Vilayət bağçası altıncı cİld


Elmi nümunələr, azadfikirliliyin və yeniliyin idarəsi14



Yüklə 1,01 Mb.
səhifə8/19
tarix26.09.2017
ölçüsü1,01 Mb.
#1692
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Elmi nümunələr, azadfikirliliyin və yeniliyin idarəsi14

Bismillahir-Rəhmanir-Rəhim.


Zirvəyə ucalaq!”

Bəzi insanların vücudu elə fəal və enerjilidir ki, sanki bütün bədən üzvləri ürəkdir. Bunlar zirvəyə çata bilərlər. Zirvəyə çatmağın bir arzu mərhələsi var. Siz evinizin pəncərəsindən dağın mənzərəsini müşahidə etdikdə görürsünüz ki, kimlərsə o yüksəkliklərə çıxmışlar və uca dağ başında yol gedirlər. Arzu edirsiniz ki, kaş siz də oraya qalxaydınız. Bu, bir mərhələdir, lakin kifayət etmir. Növbəti mərhələ budur ki, yatağınızdan qalxır, bayıra çıxır, əyninizə uyğun paltar, ayağınıza uyğun ayaqqabı geyinir və dağa tərəf yola düşürsünüz. Dağın ətəyinə çatanda bəzi yolçular eniş-yoxuşlardan, çətinliklərdən yorulurlar, səbirləri tükənir. Elə bilirlər zirvəyə qalxmaq bir göyərçinin uçması kimidir; ayaqlarını qoyub uçacaq və oraya çatacaqlar. Yolun çətinliyini nəzərə almırlar. Bunlar tez məyus olurlar. Bəzi yolçular da dolanbaclarla bir qədər yuxarıya qalxırlar, lakin sonra yorulurlar. Bəziləri yorğunluq hiss etmirlər, amma hövsələləri bitir. Tələsirlər, elə bilirlər ki, insan yarım saat, bir saat sonra oraya çatmalıdır. Bunlar bu hərəkəti təhdid edən amillərdir. Səbirlə, həvəslə, özünün bütün güc və qüvvəsindən istifadə etməklə və çatacağına ümidlə hərəkət edən şəxs isə zamanın, yolun uzunluğundan, keçidlərin çoxluğundan, bəzi yarımçıq yoldaşların yolda qalmasından qorxmur. Və belə insan mütləq o zirvəyə çatacaq.


Tövhid ətri

Bəziləri mənəviyyat adamlarına müraciət edib deyirlər bizə elə bir zikr verin ki, mənəvi və yaxşı insan olaq. Elə bilirlər bir dərman kimidir; içəcəklər və dərhal onlarda dəyişiklik yaranacaq. Xeyr, insan nurlanmaq və ürəyinin qeyb aləmləri ilə tanış olmaq, mələklərin səsini eşitmək, Allahın cəlal çevrəsinə daxil olmaq, mənəvi tövhid ətrini duymaq istəyirsə, çalışmalı, yol getməlidir. Zirvə qarşıdadır. Yolda da bəzi şəxslər dayanmışlar. Bəziləri hövsələsiz olur, bəziləri qayıdır, bəziləri o birilərinə deyirlər ki, faydasızdır, haraya gedirsiniz, bəziləri də ümumiyyətlə, zirvənin özünü inkar edirlər. Mənəviyyat yolunda da bu vəziyyət var, maddiyyat yolunda da var.


Dünya elmində birincilik

Mən bu görüşlərin birində tələbələrə dedim ki, siz gələcək əlli il üçün proqram hazırlayın. Bizim gözlədiyimiz budur. Məqsədim elm sahəsindədir. Məqsəd bu olsun ki, əlli ildən sonra ölkəniz dünya üzrə elmdə birinci və əsas müraciət yerlərindən olsun, kimsə yeni elmlərlə tanış olmaq istəsə, sizin dilinizi öyrənmək məcburiyyətində qalsın. Bu əziz qızımızın dediyi kimi, biz beynəlxalq dili öyrənməyə məcburuq. Doğru da deyir. İngilislər zirəkliklə öz dillərini elm dili və beynəlxalq dil etmişlər. Siz öyrənmək və oxumaq istəyirsinizsə, onların dilini bilməyə məcbursunuz. Siz elə iş görün ki, gələcək əlli ildə həmin ehtiyac sizin dilinizə olsun. Bu, bir arzudur, bir zirvədir; baxması həyəcan bəxş edən və çatmaq həvəsi hamının ürəyində olan Dəmavənd, Tuçal zirvələri kimi. Amma kimlər çatırlar? Gərək zirvəyə uyğun ayaqqabı və papaq hazırlayasınız. Ondan da üstünü budur ki, gərək iradənizi hazırlayıb yola düşəsiniz.


Gənc nəslin yüksək istedadı

Mən ölkəmizin gənc nəslində bu istedadı görürəm. Mən əsassız danışmıram, bu, şüarçılıq da deyil. Heç kəs bizdən rica etməyib ki, gəlib bu sözləri danışaq. Bunlar həqiqətdir. İranlı gənc müxtəlif sahələrdə yüksək istedada malikdir. Əgər bizim kimi məsul işçilər tanımasaq, bizim günahımızdır. Əgər onun özü bu istedadı tanımasa, onun günahıdır. Günahın da öz nəticəsi var: yoldan qalmaq və məqsədə çatmamaq. Lakin gözümüzü açsaq, yolu tapsaq, iradə göstərsək və məqsədimizi itirməsək, şübhəsiz, çatacağıq.


Zirvədə olanlar

Bu gün elmin zirvəsində olanlar həmişə belə olmayıblar. Bu gün elmi baxımdan dünya ölkələrindən və bütün elm mərkəzlərindən irəlidə olan ABŞ yüz il öncə özünün adi silahlarından ötrü İngiltərəyə, Fransaya, İtaliyaya möhtac idi. Tarixi oxuyun, Amerikanın daxili müharibələrində - Amerikanın şimalı ilə cənubu arasındakı bu müharibələr tarixdə məşhurdur; cənublular ayrılmaq istəyirdilər, amma şimallılar vuruşur və onları ayrılmağa qoymurdular. Təxminən 1860-cı ildə, yəni 150 il bundan öncə dördillik müharibə baş vermişdir - iki tərəf öz uğurunu bunda görürdü ki, İngiltərədən bir müharibə gəmisi, yaxud top alsın və Sakit okeandan keçirib o tərəfə çatdıra bilsin. O zaman imkanları yox idi, amma bu gün elmin zirvəsindədirlər; çünki çalışmışlar. Çalışmağın dinə, imana, küfrə və İslama dəxli yoxdur. Quran bunu deyir. Mən dəfələrlə bu ayəni demiş və oxumuşam: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik. Rəbbinin neməti qadağan deyildir"15. Biz hamıya kömək edirik. Bu, Allahın qanunudur. Kim hansısa bir məqsəd yolunda çalışsa, Allah-Taalanın qoyduğu qanuna əsasən, nəticəsini görəcək. Mənəviyyatdan uzaq olan şəxsin problemi başqa məsələdir. Onun problemi bircəhətli olmaq, lazım olan başqa bir sərvət sarıdan yoxsulluq və diqqətini yalnız bir sahəyə yönəltməkdir. O zaman bunun zərərlərini də görürlər. Bu gün Amerika cəmiyyəti bu zərərlərin boğaza qədər bataqlığında çabalayır və daha pis olacaq. Bu bataqlıq başlarına qədər çıxacaq. Bu tarixi hadisələr bir il, beş il, on il ərzində baş vermir, yüz il, yüz əlli il ərzində yaranır. Bunlar sonlarına çatmışlar.


Fundamental elmlər üzərində təkid

Onların ciddi problemləri var. İndi söhbətimizin mövzusu bu deyil. Deməli, çalışmaq və işləmək lazımdır. Mən sizdə bu istedadı görürəm. Bizim əzizlərimizin, istər möhtərəm rektorun, istər bəzi müəllimlərin və istər bir neçə tələbənin burada dediyi bu sözlər elmi, peşəkar və tamamilə düzgün istəklərdir. Bu istəklər mənim nəzərimdə olanlardır. Mən məmurlarla görüşəndə bunları deyirəm. İndi siz dediniz, daha artıq təkid olundu. Möhtərəm nazirlər də buradadırlar. Elm və tədqiqata aid olan bütün bu sahələr, fundamental elmlər üzərində təkid məsələsi mənim dəfələrlə üzərində dayandığım məsələlərdəndir. Hansı ölkə harayasa çatmışsa, fundamental elmlərlə çatmışdır.


Fundamental tədqiqat

Tədqiqatın idarəsi məsələsi çox əsaslı məsələlərdəndir. Mən ramazan ayında tələbə və müəllimlərlə keçirdiyim iclasda demək üçün bunu qeyd etmişdim. İndi yadımda deyil bu iki məclisin hansı idi, amma vaxt çatmadı, ona görə indi deyirəm. Tədqiqat üçün idarəçilik lazımdır. Biz dönə-dönə deyirik ki, tədqiqat büdcəsi, misal üçün, 0.47 faizdən 3 faizə çatmalıdır. Biz onun maddi və kəmiyyət cəhəti üzərində söhbət edirik. Düzdür, bu da lazımdır, amma bunun bir keyfiyyət cəhəti də var. Eyni və lazımsız tədqiqatlar olmamalıdır. Mühüm olan fundamental, tətbiqi və təcrübi tədqiqatlardır. Bunların hər birinin ölkə tədqiqatlarında öz payı və çəkisi var. Buna riayət etməmək, bunları nəzərə almamaq bizim problemlərimizdəndir. Ölkədə tədqiqatı idarə etmək lazımdır. İnşallah, bu əzizlərin, fəal və işə hazırlıqlı hökumətin iradəsi ilə həyata keçməlidir.

Tələbə və müəllimlərin iradlarına və nəhayət, deyilən ədalətsevərlik hərəkatına gəlincə isə bunların hamısı mənim təsdiq etdiyim sözlərdir. Mən nə qədər bacarsam və mənim səlahiyyətim daxilində olsa, edərəm. Tövsiyə etməli olduğumu tövsiyə edirəm və ümidvarıq əzizlərimiz bu sahədə işləsinlər.
Böyük dəyişikliklər

Mənim sizə demək istədiyim məsələ bir Quran ayəsi ətrafındadır. Məşhur bir ayədir: "Hər hansı bir tayfa öz vəziyyətini dəyişmədikcə, Allah da onun vəziyyətini dəyişməz!"16 Dəyişiklik sizin əlinizdədir. Böyük və ictimai yeniliklərin açarı sizin əlinizdədir. Ayənin məzmunu budur. Başqa bir yerdə daha məhdud bir dairədə buyurur: "Bir tayfa özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən deyildir!"17 Bu ayə geriləməni deyir. Allah-Taala geriləməni heç bir ölkəyə nəsib etmir, yalnız özləri öz əlləri ilə edirlər. Geriləməyə səbəb olan dəyişiklikləri xalqların özləri edirlər. Bu məzmunda çoxlu ayələr var. Bunların xülasəsi odur ki, siz insanlar cəmiyyətin dəyişikliklərinin səbəbkarısınız. Dəyişikliyi yaradan sizsiniz, insan iradəsidir.


Cəmiyyətin islahında iradənin təsiri

Ola bilsin, bəziləri desinlər ki, insanın iradəsi dedikdə məqsəd nədir? Kimin iradəsi? Bir nəfər olan mənim, bir nəfər olan sənin iradən? Kimlərin iradəsi təsirlidir? Bu, əlbəttə, geniş mövzulardandır, lakin mən qısa olaraq demək istəyirəm ki, insanların hər birinin iradəsi öz həddində təsirlidir; şəxsi məsələrlərdə tam təsirlidir, burada ictimai məsələləri deyirik. Əgər bizim arzularımız, həvəslərimiz, nəfsi istəklərimiz fəaliyyətlərimizə hakim olsa, rəftarlarımızda ağlın və düzgün düşüncənin rolu azalsa, bu, cəmiyyətdə bir sıra mənfi dəyişikliklərə səbəb olacaq. İndi kiçik bir misal şəkim: Siz gedib bazardan bir paltar, bir məişət əşyası, yaxud bir qab alırsınız. Daxili məhsul da var, xarici məhsul da. Bir qədər reklamın təsirindən, bir qədər xarici malla öyünməkdən ötrü, bir qədər qabaqkı mədəniyyətin təsiri olan yerli malın faydasız olduğunu düşünməkdən irəli gələrək, bir qədər də bəlkə də xarici malın gözəl olduğuna görə siz onu seçirsiniz. Yəni nə edirsiniz? Bir iranlı fəhləni işsiz qoyur, qeyri-iranlı fəhləni işə vadar edirsiniz. Bəs bu gün işsizlik bizim cəmiyyətimizin əsas problemi deyil?! Siz belə edəndə, mən belə edəndə, o qardaş, o bacı və bir-bir hamı bu üsuldan istifadə edəndə nəticə nə olur? Nəticə daxili zavodun iflasa uğraması, daxili fəhlənin işsizliyi və nəhayət, daxili investorun ümidsizliyi olur. İşsizliyin arxasınca narkomaniya, fəsad və ailə problemləri gəlir. Onun arxasınca çoxlu siyasi və ictimai hadisələr əmələ gəlir. Lakin hər şey kiçik bir məsələdən başlanır: mənim və sizin şəxsi iradəmizdən. Deməli, insanların şəxsi iradələri hətta ictimai hadisələrdə təsirli ola bilər. Belə nümunələr çoxdur. Həvəslənir ki, dostunun əlindən siqareti alıb çəksin. Siqaretə, narkomaniyaya qurşanma, ötəri həvəslərə üz tutma - axrasınca böyük, uzun və geriləmə olan tükənməz ictimai dəyişikliklər yaradır. Əksi də belədir.


Meyar insanın iradəsidir!”

Mən bəzən səhərlər Tehranın yüksəkliklərinə gedirəm. Biz hərəkət edəndə hava qaranlıq olur. Yəni sübh namazından sonra küçələr sakit olur. Qırmızı işığa çatanda dayanırıq. Bizim qaydamız budur: küçədə heç kim olmasa, qarşı tərəfdən heç bir maşın gəlməsə də, dayanır və yaşıl işığı gözləyirik. Mən görmüşəm, biz üç-dörd maşınla yolun bu tərəfində dayananda, yolun o tərəfindən bir maşın gəlir. Qırmızı işıqdan keçmək istəyir, bir qədər də keçir, amma bu tərəfdə üç-dörd maşının dayandığını görüb, o da yavaşca tormoza basır və bəzən bir qədər də geriyə çəkilir. Yəni bir nəfərin ictimai intizamı qarşı tərəflərdə də ictimai intizamın yaranmasına təsir edir. Bizim fərdi rəftarlarımız hətta mədəniyyət formalaşdırmaqda və bir çox məsələlərdə təsirlidir. Hər halda, insan iradəsi meyardır.


Yenilik

Yenilik nədir? Yenilik nə üçündür? Məgər yenilik vacibdir? Bəli, insan və cəmiyyətlər üçün dəyişiklik Allahın dəyişməz qanunudur. Heç kəs bunun qarşısını ala bilməz, bu, mümkün deyil. Gec, yaxud tez, biri o birindən sonra bəşəri yeniliklər baş verəcək. Bu, bəşərin yaşamasının və yüksəlişinin sirridir. Ümumiyyətlə, Allah bəşəri belə yaratmışdır. Onun təbiətində durğunluq yoxdur. Bəlkə də insanın digər əşyalarla fərqlərindən biri budur. Əlbəttə, digər əşyalarda da bir növ yenilik olur və növlərin dəyişdiyini deyirlər. İndi bu məsələlərlə işim yoxdur. Nə tam məlumatlıyıq, nə mühakimə yürüdə bilərik, nə də bizim söhbətimizə aiddiyəti var. Lakin bəşəriyyətdə yenilik qaçılmazdır. Yeniliyin qarşısında dayanmaq, onu inkar etmək olmaz. Gərək dediyim mənada olan yeniliyə sarı düzgün formada hərəkət edək.


Yenilik və sabitlik

Yeniliyin əksi durğunluqdur. Bəzi adamlar bunu yanlış anlayır və səhv izah edirlər. Bəziləri durğunluğu ictimai sabitliklə səhv salırlar. Durğunluq pisdir, ictimai sabitlik isə yaxşıdır. Bəziləri elə bilirlər ki, durğunluq ictimai sabitlikdir. Yeniliyi də bəziləri anarxizm, hərc-mərclik və xaosla səhv salırlar. Bu səhvlər ictimai sabitliyin tərəfdarı olan bir qrupun yeniliyə qarşı çıxmasına səbəb olmuşdur. Elə bilirlər ki, yenilik sabitliyi pozacaq. Digər tərəfdən, hər bir yeniliyin əsas və normaları ləğv etmək və bütün prinsipləri sual altına salmaq mənasında olduğunu düşünən bəzi şəxslər də yenilik yaratmaq üçün ictimai sabitliyi pozur və təhlükəyə salırlar. İki tərəfdən bu iki səhv mövcuddur. Yenilik bir şeydir, anarxizm başqa bir şey, hərc-mərclik də başqa bir şey. Necə ki, ictimai sabitlik bir şeydir, ictimai durğunluq da başqa bir şey. Bunları bir-biri ilə qarışdırmaq olmaz. Yaxşı və düzgünü sabit olan, lakin durğun olmayıb dəyişən cəmiyyətdir. Elə bir cəmiyyət ki, hətta özündə sürətlə müsbət yeniliklər yaratsın.


Rəqabət ruhiyyəsi

Bu xüsusiyyəti necə əldə etmək olar? Yəni kök və prinsipləri qoruyaq, fundamentləri uçurmayaq, milli kimliyi ciddi şəkildə qoruyaq və dəyərləndirək. Bir xalqın ümumi kimliyi yeniliklər zamanı mütləq toxunulmaz qalmalıdır. Milli kimliyin yanında dinamikliyi, aktivliyi, fəaliyyət azadlığını və rəqabət ruhiyyəsini çox dəyərləndirməliyik.


Dinamikliyin rəmzi

Bu fəallığın və dinamikliyin səbəbkarı odur ki, həm tənqidçi olaq, həm tənqidi qəbul edən. Bunun hansı olmasa, pisdir. Bəziləri haqlı olaraq tənqid edirlər. Siz haraya diqqətlə baxsanız, bir mənfi cəhət taparsınız. Eyib tapmaq olar və bunda problem yoxdur. Əgər eyib tapmaq eybi aradan qaldırmaq üçün olsa, çox yaxşıdır. Amma bəzi şəxslərin özləri tənqidi qəbul etmirlər. Əgər kimsə desə ki, nə üçün bu qədər çox danışırsan? Nə üçün həmişə eyibləri görürsən? Nə üçün milçək kimi yalnız yara üzərində oturursan? Müsbət cəhətləri də gör! Belə desə, acığı gələr. Əlbəttə, meyar müsbət və mənfi cəhətlərin nəticəsidir. Bizim mənfi cəhətlərimiz, problemlərimiz, pis işlərimiz var, müsbət cəhətlərmiz, yaxşı işlərimiz, gözəlliklərimiz də var. Görün bunun ikisini bir-biri ilə tutuşduranda yekun nəticə nə olur. Qoy o da meyar olsun. Əgər pis işlərimiz çoxdursa, pisdir; əgər yaxşı işlərimiz çoxdursa, yaxşıdır. Deməli, həm tənqid yaxşıdır, həm də tənqidi qəbul etmək. Bunlar cəmiyyətin sözügedən yeniliyi və ideal halı üçün vacibdir; təbii ki, həm də ümidlə, işgüzarlıqla, proqram hazırlamaqla və yenilik üçün düzgün istiqamətlə.


Milli və dini kimlik

İndi nə etmək istəyirik? Çalışdığımız bu yeniliyin mənası nədir? Dəyişmək istədiyimizin yerinə nə qoymaq istəyirik? Bunlar mühümdür. Bu yolda çalışmaq birinci şərtdir. Deməli, ictimai sabitlik qalır, çünki əsas köklər, prinsiplər, strukturlar və milli kimlik qorunur. Milli kimlik dedikdə dinin qarşısında olan millətçilik nəzərdə tutulmur. Hər bir xalqın milli kimliyi onun mədəniyyət, inam, istək, arzu və rəftarlarının məcmusudur. Dindar, təkallahlı, mömin, ilahi övliyalara və Peyğəmbər əhli-beytinə etiqadlı bir xalq üçün bunlar onun mədəniyyətinin və kimliyinin hissələridir. Milli kimlik dedikdə bunların hamısına şamil olur. Bunları qoruyaq. Səhv sahə, iş və yolları dəyişdirmək üçün isə çalışmaq və dinamik hərəkət lazımdır.


Zəifləməyin sirri

Əksi budur ki, bizə rəftar və siyasətdə hərc-mərclik, bünövrəni uçurmaq, nihilizm və milli kimliyin unudulması hakim olsun. Bu, ideal vəziyyətin əksidir; yəni yenilik yaratmaq, lakin malik olduğumuzu, faydalı olanı və lazım bildiyimizi uçurmaq. Bu, səhvdir. Bizim gənclik dövrümüzdə Qərb memarlığının ölkəmizə yenicə hakim olduğu zaman bəziləri köhnə binaları uçurub yerində yeni üslubda binalar tikmək istəyirdilər. İri pəncərə və şüşəli bu binalar o zamandan başlandı. Onların çoxu möhkəm qədim evləri uçurdular. Mən təəccüb edirdim. Bizim Məşhəddə belə idi. Yaxşı və möhkəm qədim evi uçurur və dəmir dirəyi, dəmir qapısı və böyük şüşələri olan yeni ev tikirdilər. Bunlar yanlış işdir, ağıllı iş deyil. Təsadüfən, indi bizim memar, mühəndis və arxitektorlarımız deyirlər ki, bizim ölkəmiz üçün qədim üslub düzgündür. Böyük pəncərələr və gündüşən yerlər Avropa üçündür. Onlar günəşi az görürlər. Amma bizim ölkəmiz günəşli ölkədir, xüsusən də bəzi bölgələri. Buna görə də, buna lüzum yoxdur, kiçik pəncərələr və taxta qapılar yaxşı idi.


Kimliyin unudulması

Cəmiyyətin əsaslı yeniliklərində bəzən təməlləri qoruyub ehtiyacımız olanlar üzərində dayanmaq və malik olmadığımızı əldə etmək əvəzinə, müstəqil milli kimliyimizi unuduruq. Təəssüf ki, bu məsələnin bizim ölkəmizdə və çoxlu müsəlman ölkələrində çox kədərli sərgüzəşti var. Ola bilsin, sonra buna toxundum.


Düşmənin ümumi məqsədləri

Bundan təhlükəlisi odur ki, bu mənfi yeniliklərin ipucu beynəlxalq miqyasda elə şəxslərin əlində olsun ki, onlar bu yenilik vasitəsilə özlərinin iqtisadi və ya siyasi məqsədlərini təmin etsinlər. Onlar üçün xalqların kimliyi adlı bir şeyin ümumiyyətlə, dəyəri yoxdur. Təəssüf ki, son 100-150 ildə bu, dünyada baş vermişdir. Yəni Asiya, Afrika və Latın Amerikası ölkələrinin yeniliyi beynəlxalq güc bandalarının tələsinə düşmüşdür. Bunların texnoloqu sionistlər və beynəlxalq oliqarxlar olmuşlar. Onlar üçün əhəmiyyətli olan siyasi güc qazanmaqdır. Onlar bununla Avropa və digər dövlətlərə nüfuz edib siyasi güc və iqtisadi mənfəət qazanmaq və nəhəng transmilli şirkətlər açmaq istəyirdilər. Məqsəd bu olmuşdur. O zaman əgər xalqların cinsi əxlaqını pozmaq lazım olmuşsa, asanlıqla etmişlər; israfçılığı yaymaq lazım olmuşsa, asanlıqla bu işi görmüşlər; milli kimliyə və mədəni təməllərə etinasızlığı yaymaq lazım olmuşsa, bu işi görmüşlər.


Mədəni-ideoloji NATO

Onların əlində mədəni imkanlardan, mediadan, çoxlu qəzetlərdən və müxtəlif təbliğat vasitələrindən ibarət bir qoşun da olmuşdur. Məs srağagün qəzetdə mədəni-ideoloji NATO barədə bir məlumat oxudum; əlbəttə, üç-dörd ay bundan əvvəl bu haqda məqalə görmüşdüm. Yəni amerikalıların Avropada keçmiş SSRİ qarşısında yaratdıqları və qüdrətli hərbi təşkilat olan NATO kimi bir mədəni-ideoloji NATO da yaratsınlar. Onlar hərbi NATO-dan Orta Şərqdə, Asiyada və digər bölgələrdə özlərinə qarşı ucalan hər bir səsi boğmaq üçün istifadə etdilər. Bu, çox təhlükəli bir şeydir. Əlbəttə, indi deyil, illərdir bu, baş tutmuşdur. Müxtəlif media qurumlarının birləşdiyi holdinqlər, internet, peyklər, televiziya və radio kanalları cəmiyyətlərin yeniliyini idarə etmək üçün müəyyən istiqamətdə hərəkət edirlər. İndi çox asan olmuşdur.


Dünya bankı və Beynəlxalq Valyuta Fondu

Gürcüstanda bir siyasi yenilik və hakimiyyət dəyişikliyi baş verdi. Sionist yəhudi olan bir amerikalı milyarder - adı məşhurdur, mən adını çəkmək istəmirəm - elan etdi ki, mən Gürcüstanda on milyon dollar pul xərclədim və siyasi dəyişiklik yaratdım. Çox asan! On milyon dollar xərcləyirlər, bir hökuməti kənarlaşdırıb, başqa birisini gətirirlər. Ukraynada da eyni işi gördülər, digər yerlərdə də. Bəzən təsirləri başqa formada və həlledici olur. Bunu bəlkə başqa bir tələbə görüşümdə demişəm ki, Malayziyanın keçmiş Baş naziri, çox işgüzar, dəqiq, ciddi və sədaqətli adam olan Mahathir Məhəmməd Tehranda mənimlə görüşdü. O zaman Şərqi Asiyada müxtəlif dəyişikliklər, Malayziya, İndoneziya və Taylandda iqtisadi zəlzələ baş vermişdi. Həmin sionist oliqarx və digər nəhəng oliqarxlar bank və pul oyunları ilə bir neçə ölkəni iflasa uğrada bildilər. O zaman Mahathir Məhəmməd mənə dedi: "Mən sizə təkcə bu qədər deyim ki, biz bir gecənin içində dilənçi olduq". Əlbəttə, bir ölkə iqtisadi cəhətdən müstəqil olmasa, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun iqtisadi layhələrini icra etsə, belə də olar.


Sionizm və beynəlxalq yeniliklərin ipucu

Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun özü də bu böyük pazlın parçalarıdır. Bu, çox təhlükəlidir ki, dünya yeniliklərinin ipucu beynəlxalq güc bandalarının əlində olsun; necə ki, bu gün belədir. Bunlar sionistlər və böyük oliqarxlardır. Əsasən də ABŞ-da və Avropadadırlar. Bu iki-üç məqam yenilik və dəyişiklik barədə idi. Deməli, yenilikdən qaçmaq olmaz, qorxmaq olmaz, onu hərc-mərcliklə və anarxizmlə səhv salmaq olmaz. Yenilik yaxşı və lazımdır.


Azadfikirlilik

Bu gün bizim əsas sözümüz budur ki, nə keçmişdəki durğunluqla və yeniliyi məhv etməklə bir yerə çatmaq olar, nə də başlı-başına olmaqla, iqtisadi, etiqadi və mədəni sahələrdə hərc-mərcliklə və bünövrələri uçurmaqla. Hər ikisi səhvdir. Fikir azadlığı bizim iki-üç il öncə irəli sürdüyümüz və tələbələrin də yaxşı qarşıladığı, lakin əməli cəhətdən mənim dediyim işin nə hövzədə, nə də universitetdə baş tutduğu azadfikirlilik hərəkatıdır. Mən demişdim ki, azadfikirlilik kürsüləri təşkil edin. İndi yadıma düşdü ki, Simnan universitetlərinə aid məlumatlarda bunu oxudum. Xoşbəxtlikdən, Simnanda fəal tələbə təşkilatları bir-biri ilə azad mübahisələr təşkil etmişlər. Əgər mənə verilən bu məlumat dəqiq olsa, çox müsbət və yaxşı bir haldır.


Yenilik yolunun açılması

Bizim dediyimiz azadfikirlilik məsələsi bunun üçündür. Azadfikirlilik, yenilik və dəyişiklik yolunu açmaq lazımdır. Lakin onu idarə etmək lazımdır ki, bünövrəni dağıdıb milli kimliyin təməllərini uçurmasın. Bunun üçün düzgün idarəçilik olmalıdır. Bunu kim etməlidir? Baxışlar dərhal gedir hökumətə, Təhsil nazirliyinə və digər qurumlara. Xeyr, idarəçilik elmi nümunələrin işidir. Sizin işinizdir; fəal müəllimlərin, fəal tələbələrin və fəal tələbə təşkilatlarının. Diqqətinizi toplayın, yeni sözün ardınca gedin, yeni söz tapmaq üçün hərəkət edin, amma ehtiyatlı olun ki, bu yeni söz hansı istiqamətdə hərəkət edir: dağıtmaq istiqamətində, yoxsa bərpa və təkmilləşdirmə istiqamətində? Bunlar bir-biri ilə fərqlənirlər. Bu sizin öhdənizə düşən bir vəzifədir. Mənim kimilərin bu sahədə məsuliyyəti var, amma iş sizə aiddir. Elə bilməyin ki, azadfikirliliyi, müxtəlif işlərdə yenilik və cəsarəti tələbə, tədqiqatçı, yaxud müəllim olan sizin əvəzinizə, dövlət məmurları, yaxud mən gəlib yerinə yetirməliyəm. Xeyr, mənim rolum budur ki, gəlim və bu işin yaxşı olmasını deyim. Proqramlaşdırma hərəkatını və elm istehsalı hərəkatını biz irəli sürdük. İndi təxminən on il ötür və bu gün bir fırtına yaranmışdır. Bunu kim etdi? Mən yalnız bir kəlmə söz dedim. Bu işi siz gördünüz, bizim tədqiqatçımız, gəncimiz, müəllimimiz gördü. Yenilik də belədir.

Bu yeniliyi idarə etmək cəmiyyətin düşüncə, mədəniyyət nümunələrinin, hövzə və universitet ziyalılarının vəzifəsidir. Nə yeniliyi vurmaq lazımdır, nə də hər yeniliyə təslim olmaq. Yaxşı, bu yenilik nə üçündür? İnkişaf üçündür. Bəs inkişaf nədir? Bunu izah etməliyik.

Əvvəla, bu sualı özümüzdən soruşmalıyıq ki, inkişaf nədir. Əgər bu sualı verməsək, bəllidir ki, inkişaf fikrində deyilik. Buna görə əvvəl bunu özümüzdən soruşmalıyıq və cavabın ardınca hərəkət etməliyik.

"İnkişaf nədir?" sualının cavabında dünyada müxtəlif sözlər deyilir. Hər növ söz var. Saxta, ziddiyyətli tövsiyələr, qəribə və bəzən xəyanətkar tövsiyələr ölkənin modernləşdirilməsinin əvvəllərində bizim canımıza salınan bir bəla idi. İranlılar Avropanın inkişafından xəbərdar olanda yavaş-yavaş bu fikrə düşdülər ki, görsünlər Avropada, dünyanın o tərəfində nə baş verir. Ondan əvvəl ümumiyyətlə, dünyada nə baş verdiyini bilmirdilər. Qacar şahlarının başı hərəmxanalara, ziyafətlərə, şəxsi problemlərə və öz dəyərsiz işlərinə o qədər qarışmışdı ki, ümumiyyətlə, dünyada nə baş verdiyindən xəbərsiz idilər. Renessans nə idi? Necə yarandı? Nə üçün yarandı? Nəticəsi nə oldu? Fətəli şahın dövrünə qədər və ondan sonra bu məsələləri ümumiyyətlə, bilmirdilər. Sonra İranla Rusiya arasında müharibə başlandı. Qacar rejimi rusların inkişaf etmiş silahlarından güclü zərbələrə məruz qaldı. O zaman bəzi şəxsləri Avropaya göndərdilər. İranda yaşayan Avropa səfirləri də əl-ayaq açdılar, siyasi nüfuza şərait yaratmaq üçün İrana xüsusi elçi və məmurlar göndərildi. Modernizmlə qarşılaşan ilk şəxslər kimlər idilər? Şahzadələr, saray adamları və o zamanın nüfuzlu siyasi şəxsiyyətləri. Ümumi xalqın xəbəri yox idi, din alimlərinin xəbəri yox idi, digərləri də bir şey bilmirdilər. Çox az adamları çıxmaq şərti ilə, bunlar ümumi və bəlkə də istisnasız olaraq Qərbin bu mədəniyyəti və inkişafı ilə qarşılaşanda ona heyran oldular, əl-ayaqlarını itirdilər, öz beyinlərini və ağıllarını işlədə bilmədilər, tərəf-müqabilin inkişafını görüb öz inkişafları haqda fikirləşmədilər. Nəticə nə oldu? Nəticədə Məşrutə zamanı və onun yaradılmasından sonra bizim birinci dərəcəli ziyalılarımızın fikri bu oldu ki, İran inkişaf etmək istəyirsə, gərək təpədən-dırnağa qədər qərbləşsin. Bu, mütləq təqlidçilik demək idi. Elə də etdilər və bu proses Pəhləvi hökumətinə qədər davam etdi.

Pəhləvi hökuməti bu işin daha sürətlə həyata keçməsi üçün xüsusi proqram hazırladı, Qacar dövründə olanla kifayətlənmədi. Pəhləviləri bundan ötrü hakimiyyətə gətirmişdilər. Qərb bu işi görmək üçün öz təsiri altına düşmüş iranlılardan, özünün inandığı ziyalılarından bir neçəsini mədəni məmurlar adı altında şahın ətrafında yerləşdirdilər. Hicab qadağası, geyim formasının dəyişdirilməsi, yerli əlamətlərdən olan mirzə, seyid, xan və ağa adlarının çıxarılması, neftə dair çoxlu imtiyazlar vermək, günbəgün artan xarici müstəşarları gətirmək belə işlərdəndir. Sonra ingilislər Rza xanı hakimiyyətdən kənarlaşdırdılar və 1953-cü ildən etibarən amerikalılar ölkədə tam ixtiyar sahibi oldular. Bu bizim tağut dövründə qeyd etdiyim təhlükəli idarəçiliklə fundamental dəyər və prinsipləri məhv etməyə doğru gedən yenilik sərgüzəştimizdir. Kaş bunun qarşısında heç olmasa nəsə almış olaydılar - heç nə almadılar. Yəni İran uzun illər boyu, 60-70 il ərzində ingilislərin və qərblilərin ixtiyarında idi. Buna gücləri çatmadı ki, misal üçün, ölkədə bir elmi tədqiqat mərkəzi açsınlar və o, əlli il ərzində iki şey ixtira etsin; elə alimlər yetişdirsinlər ki, iki-üç yeni elmi kəşf etsinlər. Yəni bunlar Qərbdən bu qədər də istifadə etmədilər. Onlar nə istəyirdilər? Onlar istehlakçı istəyirdilər; həm də təbii olaraq mədəni və siyasi təslimçiliklə yanaşı olan iqtisadi istehlakçı. Onlar bunu istəyirdilər. Bunlar da asanlıqla təslim oldular və istədiklərini verdilər. Bütün bu iğtişaşlar, çəkişmələr, sizin Qacar rejimi zamanı tənbəki hərəkatından Rza xanın dövrünədək və ondan sonra gördüyünüz bu problemlər, bir tərəfdən alimlərin rəhbərlik etdiyi mömin cəbhə, bir tərəfdən də zalım hakimlər arasında baş verən toqquşmalar həmin məsələlərdən qaynaqlanırdı. Reji imtiyazı məsələsində Mirzə Şirazi ölkənin böyük bir gəlir mənbəyinin müftə şəkildə qərblilərə verilməsinə etirazını bildirdi; Röyter imtiyazı məsələsində də həmçinin. Vüsuquddövlə müqaviləsi adı ilə tanınan və əslində bütün ölkənin ingiltərəlilərə verildiyi müqavilədə də belə oldu. O zaman görkəmli ruhani olan Müdərris etiraz etdi.


Reallıq sayəsində inkişaf anlayışı

Mərhum Ayətullah Kaşaninin qoşulduğu Neft sənayesini milliləşdirmə hərəkatında da belə oldu. Alimlərin müxtəlif dövrlərin hökumətləri ilə bu problemlərinin hamısı - xalq və bir çox ziyalılar da onlara dəstək verirdilər - milli maraqlar və qarşı tərəfdən də əcnəbi qüvvələrin iradə və qərarından irəli gələn yenilik ətrafındadır. Deməli, Qərbin əcnəbi inkişaf proqramları bəzən hətta xaincəsinədir.

İnkişafın düzgün mexanizmini tapmaq üçün bizə nə lazımdır? Nəzəri iş. Bu sizin üzərinizə düşən işlərdəndir. Bir ölkənin inkişafı nədir? Əlbəttə, məqsədim bu deyil ki, zehni və açıq mövzularda yıxılıb qalaq, özümüzü belə mövzularda gecikdirək, reallığa diqqət yetirməyək. Yox, bunları istəmirik. Bu, səhvdir.

Bəni-Sədr yadıma düşdü. Müharibənin əvvəlində yerli xeyirxah insanlar gəlib deyirdilər ki, iraqlılar bizim torpağımıza hücum etdilər, sərhədimizi keçdilər, təcavüz etdilər. Biz Bəni-Sədrə deyirdik: "Ey prezident, sizin xəbəriniz varmı, deyirlər iraqlılar hücum ediblər". Deyirdi ki, yalan deyirlər, Mühafizəçilər korpusu özü üçün imkanlar almaqdan ötrü bu sözləri danışır. Onları ittiham edirdi. Sonra Dehlorana getdi. O zaman Dehloranı tutmamışdılar. Dayandı, müsahibə verdi və dedi ki, mən indi Dehlorandayam. Deyirlər iraqlılar gəliblər. İraqlılar haradadırlar? Dehlorandan çıxdı, iki saatdan sonra Dehloran iraqlılar tərəfindən işğal olundu. Gözləri bağlamaqla həqiqəti inkar etmək olmaz.

Hafizin dövründə Şah Şeyx Əbu İshaq adlı padşah vardı. O, şah idi, adı Şeyx Əbu İshaq idi. Yaraşıqlı və meşşan bir gənc idi. Hafizin şeirlərindən görünür ki, onu çox sevirmiş. Əmir Mübarizüddin gəlib Şirazın çöllərində düşərgə salanda və Şiraza hücuma hazırlaşanda Şirazın eyş-işrətə qərq olmuş bu bədbəxt hakiminin xəbəri yox idi. Vəziri də ona deməyə cəsarət etmirdi. Əgər bir söz desəydilər, deyərdi ki, siz cəfəngiyyat danışırsınız. Vəziri bir gün bir plan düşündü və dedi ki, əlahəzrət bu bahar fəslində dama çıxıb ətrafa baxmaq, yaşıllıqdan həzz almaq istəmir? O da belə adam olduğundan dedi ki, gedək. Qəsrin damına çıxdı, baxıb gördü ki, çöldə düşərgə salmışlar. Dedi bunlar nədir? Dedi ki, Mübarizüddin Kermaninin ordusudur, gəlib ki, sizin evinizi yıxsın, bütün sarayınızı viran qoysun. Bu bəhanə və planla düşmənin gəlişini ona göstərdi. Bəziləri belədirlər, gözlərini yumub deyirlər ki, mədəni hücum yoxdur. Mədəni hücumu qəbul etdikdə də bəziləri zehni məsələlərin dalınca getdilər. Hücum nə deməkdir? Mədəniyyət nə deməkdir? Mədəniyyət hansı məsələlərə şamil olur və hansı məsələlərə şamil olmur? Bizim bunlarla işimiz yoxdur. Danışırlar ki, qədimdə bir şəhərdə bir koneteatr açmışdılar. Bəziləri şəhərin tərki-dünya insan olan din aliminin yanına gedib dedilər ki, ağa, şəhərdə sinema (kinoteatr) açıblar, siz bir iş görün. Alim bir qədər fikirləşib dedi ki, hələ görək bu əslində, “sinoma”dır, “sinəma”dır, yoxsa “sinema”. Hansı düzgündür? Başladılar bu sözün üstündə nəzəri mübahisələrə. Mən belə mübahisələrin tərəfdarı deyiləm, amma hər halda, nəzəri məsələlər olmalıdır ki, inkişafın nə olduğu bəlli olsun.
İnkişaf örnəyi

İnkişaf örnəyini təyin etmək də lazımdır. İnkişaf örnəyi nədir? Biz bunu müəyyən etməliyik. Əgər bunu müəyyən etsək, o zaman proqramlarda, prioritetlərdə, işlərdə və sərmayə qoyuluşunda təsirini göstərəcək. Bu öz ardınca mədəniyyət formalaşdıracaq, elmi nümunələrlə dialoqda özünü göstərəcək. Xalqın ümumi beyninə süzüləcək, hətta ölkənin idxal və ixracında da təsirli olacaq: nəyi haradan idxal edək, nəyi haraya ixrac edək?


İnkişafın əsası

İndi müəyyən etmək istəyirik ki, inkişaf nədir. Dünyada inkişaf və inkişaf etmiş ölkə üçün təriflər mövcuddur. Biz bunların əksəriyyətini qəbul edirik, rədd etmirik. Məsələn, ölkənin sənaye və postsənaye ölkəsi olması; bunlar inkişaf meyarıdır. Özünü təmin etməsi; ölkə həyati və əsaslı məsələlərdə özünü təmin etməlidir. Belə deyil ki, ümumiyyətlə, digərlərindən ehtiyacsız olsun. Yox, amma bir şeydə bir şəxsə, yaxud ölkəyə ehtiyacı varsa, münasibətlərini elə tənzimləsin ki, onu əldə etmək istəsə, problem yaşamasın, o biri ölkənin ehtiyacı olduğu bir şey də onda olsun. Özünü təmin etmək budur. İstehsalın artımı, ixracatın artımı, gəlirin çoxluğu, savad səviyyəsinin yüksəldilməsi, xalqın ümumi məlumat səviyyəsinin yüksəldilməsi, vətəndaş xidmətinin yüksəldilməsi, vətəndaşlara xidmət göstərmək, orta ömür müddətinin artımı, son ifadə ilə desək, həyata ümid; bunlar inkişafın əlamətlərindəndir və düzgündür. Uşaq ölümlərinin azalması, ölkədə müxtəlif xəstəliklərin bitməsi, münasibətlərin inkişafı və bu kimi məsələlər dünyada inkişaf etmiş bir ölkə üçün göstərilən parametrlərdir. Biz bunları rədd etmirik, qəbul edirik. Lakin bilməniz lazımdır ki, bu parametrləri bizə o zaman verirlər ki, onun arasında inkişaf və tərəqqi meyarlarından olmayan bir şey də olsun. Elə məsələləri ortaya gətirirlər ki, bu, milli kimlik və şəxsiyyətlə zidd olan mədəniyyəti ixrac etmək, ölkələri asılı etməkdir. Bu parametrləri hazırlayıb təqdim edənlər əksərən alimlər olsa da, onların əksəriyyəti müstəqil insanlar deyillər. Həmin şəbəkənin, mədəni-ideoloji NATO-nun çoxlu belə alimləri, mütəfəkkirləri, incəsənət xadimləri, ədibləri və digər şəxsiyyətləri var. Bütün bunlarla yanaşı, yeniliyin əsası gərək milli kimliyin əsas elementlərini nəzərə almaqla qoyulsun. Əsaslı və prinsipial amallar onların ən mühümləridir. Mən bunu deyim ki, elmi inkişafın, xidmət, səhiyyə və müalicə inkişaflarının sənayeləşməsi və postsənayeləşməsi olsun, amma milli kimliyi qorumaq bunların bünövrəsi olmalıdır. Bir ölkədə bunların hamısı olsa, amma milli baxımdan kimliksiz bir ölkə olsa, mədəniyyəti digərlərindən asılı olsa, öz keçmişindən və tarixindən heç bir bəhrəsi olmasa, yaxud keçmişi varsa, onu yaddan çıxarsa, yaxud gözündə təhqir etsələr, bu ölkə əsla inkişaf etməz. Çünki milli kimlik hər bir inkişafın əsasıdır.


Eşq, mənəviyyat, Allahla əlaqə

Yenilik dedikdə inkişafla yanaşı olan yeniliyi nəzərdə tuturuq. Bu yenilik bizim amallarımızdan olmalıdır: yoxsulluqla, ayrıseçkiliklə, xəstəliklə, savadsızlıqla, təhlükəsizliklə, qanunsuzluqla mübarizə, idarəçiliyi daha elmi səviyyəyə, vətəndaşların rəftarını nizam-intizamlı səviyyəyə qaldırmaq, ictimai intizam, təhlükəsizliyin inkişafı, milli sərvətin artması, elmin, milli iqtidarın, əxlaqın və milli başucalığının inkişafı. Bütün bunlar yenilik və inkişafa aiddir və biz bunları əsas şərtlər bilirik. Bunların yanında eşq, mənəviyyat, Allahla əlaqə - bir xalqın inkişafını sözün həqiqi mənasında təmin edən ən mühüm amillərdir. Əgər bu olmasa, dünyada inkişaf kimi başa düşülən nailiyyətlərin hamısı səhv yollarda işlədilə bilər. Yəni mümkündür bir ölkə ictimai rəftar baxımından intizamlı, ədəbli və əxlaqlı olsun, sərvətə və elmə də yiyələnsin, eyni zamanda həmin sərvəti, elmi və həmçinin ictimai intizamı başqa bir xalqı məhv etmək üçün işlətsin. Bu, səhvdir və bizim məntiqimizdə düzgün deyil. Öz elmini atom bombası kimi bir silah düzəltmək üçün işlətsin, o da bir yerə düşəndə daha günahlı-günahsız, silahlı, kiçik uşaq, südəmər körpə və məzlum insanlara baxmasın, fərq qoymasın, hamını məhv etsin! Biz bu yolda işlədilən elmi, buna malik olan ölkəni və bununla sonuclanan yeniliyi dəstəkləmirik. Biz belə dəyişikliyi sevmirik.


Yenilikdə insanın mənəvi duyğularının gücləndirilməsi

Hər bir yenilikdə Allaha pərəstiş, mənəviyyata eşq, insan duyğusu, məhəbbət və hissiyyat gücləndirilməlidir. Bu istiqamətdə irəliləməliyik. İnsanları bir-birinə qarşı laqeyd edən ictimai və iqtisadi yenilik bəyənilmir, pisdir. Siz eşidirsiniz ki, bəzi Qərb ölkələrində ata və övlad bir şəhərdə yaşayırlar, amma övlad illərlə atasının halını soruşmur. Ailələr bir yerə toplaşmırlar, uşaqlar ata-ana məhəbbəti görmürlər. Qadının bir yerdə işi var, kişinin başqa bir yerdə. Bunun iş saatı gecə səkkizdə bitir, onun iş saatı gecə onda. Sonra bunun bir dostu ilə görüşü var, onun da bir iş yoldaşı ilə. Əgər bunlar doğrudan da varsa, geriləmə əlamətləridir. Bununla sonuclanan yenilik bizim tərəfimizdən təsdiq olunmur. Biz elə yenilik istəyirik ki, atalar, analar, övladlar, dostlar və qonşular arasında daha çox ülfət və məhəbbət yaransın, siz qırx evə qədər qonşunuzu tanıyasınız. Bu, yaxşıdır. Mühit sevgili və duyğulu mühit olsun.

Cəmiyyətdə hamı bir-birinə qarşı məsuliyyət hiss etməlidir: "Hamınız məsulsunuz və hamınız öz rəiyyətinizə görə məsuliyyət daşıyırsınız".
Hedonizm

İctimai münasibətlərdə belə məsələlərlə sonuclanan yenilik inkişaf deyil. İslamın və İslam Respublikasının nəzərdə tutduğu inkişaf budur. Fərdiyyətçiliyə, insanın mütləq şəkildə sevdiyi ləzzətlərin icazəli olmasına əsaslanan inkişaf inkişaf deyil. Qərbin bugünkü sənaye dünyası bu təməl üzərində qurulmuşdur: ləzzətlərin icazəli olması. Hər bir ləzzətin yeganə şərti budur ki, başqasına təcavüz olmasın. Sevdiyin hər bir şey halaldır, kef çək. Buna görə görürsünüz ki, bu gün bəzi xəcalətli ifadələr mövcuddur, hətta onların kilsələri səviyyəsinə də çatmışdır. Bunların etdiyi həmcinsbazlıqlar, çirkin işlər, qanunsuz əlaqələr, kişi-qadın münasibətləri və cinsi pozğunluq bir gün gizli idi, bu gün isə adi hal almışdır. İki-üç il bundan öncə ABŞ-da bir keşiş elan etdi ki, mən bir-biri ilə ailə qurmaq istəyən iki həmcinsin kəbinini kəsməyə hazıram. Bu, sözügedən hedonizmdir. Deyir xoşum gəlirsə, etməliyəm. Bu, qadağandır və rədd edilir. Biz bunu inkişaf bilmirik.


Geriləmə nədir?

Digər xalqlara zülm etməyə və digər xalqların geriləməsinə əsaslanan qüdrət, xüsusi bir təbəqənin - oliqarx təbəqəsinin xidmətində duran inkişaf və yenilik bizim nəzərdə tutduğumuz deyil. Bu gün Qərb ölkələrində belədir. Bu ölkələrin sərvəti, yəni ümumi gəliri çoxdur, necə deyərlər, ümumi daxili məhsulun miqdarı. Amma bunlar necə bölüşdürülür? Hər kəsə nə qədər işin qarşısında nə qədər çatır? Adətən, bunları demirlər. Qazanc əldə etmək üçün ər-arvad gecə-gündüz işləyirlər, amma öz həyatlarını təmin edə bilmirlər. Qarşı tərəfdə isə nəhəng kapital sahiblərinin, Rokfellerlərin dağdan sərvəti olsun, sayıb qurtara bilməsinlər. Bunlar bizim nəzərdə tutduğumuz inkişaf deyil. Milyonçular təbəqəsinin xidmətində duran inkişaf geriləmədir. Müstəqil milli kimliyin satılması ilə nəticələnən inkişaf, inkişaf deyil.


Geriləmənin nümunələri

Təqlidçilik, təqlidin yayılması və inkişaf etməsi inkişaf deyil. İqtisadiyyatı asılı, elmi təqlidçi etmək, universitetdə tərcüməçilik, yəni sərhədlərin o tərəfinin, Qərb sərhədlərinin və Avropa ölkələrinin dediklərini tərcümə etmək, kim danışsa, elmə zidd danışdığını demək inkişaf deyil. Biz bunu inkişaf bimirik. Tərcüməni rədd etmirik. Mən bunu dəfələrlə universitet toplantılarında demişəm. Xeyr, tərcümə də çox yaxşıdır, digərlərindən öyrənmək yaxşıdır, amma tərcümə edirik ki, özümüz yarada bilək. Ayrılarının sözünü anlayaq ki, öz beynimizə yenisi gəlsin, nəinki həmişə digərlərinin köhnə sözü üzərində qalaq. Filan qərbli yazıçı, filosof və ya psevdo-filosof 50-60 il öncə ictimai məsələlər sahəsində bir söz deyib. İndi bir cənab gəlib universitetdə ağzını qürurla açıb onu yeni söz kimi tələbəyə deyir. Bu, inkişaf deyil, geriləmədir. Milli dili məhv etmək, milli İslam kimliyini qüvvədən salmaq, model düzəltmək əvəzinə modelbazlıq etmək inkişaf deyil. Biz asılılığı və qərbləşməni inkişaf bilmirik.


Elmi öyrənin, Çində olsa belə!”

İnkişaf budur ki, biz hər kəsdən hər bir formada ehtiyacımız olan bütün elmləri öyrənək. Bu elmi praktika və tətbiq mərhələsinə çatdıraq, müxtəlif tədqiqatlar aparaq, elmin dairəsini genişləndirək, fundamental tədqiqatlar aparaq, tətbiqi və təcrübi tədqiqatlar aparaq, texnologiya yaradaq, yaxud yeni texnologiya əmələ gətirək və yaxud köhnəsini təkmilləşdirək. İdarəetmə fənni üzrə dünyanın nailiyyətlərini öyrənək, onu öz aramızda öz ehtiyaclarımıza, adətimizə və mədəniyyətimizə uyğun şəkildə dərk, təhlil edək və öz cəmiyyətimizə uyğunlaşdıraq. Ölkəmizdə mövcud olan ictimai problemlər barədə tədqiqat aparaq, onları aradan qaldırmaq yollarını tapaq. İsrafçılıqla mübarizə yolunu öyrənək. İsrafçılıq bir ictimai xəstəlikdir. İstehlakçılıqla mübarizə yolu nədir? Xarici məhsulu daxili məhsula tərcih etməklə mübarizə yolu nədir? Bunlar tədqiqat istəyir. Universitetlərdə tədqiqat planları verin, müəllim və tələbə işləsin. Tədqiqatın nəticəsini ölkənin məmurlarına verin, mediaya verin ki, yayılsın və mədəniyyət formalaşsın. İnkişaf budur.


İctimai və mədəni problemlərdə tədqiqatın zəruriliyi

Qərbin pozğun əxlaqının yayılmasına qarşı mübarizə yolu nədir? İctimai intizamsızlığa qarşı mübarizə yolu nədir? Onun kiçik bir nümunəsi işıqfor məsələsidir. Nə edək ki, bizim motosikletimiz, taksimiz, avtomobilimiz, Baş direktorumuzun və məmurumuzun maşını qırmızı işıqda keçməsin? Nə edək ki, bizim piyadamız yolu keçəndə işıqforu gözləsin? Bunlar çox yaxşı işlərdir, tələfatı azaldır, həyatı rahatlaşdırır və insanın sinirlərini sakitləşdirir. İndi bir problem varsa, o problemi necə həll edək? Bu düyünü necə açaq? Bu sizin işinizdir. Talaqla, narkotik maddələrlə, böyüklərə hörmətsizliklə - xoşbəxtlikdən, bizim cəmiyyətimizdə bu eyib çox da mövcud deyil, amma indi az-çox bəzi yerlərdə görünür – valideynə diqqətsizliklə, yalanla və dözümsüzlüklə mübarizə yolu nədir? Nə üçün bir-birimizə dözə bilmirik, eyib axtarırıq? Bir mühitdə eyni məqsədli tərəflər arasında kiçik bir fikir ayrılığı nə üçün onların qarşı-qarşıya dayanmasına səbəb olur?


Siyasi, yoxsa qəbilə qruplaşmaları?

İnqilabın əvvəlindən indiyədək olan təcrübəmə əsasən, bizim ölkəmizin əksər siyasi qrupları belə idi. Təəssüf ki, sonra daha dərin qruplaşmalarla nəticələndi. Mənim prezidentlik dövrümdə ölkədə iki qrup vardı: solçu və sağçı. Bəziləri deyirdilər solçu, bəziləri deyirdilər sağçı. İndi dəqiq yadımda deyil, təxminən 1983-84-cü illərdə bu barədə geniş təhlil apardım və sübut etdim ki, bu ixtilaflar qədim ərəb qəbilələrinin ixtilafları kimidir. Bir qəbilənin başqa qəbilə ilə arası pis idi. Səbəbi də nə iqtisadi əsas idi, nə də etiqadi əsas. Fərz edin, bir dəfə bu qəbilənin atı o biri qəbilədən birinin otlağında otlayıb. O da deyib ki, gözün üstə qaşın var. Bu da bir cavab verib və aralarında qan tökülüb, yaxud tökülməyib. Amma bu iki qəbilə ondan sonra əbədi olaraq bir-birinə düşmən olublar. Mən sübuta yetirdim ki, o zaman ölkəmizdəki sağçı və solçu ixtilafları da bu qəbildəndir.

Emosional və əxlaqi ixtilaflar siyasi qruplaşmalara çevrilmişdir. Əlbəttə, bu gün elə deyil. Bu gün bəziləri dərindən İslam Respublikası quruluşuna müxalifdirlər. Müxtəlif dil və şüarlarla, müxtəlif bayraqlar altında quruluşun özünə qarşıdırlar. Həm də yaxşı bir alternativlərinin olduğuna görə müxalif deyillər. İslam Respublikasının onlara qarşı mübarizə apardığı şüarlara görə müxalifət etmək istəyirlər. İslam Respublikası Qərbin və ABŞ-ın hakimiyyətinin inkarı əsasında iş başına gəldi, amma bunlar Qərbin hökmranlığının tərəfdarıdırlar. İslam Respublikası dini, mənəviyyatı və İslam məfhumlarını inkişaf etdirmək üçün iş başına gəldi, bunlar isə bu məfhumların yayılmasına qarşıdırlar. İslam Respublikası öz şüarını din və siyasətin birliyi etdi, bunlar isə ümumiyyətlə, din və siyasətin birliyinə düşməndirlər. Bəziləri belədirlər. İndi azdırlar, çoxdurlar, kimdirlər, nədirlər; bunlarla işimiz yoxdur. Lakin yenə də həmfikir və eyni məqsədli təşkilatlar arasında keçmiş qəbilə ixtilaflarının oxşarı mövcuddur.

Bu dözümsüzlüyə qarşı mübarizə yolu nədir? Bunun üçün nəzəri tədqiqat lazımdır. Sizin dilinizlə desək, teori işlər görməli və icra etməlisiniz. Bu olur inkişaf. İnkişafın bir hissəsi bunlardır.


Yenilik istəyinin beş uca addımı

Bizim sözümüz budur. Əvvəla, yeniliyə qarşı çıxmaq olmaz. İkincisi, yeniliyi yaxşı qarşılamaq lazımdır. Üçüncüsü, nəinki yeniliklə düşmənçilik olmaz, həm də ona yaxşı baxmaq lazımdır. Dördüncüsü, yeniliyi idarə etmək, onda inkişafa can atmaq lazımdır. Geriləməyə səbəb olan yenilik pis yenilikdir. Beşincisi, yeniliyi anarxizmlə, bünövrələri uçurmaqla, hərc-mərcliklə səhv salmaq olmaz və nəhayət, yeniliyin təməlini dünyanın bugünkü inkişaf meyarlarından ayırmaq lazımdır. İslam Respublikasının xüsusi meyarları olan İslamın əxlaq, mənəviyyat, ilahi mərifət, insansevərlik kimi prinsiplərini də inkişaf meyarlarından bilmək lazımdır. Bu işə məsuliyyətli olan şəxslər də universitet və hövzənin görkəmli təbəqəsindən ibarətdir. Siz gənclər və hazırlığı olanlar bu işə başlayın, məni və mənim kimiləri gözləməyin. Bizim sizinlə ən azı əlli il yaş fərqimiz var. Siz gəncsiniz, güc və həvəsin mərkəzindəsiniz. İş də sizinkidir, gələcək də. Bu baxımdan, gözləməyin, özünüz başlayın, müəllimləriniz başlasınlar. Ölkə məmurları da təbii ki, ayıq və diqqətlidirlər. Lakin bilin ki, siz də bu işlə məşğul olursunuzsa, gərək idarəçiliyiniz olsun. Bəzi meyarlardan muğayat olun. Bura minalanmış sahə kimidir. Sağlam xətt üzərində hərəkət edin.

İlahi! Öz rəhmət və lütf nəzərini bu gənc qəlblərə və yüksək ruhiyyələrə nazil et!

İlahi! Eşidib dediklərimizi Özün üçün, Öz yolunda, qəbul etdiyin və razı olduğun işlərdən say!

İlahi! Bizim bu mömin və əziz gənclərimizin qəblərini Öz məhəbbət, mərifət və lütf nurunla günbəgün daha da nurlandır!

İlahi! Bu gəncləri öz həyatlarında dövrün imamını ziyarət etmək kimi böyük məqsəd və arzuya çatdır!

Allahın salamı və rəhməti olsun sizə!


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə