Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun q ə r a r I



Yüklə 21,65 Kb.
tarix26.09.2017
ölçüsü21,65 Kb.
#1757

Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları  ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

Q Ə R A R I


28 oktyabr 2011-ci il                                                 № 6/2011                                                    Bakı şəhəri

Uşaqların cəmiyyətdə, ailədə xoşbəxt, məhəbbət və anlaşma şəraitində sağlam böyüməsini təmin etmək dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir.


Azərbaycan Respublikası Ali Məhkəməsi bu məsələnin aktuallığını nəzərə alaraq, valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olma hüququ ilə bağlı 2009-2010-cu illərdə məhkəmələr tərəfindən baxılmış işləri öyrənmiş və müəyyən etmişdir ki, işlərə baxılarkən maddi və prosessual hüquq normaları əsasən düzgün tətbiq olunmaqla, mübahisə uşaqların və tərəflərin hüquqi mənafeyinə uyğun həll edilir. Bununla yanaşı bəzən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində nöqsanlara da yol verilir. 
Bu qəbildən olan işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq edilməsini, habelə vahid məhkəmə təcrübəsinin formalaşmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
 

QƏRARA ALIR:


1. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir.  


Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan validenlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.
  
2. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. 

3. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. 

4. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. 
Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
Müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) uşaqla ünsiyyət hüququnu həyata keçirilməsindən imtina etmək haqqında qərarlarından bu ünsiyyət hüququna malik olan baba, nənə, qardaş, bacı və digər qohumlar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin inzibati-iqtisad məhkəməsinə şikayət edə bilərlər.  

5. Plenum qeyd edir ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir. 

6. Məhkəmələrə izah edilsin ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər.

7. Valideyinlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi - iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. 


Məhkəmələrə izah edilsin ki, bu zaman BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın 10-cu maddəsinin 2-ci bəndi rəhbər tutularaq dövlətlərarası siyasi münasibətlər deyil, hər bir dövlətin uşaqların və valideyinlərin hüquqlarına hörmət bəsləməsi prinsipi əsas götürülməlidir.

8. Qanunun tələbinə görə uşaq ekstremal hallarda da (tutulduqda, həbs olunduqda, müalicə müəssisəsində yerləşdirildikdə və sair) qanunvericiliklə müəyyən edilmiş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 


Plenum qeyd edir ki, ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilməli, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmamalıdır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılmalıdır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmamalıdır. 

9. Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənməməli, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırmalıdır.


Məhkəmələr nəzərə almalıdırlar ki, bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin, bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz.

10. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.


Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 

11. Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb etməlidir.

12. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qəsdən icra etməyən valideyn barəsində Ailə Məcəlləsinin 74-cü maddəsinin tələbinə əsasən mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin tətbiq olunması onu məhkəmə qətnaməsinin icrasından azad etmir. Məhkəmə qətnaməsi qəsdən yenidən icra edilmədikdə Ailə Məcəlləsinin 61.4-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşaqların mənafeyi və fikri nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

Azərbaycan Respublikası



Ali Məhkəməsinin sədri          Ramiz Rzayev
Yüklə 21,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə