Süleyman Rəhimov (1900-1983)



Yüklə 55,17 Kb.
tarix03.10.2017
ölçüsü55,17 Kb.
#3096
növüYazı

Süleyman Rəhimov (1900-1983)


Süleyman Hüseyn oğlu Rəhimov - görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı (1960), Sosialist Əməyi Qəhrəmanı (1975).
Süleyman Rəhimov 1900-cü ildə keçmiş Qarabağ xanlığının ərazisində, Qubadlı rayonunun (o vaxtkı Yilezavetpol quberniyasının Zəngəzur qəzası) Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. İlk təhsilini kənddə almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlamışdır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Bununla belə o 50 il bu əsərinin üzərində işləmiş və ona əlavələr etmişdir.
Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan Yazıçılar Birliyinin sədri (1939-1940), (1944-1945), Azərbaycan Khttp://www.azeribalasi.com/images/icons/icon2.gif P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan Khttp://www.azeribalasi.com/images/icons/icon2.gifP MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.
Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülmüşdür. Üç dəfə Lenin orleni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilmişdir, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları almışdır.
1983-cü il oktyabrın 11-də vəfat etmişdir.

Xalq şairi Rəsul Rzadan sonra Azərbaycan Yazıçılar İttifaqının növbəti sədri Süleyman Rəhimov olub. O bu yaradıcılıq təşkilatına müxtəlif illərdə üç dəfə rəhbərlik edib. Böyük şairimiz Səməd Vurğun Süleyman Rəhimovla bağlı maraqlı bir fikir söyləmişdir: "Süleyman nadir adamlardandır. O, çox cürətlidir. Məhz buna görə mən ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının uzaqvuran, ağır artilleriyasıdır". Geniş nəfəsli, məcraya sığmayan söz sərvətinin yiyəsi olan Süleyman Rəhimov yaşadığı dövrdə bütün yazıçılardan məhz öz "döyüş" hədəflərinin zənginliyi, sərrastlığı və rəngarəngliyi ilə seçilirdi. Əlbəttə, bu, təkcə mənim fikrim deyil, bütün ədəbi tənqidin gəldiyi nəticədir ki, Üzeyir Hacıbəyov musiqidə, Hüseyn Cavid, Cəfər Cabbarlı dramaturgiyada\, Səməd Vurğun poeziyada hansı rola malikdirlərsə, Süleyman Rəhimov da Azərbaycan nəsrində o mövqeyə sahibdir.
Bəllidir ki, sovet quruluşu zamanı həmişə yazıçıların qarşısına müxtəlif vəzifələr qoyulub. Müəlliflər də öz yaradıcılıq imkanlarından, istedadlarından istifadə edərək fakt və hadisələri seçib dövrün xarakterik cəhətlərini yazmağa, zəruri material kimi yeni-yeni süjetlər çərçivəsində sosializm həyatını obyektə çevirməyə məcbur idilər. Əslində sovet dövründəki tənqid nəsrimizdə baş alıb gedən süni süjet və konfliktləri realizmin, həyatın inikası kimi dəyərləndirirdi. Bəzi yazıçılar təbiətlərindən gələn səmimiyyətlərinə arxalanaraq müəyyən əsərlər yaratsalar da, təbii ki, bütövlükdə yaranan bədii məhsullar ciddi nəzarət və senzuradan keçirdi. Xoşbəxtlikdən Süleyman Rəhimov dövrünün bütün ziddiyyətlərindən qalib əsgər kimi çıxdı. O, söz döyüşündə həmişə haqlı idi.
1980-ci ilin baharında unudulmaz yazıçının 80 illiyi keçirilirdi. Ondan müsahibə almaq xoşbəxtliyi qismətimə düşdü. O görüşün bütün məqamları indiyə kimi yadımda qalıb. Cəmi 2-3 il idi ki, mətbuatda çalışırdım. Əlbəttə, gənc bir qələm sahibinin məşhur yazıçıdan müsahibə alması o dövrdə çətin idi. Görüşdən öncə xəyalımda görkəmli yazıçımızın cild-cild kitabları vərəqləndi: "Şamo", "Saçlı", "Ağbulaq dağlarında", "Məhtaban", "Mehman", "Medalyon", "Ötən günlər dəftərindən", "Ana abidəsi", "Qafqaz qartalı", "Qoşqar qızı"...
Möhtəşəmlikdə, ucalıqda, vüqarda Süleyman Rəhimov eynən bəyaz zirvəli dağlarımıza bənzəyirdi. Nədənsə mənə elə gəlirdi ki, o, adi insan deyil. Sanki insan simasında addımlayan, yeriyən, danışa bilən Dağdır. Sözü odlu, müdrik, özü kövrək, həssas. İndiyə kimi mehriban kəlmələri qulağımdan çəkilməyib.
Süleyman Rəhimov həmişə özünü müəllim sayırdı. "Səksən nədir, yüz il də keçə, mən özümü həmişə pedaqoji cəbhədən saymışam. İlk əmək fəaliyyətimə müəllimlikdən başlamışam. O günlər ömrümün nübarı, ən dadlı, unudulmaz anlarıdır. Elə yazıçılıq da müəllimlikdir" - deyirdi.
O, 1900-cü ilin martında Zəngəzur mahalının Qubadlı rayonunun Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində almışdır. Gəncliyinin ilk sevincini isə 1921-ci ildə qonşu Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləyərkən duyub. Onda nəinki doğma kəndi Əyində, Qubadlının özündə belə tək-tük savadı olan adam tapılardı. Belə bir vaxtda atasının, qohum-əqrəbasının arzu etdikləri kimi, "uşitel" oldu. Bu, gənc Süleymanın ən böyük arzusu idi. Özü danışırdı ki, "ilk dəfə sinfə girəndə gözlərim yaşarmışdı. On ildən artıq idi ki, mən bu sənətin həsrətlisi idim. Müəllimlik gözəllikdir, müqəddəslikdir". Odlu-alovlu gəncliyini müəllimlikdə keçirən Süleyman Rəhimov Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil almış, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs demişdir. Bütövlükdə savadsızlığın ləğvi uğrunda mübarizədə Süleyman Rəhimovun xidməti çoxdur.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. O "Şamo" ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər "Şamo" olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də "Şamo"dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı: "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır. Həyatda qorxaqdan kişi çıxmayan kimi, yazıçılıqda da qorxaqdan kişi yazıçı çıxa bilməz. Yazıçılıq xarüqəladə cəsarətdir".
"Şamo"dan söz düşmüşkən, yazıçı bu əsərini həqiqətən çox sevirdi. Yaratdığı qəhrəmana o qədər dərindən bağlanmışdı ki, hətta övladlarından birinin adını Şamo qoymuşdu. İnkaredilməz faktdır ki, Süleyman Rəhimov geniş nəfəsli, çox sanballı yazıçı idi. Xalq həyatının incəliklərinə dərindən bələdliyi yaratdığı epik lövhələrə canlılıq gətirmişdi.
Azərbaycan nəsrində Süleyman Rəhimov əslində roman-epopeya yaratmışdı. Amma bugünün prizmasından bu əsərlərə diqqət yetirəndə böyük yazıçıların da zamanın təzyiqindən kənara çıxa bilməməsi diqqət çəkir. Süleyman Rəhimov seçdiyi ədəbi qəhrəmanlara təkcə istedadının deyil, həm də dövrün prinsipləri əsasında yanaşmaq məcburiyyətində olub. Ermənilərə qan udduran, milli mənafe uğrunda savaşa qalxan, bu gün də haqqında nəinki təkcə Zəngəzurda, bütövlükdə Azərbaycanda danışılan qeyrtəli vətən oğlunun - Sultan bəyin "Şamo"da mənfi obraza çevrilməsi dövrün tələbi idi. Sovet quruluşu yazıçıdan məhz əsl bəylərin üstündən qara xətt çəkib guya xalq içindən çıxmış süni qəhrəman yaratmağı tələb edirdi. Buna görə də Sultan bəylər xalqa çox eybəcər şəkildə təqdim edilir, süni surətdə uydurulmuş obrazlar zirvəyə qaldırılırdı. Bu ziddiyyətlərin qovuşuğunda Süleyman Rəhimovun xalqa bağlılığı, vətən sevgisi onun bu əsərdə yeni müsbət obrazlar yaratmasına imkan verirdi. Süjet xətlərini genişləndirmək, oxucunun rəğbətini qazanmaq, bəlkə də daha çox ədəbiyyatda əbədi qalmaq üçün Süleyman Rəhimov əgər bir tərəfdən Lenin ideyalarını alqışlayırdısa, digər tərəfdən də milli kökə, adət-ənənəyə sadiq, qorxmaz, namuslu, cəngavər, orijinal qadın obrazlarını qələmə alırdı. Çünki belə anaların bətnindən ancaq igid və mərdlər doğula bilər. Milli şüura başqa cür xidmət etmək mümkün deyildi.
Süleyman Rəhimov ədəbiyyatımızda təkcə maraqlı yazıçı deyildi. O, həm də milli hisslərlə yaşayıb-yaradan böyük insan idi. Dövrün ab-havası, sosial həyat tərzi, sovet quruluşunun qanun və diktələri yazıçının yaradıcılığından təsirsiz keçməyə bilməzdi. Çünki ötən əsrin 20-ci illərindən başlayan repressiyalar qara caynaqlarını Azərbaycanın hər yerinə ilişdirmişdi. Fikir verin, Şamo adi çoban oğlundan məşhur inqilabçıya qədər bir ömür yolu keçir. Guya haqq-ədalət uğrunda mübarizəyə qoşulur. Amma söykənəcəyi nə olur - bolşeviklərin müraciətləri. Cəngavər bir igidin inandığı yanlışlıq onun nakam ölümü, həlak olması ilə nəticələnir. Müəllif əslində qəhrəmanını öldürməyə də bilərdi. Bəlkə də böyük sənətkarımızın uzaqgörənliyi idi ki, bütün çarpışmaların, inqilabların sonu uçurumdur, məğlubiyyətdir. Fikir verin, müsbət qəhrəmanlar - partizanlar, inqilabçılar müxtəlif vaxtlarda həlak olurlar. "Mənfi" surətlər, məsələn, elə Sultan bəy xaricə qaçır. Bunlar rəmzi məna daşıyır və elə mətləblər pıçıldayır ki, istər-istəməz Süleyman Rəhimovu yenidən tanımaq istəyirsən.
Bu mənada "Saçlı" romanında Süleyman Rəhimovun qələmi daha dərinliklərə işləmişdir. Kimdir onun hədəfinə tuş gələnlər: rayon icraiyyə komitəsinin sədri Qəşəm Sübhanverdizadə və onun əlaltıları. Süleyman Rəhimov böyük ustalıqla həyat gerçəkliklərini qələmə almışdır. Əsərdə nəcib ruhlu insanlarla fırıldaqçı, əliəyri, rüşvətxor, məsləksizlər üz-üzə dayanıblar. Bu əsər haqqında o dövrün tənqidi yazırdı: "Əsərin ciddi qüsurlarından biri ondan ibarətdir ki, burada tənqidi realizmə yol verilmiş və sovet həyat tərzi düzgün təsvir olunmamışdır". Yəqin ki, bu fikir xalq yazıçısının hansı duyğularla yazıb-yaratdığını bir daha aydınlaşdırır.
Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsində çalışmışdır. İllərin ardıcıllığına diqqət yetirəndə, az da olsa dövrün ab-havasından xəbər tutmaq mümkündür.
Münaqişələrlə, qruplaşmalarla, vahimə ilə dolu illərdə Yazıçılar İttifaqına rəhbərlik etmək çox ağır və çətin idi. Təkcə yuxarıların diktəsi deyil, fürsəti fövtə verməyənlərin təzyiqləri də bir sədr kimi onu münaqişəyə salırdı. Yazıçı Əyyub Abbasovla bağlı yazı hazırlayarkən onun arxivindən bir məktub tapıb oxumuşdum. "Zəngəzur" romanı ilə bağlı Süleyman Rəhimova şikayət edilib ki, Ə.Abbasov öz kitabında xalqlar dostluğuna zərbə vurur, erməni xalqını pisləyir, əski inqilabçıları tərifləyir və s.
Süleyman Rəhimov müxtəlif yüksək vəzifələrdə də çalışıb. Laçın, Samux, Şahbuz və Noraşendə rayon partiya komitələrinin katibi olub. Müharibədən sonra Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif Komitəsinin sədri işləyib. Üç dəfə Lenin (1946, 1970, 1975), Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və digər medallarla təltif edilib. 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adları alıb. Və bütün bunlarla bərabər 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq ədəbi prosesdə tərif və tənqidin hər üzünü görüb. Riyakarlıqla həqiqətin, şərlə xeyrin "töhfə"lərini dadıb. O dövrün mətbuatını vərəqləyəndə 1937-1938-ci illərdə baş verənlərin dəhşəti adamı iliyinə qədər ağrıdır. Kütləvi həbslər, hər gecə Bakı həbsxanalarında törədilən qətllər, güllələnmələr, sürgünlər dövrün necə qorxunc sifətdə olduğunu aydınlaşdırır. Süleyman Rəhimov kimi yazıçılar nə qədər ehtiyatlı tərpənsələr də, quruluşu tərənnümə can atsalar da, mütləq qələmə aldıqları hekayədə belə sətiraltı mənalarla həqiqətləri deyirdilər.
Bu cəhətdən yazıçının yaradıcılığında ən dolğun və bitkin əsər "Saçlı" və "Mehman"dır. Süleyman Rəhimov yazırdı: "Mən həyatda Mehman kimi prokuror tanımamışam və görməmişəm. Arzu edərdim ki, prokuror belə olsun. Mehman mənim arzumdu, ideal obrazımdı, məramnaməmdir. Əgər məndən soruşsaydılar ki, Mehman obrazı üçün kimi seçmisən? Deyərdim ki, öz arzumu, yazıçı Süleyman Rəhimovun görmək istədiklərini!"
Süleyman Rəhimovun yaradıcılıq uğurlarını müntəzəm izləyən, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən ətraflı məqalələr yazan, ümumilikdə bu cəfakeş ədibin əsərlərini tədqiq və təhlil etməkdən xüsusi zövq alan rəhmətlik tənqidçi Qulu Xəlilov yazırdı: "Süleyman Rəhimov Azərbaycan ədəbiyyatının tərxis tanımayan əsgəri olmuş və bu ədəbiyyatın yaradıcı sütunlarından birinə çevrilmişdir".
1937-ci ilin repressiyaları zamanı atası Sibirə sürgün edilən bir ziyalı mənə danışmışdı ki, 10-12 yaşında sürgündən qaçaraq evlərinə qayıdıbmış. Onu dərhal həbs edərək raykoma aparırlar. Masa arxasında əyləşən kişi halını görəndə gözləri dolur. Dərhal onu silahla gətirən adamlara acıqlanaraq deyir: "Uşaqdan da xalq düşməni olar? Utanmırsınız? Övlad ataya cavabdeh deyil. Buraxın getsin, yaşasın, oxusun, adam olsun". Sonra da başını sığallayıb "möhkəm ol, mütləq oxu" deyib. Çox sonralar bilib ki, onu süngülü tüfəng gəzdirən "əmi"lərdən xilas edən Süleyman Rəhimov imiş.
Süleyman Rəhimov kimi geniş ürək sahibi olan istedadlı yazıçılar birinci növbədə öz millətinin, xalqının, sonra dövrün, quruluşun, zamanın övladı olurlar. Dağ vüqarlı yazıçımız bütün varlığı ilə öz torpağına, vətəninə və milli psixologiyasına bağlı idi. O dövrün ədiblərini heç cür qınamaq olmaz ki, niyə bolşeviklərin tərəfinə keçmişdilər, onları müdafiə və tərənnüm edirdilər. Onlar ideologiyaya inanırdılar. Xüsusilə yoxsul ailədən çıxmış insanlara elə gəlirdi ki, həqiqətən fəhlə və kəndli hökuməti qurulub. Qırmızı imperiyanın necə qırmızı qan tökdüyü sonradan aydınlaşacaq.
Bəli, o, qocaman bir dağa bənzəyirdi. Elə bir dağa ki, zirvəsinə leysan yağırdı, dolu tökürdü, ətəklərində isə gölməçələr qaynaşırdı. Unudulmaz yazıçımızın əsərlərini bugünün gözü ilə oxuyanda bir daha əmin olursan ki, onun yaradıcılığının mərkəzində həmişə böyük problemlər dayanıb. Süleyman Rəhimovun dilinə də valeh olmamaq mümkün deyil. Xalq dilində nə qədər dürüst, rəngbərəng, ciddi, canlı yazmaq mümkünmüş?! Yaratdığı hər bir obrazın fərqli dili, danışığı var.
Süleyman Rəhimovun "Yazıçı və həyat" adlı kitabında ədəbi-tənqidi məqalələri toplanıb. Həmin kitabdan bir fikri diqqətə çəkirəm: "Biz sənət bağımıza dünya sənət bağından cins calaqlar gətirməliyik. Ancaq bu cins calaqlar elə peyvənd edilməlidir ki, gözəl sənət bağımızda bizim ən yaxşı ağaclarımız kimi çiçək açıb meyvələr versin". Belə yazıçı, belə kişi idi Süleyman Rəhimov.
...Yenə də onunla ilk və son görüşümüzü xatırlayıram. "Dünyada ən dilbər yer Zəngəzurdu - Qubadlıdı, Əyindi..." söyləmişdi. Mənə elə gəlir ki, böyük ustadın ruhu yenə də oradadır. "Gəlin məni xilas edin. Bu yurdun dağları, daşları kimi düşmən əhatəsində qalmayım" söyləyir. Ya Allah, səndən mədəd. Ruhun şad olsun, dədə Süleyman. Bu da bir anma idi könlümdən keçdi.

Bu il görkəmli sənətkarımızın S.Rəhimovun 115 illiyi münasibətilə bir çox məktəb və kitabxanalarda, ümumiyyətlə mədəni-maarif ocaqlarında “Süleyman Rəhimov-115” şüarı altında tədbirlər keçiriləcək. “Sərgidə Süleyman Rəhimovun irsini təbliğ edən şerlərin toplusu, B. Vahabzadə haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən də istifadə etmək olar. Həmçinin sərgiyə oxucu marağını artırmaq üçün şairin şerlərindən parçalar, görkəmli şəxsiyyətlərin şair haqqında deyilmiş sitatlarını vermək olar. Sərgidə yazıçının həyat və yaradıcılığının əsas tarixlərini göstərən siyahını da vermək olar. Kitabxanada oxucu konfransı, oxucularla görüş, şairin şerlərindən ibarət poeziya gecəsi, sual-cavab gecəsi, ədəbi-bədii gecə və s. keçirmək olar.

Bir sərginin nümunəsini veririk:


1



2



3




4




5




6



7




8




9



10



  1. Süleyman Rəhimov – 115.

  2. Süleyman Rəhimovun – şəkli.

  3. Süleyman Rəhimovun yaradıcılığından sitatlar.

  4. Süleyman Rəhimov haqqında deyilmiş fikirlərdən sitatlar.

5-6. Süleyman Rəhimovun əsərləri.

7-8. Süleyman Rəhimovun ayrı - ayrı əsərləri.

9. Süleyman Rəhimov haqqında dövri mətbuatda dərc

olunmuş məqalələr.

10. Bu kitabları oxuyun.

Tövsiyyə olunmuş ədəbiyyat:



  1. Secilmiş əsərləri: 2 cilddə/S.Güləliyev.-Təkrar nəşr.-Bakı:Şərq-Qərb,2005.-C.I.-288 s.;C.II.-312 s.

  2. Süleyman Rəhimov:/Fotoalbom/ /tərt.Ç.Əlıoğlu.-Bakı:Təhsil,2005.-112 s.

  3. Dədə Süleyman dünyası;xatirələr/tərt.A.Şamo.-Bakı: Mars –Print,2010.-500s.

Yüklə 55,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə