsusən də gənclərin bu məsələlərin bəzisinin əhəmiyyətinə səfərbər edilməsi bunların hər birinin ayrılıqda diqqət mərkəzində olmasını tələb edir. Əlbəttə, bu şüarların çoxu irəli sürüldükdə cəmiyyətin bəzi sahələrində diqqətdən kənarda qaldı. Lakin pak vicdanlar, xüsusən gənclər bu şüarların onların sevdiyi şüarlar olduğunu duydular. Tələbələr arasında elmə, ədalətə və azadlığa həvəs var. Bunlar elmi mühitlərdə əsas istəklərdir. Mən bunların hər biri barədə qısa şərh vermək istəyirdim, amma imkan yoxdur.


Fəsadın - inkaredilməz fakt

Bunu da mötərizə arasında deyim ki, iki qarşı tərəfdən bəzən bizim fikrimizcə doğru olmayan sözlər deyilir. Misal üçün, fəsadla mübarizə mövzusu ortaya qoyulduqda bəziləri deyirlər ki, siz ümumiyyətlə, nə üçün fəsadı cəmiyyətdə bir problem kimi ortaya qoyursunuz. Bizim fikrimizcə, bu, düzgün söz deyil, çünki fəsad mövcuddur. Düzdür, burada fəsad bəzi ölkələrdə və quruluşlarda olan mafiyalar kimi geniş və təşkilati şəkildə deyil. Allahın lütfü ilə İslam Respublikası quruluşunda, ən azı, dövlət təşkilatlarında təşkilatlanmış fəsad yoxdur. Amma fəsad müəyyən həddə mövcuddur. Hər yerdə və hər bir zamanda onun peyda olmasına imkan var. Onunla mübarizə aparmaq lazımdır. Dünyada bəzi qüvvələr ümumiyyətlə, fəsadla, ayrıseçkiliklə və ədalətsizliklə mübarizəni qəbul etmir, heç adını da çəkmirlər. Bəzi ölkələrin nümayişkaranə olaraq belə işlər görmələri mümkündür, bəzi yerlərdə isə nümayişkaranə də deyil, çarəsizlik üzündəndir, təhlükəsizlik üçün bu işləri görürlər. Lakin bizim ölkəmizdə bu hərəkət və təfəkkür bizim etiqadlarımızdan qaynaqlanır, varlığımızın fəlsəfəsidir. Nəyi etməsək, bizim bacarmadığımızdandır. Bu bizim yolumuz və hərəkətimizdir.


Düşmən və fəsadla mübarizə

“Nə üçün fəsadla mübarizə mövzusunu önə çəkirsiniz?” etirazı isə yersiz etirazdır. Fəsadı inkar etmək olmaz. Fəsadla mübarizəni qəbul etmək lazımdır. Lakin fəsad məsələsini şişirtmək də olmaz.

Bəziləri də digər tərəfdən, qarşı çıxır, hamını fəsadlı, əliəyri və natəmiz hesab edirlər. Düşmən ictimai rəydə təşviş və şübhə yaratmağa ehtiyaclıdır. Düşmən hər iki müxalif dalğadan bəhrələnir. Bir tərəfdən, o sözləri fəsadın olmasına dəlil hesab edir və fəsadı şişirdir, bir tərəfdən də deyir ki, bu iş nümayişkaranədir. Beləliklə, bizi hər tərəfdən təbliğat blokadasına salır. Biz doğru yolu tanımalı və o yolla getməliyik. Həmçinin mənim tələbələrə müraciətlə dediyim ədalətsevərlik hərəkatı da belədir. Mən bilirəm ki, tələbələr və ümumiyyətlə, gənclər arasında belə ictimai işlərə maraq çoxdur və bu sahədə sualları da var.
Quruluş rəhbərinin işi - inqilabın idarəçiliyi

İki-üç həftə bundan əvvəl bir tələbə məndən soruşdu ki, ədalət məsələsində nə üçün özünüz işə qoşulmursunuz? Bu, düzgün gözlənti deyil. İnqilabın idarəçiliyi ölkənin idarəçiliyindən başqa bir şeydir. Rəhbər üçün işə qoşulmaq əvvəla, problemi ortaya qoymaq və ictimai rəyi səfərbər etmək, ikinci növbədə isə icraçı qurumlardan istəmək formasındadır. Bəzi icraçı orqanlar bu iş üçündürlər. Fəsadla mübarizə sahəsində həm icraçı hakimiyyət, həm də məhkəmə hakimiyyəti məşğuldur. Mən hər iki hakimyyətdən ayrı-ayrılıqda istəmişəm və onlar bununla məşğul olurlar. Rəhbərin işə qarışması belədir. Bəli, əgər bir gün icraçı və məhkəmə hakimiyyətlərinin işi görmək istəmədikləri bəlli olsa, rəhbərin çarəsi qalmayacaq və özü həll etməli olacaq, bu iş üçün şəxsi bir nümayəndə təyin edəcək. Lakin Allaha şükür olsun ki, belə deyil. İcraçı qurumlar hazırdırlar, çünki icraçı hakimiyyətə aid bir sahə fəsadın hülqumunu tutmaqdır. Maliyyə, valyuta, ticarət və gömrük sahələrində maliyyə fəsadının hülqumları mövcuddur. Bu mərkəzlərə diqqətsizlik fəsadın yaranmasına səbəb olur. Qurumlar öz nəzarətlərini gücləndirsələr, fəsadın qarşısı alınar. Bunu qabaqlayıcı tədbir də adlandırmaq olar. Məhkəmə sahəsində nəzarətdən çıxmış və cinayət sayılan belə əməllərə qarşı tədbir görülür. Bu günə qədər 100-dən artıq mühüm və geniş məsələni araşdırmışlar. Bu baxımdan, ajiotaj yaratmaq lazım deyil. Mən səkkizmaddəlik məktubda da tövsiyə etmişdim ki, işi qalmaqalsız aparın. Biz doğrudan da fəsadla mübarizə aparılmasını istəyirik, səs-küy lazım deyil. Bəli, xalqa informasiya çatdırmaq lazımdır. İş bitəndə lazım olan qədər hesabat yayılsın.


Universitet, elm və tədqiqat

Hər halda, mənim əzizlərim! Sizin ölkənizi quldurluq, inhisarçılıq, təcavüz, macəraçılıq və hər hansı böhran qarşısında qoruya biləcək amil quruluşun daxili strukturunu möhkəmlətməkdir. Həmçinin xalqın müxtəlif təbəqələri ilə dövlət məmurları arasındakı əlaqə, gənclərin gələcəyə ümidi və tədricən quruluşun zəifləməsinə səbəb olan amillərin qarşısının alınması da belədir. Qeyd etdiyim kimi, bu işlər cidd səylə görülməkdədir və siz universitetdə elm və tədqiqat məsələsinə ciddi yanaşmalısınız. Mən sevinirəm ki, əziz bir tələbə öz söhbətində tədqiqat büdcəsinə toxundu, az olduğunu dedi, onu tələbələrin istəyi və tələbi kimi ortaya qoydu. Müəllimlərin iclasında da bunu bildirdilər. Gəncin tədqiqat, elmi iş və inkişaf haqda düşünməsi çox yaxşıdır. Elmi inkişaf olmadan ölkəni inkişaf etdirmək olmaz. Bu gün bəşəriyyətin düşmənləri də elmdən istifadə edirlər. Biz uca ideallar, həqiqi dəyərlər, insani fəzilətlər və onların yayılması üçün elmdən istifadə etməliyik. Vəhdət və əlaqələr qorunmalı, başladığımız əsaslı işlər davam etdirilməlidir.


Düşmənin İran xalqı ilə mübarizəni bacarmadığını bilməsi

Siz bilin, bu gün qlobal istismarçılarda olan İran xalqına dair məlumat onlara İranda böhran yaratmalarını və macəraçılıq etmələrinin diktə etmir. Onlar yaxşı bilirlər ki, bomba ilə iş düzəlmir. Bomba və raket işin bir tərəfidir. Nə qədər ki, millət ayaqdadır, xalq ayaqdadır, nə qədər ki, cəmiyyətin əksəriyyəti 35 yaşdan aşağıdır, yəni böyük gənc təbəqə mövcuddur, nə qədər ki, xalq dini dəyərlərə sadiqdir, belə bir xalqla mübarizə aparmaq və vuruşmaq olmaz. Onlar bunu bilirlər. Bəli, səs-küy salmaq və əgər xalq qorxsa, bundan istifadə etmək, təhdid etmək, kimlərisə xəyanətə vadar etmək olar. Əgər xalq qorxsa, təhdidi və xəyanəti qəbul etsə və təslim olmaq istəsə, o zaman düşmən qələbə çalar və ümidlənər. Amma nə qədər ki, xalq ayaq üstədir, gənci ayaqdadır, məmurları dayanmışlar, təhdid və qorxutmalar qarşısında vahiməyə düşüb əl-ayaqlarını itirmirlər, insanlar məsələləri yanlış anlamırlar, heysiyyətlərini, ölkənin və xalqın şərəfini əhəmiyyətli sayırlar, öz ölkələrini müdafiə etməyə hazır olduqlarını göstərirlər - xalqın ümumi tədbirlərdə iştirakından bu anlaşılır - düşmən də işini bilir və bu ölkəyə qalib gəlməyin asan olmadığını anlayır.





Yüklə 356,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə