12
XIX əsrin son otuzilliyindən başlayaraq Şimali Azərbaycan ərazisində ilk
epizodik arxeoloji qazıntılar aparılmağa başlanmışdır. Onlar E.A.Ressler tərəfindən
başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam
etdirilmişdir.
Azərbaycanın,
o cümlədən Qafqaz Albaniyasının qədim tarixinin
öyrənilməsinə Qərbi Avropa alimləri K.İ.Noyman, A.Herrman, V.Tomaşek,
Y.Markvart, Q.Hübşman, T.Nöldeke və b. müəyyən töhfə vermişlər.
Xüsusi olaraq Manna tarixinə həsr edilmiş ilk tədqiqat K.Belkin 1884-cü ildə
çapdan çıxmış məqaləsi olmuşdur. Qədim İran tarixinə həsr olunmuş ümumi
əsərlərdə, yaylanın etnik tarixinin bu və ya digər aspektini, qədim dillərini, burada
mövcud olmuş dinləri nəzərdən keçirən xüsusi tədqiqatlarda Cənubi Azərbaycanın
tarixi coğrafiyası, etnik və dil mənzərəsi, ümumiyyətlə, qədim tarixi problemlərinin
aydınlaşdırılması üçün az iş görülməmişdi. Bunlar F.Şpigel, H.Ravlinson, F.Yusti,
H.Vinkler, Y.Praşek, E.Meyer, Q.Hüzinq, M.Ştrek, Y.Markvart, F.Türo-Danjen və b.-
nın əsərləridir.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra qədim tarix üzrə
elmi tədqiqatlar aparılmağa başlandı. 1920-ci ildə Azərbaycan Dövlət Muzeyi
yaradıldı. Respublika hökumətinin vəsatəti nəticəsində Tbilisi, Moskva və Leninqrad
muzeylərində saxlanılan Azərbaycan tarixinə aid qiymətli eksponatlar 1924-cü ildə bu
muzeyə verildi.
1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradıldı. Elə həmin
ildə onun tarix-etnoqrafiya bölməsi üzvlərinin təşəbbüsü ilə sonralar (1927-ci ildə)
"Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"
(Azkomstaris) adlandırılmış Arxeologiya Komitəsi təşkil olunur.
Qısa müddət ərzində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti respublikanın
arxeoloji-etnoqrafik tədqiqi, onun qədim tarixinin öyrənilməsi üzrə geniş və
məqsədyönlü fəaliyyətə başlayaraq, əslində iri elmi mərkəzə çevrilən Azərbaycan
Dövlət Muzeyinin "Materialları"nda, Azkomstarisin "Xəbərlər"ində, Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyətinin "Xəbərlər"i və "Əsərlər"ində ilk ciddi tədqiqatlar, o
cümlədən diyarın qədim tarixi üzrə də xeyli materiallar dərc olundu.
İyirminci illərdə respublikada artıq müntəzəm arxeoloji qazıntılar aparılırdı.
Azərbaycanın qədim tarixinin öyrənilməsinin formalaşması və inkişafı rus elminin
nümayəndələri - Azərbaycanın, ilk qədim dövr tarixçilərinin müəllimləri ilə sıx
əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.İ.Meşşaninovun,
habelə T.S.Passek, B.A.Latınin, A.A.Miller, B.V.Miller, A.A.İessen, Y.A.Paxomov,
V.M.Sısoyev və b.-nın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Elə bu illərdə elmə
milli
kadrlar -
R.İsmayılov, D.M.Şərifov, A.K.Ələkbərov, İ.İ.Əzimbəyov,
İ.M.Cəfərzadə, S.M.Qazıyev və b. gəlir.
13
Azərbaycan tarixi sahəsində tədqiqat işi lap əvvəldən özünün fərqli
xüsusiyyətlərinə malik idi. Uzaq keçmiş və ilkin orta əsrlərin yerli yazılı qaynaqlarının
demək olar ki, olmaması üzündən bu başlanğıc dövründə Azərbaycanın qədim tarixi
sahəsində bütün axtarışlar sırf arxeoloji istiqamət daşıyırdı. Artıq ilk böyük arxeoloji
ekspedisiyalar Dağlıq Qarabağ və Naxçıvan zonalarında, Gəncə zolağında, Mil düzündə,
Lənkəranda, Yaloylutəpədə, Nuxa qəzası, Qəbələ və b. rayonlarda xeyli gözlənilməz və
maraqlı əşyalar aşkara çıxarmış, elm qarşısında hələ tam həll olunmamış bir sıra yeni,
mühüm problemlər qoymuşdu.
O dövrdə mixi yazılar və digər qaynaqlardakı, habelə antik müəlliflərin
əsərlərindəki məlumatlara lazımi diqqət yetirilmirdi. Hər halda bu qaynaqlar, xüsusən
də Şərq qaynaqları, məhz, Azərbaycan tarixinin öyrənilməsi baxımından hələlik
xüsusi tədqiqat obyektinə çevrilməmişdi. Bu baxımdan Y.İ.Meşşaninov və
I.A.Paxomovun əsərləri müəyyən istisnalıq təşkil edir.
Azərbaycanın qədim tarixinin öyrənilməsinin bu mərhələsini bütövlükdə
səciyyələndirərkən məlum olur ki, alimlər demək olar ki, boş yerdə işə başlamalı
olurdular. Lakin məhz bu illərdə sonralar elmdə Azərbaycanın qədim tarixi kimi bölməni
fərqləndirməyə imkan verən tədqiqatlar və elmi istiqamətlərin bünövrəsi qoyulmuşdur.
Bu, Azərbaycanın qədim tarixi səhifələrinin canlandırılmasına imkan yaradan faktların
sistemləşdirilməsinin, yeni faktların əldə olunması və "oxunması"nın (əsasən arxeoloji
qazıntıların köməyi ilə) intensiv bir dövrü idi. Respublikanın qədim tarixinə ilk dəfə
bütün qədim tarixin geniş fonunda, qonşu və uzaq ölkələrin tarixi ilə az və ya çox sıx
əlaqəli şəkildə baxılmağa başlanır. Beləliklə, 20-ci illər alimlər nəslinin əməyi
sayəsində bərpa edilən qədim Azərbaycan tarixi tədricən Ön Asiyanın Qədim Şərq ölkələri
tarixi aləminə daxil olmağa başlayır.
Azərbaycan arxeologiyasının banilərindən biri İ.İ.Meşşaninov 20-30-cu illərdə
diyarın arxeologiyası və qədim tarixi üzrə bir sıra tədqiqatlar, habelə işin nəzəri
vəzifələrinə və perspektivlərinə, metodoloji səhvlərinə və nailiyyətlərinə həsr olunmuş
məqalələr nəşr etdirmişdir. Alim arxeoloji axtarışlarda etnoqrafik materialdan istifadə
edilməsinə xüsusi məqalə həsr etmişdir. Milli kadrların hazırlanması işində də
İ.İ.Meşşaninovun xidmətləri böyükdür.
20-ci illərdə Azərbaycanda ümumiləşdirici əsərlər - Azərbaycan tarixi üzrə
ümumi kurslar nəşr edilmişdir. Bu "kurslar" və "oçerklər"də qədim tarixə də nəzərə
çarpacaq dərəcədə yer ayrılırdı. Bunlar Y.A.Paxomovun "Azərbaycan tarixinin qısa
kursu", R.İsmayılovun "Azərbaycan tarixi", V.M.Sısoyevin "Azərbaycan (Şimali)
tarixinin qısa oçerki" və "Azərbaycan (Şimali) tarixinin ilkin oçerki" əsərlərindən
ibarətdir. T.S.Passekin və B.A.Latıninin qələminin məhsulu olan, arxeoloji materiallarla
zəngin "Şimali Azərbaycanın tarixə qədərki dövrü oçerki"ni də bu əsərlər seriyasına aid
etmək mümkündür.