İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsi
E-mail:
ismayil_haciyev@yahoo.com
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ
NAXÇIVANIN MUXTARİYYƏTİ MƏSƏLƏSİ
Naxçıvanın muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş
ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdı. 1918-ci ilin may ayında
Cənubi Qafqazda müstəqil respublikaların – Gürcüstan, Azərbaycan və Ermənistan
respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri
etdi. Gürcüstan və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Xüsusilə
“Böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən Ermənistan Respublikası
Azərbaycanın bir sıra tarixi torpaqlarını – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa
torpaqları öz ərazisinə qatmaq üçün açıq mübarizəyə başladı. Bu işdə onlara bir sıra
dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətə, qarşılaşdığı daxili
və xarici amillərə baxmayaraq Naxçıvana imkan daxilində siyasi dəstək verir, ona
iqtisadi və hərbi yardım göstərməyə çalışırdı. Naxçıvan əhalisi erməni daşnaklarına
qarşı inadla mübarizə aparır, bölgəni qoruyub saxlamaq üçün bütün imkanlardan
istifadə edirdi. Erməni silahlı qüvvələri qarşısında lazımi silah-sursata malik olmayan
yerli müsəlman əhalisi, Müsəlman Milli Şurası, onun rəhbərləri – Cəfərqulu xan,
Rəhim xan, Kalbalı xan və yerli ziyalılar erməni daşnaklarına qarşı mübarizə aparır və
özünümüdafiə dəstələri yaradırdılar. 1918-ci ilin yayında vəziyyətin çətinliyini nəzərə
alan Naxçıvan nümayəndələri kömək üçün Osmanlı hökumətinə müraciət etdilər.
1918-ci ilin iyul ayında Kazım Qarabəkir paşanın başçılığı ilə bir dəstə osmanlı
ordusu Naxçıvana gəldi, yerli müsəlman əhaliyə kömək etdi. Lakin Birinci dünya
müharibəsində məğlub olan və 1918-ci il 30 oktyabrda Mudros müqaviləsini
2
imzalayan Osmanlı dövləti öz qoşunlarını Cənubi Qafqazdan, eləcə də Naxçıvandan
çıxarmağa məcbur oldu [12, s.33].
Müsəlman Milli Şurası bölgənin təhlükəsizliyini təmin etmək üçün 1918-ci il
noyabrın 3-də paytaxtı Naxçıvan olan Araz-Türk Cümhuriyyətini yaratdı. Araz-Türk
Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş
və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşlar.
Araz-Türk Cümhuriyyətinin yaranması ilə bir sıra dövlət və idarəçilik orqanları
yaradılmış, hökumətin tərkibi formalaşdırılmışdı. Hökumətin tərkibi sədrdən və 6
üzvdən ibarət idi. Hökumətin başçısı naxçıvanlı Əmir bəy Əkbərzadə idi. Əmir bəy
Əkbərzadə bölgə əhalisi arasında və siyasi dairələrdə çox bacarıqlı, vətənpərvər və
millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi.
Araz-Türk Cümhuriyyətinin ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları,
Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad,
Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil idi [1, v.9]. Sahəsi 8,6 min
kv.km, əhalisi bir milyon nəfərdən artıq idi [12, s.33].
Araz-Türk Cümhuriyyətinin əsas vəzifəsi bölgənin təhlükəsizliyini erməni
basqınlarından qorumaq üçün silahlı dəstələr yaratmaq və onların fəaliyyətini təmin
etmək idi. Qısa müddətdə 500 nəfərlik süvari alayı və könüllü xalq dəstələrindən
ibarət 20 tabor yaradıldı [12, s.97].
Araz-Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr
yaratmağa çalışımış, onunla birləşmək üçün yollar aramışdı. Bu cümhuriyyət eyni
zamanda erməni basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini təmin
edirdi. Bununla belə erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırım
törədir, torpaqların azərbaycanlılardan boşaldılmasına çalışırdı. Buna baxmayaraq, nə
böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin
aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini qıra bilmədi. Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyli 1919-cu ildə parlamentdəki
çıxışında deyirdi ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə
3
bilmədi, “igid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar
həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa –
Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini
asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi
görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar” [2, v.4-5].
Naxçıvanlılar özlərini Azərbaycandan ayrı təsəvvür etmir, birləşmək üçün
yollar arayır, inadla və qəhrəmanlıqla mübarizə aparırdı. Onlar bəyan edirdilər ki, “bu
xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan
ayrılmaz” [4, 1999, 5 fevral].
Naxçıvan Müsəlman Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinə ünvanladığı məktubda deyilirdi: “Biz ermənilərə tabe olmuruq. Tezliklə
Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana
birləşməsini gözləyirik”.
Naxçıvanlılar yaşadıqları torpaqların Ararat Respublikasına vermək istəyən
ingilis general-qubernatoruna da kəskin etirazlarını bildirdi. Ona göndərilən məktubda
yazırdılar ki, Naxçıvan əhalisinin “bütün dünyanın və bütün mədəni qüvvələrin azad
həyat, xalqların öz müqəddəratlarını həll etmək hüququ haqqında qışqırdıqları bir
vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə bir çox hallarda
bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” [5, v.2].
Naxçıvanlıların qəhrəmanlığını Ermənistanın birinci Baş naziri O.Kaçaznuni də
etiraf etməyə məcbur olmuşdu: “Müsəlman Naxçıvanı və Şərurunda, müsəlman
rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa,
qoşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur olduq... Şərur, Naxçıvan
kimi mühüm yerlərdə öz hakimiyyətimizi hətta silah gücünə qura bilmədik, məğlub
olduq və geri çəkildik” [18,s.56].
Göründüyü kimi, naxçıvanlıların siyasi, silahlı və inadlı mübarizəsi bölgənin
erməni işğalına düşməsinə yol verməmiş və Azərbaycan ərazisi kimi qorunub
saxlanılmışdır.
4
Lakin Zəngəzur mahalı 1920-ci ildə Ermənistana veriləndən sonra Naxçıvan
ölkənin əsas ərazisindən ayrı düşmüş, sərhəd əlaqəsi pozulmuşdu. Belə olan halda
Naxçıvan qəza və rayon hüququnda Azərbaycannın tərkibində qala bilməzdi. Ona
görə də Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi və bu zəruri idi.
Ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyirdi ki, “...əgər Zəngəzur
mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də Naxçıvanın muxtariyyəti də
lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi” [9, s. 75].
Azərbaycan rəhbərliyi Zəngəzurla bərabər Naxçıvanı da Sovet Ermənistanına
verirdi. Ermənistanda Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan Hərbi İnqilab
Komitəsi 1 dekabr 1920-ci ildə bəyanatla çıxış etdi. HİK-in sədri Nəriman
Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və “iki sovet
respublikaları arasında ərazi mübahisələrinin” Azərbaycanın milli mənafelərinə zidd
şəkildə həll edilməsinə yönəlmişdi: “...Bundan sonra heç bir ərazi məsələsi əsrlər
boyu qonşu olan iki xalqın qanının tökülməsinə səbəb ola bilməz. Zəngəzur və
Naxçıvan qəzaları Sovet Ermənistanının ayrılmaz hissəsidir. Dağlıq Qarabağın
zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir...” [14, v.6].
Naxçıvanın Sovet Ermənistanına verilməsi xəbərini eşidən bölgə əhalisi bu
bəyanata qarşı kəskin etirazlarını bildirdilər. Vəziyyətin gərginləşdiyini görən
Azərbaycan Respublikasının rəhbərliyi respublika HİK-in üzvü, Ədliyyə komissarı
B.Şahtaxtinskini Naxçıvana göndərdi. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə
görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi
hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı.
Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi.
Ona görə də “1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya
nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin
90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın
tərkibində qalmasına səs verdi” [15, v.79]. Bu əslində Naxçıvanın gələcək
müqəddəratında mühüm rol oynadı.
5
Bu dövrdə Rusiya-Türkiyə yaxınlaşması da məsələyə müsbət təsir göstərdi.
Rusiya tərəfi Avropa dövlətləri tərəfindən təcrid olunduğundan Türkiyənin timsalında
Şərqdə başlıca müttəfiqini itirməkdən qorxaraq, Naxçıvanın müsəlman əhalisinin
iradəsi ilə hesablaşaraq və eləcə də Azərbaycan bolşeviklərinin millətsevər qisminin
mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq
məcburiyyətində qaldı.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan milli kommunistlərin
arasında Behbud ağa Şahtaxtinskinin xüsusi əməyi olmuşdu. Onun V.Leninə
göndərdiyi 1 mart 1921-ci i tarixli teleqramında və əlavə etdiyi arayışda Naxçıvan,
Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali
Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir, Naxçıvanın
müqəddəratı ilə bağlı təkliflər irəli sürülürdü. O qeyd edirdi ki, “Naxçıvan diyarı
böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana
verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”
[12, s.346].
B.Şahtaxtinskinin təklifləri və məsələnin qoyuluşu V.Lenini maraqlandırmış və
o, Naxçıvan məsələsinin RK(b)P MK Siyasi bürosunda müzakirə edilməsi barədə
göstəriş vermişdi. Naxçıvan məsələsi həm Siyasi büroda, həm də Rusiya-Türkiyə
danışıqlarında müzakirə edildi. 1921-ci il martın 16-da RK(b)P MK Siyasi bürosu
B.Şahtaxtinskinin təkliflərini bəyənərək, Azərbaycanın tərkibində Naxçıvan Sovet
Sosialist Respublikası yaradılması haqqında qərar qəbul etdi. Həmin gün Rusiya ilə
Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi də imzalandı.
Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən Naxçıvan vilayəti “Azərbaycanın
qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu
qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir” [3, v.143 arx.].
1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan
SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars
müqaviləsinə əsasən Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirildi.
6
Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və
üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında
muxtar ərazi təşkil edir [7, s.25,32].
Beləliklə, Moskva və Qars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə,
Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar
qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin
sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda bu muxtariyyətin qazanılmasında
fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana
muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o
illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar
bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli
mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə
həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar” [8, s.88].
Moskva və Qars müqavilələrinin əhəmiyyətini, Naxçıvanın muxtariyyət
statusunun qorunub saxlanılmasında bu beynəlxalq müqavilələrin tarixi rolunu
qiymətləndirən Ulu Öndər demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün
Moskva müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas
torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini,
dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim
üçün çox böyük, əvəzi olmayan sənəddir” [11, s.153].
Qeyd etməliyik ki, Moskva müqaviləsindən sonra Naxçıvan Azərbaycan
Respublikasının muxtar qurumu kimi idarə olunurdusa da bu iş hüquqi cəhətdən tam
rəsmiləşdirilməmişdi. Ona görə də bu məsələ 1922-ci ilin noyabrında RK(b)P MK
Siyasi bürosunun iclasında müzakirə olundu və həmin bölgədə muxtar respublikanın
yaradılması haqqında qərar qəbul edildi.
Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də Naxçıvan Muxtar
Respublikasının yaradılmasına qədər üç il vaxt lazım oldu. Hətta 1923-cü ildə
7
Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrildi. Lakin
muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan
Respublikasına çevrildi. 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan SSR-in
yaradılması haqqında qərar verdi. Burada bir cəhəti də qeyd etməliyik ki, Naxçıvan
1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da 30-cu illərin
ortalarına qədər o bütün rəsmi sənədlərdə “Naxçıvan SSR” adlandırılmış, “muxtar”
sözü adından silinmişdir.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin
mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli lider Heydər Əliyev deyirdi ki,
“Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca
mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il keçir. Muxtar
respublikanın yaradılması burada inkişafın təmin olunmasına, genişmiqyaslı
quruculuq tədbirlərinin aparılmasına, Naxçıvanın inkişaf etmiş bir diyara çevrilməsinə
şərait yaratmışdır. Lakin bununla belə, muxtar respublikanın təqribən 45 illik inkişaf
tarixi ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə üzləşdiyi bir dövrdür. Bu
dövrün muxtəsər siyasi xarakteristikasını verən ümummilli lider demişdir ki, bizim
xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına
gələn bəlalar, bəlkə Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur...
Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.
1949 və 1964-cü illərdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 25
və 40 illiyi qeyd olunub. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi
hakimiyyətə gəlməsindən sonra Naxçıvan Muxtar Respublikasının dirçəliş dövrü
başlamış, bu diyar özünün əsl inkişafına qovuşmuşdur. Keçən əsrin 70-80-cı illərində
Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət
mərkəzinə çevrilmişdir. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyi dövlət
səviyyəsində qeyd edilmiş, yubiley tədbirində ulu öndər Heydər Əliyev iştirak etmiş
və tarixi nitq söyləmişdir.
8
80-cı illərin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə
erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı.
1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana
gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni
işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi.
1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən
seçkilərdə Heydər Əliyev hər iki qanunverici orqanın deputatı, 1991-ci il sentyabrın
3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Ulu öndərin
Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi bu diyarın taleyini həll etdi. Heydər
Əliyevin siyasi fəaliyyəti və artan nüfuzu o dövrdəki iqtidarı ciddi narahat edirdi. Ona
görə də bu naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevi hakimiyyətdən
kənarlaşdırmaq üçün Naxçıvanın muxtariyyətini ləğv etmək istəyirdilər. Lakin onlar
başa düşmürdülər ki, Naxçıvana beynəlxalq müqavilələrlə muxtariyyət statusu verilib
və bu statusu birtərəfli qaydada ləğv etmək olmaz. İkinci bir tərəfdən məkrli
düşmənlərimiz də belə bir xülya ilə uzun illərdir ki, yaşayırlar və məqsədlərinə nail
ola bilmirlər. Ümummilli lider nəinki muxtariyyətin ləğv olunması, onun
möhkəmləndirilməsi, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək Naxçıvanın
blokadadan çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. Heydər
Əliyev Naxçıvanın muxtariyyət statusunun dəyişdirilməsi ilə bağlı təklifləri
ermənilərin işğalçı siyasəti ilə eyni olduğunu bildirərək məkrli düşmənlərin və AXC-
Müsavat iqtidarının diqqətinə çatdırırdı ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə
yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə
alınacaqdır” [10, s.770].
Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan
qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş,
onlarla müqavilələr bağlamış, xüsusi ilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və
onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini ona cəlb
etmişdi. Ulu öndərin Naxçıvan dövr fəaliyyəti onun xilası ilə nəticələnmişdi. Ölkə
9
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “naxçıvanlılar Heydər Əliyevi qorudu,
Heydər Əliyev isə Naxçıvanı xilas etdi”.
1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil
dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha
da artırıldı. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil
Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu
hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar
Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan
Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən edilir.
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib
hissəsidir”.
Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran Azərbaycan
Prezidenti Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu,
çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu
qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük
əhəmiyyəti olubdur. Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri
də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ
çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır.
Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan
dövlətinin içində buna ehtiyacı vardır”.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra Naxçıvan
Muxtar Respublikasının Konstitusiyasının hazırlanmasına başlandı. Konstitusiya
layihəsi Konstitusiya Komissiyasında bir neçə dəfə müzakirə edildi. Konstitusiya
Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər
Əliyev geniş nitq söylədi. Ulu öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən
bəhs edərək dedi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub
10
saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının
qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub
saxlamalıyıq” [8, s.89].
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Muxtar Respublika Ali
Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul edilərək 1998-ci il
dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi.
Konstitusiyanın birinci maddəsində göstərilirdi ki, “Naxçıvan muxtar dövləti
Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar
respublikadır.
Naxçıvan
Muxtar
Respublikasının
statusunu
Azərbaycan
Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il
Qars beynəlxalq müqavilələri müəyyən edir” [16, s.3].
Ümummilli lider Heydər Əliyev ölkə prezidenti kimi “Naxçıvan Muxtar
Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 4 fevral 1999-
cu il tarixli fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi
amil göstərilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti dövründək sərhədlər alt-üst
edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-
in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq
iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq
edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı
Azərbaycandan ayıran Azərbaycan torpaqlarının - Zəngəzur mahalının Ermənistana
verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi” [11,s.5].
XX əsrin 90-cı illərində Naxçıvan üçün yaranmış təhlükəni aradan qaldıran
muxtar respublika əhalisinin fəaliyyətini yüksək qiymətləndirən ulu öndər demişdir:
“Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş
etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi
və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə
yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar Azərbaycan xalqı tərəfindən
11
böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə
müsbət təsirini göstərdi” [4, 1999, 5 fevral].
Naxçıvanın muxtariyyət statusu və buna əsasən yaradılan Naxçıvan Muxtar
Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olmuşdur. Bunu
nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar
Respublikasının 90 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamda deyilir:
“Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və
eyni zamanda sərəfli bir yol qət etmişdir... Naxçıvan əhalisinin milli istiqlal ideya-
larına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanı-
lması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır” [4, 2014, 15 yanvar].
Naxçıvanın muxtariyyət statusunu və onun verdiyi imkanları yüksək
qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın
müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu
status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi
fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi
uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin” [4, 2014, 9 aprel].
Beləliklə, müstəqillik dövründə Azərbaycanın dövlətçiliyinin qorunması və
möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll etmiş ümummilli lider
Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını
böyük qətiyyətlə almış və onu möhkəmləndirmişdir. Dövlət rəhbəri cənab İlham
Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət Naxçıvan Muxtar
Respublikasının da hərtərəfli inkişafına, çiçəklənən bir diyara çevrilməsinə səbəb
olmuşdur. Naxçıvan bu gün özünün ən şərəfli dövrünü yaşayır və ümumilli lider
Heydər Əliyevin arzuları gerçəkliyə çevrilir.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 215.
12
2.
ARDA, f. 894, siy. 10, iş 37
3.
ARDA, f. 28, siy. 1, iş 58.
4.
“Azərbaycan” qəzeti, 1999, 5 fevral
5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi
(ARPİİSSA), f. 277, siy. 2, iş 57.
6.
Azərbaycan Respublikasının Konstitusiyası. Yeni redaksiyada. Bakı: Qanun, 2009, 68 s.
7.
Gümrü, Moskva, Qars müqavilələri və Naxçıvanın taleyi. Tərtib edəni və ön sözün
müəllifi İ.Hacıyev. Bakı: Elm, 1996, 36 s.
8.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 14-cü kitab. Bakı: Azərnəşr, 2005, 520 s.
9.
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 24-cü kitab. Bakı: Azərnəşr, 2005, 520 s.
10.
Qayıdış. 1990-1993. Bakı: Azərbaycan, 1996, 792 s.
11.
Qədim Naxçıvanda bayram – 75. Bakı: Azərnəşr, 1999.
12.
Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). İkinci nəşr, Bakı: Bakı Universiteti
nəşriyyatı, 1998, 385 s.
13.
Naxçıvanın tarixi atlası. Bakı, Kartoqrafiya Fabriki, 2010, 56 s.
14.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi (NMR DA), f. 314, siy. 5, sax. vah. 15,
iş 14.
15.
NMR DA, f.1, siy. 3, iş 13.
16.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Yeni redaksiyada. Bakı: Qanun, 2009,
68 s.
17.
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamı.
“Azərbaycan” qəzeti, 2014, 15 yanvar.
18.
Ov.Kaçaznuni. Taşnak partisinin yapacağı bir şey yok (1923 Parti Konfransına Rapor).
İstanbul, 2005, 119 s.
Dostları ilə paylaş: |