Ümumi hissə Birinci bölmə Əsas müddəalar



Yüklə 2,96 Mb.
səhifə1/39
tarix14.06.2018
ölçüsü2,96 Mb.
#49021
  1   2   3   4   5   6   7   8   9   ...   39

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

 

Ümumi hissə

 

Birinci bölmə

 

Əsas müddəalar

 

I fəsil

 

Cinayət-prosessual qanunvericiliyi

 

 

Maddə 1. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı



 

1.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir. 

1.2. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki:

1.2.1. qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun;

1.2.2. cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın;

1.2.3. heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

1.3. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır.

 

Maddə 2. Cinayət-prosessual qanunvericiliyin mənbələri

 

2.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi aşağıdakılardan ibarətdir:



2.1.1. Azərbaycan Respublikasının Konstitusiyasından;

2.1.2. bu Məcəllədən;

2.1.3. Azərbaycan Respublikasının digər qanunlarından;

2.1.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malikdir və birbaşa qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının normaları ilə bu Məcəllənin müddəaları arasında ziddiyyət olduqda Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq olunur.

2.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.

2.4. Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini və ədalət mühakiməsinin həyata keçirilməsində çəkişmə prinsipini pozan, əvvəlcədən sübutlara müəyyən hüquqi qüvvə verən normativ hüquqi aktlar tətbiq edilə bilməz. Digər qanunlardakı prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.

 

Maddə 3. Cinayət-prosessual qanunvericiliyin məkana görə qüvvəsi

 

3.1. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 3.3 və 3.4-cü maddələrində nəzərdə tutulan istisnalarla, heç bir məhdudiyyət qoyulmadan qüvvədədir.



3.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı altında olan və ya onun tanınma nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və ya hava gəmilərində də tətbiq olunur.

3.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin məkana görə qüvvəsinin digər qaydalarının tətbiqi halları müəyyən edilə bilər.

3.4. Xarici dövlətin cinayət-prosessual qanunvericiliyinin normalarının Azərbaycan Respublikasının ərazisində tətbiqinə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda və Azərbaycan Respublikası cinayәt-prosessual qanunvericiliyinin vəzifə və prinsiplərinə zidd olmadıqda yol verilir.

 

Maddə 4. Cinayət-prosessual qanunvericiliyin zamana görə qüvvəsi

 

4.1. Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.



4.2. Cinayət prosesi iştirakçılarının hüquqlarını məhdudlaşdıran Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müddəalarının geriyə qüvvəsi yoxdur.

4.3. Ədalət mühakiməsi həyata keçirilərkən sübutların mümkünlüyü həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin yeni qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın əsasını təşkil edə bilməz.

 

Maddə 5. Cinayət-prosessual qanunvericiliyin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində qüvvəsi

 

5.1. Cinayətin törədilməsində şübhə və ya ittiham olunan xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər haqqında cinayət-prosessual fəaliyyət Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir.



5.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş diplomatik, habelə digər imtiyaz və toxunulmazlıqlara malik şəxslər haqqında və ya onların iştirakı ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətin xüsusiyyətləri bu Məcəllənin 436—441-ci maddələrinin müddəaları ilə müəyyən olunur.

 

Maddə 6. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi

 

6.1. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir.



6.2. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur.

 

Maddə 7. Cinayət-prosessual qanunvericiliyin əsas anlayışları

 

7.0. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində aşağıdakı əsas anlayışlardan istifadə olunur:



7.0.1. cinayət hadisəsi — cinayətin əlamətlərini özündə əks etdirən hadisədir;

7.0.2. ərizəçi — özünün həqiqi və ya ehtimal olunan hüquqlarının müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanlara və ya məhkəməyə müraciət edən şəxsdir;

7.0.3. cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur;

7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir;

7.0.5. cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir;

7.0.6. cinayət işi — törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə əlaqədar cinayət təqibinin həyata keçirilməsi zamanı toplanmış materialların məcmusudur;

7.0.7. cinayət təqibi ilə bağlı digər materiallar — məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət və ya xüsusi icraat üzrə cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar toplanmış materiallardır;

7.0.8. cinayət mühakimə icraatı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır;

7.0.9. məhkəmə — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ədalət mühakiməsini həyata keçirmək məqsədi ilə yaradılan, bu Məcəllə ilə müəyyən edilmiş qaydada birinci, apellyasiya və kassasiya instansiyası qismində cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir;

7.0.10. birinci instansiya məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxarmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.11. apellyasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.12. kassasiya instansiyası məhkəməsi — bu Məcəllə ilə müəyyən edilmiş qaydada və hallarda //çıxarılıb//apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya digər qərarından verilmiş şikayət, protest, yaxud təqdimatlara baxmaq səlahiyyətinə malik olan məhkəmədir;

7.0.13. hakim — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi);

7.0.14. məhkəmə iclasında sədrlik edən — cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiallara təkbaşına, bir neçə hakimdən ibarət tərkibdə //çıxarılıb//baxılarkən məhkəmə  iclasında sədrlik edən hakimdir;



//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir; 

7.0.19. cinayət prosesinin tərəfləri — çəkişmə və hüquq bərabərliyi əsasında cinayət mühakimə icraatında ittihamı və müdafiəni həyata keçirən cinayət prosesinin iştirakçılarıdır; 

7.0.20. ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir;

7.0.21. ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır;

7.0.22. ibtidai araşdırma — cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraatdır;

7.0.23. prokuror — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir;

7.0.24. müstəntiq — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət işi üzrə ibtidai istintaqı aparan şəxsdir;

7.0.25. təhqiqatçı — öz səlahiyyətləri daxilində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət təqibi üzrə təhqiqat aparan şəxsdir;

7.0.26. xüsusi ittihamçı — bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmədə ittiham irəli sürən və onu müdafiə edən zərər çəkmiş şəxsdir;

7.0.27. müdafiə — cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir;

7.0.28. müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, onun müdafiəçisi və mülki cavabdehdir; 

7.0.29. cinayət prosesində iştirak edən digər şəxslər — hal şahidi, şahid, mütəxəssis, ekspert, məhkəmə iclasının katibi və tərcüməçidir;

7.0.30. zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndələri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil edən valideynlәr, övladlığa götürənlər, qəyyumlar, himayəçilər, habelə qəyyumluq və ya himayəçilik orqanıdır;

7.0.31. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi — cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, yaxud mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndə qismində dəvət etdiyi digər şəxs və ya zərər çəkmiş şəxsin qohumudur;

7.0.31-1. barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – hüquqi şəxsin maraqlarını təmsil edən, səlahiyyətləri qanunla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilən hüquqi şəxsin təsisçisi, rəhbəri və ya digər vəzifəli şəxsidir;

7.0.32. yaxın qohumlar — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir;

7.0.33. qohumlar — babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır;

7.0.34. yaşayış yeri — bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən //çıxarılıb// yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesidir (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir);

7.0.35. gecə vaxtı — yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir;

7.0.36. zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır;

7.0.37. prosessual hərəkətlər — cinayət prosesi iştirakçılarının bu Məcəllədə nəzərdə tutulmuş və onun müddəalarına uyğun həyata keçirdikləri hərəkətlərdir;

7.0.38. qətimkan tədbiri — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir;



7.0.38-1. həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır;

7.0.39. tutulma — bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasıdır;

7.0.40. həbs — qətimkan tədbiri qismində bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada təqsirləndirilən şəxsin azadlığını müvəqqəti məhdudlaşdırmaqla həbs yerlərindəsaxlanılmasıdır;

7.0.41. vəsatət — cinayət prosesi iştirakçılarının cinayət prosesini həyata keçirən orqana ünvanlanmış xahişidir;

7.0.42. izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlillərdir;

7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır;



//çıxarılıb//

7.0.45. məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır;

7.0.46. protest — dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir;

7.0.47. şikayət — prosessual hərəkətlərin və ya prosessual qərarların qanunsuz, yaxud əsassız olduğu barədə cinayət prosesini həyata keçirən orqana ünvanlanmış yazılı müraciətdir.

 

II fəsil

 

Cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri

 

Maddə 8. Cinayət mühakimə icraatının vəzifələri

 

8.0. Cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir:



8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq;

8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq;

8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq;

8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək;

8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək;

8.0.6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək.

 

Maddə 9. Cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərinin təyinatı

 

9.1. Bu Məcəllənin 10—36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri:



9.1.1. cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir;

9.1.2. insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir;

9.1.3. hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir.

9.2. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər.

 

Maddə 10. Qanunçuluq

 

10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər.



10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.

10.3. Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

10.4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır.

10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.

 

Maddə 11. Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi

 

11.1. Azərbaycan Respublikasında cinayət prosesi hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilir.



11.2. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə üstünlük vermir.

11.3. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun arvadı (əri), Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), Məhkəmə-Hüquq Şurasının üzvləri və Azərbaycan Respublikasının hakimləri barəsində cinayət təqibinin xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir. 

 

 

Maddə 12. Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması



 

12.1. Cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər.

12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

12.3. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

12.4. Prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada qəbul edilə bilər.

12.5. Cinayət təqibi gedişində insanların həyat və səhhətinə və ya ətraf mühitə təhlükə yaradan üsul və vasitələrdən istifadə etmək qadağandır.

12.6. Cinayət prosesini həyata keçirən orqanlar insanların həyat və səhhətinə, ətraf mühitə təhlükə yaradan halları gizlətməyə haqlı deyillər.

 

Maddə 13. Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi

 

13.1. Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır.



13.2. Cinayət təqibi gedişində heç kəs:

13.2.1. insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz;

13.2.2. insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz;

13.2.3. ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz.

 

Maddə 14. Azadlıq hüququnun təmin edilməsi

 

14.1. Hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər.



14.2. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz.

14.3. Şəxsin həbsdə saxlanılmasına, habelə tibb və ya tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsinə yalnız məhkəmə qararı əsasında yol verilir.

14.4. Hər bir tutulmuş və ya həbsə alınmış şəxsə dərhal tutulmanın, yaxud həbsə almanın səbəbləri, habelə şübhənin və ya ittihamın mahiyyəti, ifadə verməmək və müdafiəçi tərəfindən hüquqi yardım almaq hüquqları ona aydın olan dildə bildirilməlidir.

14.5. Təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə