İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
32 www.jpis.az
UDK 004.056; 316.7
Mahmudova R.Ş.
AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan
rasmahmudova@gmail.com
CƏMİYYƏTDƏ İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏDƏNİYYƏTİNİN
FORMALAŞDIRILMASI MƏSƏLƏLƏRİ HAQQINDA
Müasir dövrdə mövcud olan informasiya təhlükələri və onların insanın mənəvi-psixoloji
sağlamlığına neqativ təsirləri araşdırılmışdır. Cəmiyyətdə informasiya təhlükəsizliyi
mədəniyyətinin formalaşdırılmasına dair təkliflər verilmişdir.
Açar sözlər: informasiya təhlükəsizliyi mədəniyyəti, informasiya təsirləri, informasiya
təhlükələri, şəxsiyyətin informasiya təhlükəsizliyi.
Giriş
İnformasiya-kommunikasiya
texnologiyalarının
(IKT)
sürətli
inkişafı
əməyin
səmərəliliyinin artırılması, eləcə də, insanın intellektual və mədəni inkişafı baxımından yeni
imkanlar açır. Peyk əlaqəsi və mobil şəbəkələrin inkişafı hər bir insanın dünyanın informasiya
resurslarına çıxışına, müxtəlif növ virtual şəbəkə cəmiyyətlərinin tərkibində (elm, təhsil,
iqtisadiyyat və s. sahələrdə) başqa insanlarla əməkdaşlıq etməsinə, yaratdığı informasiya
resurslarını paylaşmağa, müzakirə etməyə şərait yaradır. Digər tərəfdən, yeni texnologiyalardan
və informasiyadan insanların düşüncəsini, davranışını manipulyasiya etmək, onların mənəvi-
psixoloji sağlamlığına zərər vurmaq üçün də istifadə edilir. Bununla əlaqədar, texnosferada baş
verən köklü transformasiyalar insanın təfəkküründə və davranışında da dəyişikliklərin edilməsini
tələb edir. İnformasiya məkanında şəxsiyyətə təsir sahəsindəki situasiyanın ciddiliyini, bu prosesi
izah etmək üçün istifadə edilən terminologiya da sübut edir: informasiya müharibəsi, informasiya
silahı, informasiya təxribatı, informasiya terrorizmi, informasiya killeri. Bütün bu problemlər
cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasının zəruriliyini meydana
çıxarır.
Şəxsiyyətin informasiya təhlükəsizliyi problemləri
Məlum olduğu kimi, informasiya təhlükəsizliyinin əsas obyektləri şəxsiyyət (onun hüquq
və azadlıqları), cəmiyyət (onun maddi və mənəvi dəyərləri) və dövlətdir (onun konstitusiya
quruluşu, suverenliyi, ərazi bütövlüyü, iqtisadiyyatı, hərbi sistemi və s.). Şəxsiyyətin informasiya
təhlükəsizliyi, əsasən, psixikanın, şüurun təhlükəli informasiya təsirlərindən (manipulyasiya,
dezinformasiya) qorunması ilə xarakterizə olunur. Bu, həm fərdin şəxsi keyfiyyətlərindən, həm
də cəmiyyətdə olan mənəvi, sosial və hüquqi şəraitdən asılıdır.
Hazırda insanın fiziki sağlamlığına olan təhlükələrdən qorunmasının hüquqi təminatı daha
yüksəkdir, nəinki mənəviyyatına və psixikasına olan təhlükələrdən. Bıçaqla yüngülvari xətər
yetirən cinayətkar cəzalandırılır, psixikanın şikəst edilməsi üçün isə heç bir cəza tətbiq edilmir.
İnformasiya ilə təsir insanın fiziki sağlamlığı üçün elə bir təhlükə törətməsə də, mənəvi
sağlamlığını böyük zərbə altında qoyur.
Məlumdur ki, hazırkı dövrdə informasiya ilə kontakt olmadan insanın mükəmməl inkişafı
və cəmiyyətin normal fəaliyyəti mümkün olmazdı. İnformasiya əlaqəsinin kəsilməsi müxtəlif
psixi anomaliyalara gətirib çıxara bilər. İnformasiya bolluğu da insanın fiziki və psixi sağlamlığı
üçün təhlükəlidir. Ümumiyyətlə, nəinki ətraf informasiya mühiti ilə daimi ünsiyyət və ya onun
kəsilməsi, qəbul və emal edilən informasiyanın həcmi, məzmunu və strukturu da insana çox
böyük təsir göstərir. Bu baxımdan, informasiya təhlükələrini 2 qrupa ayırmaq olar: həcminə və
məzmununa görə təhlükələr.
İnformasiyanın həcmi ilə bağlı təhlükələr. İKT-nin, xüsusən də, İnternetin meydana
çıxması nəticəsində yaranan informasiya bolluğu insan üçün müxtəlif problemlər yaradır.
İnformasiya mənbələrinin artması insanların davranışına, sağlamlığına və psixologiyasına zərər
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
www.jpis.az 33
vurur. İnformasiya ilə həddən çox yüklənən insanlar stress vəziyyətinə düşürlər. Bu isə insan
təfəkküründə “informasiya yorğunluğu sindromu” adlanan psixoloji xəstəliyin yaranmasına
gətirib çıxarır .
İnformasiya bolluğu insanın “dayanıqlı”lığını zəiflədir, qərar qəbul etməsini çətinləşdirir.
Şəxsiyyət o zaman dayanıqlı hesab edilir ki, o, mənimsədiyi informasiyanı kritik analiz etmək,
qiymətləndirmək, həmçinin bu informasiyanın əsasında obyektiv qərar qəbul etmək iqtidarında
olsun. Lakin böyük həcmli, eyni zamanda, müxtəlif daşıyıcılardan (çap, elektron, audio, video və
s.) informasiyanı qəbul və emal etmək, onun həqiqiliyini, mötəbərliliyini müəyyən etmək asan
deyil. Belə bir şəraitdə adekvat qərar qəbul etmək çətinlik törədir.
Bu məsələlərin ciddiliyi informasiya bolluğunun yaratdığı problemlərin təhlili ilə məşğul
olan yeni elm sahəsinin - “informasiya ekologiyası”nın yaranmasına gətirib çıxarmışdır.
İnformasiya ekologiyasının tədqiq etdiyi problemlərin siyahısına informasiya məkanının həddən
çox yüklənməsi; qərar qəbul etmək üçün yararlı olan informasiya resurslarının çatışmazlığı;
mötəbər informasiyanın axtarışına çox vaxt sərf edilməsi və s. daxildir [1].
İnformasiyalaşdırmanın və informasiya bolluğunun mənfi sosial-psixoloji nəticələrini ilk
dəfə görkəmli informasiya cəmiyyəti nəzəriyyəçisi E.Toffler
“Gələcəyin şoku” (“Future shok”)
əsərində qeyd etmişdir [2]. O, bu nəticələrin aradan qaldırılması üçün yeni yaşayış
strategiyalarının işlənib hazırlanmasını vacib hesab edir.
İnformasiyanın məzmunu ilə bağlı təhlükələr. İnformasiyanın məzmunu da insanın psixi və
ya fiziki sağlamlığına təsir göstərir. Hazırda İnternet vasitəsilə ekstremizmin, sektantlığın təbliği,
mistik və ezoterik bilik və təcrübənin, magiya və şamançılığın yayılması təhlükəli həddə çatıb.
Bu isə sosial və şəxsi dezadaptasiya, bəzi hallarda isə insanın psixikasının pozulması ilə
nəticələnir.
İnternet vasitəsilə ədəbsiz və əxlaq normalarına zidd informasiyanın yayılması, zərərli
vasitələrin (siqaretin, narkotikanın, spirtli içkilərin və s.) təbliğ edilməsi daha təhlükəlidir. Uzun
müddət davam edən belə təsir cəmiyyətdə mənəvi-psixoloji atmosferi formalaşdırır, kriminal
mühitə şərait yaradır, psixi
xəstəliklərin artmasına səbəb olur.
Bu tip informasiyanın mənfi təsirinə ən çox məruz qalan isə uşaq və yeniyetmələrdir. Şüur
səviyyəsi və dünyagörüşü yetərincə formalaşmadığı üçün belə informasiya onların mənəvi-
psixoloji sağlamlığı üçün olduqca zərərlidir.
Kütləvi informasiya vasitələri (KİV) də gənc və yeniyetmələrdə mənəvi dəyərlərin
formalaşmasına çox güclü təsir göstərir. Bu kontekstdə televiziya xüsusi rol oynayır. Televiziya
ekranlarından başqa xalqlara xas mədəniyyəti, həyat tərzini təbliğ edən filmlərin nümayişi
nəticəsində gənclərin Qərbdəki həyat standartlarına yönlənməsi müşahidə olunur. Tədqiqatçılar
hesab edirlər ki, məhz bunun təsiridir ki, son dövrlərdə gənclər asan yolla, daha az səy
göstərməklə uğur qazanmaq, varlanmaq, vəzifə tutmaq istəyirlər. Bu da get-gedə maddiyyata
daha çox önəm verilməsinə, mənəviyyat, vətənpərvərlik, milli dəyərlərə hörmət kimi hisslərin
arxa plana keçməsinə səbəb olur [3].
Cəmiyyətdə informasiyalaşdırma proseslərinin sürətlənməsi ilə informasiya mühitinin
insanların psixikasına, onların cəmiyyətdə və şəxsi həyatdakı davranışına, milli-mənəvi və dini
dəyərlərə münasibətinə təsiri daha çox hiss edilməyə başladı. Ona görə də XXI əsrin
əvvəllərindən başlayaraq informasiya-psixoloji təhlükəsizlik yeni qlobal problem kimi dərk
edilməkdədir. İnformasiya-psixoloji təhlükəsizliyi dedikdə, şəxsiyyətin, müəyyən qrupun və ya
bütöv cəmiyyətin informasiya-psixoloji təsirlərdən qorunma səviyyəsi nəzərdə tutulur [4,5].
İnformasiya-psixoloji təhlükəsizliyə ictimai rəyin manipulyasiyası, reklam və virtual oyunlarla
təsir, neqativ məzmunlu məlumatların təsiri aid edilir.
Tədqiqatçılar qeyd edir ki, şüurun manipulyasiyası insanın yalnız sosial davranışına deyil,
onun sağlamlığına da çox ciddi təsir göstərir. Məsələn, televiziya ekranlarından davamlı olaraq
neqativ məzmunlu informasiyanı (zorakılıq, qəddarlıq, dağıdıcılıq və s.) qəbul etmək insanların
psixikasını deformasiyaya uğradır, onları aqressivləşdirir. Eyni zamanda, müntəzəm neqativ
psixoloji təsir insan orqanizminin müqavimətini zəiflədir və immun sisteminə zərər vurur.
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
34 www.jpis.az
Xüsusi informasiya texnologiyalarının köməyi ilə ictimai rəyin manipulyasiyası hazırda
siyasi mübarizədə yüksək səmərəli vasitə hesab olunduğu üçün müxtəlif ölkələrdə geniş istifadə
edilir ki, bu da yalnız şəxsiyyət üçün deyil, həmçinin cəmiyyət və dövlət üçün təhlükə törədir.
Bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq KİV-in kommersiyalaşması nəticəsində
televiziya ekranlarından insanların üzərinə reklam axını gəlir. Bunu “insanların şüuruna icazəsiz
daxilolma” da adlandırmaq olar. Televiziyada hökmranlıq edən “reklam fasiləsi” prinsipi,
əslində, insan hüquqlarına ziddir və azad seçim hüququnun pozulması deməkdir [6].
İnsanlar elektron poçt və mobil telefon vasitəsilə də çoxlu sayda reklam xarakterli
məlumatlar alırlar. Belə məlumatların neqativ təsiri ondan ibarətdir ki, özlərinin razılığı olmadan
göndərilən bu reklamlar insanları qıcıqlandırır. Digər tərəfdən, bu məlumatlarda göstərilən
ünvana daxil olmaq və ya telefona zəng etmək insanın vaxtını alır. Nəticədə aqressiya və qəzəb
kimi mənfi emosiyalar yaranır ki, bu da insan orqanizminə fiziki zərər vurur. Bəzən də insanlar
reklamın təsiri ilə əslində onlara heç də lazım olmayan hər hansı əmtəə və ya xidmətə pul
xərcləyirlər.
İnformasiyanın insana təsirinin mənfi nəticələrindən biri də kiberxəstəliklərdir. Onlara
insanların televiziyadan və İnternetdən psixoloji asılılığını misal göstərmək olar [7]. Hazırda
gənclərin kompüter oyunlarına aludəçiliyi olduqca narahatlıq doğurur. Bu oyunların çoxu
aqressivliyi, qəddarlığı və zorakılığı təbliğ edir. İnformasiya inkişafı yüksək olan ölkələrdə bu
daha çox yayılıb və cəmiyyətin informasiyalaşdırılmasının mənfi təzahürlərindən biri kimi
qiymətləndirilir.
Çin alimlərinin araşdırmalarına görə, İnternetə həddən artıq aludəçilik beynin ağ cisminin
strukturunda olan anomaliyalarla əlaqədardır. Çin Elmlər Akademiyasının alimlərinin PLoS
ONE adlı on-layn jurnalda nəşr etdikləri məruzədə qeyd edilir ki, bu pozğunluq beynin
emosiyaların yaranmasında və emalında, konfliktlərin aşkar edilməsində və həllində, qərarların
qəbulunda iştirak edən hissələrini birləşdirən ağ cismin liflərinin strukturunun pozulması ilə
xarakterizə edilir [8].
Şəxsiyyətin informasiya təhlükəsizliyinin mühüm məsələlərindən biri də fərdi
məlumatların qorunması ilə bağlıdır. Hazırda müxtəlif informasiya sistemlərində insanlar
(onların məşğuliyyəti, mülkiyyəti, pul vəsaitləri, xəstəlikləri, səfərləri və s.) haqqında müxtəlif
məlumatların toplanması və saxlanılması onları informasiya baxımından “şəffaflaşdırır”. Belə
olan halda həmin məlumatlardan istifadə edərək insanlara zərər vurmaq təhlükəsi yaranır. Ona
görə də bir sıra ölkələrdə “informasiya ombudsmanı”, “informasiya tribunalı” kimi institutlar
fəaliyyət göstərir. İnformasiya ombudsmanları BMT-nin Ümumdünya İnsan Hüquqları
Bəyənnaməsinin həm 19-cu (informasiya azadlığı), həm də 21-ci (fərdi məlumatların mühafizə
vəziyyəti) maddələrinin reallaşdırma vəziyyətinin monitorinqini həyata keçirir [9].
İnformasiya məkanında insanın məruz qaldığı təhlükələrdən biri də informasiya
cinayətkarlığıdır. Bura İnternet vasitəsilə törədilən cinayətləri də aid etmək olar. İnternetin
identifikasiya mexanizmi insanın əməliyyatları anonim olaraq həyata keçirməsinə, özünü başqa
şəxs kimi qələmə verməsinə, bioqrafik məlumatlarını və ya sosial statusunu dəyişməsinə imkan
verir. Bu da cinayətlərin daha asan və təhlükəsiz olaraq reallaşdırılması üçün zəmin yaradır.
Bəzən də insanlar bilməyərəkdən özlərinə qarşı cinayət törədilməsinə şərait yaradırlar.
Məsələn, sosial şəbəkələrdə qeydiyyatdan keçən insanlar özlərinə və ailə üzvlərinə aid olan bir
sıra şəxsi məlumatlarını burada yerləşdirirlər ki, bu da bədniyyətlilər tərəfindən onlara qarşı
cinayətlərin hazırlanması və törədilməsi üçün istifadə edilə bilər.
Son dövrlərdə mobil telefonla çəkilmiş videoların oğurlanması və sonra hər hansı vəsait
müqabilində və ya sahibinə ziyan vurmaq (hörmətdən salmaq, biabır etmək və s.) məqsədilə
İnternetdə yerləşdirilməsi halları geniş yayılmışdır. İnternet vasitəsi ilə başqasının şəxsi
yazışmalarına müdaxilə etmək, onun şəxsi məlumatlarına baxmaq mümkündür. İnternet insanları
təhqir etmək üçün də geniş şərait yaradır. Müxtəlif sosial şəbəkələrdə, forum və çatlarda,
elektron materiallara verilən rəylərdə təhqiramiz ifadələrə tez-tez rast gəlinir [10].
İnformasiya təhlükəsizliyi problemlərinin içərisində informasiya müharibələri xüsusi yer
tutur. İnformasiya müharibəsinin mahiyyəti ictimai fikrə təsir etməklə insanları idarə etmək və
onları öz maraqları əleyhinə fəaliyyət göstərməyə məcbur etməkdən ibarətdir. Hazırda bir çox
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
www.jpis.az 35
ölkələr tərəfindən informasiya müharibəsi siyasi, iqtisadi və digər sahələrdə səmərəli qarşıdurma
üsulu kimi geniş istifadə olunur.
İnformasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması mexanizmləri
Göründüyü kimi, informasiya cəmiyyətinə keçidlə əlaqədar həyata keçirilən
informasiyalaşdırmanın müsbət aspektləri ilə yanaşı, mənfi təzahürləri də az deyil. Bu da
şəxsiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra zəruri tədbirlərin həyata
keçirilməsini tələb edir. Bu tədbirlər siyahısına aşağıdakıları aid etmək olar:
informasiya sferasına dair qanunvericiliyin təkmilləşdirilməsini;
informasiya məkanında təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişaf
etdirilməsini;
informasiya təhlükəsizliyinin humanitar problemləri ilə bağlı elmi araşdırmalara xüsusi
diqqət ayrılmasını;
insanlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasını və təhlükəli
informasiya təsirlərindən qorunma bacarıqlarının inkişaf etdirilməsini.
Qeyd edilən tədbirlərin hər biri vacib olsa da, informasiya mədəniyyətinin
formalaşdırılması məsələsinə xüsusi diqqət yetirilməlidir. Vətəndaşların informasiya sferasındakı
yeni təhlükələrdən məlumatlı olmaması ölkədə informasiya cəmiyyətinin lazımi inkişafını da
çətinləşdirə bilər. Çünki əhali və biznes sektoru üçün çoxsaylı elektron xidmətlərin tətbiq
imkanları birbaşa əhalinin informasiya mədəniyyətinin səviyyəsindən asılıdır [11].
Təsadüfi deyil ki, 2003-cü ildə BMT tərəfindən “Qlobal informasiya təhlükəsizliyi
mədəniyyətinin yaradılması” haqqında qətnamə qəbul edilmişdir [12]. Qətnamədə informasiya
sistemlərini və şəbəkələrini yaradan, idarə edən və onlardan istifadə edən dövlət orqanları,
müəssisə və təşkilatlar, eləcə də, fərdi istifadəçilər üçün tələblər müəyyənləşdirilmişdir. Bu da
onu göstərir ki, informasiya təhlükəsizliyi probleminin həlli texniki və texnoloji üsul və
vasitələrlə yanaşı, həm də insanların mədəniyyətindən asılıdır.
İnformasiya təhlükəsizliyi mədəniyyətinin mahiyyəti ilə bağlı yanaşmalarda texnoloji
aspekt üstünlük təşkil edir. Son dövrlərə qədər informasiya təhlükəsizliyi problemlərinin həlli
zamanı texniki və texnoloji üsul və vasitələrin işlənib hazırlanmasına daha çox diqqət ayrılırdı.
Ona görə də əksər müəlliflər informasiya təhlükəsizliyi mədəniyyətini texnoloji aspektdən izah
edirlər. Amma fərqli yanaşmalar da mövcuddur. Məsələn, şəxsiyyətin informasiya təhlükəsizliyi
mədəniyyəti həm də insanın informasiya sferasındakı hüquq və azadlıqlarını (dövlət informasiya
resurslarına çıxış texnologiyalarını bilməsi, özünün şəxsi sirrini və intellektual mülkiyyətini
qoruya bilməsi) öyrənməsi və onları reallaşdırmağa qadir olması, sağlamlığı üçün təhlükəli olan
neqativ informasiya təsirlərini ayırd edə bilməsi və onlardan qorunma texnologiyalarını bilməsi
kimi izah olunur [13].
Digər bir yanaşmada isə, informasiya təhlükəsizliyi informasiya-texniki və informasiya-
ideoloji təhlükəsizliyin məcmusu kimi nəzərdən keçirilir. Bu yanaşmaları ümumiləşdirərək
demək olar ki, informasiya təhlükəsizliyinə dair texniki bilik və bacarıqlar, insanın mənəvi-
psixoloji sağlamlığı üçün təhlükəli olan informasiya təsirləri və onlardan qorunma üsulları
barədə bilik və bacarıqlar, informasiya resurslarından istifadə zamanı hüquqi və etik normalara
əməl edilməsi insanın informasiya təhlükəsizliyi mədəniyyətinin əsasını təşkil edir. Yəni
informasiya təhlükəsizliyi mədəniyyətinin strukturuna informasiya təhlükəsizliyi sahəsində
texnoloji mədəniyyət, informasiya-psixoloji mədəniyyət, eləcə də, hüquqi-etik mədəniyyətin
komponentləri daxildir.
İnformasiya məkanında təhlükəsiz davranmaq üçün texnoloji mədəniyyət böyük əhəmiyyət
daşıyır. Hazırda informasiyanın toplanması, emalı və ötürülməsi proseslərinin kompüter, İnternet
və digər texniki qurğulardan istifadə edərək həyata keçirilməsi konfidensial informasiyanın
başqalarının əlinə keçməsi təhlükəsini artırır. Ona görə də informasiya sistemləri ilə işləyən
mütəxəssislərlə yanaşı, istifadəçilərin də informasiya təhlükəsizliyi sahəsində texniki bilik və
bacarıqları (virusların törətdiyi fəsadlar və onlardan qorunma üsulları, təhlükəsizlik parollarından
istifadə və s.) lazımi səviyyədə olmalıdır ki, təhlükəsizliklə bağlı problemlər yaranmasın.
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
36 www.jpis.az
İnformasiya məkanında dövr edən müxtəlif məzmunlu informasiya axınlarının insanın
psixikasına neqativ təsiri müasir cəmiyyətdə insanın psixoloji təhlükəsizliyinin təmin edilməsini
zəruri edir. İnsanların şəxsi və peşə tələbatlarını ödəmək üçün həyata keçirdikləri informasiya
prosesləri zamanı məruz qaldıqları təhlükələr onların mənəvi-psixoloji sağlamlığına zərər
vurmaqla bərabər, ölkənin milli təhlükəsizliyini də təhlükə altında qoya bilər. Şüurun
manipulyasiyası, zərərli ideologiyaların, baxışların təbliğ edilməsi, informasiya müharibələri və
bu kimi informasiya təhlükələri, əslində, millətin varlığının əsas dayaqlarından olan milli-mənəvi
dəyərlər sisteminin dağıdılması üçün nəzərdə tutulmuş gizli virus rolunu oynayır. Vətəndaşlar bu
tip təhlükələr, onların mənbələri, növləri, törədə biləcəyi fəsadlar barədə məlumatlı olmalı, bu
təhlükələrdən qorunma üsulları haqqında bilik və bacarıqlara yiyələnməlidirlər ki, öz
təhlükəsizliklərini təmin edə bilsinlər.
İnformasiya məkanına məxsus etik və hüquqi normalar (intellektual mülkiyyət, müəllif
hüquqları, piratçılıq, elektron ünsiyyət vasitələridən istifadə qaydaları və s.) barədə bilik və
bacarıqlar da informasiya təhlükəsizliyi mədəniyyətinin tərkib hissəsi hesab edilə bilər. Çünki
bilməyərəkdən və ya qəsdən bu normalara əməl edilməməsi başqalarının hüquqlarının pozulması
və ya onların sağlamlığına zərər dəyməsi ilə nəticələnə bilər.
İnsanların informasiya fəaliyyəti genişləndikcə uyğun olaraq informasiya təhlükələrinin
sayı da artacaq. Bu təhlükələrin qarşısının alınması üçün əhalinin məlumatlılıq səviyyəsinin
artırılmasına, onların maarifləndirilməsinə yönəlmiş tədbirlər görmək lazımdır. Cəmiyyətin
informasiya təhlükəsizliyi mədəniyyətinin səviyyəsinin kütləvi şəkildə yüksəldilməsi tədris
vasitəsilə mümkün ola bilər.
Dünyanın qabaqcıl ölkələrinin ali məktəblərində bu məqsədlə “İnformasiya cəmiyyəti”
fənni tədris olunur. Bu fənn çərçivəsində cəmiyyətin informasiyalaşdırılması proseslərinin sosial
aspektləri, həmçinin yeni informasiya mühitində bu proseslərin insanların həyat və fəaliyyətinə
təsiri öyrənilir. Ölkəmizin ali təhsil sistemində də bu problemlərin öyrənilməsi olduqca aktualdır.
İnformasiya cəmiyyətinin müxtəlif problemlərinin tədris edilməsi sahəsində AMEA İnformasiya
Texnologiyaları İnstitutunun təcrübəsindən istifadə etmək olar. İnstitutda neçə illərdir ki, Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinə “İnformasiya cəmiyyətinin əsasları”
fənninin tədrisi həyata keçirilir. Bu fənn çərçivəsində informasiya mədəniyyəti, informasiya
təhlükəsizliyi, informasiya müharibələri, İnternet asılılığı kimi mövzular tədris edilir.
“İnformasiya cəmiyyətinin əsasları” kursunun ölkəmizin bütün ali məktəblərində tədris edilməsi
üçün zəngin təcrübə əldə edilmişdir.
Nəticə
Sivilizasiyanın müasir inkişaf mərhələsi olan informasiya cəmiyyətinə keçid, bütün
fəaliyyət sahələrinin informasiyalaşdırılması prosesləri çox sürətlə gedir. Lakin insanların bu
cəmiyyətdəki həyat şəraitinə hazırlanması həmin proseslərdən xeyli geridə qalır. Daha çox
informasiya
fəaliyyəti ilə məşğul olan, elektron xidmətlərdən istifadə edən vətəndaşlar yeni tip
təhlükələrlə üz-üzə qalırlar və onlar bu təhlükələrlə mübarizə üsullarını bilmirlər.
Yalnız yüksək informasiya mədəniyyətinə malik olan insan informasiya təhlükələrinin
neqativ təsirlərindən sığortalana bilər. İnformasiya təhlükəsizliyi mədəniyyətinə insanın infor-
masiya cəmiyyəti şəraitindəki yaşayışa adaptasiya mexanizmi kimi baxılmalıdır və kiçik
yaşlardan başlayaraq hər kəsə bu mədəniyyət aşılanmalıdır.
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
www.jpis.az 37
Ədəbiyyat
1.
Шапцев В.А. Информационная экология человека. Постановка проблемы //
Математические структуры и моделирование, 1999, вып.3. c.125-133.
2.
Toffler A. Future Shock, New York, Random House, 1975, 562 p.
3.
Воропаева А.В., Старовойтова Е.Н. Современные средства массовой информации как
система
формирования
и
трансляции
социальных
норм
и
ценностей,
http://www.gosbook.ru/node/57586
4.
Грачев Г.В. Информационно-психологическая безопасность личности: состояние и
возможности психологической защиты, М., Изд-во РАГС, 1998, 125 с.
5.
Колин К.К. Информационная безопасность как гуманитарная проблема // Открытое
образование, М., 2006, № 1, с. 86-93.
6.
Ковалева Н. Н. Информационное право России. Учебное пособие, М., Издательско-
торговая корпорация «Дашков и Ко», 2007, 148 с.
7.
Əliquliyev R.M., Mahmudov R.Ş. İnformasiya asılılığı problemləri və onlarla mübarizə
yolları, Ekspress-informasiya. İnformasiya cəmiyyəti seriyası, Bakı, “İnformasiya
texnologiyaları” nəşriyyatı, 2009, 62 səh.
8.
http://www.computerworld.ru
9.
Əliquliyev R.M., İmamverdiyev Y.N., Yusifov F.F. Cəmiyyətin informasiya təhlükəsizliyinə
dair bəzi konseptual baxışlar // İnformasiya cəmiyyəti problemləri, №2 (4), 2011, c. 3-9.
10.
Дремлюга. Р.И. Интернет-преступность. Mонография, Изд-во Дальневост. ун-та, 2008,
240 с.
11.
Р.М.Алгулиев,
Р.Ш.Махмудова.
Структурный
подход
к
формированию
информационной культуры личности // Открытое образование, №4, 2011, стр. 64-74.
12.
Создание глобальной культуры безопасности, 2002, http://www.un.org
13.
Астахова Л.В. Сущность понятия «Культура информационно-психологической
безопасности» и ее формирование у студентов ВУЗА / Экономика. Информатика.
Безопасность, сборник научных трудов Международной научно-практической
конференции, Челябинск: Изд-во ЮУрГУ. 2006, c. 93-99.
İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013, 32-38
38 www.jpis.az
УДК 004.056; 316.7
Махмудова Расмия Ш.
Институт Информационных Технологий НАНА, Баку, Азербайджан
rasmahmudova@gmail.com
О проблемах формирования культуры информационной безопасности в обществе
Исследованы виды существующей информационной опасности и их негативное влияние
на морально-психологическое здоровье человека. Предложены рекомендации для
формирования культуры информационной безопасности в обществе.
Ключевые слова: культура информационной безопасности, информационные влияния,
информационные опасности, информационная безопасность личности.
Rasmiya Sh. Mahmudova
Institute of Information Technology of ANAS, Baku, Azerbaijan
rasmahmudova@gmail.com
About the formation security culture in society
The available information security threats at the time and their negative impacts on a person’s
moral and psychological health are analyzed. Proposals and recommendations for the formation
of information security culture in society are given.
Keywords: culture of information security, informational influence, information risk, information
security of the person.
Dostları ilə paylaş: |