Şİmal qəRBİ azərbaycan bölgənin tarixi-toponimlərin dili ilə akif məMMƏdli



Yüklə 169,53 Kb.
Pdf görüntüsü
tarix01.08.2018
ölçüsü169,53 Kb.
#60560


«GEO Strategiya».- 2013.- № 03 (15) .-S.35-39. 

ŞİMAL - QƏRBİ AZƏRBAYCAN

Bölgənin tarixi-toponimlərin dili ilə

AKIF MƏMMƏDLI 

AMEA Tarix İnstitututnun dissertantı

Toponimlər  tarixinin  öyrənilməsi,  bəzi  qaranlıq məqamların  aydınlaşdırılması üçün  danılmaz  sübutlar,

dəyərli  məlumat  mənbələridir.  Tarixi  araşdıran  tədqiqatçılar  üçün  toponimik  materiallar  xalqın  tarixi,  dili

etnogenezi(xalqın fomalaşması) tarixi coğrafıyasının öyrənilməsi  zamanı tutarlı dəlil,  inandırıcı fakt  rolu  oynayır.

Odur  ki,  biz  də  fikrimizi  əsaslandırmaq  üçün  toponimlərə  istinad  edəcək,  toponimika  elminin  bu  sahədə  bizə

yaratdığı geniş imkanlardan bəhrələnəcəyik.

İlk  növbədə  onu  qeyd  edək  ki,  toponimlər  (yer  adları)  çox  vaxt  burada  yaşamış  qəbilənin,  tayfanın

adından,  bəzən  də  həmin  yerin  relyefındən,  coğrafı  şəraitindən  asılı  olaraq  yaranır.  Coğrafi  adların  bir  qrupu

mənsub olduğu xalqın və onun formalaşmasında iştirak etmiş ayrı-ayrı tayfa və etnik qrupların adlarından törənib.

Toponimika tarixin, tarixi coğrafiyanın bir hissəsidir.

Antik dövr Roma və Yunan müəllifləri, xüsusilə Strabon və Ptolomey, orta əsrlərin ərəb, bizans, gürcü

və erməni müəllifləri  Azərbaycanın Şimal-Qərb bölgəsinə aid xeyli toponimlərdən bəhs etmişlər.

Yunan coğrafiyaçısı və səyyahı Strabon 17 cildlik “Coğrafiya” əsərində onlarla tayfa adları içərisində bu

gün də Azərbaycanın şimal-qərb bölgəsində yaşamaqda olan gel (indiki yengiloylar- M.A) Lupen (yaxud Ipen) və

alban  adlarını çəkir.  Qeyd  olunan  mənbədə  Kabalaka  (Qəbələ),  Niqa  (Nuxa,  Şəki),  Telava  (Telav-indi  Gürcüstan

Respublikası ərazisindədir) və digər qədim Albaniyaya aid olan toponimlərdən də bəhs olunur (1; 2; 3; 4; 5; 6).

Yeddinci yüzilliyə aid  “Erməni coğrafıyası”nda Azərbaycanın bir çox vilayət və şəhər adları içərisində

Balak, Katak (Katex, Gədıx, Gədik) kimi araşdırdığımız bölgə ilə bağlı toponimlər də verilmişdir.

XII  yüz  illikdə  yaşamış  məlliflərdən  Gəncəli  Kirakoş  Niqə  (Nuqa,  Nuxa),  Kiş  (Kiş)  və  Beluqan

(Belukan) yer adlarını, yaşayış məntəqələrini dönə-dönə qeyd etmişdir.

IX yüzillikdən XIII- yüzilliyədək olan dövrü əhatə edən ərəb mənbələrində də Azərbaycanın şimal- qərb

bölgəsi haqqında xeyli məlumat verilir. Müəyyən yanlışlıqlar olsa da, bu məlumatlar çox dəyərlidir. Bu mənbələrdə

Telavdan  (indiki  Gürcüstan  respublikası  ərazisindədir-  M.A)  başlayan  və  Şəkiyədək  ərazini  əhatə  edən  feodal

dövlət  qurumu  “Filanşahlıq”  adlanırdı.  Həmin  mənbələrdə  Şakki,  Bab-Filanşah  və  digər  coğrafi  yer  adları,  ölkə

adları tez-tez xatırlanırdı (12; 100).

XII-XIV yüzilliyin müəlliflərindən Yaqut Həməvi və Həmdullah Qəzvini öz əsərlərində məlum bölgəyə

aid  xeyli  toponimlərin  adlarını  çəkir.  Həmdullah  Qəzvininin  çoxcildlik  coğrafi  adlar  lüğətində  Balakən-Şəki

bölgəsinə aid onlarla lüğət adlar, tponimlər xatırladır. Tala, Darvaz, Bulaqlar və.s kimi adlar da bura daxildir.

Tarixçilərə,  etnoqraf  və  dilçilərə  məlumdur  ki,  toponimlərin  çoxu  etnonimlərdən,  yəni  burada  yaşayan

tayfanın, xalqın adından törənir.

Azərbaycanda  toponimləri  araşdıran  tədqiqatçılardan  Y.B.Yusifov  və  S.K.Kərimov  Qullar,  Gərəkli,

Tülü, Qazma (Balakən rayonunda yer, kənd adları) kəndlərinin adlarının da məhz eramızın əvvəllərindən etibarən

burada yaşamış (məskun olmuş) qədim türk tayfalarının adından törəndiyi göstərilmişdir.

Azərbaycanın  tarixinin  sistemli  şəkildə  öyrənilməsində  ciddi  təşəbbüs  göstərən  A.Bakıxanov

toponimlərin  araşdırılmasına  da  xüsusi  diqqət  yetirmişdir.  O,  “Gülüstanı-İrəm”  əsərində  yazırdı:  “Nəinki  əsrlər,

hətta min illər belə bu ölkənin bir çox yerlərinin və tayfalarının ilkin adlarını məhv edə bilməmişdir” (3).

Bir çox yerlərdə olduğu kimi, Azərbaycanın Şimal- Qərb bölgəsində də toponim və hidronimlərin çoxu

bu yerlərdə yaşamış qədim etnonimlərdən-tayfa, nəsil və qəbilə adlarından yaranmışdır. Məsələn : Balakən rayonu

ərazisindəki  Hunbul  çayı  heç  şübhəsiz  ki,  eramızın  əvvəllərindən  etibarən  bura  köç  etməyə  başlamış  hun

tayfalarının adı ilə bağlıdır.

Yunan  coğrafiyaşünası  Ptolomey  (2-ci  əsrdə  yaşamışdır)  məlum  bölgəyə  aid  bir  çox  toponim  və

hidronimləri xatırlatmışdır (9, 65).

Uobula, Telava, Niqa (Nuxa, Şəki), Kesiya (Kiş, Kis) və.s

Erkən orta əsr müəllifləri, həmçinin sonrakı dövr ərəb müəllifləri Şimal-Qərbi Azərbaycan ərazisindəki

Şakaşen(Şikaşen), Şaki, Lpinlər ölkəsi və.s. kimi yer adları qeyd etmişlər (9, 65).

Bu  günədək  Azərbaycanın  Şimal-Qərb  bölgəsindəki  Şəki,  Zaqatala  (Saka+tala)  toponimləri  müəyyən



qədər araşdırmışdır, bununla bağlı elmi ədəbiyyatda müəlliflik hüququ qazanmış fikirlər vardır. Odur ki, biz daha az

araşdırılmış, yaxud heç araşdırılmamış Balakən toponimini və onunla bağlı olan çoxsaylı toponimləri araşdırmağa

çalışmışıq.

Balakən oykonimi balak, balik sözü ilə əlaqədardır. Q.Qelbullayevə görə qədim türk dillərindəki balak,

baluk, balik- “qala”, “şəhər”, “obalar” mənasını verən sözlər olub (10, 5). T.Əhmədovun araşdırmalarında Balakən

adının çox maraqlı və əsaslı izahı ilə rastlaşırıq.  “Türk mənşəli coğrafi obyekt mövünü bildirən sözlərdən törənən

balak (Balakən -“şəhər”, “yurd yerləri”) qala divarı ilə əhatə olunan yaşayış yeridir (9, 251).

Burada Balakəndən Zaqatalaya gedəndə yolun sol tərəfində yol boyunca uzanan səddi, qala divarlarının

qalıqlarını xatırlatmaq istəyirəm. Maraqlı cəhət budur ki, həmin divarların çəkilişi təqribən 1500 il əvvələ aiddir və

Balakənin adı da ilk dəfə həmin dövrə aid bizans, yunan, erməni mənbələrində çəkilir.

Biz də bu fıkri həqiqətə yaxın hesab edirik ki, Balakən sözü “məskən”, “yurd yeri”, “obalar” mənasını

verən Balakan, Bulaqan sözündən yaranmışdır.

Maraqlıdır  ki,  qədim  Türklərin  “Tanrı dağları”  adlandırdığı Altaylarda  Bələkən,  Biləkən,  Beləkən  adlı

yaşayış yerlərı, yurd yerləri olmuşdur və indi də var.

Eramızın əvvəllərindən bu adda yaşayış yerləri məlumdur.

Folklorşünaslar,  etnoqraflar  Azərbaycanda  da  Tanrı  dağlarının  ətəklərində  yaşayan  qədim  oğuzlarda,

hunlarda, barsillərdə, avarlarda... olduğu kimi dağ belində “obanm daşları bir yerə yığıb tapınma” adətinin olduğu

barədə məlumat verirlər. Araşdırıcılara məlumdur ki, qədim türklər dağı, dağ kultunu, tanrısını soyun, nəslin, boyun

qoruyucusu  hesab  etmişlər.  Görünür  elə  buna  görə  də,  dağın,  dağ  ruhunun  şərəfinə  düzəlmiş  yapma  təpəciklərə-

“oba’Tara bir boyu, nəsli, qəbilələri, xalqı qoruyan ruhun, tanrının olduğu yer kimi baxmışlar (11, 47).

Görkəmli  tədqiqatçı, mifologiya  sahəsində  tanınmış alim  Mirəli  Seyidov  da  bu  məsələni  araşdırmış və

belə  qənaətə  gəlmişdir  ki,  “təpələr  olmayan  yerlərdə  əskidə  igidlərin,  xaqanların  qəbirlərinə  çoxlu  torpaq  töküb

kurqanlar  düzəldər  və  onlara  təpə  kimi  də  baxarmışlar”.  Daha  sonra  müəllif  qeyd  edir  ki,...dağ  da,  Oğuz  da  ulu

babadır. Elə buna görə də ulu baba Oğuz təpələri də dağ kimi müqəddəs sayılmışdır. Qəbilə birləşmələri, sonralar

xalq dağlar kimi bu təpələrə tapınmışlar.

Oğuz təpələrinə, dağlara əski çağlardan bəri, dəqiq desək, sakların, barsillərin, hunların, avarların, və b.

Qəbilə  birləşmələrinin  yaşadıqları  çağdan  tapınmışlar.  Azərbaycan  türklərinin  bir  çox  yerlərdəki  qəbirtəpələrə,

kurqanlara  tapınması  böyük  igidlərin  qəbirlərinin  tapınağa  çevrilməsi  və  onlara  “oba”  deyilməsi  ilə  səsləşir  (4,

267).

Görkəmli  tarixçi,  professor  Y.Mahmudov  Balakən  toponiminin  yaranmasının  oğuz  sərkərdəsi  Bələkin



adı ilə  bağlı olduğunu  bildirir.  Bu  fıkir  yuxarıda  qeyd  edilən  M.Seyidovun  fikrinə  çox  yaxındır.  Nəzərə  alsaq  ki,

Balakən  ərazisində  ötən  əsrin  80-ci  illərinin  sonunda  Y.Mahmudovun  rəhbərliyi  ilə  aparılan  arxeoloji  qazıntılar

(təəssüf ki, məqsədli şəkildə dağıdıldı...) da bu fıkrin doğruluğunu təsdiq edirdi.

Belə  ki,  Y.Mahmudovun  fikrinə  görə,  Balakənin  “Təpəçöl”  adlanan  ərazisindəki  təpələrdən  biri  məhz

oğuz  sərkərdəsi  Bələkin  qəbri  üzərində  ucaldılıb.  Maraqlı cəhət  budur  ki,  Tülü,  Talalar,  Qazma,  Kortala,  Qullar

kəndində yaşlılar Balakən deyil, Bələkən deyirlər.

Əgər  Azərbaycanın  Şimal-Qərb  bölgəsindəki  müxtəlif  “binə”  toponimlərini  araşdırsaq  çox  maraqlı

nəticə  ortaya  çıxar.  İlk  olaraq  onu  qeyd  edək  ki,  Azərbaycandakı  onlarla  müxtəlif  “binə”  toponimlərinin  böyük

əksəriyyəti  Balakən  və  Zaqatala  rayonlarının ərazisindədir.  Balakən  rayonu  ərazisində  - Qaracabinə,  Bayrambinə,

Darvazbinə,  Çökəkbinə,  Şanbulbinə,  Arılıqbinə,  Acılıqbinə,  Çor-corbinə,  Poşbinə  və  s.  binə  adları  vardır.

Zaqatalada həmçinin.

Binə qədimdə maldarlıqla məşğul olan türk qəbilə və tayfalarının müvəqqəti  yaşayış yeri  olmuşdur  (9,

186).

Bölgədə araşdırlmasına ehtiyac olan oykonimlərdən biri də “tuqay”dır. Tuqay sözü müasir dilimizə görə



arxaik  (qədim)  sayıla  bilər.  Bu  sözə  türk  dillərinə  aid  yazılı  mənbələrdə  toqay  formasında  olmaqla  müxtəlif

mənalarda: “çay kənarı meşəlik sahə”, “meşə ilə örtülmüş çəmən, ovalıq” mənalarında rast gəlinir.

Balakən,  Zaqatala,  Qax  ərazisində  Qanıx  çayı  sahilindəki  sıx  meşələrə  “tuğay  meşəsi”,  buradakı  çöl

ərazilərə isə “tuğay çöl” deyilir. “Tuğay meşə” dedikdə sıx, keçilməz çay kənarı meşə nəzərdə tutulur.

Yaşlılar  xatırlayır  ki,  50-  60  il  əvvələdək  Qanıx  çayı ətrafındakı  meşələr  həm  sıx  olduğuna,  həm  də

burada çoxlu bataqlıqlar olduğuna görə “keçilməz” hesab edilirdi.

Doğrudur  bölgədə  bəzi  toponimlər  qədim  türk  dilli  avarlarla  onların  işlətdiyi  sözlərlə  bağlı  olduğu

müəyyən  edilib.  Avar  tarixinin  araşdırıcılarından  olan  N.Y.Merpert  qeyd  edir  ki,  abarlar  (avarlar)  VI  yüzillikdə

Şimali  Qafqazda  yaşamış  və  578-ci  ildə  savirləri  məğlub  etdikdən  sonra  Cənubi  Qafqaza-Zaqafqaziyaya  da



gəlmişlər (12, 569-562).

Beləliklə,  bəzi  toponimlərin  avar  və  türk  sözlərinin  birləşməsindən  yaranması  təbiidir.  Məsələn:

Poştbinə  toponimi,  avar  sözü  olub  “poşt”  (kiçik  dağ,  təpə  mənası  verir)  və  “binə”  türk  sözüdür.  Bunların

birləşməsindən yeni toponim yaranıb.

Biz  buradakı  toponimləri  və  hidronimləri  araşdırdıqca  Y.M.Mahmudovun  apardığı  tədqiqatlar

nəticəsində gəldiyi qənaətin doğruluğuna inanacağıq. “Kitabi-Dədə Qorqud” dastanını tarixi mənbə kimi araşdıran

tədqiqatçı  Y.M.Mahmudov  yazır:  “Azərbaycanın  Şəki  bölgəsində  iskit-sak  dövründən  başlayaraq  ümumtürk

tarixinin bütün qatlarından dərin izlər qalıb. “Daş oğuz”dan (Dış , oğuzdan) yadigar qalan “Daş üz”, qıbçaqlardan

yadigar  qalan  “Qıbçaq”  kəndi  buradadır.  Oğuzun  nəsil  səcərəsindəki  türk  sərkərdəsi  Belakanın  adından  yadigar

qalan və yerli camaatın indi də “Bələkan”, “Beləkan” adlandırdığı “Balakən” də buradadır” (13, 58).

Azərbaycanın  Şimal-Qərb  bölgəsi  antik  dövrdən  başlayaraq,  orta  əsrlərin  sonunadək  Azərbaycanın

tarixini,  qədim  türk  tarixini  izləməyə  imkan  verən  açıq  tarix  muzeyidir.  Elə  bir  muzey  ki,  araşdırıldıqca  türk

dillərinin ən alt qatlarına aid yeni sözlər, yeni bilgilər önə çıxır. Bu həm qoca Qafqazın tarixinə, həm də ümumtürk

tarixinə dair bilgilərimizin sərhədlərini genişləndirir.

Antik  dövr  və  erkən  orta  əsr  Bizans,  gürcü  və  erməni  müəllifləri  bizim  araşdırdığımız  Şimal-Qərbi

Azərbaycandan  (Qafqaz  Albaniyasının  bir  hissəsindən)  danışanda,  buranın  qərb  sərhədlərini  indi  Gürcüstanın

ərazisində qalan Telavdan başlayır Şəki də daxil olmaqla şərqədək davam edən ərazini qeyd edirlər. Bu ərazilər bəzi

mənbələrdə Hereti ölkəsi adlandırılır.

Mənbələrin ciddi təhlili herlərin Qafqazda yaşayan 8 xalqdan biri olduğu və Hereti ölkəsində yaşadıqları

məlum  olur.  Hətta  gürcü  salnaməçisi  Gürcüstan  (Kartli)  ölkəsinin  qədim  tarixini  təsvir  edərkən  Hereti  ölkəsinin

Qafqaz Albaniyasına daxil olduğu aydınlaşır.

Qədim  gürcü  tarixini  araşdıran  D.L.Musxeleşvili öz  istəyindən  asılı olmayaraq  Heretinin  qədim  gürcü

torpaqlarına  daxil  olmadığını  görür.  Tədqiqatçı  Ş.H.Əliyev  “XI  əsr  gürcü  tarixçisi  Leonti  Mrovelinin

konsepsiyasına görə Ereti vilayəti Alban tayfa ittifaqına daxildir” deyə yazır (14, 46).

Tədqiqatçıya  görə  bəzi  gürcü  tarixçilərinin  yanlış  iddialarına  baxmayaraq  gellər  (bəzən  “hellər”,

“erlər”də  yazılırdı-M.A)  qədim  Alban  tayfalarından  biri,  Hereti  Albaniyanın  bir  vilayəti  idi.  Bunun  sübütu  kimi,

araşdırıcı  “herlərin-gellərin  Qafqaz  Albaniyasında  yaşayan  tayfaların  olması;  xiristianlığı  qəbul  etmələri  və

monofizit olmaları; Albaniyada islamın yayılmasına baxmayaraq, böyük əksəriyyətinin xiristian olaraq qalmaları;

Xl-XIIəsrlərdə  diofizitliyi  (xalgedonçuluğu)  qəbul  edərək  Gürcüstan  katalikazluğuna  daxil  edilmələri;

İran şahı Qubadın (Vl-əsr) tikdiyi səddin herlərin-gellərin ərazisindən keçməsi faktını göstərir(14, 55). Antik dövr

müəlliflərindən  Plini  Albaniyanın  sərhədlərinə  yaxın  ərazidə  dağlarda  silvlərin,  lpinlərin  (bəzən  lupen,  lipan)

yaşadığmı qeyd edirdi. Mənbələrdə Lpina ölkəsinin Albaniya katalikosluğuna daxil olduğu barədə məlumat verir.

Car-Balakən  camaatlığının  tarixini  araşdıran  tədqiqatçı  A.Ə.Məmmədova  bu  bölgədən,  buradakı  dağ

keçidlərindən  bəhs  edərkən  yazır:  Böyük  Qafqaz  sıra  dağlarında  Şimali  Qafqazla  Cənubi  Qafqaz  arasında  əlaqə

yaradan çoxlu aşırımlar var... bu aşırımlardan təkcə beşi keçmiş Car-Balakən və İlusu sultanlığının mövcud olduğu

Balakən, Zaqatala, Qax rayonlarının ərazisindədir (15, 25).

Y.M.  Mahmudova  və  adı yuxarıda  qeyd  edilən  tədqiqatçıya  görə  Azərbaycana  qədim  türk  axınları da

məhz  bu  aşırımlar  vasitəsilə  baş  verib.  Hunların,  Qullar,  Gereyli,  Qazma,  Tulu  (Dulu),  Katak  tayfalarının  adını

xatırladan toponimləri daha əvvəl qeyd etmişik.

Şimaldan gələn türk axınlarının qarşısını ala bilmək üçün Sasanı hökümdarı Qubad (446- 531-ci illər) və

Xosrov  Ənuşirəvan  (531-579-  cu  illər)  həmin  keçidləri  bağlayaraq  40  istehkam  tikdirmiş,  Dərbənddən  Dəryal

keçidinədək sədd çəkdirdikləri və bu səddin qalıqlarının indi də Balakən rayonunun Katex kəndi ərazisində qaldığı

məlumdur. Tarixi abidələrdən, istehkam və qalalardan bəhs edərkən bu barədə ətraflı danışacağıq.

Albaniyanın,  sonralar  Arranın  qərb  sərhədlərindən  bəhs  edərkən  Tiflis  müsəlman  əmirliyini  unuda

bilmərik. Çünki X əsr ərəb mənbələri Tiflisi Arranın böyük şəhərlərindən biri kimi qeyd edirdilər (İbn Havqəl, Əl-

İstəxri və digərləri).

Bildiyimiz kimi bəzi mənbələrdə göstərilir ki, bu dövrdə Almaniyanın Şimal-Qərbində Şəki hakimliyi və

Sənariyyə kimi feodal dövlətləri yaranmışdı və Arran padşahı Mömin Knyaz Homam 866-cı ildə Alban padşahlığını

qəbul edərək Girdimanı, Şəki və Sənariyyəni də öz hakimiyyəti altında birləşdirdi (16, 375).

Sonrakı dövrdə bu ərazilər Azərbaycanın feodal dövlətlərindən olan Sacilərdən, sonra Salarilərdən asılı

vəziyyətə düşdü.

On  ikinci  yüzilliyin  əvvəllərindən  başlayaraq  Azərbaycanın  Şimal-Qərb  bölgələri  gürcülərin  aramsız

hücumuna məruz qalır, hətta bir müddət bu ərazilər gürcülər tərəfindən işğal edilir.



Məlum 1123-cü il hadisələrindən, səlcuq qoşunlarının Şirvanı tərk etməsindən istifadə edən gürcü çarı

IV  David  Şirvan  torpaqlarını  tamamilə  gürcü  çarlığına  qatmağa  çalışdı.  Dəfələrlə  Azərbaycana  yürüş  edərək,

Şirvanşahların əsas qalaları olan Gülüstan və Buğurd qalalarını işğal etdi və bura gürcü qoşunları yerləşdirərək geri

qayıtdı.  Gürcü  qoşunları  isə  bir  neçə  ay  burada  qala  bilmişdi.  Çünki,  1125-ci  ildə  IV  Davidin  ölümü  gürcüləri

buranı tərk etməyə məcbur etdi (17, 22).

Monqol  yürüşləri  nəticəsində  gürcü  dövləti  xeyli  zəiflədi  və  Şimal-Qərbi  Azərbaycan,  Şəki  və  Qəbələ

yenidən Şirvanşahlar dövlətinin tərkibinə qatıldı.

XIII  yüzillikdə  əvvəl  Ali  Monqol  Xaqanlığının,  sonra  isə  Hülakilər  dövlətinin  tərkibinə  qatılan  (7,

21-22) bu bölgə heç zaman gürcü millətçilərinin yazdığı kimi uzun müddət Gürcüstanın tərkibində olmayıb.

XIII-XIV yüzilliklərdə tamamilə zəifləmiş Gürcüstan nəinki bu ərazilərə, heç öz ərazisinə də nəzarət edə

bilmirdi.

XV  yüzillikdə  bir-birinin  ardınca  Azərbaycanda  siyasi  hakimiyyət  quran  Qaraqoyunlu  (1410-1467-ci

illərdə  mövcud  olmuşdur)  və  Ağqoyunlu  (1468-1501-ci  illərdə  mövcud  olmuşdur)  dövlətləri  Azərbaycanın  digər

əraziləri  kimi,  Şimal-Qərb  bölgəsini  də  öz  təsir  dairəsinə  daxil  etmiş.  Bölgədə  dini-siyasi  mübarizə  daha  da

güclənmişdi (7, 90).

Həmin dövr Gürcüstanın siyasi cəhətdən parçalanması onu bu bölgəyə olan iddialardan məhrum etdirdi.

XVI yüzilliyin əvvəllərində çox güclü Azərbaycan Səfəvi dövlətinin yaranması, hadisələrin istiqamətini

bir mənalı şəkildə Azərbaycanın xeyrinə dəyişdi.

Doğrudur, sonralar Rus işğalından sonra Azərbaycanın Şimal-Qərb bölgəsinin bir hissəsi, əslində xeyli

hissəsi azərbaycandan alınıb Gürcüstan və Dağıstana verildi.

Azərbaycanın  bu  bölgəsindən  bəhs  edərkən,  XVI-yüzilliyin  sonundan  başlayaraq  burada  yaranmış

Car-Balakən  camaatlığını  xüsusi  diqqətə  almaq  lazımdır.  Bu  mövzunun  araşdırılması  ilə  məşğul  olan

S.Ə.Məmmədovaya  görə,  camaatlığın meydana  gəlməsi  kor-koranə  bir  proses  olmayıb, Səfəvi  dövlətinin  bölgədə

uzun müddət apardığı siyasətin nəticəsi idi (15, 42).

XIX  əsr  müəllifləri  Car-Balakən  camaatlığının  ərazilərindən  bəhs  edərkən  onun  (Car-Balakən)  Qanıx

çayının sol sahilində yerləşdiyi və şimalda azad ləzgilərin torpaqları, qərbdə isə Telavı qəzası ilə sərhəd olduğunu

qeyd edirlər.

Car-Balakən  camaatlığının  şimal  sərhədləri  çarizmin  apardığı  inzibati  dəyişiklərə  qədər,  Samur

çayınadək  uzanıb.  Qərb  sərhədləri  isə  Gürcüstan  respublikasının Loqodexi  rayonunun  ərazisindən  axan  Kartuban

çayadək uzamrdı.

Hal-hazırda  Azərbaycan  Respublikası  ilə  Gürcüstan  respublikası  arasında  sərhəd  olan  Mazım  çayla

Kartuban (Qara Tubal) çay arasındakı ərazilər  Car-Balakən  camaatlığı ləğv olunanadək onun  sərhədləri  daxilində

olmuşdur.

1837-ci  ildə  Zaqatala  dairəsinin  yeni  inzibati  sərhədlərinin  müəyyən  edilməsi  nəticəsində,  vaxtilə

Balakən  icmasına  məxsus  27.000  desyatin  torpaq  sahəsi  Siqnax  qəzasına  birləşdirildiyi  mütəxəssislər  tərəfındən

müəyyən edilib (15, 53) .



QEYDLƏR:

1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb, 2007, 304 s.

2. Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı: Elm, 1990, 148 s.

3. Mirəli Seyidov. Azərbaycanın mifik təfəkkür qaynaqları. Bakı: Yazıçı, 1983, 326 s.

4. Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: Yazıçı, 1989, 496 s

5. Алиев К. Античная Кавказская Албания. Баку: Азернешр, 1992, 238 с.

6. Гейбуллаев Г.А.К этногенезу азербайджанцев. Т.1. Баку: Элм, 1991, 552 с.

7. Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı: Elm, 2007, 608 s.

8. Axundov D.A. Azərbaycanın qədim dini abidələrinin memarlığı. Bakı: Azərnəşr. 1974.56 s

9. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: BDU Nəşriyyatı, 1991, 312 s.

10. Fərzəli Əjdər. Dədə Qorqud yurdu. Bakı: Azərnəşr, 1989, 180 s.

11. Murat Uraz. Türk mifologisi. Istanbul, 1967, 160 s.

12. Мерперт Н.И. Авары в Восточной Европе. Москва: Наука, 1958,

13. H.Mahmudlu Y.M. “Kitabi Dədə Qorqud tarixi mənbə kimi və ya türkün çağlayan tarix bulağı”.

Altay dünyası. Beynəlxalq jurnal, sayı 1-2, Bakı: Altay, 1997, 51-69 s.

14. Əliyev Ş. Şimal-Qərbi Azərbaycan: İngiloylar. Bakı: Təhsil, 2007, 280 s.




15. Arzu Əşrəfqızı. Car- Balakən camaatlığı. Bakı: UniPrint, 2007. 256 s.

16. Крымский A.E.  Страницы  из  истории  Северного  или  Кавказского  Азербайджана  .М-Л:

Наука, 1938, 476 с.

17. Mahmudlu.Y.M.  Azərbaycan  tarixi.  İntibah  dövrü  (IX  əsrin  II  yarısı-XI  əsrin  əvvəlləri)  Bakı:



Altay dünyası, 1996, 81 s

Yüklə 169,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə