Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə



Yüklə 38,23 Kb.
səhifə1/2
tarix31.12.2021
ölçüsü38,23 Kb.
#81788
  1   2
ABŞ XVII əsrin II yarısı-XIX əsrin I yarısında


Şimali Amerikada istiqlaliyyət uğrunda müharibə.



  1. XVII əsrdə və XVIII əsrin birinci yarısında Şimali Amerikada ingilis müstəmləkələrinin sosial – iqtisadi və siyasi inkişafı. Müstəqillik

uğrunda müharibənin səbəbləri və müstəmləkə zülümünə qarşı müqavimət.

  1. İstiqlaliyyət uğrunda müharibənin başlanması, gedişi və nəticəsi. ABŞ-ın konstitusiyası və dövlət quruluşu.

  2. Beynəlxalq aləmdə müharibəyə münasibət.


ƏDƏBİYYAT


          1. Səlimov Ş. Avropa və Amerika ölkələrinin yeni tarixi (1800-1918-ci illər). Sumqayıt, 2012, 504 s.

          2. İ.M.Krivoquz. Avropa və Amerika ölkələrinin yeni tarixi. I-II hissə. Gəncə. Əsgəroğlu, 2012, 764 s.

          3. Кручинина, Н. А. Новая и новейшая история стран Европы и Америки. Екатеринбург : Изд-во Урал. ун-та, 2018. — 124 с.

          4. Всемирная история. под ред. академика Г.Б.Поляка, проф. А.Н.Марковой. М.,2013.


1). Atlantik okeanı sahillərində Şimali Amerikada ingilis mülklərinin, ilk müstəmləkənin – Virciniyanın əsası 1607-ci ildə qoyuldu. Müstəmləkənin müəssisləri London ticarət şirkətinin tacirləri idilər. Şirkət öz gəmiləri ilə, özlərini qabaqcadan borc qəbaləsi altına salaraq müstəmləkələrdə şirkətin gözətçilərinin nəzarəti altında işləyən yosulları koloniyalara daşıyırdı. Ingiltərədən okeanın o tayına, Stüartlar hakimiyyəti tərəfindən sıxışdırılan puritanlar və öz aqibətinin yaxşılaşmasını Yeni Dünyada axtaran yoxsullar üz tuturdular. Müstəmləkələrdə isə onlar, İngiltərə kralından Amerikada torpağa imtiyaz vərəqəsi (ali orqanlar tərəfindən verilən imtiyaz sənədi) almış tacirlərin və iri torpaq sahiblərinin əsarəti altına düşürdülər. tədricən Atlantik okeanı sahillərində hindulardan işğal edilən torpaqlar hesabına 13 ingilis müstəmləkəsi yarandı.

Cənubda – Cənubi Karolinada və Corciyada quldarlıq təsərrüfatı inkişaf etdirilirdi. Palntasiyalarda tütün, şəkər qamışı və indiqo becərilirdi. Plantasiya təsərrüfatının xarakterik xüsusiyyəti torpaqdan vəhşicəsinə istifadə idi ki, bu da son nəticədə toprağın məhsuldarlığını itirməsinə və yeni torpaqların plantasiyalara çevrilməsinə gətirib çıxarırdı. Quldarlıq təsərrüfatının bu xüsusiyyəti və varlanmağa can atmaq plantatorları müstəmləkə ərazilərini fasiləsiz genişləndirməyə sövq edirdi. Müstəmləkələrə zənci – qulların gətirilməsi XVII əsrin birinci rübündən başladı və sürətlə çoxaldı. XVIII əsrin ortalarına doğru müstəmləkələrdə onların sayı bir neçə yüz minə çatırdı, 13 müstəmləkənin əhalisi isə yarım milyon nəfərdən ibarət idi.

Orta Atlantik müstəmləkələrində – Pensilvaniya, Nyu – Tork və Nyu – Cersidə taxıl becərilirdi. Torpağın bir hissəsi iri kübar – sahibkarlara məxsus idi. Onlar isə torpağı renta (sahibinin fəaliyyəti tələb olunmadan kapital, əmlak və ya torpaqdan alınan gəlir) müqabilində xırda fermerlərə icarəyə verirdilər. Burada həm də çoxlu müstəqil fermerlər də fəaliyyət göstərirdilər. Sahil şəhərlərində sənətkarlıq və gəmiqayırma inkişaf edirdi. Sənətkarlar və manufakturalar Nyu – Gempşir, Massaçusets, Konnektikut və Rod – Aylend müstəmləkələrini əhatə edən şimalda – Yeni İngiltərədə daha çox idi. Əhalinin xeyli hissəsi balıq sənayesi və dənziçiliklə məşğul olurdu. İngiltərə və onun mülkləri müstəmləkələrlə ticarətdən təkbaşına istifadə edirdi. Bu ticarətin dövriyyəsi sürətlə artırdı. Müstəmləkələrdən İngiltərəyə qiymətli xəz, tütün, indiqo, balıq, taxta – şalban və dəmir gətirilirdi. Dəmir istehsalı rəsmi olaraq İngiltərə hökuməti tərəfindən qadağan edilsə də, lakin müstəmləkələr bu qadağalarla hesablaşmırdılar. Qərbi Hindistana çörək, balıq və digər məhsullar ixrac edilirdi.

Ayrı – ayrı müstəmləkələr arasında sosial cəhətcə müxtəlifliyə baxmayaraq, ilkin kapital yığımının və istismarın feodal forması ilə çulğalaşan və Cənubda quldarlıqla əlaqələndirilən burjua münasibətlərinin sürətli inkişafı, onların ümumi xarakterik xüsusiyyəti idi. Müstəmləkələrin inkişafı, bir çox amerika tarixçilərinin təqdim etməyə çalışdığı kimi heç də dinc idilliya deyildi.

Müstəmləkələrin ərazilərinin genişləndirilməsinin əsasında Qərbdə hindu torpaqlarının işğalı, hinduların məhvi və uzaq rayonlara sıxışdırılması dururdu. Hindularla ingilislərin apardığı qeyri – bərabər müharibə qəddarlığı və barbarlığı ilə seçilirdi. Yerlərdə müstəmləkəçilər hindu əhalini məhv edir, işgəncə verir, əsirləri yandırır və skalp edirdilər. Yeni İngiltərədə mömin puritanlar hinduların – qadınların, uşaqların və qocaların skalp edilməsinə görə pul mükafatları tətbiq etməkdən belə çəkinmirdilər. Tacirlər hindulardan qiymətli qunduz dərisi və digər xəzləri dəyər – dəyməzinə dəyişir, onlara alışmadıqları içki içirərək tayfaları bir – birinin üstünə salışdırırdılar.

Ilkin kapital yığımının ən əlverişli üsullarından biri də qul alveri idi. Yeni İngiltərənin tacirləri “üçbucaq ticarət” adlanan əməliyyat aparırdılar – Vest Hinddən patkanı (tam şəkərlətməmiş nişastadan ibarət qəliz maddə) alaraq ondan rom (tünd içki növü) emal edərək, silahlı soyğunçuluqla və Afrika sahillərindən zəncilərin istila edilməsi ilə məşğul olan qul alverçilərindən roma, ucuz parçalara və bəzək düzəyə zənci – qulları dəyişirdilər. Adətən, zəncilərin üçdə biri okean vasitəsil daşınan zaman xəstəlikdən ölürdülər, salamat qalanları isə palntasiyalarda insaniyyətsiz istismara məruz qalırdılar. Sahibi zənci – qulu cəzasız öldürə bilərdi, zəncinin hər – hansı müqavimət cəhdi ölümlə cəzalandırılırdı. Nəzarətçilər əllərində silah və qırmancla zənciləri gücləri yetməyən işlərə məcbur edirdilər.

Bütün bunlara baxmayaraq, bəzən, zənci – qullar borca görə qula çevrilən ağ dərili yoxsulların köməyi ilə üsyan qaldırır və plantasiyalardan qaçırdılar. Zəncilərin azadlıq mübarizəsi ağla sığmayan qəddarlıqla yatırılırdı. Üsyanın və qaşmanın hazırlanmasında günahlandırılanlar təkərə bağlanaraq əzabla öldürülür, payaya keçirilir, qarışqaların və vəhşi heyvanların ixtiyarına verilir, zəncirdən və qarmaqdan diri – diri asılır, itlərə yedizdirilirdilər.

Kəskin sosial ziddiyyətlər müstəmləkələrin ağ dərili əhalisi arasında da inkişaf edirdi. Ağ dərili mühacirlərin əksəriyyəti uzun illər ərzində tacirlərin və iri torpaq sahiblərinin borc əsarəti altında idilər. Torpaq aristokratiyası feodal münasibətlərini müstəmləkələrdə yaymağa, zadəgan titulları və imtiyazlarını, özgəninkiləşdirilə bilməyən və bölünməyən mülklərin irsən böyük oğula ötürməyə çalışırdılar. Iri torpaq sahibkarları icarədardan renta toplayır və tez – tez üsyan edən xırda fermerləri qəddarcasına istismar edirdilər. Sahil şəhərlərində böyük məhrumiyyətlərə düçar olmuş xeyli fəhlə və yoxsul sənətkarlar yaşayırdı. Şəhər yoxsulları və icarədarları Qərbə gedərək müstəqil fermerlər olmağa cəhd edirdilər. Silahlı mühacirlər qatarı – “skvatterlər” (ABŞ-da, Kanadada, Avstraliyada və yeni Zelandiyada kolonizasiya zamanı boş yerlərə yiyələnmiş kolonizator) – ailələri və ev əşyaları ilə Qərbə doğru hərəkət edir, hinduların torpaqlarını zəbt edərək məskunlaşırdılar.

Müstəmləkələrin idarəsi ingilis hakimiyyət orqanlarının əlində idi. Bütün müstəmləkələrin qubernatorları kral tərəfindən təyin edilirdi, yalnız, xüsusi şəxslərin mülkü hesab edilən üç müstəmləkədə – Pensilvaniya, Delaver və Merilenddə kral, sahibkarların təyin etdiyi qubernatorları təsdiq edirdi. Qubernatorların yanında, üzvləri yüksək mülki senz əsasında varlı sahibkarlardan seçilən şuralar və aşağı palatalar fəaliyyət göstərirdi. İngilis parlamentində isə müstəmləkələrin öz nümayəndəsi yox idi. İngilis hökuməti, müstəmləkələrə dəlalət edən qanunları onların razılığı olmadan qəbul etməyi öz qanuni hüququ hesab edirdi. Qubernatorların və ingilis torpaq aristokratiyasının özbaşınalığı, siyasi hüquqlar, müstəmləkələrin özünüidarəsinin genişləndirilməsini və qubernatorların hakimiyyətinin məhdudlaşmasını tələb edən fermerlərin və sənətkarların çoxsaylı üsyanlarına səbəb olurdu.

Müstəmləkələrin iqtisadi yüksəlişi əhalidə müstəqilliyə meyl oyadırdı. Tədricən müstəmləkələr arasında qarşılıqlı iqtisadi əlaqələr güclənirdi. İngiltərədən uzaqda, ərazi, iqtisadi həyat və dil ümumiliyi, müstəmləkə əhalisindən, ingilis dilində danışsa da ingilislərdən də yaxşı burjua millətinin təşəkkül tapmasına səbəb oldu. Şimal və Cənub arasındakı müxtəlifliyə və sinfi ziddiyyətlərə baxmayaraq, müstəmləkələrdəki həyat şəraiti əhalidə psixi xarakterli məlum ümumi xüsisiyyətlər doğururdu. Şimali amerika burjua millətinin formalaşması, müstəmləkələr və İngiltərə arasında müharibəyə gətirəcək ziddiyyətlərin kəskinləşməsi nəticəsində sürərləndi.

Müstəmləkələrdə təhsil yalnız varlılar üçün mümkün idi. Bu səbəbdən də əhalinin əksəriyyəti savadsız idi. Plantatorlar və kapitalistlər “rəngli” əhaliyən – hindulara, zəncilərə nifrət və ədavət bəsləyirdi. Yeni İngiltərənin puritanları arasında riyakarlıq, dini dözülməzlik və xurafat geniş yayılmışdı. XVII və XVIII əsrin əvvəllərində tez – tez “cadugərliyə” görə ittiham cəzası verilirdi.

Lakin, burjuaziyanın və torpaq sahiblərinin qabaqcıl nümayəndələri ingilis və fransız maarifçi filosoflarının – Lokkonun, Russonun ideyalarını və ingilis burjua inqilabı xadimlərinin baxışlarını mənimsəmişdilər. Müstəmləkələrin öz ziyalıları – vəkilləri, həkimləri və jurnalistləri təbəqəsi meydana çıxırdı. Onlar içərisində, insanların hüquq bərabərliyi ideyalarını irəli sürən və müstəmləkələrin hüquqlarını özünüidarənin genişləndirilməsi ilə əsaslandıran qabaqcıl mütəfəkkirlər də mövcud idi. İstiqlaliyyət uğrunda müharibə ərəfəsində tanınmış amerikan burjua maarifçisi, filosofu, alimi və moralisti (1. əxlaqi əsərlər yazan yazıçı; 2. əxlaq dərsi verən vaiz; 3. əxlaqdan dəm vuran adam) Benjamin Franklin idi. O, sonralar jurnalist olan, Bostonlu olan şamçı və sabunbişirənin oğlu idi. Franklin elektrik üzərindəki təcrübələri ilə şöhrət qazanmışdı. O, ildırım keçirici düzəltdi. “İnsan alət hazırlayan heyvandır” fikri ona aiddir. Özünün iqtisadi və siyasi əsərlərində Franklin, kapitalist sahibkarlığının inkişafı, müstəmləkələrin özünüidarəsinin genişləndirilməsi uğrunda, istiqlaliyyət uğrunda müharibə zamanı isə müstəmləkələrin İngiltərədən ayrılmasının tərəfdarı kimi çıxış edirdi. Moralist kimi Franklin amerikan burjuaziyasının işgüzar ruhunun ifadəçisi idi. Onun “Varlanmağa aparan yol” kitabcası xüsusilə uğur qazanmışdı. Qənaətcilliyi, işgüzarlığı, praktisizmi, sərhesablığı və ayıqlığı mədh edən bu kitabca “Sadədil Riçardın elmi” adı ilə bir neçə dəfə dərc edilmişdi. Franklin məşhur amerikan zərbi – məsəlini populyarlaşdırdı. Onun “Yatan tülkü toyuq tuta bilməz”, “Boş kisə çətin ki, düz dura bilər” və s. aforizmləri burjua işgüzarlığının ruhunu ifadə edirdi.

Müstəmləkələrin sürətli iqtisadi yüksəliş, İngiltərənin ticarət, sənaye və torpaqdan istifadə sahəsində yaratdığı məhdudiyyətlərdən azad olmaq meyli oyadırdı. Müstəmləkələr İngiltərə hökumətinin özbaşına tətbiq etdiyi vergilərdən azad olmağa çalışırdı. Bütün bunlara baxmayaraq, XVIII əsrin 60-cı illərində İngiltərə müstəmləkə zülmünü gücləndirdi. 1756 – 1763-cü illərdə baş verən yeddi illik müharibə onun maliyyə ehtiyatlarını tükəndirdi. İngiltərənin dövlət borcu 53 mindən 140 min funt sterlinqədək artdı. Ingiltərə kralı və nazirlər maliyyə çətinliklərini müstəmləkələrin hesabına düzətməyə çalışırdılar. İngiltərənin Kanadanı, Floridanı və Alleqan dağlarından qərbə doğru torpaqları işğal etməsi 13 müstəmləkədə zorakı tədbirlərin həyata keçməsini asanlaşdırırdı.

Yeddi illik müharibə başa çatdıqdan sonra təxminən on minlərlə ingilis qoşunu müstəmləkələrdə saxlanıldı. 1765-ci ildə İngiltərə hökuməti, müstəmləkələrə yeni qoşunlar göndərmək, əsgər və zabitlərin əhali sırasında düşərgə salmasına (hərbi hissələrin və ya hərbi qulluqçuların adi vətəndaşların evində düşməsi, yerləşməsi) icazə verən “mənzil aktı” adlanan qərar çıxardı. Bütün bu tədbirlər yeni vergilərin toplanmasını təmin etmək və müstəmləkələri yeni qadağalara tabe etdirmək məqsədi daşıyırdı.

Hələ müstəmləkələrdə, XVII əsrdə və XVIII əsrin əvvəllərində manufakturaların açılmasına, yun məmulatların, o cümlədən müxtəlif növ alətlərin istehsalına və ixracına çoxlu qadağalar qoyulmuşdu. İngilis vasitəçi – tacirləri istisna olmaqla, müstəmləkələrin digər ölkələrlə ticarəti çoxdan qadağan elunsa da, lakin böyük miqyasda qaçaqmalçılıq davam edirdi. Faktiki olaraq bir çox qadağalara pis riayət olunurdu, bəzən onlara heç diqqət belə yetirilmirdi. İngiltərə hökuməti 1761-ci ildən, qadağaların məcburi yerinə yetirilməsini tələb etdi və qaçaqmal hesab edilən malların axtarışında və müsadirəsində müstəmləkələrin əhalisini və məhkəmələri gömrük yığanlara yardım göstərməyi bir vəzifə olaraq tapşıran qanun verdi.

Ingilis tacirləri açıqca manufakturaların müstəmləkələrdə qadağan edilməsinə çağırırdı. Ingiltərədə sənaye inqilabının başlanması, ingilis sənaye məmulatlarının okeanın o tayında satışı və manufakturaların müstəmləkələrdə yüksəlişi imkanlarını artırdı. Lakin, o zaman əsasən kənd təsərrüfatı və ticarətlə məşğul olan müstəmləkələrin iqtisadiyyatında sənayenin rolunu şişirtmək olmaz. İngiltərə hökumətinin müstəmləkələrdə sənaye sahəsində qoyduğu məhdudiyyətlərdən daha çox torpaqdan istifadə sahəsindəki qadağanedici tədbirləri, yeni vergiləri və ticarət rüsumları, narazılıq doğururdu.

III Georq 1763-cü ildə, müstəmləkəçilərin Alleqan dağlarından qərbə doğru torpaqları mənimsəməsi və məskunlaşmasını qadağan edən qanun verdi. Bu qanun, quldarları qərb torpaqlarını zəbt etmək və cənub müstəmləkələrində tükənmiş sahələri qərbdə yeni plantasiyalara köçürmək imkanından məhrum edirdi. Həmçinin iri torpaq möhtəkirləri də yeni torpaq ələ keçirməklə varlanmaq imkanını itirdilər. Kral qanunu, Qərbə köçərək orada müstəqil fermer olmaq arzusunda olan xırda icarədarların maraqlarına da toxunurdu. İcarədarlar, iri ingilis sahibkarlarına məxsus torpaqlarda qalmağa və onlara sərt renta adlanan ödənişi verməyə davam edirdilər. 1763-cü il qanunu, Alleqan dağlarının arxasındakı hindulardan xəz alan və müstəmləkəçilərin buraya kütləvi köçərək, hindu xəz sənayesini dağtmalarından və nəticədə, iri torpaq sahiblərini şərq rayonlarında işçi qüvvəsindən məhrum etmələrindən ehtiyat edən iri torpaq aristokratiyasını və xəz tacirlərini himayə edirdi.

1765-ci ildə İngiltərə parlamenti müstəmləkələrdə hər bir ticarət sövdələşməsi, sənəd, qəzet və elana görə gerb rüsumu tətbiq etdi. Əhalinin müqaviməti ingilis hökumətini gerb rüsumunu ləğv etməyə məcbur etsə də, müstəmləkələrin razılığı olmadan vergi tətbiq edilməsi siyasəti isə davam edirdi. 1767-ci ildə ingilis maliyyə naziri Taunşendin təkidi ilə İngiltərədən idxal edilən mallara yeni rüsum tətbiq edildi. İngiltərənin müstəmləkə zülmünün güclənməsi və ingilis torpaq aristokratiyasının ağalığı müstəmləkələrin müstəqil kapitalist inkişafı yolunda başlıca maneə olaraq qalırdı. Məhz, şimali amerika xalqının müstəqillik uğrunda inqilabi – azadlıq müahibəsini doğuran əsas səbəb də bundan ibarət idi.

Gerb rüsumundan narazılıq, ingilis müstəmləkəçiləri əleyhinə Nyu – Yorkda və Yeni İngiltərədə genişlənən demokratik hərəkata güclü təkan verdi. Bir çox şəhər və kəndləri mitinqlər bürüdü, xalq yeni vergini toplayanların evlərini dağıdırdı. Gerb nişanları tonqalda yandırılır, vergi toplayanlara isə qətran sürtərək üstündən lələk tökürdülər. Bir sıra şəhərlərdə boykotun təşkil edilməsi və gerb rüsumunun ləğvi uğrunda mübarizə üçün radikal demokratik cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərin tərkibinə fəhlələr – çapçılar, dülgərlər, xarratlar, gəmiqayıranlar, zərb edənlər, dabbaqlar və digər sənətkarlar, fermerlər və matroslar daxil idi. Nyu – Yorkda və Konnektikutda bu cəmiyyətin üzvləri “azadlıq oğulları” adlandırırdılar. Gerb qanunu əleyhinə proklamasiyada (bəyannamədə) deyilirdi ki, tezliklə ingilislər “günəş işığına, bizim nəfəs aldığımız havaya, üstündə uzandığımız torpağa ”da vergi qoyacaqlar.

Xalq hərəkatının başında inqilabi vətənpərvər burjuaziyanın və burjua ziyalılarının nümayəndələri dururdu. Mehmanxanalarda və karvansaraların həyətlərində qəzetlər, bəyannamələr və günün siyasi məsələsinə dair çap olunmuş vərəqələr oxunurdu. Xalq inqilabi – vətənpərvər mahnılar oxuyurdu. Jurnalist Samuel Adams və doktor Uorren bu demokratik hərəkatın aktiv iştirakçıları idilər.

1765-ci ildə Nyu – Yorkda ingilis mallarını boykota çağıran bir neçə müstəmləkənin nümayəndələrindən ibarət konqres toplandı. Təşvişə düşmüş ingilis tacirləri öz ticarətlərinin taleyi üçün ehtiyat edərək 1766-cı ildə gerb rüsümunun ləğvinə nail oldular. Lakin, yeni ticarət rüsumlarının tətbiqi, ingilis mallarının satın alınmasından etiraz uğrunda hərəkatın növbəti yüksəlişinə gətirib çıxardı. Burjuaziyanın, plantatorların və xalqın vətənpərvər əhval – ruhiyyəli dairələri onların razılığı olmadan İngiltərənin müstəmləkələrə yeni vergilər qoymaq hüququnu tanımaq istəmirdilər.

Əhali və ingilis qoşunları arasında münasibətlər gərginləşirdi. 1770-ci il martın 2-də Bostonda ingilis əsgərləri, onlara istehza edən camaata atəş açaraq bir neçə sənətkarı və matrosu öldürdülər. Şəhərdə ümumi qiyam başladı. Şəhər yığıncağının tələbinə əsasən ingilis qoşunları Bostondan çıxarıldı.

Eyni zamanda, ingilis hökumətinin, icarədarlardan iri torpaq sahibkarlarının xeyrinə sərt rentaların toplanmasını müdafiə edən aqrar siyasəti də qanlı toqquşmaların səbəbi oldu. Şimali Karolinanın kral torpaqlarını icarəyə götürən fermerləri 1768-ci ildə sərt torpaq rentalarının ləğvi, kağız pulların tətbiqi və borca görə həbs edilənlərin azad edilməsi uğrunda mübarizə naminə birləşdilər. Bu hərəkatın iştirakçıları özlərini “bərabərçilər” adlandırırdılar. Onlardan bir neçə mini məmurların evlərini talan etmişdilər. Üsyançılara qarşı 1771-ci ildə “bərabərçilər”i darmadağın edən qoşun göndərildi. Onlarla insan öldürüldü, hərəkatın rəhbəri isə edam edildi. Bu hadisələr, şimali amerika xalqının Britaniya müstəmləkəçiləri əleyhinə ümummilli mübarizəsinin yetişməsindən və müstəmləkə əhalisi arasında sosial ziddiyyətlərin kəskinləşməsindən xəbər verirdi.

Kralın bağışladığı torpaqlara malik olan, şərq rayonlarının iri torpaq sahibkarları, plantatorların bir hissəsi, ingilis bazarlarını itirməkdən ehtiyat edən imtiyazlı tacirlər, məmurlar və anqlikan ruhaniləri İngiltərənin ağalığının saxlanılmasının tərəfdarı idilər. Əhalinin bu təbəqəsi loyalistlərin mühafizəkar cərəyanının əsasını təşkil edirdilər. Bu cərəyanın nümayəndələri İngiltərədə kral hakimiyyətinin güclənməsinin tərəfdarlarına uyğun olaraq özlərini torilər adlandırırdılar. Loyalistlər ingilis monarxiyasını xalq hərəkatı əleyhinə istinadgah görürdülər.

Müxalifət qüvvələri ümumi viqlər adı altında birləşmişdilər. Viqlər arsaında da iki istiqamət açıqca nəzərə çarpırdı. Onlar içərisində birincisi və daha çox nüfuzlu cərəyan, Qərb torpaqlarının mənimsənilməsində və İngiltərənin müstəmləkələrin iqtisadi inkişafına tətbiq etdikləri məhdudiyyətlərin ləğvində marağı olan mötədillər idi. Plantatorlar və burjuaziya İngiltərə ilə əlaqənin qəti üzülməsinə getmədən, ingilis hökumətinə təzyiq yolu ilə müstəmləkələrin özünüidarə hüquqlarının genişləndirilməsinə nail olacaqlarını güman edirdilər.

Viqlərin ikinci cərəyanı isə fermerlərin, sənətkarların, fəhlələrin, xırda tacirlərin inqilabi – demokratik təbəqələrindən və qəti fəaliyyətə meylli inqilabi burjua ziyalılarının onlara qoşulmuş nümayəndələrindən ibarət idi.



2). 1773 – 1774-cü illərdə müstəmləkələrdə inqilabi vəziyyət yarandı. Xalq kütlələri artıq yaranmış vəziyyətə dözmək istəmirdilər. İngilis müstəmləkəçiləri ilə münasibətlər kəskinləşmişdi. Ayrı – ayrı müstəmləkələr arasında əlaqə yaratmaq üçün Müxbir (xəbərləşmək anlamında) komitələri yaradıldı. Bu komitənin Virciniyadakı rəhbəri inqilabi fəaliyyətin tərəfdarı olan Tomas Cefferson və Patrik Henri, Massaçusetsdə isə Samuel Adams idi. İngilis mallarının boykot edilməsi uğrunda hərəkat genişlənirdi. İngiltərə hökuməti, çayın satışını artırmaq və müstəmləkələri heç olmazsa cuzi çay rüsumunun ödənilməsi ilə barışdırmaq ümidi ilə Ost – Hind şirkətinin müstəmləkələrə gətirdiyi çayın rüsumunu aşağı saldı. Lakin bu yeni əks – tədbirlərə səbəb oldu. 1773-cü ilin sonlarında Boston çay qonaqlığı adı ilə məşhur olan hadisə baş verdi: hindular kimi geyinmiş Boston sakinləri limanda dayanan çayla yüklənmiş gəmiyə daxil olaraq, çayları dənizə tökdülər. Buna cavab olaraq Britaniya hökuməti yeni cəza tədbirlərinə başladı və 1774-cü ilin iyulunda Boston limanı bağlandı. Şəhərdə mühasirə vəziyyəti tətbiq edildi. Kral, Yeni İngiltərə əhalisini Nyufaundlend yaxınlığında balıq sənayesi ilə məşğul olmaq hüququndan məhrum etdi. Massaçusetsdə özünüidarə ləğv edildi. Bütün bu tədbirlər onu göstərirdi ki, ingilis müstəmləkəçiləri müstəmləkələrdə hakimiyyətlərini əvvəllki üsullarla saxlamaq iqtidarında deyillər.

İngiltərə hökumətinin, Missisipi və Oqayo çayları arasındakı geniş ərazinin Kanada əyaləti olan Kvebekə verilməsi haqqında, Yeni İngiltərə əhalisini və Virciniya plantatorlarını şimal – qərbdə yeni torpaqlar əldə etmək imkanından məhrum edən 1774-cü ildə verdiyi qanun, yeni böyük narazılığın partlamasına səbəb oldu. “Kvebek haqqındakı akt” sanki, mənfur 1763-cü il qnununu tamamlayırdı.

1774-cü ildə Filadelfiyada mötədillərin üstünlük təşkil etdikləri müstəmləkələrin nümayəndələrindən ibarət qitə konqresi toplandı. Konqres İngiltərə ilə əlaqələri kəsməyə cürət etmədi, lakin müstəmləkələri ingilis mallarını birgə boykot etməyə çağırdı və müstəmləkələrə daha geniş hüquqlar verilməsi haqqında kral III Georqa müraciət etdi. Zira, bir çox Müxbir komitələrində qətiyyətli fəaliyyət tərəfdarları üstünlük təşkil edirdilər. Onlar silah anbarları yaradır və elə birinci təhlükə siqnalında ca ingilis qoşunları əleyhinə çıxmağa hazır olan yerli milis və partizan qrupları təşkil edirdilər.

1775-ci il aprelin 19-da ingilis dəstələri partizanların hərbi anbarlarını məhv etmək məqsədi ilə Bostondan Konkorda yola düşdülər və bu hadisə silahlı mübarizənin başlanğıcı oldu. Amma, müstəmləkəçilər silahın xeyli hissəsini anbardan daşımağa müvəffəq olmuşdular. Kral dəstəsi Konkorddan geriyə qayıdan zaman evlərin, təpələrin və kolların arxasında pusqu qurmuş partizanlar onlara atəş açdılar. 273 nəfər ölü və yaralı itirən kral qoşunları dağılaraq geri çəkildilər. Müstəmləkəçilərin köhnəlmiş xətti qaydanı tətbiq edən kral qoşunları əleyhinə inqilabi müharibədə istifadə etdikləri səpələnmiş döyüş taktikasının üstünlüyü bu savaşda özünü göstərdi. Müstəmləkəçilər mahir atıcılar kimi döyüşürdülər. Onlar cəsarətli və təşəççüskar vətənpərvərlər idilər, kral muzdurları isə dəyənək hərbi təlimi vasitəsi ilə saxlanılırdı. Muzdurların təkbaşına fəaliyyət qabiliyyəti və cərgəyə düzülərək özünü müstəmləkəçilərin güllələri altına qoymaqdan başqa döyüş bacarıqları yox idi.

Konkordakı döyüş müstəmləkə əhalisini vətənpərvərlərə (viqlərə) və əksinqilabçılara (loyalistlərə) bölünməsini sürətləndirdi. Boston yaxınlığında, 20 min könüllünün – fermerlərin, sənətkarların və müharibənin onlara azadlıq gətirəcəyinə ümid edən zəncilərin toplaşdığı böyük partizan düşərgəsi yaradıldı. Kral qoşunlarından ibarət şəhər müstəmləkəçilər tərəfindən mühasirəyə alındı.

Kral qoşunları əleyhinə hərbi əməliyyatlarla eyni zamanda viqlər və loyalistlər arasında vətəndaş müharibəsi də geniş vüsət aldı. Loyalistlər ölkə daxilində ingilis müstəmləkəçilərinin başlıca dayağı idilər. Şimali Karolinada loyaslitləri malikanələrindən qovurdular. Nyu – Yorkda və digər yerlərdə onlarla toqquşmalar başladı.

1775-ci ilin mayında Filadelfiyada ikinci qitə konqresi açıldı. Plantatorların və iri burjuaziyanın nümayəndələri konqresin iştirakçıları idilər. Bununla belə xalqın inqilabi yüksəlişinin təzyiqi altında Konqres İngiltərə ilə əlaqələri kəsməyə razı oldu. Konqres müharibənin əvvəllərində yaradılmış partizan dəstələrini öz ordusu elan edərək, varlı Virciniya plantatoru Corc Vaşinqtonu (1732 – 1799) ordunun baş komandanı təyin etdi. Vaşinqton fransızlar və hindular əleyhinə hərbi əməliyyatlarda iştirak edərək, bacarıqlı hərbi rəis etibarı qazanmışdı. Müstəqillik uğrunda müharibə illərində isə o özünü görkəmli siyasi xadim və inqilabi – azadlıq ordusuna rəhbərlik edən sərkərdə kimi göstərmişdi. Lakin, Vaşinqton bütün xalqa geniş siyasi hüquqlar verilməsinin əleyhdarı idi və demokratik hərəkata düşmən münasibət bəsləyirdi.

Bütün ölkədə müstəmləkələrin İngiltərədən ayrılması uğrunda mübarizə genişləndi. 1774-cü ildə Filadelfiyaya gələn ingilis burjua demokratı T. Peyn, dərc etdirdiyi “Sağlam düşüncə” pamfletində ingilis tiranlığının cəfəngiyyat olduğunu sübüt etdi. Peyn müstəmləkələrin müstəqil demokratik respublika elan edilməsini təbliğ edir və insanların təbii hüquq bərabərliyi ideyasını irəli sürürdü. Həcv böyük uğur qazandı və inqilabi hərəkatın yüksəlişinə təkan vermiş oldu.

Xüsusilə də Şimali Karolina və Virciniya İngiltərədən ayrıldıqlarını elan etdikdən sonra konqresdə müstəqillik tərəfdarlarının nüfuzu güclənirdi. 1776-cı il iyulun 4-də Konqres müstəqillik Bəyannaməsini elan etdi. Bəyannamə elan edirdi ki, müstəmləkə zülmü insanların azdlıq, həyat və xoşbəxtlik arzusu kimi “ayrılmaz hüquqları”na ziddir və Birləşmiş Amerika Ştatlarında birləşən üsyan edən müstəmləkələr “azad və müstəqil dövlətlərdirlər”. Bəyannamənin müəllifi Virciniyalı plantator və vəkil, burjua demokratı, amerika inqilabının görkəmli xadimlərindən biri Tomas Cefferson (1743 – 1826) idi. Cefferson xalqın aliliyi və insanların təbii bərabərliyi haqqında Russonun təlimi ilə həmfikir idi. Və o Bəyannamə layihəsinə quldarlığın ləğvi haqqında maddə daxil etdi ki, bu da plantatorların və iri kapitalistlərin narazılığına səbəb oldu. Nitqlərində və əsərlərində Cefferson fermerlərin və sənətkarların xırda mülkiyyətini ideallaşdıraraq, Qərbdə torpaqların azad paylanılmasını müdafiə edirdi. Konqres, onun tərtib etdiyi müstəqillik bəyannaməsi layihəsini xüsusi seçilmiş komissiyanın redaktə dəyişiklikləri edildikdən sonra qəbul etdi. Quldarlığı mühakimə edən maddə layihədən çıxarıldı.

Bir sıra burjua məhdudiyyətlərinə baxmayaraq, müstəqillik Bəyannaməsi mütərəqqi və inqilabi sənəd idi. Bəyannamə, xalqın aliliyi və insanların hüquq bərabərliyi prinsipini və yeni hökumətin yaradılması üçün xalqın tiranlığı devirmək hüququnu elan edirdi. Tarixdə ilk olaraq Konqres simasında burjua nümayəndəli yığıncaq bu inqilabi görüşləri elan etdi. Lakin, həqiqətdə geniş xalq kütlələrinə siyasi hüquqlar verməyə hazırlaşmayan plantatorların və burjuaziyanın əməli istəkləri Bəyannamənin insan hüquqları və bərabərliyi haqqında ideyalarından çox uzaq idi. Bəyannamənin elan edilməsi Konqresin xalq arasında nüfuzunu yüksəltdi, eyni zamanda, şimali amerika inqilabının gedişatında rəhbər rolun burjuaziyanın və plantatorların əllərində saxlanılmasına imkan verdi.

Müharibə aparmaq üçün İngiltərə hökuməti güclü donanmaya malik idi və üsyan etmiş müstəmləkələri dənizdən mühasirəyə alındığını elan etdi. İngilis hərbi gəmiləri öz topları ilə ingilis qoşunlarının sahil rayonlarındakı döyüş əməliyyatlarını müdafiə edirdilər. İngiltərənin böyük ordusu olmasa da, maliyyə imkanları, öz əsgərlərini pul müqabilində əcnəbi xidmətinə verməyi əlverişli hesab edən alman knyazlarından təxminən 29 minlik muzdur toplamağa imkan verirdi. Amerikalılara qarşı hannover qoşunları göndərildi. Müharibənin əvvəllərində daimi ordu və donanma cəhətcə İngiltərənin üstünlüyü müstəmləkəçilər üçün ciddi təhlükə yaradırdı. 30 minlik kral ordusu və donanmaya qarşı Vaşinqtonun qeyri – sabit tərkibli və dəyişkən saylı 18 minlik ordusu döyüşürdü.

Müstəmləkəçilərin ordusu Bostonu mühasirədə saxlayırdı. 1776-cı ilin martında onlar limana nəzarət edən yüksəkliyi ələ keçirərək ingilisləri təxliyəyə məcbur etdi. Boston azad edildi. Lakin, kiçik gəmilərə doluşan kral qoşunları general Qounun komandanlığı altında Nyu – Yorka doğru üz tutaraq şəhəri ələ keçirdilər. Bu zaman Vaşinqton inqilabi ordunu Trentona yönəldərək, gözlənilmədən ingilis ordusuna güclü zərbə vurdu. 1777-ci ilin yayında isə ingilislər donanmalarının köməyi ilə Filadelfiyanı tutdular.

Müharibənin gedişatında inqilabi ordu və xalq böyük çətinliklər yaşadılar. Onlara silah və sursat çatışmırdı. Könüllülərin tərkibi səbatsızlığı ilə fərqlənirdi, onların sayı isə dəyişirdi. Orduya əsgəri təchizat və ərzaq tədarük edən tacirlər qiymətləri qaldırırdılar. Varlanmaq xatirinə onlar tez – tez ingilis qoşunları üçün tədarüklə məşğul olurdular. Müstəmləkəçilərin ordusu ərzaq, ayaqqabı və isti paltar çatışmamazlığından əziyyət çəkirdilər. Qabağıalınmaz möhtəkirlik və kağız pulların buraxılışı bahalıq yaradırdı. 1777-ci ilə doğru qiymətlər bir neçə dəfə qalxdı. Şimalda bir sıra yerlərdə xalq kütlələri qiymət maksimumlarının tətbiqi haqqında əmr verilməsinə nail oldular. Lakin, tacirlər maksimum əmək haqqı barədə maddə daxil edərək bu qətnamənin asanlıqla üstündən keçdilər. Mərkəzi hökumətin olmaması ordunun təchiz edilməsi üçün ciddi tədbirlərin qəbul edilməsinə maneçilik törədirdi. Zabitlər içərisində satqınlıq mövcud idi. Vaşinqtonun yaxın müavini general Li ingilislərlə gizli əlaqədə idi.

İngilis qoşunları əleyhinə hərbi əməliyyatlar ölkə daxilində vətəndaş müharibəsinin gərginləşməsi ilə çulğalaşırdı. Sahil rayonlarında, xüsusilə də Nyu – Yorkda və Cənubda Corciya ştatında İngiltərə ilə ticarətdə marağı və torpaq aristokratiyası ilə əlaqəsi olan çoxlu sayda loyalistlər yaşayırdı. Loyalistlər ingilislərə casus məlumatları çatdırır və öz silahlı dəsətlərini yaradaraq ingilis ordusunda xidmətə girirdilər. Bir çox yerlərdə onlar vətənpərvərlərin evlərini qarət edir, onların ailələrini isə öldürürdülər. Ölkənin hər yerində yaradılmış təhlükəsizlik komitələri loyalistlərlə mübarizə aparırdı. Onlar əksinqilabçıların əmlaklarını müsadirə etməklə özlərini həbs edirdilər, vətənpərvərlər sırasından könüllüləri isə azadlıq ordusuna cəlb edirdilər.

İngilislər hinduları, müstəmləkəçilər qələbə çalacağı təqdirdə Qərbə doğru uzağa sıxışdıracaqları ilə qorxudaraq öz tərəflərinə çəkirdilər. İnqilabi orduda çoxlu zənci – azad və qul döyüşürdü. Sonradan Konqres tərəfindən plantatorlardan orduya cəlb etmək üçün bir neçə min zənci – qul satın alındı. Bəzi zəncilər orduda fərqlənirdilər. Zənci Debora Hannet alayların birində kişi paltarında 17 ay ərzində savaşaraq “qadın qəhrəmanlığı”na görə mükafatlandırıldı. Lakin konqresin quldarlığı ləğv etmək istəməməsi zəncilərin daha geniş kütləsinin azadlıq mübarizəsinə cəlb edilməsinə əngəl törədirdi.

Hər cürə məhrumiyyətlərə və çətinliklərə baxmayaraq, inqilabi ordu öz ölkəsinin azadlığı və müstəqilliyi uğrunda fədakarcasına mübarizə aparırdı. İngilis muzdur ordusundan fərqli olaraq vətənpərvərliklə dolub daşan və xalq kütlələrinin müdafiəsinə arxalanan inqilabi ordu, qabaqcıl taktika tətbiq edirdi. Maraqlıdır ki, ingilis qoşunları ölkənin içərilərinə daxil olduqca donanmanın müdafiəsini itirirdilər və çətin vəziyyətə düşərək məğlubiyyətə uğrayırdılar.

İngilislərin əsas məqsədi, Cənubun Yeni İngiltərə ilə əlaqəsini kəsərək inqilabi ordunu darmadağın etməkdən ibarət idi. Buna görə şimalda Qou ilə birləşmək üçün Kanadadan general Burqoynun dəstəsi hərəkətə başladı. Ancaq, bu manevr inqilabi ordu tərəfindən başa düşülmüşdü. Burqoynun qoşunları Saratoqa yaxınlığında mühasirəyə alındı və 1777-ci il 17 oktyabr məğlubiyyətindən sonra təslim oldu. Müstəmləkəçilərin bu qələbəsi üsyana qalxmış müstəmləkələrin gücünü nümayiş etdirdi və Fransa və İspaniyanın müharibəyə qoşulmasına gətirib çıxardı.

Saratoqa yaxınlığındakı məğlubiyyətdən sonra ingilislər əsas döyüş əməliyyatlarını Cənuba keçirdi. Onlar Çarlstona qoşun çıxararaq Yorktauna doğru irəlilədilər. Amma, ingilislərin vəziyyəti getdikcə pisləşirdi. İngilis baş komandanı Kornvallisin ordusu Vaşinqtonun və fransız generalı Roşambonun qoşunları tərəfindən mühasirəyə alınaraq 1781-ci ilin oktyabrın 19-da təslim oldu. Növbəti ildə İngiltərə hökuməti müharibəni dayandırdı və sülh haqqında danışıqlara başladı. ABŞ öz müttəfiqləri – Fransa və İspaniyanın müstəmləkə iddialarını məhdudlaşdırmaq üçün İngiltərə ilə ilkin birtərəfli razılaşma bağladı. Həmin dövlətlər yenidən Amerikadakı mülklərini genişləndirmək istəyirdilər ki, bu da həm ABŞ-ın, həm də İngiltərənin maraqlarına zidd idi. !783-cü il sentyabrın 3-də Versalda sülh müqaviləsi imzalandı. ABŞ müstəqil dövlət kimi tanındı. Alleqan dağlarından Missisipi çayınadək olan ərazi onun sərhədlərinə qatıldı. İspaniya Floridanı və Menork adasını geri qaytardı, Fransa isə Seneqal və Vest – Hinddəki bir sıra xırda adalarla qane olmaq məcburiyyətində qaldı.

Ingiltərənin müstəmləkə ağalığının devrilməsi və müstəqilliyin əldə edilməsi böyük uğur olsa da, inqilabın burjua – demokratik məsələlərinin həlli demək deyildi. Müharibə zamanı konqresin fəaliyyətinə və ştatların qanunvericiliyinə inqilabi xalq hərəkatını məhdudlaşdırmağa çalışan plantatorlar və iri burjuaziya rəhbərlik edirdi. 1777-ci ildə, inqilabi müharibənin qızğın çağında xalq kütlələrinin təzyiqi ilə loyalistlərin torpaqları müsadirə edildi. Lakin, bu torpaqların böyük bir hissəsi dövlət borcunun ödənilməsi üçün satışa qoyuldu və iri torpaq möhtəkirlərinin əlinə keçdi. Könüllüləri orduya cəlb etməkdən ötrü 1777-ci ildən onlara, torpaq sahələrini almaq hüququna dair şəhadətnamə verildi. Qərbdə torpaqların skvatterlər tərəfindən azad becərilməsi isə qeyri – qanuni elan edildi. Aqrar məsələ demokratik həllini tapa bilmədi.

1775 – 1778-ci illərdə bütün ştatlarda, seçicilər üçün yüksək əmlak senzi tətbiq edən konstitusiya layihəsi hazırlanaraq qəbul edildi. Xalq kütlələri siyasi hüquqlar almırdılar. Eyni zamanda, irqi əsarət və zəncilərin qul halında olması da saxlanılırdı. Hindulara heç bir vətəndaşlıq hüququ verilmədi və onlar daha da Qərbə doğru sıxışdırılaraq çəkilməyə məcbur edildilər. İnqilabi müharibə zamanı 1778-ci ildə, general Klarkın qoşun hissələri Qərbə – Oqayo çayınacan irokezlərlə müharibə aparmaq üçün yola düşdü. Bu isə qüvvələri müstəqillik uğrunda mübarizədən yayındırırdı.

ABŞ-ın dövlət vahidliyi məsələsi də həll edilməmiş qalırdı. Ştatların qanunvericilikləri və sosial – iqtisadi məsələdə fərqliliyi və yerli mənafelərin onların siyasətlərinə təsiri ölkənin, mərkəzi hökumət hakimiyyətinin olduğu milli dövlətdə birləşməsini ləngidirdi. 177-ci ildə ştatlar arasında ittifaq bağlandı, 1781-ci ildə isə Konqres, ayrı – ayrı ştatların demək olar ki, tam müstəqilliyini saxlayan “Konfederasiya maddələri” adlanan Birləşmiş Ştatların ilk konstitusiyasının qəbul edilməsi ilə kifayətləndi. Həqiqətdə isə mərkəzi hökumət mövcud deyildi.

Plantatorlar və kapitalistlər demokratik hərəkatın yüksəlişindən ehtiyat edirdilər. Xalq kütlələrini itaətdə saxlamaq üçün onlar mərkəzi hakimiyyəti gücləndirməyi və öz əllərində cəmləməyi zəruri hesab edirdilər. Virciniya plantatorlarının nümayəndəsi E. Randolf deyirdi ki, yeni konstitusiya “demokratikyanın azğınlığını cilovlamalıdır”. Burjuaziya və plantatorlara güclü hakimiyyət iri mülkiyyətçilərin mühafizəsi, borcların toplanmasını təmin etmək və xüsusilə də, Qərbdə torpaq haqqında məsələnin onlara görə əlverişli qaydaya salınması üçün lazım idi. Kapitalistlər və plantatorlar istəyirdilər ki, bu torpaqların skvatterlər tərəfindən azad becərilməsinin qarşısını alsınlar. Qərb torpaqları hələ 1785-ci ildə dövlət əmlakı elan edilərək torpaq alverçiləri üçün əlverişli şərtlərlə satışa buraxılmışdı. 1787-ci ildə satış üçün torpaq sahələrinin ölçüsü 260 hektardan az olmayaraq tətbiq edildi. Xalq kütlələrinin, hökumətin bu və ya digər tədbirlərinin doğurduğu narazılığını güclü hakimiyyət olmadan yatırmaq mümkün deyildi.

13 ştatın daha sıx siyasi birliyini digər səbəblər də tələb edirdi. 1787-ci ilin mayında Filadelfiyada 1781-ci il “Konfederasiya maddələri”nə yenidən baxılması və yeni konstitusiyanın hazırlanması üçün çağıılmışKonstitusiya konventinin iclası açıldı.

Konventin sosial tərkibi onun fəaliyyətinin kimin maraqlarına xidmət etdiyini açıq sübut edirdi. 55 üzvdən 20-si plantator, 23 bankir, tacir və sənayeçi, 10 vəkil idi. İki yeri isə həkim və müəllim tuturdu, lakin bir nəfər də olsun fermer, sənətkar, yaxud fəhlə yox idi. Konventin iclası ciddi gizli şəraitdə keçirilirdi, müzakirələrin məzmununu yaymaq qəti qadağan edilmişdi. Sentyabr ayında konvent öz işini başa çatdırdı.

1787-ci il konstitusiyası ştatların hər birinin geniş özünüidarə hüququnu saxlamaq və özünün ayrıca konstitusiyası olmaqla ittifaq, yaxud federal dövlət yaratdı. Qanunverici hakimiyyət nümayəndələr palatası və senatdan ibarət olan Konqresə verilirdi. Nümayəndələr palatasının üzvləri hər şatatın əhalisinin proporsional sayına əsasən 2 il müddətinə, senatorlar isə hər ştatdan 2 nəfər olmaqla 6 il müddətinə seçilirdi. Qanun hər iki palata tərəfindən qəbul edildikdən sonra hüquqi qüvvəyə minirdi.

Konstitusiyaya görə icraedici hakimiyyət iki mərhələləi seçkilərlə seçilən və geniş səlahiyyətləri olan prezidentə verilirdi. Prezident, yalnız onun qarşısında cavabdehlik daşıyan nazirləri təyin edir və həm də ordunun ali baş komandanıdır. Əgər qanun konqres üzvlərinin 2/3-si tərəfindən bəyənilərdisə o zaman prezident ona veto (1. qanunverən orqanların qərarını dayandırmaq və ya ləğv etmək hüququ, 2. qadağan, qadağan etmə) qoya bilərdi.

Konstitusiya, dəyişilməyən və ömürlük təyin edilən hakimlərdən ibarət ABŞ-ın Ali məhkəməsini təsis edirdi. Ali məhkəmə konstitusiyaya zidd hesab etdiyi qanunu ləğv edə bilərdi. Zəncilərin qul olması qanuniləşdirildi və ABŞ-a 20 il sonra da qul gətirilməsinə icazə verildi. Hindu qəbilələri tam hüquqsuz vəziyyətdə idilər. Belə ki, hinduların torpaqları üzərindəki hüquqları tanınmadı və onlar ABŞ vətəndaşı hesab edilmirdilər.

Konstitusiya respublika quruluşunu saxlasa da xalqın hüququ məsələsindən sükutla keçirdi. Bu sahədə konstitusiyaya daxil edilməyən İstiqlaliyyət bəyannaməsi ilə müqayisədə irəliyə doğru addım atılmışdı. Söz, mətbuat, vicdan, yığıncaq azadlığı kimi burjua – demokratik “azadlıqları” nın adı çəkilmirdi. Konstitusiya seçki hüququnu qaydaya salmadı. Seçkilərin qaydası və seçki hüququ ayrı – ayrı ştatların konstitusiyalarına görə müxtəlif şəkildə müəyyən edilmişdi, amma bütün ştatlarda geniş zəhmətkeş kütlələri – xırda fermerlər, fəhlələr, yoxsul sənətkarlar seçki hüququndan məhrum edilmişdi. Qadınlar heç bir hüquqlara malik deyildilər. Ştatların konstitusiyalarında əmlak senzi mövcud idi. Bəzən hətta seçicidən oturaqlıq yaxud aşkar dini məzhəbə mənsubluğu senzi tələb edilirdi. ABŞ-ın 3 milyon əhalisindən cəmi 120 min nəfərinin seçki hüququ var idi.

1787-ci il konstitusiyası 13 ştatdan 9-nun konventi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minə bilərdi. Onun təsdiq edilməsi ətrafında kəskin siyasi mübarizə gedirdi. Federal konstitusiyanın 1787-ci ildə Konventin qəbul etdiyi kimi saxlanılmasının tərəfdarı olanlar, yaxud federalistlər demokratik hərəkat əleyhinə birləşmiş Şimalın iri kapitalistləri və Cənubun plantatorları idi. Federalislərin başında Vaşinqtonun müdafiəsinə arxalanan Hamilton və medison dururdu.

Fermerlərin, şəhər xırda burjuaziyasının, xırda plantatorların arzularının ifadəçisi Tomas Cefferson başda olmaqla antifederalistlər idilər. Onlar konstitusiyaya bir sıra demokratik dəyişiliklər edilməsini təklif edirdilər.

Ştatlarda konstitusiyanın demokratikləşməsi uğrunda geniş hərəkat başladı. Plantatorlar və burjuaziya çox böyük əmək sərf edərək ştatların əksəriyyətində dəyişikliklər ediləcəyi şərti ilə konstitusiyanın təsdiq edilməsinə nail oldular. Amma bəzi ştatlarda onun ratifikasiyası ilə mübarizə 1790-cı ilədək davam edirdi.

1789-cu ildə Konqres seçildi. Corc vaşinqton ABŞ-ın ilk prezidenti oldu. Konqres 1791-ci ildə konstitusiyaya, söz, mətbuat azadlığı, yığıncaq və petisiya (müştərək ərizə), şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı hüququ, vətəndaşlıq hüququ olan əhali üçün cinayət işləri üzrə andlılar məhkəməsinin tətbiq edilməsini elan edən 10 dəyişiklik etməli oldu. Ümumdövlət dininin tətbiq edilməsi və sülh şəraitində qoşunların məcburi düşərgəsi qadağan edilirdi. Dəyişikliklərdən birində xalqın silah daşımaq hüququ nəzərdə tutulurdu. Birinci növbədə, zənci – qullar və hindular əleyhinə silah işlədilməsi nəzərdə tutulurdu. Beşinci düzəlişdə xüsusi mülkiyyətin toxunulmazlığı qeyd edilirdi ki, plantatorlar bununla qullar üzərində də mülkiyyət nəzərdə tuturdular. Bu dəyişikliklər ABŞ tarixinə “Hüquqlar haqqında bill” adı ilə daxil olmuşdur.



Yüklə 38,23 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə