Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə3/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   2   3   4   5   6   7   8   9   ...   93

Züleyxa camallı, məh-ləbin yardan 
Fələk məni cida salıb, ağlaram. 
 
Yüsif ağa Məhbubənin ölümundən sonra qəmli, hüznlü mahnılar oxumağa 
adət eləmişdi. Biçarə kişi axır vaxtlar yaman arıqlamışdı. Geniş alnındakı qırışlar 
daha da uzanıb, dərinləşmişdi. Kədərli çöhrəsində yazıqlıq və kövrəklik elə bil 
əbədi yuva qurmuşdu. Qarı Yusif ağanın gecələr ah çəkdiyini, çarpayıda 
qurcalandığını, durub sakitçə papiros çəkməyə çıxdığını eşidirdi, görürdü. Amma 
dinmirdi. Dinəndə də, nə deyəcəkdi... Adama nə qədər təsəlli verərlər... 
Çöldən tappıltı səsi gəldi. Obanın itləri ağız-ağıza verib hürüşürdu. Dirəkdən 
asılan çıraq lap ölgünləmişdi. Otaq nənənin gah işıqlı, gah da kədərli xatirələrilə 
dolu idi... 
Qapı döyüldü. Gələn Yusif ağa idi. Böyük oğlu Mehdixanı Tiflisdəki Mirzə 
Hüseyn Əfəndi Qayıbzadənin kasıblar üçün açdığı məktəbə qoyub qayıdırdı. 1915-
ci ilin payız səhəri artıq işıqlaşırdı... 
 
* * * 
 
Aşa qarı samovarı doldurdu. Samanlığın qabağına tökülmüş quru çır-
çırpıdan yığıb odluğa atdı. Alışdırıb içəri girdi. Taxçadan götürdüyü güllü stəkan-
nəlbəkini siniyə yığıb çöldə, samovarın yanında yerə qoydu. Dərhal geri qayıdıb 
kilim, döşəkçə gətirdi. Kilimi açıb döşəkçəni və yükün üstündən götürdüyü iki 
mütəkkəni yuxarı başdan yanaşı qoydu. Samovarın dudkeşindən çıxan alovun 
dilləri yalmanırdı. Alov sönəndə samovar həzin zümzüməyə başladı. 
Torpaq damdan ucaboylu iki kişi çıxdı. Biri ev yiyəsi Yusif ağa, biri də 
Salahlı kəndindəki ibtidai rus-müsəlman məktəbinin direktoru Əhməd ağa 
Mustafayev idi. Müəllimin yaşı yetmişi haqlasa da zəkası hələ məşəl kimi aydın 
yanırdı. Yerli camaat hörmət əlaməti olaraq Əhməd ağanı “uştel” deyə çağırırdı. 
Bu obada maarif və mədəniyyətdən söz düşəndə birinci olaraq onun adı çəkilirdi. 
O, zəmanəsinin dərin bilikli, ilk rus təhsilli, istedadlı bir şəxsiyyəti idi. Rəhbərlik 
etdiyi nümunəvi kənd məktəbində dünyəvi elmlərlə yanaşı rus dili də ilk dəfə 
tədris olunurdu. 
Hörmətli qonağının getmək istədiyini görən Aşa qarı irəli gəlib: 
- Əhməd ağa, - dedi, - çaya əyləşin, birdən - ikidən bizə gəlməyiniz 
olmayıb... 
Əhməd ağa: 
- Çox sağ ol, - deyib aralanmaq istəyəndə Yusif ağa onun qolundan tutdu. 
- Yox, a uştel, qarının əməyini itirmə, səni görüb səhərdən od-alova dönüb, 
gərək kişinin qızının zəhmətini yerə vurmayasan. 
Əhməd ağa inadın yersiz düşəcəyini duyub, kölgəlikdə salınmış palaza tərəf 
getdi. Əsasını palazın ayağında yerə qoyub ayaqqabılarını çıxartdı. “Ya allah” 
deyib Yusif ağa ilə yanaşı əyləşdi. 
- Yusif ağa, deyirsən bizim Əlağanı görə bilmədin? 


- Hardan görəydim ay Əhməd ağa, qulluq adamıdı, bir də ki dünyanın o 
başında qan tökülür, indi Əlağa kimi generalı boş-bekar oturmağa qoyarlarmı? 
- Onda Paşa ağanın oğlu İbrahimi də görməzdin, yəqin ki, o da davaya 
gedib. 
- Yox, yalan nə deyim, görə bilmədim. Bir axşam uşaqlar gəlib məni 
konsertə apardılar. Orada kimi görsəm yaxşıdır - Məşədi Əkbəri. 
- Sən allah, eləmi? - Əhməd ağa qəfil eşitdiyi xəbərdən sevincək olub 
stəkanı əlindən yerə qoydu. Maraqla həmsöhbətinin üzünə baxdı.  
- Əşi,- dedi, - bu yaxınlarda onun sorağı Dilicandan gəlirdi. Heyf, heyf, bir 
imkan tapıb, ona qulaq asmağa gedə bilmədik. Saqqalı ağarmışın “Şur” 
dəsgahından olmaz. Bir dəfə İrəvanda əlimizə duşdü. Düz iki saatdan çox oxudu. 
Yusif ağa, açığını deyim, hələ bizim tərəflərdə onun tək muğam ustasını heç bir 
ana doğa bilməyib. Qohumun orda nə oxudu? 
Yusif ağa fəxrlə: 
- Nə oxumadı, - dedi, - farsca, gürcücə elə mahnılar oxudu ki, yığışan 
camaat mat-məəttəl qaldı. Deyirlər Bakıda bir teatra çıxıb. 
Əhməd ağa dərhal: 
- “Leyli və Məcnun”u deyirsən? 
- Hə, bax onun bir yeri var e, Məcnun üzünü göyə tutub yana-yana yalvarır. 
 
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni!  
Bir dəm bəlayi-eşqdən etmə cüda məni! 
 
Yusif ağa yadında qalan bu iki misranı pəsdən avazla elə oxudu ki, Aşa qarı 
da, Əhməd ağa da heyranlıqla onun üzünə-baxdı. 
- Zalım oğlu, - dedi, - elə yaralı oxudu ki, elə bil bunların hamısı öz başına 
gəlmişdi. Camaat Məşədi Əkbəri buraxmırdı. Konsert qurtaranda da ondan əl 
çəkmirdilər. Camaatı yarıb zorla birtəhər onunla görüşə bildim. 
Əhməd ağa təəssüflə: 
- Saqqalı ağarmış bizləri unudub, dedi. - Xeyli vaxtdı bu tərəflərə gəlmir. 
Görəsən, necə dolanır? Yusif Ağa uştelin dilindən əmizadəsi haqqında tərifləri 
eşitdikcə fərəhlənirdi. 
- Yaxşıdı, -  dedi, - elə gümrahdı ki, görünür günü-güzəranı xoş keçər, 
Qəşəng, şıq geyinib. Oxuduqca sallama cib saatının zənciri işıq altında bərq 
vururdu. Yaraşıqlı qəddi-qaməti, uca boyu... 
- Uzaqlardan, Vəkilovlardanam deyirdi hə, - Əhməd ağa zarafatla dostuna 
sataşdı. Ürək dolusu güldü. Sonra bir qurtum çay içib, - allah canını sağ eləsin, - 
dedi - uzaqlarda el-obanın ad-sanını qaldırır. Burda qalıb neyləyəcəkdi. Ən uzağı 
mənim kimi bir kənd müəllimi olub kovxalarnan, katdalarnan əl-ayağa qalxacaqdı 
ki, uşağını ver oxudum. Yanqır Camala bir Quran söz danışırsan, oxumağın, elmin 
mahiyyətini başa salırsan, yenə öz beynindəkini çağırır. Hələ bir üstünə də qışqırır 
ki, bəs mənim dana-buzovumu kim otarsın? Bu qədər zəhmət çəkdik, bir qara 
qəpiyə dəymədi, ay Yusif ağa... 


- Elə demə, Əhməd ağa, - Yusif ağa dostuna təsəlli verdi. - Sənin haqqı-
sayın bizim üstümüzdə çoxdu, qardaş. Sən olmasaydın, bu oba tamam savadsız 
qalardı. Qarabağın Malıbəyli kəndində ilk qız məktəbi açan Məmmədbəy Qarayev 
sənin tələbən deyilmi? Eləcə də onlarla Salahlı, Şıxlı, İncə dərəsindən savad alıb 
el-obasına maarif işığı aparan gənc sənin əməyinin bəhrəsidir. Şikayət eləməyə 
haqqın yoxdu, qardaş. İndi bir-iki gədə-güdə xətrinə dəyib, sən də naincik olubsan. 
Səbr elə... 
- Yusif ağa, Hüseyn əfəndinin evində oldunmu? - Tərifdən xoşu gəlməyən 
uştel qəsdən söhbətin yönünü dəyişdi. 
- Hə, oldum, necə bəyəm? 
- Yenə qonaq-qarası çox idimi? 
- Demə, qardaş, hər axşam bir dəstə oxumuş yığışırdı. Danışırdılar, 
məsləhətləşirdilər. Düzü, mən bu söhbətlərə diqqət kəsilirdim. Amma çifayda, 
çoxusu mənə əyan olmurdu. 
- Heç seminariya haqqında danışırdılarmı? 
- Vallah, nə deyim ay Əhməd ağa, elmdən, ədəbdən söhbətləri qurtarmaq 
bilmirdi. Bir axşam ucaboylu, yaraşıqlı, səliqəli geyimli bir kişi gəlmişdi. Gördüm 
sir-sifətdən mənə tanış gəlir. Soruşdum kimdi. Dedilər Firudin bəy Köçərlidi. Qori 
seminariyasında inspektor işləyir. 
- O sizin qohumdu ki, Badisəbanın həyat yoldaşıdır. Bəs indiyədək 
tanımırdın? 
- Sağ ol səni, hardan tanıyım? O vaxt toylarında gördüyümdü. 
- Seminariyanı köcürməkdən bir şey danışmadılarmı? - Əhməd ağa səhərdən 
ürəyində tutduğu mətləbin üstünə gəldi. 
- Vallah, imanımı yandıra bilmərəm, elə şey eşitmədim. 
Əhməd ağa köksünü ötürüb:   
- Deyirlər, Firudin bəy seminariyanın Azərbaycan şöbəsini Ağdama 
köcürmək istəyir. Ora Azərbaycanın hər yerinə yaxındır. Qori uzaqdır, yad yerdi
uşaqlar gedib-gələ bilmir. Elə bir-şey olsa, mən də Ağdama köçəcəm. . 
Yusif ağa təəccüblə: 
- Sinninin bu vaxtı eldən-obadan çıxacaqsan? 
- Qardaşım, onu bil ki, suda boğulan saman çöpünə əl atar. Nə vaxtacan 
Yanqır Camal kimi qanmazlara ədəb dərsi keçib onlardan yalvar-yaxarla uşaq 
alacam. 
- Əhməd ağa, Yanqır Camal elə toxumdu ki, onlar əkilmədən, səpilmədən 
hər yerdə cücərib boy atırlar. Sənin kimi arif alimlər də onları bir-bir qopardıb atır. 
Bir də ki, kişinin düşməni olar də. İndiki bəzi bəylər, ağalar qudurğanlıqdan qan 
salıb  özünə düşmən qazanır. Sən də uşaqlarımıza elmi-ədəb öyrədib, bir-iki 
nadürüstü özünə düşmən eləmisən. Amma düzünə qalsa, sənin heç bir düşmənin 
yoxdu. Qanan adam da insana elm, ədəb, ağıl verəni özünə düşmən hesab edərmi? 
Sən belə düşmənlərindən heç vaxt ehtiyat eləmə. Onlar günü-gündən azalır, məhv 
olur. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə