Turxan bəy ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında



Yüklə 283,29 Kb.
səhifə1/3
tarix30.12.2017
ölçüsü283,29 Kb.
#18790
  1   2   3

Maral 

ƏŞXAS 


Turxan bəy — ortaboylu, şişmanca bir mülkədar, milli qiyafətdə, 48 yaşında. 
Maral — Turxan bəyin hərəmi; həssas, narın vücudlu, əsmər bənizli bir qızcığaz, 16 yaşında. 
Cəmil bəy — Turxan bəyin oğlu. Zəif əndamlı bir gənc, 27 yaşında. 
Bəypolad — uca boylu, qartal baxışlı bir texnik (mühəndis müavini), milli (dağıstanlı) qiyafətində, 45 yaşında. 
Səltənət — Bəypoladın həmşirəsi; əski dağıstanlı qiyafətində, 42 yaşında. 
Humay — Bəypoladın həmşirəzadəsi... Olduqca gözəl və məlumatlı bir qız, 22 yaşında. 
Nadir bəy — dava vəkili, 36 yaşında. 
Çingiz bəy — topçu alayına mənsub bir zabit, 32 yaşında. 
Arslan bəy — Turxan bəyin əqrəbasından; gözəl simalı, mirasxor bir bəyzadə; milli qiyafətdə, 25 yaşında. 
Qazı — əbus çöhrəli bir ixtiyar, 70 yaşında. 
Doktor — ortayaşlı bir rus. 
Aşıq Sultan — haqq aşığı; köylü qiyafətində. 
Nazlı — eyi ruhlu, dindar bir qadın; əski qiyafətdə. 
Bayram — Turxan bəyin xidmətçisi, 30 yaşında. 
Cavan bir ləzgi — Bəypoladın xidmətçisi. 

BİRİNCİ PƏRDƏ 

Vəqə Qafqasya şəhərlərindən birində vaqe olur. 
Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandalyalar, masalar və sairə... 
Maral sol tərəfdəki — açıq buraxılmış qapıdan içəri girir, öz halından məmnun olmadığı üz-gözündən sezilir. Pəncərələrdən birini açıb bağçanı seyr edər və eşidilməkdə olan bülbül nəğmələrini dinləyərək məhzun və düşüncəli bir halda dalıb gedər. 

Nazlı (sağ qapıdan daxil olaraq). Maral! Mələyim, nə düşünürsən? 


Maral. Heç, Nazlı bacı, heç... 
Nazlı. Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç, söylə! 
Maral. Allah qızcığazını sənə çox görməsin! Bu evdə yenə az-çox səninlə təsəlli buluram. 
Nazlı (bağçanı göstərərək). Bax, bu bahar çiçəkləri, bu bülbül nəğmələri nə qədər gözəl!.. Azacıq gedib gəz də, könlün açılsın. 
Maral. Ah, bu gözəl bahar hər kəsin könlünü açdığı halda, nədənsə məni sıxır. O rəngarəng çiçəklərin lətif rayihələri sanki məni boğur. O şətarətli bülbüllərin sevimli nəğmələri guya mənə gülür, yaxud mənim talesizliyimə ağlayır. 
Nazlı (yapma bir gülüşlə). Allah eşqinə, heç böylə padşah sarayında yaşayan bir xanım da taleindən şikayət edərmi? 
Maral. Haqqın var, Nazlı bacı!.. Lakin bu geniş dairə, bu müzəyyən və gözəl odalar mənə dar və qaranlıq məzarlardan daha sıxıntılı gəlir. Uff, bəxtiyarlıq içində ölmək, kədərlər, üzüntülər içində yaşamaqdan min qat xeyirli imiş. İki sənə əvvəl böylə məşum, qara günü kim xatırlardı? Məsud bir göyərçin kimi saf və azadə yaşayırdım; məktəbi bitirmək üzrə ikən zavallı babam tərki-həyat etdi. Yüz yerdən görücü gəlməkdə ikən, yox olası Turxan bəy bəla ildırımı kimi üstümüzü aldı. Artıq onun adı gəlincə hər kəs susmağa başladı. Hətta Arslan da, sevgili Arslan da sükuta məcbur oldu. 
Nazlı. Yaradana qurban olum, hər şey onun əlində... Bir gündə insanı həm bədbəxt edər, həm xoşbəxt... 
Maral. Ah... Nazlı bacı, insan o vaxt xoşbəxt olardı ki, dünyaya heç gəlməyəydi!.. 

Hər ikisi məhzunanə və düşüncəli bir sükut ilə baxışıb dururlar. Bu sırada Bayram əsgərvari qollarını sallayaraq, ayaqlarını yerə vura-vura qalın və mühib bir səslə: 

“Mən bir türkəm, dinim, cinsim uludur; 
Sinəm, özüm atəş ilə doludur. 
Doludur, doludur, 
Dur! Dur! Dur!..” 

deyə sol tərəfdəki qapıdan içəri girir, başıaşağı olaraq odanın o biri başına qədər addımlar. Nazlı ilə Maral onun bu sərsəm və çocuqca hərəkətini heyrətlə seyr edib dururlar. 

Bayram (başını qaldırıb onları görüncə şaşırır. Marala etizarla). Ah, əfv edərsiniz, heç sizin burada olduğunuzu bilmirdim. 
Maral (naziganə). Bayram, allah ağıl payladıqda, sən nerədə idin? 
Bayram (sarıtaraq). Göygöz mollanın yanında “şəkiyyat” öyrənirdim. 
Nazlı. Vay, səni yox olasan! Hələ utanmadan cavab da verir. 

(Bayram mənasız qəhqəhələrlə digər odaya keçir.) 

Turxan bəy (saqqalını taraş etdirmiş olduğu halda daxil olaraq). Axşamlar xeyir olsun, Maral! Nasılsan, iki gözüm? Keyflər eyimi? 
Maral (məhzunanə). Təşəkkür edirəm. 
Turxan bəy (Maralın əlini əlləri içinə alaraq). Lakin səni azacıq düşüncəli görürəm. Hər duruşunda, hər baxışında bir dalğınlıq, bir küskünlük var. Bilirmisən, Maralım!.. Bu məsum çöhrəni bir dəqiqə belə məhzun görmək istəməm. Burada sıxılacaq bir şey yox. Canın nə istərsə, qəlbindən nə keçirsə, bir an içində mühəyya olur, mələyim! Mənim varım-yoxum, mülküm-malım, başım-canım sənin ən kiçik bir arzun üçün fəda edilməyə hazırdır. (Nazlı lampaları yaxıb çıxar.) Söylə, Maralım, söylə! Neçin bu qədər düşünürsən? 
Maral (yapma bir nəzakətlə). Doğrusu, yalnızlıq, arxadaşsızlıq mənə çox təsir edir. 
Turxan bəy (onun sözlərindən bir məna çıxarmış kimi qəhqəhə ilə gülərək). E...yy, anlaşıldı, gülüm, anlaşıldı... İnşallah bir-iki ay sonra Cəmil Barjomdan gələr. Çapucaq ona da bir qız nişanlarıq, vur-patlasın, çal-oynasın, əyləncəli bir toy məclisi qurular. İştə o zaman, sənə də, sənin kimi gözəl, mini-mini bir arxadaş bulunmuş olar. Həm də istədiyin qədər gülərsən, oynarsan. 
Bayram (əcələ içəri soxulir). Əfəndim, Nadir bəy gəlmək istəyir. 
Turxan bəy. Haydı, söylə buyursunlar. (Bayram çıxar, Turxan bəy Maralı öpərək mütəhəssiranə.) Get, maralım, sən də get... İştə müsafir gəlir. 

(Maral gedəcək olur.) 



Turxan bəy (arxasınca). Maral! 
Maral (dönüb baxaraq). Əmriniz? 
Turxan bəy (onun gözlərinə diqqət edərək). Heç, yavrum, get! (Maral çıxar, Nazlı daxil olub masa üzərinə iki-üç külqabı qoyub gedər. Turxan bəy, Nazlıya eşitdirəcək bir ahənglə.) Sanki anası doğar-doğmaz qızcığazın gözlərinə baxıb da ona görə ad qoymuş. Gerçəkdən Maral deyil, adətən maral baxışlı bir mələk!.. 
Nadir bəy (daxil olaraq). Əssəlamü-əleyküm... 
Turxan bəy. Vəəleyküm-əssəlam, əfəndim, buyurun baxalım. (Əl verib qarşı-qarşıya otururlar.) 
Nadir bəy (Turxan bəyin, saqqalını taraş etdirmiş olduğuna heyrət edərək). Bu nə hal, bu nə qiyafət, canım? Maşallah, büsbütün dəyişmişsiniz! 
Turxan bəy (əlilə bığlarını oxşayaraq). Doğrusu, bu son vaxtlarda saqqaldan o dərəcə nifrət edirəm ki, əsla görməyə gözüm yox... 
Nadir bəy. Gerçəkdən Maral xanımın üzərinizdə çox böyük təsiri varmış! Sizi bir il əvvəl görmüş olanlar, əmin olunuz ki, imdi tanımazlar. 
Turxan bəy (laübali). Ey, nə yapalım, əzizim, ömür keçdikcə eşqin, sevdanın keçəcəyini də hər kəs söylər durur! Fəqət yalan!.. Həm də çox böyük bir yanlış... Bir şam yanıb, əriyib də sönmək üzrə ikən nasıl şiddətli bir nur saçarsa, qoca bir könüldə eşqə, məhəbbətə qarşı o dərəcə böhranlı bir hərarət, xəyala sığmaz bir şiddət göstərir. 
Nadir bəy (təbəssümlə). Lakin hər nasıl olsa, yenə azacıq ağır davranmalısınız. Doğrusu, sizin yerinizə mən Cəmil bəydən utanıram. Yarın gəlib də bu yaşda bir qız aldığınızı görərsə nə deyər, əcəba?! 
Turxan bəy. Burax allah eşqinə, çoluq-çocuq ağzına baxacaq deyiliz, a!.. 
Nadir bəy. Pəki Cəmil nə yazır? Hələ gəlmirmi? 
Turxan bəy. “Hüquqdan” diplomunu alıb da Barjoma gəlmiş, yorğunluğunu çıxarmaq üçün yazı orada keçirəcəkmiş. 
Nadir bəy. Barjomun nerəsində ev kiralamış? 
Turxan bəy. Yazdığına görə Bəypolad ismində dağıstanlı bir mühəndislə buluşmuş, onun ailəsi ilə bir yerdə yaşayırmış... 
Nadir bəy. Çox ehtimal var ki, bi az sonra mən də gedərəm. 
Turxan bəy. Sizi görər-görməz, inan ki, Cəmil sevincindən çıldırar. 
Nadir bəy. Əlimdəki işləri yoluna qoya bilsəydim, artıq burada durmazdım. 
Turxan bəy. Eyi xatirimə gəldi, bir xoş xəbər daha... 
Nadir bəy (maraqla). Nasıl? Nə imiş, əcəba? 
Turxan bəy. cəmili evləndirmək istəyirəm, yalnız gəlib çıxmasını bəkləyirəm. 
Nadir bəy. Kim bilir! Bəlkə o, imdiyə qədər sevişib evlənmiş də, yalnız bizim xəbərimiz yox... 
Turxan bəy. Xayır, oğul mənimsə, xəbərsiz iş tutmaz. Onun üçün bir qız bulmuşam ki, röyasında belə görəməz. Həm gözəl, həm ana-babasının bir danəsi, həm də son dərəcə zəngin. 
Nadir bəy. Məncə gözəllik zövqə aid bir şeydir. Sərvət isə, düşündüyünüz kimi, insanı çox da məsud edəməz. Bir də bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alırlar. 
Turxan bəy. Nadir! Nadir! Heç bir hiss, heç bir qüvvət, heç bir yer yox ki, orada altun, gümüş rol oynamasın. Əmin olunuz ki, dünyanın bütün izzəti - bütün səadəti ancaq para ilə əldə edilə bilir. 
Nadir bəy (yerindən qalxaraq). Əvət, hər şey para ilə əldə edilir; illa fəzilət və insaniyyət!.. 
Turxan bəy. Xayır! Xayır... Fəzilət də paradadır, insaniyyət də... 
Nadir bəy. Yanılırsınız, əfəndim, sizə insan qılığında öylə çulsuz-noxtasız uzunqulaqlar göstərə bilərəm ki, yalnız altundan yapılmış bir palanları əskikdir. 

Turxan bəy istehzalı qəhqəhə ilə gülür. 

Bayram (əcələ içəri girər). Əfəndim, aşıq Sultan gəlmiş. 
Nadir bəy. Bizim nazirmi? 
Bayram. Əvət, əfəndim. 
Turxan bəy (Nadir bəyə). Nə eyi təsadüf!.. Onun saz çalmasını və dəyərli aşıq sözlərini çoxdan bəri eşitdiyim yox. 
Nadir bəy (Bayrama). Söylə, içəri gəlsin. 

Bayram. Özü yalnız deyil, əfəndim, yanında dağıstanlı bir bəy də var. 


Turxan bəy. Yaxşı, adını öyrənmədinmi? 
Bayram. Adı Bəypoladdır, əfəndim. 
Turxan bəy. Haydı, söylə buyursunlar. 

Bayram çıxır. 

Nadir bəy. Əcəba bu hansı Bəypoladdır? 
Turxan bəy. Zənnimcə Cəmilin arxadaşı olmalı... 
Nadir bəy. Yaxşı, onun burada nə işi?.. 
Turxan bəy. Ehtimal ki, dəmiryola baxmaq üçün gəlmiş. 
Nadir bəy. Ehtimal ki... 
Turxan bəy. O olsa fəna olmaz, Cəmildən eyi bir xəbər bilmiş oluruz. 

Bu sırada Bəypolad ilə aşıq Sultan içəri girir, salamlaşaraq adlarını bir-birinə söyləyir. Hər üçü oturur, yalnız aşıq ayaqda durur. 

Turxan bəy (Bəypolada). Təşrifiniz Barjomdanmı, əfəndim? 
Bəypolad. Əvət... 
Nadir bəy. Cəmil bəyin keyfi nasıl? 
Bəypolad. Əvvəllər azacıq yorğun kimi idi, lakin imdi eyidir. Həm də sizə məxsusi salamı var. 
Nadir bəy. Təşəkkür edirəm. 
Bayram (daxil olur, Turxan bəyə). Əfəndim, Çingiz bəy adam göndərmiş, deyir ki, bəy əfəndi evdə isə buyursunlar, bir az vaxt keçirəlim. 
Turxan bəy. Söylə ki, müsafirimiz var, əgər arzu edərsə, özü buyura bilər. 

Bayram çıxır. 

Aşıq Sultan (Turxan bəyə). Bəndəniz getsinmi, əfəndim? 
Turxan bəy. Gedə bilərsən, əzizim, fəqət sazını alıb geri dönmək şərtilə. 

Aşıq Nadir bəyə baxır. 

Nadir bəy. Zərər yox, madam ki, arzu edirlər, sazını al da, gəl, fəqət çox gecikmə! 
Aşıq Sultan. Baş üstünə, əfəndim... (Çıxır.) 
Turxan bəy (Bəypolada). Doğrusu, böylə birdən-birə təşrif etməniz məni o qədər sevindirdi ki!.. Nasıl təşəkkür edəcəyimi bilmirəm. 
Bəypolad. Əskik olmayın, əfəndim... 
Nadir bəy (Bəypolada). Nasıl? Cəmil özünə eyi arxadaşlar bulmuşmu? 
Bəypolad. Xayır, o kimsəyə qarışmaz. 
Nadir bəy. Yaxşı, yalnız başına sıxılmayırmı? 
Bəypolad. Neçin sıxılsın! Səhər-axşam həmşirəzadəm Humay ilə bərabər seyrə çıxırlar. 
Nadir bəy. Zənn edərsəm, Cəmil təbiətdəki gözəlliklərə çox məftun olmalı! 
Bəypolad. Onu heç sormayınız!.. Ya o, ya Humay xanım kiçik bir şəlalə qarşısında saatlarca dalıb gedirlər. 
Turxan bəy (Nadir bəyə). Ey, təbiətdəki gözəlliklərə onlar məftun olmayıb da, mənmi olacayam? Gənclik öylə bir nemət ki, onunla hər şey insana xoş görünür. Ömür artdıqca həyatdakı nəşə də o nisbətdə əksilir; nəşə əksildikcə qeydi-həyat artır, qeyd artdıqca minlərcə sıxıntı-üzüntü insanı sarmağa başlayır. (Divardakı saatı göstərərək). İştə bu saatın hər vuruşu həyatımız üçün ən müdhiş bir zərbə deməkdir... 

Bu sırada Çingiz bəylə Arslan bəy daxil olurlar. 

Çingiz bəy (yarımsərxoş bir ahənglə). Canım, biz alçaq könüllü peyğəmbərlərdəniz; dağ bizə gəlməzsə, biz dağın ətəyinə gedəriz. 
Turxan bəy (qəhqəhə ilə). Heç Çingiz adında peyğəmbər eşitdinizmi? 
Çingiz bəy (Turxan bəyə). Allah eşqinə, sən... sən hələ məni tanımadınmı? (Məclisdəkilərlə görüşürlər). 
Turxan bəy (təkrar gülərək). Otur baxalım, əzizim, otur. Səninlə sonra qonuşacağam. (Çingiz bəy və Arslan bəy otururlar). 
Çingiz bəy (Bəypoladı diqqətlə süzərək). Əfsus ki, bəy əfənrdini tanımıram. 
Turxan bəy (Çingizə). Nasıl!? Ha, ha, ha... İştə, Bəypolad həzrətləri; Cəmilin Barjom arxadaşı, həm də çox alicənab və möhtərəm bir zat! 
Çingiz bəy (böyük bir heyrətlə yerindən qalxaraq). Aman, nə deyirsiniz! 
Turxan bəy. Əvət, əzizim! 
Çingiz bəy (təkrar Bəypoladın əlini sıxaraq səmimi bir ciddiyyətlə). Şübhəsiz, Dağıstan tərəfdənsiniz, deyilmi? 
Bəypolad. Əvət, qardaşım!.. 
Çingiz bəy. Ah, bu görüşdən nə qədər məmnun oldum, bilirmisiniz? 
Bəypolad. Əskik olmayın. 
Turxan bəy (Bəypolada). Əfəndim, Çingiz bəy Dağıstan xalqına qarşı çox başqa hörmət, çox başqa bir məhəbbət bəslər; dağıstanlı adı eşitdimi, büsbütün çıldırır. 
Çingiz bəy. Fəqət haqsızmıyam? Onu söyləyiniz!.. Qafqasyamızda onlar qədər qeyrətli, şücaətli, namuslu, həmiyyətli bir xalq göstərə bilərmisiniz? (Şeyx Şamilin divarda asılmış rəsminə yaxlaşaraq kəskin bir ahənglə). İştə həm fazil, həm cəngavər bir dağıstanlı! İştə Şeyx Şamil!.. Baxınız, yalnız bu heykəli-cəladət, bu qoca qəhrəman, ilələbəd dağıstanlı adını yaşatmaq üçün kafidir! Ah, nədənsə bilməm, daima bu böyük simaya qarşı qəlbimdə dərin bir hörmət, böyük bir məhəbbət hiss edirəm. Bu parlaq nasiyədə, bu düşüncəli gözlərdə öylə mənalı bir əzəmət, öylə əzəmətli bir məhabət var ki, yalnız dostları deyil, düşmənləri belə bir baxışda heyran olub qalırlar. 
Turxan bəy (yerindən qalxaraq). Yaşa Çingiz, yaşa!.. Doğrusu, sözlərinizin hər biri birər almas parçasından daha dəyərlidir. (Bu sırada aşıq Sultan içəri girər). Otur, aşıq, otur, baxalım. (Qapıya) Bayram! Bayram! (Bayramdan cavab gəlməz, Arslan bəy onu çağırmaq üçün qalxar.) 
Turxan bəy (Arslan bəyə). Rica edirəm, söylə çay gətirsinlər... 
Arslan bəy. Bu saat, əfəndim. (Sağ qapıdan çıxar). 
Turxan bəy. Haydı, Sultan, söylə baxalım!.. 
Aşıq Sultan. Bəylər, əfəndilər nə əmr edər? 
Çingiz bəy. Sənin keyfin nə istərsə, onu... 
Arslan bəy (daxil olub Turxan bəyə). İştə gəlir, əfəndim... 
Turxan bəy. Allah onun bəlasını versin. 

Bayram gəlir, çayları payladıqdan sonra çıxar. 

Arslan bəy (Çingizin qulağına heyrətlə). Ah, Maral, nə Maral!.. Maral demə, bir cənnət pərisi... 
Çingiz bəy (hiddətli, fəqət alçaqdan). Arslan! Gözlərimin içinə bir eyi bax!.. 
Arslan bəy (təlaş ilə). Aman! Rica edərəm. 
Çingiz bəy (eyni ahənglə). Sən vicdanını nerdə qeyb etdin? 
Arslan bəy (şaşqın). Çingiz!.. 
Nadir bəy. Haydı, Sultan, söylə baxalım... (Çingizlə Arslan bəyə təbəssümlə). Gizli söhbət yasaqdır, əfəndilər!.. 
Aşıq Sultan (başlar). E...yyy... 

Vicdanları parlaq tutan sevgidir, 


Sevgisiz könül ya daşdır, ya dəmir... 
Bir könülə iki sevgi yaraşmaz, 
Könül bir, sevgi bir, böyük tanrı bir... 

(Mükərrər.) 

Turxan bəy (başını sallayaraq filosofanə təkrar edər). Könül bir, sevgi bir, böyük tanrı bir... 
Aşıq Sultan. Əfəndilər!.. 

Sevgidədi ancaq allah rizası, 


Sevgisiz bir könül, şeytan yuvası... 
Qardaşım! Bu dünya kimsəyə qalmaz, 
Aldanma! Çürükdür əsli, əsası... 

(Mükərrər.) 

Çingiz bəy. Yaşa, Sultan, yaşa! 

Aşıq bir-iki öskürür. Bu sırada Bayram bənzi uçmuş bir halda içəri girib döşəməni gözdən keçirir, ciblərini araşdıraraq şaşqın və mütəcəssis bir halda çıxıb gedir. 

Aşıq Sultan. Aaxx... 

İnsan bir gün tikən, bir gün çiçəkdir, 


İnsan gah bir şeytan, gah bir mələkdir. 
Fənalıq, eyilik bil nə deməkdir! 
Yarın adın dastan olur dillərdə... 

(Mükərrər.) 

Hər tərəfdən “Sağ ol! Var ol!” - deyə aşığı alqışlayırlar. 

Aşıq (yenə davam edər). Ağalar!.. 

Nə buldular İsgəndərlər, Çingizlər!? 
Qanlar töküb, canlar yaxıb getdilər!.. 
Cahanı titrədib alt-üst etdilər, 
Qanlı bir iz buraxdılar ellərdə... 

(Mükərrər) 


Çingiz bəy (nifrətlə). Aşıq!.. 
Aşıq. Əfəndim... 
Çingiz bəy (qapını göstərərək hiddətli). Artıq yetişir, haydı, dəf ol!.. 
Turxan bəy (heyrətlə). Niyə, canım!? Nə oldu ki? 
Nadir bəy (mənalı bir qəhqəhədən sonra). Zərər yox, Sultan, sən get. (Aşıq gedər). 
Turxan bəy (Çingizə). Yazıq deyilmi ya!.. Neçin könlünü qırdın? 
Çingiz bəy (sinirli). Allah eşqinə, söylətmə məni!.. 
Turxan bəy. Yaxşı, nə oldu ki?! Söyləsənə!.. 
Çingiz bəy (qızğın). Daha nə olacaq!.. Böyük Çingiz, o sarsılmaz hökmdar tariximizin ən şanlı bir qəhrəmanı olduğu halda təhqir edilir də kimsə əhəmiyyət vermir. 
Turxan bəy (Çingiz bəyə). Bu təhqir deyil, əzizim, bəlkə tarixlərdə görünmüş bir həqiqətdir. 
Çingiz bəy (ayaqda gəzinərək qayət sinirli). Əfv edərsiniz, əfəndim! Öylə çürük həqiqətlər bir taqım boş qafalara yerləşə bilər. Mühakiməli bir adam öylə iftiralara əsla qulaq verməz. (Daha şiddətli). Azacıq insaf etməli, iştə hər millətin tarixi meydanda... Əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırır, heykəllər tikdirirlər. Fəqət bizlər!.. Bizlər isə Çingiz kimi cahangirlərə, Teymur kimi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istəyiriz!.. 
Bəypolad (Çingiz bəyə). Doğrusu, bu xüsusda mən də səninlə həmfikirəm. Gerçəkdən, millətimiz çox sönük, çox mühakiməsiz... Daima düşmən ağzından eşitdiyi iftiraları bir həqiqət zənn edib də, ona görə söz söylər. Həm də bu iftiralar, bu həqarətlər ən ziyadə Şərq kitablarına məxsus bir haqsızlıqdır. 
Turxan bəy (Nadir bəyə). Yaxşı, bu xüsusda sən nasıl düşünürsən? 
Nadir bəy (sandalyadan qalxaraq məharətli bir natiq tövrüylə). Hər kəs eyi bilir ki, mən əsla qan tökülməsini sevməm. Deyil ki, məxluqatın ən şərəflisi olan insanların, hətta zəif, aciz bir qarıncanın belə qanına girmək, məncə, əfv edilməz bir cinayətdir. Fəqət, tarixi-aləm bir dəfə gözdən keçirilsin... Şimdiyə qədər qansız, müharibəsiz hansı vəqəyə rast gələ bilərsiniz? Birinci olaraq tarixi-müqəddəsi alın. Nə bulursunuz?.. İlk səhifədə Qabil kimi xain, cəllad bir qardaş siyah nasiyəsilə qarşınızda dikilib durur. Sonra yarpaqları çevirin! Dini-siyasi minlərcə qanlı səhifələr gözlərinizi qamaşdırır. Din və məzhəb bayrağı altında tökülən qanlar bir yana, siyasət naminə edilən məzalimi sayıb bitirmək üçün minlərcə, milyonlarca kitab lazım... Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangiri haqsız görüb də başqalarını haqlı göstərmək, zənnimcə, çox böyük bir haqsızlıqdır. 
Bəypolad. Əvət, doğru, həm də çox doğru... 
Nadir bəy. Lakin yenə təkrar edirəm, məncə, əsl qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir. Yoxsa həmcinsinə qıymaqdan, yaxıb-yıxmaqdan zövq alanlar, başqasının fəlakətində səadət arayanlar, birər adi cəlladdan başqa bir şey deyildir. 
Çingiz bəy (şiddətli qəhqəhələrlə). Öylə isə bütün insanlar, bütün təbiət, bütün kainat birər cəllad deməkdir. 
Bəypolad (saatına baxaraq ümuma). Əfsus ki, şərəfi-müsahibətinizdən məhrum olmaq zamanı yetişdi (Turxan bəyə). Müsaidə buyurulsa... 
Turxan bəy. Nə əcələ edirsiniz, canım!.. 
Bəypolad. Vəzifəm rəsmi vəzifədir, əfəndim, bir az daha geciksəm boynuma məsuliyyət gələr. Çünki şura mənə müntəzirdir. 
Turxan bəy. Bu şura neçindir, əcəba? 
Bəypolad. Dəmiryol məsələsinə aiddir, əfəndim! 
Turxan bəy. Yaxşı, bu gəlib-getməkdən biz nə anladıq? 
Bəypolad. İnşallah, yenə görüşəriz. 

Bu sırada Bayram şaşqın bir halda daxıl olur, yenə ətrafı gözdən keçirir, bir daha ciblərini yoxlar. Boş qədəhləri toplayıb götürmək üzrə ikən bir-ikisini düşürür. 

Turxan bəy. Nə olursan, bə!?.. Çıldırdınmı?! 
Bayram. Əfəndim, əfv edərsiniz... (Yaşarmış gözlərini silərək). Ah, bilməm çaldılarmı? Kəndimmi düşürdüm? İki aylıq maaş qoltuq cibimdə idi... (hönkür-hönkür ağlayaraq). Getdi, əvət, getdi... Bütün əməyim hədər oldu, getdi... 
Bəypolad (kəskin və hiddətli bir tövr ilə Bayrama). Gəl buraya, oğlum! 

Bayram ona yaxlaşır və donuq bir vəziyyətlə baxıb durarkən Bəypolad sərt və atəşli bir sillə eşq edər, məclisdəkiləri dərin bir heyrət alır, Bayram da durduğu yerdə dona qalır. 

Bəypolad (Bayrama). Qeyb etdiyin para nə qədərdi? 
Bayram (titrək səslə). İki altun, əfəndim... 

Bəypolad cibindən iki altun çıxarıb Bayrama vermək istər. 

Turxan bəy (mane olaraq). Aman, rica edirəm! Nə edirsiniz? (Çantasını çıxarır). 
Bəypolad. Xayır, əfəndim, mənimlə Bayramın arasına kimsənin girməsini istəməm. (Bayram əllərilə göz yaşını silər. Turxan bəyə baxaraq verilən paranı qəbul etmək istəməzsə də, Bəypolad zorla ovcuna sıxışdırır və əlini onun umuzuna qoyaraq sərt və kəskin bir ahənglə.) Bayram! Oğlum, qulaqlarını eyicə aç! Sözümü, nəsihətimi dinlə!.. Sən bir baba igidsən, bu hal sənə yaraşmaz. Sən bir türk oğlusan, mərd oğul kökünü unutmaz. Ər oğlu ər ol, qəlbini dar tutma!... Bax nə deyirəm sənə, sözlərimi unutma!.. (qayət şiddətli və ağır bir ahənglə). Heysiyyətli bir baba igid, nə oynar... nə gülər... nə də ağlar... Çünki oynamaq çingənələrin işidir, gülmək çocuqların payıdır, ağlamaq da dul qadınlara yaraşır... Anladınmı? İştə bu qədər! Haydı, get!.. 

Bayram qədəhləri alıb çıxar. 

Bəypolad. Əfəndilər! Cəsarətimin əfv ediləcəyinə əminəm, çünki səmimiyyətdən irəli gələn qüsurlar daima əfv edilir. Bir də mənim təbiətim bu!.. Nerdə boynu bükük və miskin bir erkəyə rast gəlsəm, dərhal sinirlərimə toxunur, baxüsus o adam türk qövmünə mənsub olursa!.. 
Çingiz bəy (Bəypolada). Zatən bu böyük bir məziyyət, böyük bir fəzilətdir, əfəndim! 
Bəypolad (ümuma). Nə isə, təkrar əfvinizi istirham edər, allaha ismarlaram, qardaşlar! (Ağır addımlarla çıxar, məclisdəkilər də onu təqib edər.) 
Turxan bəy (çıxdıqları sırada Bəypolada). Gəlişiniz bizi nə qədər məmnun etdisə, əmin olunuz ki, gedişiniz də bir o qədər məhzun edir. 
Bəypolad (qapı arasında). İnşallah, yenə görüşəriz. 

Artıq görünməz olurlar. Sonra Maral daxil olur, müsafirlərin çıxdığı qapıya doğru irəliləyərək baxınıb düşünür. 

Nazlı (gələrək). Getdilərmi? 
Maral. Əvət, getdilər. (Yerdə sarı bir gül görüb alır. Nazlıya göstərərək yarı məhzun, yarı təbəssümlü bir halda). Bax!.. Bir bax, Nazlı bacı!.. Ayaqlar altında əzilən bu bədbəxt gülü, bu vərəmli çiçəyi görürsənmi?! Beş gün sonra iştə mən də bunun kimi təvərrüm edərəm! 
Nazlı (mütəəssir və nəvazişkar bir səslə). Ah, yavrum!.. 
Maral. Əvət, beş gün sonra, mən də bunun kimi sönüb gedərəm. 
Nazlı (masa üzərində bir cığara qutusu görüb alaraq). Bu nə? Bu gümüş qutunu kim unutmuş? 
Maral. Kim bilir!.. Bəlkə yeni gələn müsafirindir. 
Nazlı. Baxınız, iştə yazısı da var. 
Maral (alıb oxuyaraq). Bunu Arslan bəyə yadigar vermişlər... (Dərin bir ah çəkər). 
Nazlı. Öylə isə Bayramı çağırayım da, tez qoşub özlərinə versin. 

Maral (dərin bir sükutla düşünür). 


Nazlı. Çağırımmı?.. 
Maral. Yaxşı, çağır! 

Nazlı sağ qapıdan çıxar. Maral məhzun bir nəzərlə qutuya baxıb düşünür. Bu sırada Arslan bəy sol qapıdan əcələ içəri girər. 

Maral. Ah!.. (deyə şaşırır, qutunu əlindən düşürür.) 
Arslan bəy. Aman, əfv edərsiniz... Qaliba sizi rahatsız etdim? 
Maral (məhcub). Xayır, xayır... (Qutunu yerdən almaq istər.) 
Arslan bəy (çapucaq özü alaraq). Aman, zəhmət etməyiniz!.. 
Maral (yarı naz, yarı məhcubiyyətlə). Xayır, nə zəhməti var. 
Arslan bəy. Müsaidənizlə, sizə kiçik bir rica etmək istərəm, amma... 
Maral (sükut edər). 
Arslan bəy. Bu əlinizdəki gülü mənə verərmisiniz? 
Maral (süzgün bir baxışla uzadaraq). Alınız!.. 
Arslan bəy (gülü alıb qoxlayaraq). Ah, bilsəniz bu yadigara... əvət, əllərinizi öpmüş olan bu munis gülə ömrüm olduqca pərəstiş edəcəyəm. Həm də son nəfəsimdə bunu qoxulayaraq dünyadan gedəcəyəm. (Pərəstişkaranə və məftunanə baxışlardan sonra, haman dişarı fırlar.) 
Maral (qapıya doğru irəlilər, məhzun və yaralı bir səslə). Ah, Arslan, Arslan, Arslan!.. (deyə əli alnında, boynu bükük və dalğın bir halda qapıya dayanır). 

PƏRDƏ 


İKİNCİ PƏRDƏ 

Səhnə iki həftə sonra - Barjomda səhər vaxtı, kənarda açıq və mənzərəli bir guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç dənə də bıçqı ilə kəsilmiş ağac kötüyü görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypoladla bərabər, ağır addımlarla yürüyərək gəlirlər. Uzaqda çoban tütəyi çalınır və bülbül şaqırtısı eşidilir. 


Yüklə 283,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə