Bütün ölkələrdə, o sıradan bizdə də hakimiyyətə yaxınlaşmaq, hakimiyyətdəkilərdən nəsə
əldə etmək istəyi var. Amma Azərbaycan xalqının içərisindəki böyük bir təbəqə üçün
hakimiyyətdə kimin olmasının fərqi yoxdur. O təbəqə yalnız bunu istəyir ki, Azərbaycan
xoşbəxt olsun, özü də xoşbəxt yaşasın.
Bəy, Kələkidəykən Bakıdakı silahdaşlarınız və dostlarınız içərisində kim(lər)in həsrətini daha
çox çəkirdiniz?
Ad saymaq mümkün deyil. Axı adam daim bir nəfərin həsrətini çəkmir. Elə olur ki, bir həftə
biri yadına düşür, ya da nəyləsə xatırlanır, yaxud fikirləşirsən ki, ad günüdür, nə oldu? Hətta
bəzən elə olur ki, küçəylə gedəndə o adamın ya bir cümləsi yadına düşür, ya da səsi
beynindən keçir, bu zaman başlayırsan onun haqqında düşünməyə. Düşünə-düşünə
hövsələdən çıxırsan ki, kaş burada olaydı, onu görəydim. O, bir uşaq da ola bilər, tələbə də,
mübarizə yoldaşım da. Məsələn, yadıma tez-tez Yaşar Türkazər düşürdü. Nəyə görə? Çünki
heç bir təmənnası yoxdu. Hər hansı hərəkat olan kimi bayrağı götürüb irəli gedəcək və
bununçün heç kəsdən heç nə ummayacaq. Yaşar Türkazər bu bayrağa məndən də çox
vurğundur. Mən bayrağı şüurla, ağılla sevirəm. O da şüurlu, ağıllı oğlandır, ancaq onun içində
bayrağa vurğunluq vəcdi var və o, bayrağı vəcdlə götürür. Fikirləşirsən ki, kaş belə vəcdlə
yaşayan insanlarımız çox olsun.
Alman alimi Avqust Müller söyləyir ki, Əbubəkr Məhəmmədə (s.ə.s.) o qədər vurğundu ki,
peyğəmbərin dediyi Tanrıya bəlkə ondan da çox inanırdı. Bilirsən, bir var təlqin edən, bir də
var inanan. O inanan çox qəribə varlıqdır. Təlqin edəndə müəyyən şübhələr ola bilər, o öz-
özünün səhvini düzəldər. Amma vurğun adam başqa cür fikirləşir. Məsələn, Məhəmməd
peyğəmbər (s.ə.s.) deyir ki, hamı səhv edə bilər, ancaq Əbubəkr düşünür ki, peyğəmbər səhv
edə bilməz, buna görə də onun bütün dediklərinə tam inanırdı.
Deməli, vurğun adam vurulduğu adamı, yaxud ideyanı vəcdlə sevir. Bu gün Azərbaycanda
ideyanı vəcdlə sevən adamlar xüsusən gənclərimizin içərisində çoxdur.
Rəhmətlik Hacı Əbdül (ona "Məşədi Əbdül" deyərdik), Mustafa bəy, Gültəkin ana, Elman
Türkoğlu tez-tez yadıma düşürdü. Əqidəyə, məsləkə vurğun insanları, yaxın dostları
xatırlayırdım. Partiya rəhbərlərindən, məsələn, İsa bəylə görüşməyi arzulayırdım, ancaq nə
onu buraxırdılar, nə də məni. Arada Pənah Hüseynov, yaxud Arif Hacıyev könlümə düşürdü.
Bəzən Nəcəfdən ötrü darıxırdım, bir-iki ay keçirdi, bir də gördün Nəcəf özü gəlirdi,
dincəlirdim. Görürdüm ki, o da mənimçün qəribsəyib.
Kələkidə olarkən Sizin üstünüzdə kənd əhalisinə mənəvi-psixoloji təzyiqlər göstərilirdi.
Bildiyimə görə, Sizi bir insan kimi ən çox sarsıdan da bu amildi və ən incə, ən ağrılı yerinizi
tapmış iqtidar psixoloji müvazinətinizi məhv etməkçün məhz bu ən göynərtili, ən həssas
nöqtəni ağrıtmağa daha çox səy göstərib, bu sahədə məqsədyönlü tədbirlər silsiləsi həyata
keçirib. Bütün bunlara kənd əhlinin reaksiyası necəydi?
Ədalət bəy, bunu çox gözəl tutmusunuz. Dediyiniz mənim ən həssas yerimdi. Məni həmişə
oradan vururdular ki, mənəvi-psixoloji cəhətdən tam əzilim. Ona görə silahdaşlarımı,
arxadaşlarımı, cəbhədaşlarımı həbs edirdilər, aparıb əziyyət verirdilər. Əziyyət verərək
söyürdülər ki, sənin rəhbərin Elçibəydir, ondan imtina elə. Özünü döyürdülər - dinmirdi,
özünü söyürdülər - susurdu, məni söyəndəsə cavab verirdi, lap çox döyürdülər. Yəni insanları
sındırmaq istəyirdilər ki, siz onun üstündə əzab-əziyyət çəkirsiniz. Bununla həm də məni
sındırmağa çalışırdılar ki, bu adamlar sənə görə zülm içindədir.
Açığı, çıxılmaz vəziyyətdəydim. Bu adamlar əziyyət çəkməsin deyə qarşımda bircə yol qalırdı -
çıxıb xaricə getmək. Uzun müddət düşüncələr içində çapaladım ki, bəlkə çıxıb gedim xaricə,
bu adamların da canı qurtarsın. Ancaq onu da fikirləşirdim ki, mənim xaricə getməyimlə bu
insanların özləri də sınar - "bizi atıb getdi" deyə düşünərlər.
Bütün Naxçıvanda cəbhəçilərə əsasən mənim orada olduğuma görə daha çox işgəncə
verirdilər. Düşünürdülər ki, onlar əhəmiyyətli qüvvədir, nə vaxtsa Əbülfəz bunları ətrafına
toplayaraq istifadə edə bilər, Naxçıvanda hay-küy qaldırar. Ona görə iqtidarın məqsədi onları
tam əzməkdi ki, mən həmin qüvvədən məhrum olum. Ancaq mənim onlar fikirləşən istəyim
yoxdu, çünki həll etməyə çalışdığım problem təkcə Naxçıvanda deyil, bütün Azərbaycandaydı.
İstəsəydim Cəbhəni bütünlüklə qaldırardım mübarizəyə, ancaq mən Azərbaycanda sabitliyin
tərəfdarıydım. Bilirdim ki, diktatura olacaq, avtoritarizm olacaq, amma Azərbaycan dövlətinin
ömrü uzun olacaq. İstəyirdim ki, dövlətimiz 2-3 illik olmasın, uzun müddət yaşasın, əzablı da
olsa dövlətçiliyə öyrəşək. İnsanlarımız doğrudan da öyrəndilər. Bu gün mən, məsələn,
sərhəddə duran polkovnikin rəyini bilirəm ki, o buraya rus ordusunun gəlməsini istəmir. Deyir
ki, biz azadlıq aldıq, sərhədlər özümünküdür. Halbuki biz hakimiyyətdə olanda o, özünü öz
sərhədinin hakimi saymırdı, düşünürdü ki, şəxsən bizə xidmət edir.
Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursansa Vətən batmayacaqdır!
"Sahib olursansa". Sahib olandan sonra - qurtardı; mahiyyət buradadır, yəni milləti öz
vətəninə sahib etməkdir. Bunusa təşkil edə bilən yeganə qüvvə dövlətdir. Dövlət yaşadıqca
insanlar öz vətəninə, torpağına sahiblik hissini gücləndirir. Artıq hiss olunur ki, biz istədiyimizə
yetişdik. Mən bilirəm ki, Rusiya olmayıb kim olur-olsun, daha Azərbaycanın azadlığı
geridönməz amilə çevrilib. Bundan sonra pis-yaxşı, əziyyətli-əziyyətsiz, hər nə cür olsa bu
dövlət yaşayacaq. Xalq zaman-zaman özünə gələndən, diktatura və avtoritarizmi sındırandan
sonra demokratik cəmiyyət quracaq, millət xoşbəxt yaşayacaq. Məqsəd budur. Məhz bu
idealın naminə mən dözdüm, Vətəni tərk edib xaricə getmədim, halbuki mənə dəfələrlə təklif
etmişdilər ki, gedirsənsə hər cür kömək edək.
Daxildən oldu bu təkliflər, yoxsa xaricdən?
Xaricdən də oldu - Türkiyədən. Orada mənim tanışlarım, dostlarım, mənimlə həmrəy olan
qüvvələr vardı ki, biz dövlətə təzyiq edərik, müxtəlif üsullarla səni də, ailəni də apara bilərik.
Getsəydiniz Bakıda da sevinərdilərmi?
Nəinki sevinərdilər, lap qurban da kəsərdilər. Təki mən ölkədən çıxım, məndən canları
birdəfəlik qurtarsın. Mənim bura qayıtmağım onlara əlverişli deyil. İndi, düzdür, üzə
vurmurlar, ancaq buna deyirlər "pərtə lənət".
Mənə xaricə getmək təklif olunanda bildirdim ki, kənddən heç yerə çıxan deyiləm. Dedim ki,
yaşadığım evlə qəbiristanlığın arası cəmi 200-300 metrdir; ən pis halda buradan ora
gedəcəyəm - son yol budur, bir də Bakıya həbsxanaya gedərəm. Yalnız bu ikisinə razıyam:
ölümə və Bakıya həbsxanaya. Bunu çoxları bilir...
Camaatın müəyyən hissəsi sındı, müəyyən hissəsi dilxor oldu. Kələkidə yox, Kələkidə bir-iki
nəfər beləsi olardı. Ətraf kəndlərdə, xüsusən Dırnısda, Vənənddə, Ordubadın özündə, Üstüpü,
Unus kəndlərində də çox böyük müqavimət göstərirdilər. Deyirdilər ki, bura tank gəlsə
özümüzü onun altına atacağıq. Hətta qadınlar, uşaqlar xəbərdarlıq edirdilər ki, Əbülfəzə bir
şey olsa özümüzü yandıracağıq.
Nəysə, çox ciddi müqavimət göstərdilər, çox da əzab çəkdilər. Mən o insanlara həyatımı
borcluyam - sağ qalmağıma görə. O zaman ya gərək çıxıb gedəydim xaricə, taleyimi harasa
bağlayaydım (mən də xalqımın taleyindən aralı düşmək istəmirdim), ya da şərə qarşı
durmalıydım. Bu işdə doğma camaatım mənə arxa durdu, dayaq oldu. İnsafən, başqa ölkələr,
xüsusən ABŞ və Türkiyə tez-tez işə qarışdılar, bu iqtidarı silkələdilər ki, Elçibəy demokratik
adamdır, o, demokratiyanı müdafiə edən şəxsiyyətdir, onu məhv etməyin.
Əhalinin içərisində tez-tez onlardan üzr istəyirdim ki, məni bağışlayın, sizə əziyyət verirəm.
Onların böyük hissəsi qürurla deyirdi ki, bu əziyyətə dözmək bizimçün fəxrdir. Bilirsiniz,
insanlar çox qəribədir - hətta mənə zarafatla deyirdilər ki, əşi, sən Kələkini, Dırnısı, Unusu,
Üstüpünü tarixə salmısan, səndən niyə inciyək? Heç olmasa sənə görə kəndlərimizin adı
tarixdə qalacaq. Bu bəlkə də özlərinə, yaxud mənə təskinlik verməkçün bir üsuldu, incə bir
kəndli siyasətiydi ki, çox darıxmayım.
Bir çoxları da deyirdi ki, elə-belə yaşayıb ölməkdənsə müqavimət göstərib insan kimi ölmək
bizimçün daha şərəflidir. Hətta balaca uşaqlar da məni çox sevirdilər. Elə ki küçəyə çıxırdım,
qışqırışırdılar: "Elçibəy baba, xoş gördük!". Cumurdular yanıma, mənimlə oynayırdılar. Bəzən
bundan da təskinlik tapırdım ki, deməli, məfkurə ölmür, fikir ölmür, insanlar azadlıq istəyirlər
- sən olsan da, olmasan da.
Əbülfəz bəy, Siz bu mübarizəyə nə bu gün başlamısınız, nə də dünən. Artıq neçə illərdir
Sizinlə əlaqədə olan dostlarınız, yoldaşlarınız istər vaxtilə kirədə qaldığınız evlərdə, istər
prezidentliyinizdən qabaq da, sonra da, bu gün də qardaşınızın evində olanda həmişə hədsiz
sayda gəliblər. Burada xüsusən xanımlar onları həmişə gülər üzlə qarşılayıb. Mən bunu tək öz
adımdan yox, bu evdə dəfələrlə olmuş bir çox dostlarımın adından deyirəm. Məsələn, Firuzə
xanım Bakıda da, Kələkidə də, Xumar xanım, onun qızı Kəmalə xanım (mən bunları tanıyıram,
yəqin başqaları daha çoxlarını tanıyır) xüsusən Kələkidə Sizin qonaqlarınızın əziyyətini
çəkiblər. Şəxsən mən onlara hədsiz minnətdaram. Bu adamlardan başqa, Kələkidə daha
kimlər belə fədakarlıqda bulunublar?
Kələkidə olanların hamısı mənim qohumlarımdır, axı kənd balaca olanda hamı bir-birinə
qohum düşür. Firuzə mənim həm anamın dayısı oğlunun qızıdır, həm də qardaşım Muradın
həyat yoldaşıdır. Bəzən bir-birimizə xalaoğlu-xalaqızı deyirik, bəzən də dayıoğlu-dayıqızı. O,
gəncliyimdən mənim əziyyətimi çəkən qadınlardan, xanımlardandır. Belə deyirdim ki, o, kişi
qeyrətiylə adamı müdafiə edən, kişi qeyrətiylə sözündən dönməyən mətin bir qadındır. Sonra
adını çəkdiyiniz Xumar mənim dayıqızımdır, Kəmalə də onun qızıdır. Onlar da mənim
əziyyətimi uzun müddət çəkib. Ancaq onların heç biri bunu əziyyət kimi götürmür; bəzən mən
əziyyətə görə üzrxahlıq edəndə deyirlər ki, Azərbaycanın çox alicənab xanımlarını, bəylərini
qəbul etmək bizimçün şərəfdir.
Kənddə belə bir söz var, deyirlər ki, filan qonaq niyə gəlib filan evə düşdü, məgər mən ondan
uzaq qohumam, niyə mənim evimə gəlmədi? Bundan küsürlər. Belə incik bir adama deyəndə
ki bir çay qoy, gəlim içim, cavab verir ki, qonaqlarına kim çay qoymuşdusa indi də gedib çayı
o qoysun. Həqiqətən də, qonaq qəbul etməyi kəndlərimizdə hamı özünə şərəf sayır. Mən
qonşu kəndlərdə bir evə qonaq gedəndə obiri kənddəki qohumlarım "hücum" edirdilər ki, bəs
biz ölmüşük, bizə niyə gəlmirsən? Biz onlardan əskik adamıq?
Dəfələrlə bəylər bura gəlib-gediblər. Obiri kəndlərdəki qohumlarımın hamısı inciyib ki,
qonaqların vardı, xəbər yollayaydın, heç olmazsa gəlib bir görəydik, bir quruca salam
verəydik, bir evə qonaq aparaydıq. Yoxsa bizi adam saymırsınız, qohum yerinə, kəndçi yerinə
qoymursunuz? Elə 2-3 nəfər özünüz qəbul edib özünüz də yola salırsınız.
Kənd əhalisinin hamısı belədir. Mən Azərbaycanın çox kəndlərində olmuşam. Sevinirəm ki,
xalq hələ bu qonaqpərvərlik hissini, duyğusunu itirməyib. Bu, xalqımızın olduqca dəyərli
mənəvi nemətidir.
"Tarix özü o təhqir və böhtanların cəzasını, cəmiyyət özü onların əsl qiymətini verəcək"
Xüsusi sifarişlə öncə Ali Sovetin iyundansonrakı sessiyalarında, sonra Nizami Süleymanovun,
Karaulovun çıxışlarında, Az.TV-nin daha çox Nizami Xuduyev dönəmindəki teleittihamlarda
Sizə qarşı insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən amansız və heç bir əxlaq ölçülərinə
sığmayan təbliğat kampaniyası aparılırdı (bu təbliğat son vaxtlar əvvəlki quduzluğunda
olmasa da indi də kəsilməyib). Sözsüz ki, bunların hamısından xəbəriniz vardı. Suallarım:
birincisi, bu iftira və təhqirlərə necə dözürdünüz; ikincisi, niyə iftiraçıları məhkəməyə
vermirdiniz?
Bu mübarizə yolu çox ağır, həm də şərəfli yoldur. İkisi də var. Ona görə ağırdır ki,
döyüləcəksən, söyüləcəksən, təhqir olunacaqsan, öləcəksən, asılacaqsan. Ona görə şərəflidir
ki, nə qədər incidilsən də haqq yolunda olduğuna görə seviləcəksən. Əgər şərəfə
yiyələnirsənsə zəhmət çəkib o təhqirləri də qəbul etməlisən - onlar da sənindir! Şərəfi,
hörməti qazanmısan, on minlərcə adam səni salamlayır, milyonlarca adam səni sevir, adını
məhəbbətlə çəkir. Bəs döyüləndə, söyüləndə niyə şikayətlənməlisən? Yəni bu yolun
xüsusiyyəti belədir, ona görə qabaqcadan bilirdim ki, döyüləcəyəm də, söyüləcəyəm də, hətta
bəlkə öldürüləcəyəm də. Məhz bu üzdən həmin təhqirləri heç saymıram da - ha çığırıb-
bağırsınlar. Çox vaxt onlara gülməyim tutur. Ya televizora baxanda, ya qəzetdə bir iftiranı,
böhtanı, təhqiri görəndə həmişə zarafatla deyirəm ki, bunlar xəstədir. Bu cür adamlar,
doğrudan da, xəstədirlər. Onlara nə fikir verəsən? Tarix özü o təhqir və böhtanların cəzasını,
cəmiyyət özü onların əsl qiymətini verəcək.
Bir də ki, bu dözüm təkcə məndə görünməyib ki. Bu dözüm, səbir bizə babalarımızdan
yadigar qalıb. Nəsimi, Füzuli, Vidadi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Sabir, Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hadi... hansı əzabları çəkmədilər, hansı məhrumiyyət
və təhqirlərə tuş olmadılar?! Hadi kimi nəhəng özünü bu millətçün yandırıb kül etdi, ancaq
indi qəbri də bilinmir. Məgər mən Əhməd Cavaddan, Hüseyn Caviddən artıq oğulam?! İndi
yox ha, lap tutulmamışdan qabaq deyirdim bu sözü. Düşünürdüm ki, Hüseyn Cavid Stalin
kimi bir dünya diktatorunun qarşısında baş əymədi, hətta həyatını qurtarmaq naminə də
varsa öz əsərlərində onun adını bir dəfə də çəkmədi, hamı neftdən, pambıqdan, kolxozdan
yazan vaxt o, əqidəsini dəyişməyərək "Əmir Teymur"u, "Peyğəmbər"i, "Səyavuş"u... qələmə
aldı, qorxmadan gözlədiyi Sibir buzlaqlarındakı ölümüsə şirin bir Allah neməti kimi qəbul
elədi! Cavidi gedərgəlməzə yollayaraq ondan sonra da 40-50 il yaşayıb fəxri adlar alanlar,
döşlərini orden-medallarla dolduran əqidəsizlər, hər əmrə, göstərişə müti fırfıralarsa cismani
yoxluqlarıyla eyni zamanda mənəvi ölümə də düçar oldular - unuduldular. Cavidsə əqidədən
dönməmək naminə cismani mövcudluğunu qurban verərək əvəzində peyğəmbərlərə nəsib
olan şərəfli əbədiyyət qazandı!
Mən də Hadinin, Cavidin, Cavadın yolunu seçmişdim deyə həmişə ağrı-əzaba düşəndə onları
oxuyurdum, özümə təskinlik tapırdım. Düşünürdüm ki, onların ailələrini də dağıdıblar, ancaq
mənim ailəm, qohum-qardaşım, el-obam allahsızcasına incidilsə də gözümün qabağındadır. O
insanları uzaq-uzaq diyarlarda elə məhv etdilər ki, qəbirləri də qalmadı, ancaq məni
öldürsələr yenə öz vətənimdə qalacağam.
Səttar xan, Xiyabani, Məmmədəmin Rəsulzadə, Pişəvəri... nə faciələr, bəlalar görmədilər!
Ancaq onlar son nəfəslərinədək Azərbaycanın xoşbəxtliyi yolunda mübarizədən geri
çəkilmədilər. Elə çıxmasın ki, mən özümü böyüklərə oxşadıram - mən, sadəcə, onlardan
öyrənirəm.
Bu mübarizə yolu gediləcək - o, ərənlər yoludur, ərənlər gedəcək. Mən də getməsəm
minlərcə gedən tapılacaq.
Bəli, bu yolu gedə bilmirsənsə, getmək istəmirsənsə getmə, çəkil dur qıraqda, get alimliyini
elə, bir tikə çörəyini qazan, ancaq gedəcəksənsə unutma ki, yolun hökmən bu əzabların
içindən keçəcək! Bax, buna görə də həmin təhqirləri təbii qarşılayır, onları söyləyənlərdən
əsasən incimirəm. Sualınızın ikinci tərəfi necəydi?
Niyə Sizi təhqir edənləri məhkəməyə vermirsiniz?
Birincisi, mən o qədər aşağı enmərəm - bu adamlar kimdir ki, onları məhkəməyə verim? Bu,
onlarçün böyük şərəf olardı. Bir çoxu məhz bu məqsədlə də təhqirə əl atır. Mən bunu bir dəfə
əyani şəkildə gördüm. Zərdüşt Əlizadə məni bir-iki dəfə söydü. Ondan səbəbini soruşanda
deyib ki, istəyirəm məni məhkəməyə versin. İstəyir ki, mənimlə məhkəmədə tay olsun. O,
kimdir ki, onu məhkəməyə verim?
Bəllidir ki, Klinton prezident seçkisi ərəfəsində onu təhqir edənləri 131 dəfə məhkəməyə verib
hamısını da uda bilərmiş. Vəkili bunu ona məsləhət görəndə deyib ki, işiniz olmasın, buraxın
getsin. Yəni lider olmaq, qabağa düşmək istəyirsənsə arxadan vurulan daşlara dözməlisən. O
insanları məhkəməyə verməyi, doğrudan, özümə sığışdırmadım.
İkincisi, məhkəməyə verirsənsə gərək məhkəmənin ədalətinə inanasan. Ədalətsiz
məhkəməyə verməyin nə faydası? Doğrudur, belə hallarda çox adamların qəzetlərdən və s.
yerlərdən məhkəməyə müraciət etdiyini görürdüm. Kimdir bu şikayətlərə düzgün baxan?
Məhkəmə hakimiyyətdəkilərin sərəncamındadır, onlara da qulluq edir - rəqiblərini
məhkəməyə verib əzdirirlər, onlarısa məhkəməyə vermək mümkün deyil.
İsa Qəmbəri prezidentin qardaşı Cəlal Əliyev təhqir etdi, ancaq məhkəmə İsa bəyin heç
ərizəsini də götürmədi.
Bəli, bəli. Kimdir ona baxan? Düzdür, mən məhkəməyə müraciət edənləri də müdafiə edirəm
ki, heç olmazsa gələcəyə sənəd qoyurlar. Ancaq mən fikirləşdim ki, heç o sənədi də
vermirəm, eybi yoxdur.
Bilirsiniz, bəzən qınayırlar ki, söhbət şəxsən vətəndaş Əbülfəz Elçibəyin yox, böyük bir
təşkilatın liderinin, on minlərcə insanın rəhbərinin təhqir edilməsindən gedir.
Mən amerikalıların fikrini üstün götürürəm. Orada sadə vətəndaşlar bir-birini məhkəməyə
verirlər. Prezidentsə, ümumiyyətlə, vətəndaşı məhkəməyə vermir. Liderlər də bunu etmirlər.
Bilirinizmi, Ədalət bəy, əlbəttə, məhkəmələr lazımdır. Cəmiyyəti idarə etməkçün möhkəm
qayda-qanunlar olmalıdır və onlara əməl etmək lazımdır. Mən bunu əsas tuturam və
silahdaşlarımdan da, cəmiyyətdən də tələb edirəm ki, sizi təhqir edənləri verin məhkəməyə,
haqqınızı alın, çünki belə olmasa cəmiyyət batar. Amma eyni zamanda, mən özüm bir şəxs,
fərd olaraq insanları vicdanının, xalqın və Tanrının mühakiməsinə buraxıram.
Və tarixin.
Bəli, tarixin də! Hər kəs cəzasını alacaq. Heç kim cəzasız qamayacaq.
Siz bilən, tarixin məhkəməsində cəzasını alanlar çox olubmu?
Bir çoxları cəzalarını aldılar, alırlar və alacaqlar da. Bunu mən yox, camaat, xalq deyir. Deyir
ki, filankəs səni söydü - indi cəzasını çəkir, obiri belə etdi - indi haradadır.
Yanvar qırğınında dedim ki, siz hələ baxın görün kimlərin başı gedəcək, bu alçaqlar nə cür
olacaqlar? Dedim ki, Tanrı var, zamanı gözləyin. 20 Yanvar qırğınını törədən kimlərdi?
Polyaniçko. Necə oldu? Vurdular, maşınında darmadağın oldu. Yanvar qırğınını kim törətdi?
Barannikov. Ürəyi partladı, öldü. Qorbaçov, Yazov, Kryuçkov nə oldular? Bəli, nahaq qan
yerdə qala bilməz - Tanrının hökmü var, ədalət divanı var!
Dostları ilə paylaş: |