Söhrab sipehri



Yüklə 149,48 Kb.
tarix14.06.2018
ölçüsü149,48 Kb.
#49038

Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyi
« 525 КИТАБ » серийасы

Сямяд Сяфяров

Цчбуъаг



ики щекайя

Bakı – Mütərcim – 2010



Azərbaycan Respublikası

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
«525-ъи гязет»ин «525 Китаб» серийасы

«Дцнйа ядябиййаты» дярэисинин техники иштиракы иля

Серийанын рящбяри: Ряшад Мяъид,

«525-ъи гязет»ин баш редактору,

Азярбайъан Йазычылар Бирлийинин катиби

Серийанын тяртибчиси

вя редактору: Сялим Бабуллаоьлу

«Дцнйа ядябиййаты» дярэисинин

баш редактору

Няшрин редактору: Ялиш Мирзаллы


Дизайнер: Мятанят Гараханлы

Вяфа Ящмядова

Səməd Səfərov. Üçbucaq. İki hekayə

/ «525 Kитаб» серийасы. – Бакы: Мцтяръим, 2010. – 40 с.

© “525-ci qəzet”, 2010

Səməd Səfərov (Səfərov Səməd Kərəm oğlu) 1987-ci il oktyabrın 5-də Ağdam şəhərində anadan olub. Uşaqlıq və yeniyetməlik illərini Bakıda keçi­rib. 2005-ci ildə Bakı şəhəri 176 saylı orta məktəbi bi­tirib, TQDK-nın təşkil etdiyi imtahanı uğurla ke­çərək Moskva Dövlət Kimyəvi Texnologiya Aka­de­miyasında İdarəetmə ixtisa­sı üzrə dövlət xətti ilə təh­sil alıb. Tələbəlik illəri ərzində Mos­k­vadakı Azər­­­baycan diaspora ilə yaxından əmək­daş­lıq edib. 2007-ci ildə digər tələbələrlə birlikdə Mosk­va­­­dakı 157 saylı Azərbaycan etno-mədəni kompo­nen­t­­li orta məktəbdə “Molla Nəsrəddin Moskva­da” mühazirə-pyesini tamaşaya qoyub. Hal-ha­zır­da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xa­­­rici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çər­çi­vəsində İngiltərənin Man­çes­ter Universitetində Bey­nəlxalq Biznes və İdarəetmə ix­ti­sası üzrə ma­gist­ratura pilləsində təhsilini davam et­dirir.

Yeniyetməlik illərindən ədəbiyyata böyük ma­raq göstərən Səməd qələmini bir sıra ədəbi janr­larda sına­mış, bədii yazıları və məqalələri mü­sa­biqələrdə yer tut­muş, yerli və xarici mətbuatda – ABŞ-da, İngiltərədə, Ru­si­yada nəşr olunmuşdur.

2009-cu ildən Azərbaycan Yazıçılar Bir­li­yi­nin və onun nəzdindəki Gənc Ədiblər Məktəbinin üz­vüdür.
Üçbucaq

Bucaq bir
Dimitris dəmir darvazanın qabağında başını qaldı­rıb məmnun halda səmaya baxırdı. Bu gün təbiətin yağ­mur­dan bezgin şəhər sakinlərinə nadir hədiyyəsi vardı. Ge­niş mavi səmanın sinəsinə sancılmış günəş mərhə­mət­lə bərq vurur, şəhərin rütubətli havasını aramla qızdırırdı. Di­mitrisin gözləri qamaşıb qıyılırdı, amma o, günəşin be­ləcə gur şəfəqlənməsinə tamaşa etməkdən doymurdu. Yo­ru­cu və əsəbi keçmiş son günlərin müqabilində təbiətin bu sovqatına layiq görülmək onu azacıq ruhlandırmışdı.

Amma Mançesterdə yaşayan biri kimi ona yerli ha­va qədər şıltaq və dəyişkən ikinci bir şeyin yoxluğu çox­dan məlum idi. Yoldaşlarından birinin dediyinə görə, ötən qış bir səhər universitetə gedərkən eynilə bugünkü ki­mi səma günəşli, buludsuz, hava ilıq idi. Üç saatlıq mü­ha­zirədən sonra dışarı çıxanda isə küçədə dəlisov qar çov­ğunu çovuyurmuş.

Şəhər havasının belə xasiyyəti indi Dimitrisin ve­cinə deyildi. O, artıq əmindi ki, dünəndən axtardığı rahat­lı­ğı bu gözlənilməz isti günəşdə belə tapa bilməyəcək. Peş­mançılığın mübtəla etdiyi hissdən ürəyi sıxılırdı. Bu­gün­kü görüşün əhəmiyyətsizliyini də başa düşürdü. Bu hadisə zaman keçincə naxoşluğuna rəğmən, xatırlanıb gü­lü­nəcək hadisələrdən deyildi. Bütün ayın zəhməti bir çırt­may­la puç olmamışdı, bütöv ilin müqəddəratı bir çırt­may­la təhlükəyə məruz qalmışdı.

Dimitris İngiltərəyə biznes üzrə birillik magistra­tu­ra proqramına oxumağa gəlmişdi. Semestrin əvvəlində mar­ketinq dərsindən yetmiş faiz qiymətlik dəyəri olan kurs işi tapşırılmışdı. Çalışmanı hər biri iki nəfərdən iba­rət qruplar həll etməliydilər. Dimitris sinif yoldaşı Ruhul ilə razılaşmış, tapşırığı birlikdə yerinə yetirməyə qərar ver­mişdilər. Ruhul həm çalışqan, həm də dostcanlı birisi­nə bənzəyirdi. Onunla əməkdaşlıqlarının yüksək qiymət al­maqla yanaşı işin faydalılığına da müsbət təsir göstə­rə­cə­yi Dimitrisdə şübhə oyatmırdı.

Onlar əvvəlcə tapşırığı bölüşdülər və həftəbir-həf­təiki görüşüb, işin gedişatını müzakirə etməyi qərara aldı­lar. Bir aylıq ağır çalışmadan sonra nəhayət iş yazılıb ha­zır oldu. Onlar mətnin keyfiyyətindən də, birgə əmək­da­ş­lıq­dan da məmnun qalmışdılar. Amma təhvil günündən üç gün öncə, yəni son cümə günü görüşəndə Dimitrisin aid hissədə gözlərindən yayınmış bir səhv aşkarlandı. Səh­vin xırdalığına baxmayaraq, araşdırmanın təhvili ilə bağ­lıydı və yekun nəticələri kobudluqla təhrif edirdi. Xə­tanı həll etmək üçün Dimitris öz hissəsini düzəltməli, son­ra onu Ruhula göndərməli, o da nəticə və məslə­hət­lər­də düzəlişlər etməliydi.

Dimitris xeyli vaxtdı səmanın saf maviliyinə deyil, bu mavilikdə gözünə görünən xəyallarına, fikirlərinə bax­dı­ğını anladı. Parlaq günəşlə qarşılaşmanın gerçəkdə onu məsud etmədiyini dərk etməsi içindəki peşmanlığa ağır bir məyusluq havası da qatırdı. O, yüngülcə köksünü ötür­dü və bayaqkı məmnunluqdan məhrum tutqunluqla av­tobus dayanacağına doğru irəlilədi.

Maşın yolunun səkisində Dimitrisin önündə gah da­yanan, gah da ağır-ağır yeriyən cavan qızla oğlan var­dı. Qız yumruqlarını sinəsinə sıxmışdı və dəli kimi cırna­yır­dı. O, hərdən qəzəblə ayaqlarını bərk-bərk yerə döyür­dü. Oğlan onun vücudunu qucaqlamağa və onu ovundur­ma­ğa çalışsa da, qız oğlanı qollarıyla itələyir, dinləmir, ta­be olmurdu.

Dimitris narazı baxışlarla bu gəncləri izlədi. O, hə­mi­şə inanmışdı ki, günü necə, hansı ovqatla, təəssüratla baş­layır­dınsa, ona müvafiq də bitirəcəkdin. Bu səhərin zid­diyyəti isə onu ümidləndirəcək işıqlı heç nə vəd et­mir­di.

Dimitrisin yadına bazar günü bütün diqqətini tap­şı­rı­ğın islahına yönəltməyə qərar verməsi düşdü. O, mətni ta­mam yenidən oxumağı və təhlilini təkmilləşdirməyi plan­laşdırmışdı. Bir gün öncəki Hallouen şənliyində xeyli əy­lənmiş, həftənin yorğunluğunu canından çıxarmışdı. Odur ki, yeni qüvvət və zehin açıqlığı ilə bazarı doyunca ya­tıb, işə köklənmək fikrindəydi. Amma gecə şənlikdən qa­yı­dıb yatağa uzanmasından bir neçə saat ötmüşdü ki, sə­hər tezdən mobil telefonuna zəng gəldi.

Onun əmisi oğlu ABŞ-dan Yunanıstana səfərçün tran­zit reyslə Londona uçacaqdı. O, Hitrouda bir neçə saat ləngiyib, oradan Afinaya yollanmalıydı. Lakin aero­por­ta gələr-gəlməz məlum olmuşdu ki, növbəti uçuş bir gün təxirə salınıb. O da bazar günü olduğundan Dimit­ri­sin qatarla Londona gəlməsini və onunla şəhəri gəzməsini təklif etməkçün ona zəng vurmuşdu.

“Londona gedirəm, vacib işim çıxdı. Axşam qayı­dıb, hissəmi göndərəcəm” – Dimitris qatarın narahat otu­ra­cağında vurnuxa-vurnuxa Ruhula SMS yolladı və göz­lə­rini qapayıb yuxuladı.

O, avtobus dayanacağına çatdı, çox keçməmiş uni­ver­sitetə gedən ikimərtəbəli avtobus yaxınlaşdı. İngiltə­rə­nin onun xatirəsində qalacaq özəlliklərindən biri də bu hün­dür nəqliyyat vasitələriydi. O, həmişə avtobusun ikin­ci mərtəbəsinə qalxar, ən öndə əyləşər və məğrurluqla pən­cərədən baxa-baxa yol gedərdi. Səfər boyunca bütün in­sanların, miniklərin, hətta yük maşınlarının belə ondan aşa­ğıda qalması Dimitrisə özünü daha böyük, daha əzə­mət­li hiss etməyə imkan verirdi. Amma bu dəfə ruhunu bürü­müş məşum peşmanlıq duyğusu onu ikinci mərtəbə­yə qalxmağa qoymadı və alt salonda əyləşdirdi.

Dimitris Ruhulla əməkdaşlıqdan nə qədər məmnun qal­mışdısa da, digər dərslərin qruplarındakı tələbələrdən o qədər narazıydı. Kimisi tərs, kimisi inadkar, kimisi də qrup görüşlərinə daim gecikərdi. Bəzən görüşlər həyə­can­lı, əsəbi keçir, narazılıqlar, mübahisələr baş qaldırır, ha­mı­nın ovqatı əbəs yerə korlanırdı. Amma Ruhulla Dimit­ris belə bir çətinlik yaşamamışdı. Onlar bir-birlərini düz­gün başa düşür, məsuliyyətli davranırdılar. İkisi də əmin­di ki, marketinqdən kurs işi mütləq yüksək qiymətə layiq gö­rüləcək. Əgər problem olmazsa, Dimitris növbəti se­mest­r­də bütün dərslərdən qruplarda Ruhulla birlikdə işlə­mə­yi nəzərdə tuturdu. Hər ikisinin məqsədi magistratura proq­ramını fərqlənmə ilə bitirmək idi. Bu halda niyə də əmək­daşlıqları daimi olmasın?

Amma həyatda heç bir şey inanıldığı, gözlənildiyi ki­mi cərəyan etmir. Bunu son iki günün hadisələri də sü­but etmişdi. Fələk elə gətirmişdi ki, semestrin sonunda Di­mitrisin digər dərslərdən tapşırıqları qat-qat daha yük­sək qiymət alacaqdı. Ruhulla yazılmış kurs işi isə böyük if­lasa uğramışdı.

Dimitris avtobus pəncərəsindən ətrafı müşahidə edə-edə bazar gecəsini xatırladı. O, əmisi oğluyla London mər­kəzini qarış-qarış dolaşdı. Lakin axşam Mançesterə qa­yıtmağı nəzərdə tutsa da, əmisi oğlunun gecə klubuna get­mək təklifini rədd edə bilmədi. Onda, o, Ruhula isma­rış yazıb, yalnız səhər 3-4 radələrində hissəsini bitirib, onun elektron poçtuna göndərəcəyini bildirdi. Dimitris he­sab edirdi ki, həmin günün ən böyük səhvinə məhz hə­min an yol vermişdi. Əgər Mançesterə axşam qayıdası ol­say­dı, xoşagəlməz hadisələrin heç biri də baş verməzdi.

Avtobusun ağır getməsi, addımbaşı yolda dayan­ma­sı Dimitrisin hövsələsini daraltmışdı. Mançesterin en­siz küçələrinə nəqliyyat vasitələri karvan tək düzül­müş­dü­lər. Çoxadamlı dayanacaqlar, avtomobil qaynayan yol­lar sanki vaxtın ətəyindən bərk-bərk dartırdı. Dimitris qol saatı­na baxdı və uzun çəksə, görüşə gecikəcəyini düşün­dü.

Onun imtahan öncəsi, tapşırıqların təhvili ərəfə­sin­də yatmadığı gecələrinin sayı-hesabı yox idi. Təkrar-tək­rar sınaqlar, təcrübələr nəticəsində Dimitris yatmasa belə güm­rah və ayıq qalmağı öyrəndiyini zənn edirdi. Amma Lon­donda gecə klubundan otelə döndükdən sonra, o, hissəsini tamamlamağın qeyri-mümkünlüyünü anladı. Yor­ğunluğa qalib gəlmək üçün ilıq düş qəbul etdi, ey­van­da qəhvə içə-içə təmiz havada dayandı. Amma narahat yu­xu, uzun gəzintilər, bol söhbətlərin gətirmiş olduğu yu­xu ona güc gəldi və sonda Ruhula növbəti SMS-i yaz­ma­ğa məcbur etdi:

- Yazını səhər doqquzda göndərəcəm. İndi çox yor­ğu­nam.

Avtobus universitet ərazisinə yaxınlaşanda Di­mit­ris dayanacaqda əyləndi. Universitet küçələri, yolları tələ­bə­lərlə doluydu. Tələbə Birliyinin binasının qabağında ke­çilməz izdiham vardı. Gənclərin çığırtıları, söhbətləri, müx­təlif tədbirlərin, reklamların xəbər verildiyi me­qafonların küyü universitet deyil, böyük bir festival təəs­sü­­ratı yaradırdı. Uzun yağmurlu günlərdən sonra hər gü­nəşli və isti gün Mançesterdə bayram deməkdi və şəhəri can­landırırdı.

Dimitris görüş məkanına addımladıqca Londonun so­yuq səhərini xatırlayırdı. O, zəçngli saatın səsinə oyan­mış­dı. Sübh onu pəncərəni tappatup döyən yağış dam­la­la­rıy­la salamlamışdı. Gözlərini açanda qızdırıcının gecə yax­şı işləmədiyini, büzüşdüyünü, yorğanı başına qədər çək­diyini sezmişdi. Saat yeddinin yarısını göstərirdi. Hə­mən vaxt yuxudan oyansaydı, doqquza qədər hissəsində dü­zəlişləri edib, Ruhula göndərəcəkdi. Amma pəncərədə sü­rü­nən damlalarmı, otağa çökmüş soyuqluqmu, başın­da­kı ağrımı, onu saatı bir qədər sonraya qurmağa vadar etdi.

Saat yenidən çalınca Dimitris ağır-ağır yataqdan qalx­dı. Özüylə gətirdiyi noutbuku işə salıb, tapşırığın dü­zə­li­şinə başladı. Amma nəhayət işi bitirib, Ruhulun elektron poçtuna yollayanda saatın əqrəbləri vəd etdiyi ki­mi doqquzu deyil, onu göstərirdi.


Bucaq iki
Dimitris yataqxanadan bayıra çıxıb, səhər havasını də­rindən içinə çəkdi. Yağmurdan sonra qızınmış havada ya­zı xatırladan sərinlik vardı. Əgər səhərlər yatmağı sev­mə­səydi, hər gün dan yeri sökülməmiş yataqxananın hə­yə­tinə düşər və oturacaqda oturub, yavaş-yavaş işıqlanan ətra­fı seyr edərdi. Ona bəzən elə gəlirdi ki, hər gün yalnız par­laq günəşlə doğa bilər. Yox, nə vaxtkı göy üzünü bu­ludlar alar, yağış yağar, yeni gün doğmazdı, ona elə gə­lir­di ki, kainat ötən günün davamını yaşayırdı.

O, yataqxananın dəmir darvazasının ağır qapısını güc verib açdı və küçəyə çıxdı. Göy üzünü, onun kök­sün­dəki tənha günəşi uzun-uzun süzdü. Günəş o qədər zərif və qadıncıl hal almışdı ki, sanki azacıq meh əssəydi, onu uçur­dub aparacaqdı. Bir qədər keçmiş Dimitris başını aşa­ğı saldı və qaşqabaqlı nəzərlərlə ətrafa baxdı . Üz-gö­zün­dən zəhrimar yağırdı.

Maşın yolu istiqamətində yeridi. Səkidə yüngül qa­çışla məşğul olan cavan oğlanla qızı gördü. Əyinlərində id­man geyimi və qaçış ayaqqabıları vardı. Maşın yolunda gü­nəşin parıltılarıyla zinətlənmiş, yağışın yaratdığı göl­mə­çə­lərdə gənclərin hərəkətli əksi görünürdü. Qaçaraq kə­sik-kəsik söhbətləşir, gülümsəyirdilər.

Qəflətən surətlə arxadan gələn avtomobil iri bir gölməçənin suyunu qaçan gənclərin üstünə sıçratdı. Qız diksinib qorxdu. Bütün paltarının bulanıb yaş olduğunu an­la­yanda maşının dalınca dayanmadan söyüb-deyin­mə­yə başladı.

Sürücünün həyasızlığı Dimitrisin qəzəbini alovl­an­dır­dı və o, bu dünyada insanın mütləq başqalarına görə ba­şı ağrıdığını düşündü.

Dimitris gəncləri ötüb, dayanacağa gəldi və tez­lik­lə yaxınlaşan avtobusun aşağı mərtəbəsində arxada əy­ləş­di. Yol boyunca Mançesterin özünə xas qırmızı kərpicli bi­na­larını, şütüyən avtomobilləri, nəhəng avtobusları mü­şa­hidə edir və Con Runiyə olan qəzəbini uğursuzcasına unut­mağa çalışırdı.

Con Runi Dimitrisin və bütün yoldaşlarının ümid etdik­ləri kimi Ueyn Runinin qohumu deyildi, univer­si­tet­də işləyirdi və magistratura proqramında marketinq dər­si­ni tədris edirdi. Onun bir həftə öncəki mühazirədə söy­lə­dik­ləri indi, avtobus pəncərəsindən ətrafa baxan Dimit­ri­sin qulağında cingildəyirdi:

Tapşırığı bazar ertəsi beşə qədər təhvil ver­mə­li­si­niz. - Con Runi yazı taxtasının önündə dayanaraq məhz be­lə demişdi.

Bəs, son tarix saat bir deyilmi? – tələbələrdən biri so­ruşdu.

Yox, beş. – o, qətiyyətlə başını yellədi. - Saat beşi ke­çincə elektron nüsxənin qəbulu dayanacaq.

Əgər nüsxələrdən biri vaxtında təhvil verilməsə, m­ə­sələn, çap nüsxə verilib elektron nüsxə qalsa necə? Ya­xud tərsinə, onda qiymətə bunun təsiri olacaq?

Nüsxələrdən hər hansı biri vaxtında təhvil ve­ril­mə­sə, tapşırıq yalnız minimum qiymət alacaq – Professor qə­tiyyətlə qeyd emışdi.

Dimitrisin gözünə salonun ön oturacaqlarında əy­ləş­miş gənc oğlan sataşdı. Bu şənbə axşamı Hallouen şən­liyində saatbaşı ona yanaşan və çərənçiliyi ilə canını bo­­ğazına yığan həmin oğlandı. Sinif yoldaşlarından biri­nin tanışıydı və onunla birlikdə gəlmişdi.

Şənliyə hazırlıqsız təşrif buyurmuş yeganə adam elə bu oğlandı. Ondan başqa hamı maska taxmış, xüsusi ge­­yi­nib-keçinmişdi. Dimitrisin özü qorxunc olmasa belə, Zor­ro maskasındaydı və yanaqlarına yüngül qara boya sürt­müşdü. Oğlan maskasız gəldiyini anlayıb, “Mən bu gün gözəgörünməz maskayla gəlmişəm, bütün gecə yal­nız yalan danışacam, hətta bunun özü də, bəlkə, yalandı” de­yə­rək özünü naqolay vəziyyətdən çıxarmağa çalışmış, yün­gülcə gülmüşdü.

Avtobus Tələbə Birliyiylə üzbəüz dayanacaqda du­ran­da Dimitris üzünü oğlandan yan çevirərək avtobus qa­pı­sının qarşısına gəldi və çölə çıxdı. Tələbə Birliyinin önün­də sıx izdiham vardı. Bu izdiham ona bir gün əvvəl Con Runinin otağının qarşısındakı azsaylı tələbə yoldaş­la­rı­nı xatırlatmışdı.

Onda Dimitris tapşırığı vaxtında verməmiş tələbə­lər­lə Con Runinin yanına şikayətə gəlmişdi. Tələbələr ma­gist­ratura ofisində Con Runinin son tarixin saat beş ol­du­ğunu dediyinə görə gecikdiklərini israrla desələr də, kim­sə onları dinləmədi. Sonra isə məsələni həll etmək ümi­diylə məyus halda müəllimin otağına gayıtmışdılar.

Siz hamınız bundan xəbərdarsınız və hətta magist­ra­tu­ra kitabçanızda yazılıb ki, tapşırıqlar saat birə qədər ma­gistratura ofisinə təhvil verilməlidir – Con Runi üzünü ota­ğının qapısı qarşısında dayanmış tələbələrə tutub dedi.

Amma siz son tarixin saat beş olduğunu demiş­di­niz. – tələbələr etiraz etdilər.

Mən o cür söz söyləyə bilmərəm. Qayda-qanun var və biz buna həmişə riayət edirik.

Biz hamımız sizin dərsdə saat beşin son tarix ol­du­ğunu dediyinizi eşitmişik. Hətta tapşırığı vaxtında verən­lər də belə bilirdilər. Sadəcə bir təsadüf nəticəsində biz öy­rəndik ki, bu yanlışdır. – Dimitrisin sözlərini digərləri də yarımçıq səslərlə təsdiqlədilər.

Siz, yəqin, məni düz başa düşməmisiniz. Mən saat beş deyəndə, elektron təhvili nəzərdə tutmuşam. – Con Ru­ni təmkinlə cavab verdi.

Professor Runi, necə ola bilər ki, bu qədər adam si­zi doğru başa düşməsin?! – Dimitris soruşdu.

Təbii, bu, o deməkdir ki, siz dərslərdə diqqət­siz­si­niz.

Yalan söyləməsi bir yana, tələbələri ədalətsizcəsinə mü­hakimə etməsi Dimitrisi daha da qəzəbləndirdi. O, söz al­tında qalmamaq və müəllimə müqavimət göstərmək üçün yüksəkdən narazılıqla dedi:

Bu qeyri-mümkündür! Biz hamımız buraya oxu­ma­ğa gəlmişik və əməlimizə diqqətsiz ola bilmərik.

Hadisələr bunun tamamilə əksini göstərir.

Dimitris karıxdı və nə deyəcəyini bilmədi.

Siz bizə niyə inanmırsınız? – qız tələbələrdən biri mə­su­mluqla soruşdu.

Mən sizə inanıram və sizi gözəl anlayıram. – Con Ru­ninin sifətində istehzalı təbəssüm peyda oldu.

Sizin bütün dedikləriniz ağ yalandı! – Dimitris nü­ma­yişkəranə əlini havaya qaldırdı və qəzəblə dedi.

Con Runi onun gözlərini içinə baxdı və təmkinini poz­madan qətiyyətlə dedi:

Mən ümid edirəm ki, siz davranışınızın qəbul­edil­məz olduğunun fərqindəsiniz.

Dimitrisin gərginlikdən sifəti pörtmüşdü. O, Con Ru­ni­yə duyduğu şiddətli nifrətin və qəzəbin onun özünü yan­dıra biləcəyini anlayıb, yumruqlarını bərk-bərk sıxdı və daha söz demədən məkanı tərk etdi.

Xatırladıqları Dimitrisi yenidən pərişan etmişdi. O, Tə­ləbə Birliyinin qabağında hər yandan ona uzadılmış rən­garəng flayerləri nəzakətlə rədd edib, qələbəliyin için­dən ötüb keçdi. Yolunu kəsə salmaq üçün eyni səmtdəki par­ka sarı addımladı. Ayağını qazona elə yenicə basmışdı ki, anidən kimsə onun adını arxadan sevincək səslədi və Di­mitris qanrılıb, geri dönəndə sinif yoldaşı Luizanın şad­­yanalıqla yaxınlaşdığını gördü.

Dimitris Luizadan elə ilk görüşdəcə xoşlanmışdı. Onun sarı saçı, ovsunlayıcı tünd mavi gözləri vardı. Zərif vü­cu­du və makiyajdan zövqlə istifadə etmək bacarığı Luiza­nı Hollivud filmlərinin ecazkar aktrisalarına bənzə­dir­di. Dimitris həmişə onunla söhbətləşməkdən məmnun qa­lır­dı. O, ingilis olsa da, mançesterli deyildi və yerli əha­linin anlaşılmaz ləhcəsində danışmırdı. Odur ki, onu anla­maq Dimitrisə əlavə başağrısı yaratmırdı. Amma Di­mit­ris Luizanı ilk gördüyündən bəri hələ də onun gözlə­ri­nə düz baxıb, həyəcansız danışmağı özünə öyrədə bilmə­miş­di. Hər görəndə nitqi tutulur, ingiliscə doğru-dürüst da­nışmağı yadırğayır, nəfəsi sanki boğazından yuxarı qalx­mırdı. Con Runiyə duyduğu qanqaraldıcı qəzəblə Luiza­nın füsunkarlığına məftunluğu qarışınca Dimitris özü­nü daha da çaşdırdı.

O, özünü tədricən toparlayıb, söhbətə başladı. Əv­vəl havadan, Tələbə Birliyinin qarşısındakı izdihamdan danışdılar, sonra Hallouen şənliyini xatırladılar.

Heyrətamizdi! – Luiza ucadan səsləndi.

Uşaqların bəzilərini mən heç tanıya bilməmişdim. Əla maskalanmışdılar... –Dimitris susdu və bir qədər son­ra qısaca tamamladı – Gözəldi..

Elədir. Amma indi yenə dərs başladı... Eləməli o qə­dər şey var ki..

Dimitris heç vəchlə son günlərin hadisələrini xatır­la­maq istəmirdi və odur ki, mövzunu mümkün qədər dəyiş­məyə çalışdı.

Dərsə görə heyfslənməyə dəyməz. Bununla bir il ba­rış­malı olacağıq, – deyib gülümsədi.

Onun səsində nikbinlik aydın duyulurdu. Luiza ona ba­xıb, narazılıqla dodağını əydi və ağır-ağır söyləndi:

Düzdür, amma... Bilsən, bütün bu qrup çalış­mala­rın­dan sonra elə yorulmuşam ki..

Niyə? – Dimitris çarəsizliklə soruşdu.

Qız bir müddət susdu və yüngülcə köksünü ötürüb de­di:

Qrup üzvlərindən çox narazıyam. Mən hələ öm­rüm­də bu qədər məsuliyyətsiz, laqeyd adamlar görməmi­şəm. Uşaqlardan biri ümumiyyətlə az qala məni dəli edə­cək­di. – Luiza gözlərini bərəldib, başını yelləyərək dedi.

Dimitris semestrin əvvəlində nə qədər çalışdısa da, cü­rət edib, Luizaya yaxınlaşa, eyni qrupda yer almaq tək­lifini ona söyləyə bilməmişdi. Sonra düşünmüşdü ki, bir az səbrli olmalı, qızı daha yaxından tanımalı, dostlaşmalı və ikinci semestrdə birgə işləməliydilər. Hətta düşünürdü ki, o, Ruhul və Luiza birlikdə mükəmməl qrup qurardılar. Ru­hul çalışqandı, Luiza isə məftunedici.

Bax, təsəvvür elə, qərar verirdik ki, nəzəriyyələri oxu­yaq, gələk, müzakirə edək, amma heç kim oxumurdu. Ha­mı səfeh-səfeh bəhanələr tapırdı. Hələ oxumadığı şey­lər haqqında da müzakirə edirdi uşaqlar. – Luiza şika­yət­lən­di.

O, hamıyla belə deyildi. Dimitris bunu yaxşı bilir­di. Onunla Luiza başqa cürdü. Daha açıq, daha səmimi. Lui­za həmişə xoş danışır, gülür, zarafatlaşırdı. Dimitris ar­tıq Luizanın da ona meylli olduğunu zənn edirdi. Hal­louen şənliyindən sonra əmin oldu ki, şübhəyə yer yoxdu və randevu almağın vaxtıdır. Amma gic bir tərəddüd cə­sa­rətini qandallamışdı.

“Bəlkə, bunu indi desin?” - deyə düşündü. Həmişə təm­kinli olmuşdu, daha uyğun məqam gözləmişdi. Mə­qam nə qədər də münasibdisə də Hallouen şənliyində də bir şey edə bilmədi. Qəzəbi, hirsi, nifrəti coşub-daşan, bü­tün vücudu gərilən vaxtı bunu demək asan olmazdımı? Bəlkə, içini doldurmuş duyğular onu daha da cəsarət­lən­dirəcək və ürəkləndirəcəkdi?

Dimitris üzünü çevirib, Luizanın hərəkətli dodaq­la­rı­na və həlim gözlərinə baxdı. O, fasiləsiz astadan danı­şır­dı.

Sonra yazdıqları mətn... dəhşət... Magistratura tələ­bə­­si elə savadsız yazı yazar? Mənim həyatda ən nif­rət et­di­yim şey məsuliyyətsizlik və etibarsızlıqdır. Adam nə­yi­sə etdiyini dedimi, onu mütləq eləməlidir. Uşaq deyilik ki.

Luiza anidən Dimitrisin sürəkli baxışlarını sezdi və qeyri-adi təəccüblü nəsə görübmüş kimi donub qaldı. Gənclərin baxışları rastlaşdı və bir müddət yayınmadı.

Dimitris özünü nə qədər sıxdısa da, ürəyini par­çalayan etirafı qəflətən havaya partlatmaq istəsə də, Luizanın “məsuliyyətsizlik” və “etibarsızlıq” sözləri qu­la­ğından getmədi ki, getmədi. Son günlərin bütün ha­di­sə­ləri videolent kimi dərhal gözləri önündən ötüb keçdi. Onun ağzı sanki qıfıllanmışdı, bir şey söyləyə bilmirdi. Bu çaşqınlığını görən Luiza xəfifcə gülümsədi və Dimit­ris xatırladı ki, Luiza Hallouen şənliyində də ona məhz bu cürə, masa arxasından Luizanı oğrun-oğrun izlədiyi və onun bunu sezdiyi zaman da gülümsəmişdi. Dimitris həm də onu xatırladı ki, Luizanın ona meylli olduğuna şüb­hələrini yox edən də elə həmin bu sirli və möcüzəli təbəs­süm­dü. Amma Dimitris nə qədər cəhd etdisə də, çalışsa da, Luizanın qulağında cingiltiləri eşidilən son sözləri ona ürəyini açmağa qoymadı.




Bucaq üç
Dimitris yataqxanadan çıxıb, qapıda ayaq saxladı. Qolunu ağır-ağır qaldırıb, saatına baxdı və fikrə getdi. Ru­hulla görüşə yarım saat vaxt qalırdı. O, xeyli yuban­mış­dı.

Son illər yubanmanın onun üçün adi hala çevril­di­yinin fərqindəydi. Zaman daima ondan irəliyə qaçır, o isə arxadan vaxtı izləyirdi. Nə qədər cəhd eləyib, zamanı tut­maq istəsə də, ona doğru atılsa da, bəzən hətta müvəqqəti tutub yapışa da, Dimitrisin heç vaxt zamanla qoşa ge­tməyə qüvvəti çatmırdı. Zaman özüylə birlikdə Dimitrisin yaşamaq istədiyi, arzuladığı həyatı da aparırdı və beləcə, o, yalnız zamana deyil, həyatına da gecikirdi. Dimitris vaxtında yatağından qalxmır, həmişə dərsə gecikir, gö­rüş­lərdə hamını gözlətdirir, etməli olduğu işləri vaxtından gec görürdü. Planlaşdırdığı həyatı heç vaxt ona yaxın dur­murdu və bu əbədi qovuşmazlıq Dimitrisi bəzən çox mə­yus edirdi. Həyatı, səsi görüntülərindən gec eşidilən futbol qarşılaşmasına bənzəyirdi.

Bu gün səhər mətbəx pəncərəsindən bayıra baxa-ba­xa tələsmədən iştahla xörək yeməsi onu yenə yubat­mış­dı. Onun hər uzun yuxudan sonra həmişə ayılmaq üçün ağır xörəyə ehtiyacı vardı. Həm də havanın gözəl­li­yini səhər yeməyilə qeyd etmək və gərginliyini azalt­maq da keçmişdi könlündən.

Zaman darlığına rəğmən, avtobus əgər dayanacağa tez gəlsəydi, Dimitris görüşə vaxtında yetişəcəyini güman edir­di. Amma Ruhula duyduğu acıqdan dolayı ürəyinin için­də gecikmək və Ruhulu azacıq gözlətmək istəyi də yox deyildi.

O, bazar ertəsi əmisi oğlunu yola saldıqdan sonra günorta qatarla Mançesterə qayıtmışdı. Dəmiryolu stan­siya­sından birbaşa universitetə yollanıb, Con Runiylə tələbələrin görüşünə getmişdi. Ruhul dəyməli yeri oldu­ğu­nu səbəb gətirib, təşəbbüsə qoşulmamışdı. Onun bu hə­rə­kəti, haqlı və ya haqsız, Dimitrisi narazı salmış və bərk hirsləndirmişdi.

Con Runiylə uğursuz söhbətdən sonra Dimitris Ru­hul­la telefonda danışmış, növbəti gün səhər universitetə ya­xın bir pabda görüşməyə qərar vermişdilər.

Dimitris yataqxananı tərk edib, dayanacağa yol­lan­dı. Avtobusu gözlədiyi zaman bir gün öncə gündüz tə­lə­bə yoldaşlarından birinin ona zəng etməsini xatırladı. O, tapşırığı təhvil vermək üçün magistratura ofisinə gəl­di­yi­ni və təsadüfən son tarixin saat beş deyil, bir olduğunu öy­rəndiyini xəbər vermişdi.

Burda deyirlər ki, saat birdən sonra tapşırıqlar qə­bul olunmayacaq. Hamısı “gec təhvil” kimi qeydə alına­caq.

Sən demədin ki, professor Runi özü bizə beş deyib? – Dimitris təşvişlə soruşdu.

Dedim. Cavab verdilər ki, elektron nüsxənin son tarixi beşdir. Ofisə isə nüsxələr birə qədər verilməlidir.

Qoy, mən Ruhula tez xəbər verim. – deyib, Di­mitris vidalaşdı, amma Ruhula bir-birinin ardınca nə qə­dər zənglər etsə, ismarışlar göndərsə də, Ruhul nə tele­fonu açdı, nə də bir cavab yazdı.

Dimitris avtobusda əyləşməsindən az keçmiş ön sıralardakı üzü çox tanış gələn cavan oğlanı gördü. Onun əynində universitetin adı yazılmış göy hudi vardı və maraqla pəncərədən ətrafı seyr edirdi. Dimitris yaddaşını nə qədər qurcalasa da, onun kimliyini müəyyən edə bilmədi. Oğlan yalnız üzünü ona tərəf çevirəndə Dimitris onu haradan tanıdığını iti baxışlarından dəqiqləşdirdi. O, görünməmiş qalmaq üçün gözünü oğlandan yayındırdı və pəncərədən bayıra baxmağa davam etdi.

Dimitrisin yadına Ruhulla şənbə söhbətləşmələri düşdü. Ruhul onun axşamkı Hallouen şənliyinə gəlməsini israrla istəyir, Dimitrissə inadkarlıq göstərir, hissəsinin­də­ki səhvi həll etməyincə rahatlaşa bilməyəcəyini de­yirdi.

Sabah boş olacaqsan. Onda çalışarsan. İndi bütün si­nif əyləncəyə gedir, sənsə otağında axmaq kimi tək otur­maq istəyirsən.

Axşam getsəm, çoxlu içəcəyik, sabah da başım ağrı­yacaq.

Bazar ertəsi beşə qədər vaxtımız var da. Ağciyər olma. Luiza da gələcək..

Dimitris sonda gəlməyə razılaşdı.

Şənlikdə bütün sinif xeyli əylənmiş və rəqs et­mişdilər. Dimitris bir kərəsində Luiza ilə birlikdə masa ba­şın­da oturub, söhbətləşdiyi zaman həmin avtobusda gör­düyü oğlan onun yanında əyləşmiş və tez-tez onu düm­sükləyib, nələrsə söyləyir, söhbətə tuturdu. Luiza oğ­lanın Dimitrislə dialoqa can atdığını anlayıb, masadan qalx­mış, ayaqüstə söhbətləşən qızlara qoşulmuşdu.

Dimitris ağzını onun qulağına dirəmiş və yüngül te­kila qoxulu gənci dinləmir, laqeydlik göstərirdi. O, ma­sa başından oğrun-oğrun Luizanı süzürdü. Qızın qədəhi necə tutmasını, danışarkən dodaqlarının hərəkətini və mi­mi­kasını diqqətlə müşahidə edirdi. Onun inadkar ba­xış­larını sezən Luiza anidən üzünü ona tərəf çevirmiş və gənc­lərin baxışları rastlaşmışdı. Onlar bir-birlərinə bir ne­çə saniyə göz qırpmadan baxmış, sonda Luiza dodağını qa­çırmış, yüngül gülümsəmişdi.

Dimitris də avtobus pəncərəsindən baxarkən xəyal­la­rındakı təbəssümü görüb öz-özünə gülümsədi. Yenidən kimdənsə xoşlanmaq, sevginin uzaqdan gələn qoxusunu kəsik-kəsik olsa da hiss etmək onu ruhlandırırdı. Amma sevinci qol-qanad açıb pərvazlanmırdı. Ruhula duyduğu hirsi onun ovqatında lövbər salmış qara gəmi kimiydi.

Ayağa qalxıb, avtobusun önünə gəldi və dayana­caq­da əyləndi. Tələbə Birliyinin qabağından keçib, yolu­nu kəsə salmaq üçün parkdan keçdi. Orada təsadüfən Luizayla görüşdü və onunla söhbətləşdi. Vidalaşıb ayrıl­dıqdan sonra saata bir də baxdı. Görüşə on dəqiqə gecik­mişdi.

Ruhul Dimitrisin Mançesterdə ən etibarlı adamı idi. Dostluqları universitet çərçivəsini aşmış, tələbə yol­daşlığından dərin və sıx dostluğa çevrəlmişdi. Onlar mühazirələrdə yanaşı oturur, birgə dərslə məşğul olur, dərsdən kənar da birlikdə əylənirdilər. Tanışqlıqlarından bəri heç vaxt bir-birlərindən yardımlarını əsirgəməmiş­d­ilər. Amma Dimitrisin dar ayaqda heç cür Ruhulu tapa bil­məməsi (bu, hətta Ruhul üçün də mühüm olsa belə) onu bərk məyus etmiş, acıqlandırmışdı.

Ruhul bir gün öncə, yəni bazar ertəsi saat on ikidə nə­həng neft şirkətlərindən birinin təqdimatına getməliydi. Təq­­dimatda şirkətdə işə düzəlmək haqqında bilgilər veri­ləcək, iştirakçılar şirkətin yüksək vəzifəli işçiləriylə ün­siy­yət qurmaq imkanı əldə edəcəkdilər. Ruhul güman edir­di ki, Dimitris özünə aid hissəsini saat doqquzda gön­dərdikdən sonra, o, tapşırığı tamamlayacaq, aparıb, uni­ver­sitetə təhvil verəcək, ardınca isə təqdimata gedəcəkdi. O, ehtiyac yoxdu deyə Dimitrisə təqdimata gedəcəyi haq­da məlumat verməmişdi.

Dimitris işi vəd etdiyi vaxtdan gec göndərəndə isə Ruhul tapşırığı saat on ikidən tez təhvil verməyəni yəqin­ləş­dirib, saat beşə qədər hələ xeyli vaxtı olduğundan ma­gist­ratura ofisinə təqdimatdan sonra getməyi qərar­laşdır­mış­dı. Təqdimatda isə kimsə ona mane olmasın deyə tele­fonunu səssiz rejimə qoymuş, diqqətlə çıxışlara qulaq kə­sil­mışdi.




Üçbucaq
Onlar pabda küçəyə baxan pəncərənin önündə üz­bəüz oturmuşdular. Dışarıdakı günəşli havanın müqabi­lin­də içərinin alaqaranlığı ikisini də yüngül hüzn­lən­di­rirdi. “Bi-Bi-Si” radiosunda səslənən səhər xəbərlərindəki re­portyorların səksəkəli danışığı isə aranı daha da həyəcanlandırmışdı.

İçki istəyirsən? - Ruhul sükutu pozaraq astadan soruşdu.

Quşüzümü suyu. – Dimitris çox düşünmədən dedi. O, Ruhulun ayağa qalxıb, bara getməsini və əlində quşüzümü suyu olan iki qədəhlə geri dönməsini izlədi.

Ruhul oturub, pəncərədən bayıra baxdı və havanın gö­zəl olduğunu dedi. Dimitris qısaca təsdiq elədi, amma Man­çesterin dəyişkən havasından da şikayətləndi. O, artıq Ruhulun gözlərinə baxa bilmədiyini də anlamışdı. San­ki ikisinin də yaxın adamlarından biri vəfat etmişdi və bu şəxsin ölümü onların gələcək taleyini böyük bir sual altı­na qoymuşdu.

London səfəri necə keçdi? – Ruhul quşüzümü su­yun­dan bir qurtum içərək soruşdu.

Yaxşı.. Hava bir az soyuq idi. – Dimitris həvəs­siz­cə­sinə dedi.

Əylənə bildiniz?

Dimitris anidən içinə zəhər kimi yayılan narahat ovqatı duydu. Peşmanlıq tədricən onun bədənini, xüsusən masa üstündəki qollarını keyidirdi. Ruhulun istehzalı sualının arxasındakı əsl niyyətindən xəbərsizliyi münasi­bət­lərinin soyuya biləcəyi təhlükəsini ilk dəfə ona hiss etdir­mişdi.

Hə, – çətin eşidiləcək səslə dedi. – Əmim oğlu bi­rin­ci dəfəydi Londonda olurdu.

Ruhul başını sallayaraq bayıra baxdı. Parıltılı gü­nəş altında universitetə əlində qəhvə bardağı ilə gedən kost­yu­mlu professorları görəndə fikrə daldı:

Deməli, Runi üzünüzə durub, elə söz demədiyini israr etdi? – O, Dimitrisə baxaraq soruşdu.

Mən həyatımda həmişə bu cür insanlara nifrət et­mi­şəm. – Dimitris astadan etiraf etdi. - Qırx yaşında qə­tiy­yətsiz olmaq bütün ömrünü cəsarətsiz yaşamaq de­mək­dir.

Dünən sən deyəndə məəttəl qalmışdım. Onun belə ar­sız olduğunu gözləməzdim. Savadlı adama oxşayırdı, ki­tabları, məqalələri var. – Ruhul heyfslənərək dedi.

Elə yəqin ona görə də dörd divar arasında kitab­lar­la çəkişməyə üstünlük verib.

Dimitris dişlərini sıxdı və qaşqabaqlı sifət aldı. Bir qə­dər sonra davam etdi:

Bu cür insanlar anlamalıdırlar ki, həyata bir dəfə gəliblər.

Sənin üstünə qışqırdı, o?

Qışqırmadı, hədələdi. Güya özümü qeyri-adekvat aparıram.

Əclaf!.. Təəssüf, mən gələ bilmədim.

Gəlsəydin, guya nə olacaqdı?! – Dimitris qəflətən çımxırdı.

Ruhul əvvəl nəsə söyləmək məcburiyyətini duydu. Amma Dimitrisin üzünü pəncərəyə tərəf çevirməsini görüb, sinirli olduğunu düşündü və fikrindən daşındı.

Çox çalışmışdıq tapşırığın üstündə. – o, təəssüf­lə­nə­rək dedi.

Uğursuzluqdu da.

Mən belə bir problemin olacağını sanmırdım. Yox­sa telefonu səssiz rejimə keçirtməzdim.

Dimitris həmişə Ruhulla birlikdə gəldikləri bu pabı göz­lərilə öyrənməyə başladı. Buraya hakim olan taxta sütun­ların, masaların, oturacaqların qoxusu ona məlhəm bir duyğu bəxş eləyir, rahatladırdı. O, düşündü ki, bir gün bu­ra­ya mütləq Luizayla gələcək və qol-boyun olub, pən­cə­rədən bayıra baxa-baxa bolluca söhbətləşəcəklər. O, hə­min günü nə qədər çox arzulamasını anidən surətlənən ürək döyüntülərindən hiss elədi.

Bəzi uşaqlar sabah səhər magistratura ofisinə ye­nidən şikayətə getmək istəyirlər. Bugün, deyəsən, imza top­layacaqlar. – Dimitris sükutu pozaraq dedi.

Əla. Bəlkə, bunun bir xeyri olar. – Ruhul ümidlə söy­lədi.

İnanmıram. Ən azından Runi şəxsi-qərəzlik edib, özünü məğlub göstərməmək üçün mane olacaq. Ona daha etibar eləmək əbəsdir.

Bəs, çıxış yolu nədədir?

Çıxış yolumuz yoxdur. Bununla barışmalıyıq.. İrəli baxmalıyıq.

Yəni tapşırıqdan minimum qiymət?

Başqa nə əlac var? Barı ikincini daha yaxşı edərik ki, qiymətimiz lap aşağı olmaz. Amma gərək bu dəfə da­ha məsuliyyətli olasan.

Dimitrisin sözləri Ruhulun qulağında qulaqbatırıcı zəng kimi cingildədi. Əvvəl o, nə eşitdiyini belə doğru-dü­rüst anlaya bilmədi. Diqqətlə Dimitrisin gözlərinə baxıb, onlarda məna axtardı, amma bir şeyə müvəffəq ol­ma­dığını anlayanda təəccüblə soruşdu:

Sən məni günahkar bilirsən?

Dimitris xəfifcə güldü və razı-razı dilləndi:

Yəni sən deyirsən, əgər tapşırığı vaxtında versəy­din, yuxumuza zəhər qatıb, səhər-səhər bura gələcəkdik? Başqa dərdimiz olacaqdı?

Ruhulun böyüyən təəccübündən gözləri bərəldi. O, Di­mitrisin zarafat etdiyini sansa da, onun səsindəki inad­kar ciddiyyət onu çaşdırırdı.

Mən səni anlamıram. – o, karıxmış etiraf etdi.

Dimitris azacıq düşündü və köksünü ötürüb, astadan danışmağa başladı:

Ruhul, sən məni bir dost kimi artıq çox məyus etmisən. Biz bir ay tapşırığın üstündə zəhmətlə çalışdıq. Sən də onu təhvil verməyi öz üzərinə götürdün. Amma sə­nin məsuliyyətsizliyin ucbatından bizim işimiz mükəm­məl olsa belə, ən aşağı qiymət alacaq.

Yəni sən tam suçsuzsan, heç bir günahın yoxdur? Elə mənəm qəbahətli? – Ruhul əsəbiləşdi.

Bəli, mən nə etmişəm ki? Gecikdirməyi deyir­sən­sə, mən şənbə hissəmin üzərində çalışacaqdım. Amma sən məni işimdən yayındırdın.

Ruhul çaşqınlıqla Dimitrisə baxırdı və artıq uzun müd­dətdir tanıdığı şəxsin sözlərində heç bir məntiq tapa bil­mirdi. O, hələ də onun uğursuz zarafatlaşdığına ümid et­mək istəyirdi, amma buna artıq özü də inanmırdı.

Bazar günü bütün işi eləyəcək adam kim idi? Buradan əmisi oğlunu görməyə gedən kim idi? Mən??? –Ruhul özündən çıxdı və səsini yüksəldərək dedi.

Bağırma. – Dimitris əlini havaya qaldırıb yellətdi – Mən tutarlı səbəbdən dolayı Mançesterdən durub, Lon­do­na getdim. Yoxsa düşünürsən ki, öz kefimdən idi pul tö­küb, ora getmək? Ya şənbə günü Hallouen şənliyinə get­mə­yə israr edən də mən idim? Yox. Bu, məndən asılı ol­ma­yan şey idi və sən də bunu yaxşı bilirsən. Mən nə qə­dər çalışsam da, sənə vəd etdiyim vaxtda hissəmi göndərə bil­mədim. Amma söz verdiyim kimi sənə dünən səhər onu göndərdim.

Sən mənə dediyin vaxtdan bir saat gec göndər­mi­sən!

Bir saat gec, bir saat əvvəl. Nə fərqi var? Nə bilim ki, sənin getməli yerin varmış. Sənin tapşırığı vaxtında ver­məyə imkanın vardı.

Mən tapşırığın son tarixinin bir olduğunu bilsəy­dim, məgər onu gecikdirərdimmi? – Ruhul onun səsini kə­sərək dedi.

Başqa dərslərdən olan tapşırıqları təhvil verəndə bi­zə həmişə son tarixin saat bir olduğunu deyiblər. Kitab­ça­da da var. Hətta magistratura ofisində də hər yerdə bö­yük hərflərlə yazılıb bu.

Ruhul artıq Dimitrisi ağzı ayrıq dinləyirdi və onun pa­xırını açmaqdan daha çox hərəkətinin, davranışın qəs­dini anlamağa çalışırdı. Onun tanıdığı Dimitris bu ola bil­məzdi, bu cür onunla danışmazdı.

Sən özün də Runiyə şikayətə getmişdin.

Getmişdim. Çünki bizim tapşırığı xilas edəcəyimi dü­şünürdüm. – Dimitris başını sallayaraq dedi. – Amma alın­madı.

Nə gic-gic danışırsan? – Ruhul əsəbiləşərək qışqır­dı.

Başımı xarab eləmə. Hələ sənin qədər məsuliyyət­siz, etibarsız adam görməmişəm. Utan bir! – Dimitris də Ru­hulun üstünə çımxırdı.

Onlar bir müddət susqunluq içində bir-birlərinə bax­dılar. Dimitrisin səsindəki soyuqluğu, davranışındakı təm­kini və rahatlığı Ruhulu dəli eləyirdi. Onun əsəbdən vü­cudu gərilmiş, əlləri dayanmadan tir-tir əsirdi, Dimit­ri­sə olan nifrətini, qəzəbini içində boğmağa cəhd edir, ağ­zına doluşmuş təhqirləri söyləməməyə çalışırdı. Amma ba­carmırdı, deməyə də sözü qalmamışdı. Nəhayət qalxıb, din­mədən və iti addımlarla qapıya tərəf getdi, pabı tərk elə­di.

Dimitris “Bi-Bi-Si” reportyorlarının səsiylə dolu otaqda pəncərədən bayırı seyr edərək aram-aram quşü­zü­mü suyu içirdi.



Afrikasayağı xaçapuri

Kofi şalvarının cibindən pul çıxarıb saydı və razı gör­kəm alaraq nömrədən çıxdı. Yataqxananın geniş, uzun dəhlizində heç kəs yox idi. Son bir neçə ayda Kofinin bu açıq-sarı rəngli, qəhvəyi linolium döşəməli dəhlizə xüsusi bir rəğbəti yaranmışdı. Dəhliz ona dəhşətli dərəcədə çimər­liyi xatırladırdı. O, bu kəşfinə hədsiz sevinir, bəzən hətta tapıntısından əylənirdi də. Məsələn, ara-sıra dəhliz boş olanda gözlərini yavaş-yavaş qapayar və fikrən uzaq okean sahillərinə qayıdardı. Öz xəyalına tamam inandıq­da isə eyni cürə, yavaş-yavaş gözlərini açardı. Bu vaxt o, özünü linoleum döşəmədə deyil, yalın ayaqlarla qızıl qum­ların üzərində yeriyən kimi hiss edirdi. Tavandakı lü­mi­nessensiya lapmalarısa onda günəş təsəvvürü ya­ra­dırdı. Kofi bu cür xəyallara qapılaraq hətta bəzən azacıq tər­ləyirdi də. Amma dəhlizin sonundakı pəncərədən mavi sə­manı görüncə tezliklə sərin dənizin qucağına atılacağı fik­ri onu sərinlədirdi.

O, axır vaxtlar çox darıxırdı. Səhərdi və univer­si­te­tin kitabxanasında bilgisayar arxasında oturmuşdu. İnter­netdə səhifələri gəzərkən təsadüfən "Google"un xəritələr böl­məsi ilə rastlaşdı. Doğma şəhərinin adını yazıb, axtarış etdi. Səhifə yeniləndi və süni peyklə çəkilmiş şəkillərdən iba­rət şəhərin xəritəsi açıldı. Sevinərək tələm-tələsik xəri­tə­dən mausla yapışıb, çəkə-çəkə evlərini axtarıb tapdı. Bitirdiyi məktəbi, hər axşam gəzdiyi məhəlləni, evlərinin önün­dən keçən maşın yolunun yuxarıdan şəkillərini gör­dükdə çoxdandı ki, yol-yoldaşına çevrilmiş həsrət hissi ye­nidən onu yaxaladı. Gözləri dolsa da, bu virtual dönüşə çox sevindi.

O, indi də dəhlizdə addımlaya-addımlaya özünü çimərlikdə təsəvvür edirdi. Pəncərəyə çatınca sağa döndü və pilləkənlə aşağı endi.


* * *
Canım, Kofi, necəsən? Dərslərin necə gedir? Rus di­lində yaxşı danışa bilirsən? Bizdə hər şey yaxşıdır. Atan işləyir. Mən isə hər gün ona xörək hazırlayıb, gə­li­şi­ni gözləyirəm. Axşamlar tez-tez sənin haqqında fikir­lə­şi­rik, məktublarını müzakirə edirik... Çox darıxırıq, Kofi. Sən gedəndə elə balaca idin ki. Amma indi şəkillərinə ba­xa-baxa deyirəm, nə tez böyümüsən. Üç il də az müddət de­yil. Dünən nənə bizdə idi. Soruşdu ki, səndən nə xəbər var. Mən də sənin son məktubunu ona verdim. Atan bir ne­çə gün əvvəl çap eləmişdi. Nənə oxumağa başlamışdı ki, heç beş dəqiqə keçməmiş birdən məktubu öpüb, ağ­la­ma­ğa başladı. İstədim, sakitləşdirəm, amma elə mən də ona qoşuldum... Hərdən kədərlənəndə fikirləşirəm ki, sə­ni Rusiyaya oxumağa göndərmək lazım deyildi. Əlbəttə, an­layıram, haqlı deyiləm. Bizim şəhərdə heç kimin bacar­ma­dığı çətin imtahanı verdin... Amma bilirsən də necə köv­rəyəm... Hər şey çox gözlənilməz olmuşdu axı... Özün­dən muğayat ol, canım. Çoxlu meyvə, vitaminli xö­rəklər ye. Quru yeməkdən daha çox, duru şey yemək la­zım­dı. Yoxsa mədəni xarab edərsən.

Öpürəm səni, oğlum. Qayıdanda sənə o qədər sevdiyin yeməklərdən bişirəcəm ki, barmaqlarını yalayacaqsan...

* * *
Kofi ikinci mərtəbəyə enib, mağazaya girdi. İçəri­də gözəlliyinə məftun olduğu satıcı Sveta vardı. Kofi hə­mişə onunla söhbətdən zövq alardı. Sveta qızıl saçlı, göy gözlü cavan bir qız idi. Kofi bir neçə dəfə onu yataq­xa­nanın giriş qapısının qabağında öz oğlanı ilə bir yerdə gö­rüb gəncə qibtə eləmişdi. Hərdən təəssüflənirdi ki, nəyə gö­rə Sveta ilə ilk görüşdən sonra onunla münasibət qur­ma­yıb və indi bu oğlanın yerində deyil. Lakin üç il əvvəl­ki həmin ilk görüş uğurlu alınmamışdı. Kofi ilk dəfə ma­ğa­zaya girəndə Svetaya nə alacağını necə başa salacağını bilmirdi. Ona görə ərzaqların adlarını ingiliscə deyirdi. Sve­ta isə ingiliscə bilmirdi və öz növbəsində rusca danı­şır­dı. Sonda uzun izahatların nəticəsində bir-birlərini anla­salar da, Sveta səsini yüksəldərək, hirslə Afrikadan gəlib, rusca bir kəlmə belə bilməyən tələbələrin dalınca de­yin­mişdi.

Kofi içəri girəndə Sveta radioda Dima Bilanın mahnısına qulaq asırdı. Kofini gördükdə o, xəfifcə gülü­msədi.

- Necəsən? - Kofi də öz növbəsində gülümsəyərək soruşdu.

- Babat, Kofi... Sən necəsən?

- Mən əla!... Dima Bilandan xoşun gəlir?

- Hə. Sənin yox, məgər?

- Pis deyil. Mənimki hip-hopdur.

- Hə... Ye! Ye! Ye! Ye! - Sveta repçilər tək əl-qol hərə­kəti etdi və bərkdən güldü, sonra yumşaq səslə soruşdu - Nə istəyirdin?

- Həmişəkindən.

- On yumurta, beş təndir çörəyi?

- Bəli. Bəli.

- Sən bir gün xəstələnəcəksən, Kofi. Bu qədər də yumurta yemək olar?

- Biz afrikalılar yumurtaya bilsən, necə heyranıq.

- Deməli, belə!.. Amma mənə bəzi şayiələr çatır ha.

- Məsələn?..

- Sən daha yaxşı bilirsən.

- Narahat olma, Sveta... Hər şey yaxşı olacaq.

- Nə deyirəm ki..

Kofi pulu ödəyib, ərzaqları götürdü və mağazadan çıxdı. Yolda fikirləşdi ki, bütün bunlardan o, necə də usanıb.


* * *
Oğlum, necəsən? Bizdə hər şey əladır. İşlərim yo­lun­dadı. Dediyim kimi, müdirimizi dəyişiblər. Sırağagün haradansa öyrənib ki, sən Rusiyada oxuyursan. Məni öz kabinetinə çağırdı. Sənin haqqında soruşdu. Dedi, sənin kimi cavanlarım bizim ölkənin gələcəyidirlər... Ernest öz redaksiyasını açıb. Artıq paytaxtda işləmir. Şəhərimizdə qəzet çıxartmaq istəyir. Düzünü deyim, onun istəyini necə qiymətləndirəcəyimi bilmirəm, burada, axı, qəzetə maraq azdı. Amma Ernest əmin edir ki, hər şey yaxşı ola­caq. Hələ səndən müsahibə də götürmək istəyir. Deyir, sən şəhərimizin fəxrisən. Onu tanıyırsan da, emosional in­san­dır. Allah eləsin, işi avand olsun... Bu şənbə qonşu­muz Patrikin balaca oğlunun toyudur. Burada olsaydın, ikimiz də qara kostyum geyinib gedərdik. Yadındadır, əvvəllər təntənəli məclislərə gedəndə necə qara kostyum geyinib, ayna qarşısında yanyana durardıq? Onda sən ki­çik bir uşaq idin. İndi isə hündürboy bir dəliqanlısan. Bə­zən özümü qınayıram. Yeganə övladımızsan. Atan kimi kifa­yət qədər pul qazanıb, sənin tətillərdə bizi ziyarət et­məni təmin edə də bilmədim...

* * *
Kofi çörək və yumurtaları masaya düzdü. Elektrik soba­sını qoşdu. Bıçağı götürüb, çörəyi ehmalca üç his­sə­yə böldü. Sonra anidən dayandı və valideynlərinin gön­dər­diyi səhərki məktubu xatırladı. Yavaş-yavaş fikirlərə qa­pıldı. Sıxıldı. Həsrət hissi yenə içini didməyə başladı. Onu Moskvaya gətirmiş uçağın Domodedova hava lima­nın­da enəndən sonra həyatının necə dəyişdiyini bir daha dü­şündü. Universitetdə bir çox əcnəbi tələbələrlə tanış ol­muş­du. Əksəriyyəti özü kimi dövlət xəttilə oxusa da, on­dan fərqli olaraq, təqaüd və ildə iki dəfə pulsuz gediş-gə­liş üçün uçaq bileti alırdılar. Amma onun ölkəsi digər Af­ri­ka ölkələri kimi tələbələrini bu imkanlarla təmin etmək­dən məhrum idi. Buna görə də, çoxlarının daima pula eh­tiyacları olardı.

Əgər o, vətənə getmək istəsəydi, bu, ona 424 dol­lara başa gələrdi. Hələ bu qiyməti ikiyə vurmaq lazımdır. Belə ki, geri dönmək də gərəkirdi. Təzəlikcə öyrənmişdi ki, Moskva-Qahirə istiqamətində uçan uçaqlara bilet 296 dol­laradır. Sonra Qahirədən qatarla öz ölkəsinin paytaxtı­na getməliydi. Oradan da öz şəhərinə. Bütün bunlar sək­kiz gün çəkəcək, 128 dollar edəcəkdi. Başq variant da vardı. Qahirədən birbaşa paytaxta uçmaq olardı, amma həmin biletin qiyməti də 280 dollar idi.

* * *
Xətrinizi çox istədiyim əziz atam və anam, Sizlərin yax­şı olduğunu eşitməyimin məni necə məsud etdiyini təsəv­vür edə bilməzsiniz. Mənim ovqatım da, sağlığım da yaxşıdır.

...Anam mənim, mən də darıxıram. Nənəyə və baş­qa kimi görsən, hamıya salam de. Mənə görə niyə ağ­la­­yırsınız? Lazım deyil. Mən sağam, salamatam. Belə şey­lər yazmayın mənə, zəhmət olmasa. Moskvada indi bir qar yağır, bir qar yağır. Elə gözəldi. Sən həmişə qara to­­­xun­­­­mağı arzu edirdin. Allah qoysa, mən gələcəm, işlə­yə­cəm, pul qazanıb, günlərin bir günündə səni Moskvaya gətirəcəm ki, qardan həzz alasan... Bəzən nə vaxtsa bura­lar­dan ötrü darıxacağımı da düşünürəm... Dərslərim qay­da­sındadır. Çətinlik çəkmirəm. Dili də yavaş-yavaş öyrə­nirəm. Müəllimlərimin hamısı məndən çox razıdırlar.

Ata, elə danışma. Hamı zəngin doğulmayıb ki. Üç il keçdi, iki il yarım da keçsin, gələcəm. Narahat olmayın. Əmi­yə salam de. Onun işlərindən xəbərdaram. Müsahibə məsə­ləsini özü də mənə məktubunda deyib. Dedim, məm­nuniyyətlə verərəm... Stefanın evlənməsinə görə şa­dam. Onu da mənim yerimə təbrik edin. Kostyum geyi­nib, ayna qarşısında durmağımız yadımdadır. Hələ o da yadımdadır ki, sən həmişə qalstuku səhv bağlayardın və biz ayna qarşısında olanda ana deyinə-deyinə gələr, sənə lağ edib qalstukunu düzəldərdi... Öpürəm sizləri ! Ümid edirəm ki, bu yay sizin üçün xoş bir xəbərim də olacaq. İkinizi də bağrıma basıram!

* * *


Gecə yarıdan iyirmi dəqiqə keçdi. Kofi gözləyirdi. Tez-tez divardan asılmış saata baxırdı.

Otaqda dəhşətli sükut hökm sürürdü. Sanki dörd divar arasında nə vardısa dinməyəcəklərinə and içmişdi­lər. Hətta otaq yoldaşının qulaqcıqlarda dinlədiyi musi­qi­nin səsi də eşidilmirdi.

Kofinin sakitlikdən xoşlanmağı vardı. Düzdü, ara­da səssizlikdən qorxardı da. Fikirləşirdi ki, səssizlik lal ol­sa da, o, hər şeyi yaxşı eşidir. Səs-küy isə kardır, amma nə gəldi, danışır. Ona görə də, hər cüzi səsi eşitməyə qa­dir sükut varlığı ilə daha qorxuludur.

Otaq­­dakı sakitlik ancaq dəhlizdən gələn nadir səs­lərin hesabına pozulurdu. Kofi telefonda danışan ərə­bin, öz dilində bir nəğməni zümzümə edərək qapıla­rının önün­dən keçən vyetnamlı qızın səsini eşitdi. Sonra dəh­lizdə nəsə bir gurultu qopdu və çox keçməmiş kimsə qa­pı­nı taqqıldatdı. Kofi cəld ayağa qalxıb, qapıya tələsdi:

- Salam, dost! Nə var, nə yox? - qapıdakı balaca­boy qıyıqgöz oğlan dilləndi.

- Ooooo, Lii, əla, sən necəsən?



  • Pis deyil.. Xaçapuri var?

  • Əlbəttə! Nə qədər?

  • İki xaçapuri və bir kola.

  • Oldu. Gözlə bir az.

Kofi otağa döndü. Soyuducudan iki yumurta və bir "Co­ca-Cola" bankası götürdü. Yumurtaları sındırıb, için­də­kini tavaya tökdü və isti sobanın üstünə qoydu. Tez­lik­lə, xörək hazır oldu. Bişmişi ehmalca iki çörək diliminin üstünə yaxdı və plastik boşqaba qoydu. Sonra duz və istiot da əlavə etdi. Ardınca boşqabı və içkini götürüb­ Lii­yə gətirdi.

- Sağ ol, Kofi. Sənsiz biz neylərdik? Mağazanı on iki­də bağlayırlar, yataqxanadan da bayıra çıxmaq olmaz...

- Elədir... - Kofi başını yellədərək onun dediklərini se­vincək təsdiqlədi.

Lii 45 rubl ödədi. Kofi sağollaşıb, razılıqla pulları saya-saya otağa girdi. Yataq döşəyinin altında saxladığı xırda kisəni götürüb, pulları içinə qoydu. İndi onun 256 dolları və 5480 rublu vardı. Əgər hər şey istədiyi kimi getsə, tədris ilinin sonunda valideynlərini yoxlamaq üçün kifayət qədər pulu olacaqdı.




Mündəricat

4 Üçbucaq

29 Afrikasayağı xaçapuri

.

Çapa imzalanıb: 27.08.2010.



Format: 70x100 1/32. Qarnitur: Times.

Ofset kağızı: əla növ. Həcmi: 2.5 s.ç.v. Tiraj: 1000.

Sifariş № 78. Qiyməti müqavilə ilə.
Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzi

Bakı, Rəsul Rza küç., 125

Tel./faks 596 21 44

e-mail: mutarjim@mail.ru

525 Kitab” seriyasından



2009-cu ildə əsərləri nəşr olunan müəlliflər:

Dünya ədəbiyyatından
İosif Brodski

Orxan Pamuk

Şota İataşvili

Azərbaycan ədəbiyyatından

Anar


Elçin

Ramiz Rövşən

Əjdər Ol

Ədalət Əsgəroğlu







Yüklə 149,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə