5
Giriş
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Məhsəti
Gəncəvidir. Onun yazıb-yaratdığı dövrdən 900 il keçməsinə baxmayaraq şeirləri
bu gün də sevilə-sevilə oxucularına zövq verir, dünyanın gözəlliklərindən ilham
almağa çağırır. Məhsəti xanım Azərbaycan ədəbiyyatının çiçəkləndiyi bir dövrdə
yaşamışdır. Bu dövrdə Nizami, Xaqani kimi dahi sənətkarlar yetişmiş, Əbül-Üla,
Mücrəddin kimi şairlər yazıb-yaratmışlar.
Təqribən 1113-cü ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan
Gəncə şəhərində dünyaya göz açmış Məhsəti, uzun və səmərəli ömür sürmüş,
müasiri dahi Nizami kimi mükəmməl təhsil almış, poeziya, fəlsəfə, musiqi, şahmat
və başqa sahələrdə dövrünün kişi sənətkarlarından heç də geri qalmamışdır. Onun
müxtəlif qaynaqlardan toplanmış 200-dən artıq rübaisi Orta əsrlər Azərbaycan
renessansının klassik örnəkləri cərgəsində özünə əbədi yer tutmuşdur. XII əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeir məktəbinin yaradıcılarından
biri olan Məhsəti Gəncəvi ədəbiyyatımızın inkişafında mühüm rolu olan
sənətkarlardandır. Bəli, şeirimizin Məhsəti adlı bir gözəl xanımı, bir şux gəlini var
ki, o, ən aydın həqiqət, ən sevimli, ən əbədi varlıqdır. O, ulu nənəmiz və
müasirimiz, böyük Nizaminin çağdaşı və qız qardaşı Məhsətidir. Məlumdur ki,
Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz, müqəddəs və xeyirxah
hissilər xəzinəsidir.
Bu il anadan olmasının 900 illiyi ölkəmizdə, eləcədə YUNESCO
səviyyəsində geniş qeyd olunacaq mütəfəkkir şairənin əsərləri əsrlər sonra da
aktualdır, sevilə- sevilə oxunur. O, şeirləri, xüsusilə fəlsəfi dərinliyi ilə seçilən
rübailəri ilə oxucularda həyata məhəbbət oyadır, onları nikbinliyə, dünyanın
gözəlliklərindən ilham almağa çağırır. Məhsəti Gəncəvi xalqını tərki-dünyalıqdan,
zahidlik və vaxtı keçmiş adət-ənənələrdən uzaq olmağa səsləyir. Şairənin həyatı
haqqında mübahisəli fikirlər üstünlük təşkil edir. Məhsətinin tarixi şəxsiyyət
olması, Ömər Xəyyamdan əvvəl və yaxud da sonra yaşaması haqqında bəzi
məlumatlar meydana çıxır. Məhsəti dövründən başlayaraq onun haqqında bəzi
məlumatlar verilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xosrov və
Şirin” poemasının müqəddiməsində, sufi şair olan Fəridəddin Əttarın “İlahinamə”
əsərində də Məhsətininin adı çəkilmişdir.
İlk dəfə Mirabbas Mirbağırzadə XX əsrin 20-30-cu illərində Məhsətidən
söhbət açmış və bildirmişdir ki, şairənin anadan olma tarixi məhz “Əmir Əhməd və
Məhsəti” dastanında verilmişdir. Məhsətinin 20 yaşı olduğu zaman Sultan
Mahmud Səlcuqinin (1117-1132) sarayı ilə əlaqəsi olmuşdur.
Mirabbas Mirbağırzadə belə bir nəticəyə gəlmişdir ki, Məhsəti 1097-1098-ci
ildə anadan olmuşdur. Amma son tədqiqatlar göstərir ki, Məhsəti 1089-cu ildə
Gəncədə anadan olmuş, mükəmməl səviyyədə təhsil almış, Şərq ədəbiyyatı və
musiqisinə böyük ehtiram göstərmişdir. Məhsəti lirikasının əsasını məhəbbət təşkil
edir. Rübailərində humanizm, dünyəvilik, nikbinlik öz əksini tapır. Şairə
məhəbbəti yüksək, nəcib bir hiss kimi ifadə etmişdir. Onun yaradıcılığında şərq
qadınının azad və xoşbəxt həyatı haqqında arzuları da əks olunmuşdur.
6
Məhsətinin ən böyük nailiyyəti, bir ömür bahasına qazandığı ən başlıca
xoşbəxtliyi budur ki, o, şairə olaraq əbədi dirilik, ölməzlik qazandı. Məhsəti
hüsnüylə, təravətli rübailəriylə, sətrəncdəki istedadıyla, musiqidəki səriştəsiylə,
büründüyü şöhrət və diqqət haləsiylə tarix içində, doğrudan da, xanımlar xanımı
kimi ucaldı.
İlk dəfə olaraq Səhab Tahiri tərəfindən Məhsətinin müxtəlif mənbələrdən
rübai, qitə və qəzəlləri toplanmış və 1957-ci ildə 200-ə yaxın şeir parçasından
ibarət divanını tərtib etmişdir. XI əsrin sonları XII əsrin əvvəllərində yaşamış
Məhsəti Gəncəvi Azərbaycan intibahının parlaq nümayəndəsi və həqiqətidir.
Ecazkar qadın qəlbinin ülvi duyğularını əks etdirən, duyan, könüllərdə
sönməz, silinməz izlər buraxan, qadın ürəyinə xas olan kövrəklik, cəsarət,
səmimilik, mehribanlıq kimi müsbət keyfiyyətlər klassik Azərbaycan qadın
şairlərinin yaradıcılığının müqəddəs idealı olmuşdur. Qadın şairlərimiz öz
duyğularını, hisslərini şerin dili ilə əbədiləşdirərək, ürəklərinin şeirə dönmüş
döyüntülərini yadigar qoyub getmişdir.
Məlumdur ki, Azərbaycan klassik ədəbiyyatı yüksək bəşəri ideallar, təmiz,
müqəddəs və xeyirxah hislər xəzinəsidir. Cüng və təzkirələri bəzəyərək dillərdə
gəzən, titrək bir qəlbin çırpıntılarını əks etdirən qadın şairlərimizin şeirləri,
rübailəri, qəzəlləri xalqın qəlbinə yol tapmış, dildən-dilə, nəsildən-nəslə keçərək bu
günə qədər gəlib çatmışdır. “XII yüzildə dünyanın heç bir xalqının ədəbiyyatında
Məhsəti qüdrətli, Məhsəti səviyyəli və Məhsəti istedadlı bir qadın şair görünmür” –
deyən monoqrafiya müəllifi Rafael Hüseynov haqlı olaraq Məhsətini yalnız Şərqin
deyil, bütün dünya ədəbiyyatının bəzəyi olmağa layiq hesab edir.
Məhsəti tərəqqidə olan, intibah havasıyla nəfəs alan, əlvan, səs-küylü, get-
gəli bol, bazarları rəvaclı, mədəni yüksəlişin qanadlarında ucalan Gəncədə yaşadı.
Bu şəhərdə hörmət-izzət, sevgi də gördü, təntənəli yığıncaqlara dönə-dönə qonaq
da çağırıldı, qonşu ölkələrin şəhərlərinə sayğılı mehman, şair kimi səfərlərə də
çıxdı. Dostlarla, pərəstişkarlarla əhatə olundu, həyatın dadlarından, zövqlərindən
bəhrələndi. Bu intibah şəhərində Məhsətinin başçılıq etdiyi şairlər məclisi də
vardır. Azərbaycanın poetik məclislərindən danışarkən bu şairlər yığnağının adı
ilkin anılmalıdır. Rəziyyə Gəncəvi, Doxtəre – Səti, Doxtəre – Salar, Doxtəre Gavə,
Doxtəre – Xətib... Gəncədə Məhsətiylə yanaşı qələm çalırdılar və bu, tək ədəbiyyat
tariximiz üçün deyil, həm də ümumən ictimai həyatımızın dünənindəki işıqlı,
mədəniyyət baxımından vacib bir hadisənin dərki üçün vacibdir. Məhsəti özü şəhər
mədəniyyətinin elçisi olan kimi, onun rübailəri də əsil şəhər poeziyası, Azərbaycan
ədəbiyyatı nümunələri idi.
Ədəbiyyatşünasların fikrincə şəhər həyatının, şəhər mədəniyyətinin əsasını
təşkil edən əsnaf təbəqəsini – sənət və peşə sahiblərini klassik şeirimizdə Məhsəti
səmimiyyəti və Məhsəti qüdrəti ilə öyən ikinci sənətkar yoxdur. O, yaradıcılığının
böyük bir hissəsini məhz bu zümrəylə bağlayaraq sənətkarlardan ibarət zəngin
obrazlar yaratmışdır. Məhsəti irsinə bu prizmadan baxarkən onun əsil sənətkar
böyüklüyünü anlayırıq və ədəbi hünərinin mahiyyətini dərk edirik. Məhsəti o
sənətkarlarımızdandır ki, poetik yadigarlarının bəxtinə sərhədlərdən çıxmaq,
ölkələr aşmaq və hər yerdə də qonaq kimi deyil, doğma kimi qarşılanmaq düşür.