“
Azərbaycan”.-2010.-14 sentyabr.-N 199.-S.2.
Xarici siyasət: Azərbaycan-Türkiyə münasibətləri.
Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sabitlik və inkişafa ciddi təminatdır
Hər bir dövlətin xarici siyasətdə xüsusi önəm verdiyi müttəfiqlər olur və bu prizmadan
Azərbaycan-Türkiyə münasibətlərinin də tarixin sərt sınaqlarından uğurla çıxdığını əminliklə demək
mümkündür. İki dost ölkə arasında strateji müttəfiqlik münasibətləri ötən müddətdə ən yüksək pilləyə
yüksəlmiş, əbədi və dönməz xarakter almışdır. Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində
inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Bu gün
bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləş dirmək mümkün deyildir.
Münasibətlərin hazırkı inkişaf mərhələsinə yüksəlməsi ilk növbədə tarixi təmələ söykənir. Hələ 1918-ci ilin
28 mayında müsəlman Şərqində ilk demokratik dövlət kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin
daxili-xarici həmlələrdən müdafiəsində və möhkəmlənməsində o zamankı Osmanlı Türkiyəsi yaxından iştirak
etmişdir. Bakının "Sentrokaspi diktaturası"ndan - menşevik-eser və daşnak qoşunlarından azad olunduğu 15
sentyabr tarixini bu mənada xüsusi xatırlatmaq lazımdır. General Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu
1918-ci ilin iyunundan başlayaraq Azərbaycanın bir çox bölgələrinin bolşevik-daşnak işğalından azad olunması
üçün gərgin döyüşlər keçirmiş, nəhayət, 1918-ci ilin 15 sentyabrında xilaskar qismində Bakıya daxil olmuşdur. Bu
möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən
Bakıya köçürülmüş, Azərbaycanda dövlət quruculuğuna start verilmiş, bir neçə ay sonra isə parlamentə demokratik
qaydada seçkilər keçirilmişdir.
Bütün bunlar təsdiqləyir ki, hələ 1918-ci ildə məhz Türkiyənin dəstəyi, bilavasitə iştirakı ilə Azərbaycanın
müstəqilliyi, ərazi bütövlüyü təmin olunmuş, bolşeviklərin, daşnakların Bakı və ətraf rayonlarda ağalığına son
qoyulmuşdur. 70 illik sovet hakimiyyəti illərində bu hadisə yanlış kontekstdə izah olunsa da, Azərbaycan xalqı türk
əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu qəlbində yaşatmışdır. Bakının erməni-bolşevik işğalından azad
edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi daim ehtiramla xatırlanır.
Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin
inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yaranmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə 1991-ci ildə
Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin
inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. "Biz bir millət iki dövlətik" devizindən çıxış edən ulu öndər
Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə
münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider 90-cı illərin ortalarında
Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən
keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi
addımlar atmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı ilin iyulunda istifadəyə verilməsi
Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı
əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.
Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlər heç də sırf enerji-kommunikasiya layihələri ilə
məhdudlaşmır. Bu gün türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmalarına, qeyri-neft sektorunda mühüm
layihələr həyata keçirmələrinə bütün zəruri imkanlar yaradılmışdır. Respublikamızdakı əlverişli sərmayə mühiti
türk iş adamlarının ölkəmizə inamını getdikcə artırır. Bunun nəticəsi olaraq ölkələrimiz arasında ticarət
dövriyyəsinin həcmi də ildən-ilə artır. 2003-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 300 milyon
ABŞ dolları təşkil etdiyi halda, hazırda bu rəqəm 2 milyard dollara çatmışdır. Azərbaycan neftinin əsas alıcısı olan
İtaliyanı istisna etsək, hazırda Türkiyə Azərbaycanın əsas ticarət partnyoru sayılır. Hazırda respublikada 230-dan
artıq türk şirkəti fəaliyyət göstərir və həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk iş
adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar.
Azərbaycanla Türkiyə arasında mədəni-humanitar və elmi-texniki əlaqələr də yüksələn xətlə inkişaf edir. Elm
və təhsil sahəsində əməkdaşlıq, tələbə mübadilələri, incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni
tədbirlər ardıcıl olaraq həyata keçirilir. Mədəniyyət sahəsində əməkdaşlıq həm də TÜRKSOY çərçivəsində inkişaf
etdirilir. Hazırda qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərə çatır. Azərbaycanlı kursantlar
Türkiyənin yüksək səviyyəli ali hərbi akademiyalarında NATO standartlarına uyğun kadr kimi formalaşmaq imkanı
əldə edirlər. Müstəqil dövlət quruculuğu yolunda Azərbaycana siyasi və iqtisadi yardım göstərən Türkiyə
Cümhuriyyəti müstəqil dövlətçiliyin əsas atributlarından olan ordu quruculuğu sahəsində də öz potensialından
bəhrələnməyə imkan yaratmışdır. İki strateji müttəfiq arasında hərbi əməkdaşlıq ildən-ilə genişlənərək Azərbaycan
ordusu üçün zabit kadrların hazırlanmasında, hərbi təlimlərin keçirilməsində, maddi-texniki bazanın
möhkəmləndirilməsində, bir sözlə, ordumuzun NATO standartları səviyyəsində qurulmasında mühüm rol
oynamışdır.
Son illərin geosiyasi reallıqları göstərir ki, Türkiyə Avropada, Yaxın Şərqdə və dünyanın digər regionlarında
əsasən qərbyönlü, NATO ölkələri ilə uzlaşdırılmış siyasət yeritməsinə rəğmən, bir sıra milli məsələlərdə öz
maraqları çərçivəsində çıxış edir. Qardaş ölkə ilə Yunanıstan arasında Kiprlə bağlı problemin olması, Türkiyənin
islam aləminə mənsubluğu, əhali resurslarının genişliyi, sürətli demoqrafik artım və digər məsələlər bəzi Avropa
dövlətlərinin qısqanc münasibəti ilə qarşılanır. Fələstin problemi, habelə Qəzza bölgəsinə humanitar yardım aparan
"Azadlıq" donanmasına məlum silahlı hücumla bağlı Türkiyə-İsrail münasibətlərinin gərginləşməsini də buraya
əlavə etmək olar.
Türkiyənin Yaxın və Orta Şərq dövlətləri, müsəlman dünyası, Cənubi Qafqaz və digər region dövlətləri ilə
münasibətlərində həm Qərbin, NATO-nun və beynəlxalq hüquq normalarının tələbləri, həm də dini, etnik və
regional faktorlar nəzərə alınır. Və bu da bəzən rəsmi Ankaranı Qərbdəki müttəfiqləri ilə üz-üzə qoyur. Türkiyənin
Avropa Birliyinə gedən yolunda müxtəlif süni maneələrin ortaya atılması da məhz Türkiyənin regionda artan roluna
və potensialına Avropadakı ehtiyatlı münasibətin təzahürüdür. Bütün bu reallıqlar fonunda rəsmi Ankara regionda
güvənməli həqiqi müttəfiqinin məhz Azərbaycan olduğunun da yaxşı fərqindədir.
Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq
maraqlardan çıxış edirlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə
edir, rəsmi Bakı öz növbəsində uydurma "erməni soyqırımı"nın ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar
atır. Xatırlatmaq lazımdır ki, 2009-cu ilin fevralından rəsmi Ankaranın Ermənistanla sərhədləri açacağı ilə bağlı
yayılan məlumatların istər Türkiyədə, istərsə də Azərbaycanda müxtəlif səviyyələrdə narazılıqla qarşılanması, ciddi
müzakirəyə çevrilməsi iki dost, qardaş ölkə arasındakı münasibətlərin əlahiddə xarakterindən irəli gəlirdi. Lakin
siyasətdə nə qədər çətin, mürəkkəb situasiyalar olsa belə, müəyyən mənəvi-əxlaqi dəyərlər, milli maraqlar sonda
sözünü deyir. Zəngin dövlətçilik təcrübəsinə, iqtisadi, siyasi və hərbi potensiala malik Türkiyə də yayılan əsassız
məlumatlara rəğmən, sonda milli maraqlarını müdafiə etmək, müstəqil siyasət yetirmək niyyətində olduğunu sübuta
yetirdi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, o cümlədən Prezident Abdullah Gül bu məlumatların
reallıqdan uzaq olduğunu bəyan etdilər.
2010-cu ilin aprelində bədnam erməni lobbisinin təsiri altında Amerika Konqresində qondarma "erməni
soyqırımı" məsələsinin ciddiliklə gündəmə gəlməsi rəsmi Ankaranı xarici siyasətdə ümumtürk birliyi xəttini
gücləndirməyə sövq edir. Türkiyə hökuməti terrorçu PKK təşkilatına qarşı mübarizədə müttəfiq saydığı Qərb
dövlətlərindən gözlədiyi siyasi və mənəvi dəstəyi məhz Şərqdə - tarixi tellərlə bağlı olduğu türkdilli dövlətlərdən
ala biləcəyini yaxşı başa düşür. Rəsmi Bakı bununla yanaşı, həm də qondarma "erməni soyqırımı"nın ABŞ
Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz
qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, "ikili
standartlar" fonunda türk xalqlarının birliyinin vahid ümumbəşəri məqsədlər naminə təmin edilməsi vacibliyini
daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə çalışır. Prezident İlham Əliyevin
fəaliyyətini yaxından izləyən hər kəs təsdiqləyə bilər ki, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası
prosesinin, sadəcə, iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Rəsmi Bakı Avropa və ümumilikdə
Qərblə, habelə Rusiya ilə mövqeləri yaxınlaşdırmaqla bərabər, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə
nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini də diqqətdən kənarda
qoymur. Türkdilli respublikaların birliyi istiqamətində səylərin son illər daha da intensivləşdirilməsi bu qənaəti bir
daha gücləndirir.
Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən
başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa
çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə
qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid
məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı
mütəşəkkil mübarizəyə qoşulması Azərbaycan Prezidentinin başlıca məqsədlərindən biridir. Cənab İlham Əliyev
Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayındakı çıxışında erməni
lobbisinin ifşa edilməsi üçün səylərin daha da artırılması vacibliyini önə çəkmişdir: "Bəzi hallarda bizim
haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik
mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox
böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni
lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox.
Biz hücum etməliyik, çünki həqiqət bizim tərəfimizdədir".
2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk
birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamı olmuşdur.
Türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü də
Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv
inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda
qalmışdır. Hesab edirik ki, 2010-cu il sentyabrın 15-16-da Türkdilli dövlətlərin liderlərinin İstanbulda keçiriləcək
növbəti zirvə toplantısı da faydalı müzakirələrlə yadda qalacaq, əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə
olacaqdır.
Xüsusi vurğulamaq istərdim ki, rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi" (ATXƏM) İctimai Birliyi qondarma "erməni soyqırımı" kampaniyasına qarşı effektiv əks tədbirlər həyata
keçirməklə yanaşı, cəmiyyət üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edir, türkdilli xalqlar arasında hərtərəfli
inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır. Təşkilat türk
dövlətlərinin siyasi, mənəvi və mədəni birliyinə xidmət edən müxtəlif səmərəli təşəbbüslərlə çıxış edir, mühüm
tarixi günlərlə bağlı tədbirlər keçirir. Hər il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi
təşkilatımız tərəfindən əsl zəfər günü kimi qeyd edilir. Bu gün - sentyabrın 14-də təşkilatımız Türkiyənin
Azərbaycandakı səfirliyi ilə birlikdə Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 92-ci
ildönümünə həsr olunmuş kütləvi-mədəni tədbir keçirməyi planlaşdırır.
Ümumiyyətlə, son illərin reallıqları göstərir ki, bu gün Azərbaycan və Türkiyənin bir-biri qədər yaxın dostu,
strateji müttəfiqi yoxdur və bundan sonra da olmayacaqdır. İki ölkəni birləşdirən dəyərlər - ilk növbədə, onların
ortaq tarixi, soykökü, mədəniyyəti, ənənələri, dili, dini, ortaq maraqlarıdır. Konkret olaraq Türkiyə və Azərbaycanın
timsalında bu strateji müttəfiqliyin region üçün də nə qədər aktual, gərəkli, əhəmiyyətli olması real təsdiqini tapır.
Regionda 2 ildə cərəyan edən mürəkkəb siyasi proseslər fonunda Türkiyə-Azərbaycan müttəfiqliyinin daha bir ciddi
sınaqdan uğurla çıxdığını əminliklə söyləmək olar.
İlham İSMAYILOV,
"Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi" İctimai Birliyinin sədri