Nobel Mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində olmuş və
tələbələrlə görüşmüşdür
Oktyabr ayının 3-də IV Bakı Humanitar Forumunun iştirakçısı, kimya üzrə Nobel
mükafatı laureatı professor Kurt Vütrix Bakı Ali Neft Məktəbində tələbələrlə görüş-
müşdür.
Tədbiri açan rektor Elmar Qasımov IV Bakı Humanitar Forumunun keçirilməsinin
və onun işində dünyanın nüfuzlu siyasətçilərinin və elm xadimlərinin iştirak etməsini
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının təzahürü kimi qiymətləndirmiş,
məşhur alim, 2002-ci ildə kimya üzrə Nobel mükafatının laureatı olmuş isveçrəli
professor Kurt Vütrixin Bakı Ali Neft Məktəbinə təşrif buyurmasından kollektivin şərəf
hissi keçirdiyini bildirmişdir. Rektor professor Kurt Vütrixin həyat yolu və elmi
fəaliyyəti haqqında tələbələri məlumatlandırmış, qonağa Bakı Ali Neft Məktəbinin
yaranma tarixi, fəaliyyətinin məqsədləri və son 3 ildə əldə etdiyi nailiyyətlər haqqında
danışmışdır.
Professor Kurt Vütrix Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrinin
sırasında layiqli yer tutduğunu vurğulamış, Azərbaycanda və ölkənin müasir tipli ali
təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini, özünün eyni zamanda
Sürix Mühəndislik, Elm, Texnologiya, Riyaziyyat və Menecment Universitetində
(İsveçrə) və Skripps adına Kaliforniya Elmi-tədqiqat İnstitutunda (ABŞ) çalışdığını
bildirmiş, tələbələrə elmi fəaliyyətinin əsas istiqamətləri olan biologiya, biofizika,
elektron paramaqnit rezonans spektroskopiyası üzrə tədqiqatlar haqqında məlumat
vermiş, onların çoxsaylı suallarını cavablandırmışdır.
Görüşün sonunda qonağa Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” diplomu təqdim
edilmişdir.