Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr


Etiraz edən namizədlər və onların tərəfdarları



Yüklə 0,84 Mb.
səhifə4/9
tarix29.09.2017
ölçüsü0,84 Mb.
#2304
1   2   3   4   5   6   7   8   9

Etiraz edən namizədlər və onların tərəfdarları

Daxildə də belədir. Siz görürsünüz ki, bir qrup insan qanunu tapdadı, iğtişaş törətdi. Xalqı bacardıqları qədər quruluşun qarşısında dayanmağa həvəsləndirdilər. Düzdür, xəncərləri kəsmədi, istədikləri baş tutmadı, amma bu başqa bir məsələdir, onlar öz səylərini göstərdilər, inqilab və İslam düşmənlərinin dilini uzatdılar, onlara cəsarət verdilər. Elə etdilər ki, imamın düşmənləri - imama qarşı ürəklərində kin bəsləyənlər universitet məhəlləsinə gedib imamın şəklini təhqir etməyə cürətləndilər; məyus və ümidsiz düşmənin canlanmasına, həvəslənərək şübhəsiz ki, imamı və inqilabı sevən, ölkəyə, vətənlərinə və İslam Respublikasına xidmətə eşq bəsləyən tələbə izdihamı qarşısında belə bir təhqiri, belə böyük işi görməyə cürətləndilər.

O qanunsuz işləri, fitnə törətmələri, iğtişaşa həvələndirmələri və xalqı iğtişaşa çəkmələri, bu da nəticələri. Bu səhvlər baş verir; yanlış iş görülür, səhv iş görülür, sonra onun səhv olmasını gizlətməkdən ötrü barəsində fəlsəfə düzəldir, fəlsəfə toxuyur, onun üçün dəlil göstərirlər. İnsanların böyük imtahanlarından biri budur. Hamımız təhlükə altındayıq, gərək ehtiyatlı olaq. Səhvi edir, sonra vicdanımız önündə, xalqın sualı və soruşanların gözü önündə işimizi müdafiə etmək üçün ona bir fəlsəfə düzəldir, bir dəlil yonuruq.

Bunlar fitnə şəraiti yaradır, vəziyyəti qarışdırırlar. Qanuna tərəfdarlıq şüarı verirlər, lakin açıq şəkildə onun ziddinə işləyirlər. Şüarlarında imama tərəfdar olduqlarını bildirirlər, amma öz tərəfdarları arasında belə böyük bir günahın baş verməsinə imkan yaradırlar: imam təhqir olunur, imamın şəkli təhqir olunur. Bu, kiçik məsələ deyil. Düşmənlər buna çox sevinirlər. Yalnız sevinmirlər, təhlil də edir, o təhlilin əsasında qərar çıxarır, o qərar əsasında işləyir, milli maraqlarımızın və İran xalqının əleyhinə həvəslənirlər. Burada problemi yaradan amil həmin hiylə, mühitin dumanlı olması və Əmirəlmömininin (ə) sözündə olandır: bir haqq sözü bir nahaq sözlə qarışdırırlar və haqq onu sevənlərə tanınmaz olur. Aydınlatmaq, meyar və ayrıc müəyyən etmək burada mənasını tapır.

İnqilab, imam və İslam üçün çalışan şəxs onun sözünün və hərəkətinin bu prinsiplər əleyhinə bir istiqamətin yaranmasına bais olduğunu görən kimi cəld ayılmalıdır. Nə üçün ayılmırlar? İslam Respublikasının ən əsas şüarı olan "İstiqlaliyyət, Azadlıq, İslam Respublikası" şüarından "İslam" sözünün çıxarıldığını eşidən kimi özlərinə gəlməli, getdikləri yolun səhv olduğunu bilməli və kənara çəkilməlidirlər. Fələstinin xeyrinə və işğalçı sionizm rejiminin əleyhinə olan Qüds günündə işğalçı sionizm rejiminin xeyrinə və Fələstinin əleyhinə şüar verildiyini gördükdə ayılıb özlərini kənara çəkməli və deməlidirlər ki, xeyr, biz biz bu cərəyanla deyilik.

Dünyanın zalım və hegemon başçılarının, həm indi, həm də son 100-200 illik tarixdə zülmün tərənnümü olan ABŞ, Fransa, İngiltərə və bu kimi dövlət başçılarının bunları dəstəklədiklərini gördükdə ayılmalı və işlərində nöqsanın olduğunu anlamalıdırlar. Bütün azğın insanların – şah tərəfdarlarının, kommunistlərin, ölkədən qaçan rəqqas və sapqın müğənnilərin bunları dəstəklədiklərini gördükdə ayılmalı, gözləri açılmalı, anlamalı və işlərində nöqsanın olduğunu bilməlidirlər; dərhal dönüb deməlidirlər ki, xeyr, biz sizin dəstəyinizi istəmirik. Nədən çəkinirlər?!

Ağıllılıq bəhanəsilə bu aydın həqiqətləri görməzliyə vurmaq olar ki, biz ağıl işlədirik?! Bu xalqın, bu ölkənin, İslamın və inqilabın düşmənlərinin sizi özlərindən bilib əl çalmaları, sizin də bundan xoşlanmanız ağıllılıqdır?! Bu, ağlın qarşı nöqtəsidir. Ağıl budur ki, sizin iddia etdiyiniz əsasların əksinə bir şey görən kimi tez özünüzü kənara çəkib deyəsiniz ki, yox, biz yoxuq; imamın şəklinin təhqir olunduğunu görən kimi məsələni inkar etmək yerinə işi qınamalı və qınamaqdan da çox, məsələnin mahiyyətini, həqiqətini başa düşməlisiniz, düşmənin necə plan hazırladığını və məqsədinin nə olduğunu bilməlisiniz. Bu cənablar bunları bilməlidirlər. Mən təəccüb edirəm. Şah dövründə bu cənabların bəzisinə inqilaba görə bir şillə də dəyməyib, inqilabın sayəsində ad-san qazanıblar, hər şeyləri inqilabdandır. Gördünüz ki, inqilabın düşmənləri necə parladılar, hazır oldular, sevincək və gülə-gülə sıraya düzüldülər. Hər halda, bunları görürsünüz. Özünüzə gəlin, ayılın.

Siz bizim köhnə qardaşlarımızsınız. Bunların bəziləri bir zaman imamı müdafiə etdiklərinə görə təhqirlə də üzləşirdilər. Amma indi bunların adlarını şüar edənlər, bunların şəkillərini qaldıranlar, bunların adlarını uca tutanlar tam əks tərəfdə durub imamın, inqilabın və İslamın əleyhinə şüar deyir, ramazan ayında açıq-aşkar oruclarını yeyirlər. Bunları ki, görürsünüz; onda kənara çəkilin. Seçkilər bitdi. Seçkilər ümumi idi, düzgün idi və onda nöqsan tapıb sübut edə bilmədilər. İddia etdilər, fürsət verildi; dedik ki, gəlin göstərin, sübut edin; sübut edə bilmədilər, gəlmədilər və məsələ bitdi. Qanun tələb edir ki, insan seçilmiş prezidenti qəbul etməsə də, qanuna hörmət etməli və tabe olmalıdır. Təbii ki, heç kim seçilmiş prezidentin yüz faiz mütləq yaxşılıqdan və seçilməyən tərəfin mütləq qəbahətdən ibarət olduğunu deyə bilməz. Hamının yaxşı cəhəti də var, pis cəhəti də; bu tərəfin də, o tərəfin də. Qanun meyardır. Nə üçün belə olur? Nə üçün? Bu, nəfsin əməlidir.

Bunlar yalnız bu günə məxsus deyil. İnqilabın əvvəllərini xatırlayanlar bilirlər. İnqilabın ilk onilliyində və imamın həyatı dövründə onun dostlarından və yaxınlarından olan bəzi şəxslər imamın qarşısında dayandılar, imamla mübarizəyə qalxdılar, imamı diz çökürməyə, o böyük və ilahi insanın hərəkətinin səhv olduğunu sübut etməyə cəhd etdilər, lakin sonra təcrid olundular, inqilab bunları tərk etdi. İmamın yaxınlarından, dostlarından olan bu şəxslər ya düşmənə sığındılar, ya inqilaba qarşı çıxdılar, ya ona zərbə vurdular; bu qədər tənəzzül etdilər. Bunlar bizim hamımız üçün ibrət olmalıdır; başa düşməliyik.96

Düşmənin planlaşdırdığı bu fitnənin müxtəlif cəhətlərini təhlil və izah etmək və aydınlatmaq üçün hələ çoxlu işlər görülməlidir. Düşmən çox dəqiq hesablamalar aparmışdı, lakin hesabları səhv çıxdı. Onlar İran xalqını tanımayıblar. Səhnə arxasındakı düşmən hər şeyi müşahidə etmişdi. Sizin fitnə başçıları adlandırdığınız bu şəxsləri düşmən səhnəyə itələmişdi. Təbii ki, günah etdilər. İnsan düşmənin oyuncağı olmamalı və tez məsələni anlamalıdır. Əgər əvvəldə diqqətsizlik etmişdilərsə də, sonradan anlayanda dərhal yolların dəyişməli idilər, amma dəyişmədilər.97


İğtişaşçılar

Əgər hər bir seçkidən sonra uduzanlar küçələrdə düşərgə qursalar, tərəfdarlarını küçələrə çağırsalar, udanlar da onlara cavab olaraq düşərgə qursalar və hamını küçəyə çıxarsalar, onda seçkilər nə üçün keçirilir? Xalqın təqsiri nədir?! Küçə xalqın iş-güc yeridir, get-gəl etdiyi yerdir, yaşadığı yerdir. Bu xalq nə günah etmişdir ki, biz öz tərəfdarlarımızı onlara göstərməyə çalışaq; o tərəfdə bir cür, bu tərəfdə bir cür?! Zərbə vurmaqdan ötrü aramıza girən terrorçu üçün siyasi məsələ mühüm deyil. Onun üçün yürüş edən, yaxud mitinq keçirən bu xalqın arasında gizlənməkdən daha yaxşı nə ola bilər?! Əgər bu toplantılar ona imkan yaradırsa, bunun məsuliyyəti kimin üzərinə düşür? Bu hadisələrdə adi camaatdan və Bəsicdən ödürülən bu bir neçə nəfərin cavabını kim verməlidir? Küçədə qarışıqlıqdan istifadə edirlər, Bəsici terror edirlər, polisi terror edirlər; hər halda bunlar bir reaksiyaya səbəb olacaq və o reaksiya emosional olacaq.98


Düşmənin rolu

Mən bir neçə il bundan qabaq burada xəbərdarlıq kimi dedim ki, hegemonizmə bağlı təbliğat və informasiya şəbəkələri xalqları iğtişaşa çəkmək və bununla hərəkət etdikləri yoldan daşındırmaq üçün onların istiqlaliyyətinin ən güclü düşmənləridir. Mən o zaman bir neçə ölkəni misal çəkdim. Bu gün isə informasiya vasitələri həmin sözləri dediyimiz bir neçə il öncəyə nisbətən daha böyük, geniş, əhatəli və rəngarəng olmuşdur. Düşmənlər işləyirlər, lakin deyirlər ki, biz heç bir iş görmürük. Onların iğtişaş törədən cahil və nadan qruplara tapşırıqları öz informasiya vasitələrində açıq şəkildə yayımlanır: polislə belə vuruşun, Bəsic əleyhinə belə danışın, küçədə belə iğtişaş törədin, belə dağıdın, belə yandırın və sair. Bunlar müdaxilə deyil?! Bundan da açıq müdaxilə?! Bundan da aşkar müdaxilə?! Bunu bizim xalqımız öz gözü ilə gördü. Bunlar bizim xalqımız üçün təcrübədir. Kimsə düşünməsin ki, məsələn, Tehranda bir zibil qabını sındırmağa gücü çatan və bu işi görən, yaxud fərz edin xalqın malına - motosikletə, maşına, banka və dükana ziyan vuran bu kiçik qrup bu xalqdır. Xeyr, bu səhvdir; bu, xalq deyil. Bəli, dəstək vermək üçün hegemon tribunalardan onları xalq adlandırırlar. Bunlar xalqdır?! Xalq bu ziyanverici iğtişaşçıları səhnədə görən kimi kənara çəkilib onlara nifrətlə baxan, ümumi təhlükəsizliyi və ictimai sabitliyi pozanlara nifrətlə baxan milyonlardır.99

Öncədən bəzi planlar hazırlanmışdı. Mən heç kimi ittiham etmirəm, lakin düşmənin iş üsulunu bilir və görürəm, onu inkar edə bilmərəm. Düşmənin iş üsulu bəlli bir üsuldur. Buna bənzər işləri digər yerlərdə də gördülər. Hegemon güclər bir quruluşdan narazı olanda tutduqları yollardan biri budur ki, bir seçkini gözləyirlər, o seçkilərdə onların istəmədiyi şəxslər seçiləndə nümayişkaranə xalq hərəkəti ilə vəziyyəti dəyişməyə çalışırlar. Bəzi şüarlarla xalqın bir qrupunu səhnəyə çəkir, küçələrdə təzyiq göstərməklə qanunla əldə olunanı zorla dəyişmək istəyirlər. Bu, tanınmış bir plandır. Seçkilərdən sonra baş verən hadisələrin xalq tərəfindən, müstəqil, səmimi və peşəkar analitiklər tərəfindən xarici amillərə aid edilməsi bundan irəli gəlir. Əgər kiminsə səhnə arxasından heç bir xəbəri olmasa da, məlumat mənbələrinin verdiyi informasiyalar olmasa da, işin formasına baxanda onun xalqın düşmənlərinin və əcnəbilərin işi olduğunu anlayar. Seçki zamanı qanuni bir hərəkət baş verir və onun bir nəticəsi olur. Onlar bu nəticəni zorla dəyişdirmək istəyirlər. Bir qrupu səhnəyə çəkirlər, lazım olsa, kobudluq da edirlər; qanuni nəticələri dəyişməkdən ötrü yanğınlar törədirlər, bank yandırırlar, avtobus yandırırlar. Bu isə həm şəriətə və həm qanuna ziddir. Bəllidir ki, bu hərəkət əcnəbilər tərəfindən yönəldilir. Onlar ölkədə bu işləri görmək istəyirdilər.

Ölkə üçün mühüm sınaq idi; mən sizə deyirəm ki, mühüm sınaq idi; həm çoxlu ibrətləri vardı, həm də çoxlu dərsləri. İran xalqı bu sınaqdan qalib çıxdı. Onlar xalqı bir azlıqdan və bir çoxluqdan ibarət olan iki qrupa bölmək istəyirdilər. Seçkilərdə qələbə çalmış qrupu öz məqsədlərinə nail olmayan qrupla üz-üzə qoymaq istəyirdilər. Yəni xalq iki yerə bölünsün, bir qrup iğtişaşçı da meydana atılıb iğtişaş törətsin və daxili müharibə yaransın. Ümidləri bu idi, lakin xalq sayıq tərpəndi. Siz gördünüz ki, seçki günü xalq 13-14 milyonluq və 24-25 milyonluq bir qruplara bölündü. Qısa bir müddətdən sonra isə bu iki qrup birləşib qiyamçıların və iğtişaşçıların qarşısında dayandı. Xalqın sayıqlığı burada görünür. Onlar xalq arasında iğtişaş törətmək istəyirdilər. Otuz ildir inqilabın və bu xalqın əleyhinə bacardıqları hər bir işi görən bədxahlar da fürsəti fövtə verməyib öz təbliğatları ilə işə qoşuldular. Bundan artıq bir iş görə bilmirdilər. Əgər amerikalılar, ingiltərəlilər və sionistlər hərbi qüvvə ilə Tehran küçələrinə daxil ola bilsəydilər, əmin olun ki, bunu edərdilər. Əgər öz əlaltıları və muzdurları ilə hadisələri xaricdən yönəltmələri mümkün olsaydı, bunu edərdilər, lakin bilirdilər ki, bu iş onların zərərinə bitəcək. Bacardıqları yeganə iş bu idi ki, qiyamçılara və iğtişaş törədənlərə informasiya dəstəyi versinlər, beynəlxalq siyasətdə onları etsinlər. Hegemon ölkələrin prezidentləri bu işə qoşuldular, küçə iğtişaşçılarını və od vurmaqla özlərini göstərmək istəyən pozucu qüvvələri İran xalqı adlandırdılar. Onların məqsədi dünyanın və ölkəmizin ictimai rəyini özləri istədikləri kimi formalaşdırmaq idi, lakin iflasa uğradılar.100


Təhlükəsizlik orqanları, polis və Bəsic

Mən fəaliyyətlərinə görə təhlükəsizlik polisimizə, nizam-intizam polisimizə və Bəsic təşkilatına təşəkkür edirəm. Bunlar çox böyük və yaxşı işlər gördülər. Lakin bu başqa bir mövzudur. Əgər bu orqanlardan hər hansı birinə bağlı olan bir şəxs bir qanun pozuntusuna yol vermişsə, bir cinayət törətmişsə, o da ayrıca araşdırılmalıdır. Cinayətlərinə görə nə bunların xidmətini görməzdən gəlməliyik, nə də xidmətlərinə görə cinayətlərinin üstünü örtməliyik.101


Daxili media

Söz və təbliğat ajiotajı problemlərin həllinə heç bir kömək etmir; siz bunu gördünüz. Seçki təbliğatı seçkilərin başlanmasından bir ay, yaxud iyirmi gün öncədən başlayır, lakin novruz bayramından öncədən seçki təbliğatı başlandı. Bəzi dostların tənqid etdiyi bu televiziya da təəssüf ki, işıqlandırdı. Mən razı deyildim. Siz bunu da güman etməyin ki, Teleradio Verilişləri Şirkətinin rəisini mən təyin etidiyimdən onun bütün proqramlarını bir-bir gətirirlər və mən baxıb imzalayıram. Xeyr, mən radio və televiziyanın çoxlu proqramlarından razı deyiləm. O cümlədən seçkilərdən üç ay öncədən - seçkilər 22 xordadda (12 iyunda) idi - isfənd (fevral-mart) ayından, hətta ondan da tez başlayan bəzi təbliğat səfərləri, danışılan sözlər, keçirilən tədbirlər və mübahisələr televiziyadan yayımlandı. Təəssüf ki, televiziya azadfikirli olduğunu göstərmək üçün onları yayımladı. Bunlar xəyal, ölkə daxilində ajiotaj yaratmaqdır. Düşüncə ajiotajı düzgün mübahisələrdən fərqli bir şeydir. Mən dedim ki, universitetlərdə azad diskussiyalar təşkil edin. Siz gənclər nə üçün təşkil etmədiniz? Siz bu Tehran Universitetində, bu Şərif Universitetində, bu Əmir Kəbir Universitetində azad siyasi, etiqadi debatlar təşkil edin. Bir neçə tələbə gedib orada sözlərini danışsınlar, bir-birinin sözünü tənqid etsinlər, bir-biri ilə mübahisə etsinlər. Həqiqət orada özünü göstərəcək. Həqiqət birinin bir tənqidi tullaması ilə aşkarlanmır, düzgün anlaşılmır. Deyişmələrlə gərgin fikir mühiti yaratmaq ölkənin inkişafına heç bir kömək etmir. Siz bu sahədə bu qoca atanızın təcrübəsinə inanın. Ölkənin inkişafına kömək edən amil düşüncələrin həqiqi azadlığıdır; yəni azad şəkildə düşünmək, azad şəkildə sözünü demək, hay-küydən qorxmamaq, onun-bunun həvəsləndirməsinə də baxmamaq. Bir zaman siz elə bir söz danışırsınız ki, dünyanın bütünlüklə çirkinlik və xəbislikdən ibarət siyasi müşahidəçilərinin hamısının birdən-birə sizə əl çaldığını görürsünüz. Bununla həvəslənməyin, düzgün mübahisə edin, məntiqli mübahisə edin, bir sözü dinləyib bir sözü deyin, sonra oturub fikirləşin. Bu, Quranın göstərişidir: "Sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə müjdə ver!"102. Sözü eşidib ən yaxşısını seçmək lazımdır. Ajiotaj yaratmağın nəticəsi isə gördüyünüz kimi olur. Seçkilərdən öncəki və sonrakı ajiotajın nəticəsi budur; xüsusən də əcnəbi əli müdaxilə etdikdə. Siz hansı dəlil və izahla düşünürsünüz ki, dünyanın təbliğat maşınları İslam Respublikası quruluşunun zərərinə olduğunu düşündükləri hadisələri anbaan nəşr edir və yayırlar? Bu iş hansı hesabla baş verir? Bunu düşünmək lazım deyil?! Bunun üzərində araşdırma aparmaq lazım deyil?! Diqqət yetirməsi lazım olan məsələlər bunlardır.

Radio və televiziya ölkənin real vəziyyətini nümayiş etdirir? Xeyr, yarımçıq göstərir. Radio və televiziya çoxlu dəyərli və böyük inkişafları göstərmir. Dəlili də budur ki, müxtəlif hadisələrlə əlaqədə olan sizlər ölkənin çoxlu həqiqətlərindən və ölkə inkişaflarından xəbərdar deyilsiniz. Bu bizim radio və televiziyamızın nöqsanıdır. Əgər hansısa Qərb ölkəsinin çoxlu staj, təcrübə və incəsənətdən istifadə etməklə öz yalanlarını doğru göstərdiyi kimi, bizim radio və televiziyamız ölkə reallıqlarını düzgün əks etdirə bilsəydi, siz bilin ki, bu gün gənc nəslin ümidi, onun ölkəsinə, dininə və İslam Respublikası quruluşuna vurğunluğu indikindən dəfələrlə artıq olardı. Bu bizim radio və televiziyaya iradımızdır. Əgər ölkənin vəziyyətini düzgün əks etdirə bilsəydi, tamaşaçıların rəğbəti və sevinci bugünkündən dəfələrlə artıq olardı. Sevincə və razılığa səbəb olan çoxlu işlər görülməkdədir. Yalnız elmi sahələrdə yox, ictimai və siyasi sahələrdə də belədir; başucalığı gətirən işlər görülür. Bunu çoxları - yəni əksəriyyət bilmir. Mənim çox vaxt dövlət məmurlarına etirazım budur ki, siz nə üçün bəyan edə bilmirsiniz. Bəyan etmək də bir məharətdir. Xüsusən sənətkarcasına bəyan etmək böyük hünərdir. Bu onlarda yoxdur.

Bizim adətən bəzilərinə tutduğumuz iradlardan biri budur ki, özgənin dediyini qəbul edir, doğmanın dediyinə isə şübhə ilə yanaşırlar. Nə üçün? Bu yanaşma düzgün deyil, qeyri-sağlam yanaşmadır. Bunu islah etmək lazımdır. Siz yaxşı gənclər inşallah gəlib müxtəlif işlərə başlayın və ölkənin təbliğat işini əlinizə alın. Bizim mətbuatımız da belədir. Mən adətən gündüzlər təxminən 16-17 qəzetə baxıram. Bütün səhifələrinə baxmıram, adətən başlıqlara və diqqətəlayiq baş məqaləsi olanda ona baxıram. Bizim qəzetlərimizin çoxu təəssüf ki, hadisələri işıqlandırmaqda zəifdirlər, məsələləri əhəmiyyət baxımından dərəcələrə bölməkdə insafsızlıq edirlər.103

Bəziləri - istər mətbuat, istər digər müxtəlif qurumlar tövsiyə qəbul etmirlər. Onlar bizdən tövsiyə istəmirlər. Bəzi qurumların və media orqanlarının siyasətlərini kimin təyin etdiyi, haradan təyin olunduğu bəlli deyil. Onların çörəyi ixtilaf yaratmaqdan çıxır. Lakin ölkənin maraqlarını və həqiqətin hakim olmasını istəyənlərə tövsiyəm budur ki, bu cüzi və köksüz ixtilaflardan əl çəksinlər. Şayiə düzəltmək və yaymaq olmaz. İnsan görür ki, ölkə məmurlarına - ölkənin yükünü çiyninə götürən şəxslərə qarşı açıq-aşkar ittihamlar irəli sürür, şayiə yayırlar; fərqi də yoxdur - istər prezident olsun, istər parlamentin sədri, istər Quruluşun Məsləhətini Müəyyənləşdirən Qurumun başçısı, istər Ali Məhkəmənin sədri. Bunlar ölkənin məsul şəxsləridir. Ölkənin məsul şəxsləri bir sahənin rəhbərliyinin tapşırıldığı şəxslərdir. Xalqın bunlara etimadı olsun, inansın. Şayiə yaymaq lazım deyil. Düşmən bunu istəyir. Düşmən şayiə yaymaq, ürəkləri bir-birinə və məsul şəxslərə qarşı bədbin etmək istəyir.104
Çıxış yolları

1. Qanuna tabe olmaq

Ölkəmizin bütün məsələlərində qanunun meyar və son söz sayılmasına ehtiyacımız var. Əgər biz qanunçu olsaq, bu, həqiqətən xalqın həyatını yaxşılaşdıracaq, yollarda qoyulan yaşıl və qırmızı işıqlar kimi olacaq. Görün bu məsələyə riayət etməmək nə qədər problem yaradır. Siz avtomobilinizlə dörd yol ayrıcına çatırsınız, bir-iki dəqiqə yaşıl çıraq yanırdı və hamı gedirdi, lakin siz çatan kimi qırmızı oldu. Hər halda çətindir, gərək burada bir qədər dayanasınız. Sizin öz rahatlığınıza və istəyinizə görə qadağan olunmuş bu əraziyə girməyiniz sizdən on dəfə çox olan insan və avtomobillərə problem yaranmasına bais olar, yolda dayanıb gediş-gəlişi nizama salan polis də çətinliyə düşər. Qanuna riayət edin ki, bütün bu problemlər yaranmasın. Baxın, bu hər gün üzləşdiyimiz və əksərən də riayət olunan aydın bir misaldır. Qanun hər yerdə belədir. Əgər qanuna riayət olunsa, işlər yaxşı gedər, əgər qanunsuzluq baş alsa, işlər korlanar. Qanunsuzluq üçün də hərənin özünə görə bir dəlili var; biri deyir ki, bu qanun mənim hüququmu pozur, bu qanun belədir, filandır. Lakin bu dəlillər məqbul deyil.

Əgər qanunsuzluq baş alsa, işlər düyünlənər, nəqliyyatın hərəkəti ağırlaşar, tıxac yaranar, camaatın işi korlanar və hüquqları pozular. Hamı qanuna hörmət etməlidir. Mən sizə deyirəm ki, digər işlər kimi bu işin mədəniyyəti də aparıcı şəxslərdən cəmiyyətə koçürülməlidir. Əgər aparıcı şəxslər olan sizlər qanuna riayət etməsəniz, adi camaatın qanuna riayət etməsini gözləməyin. Siyasi, yaxud elmi elita iddiası edib öz sahəmizdə qanuna etinasız yanaşmağımız düzgün deyil. Sözügedən məsələlərdə də mən qanunun icrasına israrlı idim, indi də israrlıyam və israrlı olacağam.105

Qanun tələb edir ki, insan seçilmiş prezidenti qəbul etməsə də, qanuna hörmət etsin və tabe olsun. Təbii ki, heç kim seçilmiş prezidentin mütləq yaxşılıqdan və seçilməyən tərəfin mütləq qəbahətdən ibarət olduğunu deyə bilməz. Hamının yaxşı cəhəti də var, pis cəhəti də; bu tərəfin də, o tərəfin də. Lakin meyar qanundur.106

Bir məsələni də əziz inqilabçı gənclərə, öz əziz övladlarlarıma, Bəsic üzvü olan qadın və kişilərə xatırlatmaq istəyirəm. Əcnəbilərin dini inanclarına təhqir etməsini eşidən, yaxud gözləri ilə görən gənclər qəzəblənirlər. Bir qrupun Aşura gününün hörmətini saxlamadıqlarını, İmam Hüseynə (ə) və hüseynçi əzadarlara hörmətsizlik etdiklərini görəndə ürəkləri ağrıyır, qəzəblə dolur. Sözsüz ki, bu təbiidir və onlar haqlıdırlar. Lakin mən demək istəyirəm ki, əziz gənclər ehtiyatlı olsunlar. Hər hansı düşünülməmiş iş düşmənə kömək ola bilər. Gənclər buraya zəng vururlar; mən bilirəm, oxuyuram. Çox zaman telefon zənglərini və məktubları xülasə edib gətirirlər və mən hər gün baxıram; görürəm ki, gənclər gileylidirlər, narahat olmuş və əsəbiləşmişlər. Bəzən məndən də gileylənirlər ki, nə üçün filankəs səbir edir, nə üçün bunlara dözür. Mən deyirəm: Düşmənin bütün varlığı və imkanları ilə bir fitnə hazırlayıb təhlükəli bir oyuna başladığı şəraitdə ehtiyatlı olmaq, həmin oyunda ona kömək etməmək, çox ehtiyatla, ağılla və öz zamanında qətiyyətlə davranmaq lazımdır. Aidiyyətli qurumlar var, qanun var. Qanun çox dəqiqliklə və qəti şəkildə icra olunmalıdır. Rəsmi vəzifə və məsuliyyəti olmayan şəxslər isə işləri korlayırlar. Allah-Taala bizə belə əmr etmişdir: "Hər hansı bir camaata qarşı kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır". Bəli, bir qrup düşmənlik, bir qrup xəbislik edir, bir qrup da xəbislik edənləri dəstəkləyir. Bunlar var, amma ehtiyatlı olmaq lazımdır. Əgər insan bəzi məsələlərdə diqqətsiz davransa, onlara nifrət edən günahsız insanlar da tapdanacaqlar. Bu baş verməməlidir. Mən əziz gəncləri, öz inqilabçı övladlarımı özbaşına bir iş görməkdən çəkinməyə çağırıram. Hər şey qanuni yolla həll olunmalıdır.107
2. Aparıcı şəxslərin quruluşa etimad göstərməsi

Siyasi elita və aparıcı şəxslər öz sözlərinə və işlərinə diqqət yetirsinlər. Bu, bütün aparıcı şəxslərə müraciətdir, xüsusi bir tərəfə, xüsusi bir cinaha yox. Hamı ehtiyatlı olmalıdır. Hamı bilsin ki, bu xalq bütöv bir xalqdır. Biri bu tərəfin hisslərini o tərəfin əleyhinə təhrik edir, o biri də o tərəfin hisslərini bu tərəfinə əleyhinə. Bunların faydası yoxdur. Siz bir olduqda, yekdil olduqda, ölkənizə və quruluşunuza etimad göstərdikdə beynəlxalq şeytanların, zalım, müdaxiləçi və insaniyyətdən uzaq siyasətçilərin vəsvəsələri sizə təsir etməyəcək.108

Seçkilərdən sonra yaradılan və dəstəklənən bütün bu çaxnaşmalar inqilabın ictimai dayağına zərbə vurmaq və onu inqilabdan almaq üçün idi. Mən dedim ki, xalqın bu quruluşa inanmasına sübut qırx milyon nəfərin seçkilərdə iştirak etməsidir. Əcnəbi radiolar və təəssüf ki, daxildən onların səsinə səs verənlər daim təkrar və təkid edirdilər ki, xalqın quruluşa inamı yoxdur. Bu, həmin sözün cavabıdır. Biz orada dedik ki, xalqın 85 faizinin seçkilərə qatılması, qırx milyon insanın seçki məntəqələrinə gəlib hər hansı bir namizədə səs verməsi xalqın quruluşa inamını göstərir. Həqiqətən də belədir. Bunlar bu sözün yalan olduğunu göstərmək üçün təkrar-təkrar təbliğat apardılar ki, xalqın inamı sarsılıb, nə edək? Bəzi adamlar da xeyirxah görkəmində dedilər ki, inamın qayıtması üçün nə edək? Xalq quruluşa inanır, quruluş da xalqa. İnşallah iki-üç ildən sonrakı seçkilərdə də bu xalq müxaliflərin, düşmənlərin, daxildəki qafil və bixəbərlərin həmin aktyorluğuna rəğmən, seçkilərdə yüksək səviyyədə iştirak edəcək.109
3. Ayıqlıq əldə etmək

Əgər sizə bir tövsiyə etmək istəsəm, o tövsiyə ayıqlığınızı artırmaq barədə olar. Xalqların başına gələn bəlalar çox zaman ayıqlığın olmamasından irəli gəlir. Görürsünüz ki, öz cəmiyyətimizdə də bəzi adi insanlar və daha çox aparıcı şəxslər səhvlər edirlər. Aparıcı şəxslərin daha az səhv etməsi gözlənilir, lakin səhvləri say baxımından olmasa da, nəticə etibarilə adi camaatın səhvlərindən çoxdur. Bəzi insanların bu səhvləri ayıqlığın olmamasına görədir; hamısını demirik, amma çoxları belədir.

Öz ayıqlığınızı artırın, yüksəldin. Mən Əmirəlmömininin (ə) zənnimcə Siffeyn döyüşündə buyurduğu bu sözünü dəfələrlə demişəm: "Bu bayraq yalnız ayıq və dözümlü insanlar tərəfindən götürülər". Bilirsiniz ki, Əmirəlmömininin (ə) işi bəzi cəhətlərinə görə Peyğəmbərin (s) işindən çətin idi. Çünki Peyğəmbərin (s) dövründə düşmən də bəlli idi, dost da. Əmirəlmömininin (ə) bayrağı altında olanların dost və ya düşmən olması isə o qədər də aydın deyildi; düşmən də dostun dediyi sözləri deyirdi. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində Əmirəlmömininin (ə) düşərgəsində qılınan camaat namazından qarşı tərəfdəki düşərgədə də qılırdılar. Əgər siz olsanız, nə edərsiniz? Sizə deyirlər ki, qarşı tərəf haqsızdır. Siz deyirsiniz ki, belə namaz qılan və ibadət edən tərəf?! Onların bəziləri, məsələn, Xəvaricdən olanlar çox ibadət edirdilər. Əmirəlmöminin (ə) gecə qaranlıqda Xəvaricin düşərgəsində gəzərkən birisinin gözəl səslə Quranın bu ayələrini oxuduğunu eşitdi: "Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?!" Gecənin yarısı çox yanıqlı və təsirli səslə Quran oxuyurdu. Həzrət Əlinin (ə) yanında olan bir nəfər dedi ki, ey Əmirəlmöminin, bu ayəni belə gözəl şəkildə oxuyan bu şəxsin xoş halına! Kaş mən onun bədənində bir tük olub, sayəsində cənnətə gedəydim!

Nəhrəvan döyüşü başlandı. Düşmənlər məğlub edilib oldürüldükdən sonra Əmirəlmöminin (ə) düşmən ölülərinin yanından keçir, üzü üstə düşmüş bəzi cəsədləri qaldırmağı əmr edir və onlarla danışırdı. Onlar ölmüşdülər, amma öz səhabələrinin eşitməyi üçün belə edirdi. Birini də qaldırmalarını söylədi; qaldırdılar. O gecə imamın yanında olan şəxsə buyurdu ki, bunu tanıyırsanmı? Cavab verdi ki, xeyr. Dedi ki, bu, bədənində bir tük olmanı arzuladığın şəxsdir. O gecə Quranı elə yanıqlı oxuyurdu, amma burada canlı Quranın, yəni Əmirəlmöminin (ə) qarşısında qılınc çəkir; çünki ayıqlıq yoxdur, vəziyyəti dərk edə bilmir. Mən bu siyasi səhnələri dəfələrlə döyüş cəbhəsinə bənzətmişəm. Əgər siz hərbi döyüşdə coğrafi koordinatları bilməsəniz, böyük səhvlər yarana bilər. Məhz buna görə yerləri təyin etməyə gedirlər. Hərbdə mühüm işlərdən biri məlumatdır; dəqiq məlumat. Yəni gedib görsünlər ki, düşmən haradadır, necədir, mövqeyi necədir, törədə biləcəyi təhlükə nədir və ona qarşı nə etməlidirlər. Əgər kimdəsə bu məlumatlar olmasa, ərazini tanımasa, düşməni itirsə, bir də görərsiniz ki, raket və toplarını düşmənlərinin yox, dostlarının olduğu səmtə çevirib atəş açır; çünki bilmir. Siyasi səhnə də eynilə belədir. Əgər ayıqlığınız olmasa, dostu və düşməni tanımasanız, bir də görərsiniz ki, sizin təbliğat topunuzun atəşi, sizin söz və əməlləriniz dostlarınızın yerləşdiyi səmtə yönəlmişdir. İnsan düşməni tanımalıdır. Düşməni tanımaqda səhv etməməliyik və bunun üçün ayıqlıq lazımdır.110


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə