Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə


Fələstinlilərin kömək çağırışına cavab



Yüklə 1,28 Mb.
səhifə9/17
tarix26.09.2017
ölçüsü1,28 Mb.
#2206
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Fələstinlilərin kömək çağırışına cavab

Bu mühüm anda dünya müsəlmanları məsuliyyət hiss etməli, müsəlmanlığın onların üzərinə qoyduğu vəzifəni başa düşməlidirlər. Bu, bir tərəfdən, İslam fiqhinin zəruri məsələlərindən olan müsəlman torpaqlarını qorumaq vəzifəsi, digər tərəfdən də, məzlum bir xalqın yardım çağırışına cavab verməkdir. Peyğəmbər buyurmuşdur: “Kim bir müsəlmanın kömək çağırışını eşidib cavab verməsə, müsəlman deyil”.272 Bu gün isə bir fərd yox, bir xalq kömək istəyir.273


Fələstinə yardım üçün hökumətlərə təzyiq göstərmək

Müsəlman xalqlar bilsinlər ki, Allah və tarix yanında onlar da hökumətlər qədər məsuliyyət daşıyırlar. Siz hökumətləri hegemonizmin təzyiqləri qarşısında müqavimətə vadar edə, bu zəruri vəzifəni ayaq altına atan hökumətlərə təzyiq göstərə bilərsiniz.274


Fələstinlilərin qiyamı nemətinin şükrü

Əgər biz müsəlmanlar bu nemətə görə şükür etsək, qalacaq: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam”.275 Əgər bu nemətə küfr etsək, əldən çıxacaq. Bu nemətin şükrü odur ki, dünyanın hər bir yerində olan bütün müsəlmanlar bu gün İslam adı ilə mübarizə aparan bu mübarizləri dəstəkləməyi özlərinə dini borc bilsinlər. Bu gün bundan başqa çıxış yolu yoxdur.

Bu dəstək geniş və hərtərəfli olmalıdır; həm siyasi, həm informasiya, həm əxlaqi, həm də hərbi dəstək lazımdır. Mümkün olan hər bir iş vacibdir. Dünya müsəlmanları görsünlər ki, bu dəstəklərin hansını edə bilirlər. Hansını bacarsalar, onların şəriət vəzifəsidir və ondan boyun qaçırmamalıdırlar.276

Üçüncü fəsil: İran İslam Respublikasının və İran xalqının məsuliyyəti

Bizim şəriət vəzifəmiz: məzlum xalqları müdafiə

İran xalqı işıqlı yol açdı. Xalqlar sizin ardınızca hərəkət edirlər. Hərəkət edən xalqları müdafiə etmək bizim vəzifəmizdir və müdafiə edəcəyik. Mən Bosniya-Herseqovina xalqını müdafiə etməyi öz şəriət vəzifəm bilirəm və müdafiə edəcəyəm. Bacardığımız qədər bu məzlum xalqı dəstəkləyəcəyik. Onlar ön xətdədirlər və düşmən bütün güc və qüvvəsini onların başına endirmişdir, komplimentlərlə məsələni bağlamaq istəyirlər. Əlbəttə, bizim yolumuz təəssüf ki, bağlıdır, tam şəkildə yardım çatdırmaq mümkün deyil. Amma dünyanın bu qərarını qəbul etmirik ki, onların düşmənləri günbəgün müxtəlif yollarla daha artıq təchiz olunsunlar. Bəziləri deyiblər ki, onların düşmənləri işğalçı İsrail tərəfindən himayə olunurlar. İran xalqı o məzlum xalqı dəstəkləməyi İslam yolu və dini borcu bilir.277


İran xalqının maddi dəstək vəzifəsi

Öz əziz xalqımıza da deyirəm: Əziz fələstinli qardaşlara qarşı bu dəstək və fədakarlıq rəşadətinin qədrini bilin. Bu, çox dəyərlidir. Bütün dünya bilir ki, bizim ölkəmiz - xalq, hökumət, fərdlər, qadın və kişilər Fələstin məsələsi ilə maraqlanırlar, həssas, iradəli və əzmlidirlər; əgər bacarsalar, kömək edərlər. Çox yaxşı olar ki, imkanlı insanların maddi köməkləri toplansın və imkanı çatanlar maliyyə yardımı göstərsinlər. Əgər silah cəhətindən kömək edə bilmiriksə, canlı qüvvə baxımından xalqın və gənclərin getməsinə imkan yoxdursa, maliyyə cəhətindən onlara kömək etmək, bəzi dərdlərinə dərman etmək, bəzi yaralarına məlhəm qoymaq, ata-analara hörmət və sevgi fadə etmək olar. Atasının qucağında qətlə yetirilən yeniyetməni gördünüz. Bu, yeganə nümunə deyildi, digər nümunələr də olmuşdur. Bu hərəkətin əzəməti o qədər böyükdür ki, belə fədakarlıqlar onların özlərinin gözündə böyük görünmür. Məcburi müharibə dövründə siz o qədər fədakarlıq etdiniz ki, öz gözünüzə görünmürdü, amma dünyanı heyrətə saldı. Bu gün də Fələstin xalqı elədir; öz gözlərinə gəlmir, amma dünyanı valeh edir. Bir şəhadət - o yeniyetmənin atasının qucağında şəhid olması dünya xalqlarının qəlbində tufan oyadır. Bunlar çox dəyərlidir.278


Bizim xalqımızın və hökumətimizin ən böyük vəzifəsi

Fələstin məsələsi İslamın birinci qlobal məsələsidir. Bu gün Fələstin xalqının İslam bayrağı altındakı mübarizəsi işğalçı sionizm dövlətinin və himayədarlarının yuxusunu qaçırdığından, bizim xalqımızın və hökumətimizin, bütün müsəlman xalq və hökumətlərin ən böyük vəzifəsi bu mübarizələri himayə etməkdir. İsrailin xərçəng vəzisinin kökünü yalnız bu mübarizələrlə kəsmək və İslam dünyasını onun məhvedici təhlükələrindən xilas etmək olar.279



Dördüncü fəsil: Qüds Günü

İsrailin cinayətlərinə qarşı ümumxalq etirazlarının faydası

Bizim əziz xalqımız həmişə öz mövqeyini elan etmişdir. Kimsə deməsin ki, bunun nə faydası var. Bu, dünyanın hansı nöqtəsində olsa, işğalçıya ən mühüm zərbəni endirir. Əgər xalqlar öz ölkələrində belə bir hadisə qarşısında ayağa qalxsalar, yürüş etsələr, yumruqlarını düyünləsələr, cinayətkarların vəziyyətini ağırlaşdıracaqlar. Bütün hadisələrdə belədir. ABŞ əleyhinə də belədir. Xalqlar öz varlıqlarını elan etməlidirlər. Xalqların bu elanının beynəlxalq vəziyyətə və dünya siyasətinə çox təsiri var.280


Qüds Gününü uca tutmaq

Bu gün İran xalqının görə biləcəyi və bütün işlərdən əhəmiyyətli olan məsələ bugünkü kimi yürüşlər keçirməkdir. Bu iş çox mühümdür. Bunların məqsədlərindən biri Fələstinin adını unutdurmaqdır. Elə bir iş görmək istəyirlər ki, ümumiyyətlə, belə bir şeyin mövcud olduğu unudulsun. Amma siz qoymursunuz, Qüds Günü qoymur. Bizim Böyük İmamımız öz siyasəti ilə qoymadı. Bu, böyük iş idi. İnsani baxımdan da fələstinli ailələrin məzlumluğu hər bir insan üçün məsuliyyət yaradır. Fələstinin daxilində olan xalqın məzlumluğuna dair bəzi film və kasetləri bu günlərdə gördünüz. Bunlar Fələstin xalqına qarşı nə qədər zalım rəftar edirlər və maraqlı budur ki, bu hüquq təşkilatları da ölmüşlər. Amerikalılar, bəzi qərblilər və dünyada demokratiyanı inkişaf etdirmək missiyasını öhdələrinə götürdüklərini iddia edənlər bu məsələdə özlərini rüsvay etdilər. İndi elə bir xalq mövcuddur ki, öz ölkəsinin və vətəninin heç bir işinə təsir göstərmək qüvvəsi yoxdur, sözləri heç bir yerdə deyilmi. O, Fələstin xalqıdır; insani baxımdan məzlum bir xalq. Digər tərəfdən, onun qarşısında çox zalım olan millətçi bir dövlət durur.281


Ümümdünya Qüds Gününü uca tutmağın təsiri

İmam Xomeyni belə bir günü (Ümümdünya Qüds Gününü) elan etməklə Fələstin məsələsini bəşəri vicdanlarda canlı saxladı, bütün fəryadları sionizm əleyhinə yönəltdi və biz hər il müsəlmanların bu mərasimdə geniş iştirakının şahidi oluruq.282


Qüds Günündə xalqların vəzifəsi

İndi bu üç əsaslı və həssas məqama malik olan bir məsələ (İsrailin misilsiz cinayətləri, Fələstin xalqının fədakar müqaviməti, beynəlxalq təşkilatların və dövlətlərin sükutu) qarşısında xalqlar nə edə bilərlər? Qüds Günü küçələrə çıxıb şüar verə, yumruqlarını düyünləyə, mübariz, mücahid və dözümlü xalqa göstərə bilərlər ki, biz sizin yanınızdayıq, ürəklərimiz sizinlədir. Bu onları həvəsləndirəcək. Bu, böyük köməkdir.283


Qüds Günü - işğalçı düşmənin məğlubiyyət amili

Gələn cümə Qüds Günüdür. Əgər İslam dünyası bu günü sözün həqiqi mənasında uca tutsa və işğalçı sionistlərə fəryad ucaltmaq üçün fürsət bilsə, düşməni böyük həddə məğlub və geri çəkilməyə vadar edəcək. Siz İran xalqı öz iştirakınızla göstərəcəksiniz ki, Qüds Günündən və Fələstinə dair mövqe bildirmək imkanından istifadə nə deməkdir. İran xalqı Allahın lütfü ilə bu sahədə yaxşı çalışdı; hökumət də yaxşı çalışdı, Xarici işlər nazirliyi də. Yəni vaxtı tələf etmədilər və sözlərini dedilər. Fələstinli məzlumlar dünyada onlara qarşı həssas insanların olduğunu anladılar. Bu həssaslıq sübuta yetirilməli, İsrailə qarşı təzyiqlər artırılmalıdır. Gərək fələstinlilərin özləri Fələstin məsələsini canlatmaq məsuliyyətini ciddi şəkildə öhdələrinə götürüb çalışsınlar. Mübarizə çətin olsa da, sionistlərin təzyiqləri altında yaşamaq daha ağır və daha çətindir. Əgər mübarizə aparsalar, gələcəkləri yaxşı olacaq. Lakin belə yaşamaq günbəgün çətinlikləri artıracaq. Əlbəttə, bu gün işğal olunmuş torpaqlarda və Fələstində müsəlman xalq oyanmışdır. Amma Fələstin daxilində mübarizələr ümumi, müntəzəm, xaricə və İslam ümmətinin dərinliklərinə birləşməli, dünyanın müsəlman xalqları onlara kömək etməlidirlər.284

Bu gün İsrail və himayədarları, xüsusən də ABŞ üçün sizin düyünlənən yumruqlarınız və verilən şüarlarınız hər bir silahdan kəsərlidir. Onların başqa silahlara qarşı alətləri var. Gördük ki, ərəb ölkələri bir neçə müharibə əsnasında İsrailə qarşı silahla vuruşub onu məğlub edə bilmədilər. Hər dəfə o ya tamamilə qalib oldu, ya da müharibənin birinci mərhələsində qalib olmasa da, nəticədə irəlilədi.

İsrailin ətrafında olan ərəb ölkələrinin nə qədər silahları olsa da, bu vəzini İslam dünyasının ürəyində əkən qüvvələr onu ikiqat, yaxud daha artıq silahlandıracaqlar; fikirləri budur. Cavabı olmayan, ABŞ-ın, SSRİ-nin və İsrailin digər himayədarlarının qarşısına bərabər və oxşar silah çıxara bilmədikləri silah xalqların iradə və istəyidir.285


İsrailin himayədarlarının Qüds Günü ilə mübarizəsi

İsrailin rəsmi himayədarları və onların müttəfiqləri - yəni qeyri-rəsmi himayədarları tərəfindən Qüds Günü ilə aparılan mübarizə maraqlı bir mübarizədir. Qüds Günü üçün rəqib düzəldib bu günü xatirələrdən silməyə çalışdılar. Biz İslam dünyasının heç bir yerində görməmişik ki, beynəlxalq qüvvələr yerli hökumətlərin xalqı bu hərəkətə və yürüşə vadar etmələrinə icazə versinlər. Təəssüf ki, dünyanın hegemon qüvvələrinin siyasəti bir çox İslam ölkələrində keçərlidir. Bu, müsəlmanların və İslam dünyasının bədəbəxtliklərindəndir. Nə üçün Qüds Günündə İslam ölkələrinin hökumətləri xalqı küçələrdə yürüş keçirməyə həvəsləndirməməlidirlər?! Məgər onlardan nə azalacaq?! Əgər Fələstin amalı ilə müvafiqdirlərsə, nə üçün icazə vermirlər?!286


Qüds Günü - İslam tarixinin Qədr gecəsi

Qarşıdan mübarək ramazan ayının bizim mərhum və böyük imamımızın Qüds Günü adlandırdığı son cüməsi gəlir. Qüds Günü builki ramazan ayında qədr gecələri ilə qonşudur. Qədr gecəsində səhərə qədər oyaq qaldığımız, Allah dərgahına dua və münacatımızla bizim üçün yaxşı gələcəyin yazılmasını istədiyimiz kimi, Qüds Gününü və İslam tarixinin qədr gecəsi olan bu həssas günləri ayıq-sayıq şəkildə keçirməli və müsəlman xalqların, xüsusən də cəsarətli və məzlum Fələstin xalqının qurtuluş şəfəqinin doğuşuna qədər səyimizi dayandırmamalıyıq.

Mən ümidvaram ki, bizim böyük xalqımız həmişə olduğu kimi bu Qüds Günündə də ümumi iştirakı və cümə namazları qılınan yerə qədərki yürüşləri ilə uca fəryadlarını və şimşəyə bənzər səslərini bütün dünyanın qulağına çatdıracaq, Böyük İmam Xomeyni ümmətinin həmişə Fələstinin yanında və onun düşmənlərinə qarşı olduğunu təkrar edəcək.287
Qüds Gününü uca tutduğuna görə İran xalqına təşəkkür

Dünya və müsəlman xalqları fələstinli məzlum mübarizləri dəstəklədilər. Bizim əziz xalqımız özünün bütün fəryadı ilə Fələstin xalqının hərəkətinə qarşı dəstəyini göstərdi. Mən Qüds Gününün böyük yürüşündə və cümə namazının möhtəşəm izdihamında çox əzəmətlə parlayan siz əziz xalqın səyinə görə bütün varlığımla təşəkkür etməyi lazım bilirəm.

Bizim əziz xalqımız həmişəki kimi öz ölkələrini, tarixlərini və ölkə məmurlarını başıuca etdi. Bu il bütün İslam dünyasında Qüds Günü xüsusi tərzdə keçirildi. Belə keçirələcəyi qabaqcadan da proqnoz verilirdi. Bu, Fələstin xalqının məzlumcasına fəryadının haqq olduğuna görədir. Ümidvarıq ki, hökumətlər də öz xalqları ilə beləcə əməkdaşlıq etsinlər və Fələstin xalqına kömək göstərsinlər. Ən daşürəkli və ən yırtıcı düşmənlər tərəfindən mühasirə olunmuş bu məzlum xalqın köməyə ehtiyacı var. Həm bizim xalqımız, hökumətimiz, həm digər müsəlman xalq və hökumətlər bacardıqları qədər bu məzlum xalqa kömək etməyə borcludurlar. Bu, dini, insani və əqli bir vəzifədir; ağıl buna hökm edir. Bu həm də tarixi bir vəzifədir; tarix bu haqda mühakimə yürüdəcək.288

İran xalqının təqdirəlayiq olan iki işinə görə təşəkkür və minnətdarlıq etmək lazımdır. Birinci iş mübarək ramazan ayının son cüməsində Qüds Günü münasibəti ilə xalqın böyük yürüşüdür. Bu səhnə bütün dünyada olan dostlar üçün fərəhli və ümidverici idi; fələstinli mübarizləri sevindirdi, ürəklərini bərkitdi. Düşmənlər üçün də bir zərbə idi; istər Fələstin məsələsini bütünlüklə xalqların yadından çıxarmaq, müsəlmanlara ümumiyyətlə, belə bir mühüm məsələnin mövcud olduğunu unutdurmaq istəyən düşmənlər, istərsə də İran xalqının əsaslı İslam və inqilab məsələləri ilə məşğul olmaq yerinə dəyərsiz işlərlə məşğul olmasını, ixtilaflara və şəxsi məsələlərə qoşulmasını istəyən düşmənlər. Canlı, lazım olanda sayıq və səhnədə olan bu xalq hər bir şəraitdə lazımi hərəkəti edir.289

Lazım bilirəm ki, Qüds Günü yürüşündə dəyərli və təntənəli iştirakına görə şərafətli və əziz xalqımıza təşəkkür edim. Mən bu böyük xalqa təşəkkür etməyə layiq deyiləm, bir şeyin sahibi də deyiləm, hər şey xalqın özünə məxsusdur. Özləri üçün etdilər və düzgün addım atdılar. Bu ümumi ayıqlığa, ümumi iradəyə, müsəlman qadın və kişilərin qəlbində olan bu böyük marağa görə bizim Allaha şükür etməyimiz lazımdır. Bu il Qüds Günü çox möhtəşəm keçdi. Regionda baş verən hadisələr bəzi müsəlman xalqların da bu il bu əzəmətli antihegemon təşəbbüsə ötən illərdən artıq dəstək vermələrinə bais oldu. Ümidvarıq Allah-Taala zalım və qaniçən sionistlərin şərini fələstinlilərdən və məntəqədən uzaqlaşdırsın.290
Soyuqda və istidə Qüds Günü yürüşündə iştirak etmək

Dünyada İran xalqının İslam Respublikası quruluşuna qarşı göstərdiyi etimadı öz quruluşlarına qarşı göstərən az ölkə var. Bu etimadın dəlili də hamının gözü önündə olan bu aydın məsələlərdir. Yenə bəziləri bunları görmür, daim xalqın etimadsızlığından dəm vururlar. Xeyr, xalqın quruluşa etimadı var. Bir dəlil iki il öncəki seçkilərdir. Səsvermə hüququ olan və səs verməyə qadir olan əhalinin səksən faizindən çoxu seçkilərdə iştirak etdi. Dünyanın harasında belə bir şey var?! Bir nümunə bizim hər il keçirdiyimiz bu iki yürüşdür: 22 bəhmən (11 fevral) və Qüds Gününün yürüşləri. Siz görün xalq bu böyük hərəkətdə nə edir; 22 bəhmənin soyuğunda və ramazan ayında oruc ağızla, istər hava soyuq olanda, istər indiki kimi isti olanda.291

İslam inqilabı sionistlərin ağzından vurdu. İslam Respublikası quruluşunun yaradılması, Qüds Gününün elan olunması və Tehrandakı işğalçı rejimin səfirliyinin Fələstin səfirliyinə çevrilməsi ciddi bir mesaj idi. O, hegemonizmin bu planı qarşısında dayandı. Bu gün xoşbəxtlikdən, bu hərəkət günbəgün genişlənir.292
Qüds Günü - xalqların təzyiq amili

Mən sizə deyirəm: Mənim əzizlərim! Əziz İran xalqı! Bütün müsəlman xalqlara deyirəm: Bütün sahələr kimi burada da həlledici amil xalqların və ictimaiyyətin qərarıdır. Xalqlar öz istək və tələbləri ilə hökumətləri bu hərəkətə vadar edə bilərlər. Qarşıdan Qüds Günü gəlir. Bu il Qüds Günündə müsəlman xalqlar sionizm rejiminə və himayədarlarına qarşı qəzəbli olduqlarını, bu məsələyə laqeyd yanaşanlara və o istiqamətdə olan hər bir siyasətə qarşı qəzəbli olduqlarını və qəzəbli rəftar edəcəklərini göstərməlidirlər.293


İlahi qüdrət

Biz səhv edirik, bəzən bu ilahi mərhəməti anlamırıq, müxtəlif hadisələrdə başımız üzərindəki ilahi mərhəmət əlini görmürük. Bəzən də bu cəhətdən səhv edirik: elə bilirik ki, bu işləri görənlər bizik, halbuki biz deyilik: "Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi"294; "Möminin qəlbi Allahın iki barmağı arasındadır".295 Kim bu möminləri çəkib bu meydanlara gətirir və bu şəkildə Allaha yönəldir?! Bu, ilahi əldən və ilahi qüdrətdən başqa bir şey deyil. Bunlar bizi ümidvar edir.296


Qüds Gününün dünyada ümumiləşməsi

Qüds Günü İslam dünyasında daha oturuşmuş və genişlənmişdir. Bu il İslam dünyası əksər müsəlman xalqların nümayəndələrinin etiraz aksiyasına şahid oldu; İslam dünyasının şərqindən - İndoneziyadan tutmuş qərbinə - Afrika və Nigeriyaya qədər. Müsəlman ölkələrin hansında Qüds Günündə xalqa öz niyyət və iradələrini göstərmək icazəsi verildisə, bu məsələyə qarşı öz hisslərini bildirdilər. Hətta Avropada yaşayan müsəlmanlar, Avropa dövlətlərinin və təşkilatlarının təəssübkeş təzyiqləri altında olan azlıqlar da Qüds Gününü qeyd etdilər. Bu onu göstərir ki, Fələstinin işğalçılarının və onların himayədarlarının iradəsinin əksinə olaraq, Fələstin məsələsi İslam dünyasında günbəgün daha da canlanır. Onların niyyətləri bu idi ki, Fələstin adını müsəlman xalqların yaddaşından silsinlər. Onların məqsədi bu idi. Onların məqsədi bu idi ki, Fələstin adlı bir xalqı bütünlüklə İslam dünyasının coğrafiyasından silib məhv etsinlər. Bu böyük faciədən ötən altmış ilin hamısında özlərinin bütün fəaliyyətlərini bu məqsəd ətrafında mərkəzləşdirdilər.

Biz Fələstin xalqını salamlayırıq. Bu millət həqiqətən, sübuta yetirmişdir ki, müsəlman və canlı bir xalq adına layiqdir. Biz buradan, siz müsəlman izdiham önündən Fələstin xalqına, Fələstinin qanuni hökumətinə və mücahid qardaşımız cənab Həniyyəyə deyirik: Bilin ki, İran xalqı sizi yalqız qoymamışdır və qoymayacaq!297
Haqqın batil qarşısında dirəniş simvolu

Bu illər boyunca haqqın batil qarşısında dirəniş simvolu olan Qüds Gününü zəiflətmək üçün çox çalışmışlar. Qüds Günü haqqın batil, ədalətin zülm qarşısında dirəniş günüdür. Qüds Günü təkcə Fələstin günü deyil, İslam ümmətinin günü, işğalçıların, müdaxiləçilərin və hegemon qüvvələrin təcavüzkar əli vasitəsilə İslam ümmətinin canına düşmüş öldürücü sionizm xərçəngi əleyhinə uca fəryad günüdür. Qüds Günü kiçik gün deyil. Qüds Günü beynəlxalq bir gündür, onun beynəlxalq mesajı var. Bu gün göstərir ki, İslam ümməti dünyanın ən böyük və ən qüdrətli dövlətlərinin dəstəyini qazanmış zülmə belə boyun əyəməyəcək.298

Qırx ildən artıqdır ki, İslam xalqı Fələstinin adını çəkir. Müsəlmanlar, İslam mütəfəkkirləri, yazıçı və siyasətçiləri milyon dəfə demişlər və bu yolda minlərlə insan şəhid olmuşdur. Məgər İslam dünyasının ciyərparəsini bu şəkildə düşmənlərin ixiyarına buraxmaq olarmı?! Məgər belə bir şey mümkündür?! Məgər İslam icazə verir?! Məgər İslam xalqları icazə verirlər?!299
Mübariz və əsirlərin ümid günü

Qüds Gününü uca tutun. Düzdür, beynəlxalq media işıqlandırmır, qoy işıqlandırmasın. İsrailin türmələrində olmuş şəxslər bizə deyiblər ki, sizin şüarınızdan, fəallığınızdan, təmiz niyyət və iradənizdən xəbər verən düyünlənmiş yumruğunuzdan qüvvə və qüdrət alır, müqavimət göstərirlər. Sionist həbsxanalarının divarları arxasında olan şəxs yalqız olduğunu hiss etməməli və möhkəm dayanmalıdır. Beytülmüqəddəsin, Qəzzə zolağının və işğal olunmuş Fələstinin digər şəhərlərinin küçə və xiyabanlarında sionist quldurların hücumuna məruz qalan qadın və kişi sizin onların arxasında olduğunuzu hiss etməli və müqavimət göstərməlidir. Sözsüz ki, hökumətlərin də üzərinə vəzifələr düşür. İslam Respublikası hökumətinin də üzərinə vəzifələr düşür, bu vəzifələrə əməl edir və yenə də edəcək.300



Beşinci fəsil: İslam hökumətlərinin məsuliyyəti

Müsəlman xalq və hökumətlərin vəzifəsi

Bu rejim qalası deyil. Sionistlər güman edirlər ki, Fələstinə hakim ola bilmişlər və Fələstin əbədəlik onlara məxsusdur. Xeyr, belə deyil. Fələstinin taleyi bir gün mütləq Fələstin dövlətinin qurulmasıdır. Fələstin xalqı bundan ötrü ayağa qalxmışdır. Müsəlman xalq və hökumətlərin vəzifəsi budur ki, bu məsafəni bacardıqca azaltsınlar və Fələstin xalqının o günə çatmasına yardım etsinlər.301

Bu gün bizim hamımız Fələstin xalqını mənəvi və maddi baxımdan dəstəkləməyə borcluyuq.302

ABŞ təxribatının ən mühüm çarəsi işğal olunmuş torpaqlar daxilində və fələstinli mübarizlərin güclü qollarındadır. Lakin bütün müsəlmanlar bu cihadda iştirak etməyə, mübarizlərə maliyyə, informasiya, siyasi, hərbi və texniki yardımlar göstərməyə borcludurlar. Fələstin xalqı tənhalıq hissi keçirməməlidir. Sionistlər, fələstinli mübarizlərin qatilləri dünyanın heç bir yerində təhlükəsizlik duymamalıdırlar. Dünyanın hər yerində hökumət və xalqlar tərəfindən mübariz fələstinlilərə yardım fondları və dəstək mərkəzləri yaradılmalıdır. İşğalçı dövlətə qarşı iqtisadi sanksiya tətbiq etmək, onu rəsmən tanımamaq bütün müsəlman dövlətlərin vəzifəsidir və xalqlar bu məsələyə həssas yanaşmalıdırlar. Bu və bütün mümkün işlərlə mövcud təxribata qarşı mübarizə aparılmalı, təsirinə maneçilik törədilməlidir. Hər halda, Fələstin məsələsinin yalnız bircə həll yolu var. O da bütün Fələstin torpağında bir Fələstin dövləti qurmaqdır.303


Fələstinə dəstək ilahi və siyasi vəzifə kimi

Fələstin xalqının əzabları bizim əzablarımız, dərdləri bizim dərdlərimizdir. Bu gün Fələstin xalqının "ey müsəlmanlar" fəryadı ucalmışdır. Bu fəryada cavab vermək İslam dövlətlərinin hər bir məmuruna vacibdir. Allah-Taala onlardan sorğu-sual edəcək. Bizim hamımız buna borcluyuq. Bu, siyasi mülahizələrdən üstün bir şeydir; baxmayaraq ki, siyasi ağıl da bu gün bütün İslam dünyasının əl-ələ verib işğalçı və təcavüzkar sionizmə qarşı mübarizə aparmalarını tələb edir. Bu təhlükə bütün İslam dünyasına aiddir. Fələstinə kömək göstərilməlidir; bundan başqa yol yoxdur. Əgər biz bunu etməsək, bu işi görən mütləq tapılacaq: "Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər".304 Bu, Allahın qanunudur.305


İsraili məhv etmək üçün neft satışını bir aylıq dayandırmaq

Neft satışını bir aylıq dayandırmaq əsaslı bir məsələdir. Buna dayaz yanaşmaq olmaz. Əlbəttə, bir nümayişkarlıq da deyil ki, bir dövlət təkcə qalxıb desin ki, mən dayandırıram. Bu, ciddi və real məsələdir və hamı buna qərar verməlidir.

Deyirlər ki, neft satışını dayandırmaq onu dayandıran ölkələrin zərərinədir; halbuki belə deyil. Bu, səhv qənaətdir. Bu, xalqların zərərinə deyil, xeyrinədir. İndinin özündə neftin qiymətinin qalxıb-düşməsindən xalqlar çox zərər görürlər; çünki ixtiyar digərlərinin əlindədir. Neft satışını bir aylıq dayandırmaqla bu qərar İslam xalqlarına məxsus olacaq. İslam xalqları və hökumətləri göstərəcəklər ki, beynəlxalq diktatorluğun və yalnız süngüyə arxalanan hegemonların istəyinə qarşı çıxa bilirlər. Bu işi görməlidirlər. Bu, zəruridir.

Əlbəttə, bəzi hökumətlər yaxşı mövqe seçdilər. Suriya və Livan hökumətləri cəsarətlə dayandılar, mövqeləri yaxşıdır. Lakin bütün ərəb hökumətləri, İslam hökumətləri, nefti ixrac və istehsal edən bütün hökumətlər özlərinin bu tarixi vəzifələrinə əhəmiyyətli yanaşmalıdırlar. Tarix gələcəkdə bu həlledici addımlar üçün mühakimə yürüdəcək. Bu gün də xalqlar mühakimə yürüdürlər. Bu gün xalqlar bunun əsasında öz hökumətlərinə, onların doğruluğuna, qayğıkeşliyinə qərar verirlər.306

Mən düşünürəm ki, ərəb hökumətlərinin görə biləcəyi mühüm işlərdən biri neft ixrac edənlərin neftdən istifadə etməsidir. Qərblilərin dünyada neft silahından istifadə etməməyə dair ortaya atdıqları söz düzgün deyil. Neft xalqlarındır və onların xeyrinə istifadə olunmalıdır. Amerikalılar buğdadan və qida məhsullarından silah kimi istifadə etdilər. Dünyanın çoxlu yerlərində edirlər. Nə üçün İslam və ərəb ölkələri bu haqqa malik olmasınlar?! Bir ay, təkcə bir ay simvolik formada İsraillə yaxşı münasibətləri olan bütün ölkələrə neft ixracını dayandırsınlar. Bu gün dünya bizim neftimizdən asılıdır. Əgər bizim neftimiz onların ixtiyarında olmasa, zavodları dayanar, işıq və istilik olmaz. Məgər bu, azdır?! Ərəb hökumətləri özlərinə görə bu işi görsünlər. Daimi demirik, bir ay simvolik olaraq, Fələstin xalqına dəstək üçün bu işi görsünlər. Dünya tərpənəcək. Bu onların görə biləcəyi işlərdəndir.307
Hökumətlərin vəzifəsi: müsəlman xalqların istəyi ilə razılaşmaq

Ümidvarıq ki, İslam hökumətləri müsəlman xalqların ümumi istəkləri ilə razılaşsınlar, bu böyük hərəkəti dəstəkləsinlər, işğalçı rejimlə hər bir əlaqəni tam kəssinlər, müxtəlif iqtisadi sanksiyalarla və digər vasitələrlə bu işğalçı rejimə qarşı mübarizə aparsınlar və xalq yardımlarını Fələstinin əsas məsələsinə - yaralıların müalicəsinə və xarabalıqların abadlaşdırılmasına sərf etsinlər. İran İslam Respublikası da bu hərəkətə və məzlum Fələstin xalqına öz dəstəklərini davam etdirəcək, Ümümdünya Qüds Günü tədbirlərini bütün müsəlmanlarla birgə hər il olduğundan daha möhtəşəm keçirəcək və ümidvardır ki, hər gün haqq və ədalətin qələbəsinin, batil və işğalçılığın məğlubiyyətinin və rüsvayçılığının şahidi olaq.308

Siz dünyanın dörddə birisiniz. Müsəlmanlar ən böyük enerji resurslarına malikdirlər. Bu gün dünya sizin neftinizə möhtacdır. Bu gün dünya sizin həssas həyat regionunuza möhtacdır. Nə üçün ABŞ sizi nəyəsə məcbur etməlidir?! Qəbul etməyin. Bu, şüarçılıq deyil, reallıqdır. Əgər çalışsaq, bu böyük ilahi və insani vəzifədə sədaqətli olsaq, həyata keçəsi və olasıdır.

Siz burada bir qətiyyətli hərəkət etməli və qətiyyətli qərar çıxarmalısınız. Bu Tehran konfransı faydalı ola bilər. İş sizin əlinizdədir, qərar verin. Parlamentlər oturub Fələstinin taleyi üçün qərar çıxarsınlar və onu hökumətlərdən istəsinlər. Ziyalı və yazıçılar yazsınlar, ictimai rəy oyansın, tələbə və gənclər uca səslə xalqların istəyini elan etməyə hazır olsunlar.

İran xalqı hazırdır. Biz imkan və gücümüz həddində bu vəzifəni yerinə yetirməyə hazırıq. Hegemonizmin düşmənçiliyinə də dözərik. Bizi Fələstini, Fələstin intifazəsini və Fələstin xalqının qiyamını himayə etdiyimizə görə təhdid etməsinlər. Bu dəstək bizim vəzifəmizdir. Biz bunu yerinə yetirəcəyik və heç bir təhdiddən də qorxmayacağıq. İnqilabdan dərhal sonra biz hegemonizmin təhdidlərinə məruz qalmışıq və Allahın lütfü, güc və qüvvəsi ilə hegemonizm bir iş görə bilməyib. Biz yenə də öz vəzifəmizi yerinə yetirəcəyik.

Mən siz möhtərəm cənablardan və əziz qardaşlardan xahiş edirəm ki, bu toplantıya tam ciddi yanaşın və qərar verməyə çalışın. Yalnız toplaşmaq, oturmaq, danışmaq və durmaq kifayət etmir, qərar verməlisiniz. Qərarla qayıtmalı və o qərarın icrasına çalışmalısınız. O zaman bağlı görünən yolların açıldığını görəcəksiniz. Müsəlman xalqların iradəsi qarşısında heç bir bağlı yol yoxdur.309

Bu gün Fələstin xalqının İslam ümmətindən haqlı gözləntiləri var. İslam hökumətlərindən də gözləntiləri var. Bu gün böyük İslam ümməti də İslam hökumətlərindən, xüsusən də ərəb hökumətlərindən gözləyir ki, işğalçı, zalım və həyasız sionizmlə əlaqələrini kəssinlər. Sionizm özünün həqiqi simasını bir daha aşkara çıxardı, bir daha göstərdi ki, güc dilindən, güc məntiqindən, güc və zorakılıq düşüncəsindən başqa bir şey anlamır.310
İslam hökumətlərinin sayıqlığının vacibliyi

İslam dünyası miqyasında da belədir. Hökumətlər bir-birinə yaxınlaşmalı və İslam gücü yaranmalıdır. Əgər hegemonizm İslam hökumətlərinin və dövlətlərinin hər birini cüzi məsələlərlə və yalançı vədlərlə İslam dünyasından ayıra bilsə, vəziyyət gördüyünüz kimi olacaq.311


Müsəlmanların maddi və mənəvi sərvətlərindən istifadə etməməsi

Əgər İslam ümməti öz neftindən, insan kapitalından, bazarlarından, elmindən, müxtəlif maddi və mənəvi ehtiyatlarından yaxşı istifadə etsə, dünya gücləri və istismarçılar bu şəkildə ona hegemonluq edə bilməzlər. Siz görün Fələstin xalqı barədə hegemonizm dünyasının zorakılığı nə qədər rüsvayçı və aydındır!

Bir xalq öz torpağında işğalçılara məğlub olub; özü də onların vasitəsilə törədilən faciələrlə: insan hüquqları tapdanır, insanların canı məhv olur, insanlardan bu torpaqda yaşamaq imkanı alınır, evləri uçurulur, tarlaları məhv edilir, ticarətləri bağlanır, istedadları boğulur, gənc, kişi və qadınlarını daim qətlə yetirirlər və hegemon dünyanın bir qismi açıq şəkildə bunları dəstəkləyir, bir qismi isə hətta həvəsləndirir də. İslam dünyası da tamaşaçıdır - guya bitərəf tamaşaçı. Bu, İslam dünyası üçün böyük dərddir. Səbəb İslam dünyasının zəifliyi və təfriqəsidir. İnanmalıyıq ki, bizim qüdrətimiz böyükdür. Bizi bir-birimizin canına salıb müxtəlif adlarla başımızı qarışdırırlar, bir-birimizə bədbin edirlər, məzhəb davası salırlar, milli qarşıdurma yaradırlar, ərazi iddiası qaldırırlar. Bizim parçalanmağımızdan sui-istifadə edirlər. Bu gün bizim ən böyük problemimiz budur.312
Müsəlman hökumətlərinin tarixi məsuliyyəti

Müsəlman hökumətləri özlərinin milli maraqlarını qorumaq, xalqlarının dəstəyini qazanmaq və tarixi məsuliyyətlərini yerinə yetirmək üçün İslam ümmətinin heysiyyətinin əsas nöqtələri üzərində dayanmalı, Fələstin xalqını açıq şəkildə dəstəkləməli, İraqın tam müstəqilliyini, Avropada, Asiyada və Afrikada yaşayan müsəlman xalqları, ölkələrindəki Quran heysiyyətini və Quran hökmlərini müdafiə etməli, bir-biri ilə əlaqələri yaxınlaşdırmalı, bir-birinə qarşı səmimi olmalı, yardım etməli və əl tutmalıdırlar. O zaman İslam ümməti özünü hegemonizmin boyunduruğundan xilas edib, bu gün hegemon dünyanın İslam dünyasına qarşı yönəlmiş təhdidlərini dəf edə biləcək.313


Sionizm rejimi ilə əlaqəni adiləşdirməkdən çəkinmək

Qəzzə məğlubiyyətinin fəsadlarını aradan qaldırmaq üçün amerikalılar, sionistlər və onların bəzi müttəfiqləri tərəfindən bir təxribat planı hazırlanmışdır: bəzi müsəlman və region hökumətləri arasında sionizm rejimi ilə çirkin əlaqəni adiləşdirmək. Onlar bu boyunduruq altına girməməlidirlər. İslam hökumətləri müxtəlif bəhanələrlə və ABŞ-ın könlünü almaqdan ötrü bütün region, bütün xalq və hökumətlər üçün təhlükəli olan bu qəddar, zalım və işğalçı rejimlə əlaqələrini adiləşdirməməli, ABŞ-a görə onlara xoş üz göstərməməlidirlər. Bu, pis işdir. Bunun pis olmasına bir dəlil də budur ki, bu işi görənlər əvvəldə onu gizli saxlayırlar; yəni pis işdir ki, gizlədirlər. Pis işi görməmək lazımdır, görüb gizlətmək yox.314


Müsəlmanların təşəbbüsü ələ almaq zamanı

Bu gün elə bir gündür ki, müsəlman xalq və hökumətlər təşəbbüsü ələ alıb böyük işlər görə bilərlər. Məzlum Fələstin xalqına yardım, ayıq İraq xalqını himayə, Livan, Suriya və digər region ölkələrinin sabitliyini və müstəqilliyini qorumaq ümumi vəzifədir. Siyasi, dini, mədəni və milli şəxsiyyətlərin, gənclərin və elm adamlarının vəzifəsi isə digərlərindən daha artıqdır. İslam məzhəblərinin ardıcılları arasında vəhdət və həmrəylik, firqə və milliyyət ixtilaflarından çəkinmək ən mühüm devizlərdən olmalıdır. Elmi, siyasi, mədəni fəaliyyətlər və bütün qüvvələri bu əsas işlərə səfərbər etmək onların dəvətinin sərlövhəsi olmalıdır.315

Müsəlman ölkələrin Xarici işlər nazirlərinin Malayziyada keçirdikləri konfrans yaxşı konfrans deyildi. Düzdür, mövqe bildirdilər, amma zəif idi. Bundan güclü addım atmalıdırlar. Bu qədər İslam ölkəsi var, amma müsəlman qardaşları elə əzabdadırlar. Bunlar daha güclü addımlar atmalıdırlar.316
Zəiflik kompleksindən çıxmaq

Əziz qardaş və bacılar! Bu vəziyyət İslam izzətinə uyğun deyil və İslam ümmətinin dərdlərinə çarə yolundan çox uzaqdır. Həm bütün müsəlman ölkələr Fələstin xalqının haqqının bərpa edilməsində layiqli rol ifa etməlidirlər, həm də İslam dünyası zəiflikdən təşəbbüsçülüyə keçməlidir. Bu iki vəzifəni hələlik yalnız Fələstin və Livanın mömin və qeyrətli gəncləri var gücləri ilə yerinə yetirirlər. Salam olsun onlara! Bizim Orta Şərq sülhü adlandırılan məsələyə qarşı çıxmağımız ədalətsiz, hegemon, təhqiramiz və nəhayət, qeyri-məntiqi olduğuna görədir. Sülhün mənası odur ki, sionistlər qonşu ölkələrin torpaqlarını geri qaytarsınlar və biz Fələstinin onlara məxsus olduğunu qəbul edək?! Bundan ədalətsiz qərar ola bilərmi?! Bu ziyanlı bazarlıqda qədim Fələstin xalqına nə cavab vermək olar?! Dövrün ibrətli zarafatlarından biri budur ki, işğalçı dövlət bunu da qeyri-uyğun bilmiş və rədd etmişdir. İslam dünyasının bu hegemon ruhiyyəyə cavab vermək zamanı çatmamışdırmı?! Biz öz münasibətlərimizi qaydaya salıb birləşsək, buna qadir olarıq. ABŞ İslam ölkələrinin İndoneziyadan Şimali Afrikaya qədər vahid cəbhəsinə qarşı nə edə bilər?! Bu gün hegemonizm bu cəbhənin pərakəndəliyindən istifadə edir. Bu sıranı öz xeyrimizə möhkəmlətmək zamanı çatmayıbmı?! Sionist hökuməti kimi bir düşmənin İslam dünyasının qəlbində yerləşməsi bəlkə bizi bir-birimizə yaxınlaşdıra bilərdi, amma hegemonizmin məxfi əlləri bu təhlükəni də öz qarşısından götürdü. Bizi elə vəziyyətə salıb ki, indi bir-birimizdən daha çox qorxuruq, nəinki düşməndən. Şübhə, yalan və təbliğatlar İslam ölkələrini əsassız olaraq bir-birindən qorxutmuşdur.317


İslam dünyasının öz potensialından istifadə etməsi

İslam dünyası mübarizə aparsın, bunu bacarar. Xəbislik və tamahkarlıqlar qarşısında dayanmaq üçün İslam dünyasının potensialı olduqca böyükdür. Bütün diqqətlər tez neftə yönəlir. Neft məsələsi deyil, bura dünyanın mərkəzidir. Qərb məhsullarının ən böyük bazarları bu regiondadır, işləri buraya bağlıdır. Dünyanın ən mühüm yolları müsəlman ölkələrinin ixtiyarındadır. Bunlar dünyanın həyat damarlarıdır, müsəlmanların əlindədir. Müsəlmanlar bunlardan istifadə etməlidirlər və bunu bacararlar.

Bütün bunlardan əlavə, bugünkü dünyada siyasi məntiq və söz keçərlidir. Hətta bu vasitələrdən istifadə etmədən də istəyə bilərlər. Hökumət və xalqların istəyinin beynəlxalq hadisələrdə böyük çəkisi var. Təəssüf ki, bundan istifadə olunmur, buna əhəmiyyətsiz yanaşılır.318
Ərəb Liqası üçün çətin imtahan

Ərəb hökumətləri çətin bir imtahan qarşısındadırlar. Ayıq ərəb xalqları onlardan qətiyyətli addım tələb edirlər. İslam konfransı və Ərəb Liqası Qəzzənin mühasirəsinin tam götürülməsindən, qərb sahillərində fələstinlilərin evlərinə hücumun tam dayandırılmasından, Netanyahu və Ehud Barak kimi cinayətkarların mühakiməsindən azına qane olmamalıdırlar.319



Altıncı fəsil: Media qurumlarının məsuliyyəti

Fələstini müdafiədə media qurumlarının vəzifəsi

Düşmən ictimai rəyi idarə etmək istəyir. Siz onun öz xalqınızın və səsinizin çatdığı qədərincə digər xalqların ictimai rəyini idarə etməsinə imkan verməməlisiniz. Fələstin hadisəsinə baxın. Orada haqq və batil cəbhələri aydındır. Bir xalqı öz ata-baba yurdundan, babalarının dəfn olunduğu tarixi torpaqlarından, həyatlarından, evlərindən məhrum etmişlər. Avropadan, Rusiyadan, ABŞ-dan və digər yerlərdən bir qrup əcnəbini toplayıb deyirlər ki, buranı idarə edin. Əgər ortada başqa heç bir amil olmasaydı da, bunun özü haqq və batilin harada olduğunu göstərərdi, o ki qala işğalçı əcnəbi qrup müxtəlif qəddar və yırtıcı üsullarla o torpağın sahibi olanları məhv edə. Daha bundan da aydın haqq və batil varmı?! Siz görün bu regionda İsrailin tərəfdarları – ABŞ, sionistlərin özü və digər hökumətlər bunun özünü dünyanın ictimai rəyində necə dəyişmişlər! Yəni ictimai rəyi elə dəyişmişlər ki, bu gün bu acınacaqlı hadisələr qarşısında dünyada mühüm hərəkət baş vermir. Əgər bu təbliğatlar olmasaydı, Fələstinlə heç bir əlaqəsi olmayan dünya xalqları belə hər gün Fələstin xalqının xeyrinə yürüş keçirər, etiraz edər, hökumətlərə təzyiq göstərərdilər. Əgər bu təbliğatlar olmasaydı, ümumiyyətlə, dünya siyasəti dəyişərdi. Onlar ictimai rəyi özləri istədikləri tərəfə yönəldirlər. Media işinin sözügedən məntiqi ardıcıllığına əməl etdiklərinə görə bu böyük yalanı xalqın beyninə yeritdilər. Əgər biz düzgün media işi görə bilsək, bu vəziyyəti bir qədər düzəldə bilərik. Yəni dünyanın ictimai rəyi üzərində elə iş aparaq ki, həqiqət aşkara çıxsın. Biz bu sahədə zəifik. “Biz” deyəndə haqq cəbhəsini nəzərdə tuturam.320


İnfromasiya vasitələrinin vəzifəsi

Bu gün dünya media və təbliğat dünyasıdır. Bu gün sizin qarşınızda İslam düşmənlərinin xəbər imperatorluğu durur. Bunların çoxu sionistlərin nəzarətindədir. Bu gün kütləvi informasiya vasitələri tərəfindən dünyanın - o cümlədən, ərəb və İslam ölkələrinin ictimai rəyinə sarı birtərəfli bir xəbər və təhlil avtobanı mövcuddur. Sionistlər əvvəldən informasiya və təbliğat vasitələrindən istifadə etdilər. Onların siyasətlərindən biri dünya mediasını ələ keçirmək idi. Onlar əvvəldən bir təbliğat fəndi seçdilər. Bu, çox əhəmiyyətli və həlledici idi, bu günə qədər təsirli olmuşdur. Bu təbliğat fəndi özlərini məzlum göstərməkdən ibarətdir. Bundan ötrü çoxlu əfsanələr quraşdırıldı, xəbərlər düzəldildi, dayanmadan səylər göstərildi. Bu gün qəddarlığın zirvəsində ola-ola həmin təbliğat yenə də davam edir. Yenə də ən mühüm təbliğat işləri özlərini məzlum göstərməkdir. Onlar yəhudilərin psixoloji sarsıntı məsələsini ortaya atıb dedilər ki, yəhudilər uzun əsrlər boyu təzyiq altında olublar, psixoloji sarsıntı keçiriblər və psixoloji dincliyə ehtiyacları var. Sionistlər Qərb ölkələrinin başçıları ilə və sonralar İslam və ərəb ölkələri ilə müzakirələrində psixoloji dinclik məsələsini irəli sürüb dedilər ki, bizim buna ehtiyacımız var və bu təmin olunmalıdır. Bu nə deməkdir? Bunun heç bir konkret mənası və heç bir sonu yoxdur. Hər hansı bir addımı atmaq lazım olduqda, onların xeyrinə olmasa, psixoloji dinclik bəhanəsi ilə mane ola bilirlər. Dünyada bir çoxlarını qane etdilər ki, psixoloji dincliyə ehtiyacları var və bu təmin olunmalıdır...

Onlar baş verən hadisələrdən, məsələn, 11 sentyabrda Nyu-York və Vaşinqtonda baş verən hadisədən maksimum istifadə edib Fələstin məsələsini İslam dünyasının problemləri sırasından kənarlaşdıra bildilər. ABŞ bu cəhətdən də sionistlərə hərtərəfli kömək göstərdi. Lakin qarşı tərəfdən, azadlıq iddiası edən ölkələrdə fələstinli qadın və uşaqların həyatına od vurmağa etiraz etməyə və bu gün Fələstin xalqı əleyhinə edilən qəddarlıqları söyləməyə heç kəsin haqqı yoxdur.

İslam ölkələrinin informasiya vasitələrinin rəhbər və əməkdaşları öz məsuliyyətlərini yaxşı təyin etməlidirlər. Bu, həyati əhəmiyyətə malik bir işdir. Bu, təkcə Fələstin xalqı üçün yox, bütün İslam dünyası üçün həyati məsələ və ağır vəzifədir...

İşğalçı sionistlər əleyhinə təbliğatın strategiyası üçün əsaslı bir proqram lazımdır. Bizim taktika formasında hər bir mövqedə məzlumluqların bir hissəsini bəyan etməyimiz yetmir. Bütün İslam dünyasında ümumi və ortaq təbliğat strategiyası təyin edilməli və rəhbər tutulmalıdır.

Dünyanın böyük media qurumları bizim ixtiyarımızda deyil. Amma ixtiyarımızda olanlar da az deyil. Biz bütün İslam dünyasına məxsus olanlardan maksimum istifadə etməliyik.321


İsraillə mübarizə üçün təbliğat yollarından istifadənin lazımlığı

İşğalçı dövlətin qurulmasına zəmin yaradan və bu gün də yaşamasını təmin edən amillərdən biri sionistlərin və dünyanın hər yerində olan dostlarının beynəlxalq informasiya vasitələrinin apardığı təbliğatdır. Dünyanın ictimai rəyini inandırmışlar ki, ev sahibi orada hakim olanlardır və bir qrup mədəniyyətdən uzaq insan da onlara maneçilik törədir. Təəssüf ki, bunu dünyada oturuşdurmuşlar. Bu məsələ üzərində bütün dünyada təbliğat işi aparmışlar, biz müsəlmanlar isə yatıb qalmışıq. Biz müsəlmanlar düşmənin təbliğat üsullarını bilməmiş, Fələstin xalqının haqlılığını çatdırmaq üçün ən yaxşı üsullardan bəhrələnməmişik.

Bu girişlə söyləmək istədiyim budur ki, dünyanın hər tərəfində bütün ziyalılar, yazıçılar, sənət adamları və informasiya işində azca da olsa, çalışan bütün şəxslər bu məsələyə qarşı tam məsuliyyətlə vəzifələrini yerinə yetirməlidirlər.

İkinci Dünya Müharibəsindən sonra yəhudilər bütün dünyada özlərini məzlum göstərmək üçün yüzlərlə və bəlkə də minlərlə film hazırlamışlar. Bu filmlər onların simasını məzlum, onlarla həqiqi, yaxud qeyri-həqiqi formada mübarizə aparan şəxslərin simasını zalım göstərir. Bizim bildiyimiz qədərincə bu gün Fələstin xalqına edilən zülm heç bir xalqa edilməmişdir. Ancaq təəssüf ki, dünyanın ictimai rəyi bu zülmdən xəbərdar deyil. Bu, düzgün çatdırılmalı, filmlər hazırlanmalı, sənət işləri görülməlidir ki, dünyanın bütün ictimai rəyi nə baş verdini bilsin.

Təəssüflə etiraf etməliyik ki, bizim ziyalılarımız və bacarıqlı şəxslər səhlənkarlıq etmişlər. Biz Fələstin məsələsini dünya miqyasında olduğu kimi tanıtdırmalıyıq. Bu iş üçün zəhmət çəkilməli, insanlar çalışıb işləməlidirlər. Biz bundan xəbərsiz qalmışıq.322

Təsadüfən, iki-üç il öncə italiyalılar bir kitab yazdılar, fars dilinə də tərcümə olundu. Orada CIA təşkilatının İncəsənət şöbəsinin müxtəlif fəaliyyətlərinə toxunulmuşdur. Siyasət bu şəkildə incəsənətdən istifadə edir. Bəs siz burada nə etmək istəyirsiniz?! Əgər dünyanın bütün siyasətçiləri, hegemonları, quldurları və hakim qüvvələri incəsənətdən istifadə etməyəcəklərinə dair öz müqəddəs kitabları önündə Allaha and içsəydilər, insan nisbətən rahatlaşıb deyərdi ki, çox gözəl, Allaha şükür olsun, daha incəsənət xilas oldu. Amma onlar incəsənətdən istifadə etməkdədirlər. Bəs siz nə düşünürsünüz?! Siz istəyirsiniz onların incəsənət vasitəsi ilə nail olduqları tamahkar məqsədlər qarşısında bu vasitədən istifadə etməyəsiniz?! Bu, ağıllı işdir?! Xeyr, bu ağıllı iş deyil.

Bu, İslam Respublikasının günahıdır. Müxtəlif məsələlərdə - Fələstin məsələsində və digər məsələlərdə də belədir. Bir xalq dünya güclərinin hegemon istəkləri qarşısında təslim olmadığına görə bütün vasitələrlə, o cümlədən, incəsənət vasitəsilə şiddətli hücuma məruz qalır. Qeyd etdiyim kimi, CIA təşkilatının İncəsənət şöbəsi var. İnqilabdan sonra onların bizim əleyhimizə, Şiəliyin və İslamın əleyhinə hazırladıqları filmlər olduqca çoxdur. İranlı prodüsser, kinematoqraf, aktyor, musiqiçi və bəstəkar olan sizlər bu reallığı və məzlumluğu dərk edirsinizsə, vəzifəniz nədir? Üzərinizə heç bir vəzifə düşmürmü?!

...Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Həqiqət budur ki, onların özü ən böyük zorakılığı törədənlərdir. Terrorizimdən danışırlar, amma məqsədləri budur ki, İslam Respublikası nə üçün öz vətənlərini müdafiə edən mübariz fələstinliləri dəstəkləyir. Beynəlxalq informasiya vasitələrinə görə, terrorizmi müdafiə fələstinli mübarizləri müdafiədir. İsrail tanklarının fələstinlilərin evlərini başlarına uçurması və bir neçə aylıq körpələri qətlə yetirməsi terrorçuluq deyil. Amma qəddar cinayətkar bir hərbçi bir hadisədə öldürüldükdə, öz mətbuatlarında ağlayan həyat yoldaşının şəklini ayrıca, uşağının şəklini ayrıca, dəfn mərasiminin şəklini də ayrıca vururlar. Bu, qarşı tərəfi zorakı və terrorçu təqdim etməkdən ötrüdür. Bu, sözügedən təbliğat əməllərindəndir. Qısası budur ki, incəsənətə və siyasətə bir qədər dərindən baxmalıyıq, dayaz yanaşmaq olmaz.323



Yeddinci fəsil: Aparıcı şəxsiyyətlərin məsuliyyəti

Müsəlman alimlərin, ziyalıların, siyasətçilərin, şairlərin, yazıçıların, sənət adamlarının və universitet mənsublarının məsuliyyəti

Hamı bu sahədə məsuliyyət daşıyır; ziyalılar, siyasətçilər, şairlər, yazıçılar, sənət adamları və universitet mənsubları məsuliyyət daşıyırlar. Bunlar aparıcı təbəqələr, media qurumlarını düzgün qidalandıra bilən şəxslərdir. Sizin burada toplanmanızın özü böyük bir hadisədir. Bu toplantıda siz bunu bütün İslam dünyasında sistematik media hərəkəti üçün bir əsasa çevirə bilərsiniz. Bu, mümkün işdir. Nə üçün biz öz imkanlarımızdan istifadə etmirik?!

İslam dünyasının bir çox yazıçı və ziyalıları bəzi İslam ölkələrinin və sionistlər qarşısında münasib rəftarı olmayan hökumətlərin başçılarına etiraz edib deyirlər ki, nə üçün öz neftinizdən, sərvətinizdən və siyasi imkanlarınızdan sionistlərə qarşı istifadə etmirsiniz. Əlbəttə, bu etiraz düzgündür. Lakin eynilə həmin sualı ziyalı, yazıçı və alimlərdən də soruşmaq olar: Nə üçün dəyərli elm və ziyalılıq sərvətindən layiqincə istifadə olunmur?! Bəzən bir şeir çoxlu puldan böyük təsir buraxır. Bir gün bir fələstinli şair bir qəsidə deyib ərəb dünyasının qəlbini təlatümə gətirdi. Bu, 1988-89-cu illərə aiddir. Bəzən yaxşı bir media fəaliyyətinin təsiri neft kranlarını bağlamaqdan da artıq olur.324

Siz İslam alimlərinin, müsəlman ölkələrinin yazıçı, ziyalı və tələbələrinin üzərinə daha təcili vəzifələr düşür. Siz xalqları ABŞ və İsrailin İslam dünyası üçün hazırladığı planların təhlükəsilə tanış edib möhtəşəm milli qüvvəni onunla mübarizəyə səfərbər edə bilərsiniz. Özlərini bu xəyanətlə yoldaşlığa hazırlayan hökumətlər öz xalqlarının qəzəb təhlükəsini duymalıdırlar.325

Bu gün müsəlman, xüsusən də ərəb hökumət və xalqlarının öhdəsinə ağır vəzifə düşür. Sözsüz ki, hökumətlərin vəzifəsi olduqca ağır və mühümdür. Lakin xalqların, xüsusən də dini və qeyri-dini alimlərin, siyasi şəxsiyyətlərin, ziyalıların və digər aparıcı qüvvələrin vəzifəsi hökumətlərin vəzifəsindən yüngül deyil. Bu vəzifə kömək etməkdən, ruhlandırmaqdan və bu müqəddəs cihadı davam etdirməkdən ibarətdir. Allah-Taaladan istəyirəm ki, bu vəzifəyə əməl etmək üçün bizim hamımıza uğur bəxş etsin.326
Siyasətçilərin, mütəfəkkirlərin və ziyalıların birliyi

İslam ümməti oyanıb onların qarşısında möhkəm dayanmalıdır. Birinci dərəcəli vəzifə də siyasətçilərin öhdəsinə düşür. İslam ölkələrinin rəhbərləri ayıq olmalıdırlar. Bu fəryadın bəzi doğma siyasətçilərin ağzından çıxması mümkündür. Lakin biz səhv etmirik. Biz əsas amili tanımaqda səhvə yol vermirik. Bunların ağzındandır, amma bunlarınkı deyil. Fəryad digərlərinin fəryadıdır, dünyanın hegemon qüvvələrinə aiddir. İslam ümmətinin birliyinə qarşı olanlar onlardır. Bu, onların səsidir. Biz bu səsi tanıyırıq. Birinci dərəcədə siyasətçi və rəhbərlər, həmçinin mütəfəkkirlər, xalqın beyni və qəlbi üzərində işləyən şəxslər, İslam dünyasının din alimləri, ziyalılar, yazıçılar, jurnalistlər, şairlər və ədəbiyyatçılar bu birliyi pozmaq istəyən əlləri xalqa tanıtdırmaqdan ibarət böyük vəzifəyə məsuliyyət daşıyırlar.

Quran bizə açıq şəkildə deyir: "Hamılıqla Allahın ipinə möhkəm sarılın".327 Allahın ipinə sarılmaq işini tək-tək də görmək olar. Amma Quran deyir ki, hamılıqla Allahın ipinə möhkəm sarılın, birgə olun və ayrılmayın. Hətta Allah ipinə sarılmaqda da təfriqəyə düşməyin, nəinki bəziləri Allah ipinə, bəziləri isə şeytan ipinə sarılmaq istəsinlər. Hətta hamı Allah ipinə sarılmaq istədikdə də bu, birlikdə olmalı, yekdil şəkildə görülməlidir. Bu, İslam dünyasının böyük problemidir.

Allah-Taala bütün İslam ümmətinə, bütün İslam xalqlarına və bütün İslam hökumətlərinə bu mühüm məsələni öz çəkisi və əhəmiyyəti qədər qəbul və icra etmək səadətini nəsib etsin! Allahın rəhməti olsun bizim dövrümüzdə vəhdət nidasını ucaldıb müsəlmanları birliyə dəvət edən Böyük İmamımızın ruhuna! Allah-Taala bizim qəlblərimizi Öz dəvəti ilə daha artıq tanış etsin və İslam ümmətinin gələcəyi keçmişdəkindən dəfələrlə yaxşı olsun!328



Müqavimətə mənəvi dəstək

Fələstin xalqının hər şeydən çox mənəvi dəstəyə və mövqe möhkəmliyinə ehtiyacı var. Düzdür, maddi ehtiyacları da var və onun üçün də ciddi addımlar atmaq lazımdır. Lakin onların özləri müxtəlif müsahibələrində deyirlər ki, bizim hər şeydən çox güclü ərəb-İslam mövqeyinə ehtiyacımız var.

Sizin konfransınız bu işin həyata keçməsinə şərait yaratmalı və Fələstin xalqını İslam ümmətinin geniş dəstəyinə ümidvar etməlidir. Müxtəlif İslam ölkələrinin nümayəndələri olan sizlər bu yolda çalışmaqla öz xalqlarınızın imkanlarını Fələstinin azadlığı üçün səfərbər edin, Fələstin xalqını müqaviməti davam etdirməyə ümidləndirin. Fələstin xalqı yaxşı bilir ki, İsrailin Livandakı dağıdıcı hərəkətlərini cilovlayan amil İsrailə cavab verən İslam müqavimətinin gücü və ona ağır zərbələr endirməsidir, onun-bunun sülh və vasitəçilik fəaliyyətlərinə güvənmək yox.329
Fələstin xalqının ən konkret və ən təcili tələbləri

Fələstin xalqının ən konkret və ən təcili tələbi budur ki, bu üç həftədə Fələstin qırğınlarını törədənlər bir İslam, yaxud ərəb məhkəməsində mühakimə olunub cəzalansınlar. Əqsa məscidinə getməsi ilə müsəlmanların hisslərini yaralayan o murdar məxluq330 cəzalandırılmalıdır. Şərafətli Qüds sionistlərdən tam təmizlənməli, Fələstin xalqının azad şəkildə öz taleyi barədə qərar çıxarmasına imkan yaradılmalıdır. Bunlar ərəb dövlət başçılarının irəli sürə biləcəyi konkret tələblərdir.331



Səkkizinci fəsil: Digər təbəqələrin məsuliyyəti

Hacıların siyasi ayıqlığı yüksəltmək vəzifəsi

Dünyanın dörd tərəfindən Kəbənin təvafının və böyük Peyğəmbərin ziyarətinin həvəsilə toplaşmış müsəlmanlar öz aralarında İslam ümmətinin bir çox böyük dərdlərinin dərmanı olan qardaşlıq bağlarını möhkəmlətmək üçün bu fürsətdən istifadə etməlidirlər. Bu gün açıq şəkildə görürük ki, İslam dünyasının bədxahları müsəlmanlar arasında daha çox təfriqə yaratmaqla məşğuldurlar. Halbuki İslam ümməti bu gün birlik və həmrəyliyə keçmişdəkindən daha ehtiyaclıdır. Bu gün düşmənlərin qanlı pəncəsi İslam torpaqlarının hər bir yerində aşkar şəkildə faciə törətməkdədir; Fələstin sionistlərin mənfur hökmranlığı altında günbəgün daha artıq əzabdadır, Əqsa məscidi ciddi təhlükəyə məruz qalır, məzlum Qəzzə əhalisi misilsiz soyqırımdan sonra hələ də ən ağır şəraitdədir.

İşğalçılar bir tərəfdən Fələstin, Livan və digər yerlərdə olan xalq müqavimət hərəkatlarını terrorçu adlandırır və digər tərəfdən regionun xalqları arasında vəhşicəsinə dini və milli terrorçuluğu idarə edirlər.332
Hacıların Fələstin məsələsinə dair vəzifəsi

Bu il bütün dünyadan Allahın evinə toplaşan qardaş və bacılar çalışıb müsəlmanların problemini irəli sürməklə, onların arasında birlik və həmrəylik yaratmağa çalışmaqla, - bu, müsəlmanların zalım güc imperatorluğunun caynağından xilası üçün əsas şərtdir - İslamın əsaslı təlimlərini yaymaqla və müasir dövrdə müsəlmanların böyük vəzifələrinə dair fikir mübadiləsi aparmaqla həcci İbrahim (ə) və Məhəmməd (s) həccinə çevirsinlər.

Böyük İslam rəhbəri olan İmam Xomeyni tərəfindən irəli sürülən İsrailin məhvi şüarı siyasətbaz sülh tərəfdarlarının istəyinə rəğmən, güclü və möhkəm şəkildə ortaya qoyulmalı, həcdə müsəlmanların ümumi tələbinə çevrilməlidir.333

Orada bir qrup müsəlman zülm altındadır və nə vaxt qətliam ediləcəyini gözləyir. Müsəlmanlar bu barədə nə etsinlər?! Həcdən başqa bir yol varmı?! Hegemon qüvvələri qorxudan amil xalqdır. Dünyanın hansısa tərəfində keçirilən bir konfransda bir neçə ölkənin oturub bir qətnamə qəbul etməsinə əhəmiyyət vermirlər. Yüz qətnamə də qəbul etsələr, nəticəsizdir. Məgər işğalçı sionistlər əleyhinə indiyədək bir neçə qətnamə qəbul olunmayıb?! Yəni heç nə; yəni hava! Qətnamənin faydası yoxdur. Hegemon qüvvələri qorxudan və durduran əsl amil xalqların fəallığıdır. Bunun üçün həcdən yaxşı yer varmı?! Bütün İslam ölkələrindən oraya iki milyon müsəlman toplaşır. Onların hansı birindən "Sizin Qorajde334 barədə fikriniz nədir?" - deyə soruşsan, cavab verəcək ki, oraya gedib məzlum müsəlmanları müdafiə etmək istəyirəm. Heyf deyil ki, biz bu toplumu əldən verək?! Heyf deyil ki, bu qədər faydalı olan və bu qədər müsəlmanın canını xilas edə bilən belə yaxşı bir toplantı əldən çıxsın?! Bu, həcci siyasiləşdirməkdir?!335



Qeyri-müsəlman ölkələrdən gözlənti

Qeyri-müsəlman və əsasən, Avropa ölkələrindən gözlənti budur ki, bir xalq - kişilər, qadınlar, qocalar, yeniyetmələr, südəmər körpələr əleyhinə törədilən cinayətlər qarşısında susmasınlar. Nə üçün susurlar?! Bu qədər cinayətdən sonra o işğalçı dövləti necə himayə edirlər?! Məgər insan haqlarının müdafiəçisi deyillər?! Əgər bu söz yalan, hiylə, siyasi oyun və xalqları talamaq üçün vasitə deyilsə, bura onun sınaq meydanıdır. Burada insan hüquqları tapdanır; mövqe bildirsinlər, danışsınlar, İsrailin işlərini pisləsinlər və ona təzyiq göstərsinlər. Necə ki, dünyanın bir yerində casusluq cinayətinə görə mühakimə olunan bir neçə yəhudi cinayətkardan ötrü səfərbər olurlar, müdaxilə edib danışmağı özlərinə borc bilirlər. Halbuki orada cinayətkar cəzalandırılır və qanuni bir iş baş verir, burada isə bir xalq məzlum olur. Müdaxilə etsinlər. Nə üçün müdaxilə etmirlər?! Sionistlərin, onlara bağlı kompaniyaların və sionist oliqarxların təsiri altında olmaq Avropa dövlətləri üçün rüsvayçılıqdır. Biz ABŞ-a bir söz demirik və ondan bir şey gözləmirik. O nə bir iş görəcək, nə də görə bilər. Çünki ABŞ-ın hakim heyəti sionistlərin əlindədir.336


Avropa dövlətlərinin imtahan yeri

Bu gün avropalılar və qərblilər üçün də böyük bir imtahan günüdür. Onlar bu qədər iddia etdikləri insan hüquqlarını və azadlığı müdafiə barədə imtahanlarını verməlidirlər. Məzlumluğun bu həddində olan bir xalqı necə müdafiə etməmək olar?! Düzdür, bəzi Avropa dövlətləri bir neçə söz demişlər, amma bunlar kifayət etmir. İslam Konfransı Təşkilatının və İslam ölkələrinin üzərinə vəzifə düşür.337

İkinci yol dəstəkdir. Bütün dünya bunları dəstəkləməlidir. Əlbəttə, xalqlar dəstəklədilər; Avropada da dəstəklədilər, yürüşə çıxdılar və müxtəlif üsullarla iradələrini göstərdilər. Bu dəstəklər hətta Amerika Birləşmiş Ştatları daxilində də göründü. Bundan sonra da bu işlər davam etdiriləcək. Lakin hökumətlər öz vəzifələrinə əməl etməlidirlər. Hamıdan vacib müsəlman və xüsusən də ərəb hökumətləridir.338
İslam Konfransı Təşkilatının Fələstini müdafiə vəzifəsi

Bu gün vəzifəsi və əsas fəlsəfəsi ümumiyyətlə, Fələstini müdafiədən, Fələstin məsələsindən ibarət olan İslam Konfransı Təşkilatı həqiqətən, müqavimət göstərməyə, İslam dünyasını sionistlərin və onların himayədarları olan superdövlətlərin zülmlərinə qarşı səfərbər etməyə borcludur.339


İdmançıların vəzifəsi

Əzizimiz olan bu cənab Araşın340 işi olduqca dəyərli idi. O, yarışını keçirsəydi və qələbə də çalsaydı, işinin dəyəri bu qədər olmazdı. Düzdür, dünyada bu işi gözdən salmağa çalışdılar, amma bacarmadılar. Hamısı əlbir oldular ki, olimpiyanı korladınız, siyasiləşdirdiniz. Onların özləri hər şeydən öz müstəmləkəçi siyasətlərinin xeyrinə istifadə edirlər. Amma müsəlman və mömin bir gənc bir dəyəri qoruyanda, məzlum bir xalqı müdafiə edəndə, nərə çəkən güclü bir beynəlxalq quldurla bu dillə və bu yolla vuruşanda onun əleyhinə belə ajiotaj yaradırlar. Əlbəttə ki, qələt edirlər. Onlar görülmüş bir iş qarşısında qaldılar və texniki zərbə aldılar, bu işlə vuruldular. İndi bundan sonra nə qədər ajiotaj yaratmaq istəyirlər yaratsınlar. O, öz işini gördü.341





Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə