Uot 338: 04 Əliquliyev R. M



Yüklə 153,1 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü153,1 Kb.
#8361


İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      35 



UOT 338:04 

Əliquliyev R.M.

1

, Mahmudov R.Ş.

1,2


AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

secretary@iit.ab.az,  



2

rasimmahmudov@gmail.com 



İNTERNET CƏMİYYƏTİN İNKİŞAFININ HƏRƏKƏTVERİCİ QÜVVƏSİ KİMİ 

Məqalədə İnternetin müasir cəmiyyətdə yaratdığı yeni reallıqlar, qlobal və virtual münasibətlər 

analiz  edilir.  İnternetin  təsiri  ilə  insan  fəaliyyətinin  bütün  sahələrində  baş  verən  keyfiyyət 

dəyişiklikləri, yaranan imkanlar şərh olunur. Həmçinin İnternetin perspektiv inkişaf istiqamətləri 

və mövcud təhlükələri göstərilir. 

Açar  sözlər:  qloballaşma,  virtuallaşma,  İnternet  iqtisadiyyatı,  virtual  əmək  münasibətləri, 

kosmik İnternet, biometrik İnternet, Əşyaların İnterneti, İnternet asılılığı, İnternet cinayətkarlığı.  

Giriş 

Ötən  əsrin  40-cı  illərində  kompüterlərin,  60-cı  illərində  kommunikasiya  və  kompüter 

texnologiyalarının  konvergensiyası  nəticəsində  İnternetin  əsası  qoyuldu.  İnternet  şəbəkəsini 

yaratmaq ideyası görkəmli Amerika alimi C.Liklayderin adı ilə bağlıdır.  O, 1962-ci ildə yazdığı 

“Qalaktika Şəbəkəsi” konsepsiyasında bir-birləri ilə qarşılıqlı əlaqədə olan kompüterlərdən ibarət 

qlobal şəbəkə  yaratmaq ideyasını irəli sürürdü.  Müəllif bu şəbəkə vasitəsilə hər kəsin  istənilən 

kompüterdə olan verilənlərə və proqramlara ani giriş əldə etməsinin mümkünlüyünü göstərirdi. 

Öz mahiyyətinə  görə, həmin konsepsiya müasir  İnternetin missiyasına çox  yaxın  idi. Məhz bu 

xidmətlərinə görə C.Liklayderi haqlı olaraq “İnternetin atası” adlandırırlar [1]. 

Bu  konvergensiya  informasiyanın  məkan  üzrə  yayılmasını  daha  da  yüksək  sürətlə  təmin 

etməklə,  onun  yadda  saxlanılmasını  həyata  keçirməklə  zaman  problemini  də  həll  etdi.  İKT 

inkişaf  etdikcə  bu  imkanlar  daha  da  yüksək  sürətlə  artmağa  başladı.  Artıq  zaman  və  məkan 

məhdudiyyətlərindən xilas  olan hər  cür informasiya  İnternetə  daxil edilir, hamı bu resurslardan 

istifadə edir. Bunun nəticəsində İnternet ümumdünya informasiya anbarına (yaddaşına) çevrilir. 

İnternet  bəşəriyyətin  sənaye  cəmiyyəti  mərhələsindən  informasiya  cəmiyyəti  mərhələsinə 

keçidinin  əsasını  qoydu.  Minilliyin  ideologiyası  olan  informasiya  cəmiyyətinin  əsas  vəzifəsi 

yaşından,  dinindən,  dilindən,  irqindən,  məkandan  və  zamandan  asılı  olmadan  bütün  insanların 

informasiya tələbatını ödəmək, onların arasında sosial kommunikasiya mühiti yaratmaq, bilik və 

düşüncələrini ictimaiyyətə çatdırmaqdır. İnformasiya cəmiyyətinin qarşısında duran bu vəzifələri 

həyata  keçirməklə  insanlar  min  illərdən  bəri  miras  qalmış  qlobal  sosial-iqtisadi  və  mənəvi 

problemlərin – yoxsulluğun, səfalətin, savadsızlığın aradan qaldırılması, sağlamlığın qorunması, 

demokratiyanın inkişafı, insan haqlarının və digər bəşəri dəyərlərin təmin olunması üçün fövqəl 

və fenomenal imkanlara malik bir vasitəyə nail olacaqlar. 

İnformasiya  cəmiyyəti  konsepsiyasının  müəlliflərindən  biri,  görkəmli  Amerika  sosioloqu 

E.Toffler  “Üçüncü  dalğa”  əsərində  sivilizasiyanın  inkişafına  təsir  edən  inqilabi  dəyişikliklərin 

istiqamətlərini təhlil edir. O, cəmiyyətin  inkişaf mərhələlərini 3 dalğaya bölür – aqrar cəmiyyət, 

sənaye  cəmiyyəti  və  informasiya  cəmiyyəti.  E.Toffler  informasiya  cəmiyyəti  şəraitində 

informasiya və bilik mübadiləsinin rolunun artdığını, ənənəvi istehsal amillərinin – əmək, torpaq, 

xammal və kapitalın əhəmiyyətinin azaldığını, ənənəvi pulların əvəzinə elektron informasiyanın 

əsas  mübadilə  vasitəsinə  çevriləcəyini,  əmtəə  və  xidmət  standartlarının  əks  olunduğu 

informasiya uğrunda müharibələrin baş verəcəyini qeyd      edir [2]. 

İnternet  texnoloji  yenilik  kimi  meydana  gəlsə də, sivilizasiyanın tarixi  boyu  formalaşmış 

informasiya dünyasının daxilində “zəlzələ” yaratdı. Bu qlobal şəbəkənin yaratdığı geniş imkanlar 

insanların  düşüncə  tərzində,  ünsiyyətində,  fəaliyyətində  və  sosial  münasibətlərində  böyük 

dəyişikliklərə səbəb olur. 



İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45 

 

36                                                                  www.jpis.az 



2015-ci  ilin  sonuna olan məlumata görə, dünyada 3,3 milyard  İnternet  istifadəçisi (dünya 

əhlisinin  sayı  7,2  milyard  nəfər  təşkil  edir)  mövcuddur.  Əgər  2005-ci  ildə  bütün  dünyada  ev 

təsərrüfatlarının cəmi 18%-i üçün İnternet əlyetərli idisə, 2015-ci ildə bu göstərici 46% olub [3]. 

İnternet texnologiyaları çox yüksək sürətlə inkişaf edir və böyük perspektivlər vəd edir. Bu 

inkişaf prosesi bir çox hallarda proqnoza yatımlı olmur. Yəni İnternet inkişafını, perspektivlərini, 

təsirlərini,  təhlükələrini  dəqiq  proqnozlaşdırmaq  mümkün  olmayan  bir  fenomendir.  İnternetin 

cəmiyyət  həyatına  bəxş  etdiyi  bir  mütərəqqi  yenilik  özü  ilə  birlikdə  müəyyən  problemlər  də 

gətirir.  Bəşəriyyət  İnternetin  müsbət  təsirlərindən  faydalanmaqla  yanaşı,  onun  mənfi 

təsirlərindən qorunmaq məcburiyyətindədir.  

İnternetin imkanları 

İnternet  və  qloballaşma.  İnternetin  təsiri  ilə  dünyada  qloballaşma  prosesi  daha  da 

sürətlənir.  Bu  rəqəmsal  texnologiya  nəhəng  informasiya,  bilik  potensialını  özündə  əks  etdirir, 

bəşəriyyətin milli-mədəni sərhədləri aşaraq, vahid qlobal cəmiyyətdə birləşməsinə gətirib çıxarır. 

Qlobal  İnternet  şəbəkəsinin  yaratdığı  geniş  imkanlar  insanların  düşüncə  tərzində,  iş  üsulunda, 

ünsiyyətində və sosial fəaliyyətində böyük dəyişikliklərə səbəb olur. Ötən əsrin ikinci yarısında 

qloballaşmada əsas rol oynayan radio,  televiziya  ölkədaxili,  dil,  mədəni,  folklor və s. fərqliliyi 

qismən aradan qaldırmışdısa, İnternet bu fərqliliyə tamamilə son qoymaq üzrədir [4].

 

İnternet  həmçinin  sivilizasiyanın  tarixi  boyu  yaranmış  informasiyanın  asimmetrik 



paylanması problemlərinin həlli üçün yeni imkanlar açır, ölkələr, xalqlararası pərdələr, sərhədlər 

aradan  qalxır.  Kommunikasiyaların  zəif  olduğu  dövrlərdə  dünyanın  müxtəlif  regionları, 

dövlətləri, xalqları arasında informasiya, bilik mübadiləsi prosesi çox ləng gedirdi. Ona görə də 

dünya ölkələri arasında informasiya asimmetriyasına əsaslanan fərqliliklər qabarıq şəkildə özünü 

göstərirdi.  Amma  bu  gün  müasir  İKT-nin,  o  cümlədən  İnternetin  yaratdığı  imkanlar  hesabına 

ölkələr, insanlar arasındakı informasiya, bilik mübadiləsi imkanları genişlənir. 

İnternet dəqiq çevrəsi cızılmış sosial, mədəni, fiziki və funksional xüsusiyyətli məkanları 

bir-birləri ilə uzlaşdırır. Qlobal şəbəkə günbəgün yüksək sürətlə genişlənir və getdikcə daha çox 

sahələrə  tətbiq  olunmağa  başlayır.  İnternet  ayrıca  bir  dövlətdən  çıxaraq  dünya  ictimaiyyətinə 

daxil olur və ona görə də bir ölkədə baş verənlər qlobal miqyasda əks olunur.  

Qloballaşmanın inkişafı ilə İnternet müxtəlif dəyişikliklərə məruz qalır və yeni mövcudluq 

formaları əldə edir, böhranlara və sosial sarsıntılara adaptasiya mexanizmləri hazırlayır. İnternet, 

hər  şeydən  əvvəl,  ümumdünya  informasiya  məkanını  formalaşdırır  və  qloballaşmanın  texniki-

sosial  əsasını  təşkil  edir.  Hazırda  qloballaşmaya  informasiya  texnologiyalarının,  o  cümlədən 

İnternetin  cəmiyyətin  müxtəlif  sferalarına  artan  təsiri  hesabına  inkişaf  edən  bir  proses  kimi 

baxmaq  lazımdır.  Bu  sferaların  dəyişməsi,  yenilənməsi  nəticəsində  baş  verən  qloballaşma 

prosesi  insanların  yeni  həyat  tərzinin  formalaşmasına  və  öz  sərhədlərini  sürətlə 

genişləndirməsinə gətirib çıxarır. 

Qloballaşma  tendensiyası  cəmiyyətin  sosial-siyasi  sferasına  dərindən  nüfuz  edir.  Müasir 

İnternet-kommunikasiya vasitələrinin inkişafı ilə fərdi həyat tərzi seçmək azadlığı üçün əlverişli 

şərait yaranır. İnsan heç kimdən, heç nədən asılı olmayaraq öz ideyalarını yaymaq, həmfikirlər 

tapmaq imkanı qazanır.  



İnternet  və  virtuallaşma.  İnternetin  təsiri  ilə  yaranan  virtuallığın  mahiyyəti  odur  ki, 

insanlar  real  fiziki  obyektlərlə  deyil,  onların  obrazları,  simvolları  ilə  qarşılıqlı  əlaqədə  olurlar. 

Virtuallaşma 

sənaye 


cəmiyyətinin 

transformasiyası 

və 

informasiya 



cəmiyyətinin 

formalaşmasının  əsas  faktorlarından  biri  kimi  insan  fəaliyyəti  növlərinin  transformasiyası  və 

virtual mühitə keçməsi ilə müşayiət olunur.   

İnternetin təsiri ilə dünyada real varlıqların virtual “əkizləri” meydana gəlir: ənənəvi təhsil 

elektron  təhsillə,  ənənəvi  elm  elektron  elmlə,  vətəndaş  elektron  vətəndaşla,  ənənəvi  dövlət 

elektron  dövlətlə,  ənənəvi  kommersiya  elektron  kommersiya  ilə  və  s.  əvəz  olunur.  Beləliklə, 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      37 

dünya  bu  “əkizlərin”  vəhdəti  nəticəsində  bütövləşir,  keçmişdən  miras  qalan  natamamlıqlar 

(problemlər) aradan qalxır. 

Qloballaşma  prosesində  virtual  reallıq  –  hadisə  və  proseslərin  virtual  idarə  edilməsi 

əhəmiyyətli rol oynayır. Virtual reallıq aləmində informasiya axınlarını dəyişmək, kombinasiya 

etmək və  yenilərini  generasiya etmək imkanı  yaranır. Virtual  reallıq  müasir cəmiyyətin bir  çox 

faktor  və  tendensiyalarını  izah  etməyə  qadir  olan  sosioloji  modelə  çevrilir.  İnternetin  təsiri  ilə 

qloballaşmanın özü virtuallaşır.  

İnternetin  təsiri  ilə  insanlar  arasında  ənənəvi  qarşılıqlı  əlaqə  formaları  dəyişir,  nəticədə 

virtual  məkanın  iştirakçıları  arasında  üfüqi  əlaqələr  meydana  gəlir.  E.Toffler  “Adaptiv 

korporasiya”  əsərində  bu  tendensiyaya  işarə  edərək  yazır  ki,  bu  proseslərin  təsiri  ilə 

“supersənaye” cəmiyyəti tipi yaranır və ənənəvi təşkilat tipləri öz effektivliyini itirir [5].  

İnsan virtual cəmiyyətdə sosial strukturların sürətli dəyişmə tendensiyasına uyğunlaşmağı 

bacarmalıdır. İnternetin təsiri ilə insanlar getdikcə daha çox virtual reallığa “miqrasiya edirlər”. 

Bu da onların dünyagörüşünə, davranışlarına, həyat tərzinə ciddi təsir göstərir.  

Virtuallaşma  həm  də  insanların  sərbəst  yaradıcılıq  imkanlarını  reallaşdırmaq  üçün  əldə 

etdikləri  yeni  kommunikasiya  formalarını  özündə  əks  etdirir.  Bunun  nəticəsində  insan  özünü 

sosial varlıq kimi təcəssüm etdirir. Beləliklə, virtual cəmiyyət fiziki cəmiyyətin alternativi kimi 

çıxış edir. Burada insan öz fəaliyyətində sərbəstdir.  

Bütövlükdə, İnternetin yaratdığı virtuallığın üç əsas əlamətini fərqləndirmək olar [6]: 

 



təsirlərin qeyri-maddiliyi (təsvir edilənlər maddiliyə xas olan effekt verir); 

 



parametrlərin şərtiliyi (obyektlər sünidir və dəyişkəndir); 

 



müvəqqətilik  (giriş-çıxış  sərbəstliyi  dayandırma  və  mövcudluğun  bərpa  edilməsi 

imkanlarını təmin edir). 



İnternet  və  iqtisadiyyat.  İnternetin  iqtisadi  sahəyə  də  təsiri  olduqca  böyükdür.  Bu  təsir 

nəticəsində dünyanın ənənəvi iqtisadi-maliyyə sistemi ciddi dəyişikliklərə məruz qalır,  regional 

və qlobal miqyaslı böhranlar yaranır, ölkələrin iqtisadi təhlükəsizliyi ilə bağlı əsaslı narahatlıqlar 

yaranır. İnformasiya və biliklərə əsaslanan iqtisadiyyat formalaşır.

 

İnternetin  meydana  gəlməsi  ilə  E.Tofflerin  vaxtilə  söylədiyi  “kütləvi  standartlaşdırılmış 



istehsal  informatika  və  supertexnologiyaların  tətbiq  edildiyi  intellektual   fəaliyyətə  əsaslanan 

yeni  fərdiləşdirilmiş  əmək  sistemi  ilə  əvəz  olunacaq”  fikri  özünü  doğrultmağa  başlayır  [2].  O, 

qeyd edirdi ki, iqtisadiyyatda iri korporasiyaların hökmranlığının əvəzinə fərdi və qrup şəklində 

yaradıcı  fəaliyyətin  hər  yerə  yayılması  və  onun  nəticələrinin  İnternet  vasitəsilə  rasional 

mübadiləsi  baş  verəcək.  Doğrudan  da,  sosial  münasibətlərin  bu  cür  qurulması  daha  rasional, 

ekvivalent  sosial  mübadilə  imkanının  təmin  olunmasına  şərait  yaradır.  Mübadilə  strukturu  nə 

qədər  sadə  olarsa,  istehsalçılar  arasında  münasibətlər  bir  o  qədər  aydın  və  şəffaf,  habelə 

istehsalçıdan son istifadəçiyə qədər məsafə bir o qədər qısa olar. Bu zaman artıq ənənəvi ticarət 

vasitəçilərinə (brokerlərə, maklerlərə) ehtiyac qalmır, bu funksiyanı İnternet öz üzərinə götürür. 

Öz növbəsində, sosial təşkilat nə qədər böyük və mürəkkəb olarsa, o, obyektiv analiz üçün bir o 

qədər çətindir. Bu situasiya həm də manipulyasiya üçün şərait yaradır.

 

İnternet iqtisadiyyatında şəxsi kompüter əsas istehsal alətinə, şəxsi sayt isə istehsal edilən 



intellektual məhsulun reallaşdırılması vasitəsinə çevrilir. Təbii ki, bu cür iqtisadiyyatda peşəkar 

fəaliyyətlə bağlı olmayan, sosial dividentlər əldə etməyə yönələn özəl sahibkarlığa (manipulyativ 

fəaliyyət sahəsi kimi) yer olmayacaq.

 

İnternet  və  kommersiya.  İnternet,  kompüter  sənaye  cəmiyyətinin  bir  sıra  mühüm 

atributlarını,  o  cümlədən   kinoteatrları,  kitab  mağazalarını,  ənənəvi  ticarət,  kommunikasiya 

sistemlərini  aradan  qaldırır.  Xüsusən,  elektron  kommersiyanın  inkişafı  və  hərtərəfli  istifadəsi 

nəticəsində  şəhərlərin  simasının  əhəmiyyətli  dərəcədə  dəyişəcəyi  gözlənilir.  Elektron 

kommersiya  mühitində  adi  kənd  mağazası  belə  məhdud  çərçivədən  çıxaraq,  artıq  bir  yaşayış 

məntəqəsinin ehtiyaclarını ödəmə vasitəsinə deyil, qlobal bir mağazaya çevrilir. Çünki dünyanın 

istənilən nöqtəsindən həmin mağazanın veb-saytına daxil olmaqla təklif edilən məhsullarla tanış 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45 

 

38                                                                  www.jpis.az 



olmaq və əldə etmək mümkün olur. Həmçinin virtual mağazanın bağlanması anlayışı yoxdur. 24 

saat ərzində günün istənilən vaxtında həmin mağaza alıcının xidmətində dayanır [1].

 

Elektron kommersiyanın meydana çıxması bəşəriyyətin indiyə qədər qarşısında duran ciddi 



problemlərdən birinin həllinə kömək edir. Bu, bazarlarda informasiya asimmetriyası problemidir. 

Yəni  satıcı  məhsulunun kimə  satılması  barədə  əvvəlcədən məlumata malik  olmadığı  kimi,  alıcı 

da  konkret  olaraq  kimdən  məhsulu  alacağı  barədə  məlumatsızlıq  problemi  ilə  üzləşir.  Belə 

ki,   informasiya  balansının  pozulması  həmişə  kommersiya  münasibətlərinin  əsas  özəyini  təşkil 

edib.  Elektron  kommersiya  isə  informasiyanın  asimmetrikliyini  simmetrikliyə  doğru  aparıb 

çıxarır ki, bunun nəticəsində də satıcı ilə alıcı arasında informasiya bolluğu yaradılır. 

Bu  gün  artıq  elektron  kommersiya  istənilən  dövlətin  iqtisadiyyatının  ayrılmaz  hissəsinə 

çevrilib. Cəmi bir neçə il bundan əvvəl insanlar İnternet vasitəsi ilə alış-veriş etməkdən ehtiyat 

edirdilərsə, bu gün artıq, heç olmasa, bir dəfə elektron kommersiya əməliyyatı aparmayan insanı 

tapmaq çətin məsələdir. Elektron kommersiya əməliyyatlarının sayı hazırda çox yüksək templə 

artmaqda  və  dünya  iqtisadiyyatına  getdikcə  daha  güclü  şəkildə  təsir  göstərməkdədir.  Hazırda 

elektron kommersiyanın artım tempi, bütövlükdə, ticarətin artım tempindən xeyli yüksəkdir [7].  



İnternet  və  əmək  münasibətləri.  Kompüterin,  İnternetin  meydana  gəlməsi  insanlar 

arasındakı  ənənəvi  münasibətlərin  əvəzinə  virtual  münasibətlər  gətirir,  intellektual  əməyi  ön 

plana  çıxarır.  İnformasiyanın  təsiri  ilə  bütün  bazar  növləri,  o  cümlədən  əmək  bazarı 

transformasiyaya  uğrayır.  Bunun  nəticəsində  ictimai  əmək  bölgüsündə,  məşğulluq  və  peşə 

strukturunda,  əməyin  xarakterində,  işəgötürən-işçi  münasibətlərində  prinsipial  dəyişikliklər, 

yeniliklər meydana gəlir, əməyin informasiya tutumunun artması müşahidə olunur.

 

Virtual  əmək  münasibətləri   şəraitində  insanlar  təkcə  öz  vəzifələrini  deyil,  həm  də  şəxsi 



maraqları  nəzərə  almaqla  fəaliyyətlərini  təşkil  edə  bilərlər.  Əgər  insan  hər  gün  işə  getmək 

zərurətini  aradan qaldırarsa və istənilən  yerdə  işləmək imkanı  qazanarsa,  onda onun üçün daha 

rahat  olan  yaşayış  yerini  seçə  bilər.  Avropanın  bəzi  regionlarında  artıq  200  ildən  bəri  davam 

edən kəndlilərin şəhərlərə axışması prosesini zəiflədib və hətta hələ zəif də olsa, kəndə qayıtma 

tendensiyası  müşahidə  olunmaqdadır.  Məhz  bu  fakta  əsaslanaraq,  artıq  şəhər  sivilizasiyasının 

dağılması prosesinin başlandığı barədə də fikirlər səslənməkdədir [8].  



İnternet  və  dövlət  idarəçiliyi.  İnternet  mühitində  dövlətin  idarə  olunmasının  xarakteri, 

təbiəti dəyişir. Elektron dövlətin yaradılması hakimiyyət strukturları tərəfindən əhaliyə və biznes 

sektoruna göstərilən xidmətlərin optimallaşdırılması, bütün vətəndaşların ölkənin idarə edilməsi 

prosesində  iştirakı,  habelə  dövlət  idarəetməsinin  şəffaflığı,  dövlət  orqanlarının  vətəndaşlar 

qarşısında  hesabatlılığı  ilə  əlaqədardır.  Bu  yeni  idarəetmə  konsepsiyasının  mahiyyəti  odur  ki, 

onun  tətbiqi  nəticəsində  idarəetmə  faəliyyəti  daha  yumşaq,  daha  yaxşı  strukturlaşdırılmış, 

məhdud normativlidir, idarəetmə şaquli deyil, üfüqi əlaqələrə əsaslanır.  

İnternet  və  elmi  fəaliyyət.  İnternet  fundamental  elmi  tədqiqat  sahələrinə  də  bir  yenilik, 

dinamizm gətirir. Nəticədə ənənəvi elm elekron elm konsepsiyası ilə əvəz olunur.  

Elektron  elm  -  elmi  məsələlərin  həlli  ilə  məşğul  olan  və  lazımi  informasiya-

kommunikasiya  infrastrukturuna  malik,  yüksəksürətli  İnternet  şəbəkəsi  ilə  elmi-texniki 

informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini 

həyata keçirən konsepsiyadır [9]. 

Elmi  fəaliyyət  zamanı  çoxlu  sayda  məlumatları  əldə  etmək,  yadda  saxlamaq,  emal  etmək 

(yəni  hesablamaq,  məntiqi  nəticə  çıxarmaq,  mülahizə  irəli  sürmək,  analiz  və  sintez  etmək, 

dinamikasını tədqiq etmək və s.), daha sonra isə onu lazımi formada təqdim etmək, başqa sözlə, 

çap  etmək,  vizuallaşdırmaq,  ötürmək  və  s.  tələb  olunur.  Bütün  bunları  yerinə  yetirmək  üçün 

İnternet əvvəllər mövcud olmayan unikal imkanlar yaradır. İnternetin sayəsində [1]:  

 



elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür;  

 



ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır; 

 



elektron elmi kitabxanalar şəbəkəsi yaradılır; 

 



müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır. 


İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      39 

Beləliklə,  e-tarix,  e-arxeologiya,  e-coğrafiya,  e-tibb,  e-astronomiya  və  s.  meydana  çıxır. 

İnsanların yaddaş və emal imkanları məhdud olduğuna görə məkan və zaman parametrləri üzrə 

aparılan ənənəvi tarixi araşdırmalar çox mürəkkəbdir və böyük zəhmət tələb edir. Lakin e-tarixdə 

bütün  məlumatlar  kompyuterin  elektron  yaddaşına  daxil  edilir,  məkan  və  zaman  məhdudiyyəti 

olmadan emala verilmiş xüsusi araşdırma alqoritmi ilə kompyuter tərəfindən tarixi ziddiyyətlər, 

qeyri-dəqiq məlumatlar aşkarlanır, tarixi faktlar dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır. 



İnternet  və  təhsil.  İnternet  təhsili  müəllimin  ənənəvi  rolunu  da  dəyişir.  Artıq  müəllim 

yeganə  informasiya,  bilik  mənbəyi  kimi  çıxış  etmir.  Bu  funksiyanın  bir  hissəsini  İnternet  öz 

üzərinə  götürərək,  müəllimin  həmin  sahədəki  inhisarçılığına  son  qoyur.  Müəllim  tədris 

prosesində  texnoloq,  konsultant,  koordinator  rolunu  oynamağa  başlayır.  İnternetin  tədris 

prosesində  effektli  istifadəsi  üçün  müəllimlərdən  elektron  poçt,  onlayn-ünsiyyət,  informasiya 

axtarış sistemləri ilə işləmək, İnternetdə informasiyanı yerləşdirmək, veb-layihələndirmə və veb-

dizayn texnologiyalarından istifadə kimi biliklər tələb olunur [10].   

İnternet  texnologiyaları  təhsili  hamı  üçün  əlyetərli  edir.  Yəni  fiziki  və  sosial  imkanları 

məhdud 

olan 


insanlar 

ənənəvi  təhsil  sistemindən  bəhrələnə  bilmirdilər.  İnternet 

texnologiyalarının  imkanlarına  əsaslanan  distant  təhsil  konsepsiyası  isə  bu  problemi  aradan 

qaldırır.  Məsələn,  sağlamlıq  vəziyyəti  məhdud  olan,  yaxud  təhsil  müəssisələrindən  uzaqda 

yaşayan və  ya işləyən, ictimai yerlərdə olmaları  məhdudlaşdırılan, yaxud əqidələri buna imkan 

verməyən insanlar distant təhsilin imkanlarından istifadə edirlər. 



İnternet  və  tibb.  İnternet  artıq  səhiyyə  sisteminə,  tibb  sahəsinə  də  geniş  şəkildə  nüfuz 

etməkdədir.  Səhiyyə  sisteminin  informasiyalaşdırılmasında,  tibbi  problemlərin  həllində 

İnternetin  imkanlarından  geniş  istifadə  edilməsi  informasiya  cəmiyyəti  quruculuğunun  mühüm 

istiqamətlərindən  biri  kimi  çıxış  edir.  O  cümlədən  vətəndaşların  sağlamlığı  haqqında  məlumat 

sisteminin  yaradılması,  GIS-texnologiyaların  köməyi  ilə  xəstəliklərin  coğrafiyasının 

müəyyənləşdirilməsi,  monitorinqinin  aparılması,  xəstəliklərin  diaqnostikası,  apteklər  və 

dərmanlar  haqqında  verilənlər  bazasının  yaradılması,  pasiyentlərə  onlayn  tibbi  xidmətlərin 

göstərilməsi,  həkimlərin  fəaliyyətinin  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  haqqında  statistik 

məlumatları, xəstəliklərin müalicə üsulları və vasitələri haqqında informasiyanı əks etdirən veb-

portalların yaradılması və s. məsələlər formalaşmaqda olan elektron tibbin əsas komponentləridir 

[4]. 

İnternetin  tibb  sahəsinə  intensiv  tətbiqi  diaqnostika  və  müalicə  üsullarını,  həkimlə 



pasiyentin  qarşılıqlı  əlaqə  formalarını,  müalicə  və  sağlamlığın  bərpası  proseslərinin  təşkilini 

sürətlə  dəyişir.  İnternet  pasiyentin  tibbi  xidmətlərə  əlyetərliliyini  təmin  edən  mühüm  vasitəyə 

çevrilir.  Hazırda  insan  sağlamlığının  qorunması  və  yaxşılaşdırılması,  doğum  səviyyəsinin 

artırılması  və  ölüm  səviyyəsinin  azaldılması  üçün  İnternet  texnologiyalarının  imkanlarından 

istifadə etmək səyləri günbəgün artmaqdadır.   

İnternet və mədəni sfera. İnternet mədəni sferaya da öz təsirini göstərir. Qlobal şəbəkə bu 

sahədə  informasiya  və  bilik  resurslarına  çıxış  imkanlarını  asanlaşdırmaqla,  yeni  mədəni 

ənənələrin  yaranmasına  səbəb  olur.  İnternet  mövcud  coğrafi  məsafələrdəki  sədləri  aradan 

qaldıraraq  və  mədəniyyət  sahəsində  yeni  tələbat  formalarının  meydana  gəlməsini 

stimullaşdıraraq, mədəni siyasətin şəffaflaşdırılmasına güclü dəstək verir.  

Virtual muzeylər bu tendensiyanın ən yenilikçi təzahürlərindən biridir [11]. İnteraktivlik və 

hipermühitdən  istifadə  əsasında  işlərə  və  sərgilərə  çıxış  imkanının  asanlaşması  və  öyrədici 

mexanizmlərin  tətbiqi  sayəsində  virtual  muzeylər  mədəni  dəyərlərin  qavranılması  və  dərk 

edilməsinin yeni üsullarının formalaşmasına öz töhfəsini verir.   

Kitabxanalar  da  İnternetin  potensialından  istifadə  edərək,  öz  biblioqrafik  verilənlər 

bazalarına  onlayn  rejimdə  giriş  imkanı  yaradır,  habelə  öz  kolleksiyalarını  tədricən  rəqəmsal 

formaya  çevirirlər.  Kitabxana  fondlarında  fiziki  formada  saxlanılan  nadir  və  qiymətli  əsərlər 

həmişə  məhvolma  təhlükəsi  kimi  risk  altında  olurdu.  Həmin  əsərləri  rəqəmsal  formaya 

keçirməklə bu risk minimuma endirilir.  




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45 

 

40                                                                  www.jpis.az 



Artıq  dünyanın  bir  çox  nəhəng  kitabxanaları  öz  köhnə,  kağız  daşıyıcılarda  olan 

kolleksiyalarının  rəqəmsal  formaya  çevrilməsi  üzrə  proqramlar  həyata  keçirirlər.  Rəqəmsal 

formada dərc olunan əsərlərin özlərinin də arxivləri formalaşdırılır.  

Ümumiyyətlə, İnternet mədəniyyətin iki istiqamətdə inkişafına imkan verir [1]:  

Birincisi,  mədəniyyətin  milli  sərhədləri,  dil  maneələri  aradan  qaldırılır,  elm,  təhsil, 

incəsənət, istirahət və s. mədəniyyət formaları arasındakı sədlər yox edilir.  

İkincisi,  bu  mühitdə  hər  bir  insan  təkcə  mədəniyyətin  məzmununu  dərk  etməklə 

kifayətlənmir, həm də ona təsir etmək imkanı qazanır. 



İnternet  və  siyasi  fəaliyyət.  İnternet-texnologiyaların  müasir  siyasi  proseslərdə  də  rolu 

sürətlə  artmaqdadır.  Müasir  informasiya  texnologiyaları,  xüsusən  İnternet  siyasi  partiyalara  və 

siyasi  liderlərə  aktiv  fəaliyyət  göstərmək  üçün  yeni  imkanlar  açır.  İnternetdən  istifadə 

səviyyəsinin  artması  vətəndaşlara  və  qruplara  siyasi  qərarların  hazırlanmasında  və  qəbulunda 

daha fəal iştirak etməyə şərait yaradır. Siyasi partiyalar İnternet texnologiyalardan həm də siyasi 

kommunikasiya vasitəsi kimi istifadə edirlər. Artıq siyasi aktivlik ənənəvi fəaliyyət məkanından 

çıxaraq, virtual mühitə keçməkdədir.

 

Cəmiyyət  təmsilçi,  nümayəndəli  demokratiyadan  birbaşa  demokratiyaya,  rəqəmsal 



demokratiyaya, həmçinin sərt demokratiyadan çevik demokratiyaya (məsələn, viki-demokratiya 

və  s.)  keçid  mərhələsini  yaşayır.  Mütəxəssislər  hesab  edirlər  ki,  ənənəvi  demokratiya  böhran 

həddinə gəlib çatıb. Yəni demokratik prosesləri ənənəvi üsullarla inkişaf etdirmək üçün artıq heç 

bir potensial qalmayıb. Ona görə də vəziyyətdən çıxış yolu kimi “elektron demokratiya” ideyası 

irəli sürülür. Qeyd edilir ki, hazırkı qloballaşma və siyasi transformasiyalar şəraitində İnternetin 

siyasi proseslərə təsirini nəzərə almamaq olmaz. İnternetin demokratiyanın inkişafına göstərdiyi 

təsirlə bağlı iki məqama diqqət yetirilir: birincisi, informasiyanın əlyetərliliyi, ikincisi, onu analiz 

edərək,  qərar  qəbul  etmək  qabiliyyəti.  Təbii  ki,  İnternet  informasiya  əldə  etmək  üçün  əvvəllər 

mümkün olmayan unikal imkanlar yaradır [4].

 

İnternet  bilavasitə  ictimai  rəyə  yönələrək,  vətəndaş  cəmiyyətinin  fəal  hissəsinin 



davranışlarını  formalaşdırır,  ictimai  şüura  təsir  edir.  İnternet  siyasi  liderlərin  və  partiyaların 

fəaliyyətlərinin informasiya mühitini formalaşdıraraq, siyasi kommunikasiyaların mühüm tərkib 

hissəsinə çevrilir. Qlobal şəbəkə siyasi partiyalar tərəfindən əhali ilə ünsiyyət üçün real interaktiv 

kanal, elektorata siyasi təsir vasitəsi kimi şıxış edir. 

Tarixən müxtəlif səviyyələrdə  mövcud olan və  fərqli adlarla ifadə edilən sosial  şəbəkələr 

İnternet  mühitinə  keçməklə  yeni  keyfiyyət  mərhələsinə  yüksəldi.  İnternet-texnologiyalar 

hesabına  ayrı-ayrı  sosial  qruplar  virtual  məkanda  operativlik,  çeviklik,  mobillik,  informativlik 

kimi  imkanlar  əldə  etməklə  cəmiyyətdə  mühüm  faktora  çevrilməkdədirlər.  Müxtəlif  maraqlar 

ətrafında  birləşən  insanların  yaratdığı  virtual  sosial  şəbəkələr  cəmiyyətin  ictimai-siyasi,  sosial-

iqtisadi və mədəni həyatının mühüm komponenti kimi çıxış etməkdədir.

 

İnternet  yer  kürəsini  əhatə  etməklə  yeni-yeni  şəbəkə  cəmiyyətləri  meydana  gətirir. 



Görkəmli  ispan  sosioloqu,  informasiya  cəmiyyətinin  tədqiqatçısı  M.Kastels  hesab  edir  ki, 

informasiya  əsrində  insanları,  təşkilatları  və  dövlətləri  bir-biri  ilə  birləşdirən  şəbəkələr  mühüm 

rol  oynayacaq.  Onun  fikrincə,  informasiya  cəmiyyətində  iqtisadiyyat,  əmək,  məşğulluq, 

mədəniyyət,  siyasət,  dövlət  təsisatları,  son  nəticədə  zaman  və  məkan  amilləri  transformasiyaya 

uğrayacaq [12].

 

İnternetin perspektivləri 



Biometrik İnternet. Biometrik texnologiyalar sadəliyinə, qənaətcilliyinə, etibarlılığına görə 

onların  kompüter  şəbəkələrində,  İnternetdə  tətbiqi  bir  sıra  üstünlüklərə  malikdir.  İlk  növbədə, 

şəxsiyyətin  daha  etibarlı  identifikasiyası  baxımından  biometrik  texnologiyalar  geniş 

perspektivlər  vəd  edir.  Qlobal  İnternet  şəbəkəsinin  təhlükəsizliyinin  möhkəmləndirilməsi, 

kibercinayətkarlıqla  milli  və  beynəlxalq  miqyasda  daha  effektli  mübarizə  aparılması,  elektron 

kommersiyanın  etibarlı  fəaliyyəti,  kiberməkanda  insan  hüquqlarının  yüksək  səviyyədə  təmin 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      41 

edilməsi  baxımından  biometrik  texnologiyaların  rolu  əvəzsizdir.  Biometrik  identifikasiya 

sisteminin  köməyi  ilə  hakerlərlə,  spammerlərlə,  digər  kiber-cinayətkarlarla  daha  səmərəli 

mübarizə aparmaq mümkün olacaq [1]. 

İnternetdə  informasiya  təhlükəsizliyinin  təmin  olunması  baxımından  səs  biometriyası 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  standart  informasiya  təhlükəsizliyi  metodları  maddi 

daşıyıcıların  olmasını  (pasport,  plastik  kart  və  s.),  yaxud  informasiya  sübutunu  (parol,  şifrə) 

nəzərdə  tutur.  Bunlar  müvafiq  insanın  müəyyən  informasiya  resursundan  istifadə  hüququnu 

təsdiq  edir.  Səs  biometriyası  sistemində  isə  şəxsiyyətin  eyniləşdirilməsinin  unikal  qarantı  kimi 

insanın öz səsi çıxış edir. Parol, şifrə, pasport, plastik kart və şəxsiyyəti təsdiq edən digər ənənəvi 

üsullardan fərqli olaraq, səsin xüsusiyyətlərini itirmək, onu başqasına vermək, yaddan çıxarmaq, 

oğurlamaq, yaxud saxtalaşdırmaq mümkün deyil.   

Kosmik İnternet.  Artıq ən yaxın vaxtlarda planetlərarası aparatlar məlumatları real zaman 

rejimində videoya baxmağa imkan verən sürətlə göndərməyə və qəbul etməyə şərait yaradacaq. 

Bugünkü gəmilər və buraxılış aparatları Yerə telefon xətti üzrə İnternet birləşməsinin sürəti ilə 

müqayisə  edilən  sürətlə  məlumat  ötürürlər.  Ona  görə  də  Marsdakı  aparatlardan  göndərilən 

videoyazıların qəbulu bir neçə saat vaxt aparır.  

Gözlənildiyinə  görə,  bu  yeni  şəbəkə  texnologiyası  müxtəlif  kosmik  eksperiment 

iştirakçıları  arasında  məlumat  mübadiləsini xeyli  asanlaşdıracaq.  Tədqiqatçılar  ümid  edirlər  ki, 

kosmik  İnternetin  yaradılması  prinsipcə  yeni  kosmik  missiyanın  reallaşdırılmasına  imkan 

verəcək.  

Belə ki, müasir peyk şəbəkələrində informasiya peyk-retranslyatorlar və yerüstü stansiyalar 

vasitəsilə  ötürülür  ki,  bunların  hesabına  da  yubanmalar  baş  verir.  Orbitdə  quraşdırılan  IP-

marşrutizatorlar  isə  peyklər  arasında  birbaşa  trafik  mübadiləsi  aparmağa  imkan  verir.  Bu  da 

ötürməyə  sərf  edilən  vaxta  qənaət  etməyə  səbəb  olur  və  ayrı-ayrı  paketlərin  itirilmə  riskinin 

qarşısını  alır.    Bundan  başqa,  peyk-marşrutizatorların  köməyi  ilə  kabel  və  3G  şəbəkələrinin 

olmadığı yerlərdə də İnternetə daxil olmaq mümkündür [1]. 

Bulud    texnologiyaları.  İnternet  inkişaf  etdikcə,  yeni  xidmətlər  təklif  etməyə  başlayır. 

İnternet  insanlararası  kommunikasiya  mühiti  yaradır,  insanların  informasiya  tələbatını  ödəyir. 

Son  zamanlar  İnternet  insanların  hesablama  tələbatını  da  ödəməyə  başlayıb.  “Bulud 

hesablamaları”  adlanan  texnologiyanın  hesabına  ən  müxtəlif  qurğular  vasitəsi  ilə  proqram 

təminatına, verilənlər bazalarına, digər xidmətlərə çıxış imkanı əldə edilir. Bulud hesablamaları 

bir sıra texniki, iqtisadi maneələri aradan qaldıraraq, informasiya texnologiyalarının imkanlarını 

daha  da  genişləndirmək  iqtidarındadır.  Həmin  maneələrin  aradan  qaldırılması  milyonlarla 

mütəxəssislərin  informasiya  texnologiyaları  bazarına  yeni  töhfələr  verməsinə,  milyardlarla 

istifadəçilərin bu imkanlardan bəhrələnməsinə şərait yaradacaq. 

Ekspertlərin  proqnozlarına  görə,  bulud  texnologiyaları  yaxın  20  il  ərzində  ən  mühüm 

dönüş  texnologiyalarından  biri  kimi  cəmiyyətdə  və  iqtisadiyyatda  öz  ciddi  təsirini  göstərəcək. 

Verilənlərin    emalı,  saxlanması  və  ötürülməsi  imkanlarının  sürətlə  artması  bulud 

texnologiyalarının iqtisadiyyatının əsasını qoyur.  

Bulud texnologiyalarının inkişafı və geniş istifadəsi makro və mikro səviyyələrdə bir sıra 

iqtisadi  perspektivlər  vəd  edir.  Buna  görə  də,  bulud  xidmətləri  informasiya  iqtisadiyyatının  və 

onun  aparıcı  istiqaməti  olan  İnternet  iqtisadiyyatının  əsas,  perspektiv  seqmentlərindən  biri 

sayılır. Elə buna görə də dünyanın bir sıra aparıcı dövlətləri informasiya cəmiyyətinin, İKT-nin, 

informasiya iqtisadiyyatının, yaxud İnternetin inkişafına dair milli strategiya və proqramlarında 

bulud texnologiyalarına xüsusi yer ayırırlar [13]. 

Əşyaların  İnterneti.  İnternetin  növbəti  inkişaf  mərhələsində  bu  qlobal  şəbəkənin 

imkanlarının  hədsiz  dərəcədə  genişləndirilməsi,  onun  mahiyyətində  əsaslı  dəyişikliklərin  baş 

verəcəyi  gözlənilir.  Bu  günkü  İnternet  insanların  istifadəsində  olan  kompüterlərin  qlobal 

şəbəkəsindən ibarətdir. İnternetin növbəti inkişaf mərhələsində isə bizi əhatə edən bütün faydalı 

əşyaların  (məişət  avadanlıqlarının,  elektrik  cihazlarının,  gündəlik  istehlak  mallarının,  nəqliyyat 



İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45 

 

42                                                                  www.jpis.az 



vasitələrinin,  istehsal  qurğularının,  əmək  alətlərinin,  informasiya  daşıyıcılarının,  tibbi 

ləvazimatların,  mühafizə  və  nəzarət  sistemlərinin,    bitki  və  heyvanat  aləminin)  bu  qlobal 

şəbəkəyə qoşulması - Əşyaların İnternetinin yaradılması gözlənilir.  

Əşyaların  İnterneti  –  kompüter,  İnternet  və  mobil  telefon  rabitəsindən  sonra  informasiya 

texnologiyaları  sənayesinin  növbəti  inqilabi  inkişaf  mərhələsi  kimi  xarakterizə  olunur.  Bu 

konsepsiyasının reallaşacağı təqdirdə isə  yaxın  gələcəkdə bizi əhatə edən bütün faydalı  əşyalar 

İP  ünvanına  malik  olacaq.  Proqnozlara  görə,  yaxın  onillikdə  Əşyaların  İnterneti  hər  yerdə  və 

hərtərəfli  şəkildə  insanların  həyat  tərzinə  daxil  olaraq,  onu  əhəmiyyətli  dərəcədə  dəyişəcək. 

Əşyaların İnternetinin istifadəçilərinin sayı 2 milyard nəfərə, bu şəbəkənin hesabına əldə edilən 

illik  gəlirin  həcmi  isə  800  milyard  dollara  çatacaq.  Başqa  bir  proqnoza  görə,  2020-ci  ilə  kimi 

bütün  dünyada  İnternetə  qoşulan  terminalların  sayı  50  milyarda  çatacaq.  Həmçinin 

mütəxəssislərin hesablamalarına görə, Əşyaların İnternetinin texnoloji əsasını təşkil edən RFID 

bazarının həcmi 2018-ci ildə 27 milyard dollara çatacaq. Müqayisə üçün qeyd edək ki, 2004-cü 

ildə bu göstərici cəmi 1,5 milyard dollara bərabər olub [14]. 

 Əşyaların  İnterneti  şəbəkəsinin  reallaşdırılması  ilə  cəmiyyətdəki  bir  sıra  mühüm 

problemlərin həlli gözlənilir. O cümlədən, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ictimai 

təhlükəsizliyin  daha  etibarlı  şəkildə  təmin  edilməsi,  idarəetmə  proseslərinin  təkmilləşdirilməsi 

məsələləri  öz  həllini  tapacaq.  Bütövlükdə,  Əşyaların  İnterneti  texnologiyalarının  uğurla 

reallaşdırılması insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin 

açılmasına,  biznes  üçün  yeni  imkanların  yaranmasına,  istehsalda  məhsuldarlığın  və 

rəqabətədavamlılığın artmasına gətirib çıxaracağı gözlənilir. 

Big  Data  texnologiyaları.  Big  Data  –  hər  hansı  dövlət,  dövlət  qurumu,  özəl  təşkilat 

tərəfindən  yaradılan  çox  böyük  həcmli  strukturlaşdırılmamış  və  qismən  strukturlaşdırılmış 

verilənləri  təsvir  etmək  üçün  işlədilən  ümumi  termindir.  Big  Data  texnologiyaları  vasitəsi  ilə 

müxtəlif  formatlı  böyük  həcmli  verilənlərin  emalı,  analizi  və  onlardan  faydalı  biliklərin 

çıxarılması prosesləri həyata keçirilir. 

İnternet şəbəkəsi ən nəhəng verilənlər bazası, yəni Big Data-nın ən böyük obyekti, xammal 

bazasıdır.  İnternet  servislərində,  sosial  şəbəkələrdə,  e-kommersiya  sistemlərində  bu  gün  daha 

böyük  həcmdə  informasiya  generasiya  olunur.  Hesablamalara  görə,  bütün  dünyada  bir  saniyə 

ərzində e-poçt vasitəsi ilə göndərilən informasiyanın sayı 2,9 milyona bərabərdir.  YouTube-dan 

bir  dəqiqə  ərzində  yüklənən  videoçarxların  həcmi  20  saat  təşkil  edir.  Bir  gün  ərzində    Google 

tərəfindən  24  petabayt  həcmində  informasiya  emal  olunur.  Twitter-də  gün  ərzində  50  milyon 

informasiya  yerləşdirilir.  Facebook-da  ay  ərzində  keçirilən  dəqiqələrin  ümumi  həcmi  700 

milyard həddindədir. Amazon-da saniyə ərzində sifariş edilən məhsulların sayı 73-ə bərabərdir. 

Facebook-a gün ərzində 300 milyon fotoşəkil yüklənir [3]. 

Bütün  bunlar  onu  göstərir  ki,  İnternet  Big  Data  texnologiyalarının  inkişafı  üçün  əsas 

informasiya  mənbəyi  kimi  çıxış  edir.  Bir  çox  İnternet  şirkətləri  öz  fəaliyyətləri  ilə  bağlı 

topladıqları böyük informasiya massivlərini Big Data texnologiyaları vasitəsilə emal edərək həm 

özləri üçün istifadə edirlər, həm də kommersiya əsasları ilə digər idarəetmə, biznes və yönümlü 

təşkilatlara  təqdim  edirlər.  Bundan  başqa,  sırf  marketinq  fəaliyyəti  ilə  məşğul  olan  İnternet 

şirkətlərinin sayı da günbəgün artır.  

İnternetin təhlükələri 

İnformasiya  təhlükəsizliyi.  Qlobal  İnternet  şəbəkəsinin  davamlı  və  etibarlı  fəaliyyət 

göstərməsi  üçün  onun  təhlükəsizliyinin  təmin  edilməsi  olduqca  mühüm  məsələdir.  İnternet 

mühitində  informasiya  təhlükəsizliyi  əsas  faktora  çevrilir.  İnternet  kəşfiyyat,  təxribat,  terror, 

protest  fəaliyyəti  üçün  əlverişli  meydandır.  Qlobal  şəbəkə  çoxşaxəli  arxitektura  malikdir  ki, 

burada da böyük həcmdə elmi-texniki, hərbi, sosial-iqtisadi və siyasi xarakterli məlumatlar dövr 

edir.  İnformasiya təhlükəsizliyinə təhdidlər nəticəsində ölkələrin siyasi, iqtisadi, hərbi və digər 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      43 

sahələrdəki  fəaliyyətinə  olduqca  ciddi  zərbə  vurula  bilər  ki,  bunun  da  nəticəsində  ayrı-ayrı 

vətəndaşlar və bütövlükdə, cəmiyyət mühüm sosial-iqtisadi zərərlə üzləşə bilər [1].

 

Amerika  ekspertlərinin  hesablamalarına  görə,  dövlət  idarəetmə  sistemlərində  və  bank 



strukturlarında  istifadə  edilən  kompüter  şəbəkələrinin  işinin  pozulması  bu  ölkəyə  qarşı  tətbiq 

ediləcək nüvə silahının törədəcəyi fəsadlar qədər təhlükəlidir.

 

Artıq  İnternetdən  geniş  istifadə  edilən  ölkələrdə  kompüter  sistemləri  və  İnternetlə  bağlı 



cinayət  əməlləri  ümumi  hüquq  pozuntuları  sırasında  mühüm  yer  tutur.  İnternet  mühitində 

cinayətkarlıq  hallarının  sürətlə  artması,  ilk  növbədə,  bu  qlobal  şəbəkənin  xüsusiyyətləri  – 

açıqlığı,  hamı  üçün  əlyetərli  olması,  heç  bir  dövlətin  və  ya  təşkilatın  nəzarətində  olmaması  ilə 

bağlıdır.  Həmçinin  İnternetin  fəaliyyəti  ilə  bağlı  effektli  hüquqi  tənzimləmə  mexanizmlərinin 

olmaması, yurisdikasiya probleminin mövcudluğu, eləcə də hüquq-mühafizə orqanlarının hələ bu 

sahədə  peşəkar  olmamaları  kiberməkanda  cinayət  əməllərinin  sayının  artmasına  şərait  yaradır 

[15].

 

Enerji təhlükəsizliyi. Müasir insan fəaliyyəti növlərinin əksəriyyəti kompüter və İnternetin 



köməyi  ilə  yerinə  yetirilir.  Təsadüfi  deyil  ki,  kompüter  sistemlərində  tez-tez  baş  verən 

nasazlıqlar  maliyyə,  nəqliyyat,  istehsal  və  s.  sahələrin  işini  iflic  vəziyyətinə  salır,  insanların 

gündəlik həyatında öz mənfi təsirini göstərir.  

İnternetin normal, davamlı fəaliyyət  göstərməsi  üçün zəruri olan amillərdən biri də enerji 

təhlükəsizliyidir.  Nəzərə  almaq  lazımdır  ki,  İnternet  virtual  dünya  yaratsa  da,  gerçək  enerjidən 

istifadə edir. Bu gün, istənilən hesablama mərkəzinin xərclərinin 30-50 faizi enerjiyə sərf edilir. 

Bir iri hesablama mərkəzi təxminən 20 min əhalisi olan kiçik bir şəhər (məsələn, Quba, Şamaxı) 

qədər enerji istehlak edir [1].  

Ona görə də elektrik enerjisinin kəsilməsi nəticəsində dövlət və özəl korporativ kompüter 

şəbəkələrinin,  avtomatlaşdırılmış  istehsal  və  xidmət  müəssisələrinin  fəaliyyəti  iflic  vəziyyətə 

düşə, böyük həcmdə maliyyə itkiləri baş verə bilər.  

Hazırda  mütəxəssislər  İnternetin  enerji  sərfiyyatını  minimuma  endirmək  haqqında 

düşünürlər.  Mütəxəssislər  hesab  edirlər  ki,  İnternetin  imkanlarına  əsaslanan  informasiya 

cəmiyyətində fasiləsiz, dayanıqlı enerji təminatı xüsusi aktuallıq kəsb edir. Ona görə də mövcud 

enerji  mənbələrinin  bərpası  və  alternativ  mənbələrin  tapılması  bəşəriyyət  qarşısında  ən  vacib 

məsələlərdən biri kimi dayanır.  



İnternet  asılılığı.  İnternetin  yaratdığı  mühüm  problemlərdən  biri  də  cəmiyyətdə 

informasiya  bolluğunun  yaranmasının  fəsadlarıdır.  İnsan  informasiyadan,  kompüterdən, 

İnternetdən  həddən  artıq  istifadə  etməsi  nəticəsində  onlardan  asılı  vəziyyətə  düşür.  Bu  sosial-

psixoloji vəziyyət  “eskapizm” adlanır. Müasir cəmiyyətdə  televiziya, kompüter,  İnternet,  mobil 

telefon  kimi  informasiya  mənbələri  insanların  vaxtını  “acgözlüklə  udur”  və  əsas  həyat 

prioritetlərinə  çevrilir.  Müasir  dövrün  insanının 2  həftə  ərzində  qəbul  etdiyi  informasiyanın 

həcmi  orta  əsrlərdə  bir  insanın  ömür  boyu  qəbul  etdiyi  informasiyanın  həcminə  bərabərdir. 

E.Toffler  texnologiyaların  təsiri  ilə  cəmiyyətdə  baş  verən  sürətli,  radikal  dəyişikliklərə  insanın 

psixoloji  reaksiyasını  “futuroşok”,  yəni  “gələcəyin  şoku”  adlandırır.  Onun  fikrincə,  şok 

vəziyyətinə düşməyin səbəbi insanın texnologiyanın gətirdiyi yeni reallıqlara çevik reaksiya verə 

bilməməsi, yeni situasiyaya adaptasiya oluna bilməməsidir [16].

 

İnternet  asılılığı  problemi  təkcə şəxsiyyət  üçün deyil, bütövlükdə, cəmiyyət  üçün təhlükə 



mənbəyidir.  İnformasiya  mənbələrindən,  İnternetdən  asılı  vəziyyətə  düşməmək  üçün  insanın 

informasiya  mədəniyyətinə  malik  olması,  informasiya  ilə  davranış  normalarını  öyrənməsi 

vacibdir.

 

İnternetin tənzimlənməsi problemləri. İnternetin hamılıqla qəbul edilən vahid tənzimləmə 

siyasətinin,  prinsiplərinin,  mexanizmlərinin  müəyyənləşdirilməsinin  çətinlikləri  də  daha  çox  bu 

amillərlə  bağlıdır.  Belə  ki,  hər  bir  dövlət,  millət  virtual  məkanda  öz  milli-mənəvi  dəyərləri  ilə 

birlikdə təmsil olunmaq istəyir. İnternetdə isə bütün tərəflərin maraqlarının təmin olunduğu ortaq 

nöqtələrin tapılması asan məsələ deyil. Ona görə də ənənəvi milli və beynəlxalq hüquq sistemləri 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45 

 

44                                                                  www.jpis.az 



də  İnternetin  gətirdiyi  reallıqları  tənzimləməkdə  çətinlik  çəkir.  Onun  tənzimlənməsi  üçün 

beynəlxalq  səviyyədə  tədbirlərin  görülməsi  üçün  təşəbbüslər  irəli  sürülür.  İnternet  coğrafi 

sərhədlərə  əsaslanan  beynəlxalq  hüquq  normalarını  və  milli  qanunları  gücsüz  vəziyyətə  gətirir. 

İnternet  texnologiyalarının  imkanları  hesabına  formalaşan  virtual  münasibətləri  real  dünya 

qanunları  ilə  idarə  etmək  xeyli  çətinləşir  və  bəzi  hallarda  hətta  mümkün  olmur.  Virtual 

münasibətlərin  tənzimlənməsi  bu  mühitə  xas  olan  yeni  qanunların,  normaların  yaradılmasını, 

tətbiq edilməsini zəruri edir [17]. 

İnternet  cinayətkarlığı.  İnternetin  unikal  texnoloji  xüsusiyyətləri  bir  sıra  cinayət 

əməllərinin  həyata  keçirilməsi  üçün  əlverişli  mühit  yaradır.  Qlobal  şəbəkənin  tənzimlənməsi 

sahəsində  hüquqi  boşluqların  olması  bu  cür  neqativ  halların  qarşısının  alınmasını  xeyli 

çətinləşdirir.  İnternet  həm  ənənəvi  cinayətlərin  daha  rahat  şəkildə  həyata  keçirilməsi,  həm  də 

yalnız  bu  qlobal  şəbəkəyə  məxsus  olan,  geniş  ictimaiyyətə  məlum  olmayan  yeni  cinayət 

növlərinin reallaşdırılması üçün əlverişli mühit kimi çıxış edir [1]. 

İnternetin  imkanlarından  cinayətkar  elementlər  fəal  şəkildə  istifadə  edirlər,  terrorçu 

təşkilatların  narkotik,  silah  reklamı  və  satışının  həyata  keçirildiyi,  pornoqrafik    materialların 

yerləşdirildiyi,  həmçinin  irqçi,  millətçi,  ekstremistyönlü  saytlar  qlobal  şəbəkədə  geniş  yayılıb. 

Bu  virtual  məkanda  cinayətlərin  yüksək  sosial  təhlükəliliyi  transmilli  xarakter  daşıyır.  Yəni 

müvafiq fəaliyyətin fəsadları geniş insan dairələrini və müxtəlif ölkələri əhatə edir.  

İnternet  mühitində  cinayətkarlıq  hallarının  sürətlə  artması,  ilk  növbədə,  bu  qlobal 

şəbəkənin xüsusiyyətləri – açıqlığı, hamı üçün əlyetərli olması, heç bir dövlətin və ya təşkilatın 

nəzarətində olmaması ilə bağlıdır. 



Nəticə 

Qeyd etmək lazımdır ki, sivilizasiyanın inkişaf tarixi ərzində hər bir mütərəqqi yenilik özü 

ilə müəyyən problemlər gətirmişdir. Lakin bəşəriyyət həmişə mütərəqqi yeniliklərdən lazımınca 

bəhrələnmiş,  onların  gətirdiyi  problemlərin  öhdəsindən  gəlməyi  bacarmışdır.  İnternet  bəşər 

tarixində analoqu olmayan, heç bir vasitə ilə müqayisəyə gəlməyən bir fenomendir. Yəni heç bir 

texnoloji  yenilik  bəşəriyyəti  İnternet  qədər  dəyişdirə,  irəliyə  apara  bilməmişdir.  Qlobal 

şəbəkənin inkişaf tendensiyaları o qədər dinamik və çoxşaxəlidir ki, onun perspektivlərini dəqiq 

proqnozlaşdırmaq  mümkün  deyil.  İnternetin  bəşəriyyətə  faydaları  geniş  miqyaslı  olduğu  kimi, 

fəsadları  da  bütün  sahələri  əhatə  edir.  Lakin  bəşəriyyətin  keçmiş  zəngin  təcrübəsi  və  indiki 

səyləri  göstərir  ki,  insanlar  daha  yaxşı   imkanlar,  daha  rahat  həyat  naminə  İnternetin  də 

fəsadlarını aradan qaldıra biləcəklər. 

 

Ədəbiyyat 

1.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnternet  fenomeninə  çoxaspektli  baxış.  Ekspress-



informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 

2010,  96 s. 

2.

 

Тоффлер Э. Третья волна, М.: ООО “Издательство ACT”, 1999, 784 с. 



3.

 

http://www.internetworldstats.com  



4.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnternetin  mahiyyəti  və  xüsusiyyətlərinə  dair  bəzi  elmi 



yanaşmalar // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2012, № 1, с. 41-51. 

5.

 



Toffler A. The Adaptive Corporation, Gower, 1985, 217 p. 

6.

 



Berre A.J., Gómez-Pérez A., Tutschku K. Future Internet - FIS 2010: Third Future Internet 

Symposium, Berlin, Germany, September 20-22, 2010, Proceedings, Springer, 2010, 157 p. 

7.

 

http://www.emarketer.com 



8.

 

Mahmudov  R.Ş.  Distant  əmək  münasibətləri:  beynəlxalq  təcrübə  və  Azərbaycanda  tətbiq 



edilməsi perspektivləri // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2010, № 1,  s. 56-62. 

9.

 



Əliquliyev R.M., Fətəliyev T.X. Elektron elmin formalaşdırılmasının bəzi məsələləri // Bakı 

Universitetinin Xəbərləri. Fizika-riyaziyyat elmləri seriyası, 2008, № 4, s.77-83. 




İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 35–45  

       www.jpis.az                                                                      45 

10.

 

Əliquliyev  R.M.,  Mahmudova  R.Ş.  Təhsilin  informasiyalaşdırılmasının  bəzi  konseptual 



məsələləri  //  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Xəbərləri.  Pedaqoji-psixoloji 

elmlər seriyası, 2007, № 9, s. 9-16. 

11.

 

Формирование  и  сохранение  культурного  наследия  в  информационном  обществе, 



Издание ЮНЕСКО, 2003 г. Перевод с англ., Санкт-Петербург, 2004, 110 c. 

12.


 

Castells M. The Rise of the Network Society: The Information Age: Economy, Society, and 

Culture, Vol. 1, John Wiley & Sons, 2011, 656 p.  

13.


 

Mahmudov  R.Ş.    Bulud  texnologiyaları  iqtisadiyyatının  mövcud  vəziyyəti  və  inkişaf 

perspektivlərinin analizi // İnformasiya cəmiyyəti problemləri, Bakı, 2014, № 2, s. 14-23. 

14.


 

Алгулиев Р.М., Махмудов Р.Ш. Интернет  Вещей // Информационное общество, № 3, 

2013, с. 42-48. 

15.


 

Əliquliyev  R.M.,  İmamverdiyev  Y.N.  İnformasiya  təhlükəsizliyi  insidentləri,  Bakı, 

“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2012, 219 s. 

16.


 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.  İnformasiya  asılılığı  problemləri  və  onlarla  mübarizə 

yolları.  Ekspress-informasiya.  İnformasiya  cəmiyyəti  seriyası,  Bakı,    “İnformasiya 

Texnologiyaları” nəşriyyatı, 2009, 62 s. 

17.

 

Əliquliyev  R.M.,  Mahmudov  R.Ş.,  İnternetin  tənzimlənməsi  problemləri.  Ekspress-



informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 

2010, 115 s. 

 

УДК 338:04 

Алгулиев Расим М.

1

, Махмудов Расим Ш.

1,2


Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



Интернет как движущая сила развития цивилизации 

В статье исследуются новые реалии, глобальные и виртуальные отношения современного 

общества,  созданные  Интернетом.  Комметируются  качественные  изменения  и 

возможности  во  всех  сферах  человеческой  деятельности  под  влиянием  Интернета. 

Указываются  перспективные  направления  развития  и  существующие  проблемы 

Интернета.  



Ключевые  слова:  глобализация,  виртуализация,  интернет-экономика,  виртуальные 

трудовые  отношения,  космический  Интернет,  биометрический  Интернет,  Интернет 

вещей, интернет-зависимость, интернет-преступность.  

 

Rasim M. Alguliyev

1

, Rasim Sh. Mahmudov

1,2


Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

secretary@iit.ab.az, 



2

rasimmahmudov@gmail.com 



The Internet as the driving force behind the development of civilization 

The  article  examines  the  new  realities  of  global  and  virtual  relationships  in  modern  society  by 

the  Internet.  Qualitative  changes  are  commented  and  opportunities  in  all  spheres  of  human 

activity under the influence of the Internet. Include prospects for development and the challenges 



of the Internet. 

Keywords:  globalization,  virtualization,  Internet  economy,  the  virtual  labor  relations,  cosmic 

Internet, biometric Internet, Internet of Things, Internet addiction, Internet crime. 

 

Yüklə 153,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə