VəTƏNİ ÜRƏYİNDƏ yaşadan şAİR



Yüklə 34,02 Kb.
tarix04.11.2017
ölçüsü34,02 Kb.
#8382
növüYazı

VƏTƏNİ ÜRƏYİNDƏ YAŞADAN ŞAİR
Yazılı Azərbaycan ədəbiyyatının tarixi min illərlə ölçülür. Hər bir yazıçı bir əsərlə də olsa vətən, onun müqəddəsliyi haqqında öz duyğularını ifadə etmişdir.

İnsan torpaqda dünyaya göz açır. Və elə doğulduğu torpaq da Vətən adlanır. Vətən deyəndə ilk anlama gələn torpaqdır. Vətən ─ bu sözün hardan doğduğu, hansı arealları, neçə kilometrləri, bəlkə də metr əraziləri əhatə etdiyi kimə məlumdur? Başlanğıcı hara, sonu haradır vətənin? Bəlkə vətən bütöv bir yer kürəsi, bəlkə kiçik bir kənd, bəlkə də balaca bir otaq, dörd divarın arasıdır? Yaradılışdan insanin daxilində bir neçə istiqamətə yönəlik qeyri ─ iradi sevgi formalaşır. İnsanın daxilində müxtəlif məzmunlu sevgilər sırasında bir də vətən sevgisi yurd salır. Niyə insan övladı öz vətənində özünü hamıdan güclü hiss edir? Niyə insan övladı harda olursa olsun son nəfəsini doğulduğu torpaqda tapşıraraq Haqqın dərgahına qovuşmaq istəyir? Niyə qəriblikdə olan insan üçün bir ovuc vətən torpağı dünyanın ən qiymətli ləl ─ cəvahiratından da dəyərlidir və onu ən müqəddəs tutiyə kimi qoruyub əzizləyir? Biz minilliklər boyu bəşəriyyəti düşündürmüş bu suallara xalq yazıçımız Bəxtiyar Vahabzadə yaradıcılığını istinad seçərək cavab axtarmağa çalışacağıq. Amma şairin düşüncələr aləminə baş vurmazdan öncə bir neçə tarixi, tibbi və dini məlumatı diqqətinizə çatdırmaq istəyirəm.

Qədim yunan əfsanəsində Heranın ─ Torpaq ananın oğlu Anteylə Heraklın vuruşu təsvir olunur. Hər dəfə Herakl Anteyi yerə yıxanda o, torpaqdan-anasından güc alaraq yenidən ayağa qalxır. Bunun üçün də Herakl onu havada saxlayaraq öldürür.

Tibbi araşdırmalara görə yer kürəsində tapılan 107 kimyəvi elementdən 67-si insan orqanizmində bu və ya digər birləşmələr şəklində aşkarlanır. Məs: Ca ionu insan orqanizminin 40%-ni, su 65%-dən çoxunu, azot ionu 10%-ni təşkil edir. Bunlardan başqa karbon(C), dəmir(Fe), manqan(Mn), maqnezium(Mg), flor(F) və s. ionlar da çox üstünlük təşkil edirlər.

“Qurani ─ Kərim”dən aşağıdakı nümunələrə diqqət yetirək. “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” .”Ey insanlar ! Öləndən sonra diriləcəyinizə şübhəniz varsa, (ilk yaradılışı yada salın) həqiqətən, biz sizi (babanız Adəmi) torpaqdan ... yaratdıq ki, (qüdrətimizi) sizə göstərək”. ”O Allahdır ki, sizi torpaqdan, sonra nüftədən, sonra bir parça qandan yaratdı”. ”Allah sizi (atanız Adəmi) torpaqdan ... xəlq etmişdir”.

Bəli, bu gətirilən nümunələr, insanın torpaqla necə bağlı olduğuna bir daha sübutdur.

Vətənə gəldim, imana gəldim, Qürbətdə xan olunca vətənində dilən gəz ─ deyib ulularımız. Və bu deyimlərin tarixin sınaqlarından süzülərək bu günə qədər gəlib çıxması təsadüfü deyildir. Daim sınaqlar meydanı olan Vətənimiz tarixdən üzü bu yana həmişə çəkişmələr meydanı olmuş və zamanın keçən hər dönəmində bir yerindən yaralı olub başı bəlalı yurdumuz. Bax elə bu yaralar aşıqların nəfəsinə, şairlərin misrasına qəlb titrədən bir yanğı qatıb. Ta qədimlərdən bu yana torpağımıza, yurd yerimizə olan sevgimiz bayatılarımızda, muğamlarımızda, nənələrimizin laylalarında təcəllə tapıb. Vətən sevgisi həm də insanın doğulduğu, böyüyüb boya-başa çatdığı torpağa, istisinə qızındığı ocağa təəssübündən doğmuşdu. Tarixdən üzü bu yana ən böyük savaşlar da elə məhz hansısa vətənsizlərin kiminsə torpağından bir parça qopararaq özlərinə “vətən” qurmaq istəyənlərlə əcdadlarının göz açdığı torpağın hər qarışını göz-bəbəyi kimi qorumağı özünün ən müqəddəs borcu bilənlərin qarşıdurmasından törəmişdi. Şəhidlik ən ali, ən şərəfli zirvədir. Yalnız torpaq uğrunda, vətən yolunda canından keçənləri şəhid adlandırırlar. Deməli, vətənpərvərlik hissi insani hisslərin ən alisidir.

“Torpağın təkində qızıl, gümüş, mis, qurğuşun və s. vardır. İnsan yaradılanda onun qismətinə bu elementlərdən hansının düşməsindən asılı olaraq həmin metallara uyğun xasiyyətdə və keyfiyyətdə olur”(Qalib Yağlıvəndli).

Vətənpərvərlik mövzusu xalq şairi Bəxtiyar Vahabzadə yaradıcılığının ana xəttidir. Bir ömürcə vətənin istiqlalı, dil, söz, torpaq uğrunda apardığı söz mücadiləsindən alnıaçıq, üzüağ çıxan şair vətənin azadlığı uğrunda əsl vətənpərvər insan, vətəndaş kimi iz qoymuşdu. Hər qarışı ecazkar, füsünkar gözəlliklər yatağı olan Vətənimiz şairçün müqəddəs bir məkandır. B.Vahabzadənin vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərində dərdli, nisgilli şairin əhvalı duyulur. Çünki o, paramparça olmuş bir vətəndən, ən dilbər guşələri nankor, riyakar düşmənlərin iyrənc fitnələrinə yer olan bir vətəndən, xalqın göz dağı olan Araz çayı ilə ikiyə bölünərək o taylı, bu taylı damğası ilə damğalanan vətəndən yazır.

Arazın


bu tayı vətənim,

o tayı vətənim

Vətəni görməyə amanım yox mənim ─ deyən şair bir ömür boyu ikiyə bölünmüş vətənin ağrısı ilə yaşadı. Şair vətənimiz olsa da gedə bilmədiyimizin, tikanlı məftillərin ayırdığı ellərimizə bir salam belə verə bilmədiyimizin kədərini ürəyində daşıyırdı. Bu əsərin sonunda şairin öz dərdini Füzuli dərdi ilə müqayisə etməsi bu həsrətin nə qədər ağır, sonsuz, çəkilə bilməyən olmasının isbatıdır:

Füzuli həsrətlə qürbətdən vətənə baxırdı.

Mən isə ....

Vətəndən ─ vətənə baxıram.

Bəxtiyar Vahabzadə yaradıcılığına belə canlı pafos verən, onu şöhrətləndirən və sevdirən başlıca səbəb vətən sevgisi, yurdun hər qarışından aldığı ilham və özünün əsl “vətən daşı” olduğunu dərk etdiyindən aldığı zövqdür. Vətəninin əsl vətəndaşı olan şair qırılmaz tellərlə, canlı rişələrlə xalqına, elinə-obasına bağlıdır. Bəxtiyarın şeiri məhz xalqdan, torpaqdan güc aldığı üçün böyükdür, əzəmətlidir, müqayisə olunmazdır. Vətəninə, yurduna-yuvasına bağlılıq, vətəndaşlıq pafosu B.Vahabzadə yaradıcılığının əsas ideyasını şərtləndirən başlıca xüsusiyyətdir.Onun vətənpərvərlik şeirlərindən danışarkən “Azərbaycan oğluyam” şeiri xüsusi vurğulanmalıdır. Şeirdə vətənpərvərlik ideyası qabardılaraq ön plana çəkilir. Burada eyni zamanda qədim türklərin dünyagörüşlərinin, inanclarının öz bədii əksini tapması da diqqətəşayan bir haldır. Şeir bu misralarla başlayır:

Azərbaycan oğluyam

Odu Allah sanmışam.

Anam torpaq,atam od

Mən oddan yaranmışam.

Bu misralar bir növ dünyanın dörd qütbünə səpələnmiş türk xalqlarının kimliyidir. Əski türk inanclarına görə insanın yaranmasında Ata başlanğıc Günəş, od, istilik və Ana başlanğıc Torpaq başlıca rol oynayır. Yaradıcı qüvvə olan Günəşin Torpağa istilik verməsiylə insan yaranmışdır. Böyük ehtimalla söyləyə bilərik ki, şair bu misraları qələmə alarkən məhz həmin türk inanclarına istinad etmişdir.

Azərbaycan oğluyam,

At belində doğuldum;

Zamanın qazanında

Neçə dəfə dağ oldum ─ deyərkən şair yenə də xalqımızın şanlı,keşməkeşli tarixinə işarə edir. Ta qədimlərdən bu yana analarımız oğulu vətən üçün, onun təəssübünü çəkmək, namusunu qorumaq üçün böyüdüblər. Övlad vətən yolunda şəhid olarkən bu dözülməz dərdi qəlblərinə gömərək vətənin varlığı ilə təskinlik tapıblar. Analar oğulları cəngi sədaları altında qundaqlayarkən onun ruhuna vətən eşqinin toxumunu səpiblər. Bax beləcə ruhumuzda bir vətəndaşlıq hissi yer alıb. Sağalmaz yaramız olan vətəndə vətənsizlik dərdimiz bu şeirdə də şairin köksündə qövr edərək bu misralara çevrilmişdir:

Neyləyək ki...

zamanın


Uğursuz yollarında

Ikiyə bölünmüşəm

Iki başlı,bir qəlbli

Bir bədənə dönmüşəm.

Amma şair üçün bu bölünmə sadəcə tikanlı məftillərdə,bir də kağız üzərindədir. Onunçün Bakı, Təbriz elə birdir və hər ikisi Məkkə, Mədinə qədər müqəddəsdir.

Həm Təbriz,həm Bakıdır

Məkkəm,Mədinəm mənim ─ deyən şairin bütöv bir xalqın işıqlı sabahına bəslədiyi böyük ümidləri diqqətdən yayınmır.

Bəzən kimsə öz vətəninə, xalqına xəyanət edir. Bunun səbəbi odur ki, həmin şəxs ana südü ilə yox, süni qidalarla qidalanıb. Onun qanında doğulduğu torpağın heç bir elementi olmadığı üçün o xəyanətkar bir iblisə çevrilir.

Özgə anasından süd əmənləri

Özgə qullugunda duran görmüşəm.

Və yaxud da:

Bütün diləklərimin ən saf diləyi şeirim.

......

Vətənini,elini danan tüfeylilərin



Vətənçin yox,

manatçın yananan tüfeylilərin

yumruğa dön başında.

Keşikçi ol bu yurdun torpağında,daşında.

Vüqarı ol,əzmi ol əyilməyən başların,

Qəlbində mərmiyə dön əsl vətəndaşların.

B.Vahabzadə “Şair-vətən” şeirində bu fikri daha da inkişaf etdirərək belə deyir:

Bəlkə də ən zəif,ən kiçik şair

Böyük vətəndaşdır Vətənimizə...

Bəxtiyar burda şair dedikdə bir fərdi yox bütün vətəndaşları nəzərdə tutur. Çünki şeirin davamında şairin-insanın vətənlə bağlılığı aşağıdakı kimi xarakterizə olunur:

Şairin bədəni ─ bu ana torpaq,

Nəfəsi ─ xəzridir, qanı ─ Kür, Araz.

Çox şey vətənsiz də yaşayır,ancaq

Şeirsə Vətənsiz, elsiz yaşamaz...

Bəzi nadan, vicdansız, xəbis, xəyanətkar, vəzifəpərəst insanlar olur ki, başqalarına quyruq bulamaq üçün öz evini, elini, hətta vətənini satmağa hazır olurlar. Şair onları belə ifşa edir:

Vətəni pul kimi cibinə dürtən

Bir rüşvət düşkünü,rütbəli nadan

Durub kül üfürür gözlərimizə.

Vətənin sevməyin “qaydalarından”

Utanmaz-utanmaz dərs deyir bizə.

Belələri odlu-alovlu çıxışları ilə xalqı mübarizəyə səsləsələr də, sonda ona xəyanət edərək yadellilərin ağuşuna sığınıb,xalqı mübarizə meydanında tək qoyublar. Bunlara şair belə cavab verib:

Vətəni sevməkdə nə qayda,qanun?

Vətən sevgisinin hüdudu varmı?

Ey nadan,ölçülər özünün olsun,

Məhəbbət ölçüyə,həddə sığarmı?

Doğrudan da əsl vətəndaşın doğulduğu torpağa,ata-babalarının qəbri olan bir məkana,anasının beşik başında nəğmə söylədiyi bir ocağa, övladının iməkləyərək ilk addımlarını atdığı yurda olan sevgisi heç nə ilə müqyisə oluna və ölçülə bilməz.

İndiki dövrdə Azərbaycanda bəzi müəssisələrdə xarici dil bilməyənləri işlə təmin etmirlər. Şair 1967-ci ildə yazdığı “Riyakar” şeirində bunu tam çılpaqlığı ilə ifadə etmişdir.

Vətənin dilinə gərəksiz deyən

Vətənin özünü necə sevir bəs?

.......


Vətən qeyrətini çəkməyən oğul

Həm özünə yükdür,həm özgəsinə;

Bu dildə dərs deyib qazandığın pul,

Yediyin çörək də haramdır sənə !

Bəxtiyar Vahabzadə Vətənimizin başına tarixlər boyu gətirilən müsibətləri ürək yanğısı ilə qələmə alır. Sanki özü o dövrdə yaşayıb və bunları görüb. ”Anamın kitabı” şeirində

Tapdandı anamın şərəfi,şanı,

Bizdən sərvət alıb söz gətirdilər.

Bu boyda ölkəni-Azərbaycanı

Bir ərəb qızına cehiz verdilər. ─ deyir.

Şairin ürək titrəyişləri hər sözdə, hər misrada hiss olunur. Çünki o bu vətənin torpağndan bu vətənin suyu ilə yoğrularaq anaların laylası ilə Vətən kürəsində bir vətəndaş kimi bişmişdir. Vətən onun cisminə və ruhuna hoparaq onu var etmişdir.

Bizim anaların laylalarından

Axdı ruhumuza Vətənin özü.

Vətən şairin gözündə bütövdür, parçalanmazdır. Bəxtiyar özünün bəxtiyarlığını belə ifadə edir:

Mən həm bakılıyam,həm lənkəranlı,

Gəncəli,qubalı,həm naxçıvanlı.

Şəkili,şirvanlı,qarabağlıyam,

Bütöv Vətənimə bütöv bağlıyam.

....


Bir eldə doğulub xoşbəxtəm ki,mən

Böyük bir Vətənə oğul olmuşam.

Doğrudan da şairin qeyd etdiyi kimi insan hansı məkanda doğulmağından, boya-başa çatmağından, harada dünyadan köçməyindən asılı olmayaraq bütöv bir Vətənin-Anamız torpağın ayrılmaz tərkib hissəsidir. Bəxtiyar qələmi bunu elə ah-nalə ilə ifadə edib ki,bir damla vicdanı, vətən sevgisi, özünü bu vətənin “daşı” hesab edən şəxs bü fikirlərə biganə qala bilməz.

Gün kimi bəllidir yeddi milyonun

Dərdini köksündə yaşatmayan kəs

Bu boyda millətə baş ola bilməz.

....

Bu Vətən mənimdir,bu Vətən sənin,



Səngərdə əsgərə dəyən güllənin

Ağrısı qəlbində göynəməyən kəs

Bu boyda millətə baş ola bilməz .

Bəxtiyar Vahabzadənin vətənpərvərlik lirikası haqqda çox danışmaq olar. Çünki bütün varlığıyla vətəninə bağlı olan şairin bütöv Azərbaycanımıza olan hədsiz sevgisi onun hər misrasına sirayət etmişdi. Vətənpərvərlik B.Vahabzadə yaradıcılığının canı-cövhəridir. Bir də Vahabzadə yaradıcılığında “Malades” sözünə vətəni satanlara, körpə həmvətənləri,uçmalıykən alçalan, isti ocağa həsrət balaların taleyinə biganə olanlara bir nifrət alovlanır.

Gecələr yatmadan əvvəl sor özündən ki:”Bu gün

Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”


Əgər hər kəs bu suala öz yaxşı əməlləri ilə cavab verməyə çalışsa, o zaman Vətənimiz əbədiyyən var olar.
KÖNÜL Heydərova. Ədəbi tənqidçi. Füzuli rayon 49 saylı məktəbin müəllimi





Yüklə 34,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə