14
1929-cu ilin sonunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında
Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat institutu (ADETİ) yaradıldı.
V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, M.N.Pokrovski, A.N.Samoyloviç, A.O.Makovelski,
A.R.Zifeld, A.Saar və b. görkəmli rus alimlərinin əməyi ADETİ-nin Tarix şöbəsinin işinə
müsbət təsir göstərmişdir. Ə.S.Qubaydulin, V.Xuluflu, B.Çobanzadə, Ə.Haqverdiyev,
M.Quliyev, Q.Cəbiyev, M.Şahbazov və C.Nağıyevin fəaliyyəti də səmərəli olmuşdur.
20-ci illərin sonu və 30-cu illərdə həm rus (N.Y.Marr, S.V.Yuşkov,
A.Y.Krımski, N.İ.Anserov və b.), həm də Zaqafqaziya respublikalarından olan alimlər
(A.Q.Şanidze və b.) Azərbaycanın tarixi, etnoqrafiyası, arxeologiyası və
antropologiyasının öyrənilməsi sahəsində böyük iş aparırdılar.
Bu illərdə N.İ.Anserovun Azərbaycan əhalisinin antropoloji cəhətdən
öyrənilməsinə həsr olunmuş məqalələri, akademik A.Y.Krımskinin Qafqaz
Albaniyasının tarixinə dair əsərləri nəşr edilir. S.V.Yuşkov Qədim Albaniyanın
sərhədləri məsələsinin tədqiqi ilə məşğul olur. Akademik A.Q.Şanidze Qafqaz
albanlarının yeni kəşf edilmiş əlifbası barəsində çox qiymətli - əsil epoxal əsər nəşr
etdirir. Albaniyanın qədim tarixi problemlərinin dərk olunması üçün Y.İ.Krupnovun
Qayakənddəki son tunc dövr qəbir abidəsinə həsr olunmuş məqaləsi də mühüm
əhəmiyyətə malik idi.
SSRİ EA Zaqafqaziya filialının nəzdində yaradılmış SSRİ EA Azərbaycan
filialının tərkibində 1936-cı ildə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu təşkil
olundu. İnstitut elmi axtarışları Azərbaycan xalqının tarixi, onun maddi
mədəniyyətinin problemləri üzərində cəmləşdirdi. Y.A.Paxomovun tərtib etdiyi,
tərkibinə Azərbaycan tarixi üzrə mixi yazılı, antik və Bizans qaynaqları daxil edilən
"Azərbaycan tarixi üzrə mənbələrin icmalı" çox mühüm işlərdəndir.
Bu illərdə xaricdə X.S.Nüberq, E.Hersfeld, A.T.Olmsted, C.Kemeron və b.-nın
məzmunlu əsərləri çapdan çıxmışdır. Bu alimlər həmin əsərlərində diyarımızın qədim
tarixinin ayrı-ayrı məsələlərinə toxunurdular. Almaniyada nəşr olunan məşhur
"Arshaeologische Mitteilungen aus Iran" seriyasından çoxlu maraqlı məlumatlar
aşkara çıxarmaq mümkündür.
1941-ci ildə Vətən müharibəsi ərəfəsində elmi-kütləvi "Azərbaycan tarixi (qısa
oçerk)" nəşr edilmişdi.
Böyük Vətən müharibəsindən sonra diyarın qədim tarixi məsələlərinə maraq
daha da artmış, tədqiqat işi xeyli genişlənmişdi. Lakin müharibədən sonrakı ilk illər
ərzində bu istiqamətdə əsas yeri hələ də arxeoloji axtarışlar tuturdu.
Cənubi Azərbaycan ərazisində yaxın vaxtlaradək arxeoloji qazıntılar, demək
olar ki, aparılmırdı. J. de Morqanın İran Talışına ekspedisiyasından sonra Cənubi
Azərbaycanın cənub vilayətlərində arxeoloji kəşfiyyat işlərini 1936-cı ildə A.S.Steyn
aparmışdı. 1940-cı ildə E.F.Şmidt qədim məskənlərin aerofotosunun çəkilişini
15
aparmış, elə həmin ildə İran Arxeologiya İdarəsi xırda qazıntılar aparmağa cəhd
göstərmişdi.
Diyarın qədim tarixinin öyrənilməsi üçün Aşşur (Assuriya) kitabələrinin 1926-
1927-ci illərdə amerikalı D.D.Lakenbill tərəfindən toplu nəşri və Urartu kitabələrinin
1956-1957-ci illərdə Avstriya alimi F.Köniq tərəfindən hazırlanmış nəşri mühüm
əhəmiyyətə malikdir. Urartu kitabələrinin tam külliyyatı, onların rus dilinə tərcüməsi
və izahatları Q.A.Melikişvili tərəfindən nəşr etdirilmişdir ["Urartu mixi kitabələri",
M., 1960].
1955-ci ildən "Ümumdünya tarixi"nin cildləri çapdan çıxmağa başladı. SSRİ
Elmlər Akademiyası tərəfindən nəşr edilən bu sanballı əsər "marksist tarix
ədəbiyyatında bəşəriyyətin ən qədim zamanlardan müasir dövrümüzədək keçdiyi yolu
işıqlandıran ümumi əsər" [I c, s. 5] kimi nəzərdə tutulmuşdu.
1955-1956-cı illərdə çapdan çıxmış I və II cildlər ibtidai icma cəmiyyəti və
qədim dünya tarixinə həsr edilmişdir.
Təəssüf ki, konkret materialların çatışmaması üzündən Azərbaycanın ən qədim
tarixi I cilddə özünün əsil dərin elmi əksini tapmamışdır. Eneolit dövrü və Tunc əsri
çox səthi verilmişdir. Bu nəşrdə Manna tarixi özünə layiq yer tapa bilməmişdi,
II cilddə Qafqaz Albaniyasının da bəxti gətirməmişdir. Onun tarixinin
xəsiscəsinə işıqlandırılması zamanı bir sıra səhv müddəalar da irəli sürülmüşdür;
məsələn, iddia olunur ki, antik dövr Albaniyasında təsərrüfatın üstün forması köçəri
maldarlıq idi. E.ə. I əsrin ortalarına yaxın Albaniyanın müasir Kaxetiyanın bir
hissəsini tutması barəsindəki iddia da düzgün deyil. Bu ərazi alban tayfalarının
yayıldığı zona olmuşdur. Albaniyada məbəd "knyazlığı"ndan da çətin danışmaq olar.
1946-1953-cu illərdə S.M.Qazıyevin rəhbərliyi altında Mingəçevir SES-in
tikintisi rayonunda aparılan, öz miqyasına görə çox böyük, çoxillik arxeoloji
qazıntılar bizim üçün olduqca əhəmiyyətlidir. Ekspedisiya ilk tunc dövründən tutmuş
orta əsrlərədək olan dövrə aid zəngin material aşkar etmişdir. Bu materialların
içərisində son tunc və ilk dəmir dövrünün çoxlu abidəsi, skif qəbirləri, iki yüzdən
artıq katakomba, çoxlu küp qəbirləri vardır. Habelə alban kitabələrinin fraqmentleri,
xeyli paleoantropoloji material və s. var. Bu materialların bir hissəsi Albaniyanın Ön
Asiya ölkələri ilə əlaqələri barəsində danışmağa imkan verir.
40-cı illərin sonlarından Qobustan qayaüstü rəsmlərinin öyrənilməsinə
başlanılmış, burada imperator Domisian dövrünün latın kitabəsi də aşkar edilmişdir.
Qobustanın ilk tədqiqatçısı İ.M.Cəfərzadə olmuşdur. Onun işini C.Rüstəmov və
F.Muradova davam etdirirlər.
1949-cu ildə B.B.Piotrovskinin mühüm əhəmiyyətə malik olan "Zaqafqaziya
arxeologiyası" əsəri nəşr olunmuşdur. Bu əsərdə Cənubi Qafqazın ibtidai icma dövrü
abidələrinin şərhi verilmiş, geniş ümumiləşdirmələr aparılmışdır.