Sergey Dövlətov



Yüklə 43,21 Kb.
tarix11.04.2018
ölçüsü43,21 Kb.
#36884

Sergey Dövlətov. Qış papağı

Noyabr bayramlarından başlayaraq Leninqradda şaxtalar düşdü. Redaksiyaya gedərkən mən qonaqlardan hansınınsa unutduğu xizəyə oxşar eybəcər papağı başıma keçirtdim. Gedər, düşünürəm, bununla belə mən artıq on beş ildir güzgüyə baxmıram.


Redaksiyaya gəlirəm. Həmişə olduğu kimi qırx dəqiqə  gecikirəm. Buna müvafiq olaraq ötkəm və qətiyyətli bir görkəm alıram. Ədəbi işçilərin otağında tutqun ab-hava var. Vorobyov gərgin halda siqaret çəkir. Sidorovski gözlərini  bir nöqtəyə zilləyib. Delyukin telefonda pıçıltı ilə danışır. Mila Doroşenkonun gözləri isə, ümumiyyətlə, yaşarmışdı.
- Atəşin salamlar, – deyirəm, – rejimin trubadurları, niyə belə məhzunsunuz?
Susurlar. Yalnız Sidorovski qaşqabaqlı halda cavab verir:
- Dövlətov, sənin həyasızlığın bütün sərhədləri aşır.
Mən nəsə baş verdiyini düşünürəm. Bəlkə maaşdan əlavə verilən pulumuzu kəsiblər?
- Bu nə matəmdir, – soruşuram, – ölü hardadır?
- Küybışev ölüxanasında, – Sidorovski cavab verir, – dəfn sabahdır.
Hələ də bir şey aydın deyil. Nəhayət, Delyukin danışığını qurtarır və elə həmin pıçıltıyla da  başa salır.
- Raisa özünü zəhərləyib. Üç qutu nembutala yeyib.
- Belə, – deyirəm, – aydındır. Adamı məcbur elədilər!
Raisa bizim makinaçı idi, həm də olduqca işini biləndi. Cəld, makinaya baxmadan yazırdı, Amma bu ona saysız-hesabsız səhvləri görməyə mane olmurdu.
Doğrusu, Raisa səhvləri ancaq vərəq üzərində görürdü. Həyatda isə Raisa həmişə səhvlər eləyirdi. Nəticədə isə o heç cür diplom ala bilmədi. Bundan əlavə iyirmi beş yaşında da uşağıyla tək qaldı. Nəhayət, yəhudilərə qarşı əzəli ədavəti olan sənaye qəzetində işə düzəldi. Yəhudi olsa da, heç cür yəhudi olduğuna alışa bilmirdi. Redaktora söz qaytarır, içir, kosmetikadan sui-istifadə eləyirdi. Qısası, öz yəhudi mənşəyi ilə hesablaşmırdı. Raisaya bəlkə də digər semitlər kimi dözərdilər, Amma bunun üçün onun özünü ağıllı aparması lazım idi. Daha doğrusu, ağır, sadə və bir qədər günahkar. O isə sona qədər tipik xristian zəifliyini nümayiş elətdirdi.
Oktyabrdan Raisanı gözümçıxdıya salmağa başladılar. Axı onu işdən azad eləmək üçün xüsusi səbəblər lazımdı. Bunun üçün ona üç və ya dörd töhmət verilməli idi.
Redaktor Boqomolov fəaliyyətə keçdi. O, Rayanı kobudluq eləməyə təhrik edirdi. Səhərlər onun işə gəlməsini saniyəölçən saatla gözləyirdi. Onun hansısa şübhəli bir işinin üstünü açmağı, ya da heç olmasa redaksiyada sərxoş görməyi arzulayırdı. Bütün bunlar ətrafdakıların yekdil sükutu içində baş verirdi. Halbuki redaksiyadakı bütün kişilərinin işi-gücü Raisaya vurulmaq idi. O, redaksiyada yeganə subay qadın idi. Sonda  isə Raisa özünü zəhərlədi. Bütün günü hamı qaşqabaqlı və təmkinli halda gəzdi. Sakit, ciddi səslə danışırdılar. Elm şöbəsindən olan Vorobyov mənə dedi:
- Qoca, mən dəhşət içindəyəm! Başa düş, dəhşət içindəyəm! Bizim elə mürəkkəb, dolaşıq münasibətlərimiz var idi.  Necə deyim, min bir gecə… Sən bilirsən, mən evliyəm, Rayanın isə tərs xasiyyəti var idi… Hər cür kompleksləri də buna görəydi… Əminəm ki, sən məni başa düşürsən?
Bufetdə Delyukin yanımda əyləşdi. Onun çənəsi  yumurta sarısına boyanmışdı. O dedi:
- Raisa ha! Sən bir fikirləş! Gənc, gümrah qız!
- Hə, – deyirəm, – dəhşətdir.
- Dəhşətdir… Axı biz Raisa ilə təkcə dost deyildik. Əminəm ki, sən mənim nə haqda danışdığımı başa düşürsən? Bizm dəhşətli, üzücü münasibətlərimiz var idi. Mən pozitiv, romantik, həyatsevərəm, Raya isə hər cür kompleksləri olan adamdı. Nəyə görəsə bir-birimizi ayrı-ayrı dillərdə başa salırdıq…
Hətta bizim felyotonçu Sidorovski də məni saxladı:
- Başa düş, mən dindar deyiləm, amma hər halda özünü öldürmək günahdır! Biz kimik ki, öz həyatımıza özümüz son verək?! Raisa belə eləməməliydi! O, redaksiyanın üzərinə necə gölgə saldığını düşünübmü?
- Əmin deyiləm. Ümumiyyətlə, burada redaksiyalıq nə iş var?
- Mənim gülməli olmasa da peşə qürurum var!
- Mənim də. Amma mənim peşəm başqadı.
- Hökmən deyil ədəbsizlik eləyəsən. Mən Raya haqqında danışmaq istəyirdim.
- Sizin mürəkkəb, dolaşıq münasibətləriniz vardı?
- Sən hardan bildin?
- Hiss elədim də.
- Mənim üçün onun hərəkəti təhqiredicidir. Sən əlbəttə mənim həddən artıq emosional olduğumu deyəcəksən. Bəli, mən emosionalam. Bəlkə də həddən artıq emosionalam. Ancaq mənim dəmir prinsiplərim var. Əminəm ki, sən nə demək istədiyimi başa düşürsən?!
- Elə də yox.
- Mən demək istəyirəm ki, mənim prinsiplərim var…
Birdən ürəyim bulandı. Həm də o həddə qədər ki, başım ağrıdı. İşdən çıxmağı, daha dəqiqi, günortadan sonra öz kağızlarım üçün qayıtmamağı qərara aldım. Sadəcə, bir söz belə demədən çıxıb getmək. Məhz beləcə dəhlizdən çıxıb, avtobusa oturasan… Bəs sonra? Sonra nə olacaqdı? Artıq orasını düşünmürdüm. Təki dəmir prinsipləri, saxta ruh yüksəkliyi ilə yaşayan, yaradıcılıq haqdakı arzularını gerçəkləşdirməyin mümkün olmadığı redaksiyadan gedəsən…
Böyük qardaşıma zəng elədim. Biz Tavriçeski qastronomunun yanında görüşdük. Lazım olan hər şeyi aldıq.
Borya deyir:
- «Sovetskaya» mehmanxanasına gedək, orda mənim Lvovlu dostlarım qalırlar.
Dostların nisbətən gənc üç qadın olduqları məlum oldu. Qadınların adları Sofa, Rita və Qalina Pavlovna idi. Onların çəkdiyi sənədli film «Güclü akkord» adlanırdı. Filmdə söhbət donuzlar üçün uyğunlaşdırılmış yemdən gedirdi.
«Sovetskaya» mehmanxanasını altı il əvvəl tikmişdilər. Əvvəllər burada ancaq xaricdən gələnlər qalırdılar. Sonra gözlənilmədən xariciləri köçürtdülər. İş burasındaydı ki, mehmanxananın axırıncı mərtəbəsindən «Admiralteets» gəmiqayırma zavodunun sexinin fotosunu çəkmək olardı. Xeyirsöyləməz adamlar «Sovetskaya»nı «Antisovetskaya» adlandırırdılar.
Kinoqrupun qadınları mənim xoşuma gəldilər. Onlar cəld və qətiyyətli hərəkət eləyirdilər. Stulları gətirdilər, boşqab və qədəh tapdılar, kolbasa doğradılar. Yəni bu gün dincələmək və əylənmək üçün tam hazır olduqlarını göstərdilər. Sofa isə hətta konservləri manikür qayçısı ilə açdı.
Qardaşım dedi:
- Getdik!
O içdi, qızardı və pencəyini çıxartdı. Mən də pencəyimi çıxartmaq istədim, ancaq Rita məni saxladı:
- Düşün, limonad alın.
Mən bufetə getdim. Üç dəqiqədən sonra  qayıtdım. Bu müddətdə qadınlar qardaşımı sevməyə fürsət tapmışdılar. Belə ki, üçü də eyni vaxtda.  Həm də onların məhəbbəti mənim üçün təhqiredici mahiyyət daşıyırdı. Əgər mən şprotlara əl uzadırdımsa, Sofa səslənirdi:
- Nəyə görə siz kilkə yemirsiniz? Şprotları Borya xoşlayır!
Əgər mən özümə araq süzürəmsə, Rita təşvişə düşür:
- «Moskovski»ni için. Borya deyir ki, «Stoliçnaya» daha yaxşıdır!
Hətta təmkinli Qalina Pavlovna da müdaxilə eləyir:
- «Avrora» çəkin. Xarici siqaretlər Boryanın xoşuna gəlir.
- Mənim də, – deyirəm, – xarici siqaretlərdən xoşum gəlir.
- Tipik snobizim, – Qalina Pavlovna qəzəblənir.
Qadınların cingilti ilə qəh-qəhə çəkmələri üçün qardaşımın hansısa axmaq söz deməsi kifayət eləyir. Məsələn, o  kürünü dişləyərək deyir:
- Mənə elə gəlir ki, bu kürü artıq yeyilib.
Hamısı da qəh-qəhə ilə gülürlər
Mənsə bizim makinaçının zəhərləndiyini danışmağa başlayanda, üçü də qışqırdı:
- Susun!
Beləcə iki saat davam elədi. Mən hey düşünürdüm ki, qadınlar qardaşımdan ötrü dava eləyəcəklər. Amma eləmirdilər. Əksinə, qoca müsəlmanın arvadları kimi getdikcə bir-birlərinə qarşı daha mehriban olurdular. Borya kinoaktyorlar haqqında dedi-qodular danışır. Oğru mahnıları oxuyur. Sərxoş olaraq Qalina Pavlovnanın koftasının düymələrini açır. Mənsə o qədər sıxıldım ki, dünənki qəzeti açdım.
Sonra Rita dedi:
- Mən aerporta gedirəm. Şəkil direktoru ilə görüşməliyəm. Sergey məni ötürər.
Bəd deyil, düşünürəm. Şprotları Borya yeyir. «Cebel»i Borya çəkir. «Stoliçnaya»nı Borya içir. Bu köhnə qaloşu isə mən ötürməliyəm, hə?!
- Get, – qardaşım dedi. – Sən onsuz da qəzet oxuyursan.
- Yaxşı, – deyirəm, – getdik. Təhqir olunuruqsa, axıra qədər olaq.
Xizəyə oxşar papağımı başıma keçirtdim. Rita dublyonkasını geydi. Biz liftlə düşdük və taksi dayanacağına yaxınlaşdıq. Hava qaralırdı. Qar mavi rəngdə görünürdü. Toranlıqda neon lampalarının işıqları əriyirdi. Biz dayanacağa birinci çatdıq. Rita bütün yol boyunca susmuşdu. Yalnız yeganə bir cümlə demişdi:
- Siz səfil kimi geyinirsiniz!
- Qorxulu heç nə yoxdu, – mən cavab verdim. – Elə təsəvvür eləyin ki, mən elektrikəm, ya da su borusunda işləyən fəhlə. Aristokrat qadın elektrikin müşaiyyəti ilə evinə tələsir. Hər şey normaldır.
Maşın gəldi. Mən qapının dəstəyindən yapışdım. Hardansa iki yekəpər oğlan çıxdı.
- Saqqal, biz tələsirik!
Biri məni kənara çəkməyə cəhd eləyir. İkincisi isə özünü arxadakı oturacağa dürtür.
Bu lap ağ oldu. Bütün günü neqativ duyğular içərisində keçirtmişdim. Burda isə birbaşa küçə qanmazlığı. Daxilimdəki bütün qəzəb xaricə püskürdü. Mən bütün incikliklərim üçün bu oğlanlardan qisas aldım. Bu incikliklərdə hamısı birləşirdi – Raya, qəzet yalanları, xoşagəlməz xizək papaq və hətta qardaşımın məhəbbət uğurları.
Mən ağırçəkili Şarafutdinovun dərslərini xatırlayıb qolaylandım. Qolaylandım və arxasıüstə yerə dəydim. Bunun necə olduğunu başa düşmədim, bəlkə də yer sürüşkən idi. Ya da mənim ağırlıq mərkəzim olduqca yüsəkdədir… Qısası, mən yıxıldım. Belə geniş, solğun, sirli səmanı gördüm. Mənim iztirablarımdan və ümidsizliklərimdən belə uzaq, belə təmiz olan səmanı. Gözümə çəkmə ilə  vurana kimi mən göyün gözəlliyindən həzz aldım. Sonra hər şey zülmətə qərq oldu…
Məni milis fitinin səsi ayıltdı. Zibil qutusuna söykənərək oturdum. Sağımda adamlar qaynaşırdı. Sol tərəfim isə zülmətlə örtülmüşdü. Rita milis starşinasına nəsə izah eləyirdi. Onu məsul işçinin arvadı zənn eləmək olardı. Məni isə onun şəxsi sürücüsü. Buna görə də milisioner belə diqqətlə qulaq asırdı. Mən yumruğumu qara dayayaraq dikəlməyə cəhd elədim. Səntirlədim, xoşbəxtlikdən Rita qaçıb özünü yetirdi.
Biz yenidən liftlə gedirdik. Mənim paltarım palçıq içində idi. Xizək papağım yox idi. Yanağımdakı cırmaq yarasından qan axırdı. Rita belimi qucaqlamışdı. Mən ondan aralanmağa çalışırdım. Axı indi mən onu sözün əsl mənasında gözdən salırdım. Amma Rita mənə sığınmışdı və pıçıltı ilə deyirdi:
- Yaramaz, sən necə də gözəlsən!
Lift yüngülcə cingildəyərək sonuncu mərtəbədə dayandı. Biz yenidən mehmanxananın həmin otağında idik. Qardaşım Qalina Petrovna ilə öpüşürdü. Sofa onun köynəyindən dartaraq təkrar eləyirdi:
- Səfeh, o sənin anan yaşındadır…
Məni görən qardaşım dəhşətli qara-qışqırıq saldı. Hətta harasa qaçmaq da istədi, ancaq fikrini dəyişdi və qaldı. Qadınlar məni əhatəyə aldılar.
Nə isə qəribə işlər baş verirdi. Mən normal adam olanda məni saymırdılar. İndi mən az qala şikəst olandan sonra isə qadınlar mənə qayğı ilə yanaşırdılar. Onlar sözün əsl mənasında mənim gözümü sağaltmaq hüququnu əldə eləmək üçün mübarizə aparırdılar. Rita nəm əski ilə sifətimi silir, Qalina Pavlovna ayaqqabılarımın bağlarına düyün vurur, Sofa lap uzağa getmişdi – şalvarımın düymələrini açırdı. Qardaşım nəsə deməyə, məsləhət verməyə cəhd eləyir, ancaq ona danışmağa imkan vermirlər. Əgər o hansısa bir təklif irəli sürürdüsə, qadınlar qızğın halda reaksiya verirlər:
- Sus! Öz səfeh arağını iç! Qoxumuş konservlərini ye! Sənsiz keçinərik!
Onların ara verməsini gözləyib, mən hər halda bizim makinaçının özünü öldürməsini danışdım. Bu dəfə mənə böyük maraqla qulaq asdılar. Qalina Pavlovna isə özünü ağlamaqdan güclə saxlayırdı:
- Fikir verin! Seryojanın bir gözü qalıb! Amma o bu yeganə gözü ilə bəzi ikiközlü adamlardan daha yaxşı görür…
Bundan sonra Rita dedi:
- Mən aeroporta getmirəm. Biz travmatologiya şöbəsinə gedirik. Şəkil direktorunu isə Borya qarşılayar.
- Mən onu tanımıram, – qardaşım dedi.
- Eybi yoxdur. Radio ilə elan verərsən.
- Axı mən sərxoşam.
- Olmaya elə düşünürsən ki, o ayıq gələcək?
Biz Rita ilə birlikdə Qoqol küçəsi, 9-da yerləşən taravmatologiya şöbəsinə getdik. Qəbul otağında sir-sifəti əzilmiş adamlar növbə gözləyirdilər. Bəziləri inildəyirdi. Rita növbə gözləmədən həkimin yanına getdi. Onun dəbdəbəli dublyonkası burda da lazımi təsirini göstərdi. Mən onun ucadan necə maraqlandığını eşitdim:
- Əgər mənim yaramazımın sir-sifətini əziblərsə, hara müraciət eləyə bilərəm?
Dərhal da mənə əl elədi:
- Geç!
Mən həkimin yanında iyirmi dəqiqə oldum. Həkim dedi ki, yaxşı qurtarıbsan. Beynim tərpənməyib, göz bəbəyim salamatdır. Sifətindəki qançır isə bir həftədən sonra keçər.
Sonra həkim soruşdu:
- Sizi nəylə vurdular, kərpiclə?
- Çəkməylə, – deyirəm.
Həkim dəqiqləşdirdi:
- Yəqin sehirli çəkmələrlə? – və əlavə elədi, – biz haçan qəşəng sovet ayaqqabıları istehsal eləməyi öyrənəcəyik?!
Qısası, hər şey elə də qorxulu deyildi. Belə olan surətdə yeganə itki xizək papağı hesab eləmək olardı.
Evə gecə saat birə yaxın gəldim. Lena soyuq tərzdə dedi:
- Təbrik eləyirəm.
Mən ona başıma gələnləri danışdım. Cavabında isə eşitdim:
- Sənin başına həmişə fantastik əhvalatlar gəlir.
Səhər tezdən qardaşım zəng elədi. Mənim əhvalım çox pis idi. Redaksiyaya getmək istəmirdim. Pulum yox idi. Gələcək qaranlıq görünürdü. Həm də mənim sifətimdə heraldika atlasına oxşar bir şey əmələ gəlmişdi. Üzümün sol tərəfi qaralmışdı. Qançır göy qurşağının bütün rəngləri ilə bərq vururdu. Küçəyə çıxmaq haqda düşünmək belə dəhşətliydi.
Qardaşım isə dedi:
- Səninlə vacib İşim var. Bir maliyyə fırıldağını tez başa vurmalıyıq. Mən kreditlə rəngli televizor alıram. Onu nağd pulla bir tipə satıram. Bu zaman əlli manat itirirəm. Əvəzində isə bir il ərzində hissə-hissə ödəməklə üç yüz manat alıram. Aydın oldu?
- Elə də yox.
- Hər şey çox sadədir. Bu üç yüz manatı mən borc kimi alıram. Hissə-hissə kredit verənlərə ödəyirəm. Maliyyə çətinliyindən çıxıram. İkinci nəfəs əldə eləyirəm. Televizor üçün olan borcum isə bir il ərzində müntəzəm və sakitcə ödənəcək. Aydındımı?  Fəlsəfi düşünsən, bir böyük borc, yüzlərlə xırda borcdan yaxşıdır. Birilliyə borc götürmək, birisigünə qədər borc almaqdan daha münasibdir. Nəhayət, dövlət qarşısında borclu olmaq daha gözəldir, nəinki tanışlarından borc almaq.
- İnandırdın, – deyirəm, – amma mənlik burda nə iş var?
- Sən mənimlə gedirsən.
- Bircə bu çatmırdı!
- Sən mənə lazımsan. Sənin daha çox praktik ağlın var. Sən mənə nəzarət eləyəcəksən ki, pulları israf eləməyim.
- Amma mənim sir-sifətim əzilib.
- Görürsən nə olub! Bu kimi narahat eləyəcək?! Mən sənin üçün günəş eynəyi gətirərəm.
- İndi fevraldır.
- Mühüm deyil. Sən Abissiniyadan uçub gələn ola bilərsən… Yeri gəlmişkən, adamlar sənin ənginin nəyə görə əzildiyini bilmirlər. Bəlkə sən birdən elə qadın şərəfini müdafiə eləyibsən?
- Demək olar ki, elə belə də olub.
- Lap yaxşı…
Mən getməyə hazırlaşdım. Arvadıma poliklinikaya getdiyimi dedim. Lena deyir:
- Al bu bir manatı, bir şüşə günəbaxan yağı alarsan.
Qardaşımla Konyuşenni meydanında görüşdük. Qardaşımın başında dəniz pişiyinin xəzindən olan əzik-üzük papaq var idi. Cibindən günəş eynəyini çıxartdı. Mən deyirəm:
- Eynək kara gəlməz. Yaxşısı budur papağını ver.
- Papaq kara gələr?
- Papaqda heç olmaya qulaqlarım donmaz.
- Doğrudur. Papağı növbə ilə geyərik.
Biz trolleybus dayanacağına çatdıq. Qardaşım dedi:
- Taksiylə gedək. Əgər trolleybusla getsək, bu, süni görünər. Bizim cibimiz demək olar ki, pulla doludur. Səndə bir manat var?
- Var. Amma mən bir şüşə günəbaxan yağı almalıyam.
- Axı mən sənə deyirəm ki, pul olacaq. İstəsən, mən sənin üçün bir vedrə günəbaxan yağı alaram?
- Bir vedrə olduqca çoxdur. Amma mümkün olsa, manatı qaytararsan.
- Elə hesab ki, elə bu qotur manat cibindədir…
Qardaşım taksi saxlatdı. Biz Qostinı Dvora getdik. Radio malları satılan şöbəyə girdik. Borya hansısa Mişa ilə piştaxtanın arxasında yoxa çıxdı. Gedərkən papağı mənə verdi:
- Sənin növbəndir, gey.
Mən radiolara və televizorlara baxaraq onu iyirmi dəqiqə gözlədim. Papağı əlimdə saxlamışdım. Elə görünürdü ki, hamını mənim gözüm maraqlandırır. Əgər qəşəng bir qadın gəlirdisə, mən dərhal sağ tərəfə dönürdüm.
Qardaşım bir dəqiqəliyə gəldi. Həyəcanlı və şən idi. Mənə dedi:
- Hər şey qaydasındadır. Mən artıq kredit sənədlərini imzaladım. Alan təzəcə gəlib. İndi televizoru ona verəcəklər. Gözlə…
Mən gözləməyə başladım. Radio malları şöbəsindən uşaq seksiyasına keçdim. Sinif yoldaşım olan satıcı Leva Qrişoviçi tanıdım. Leva mənim gözümə baxmağa başladı.
- Nə ilə vurublar? – soruşur.
Mənsə düşünürəm ki, hamını nə ilə vurduqları maraqlandırır, heç olmasa biri nədən ötrü vurulmağımla maraqlanmır.
- Çəkmə ilə, – deyirəm.
- Məgər sən yerə sərilmişdin?
- Nəyə görə də yox?
Leva mənə qəribə əhvalat danışdı. Uşaq oyuncaqları fabrikində böyük dövlət yeyintisi aşkara çıxarıblar. Qurulan ayılar, tanklar, addımlayan ekskavatorlar yoxa çıxıb. Həm də böyük miqdarda. Milis bu işlə bir il məşğul olub, amma nəticəsi olmayıb. Lap təzəlikcə cinayətin üstü açılıb. Demək, bu fabrikin iki fəhləsi balaca bir tunel qazıbmışlar. Tunel fabrikin ərazisindən keçib, Kotovski küçəsinə çıxırmış. Fəhlələr oyuncaqları götürür, qurur və yerə qoyurmuşlar. Sonra isə ayılar, tanklar, ekskavatorlar özləri gedirmiş. Arası kəsilməyən axınla fabrikdən çıxırmışlar…
Elə bu zaman şüşənin arxasından qardaşımı gördüm. Onun yanına getdim.
Qarpdaşım açıq-aşkar dəyişmişdi. Onun hərəkətlərindən nə isə bir aristokratlıq, hansısa bir toxluq və ağalıq özünü büruzə verirdi.
Süst, şıltaq səslə dedi:
- Sən hara yox olmuşdun?
Mənsə düşünürəm:”Bax, pul bizi belə dəyişdirir”. Hətta prinsip etibarı ilə onlar özgə pulu olsalar belə.
Biz küçəyə çıxdıq. Qardaşım əlini cibinə vurur:
- Gedək nahar eləyək.
- Sən dedin borclarını verəcəksən.
- Hə, mən dedim ki, borcları vermək lazımdır. Ancaq mən demədim ki, biz ac qalmalıyıq. Bizim üç yüz iyirmi manat altmış dörd qəpiyimiz var. Əgər biz nahar eləməsək, bu süni alınacaq. İçmək isə hökmən deyil. Biz içməyəcəyik.
Sonra da o əlavə elədi:
- Sən qızındın? Papağımı ver bura.
Yolda qardaşım xəyal qururdu:
- Nə isə xırçıldayan bir şey sifariş verərik. Sən mənim xırçıldayan şeyləri necə sevdiyimi hiss eləyibsənmi?
- Hə, – deyirəm, – məsələn, «Stoliçnaya» arağını.
Borya məni danladı:
- Abırsızlıq eləmə. Araq müqəddəsdir.
Qüssəli məzəmmətlə əlavə elədi:
- Belə şeylərə az-çox ciddi yanaşmaq lazımdır…
Biz yolu keçdik və kababxanaya girdik. Mən süd məhsulları verilən kofeyə getmək istəyirdim, amma qardaşım dedi:
- Əzilmiş sir-sifətin normal qəbul edildiyi yeganə yer kababxanadır.
Kababxanada adam az idi. Asılqanda qış paltoları qaralırdı. Salonda krujevalı önlüklər vurmuş yapışıqlı qızlar vurnuxurdular. Musiqili avtomat «Əzizim»i çalırdı. Girişdəki piştaxtanın üzərində cərgə ilə şüşələr parıldayırdı. Bir qədər o tərəfdə, hündür yerdə isə stollar düzülmüşdü.
Qardaşım dərhal spirtli içkilərlə maraqlandı. Mən onu dayandırmağa çalışdım.
- Nə dediyini bir yadına sal.
- Mən nə demişəm? Mən demişəm, içməyək. Yəni möhkəm içməyək. Hökmən deyil stəkanla içək. Biz ki intelligent adamlarıq. Əhvalımızı düzəltmək üçün qədəhlərlə içərik. Əgər biz heç içməsək, bu, süni görünər. Və qardaşım yarım litr erməni konyakı sifariş verdi.
Mən deyirəm:
- Bir manatı ver. Mən bir şüşə günəbaxan yağı alacağam.
O hirsləndi:
- Sən necə də xırdaçısan? Məndə manat yoxdu, hamısı onluqdur. Bax, pulları xırdalayaram və onda sənin üçün bir çən günəbaxan yağı alaram…
Qardaşım soyunanda papağını mənə uzatdı.
- Sənin növbəndir, al.
Biz küncdə əyləşdik. Mən sağ tərəfimi salona çevirdim.
Sonra hər şey çox tez keçdi. Kababxanadan «Astoriya»ya getdik. Ordan da buz üzərində rəqs eləyən tanışlarımızın yanına. Tanışlarımızın yanından jurnalistlər birliyinin barına.
Hər yerdə də qardaşım təkrar eləyir:
- Əgər biz indi dayansaq, bu, süni alınacaq. Biz pulumuz olmayanda içirdik. Pulumuz olanda içməsək, axmaqlıq olar…
Növbəti restorana girəndə Borya  papağını mənə uzatdı. Biz küçəyə çıxanda mən minnətdarlıq hissi ilə onun papağını qaytardım.
Sonra, o, Rıleevdəki teatr dükanına girdi. Buratinonun olduqca eybəcər maskasını aldı. Mən bu maskada tam bir saat «Yunost» barında oturdum. Bu müddət ərzində mənim gözüm bənövşəyi rəng almışdı. Axşama yaxın qardaşımda zəhlətökən bir ideya əmələ gəlmişdi. Dalaşmaq istəyirdi. Daha dəqiqi, dünən məni vuranları axtarıb tapmaq istəyirdi. Boryaya elə gəlirdi ki, onları adamların içində tanıya bilər.
- Necə, – deyirəm, – axı sən onları görməmisən.
- Bəs onda səncə insanda intuasiya nə üçündür?
O, nabələd adamlarla öcəşməyə başladı. Xoşbəxtlikdən hamı ondan qorxurdu. Bu onun «Qalantereya» dükanın yanında bir pəhləvana ilişməsinə kimi davam elədi.
Pəhləvan qorxmadı. Dedi:
- İlk dəfədi alkaş yəhudi görürəm!
Qardaşcığazım inanılmaz dərəcədə canlandı. Sanki bütün həyatı boyu milli mənsubiyyətinin təhqir olunmasını gözləmişdi. Həm də məsələ burasındaydı ki, məhz o yəhudi deyildi. Mən qismən yəhudi idim. Nə isə belə alınıb. Dolaşıq ailə əhvalatı. Danışmağa tənbəllik eləyirəm…
Yeri gəlmişkən, Boryanın qızlıq soyadı Fayntsimmer olan arvadı təkrarlamağı xoşlayırdı: «Borya mənim qanımı o qədər içib ki, o, indi yarıyəhudidir!»
Əvvəllər mən Boryada Qafqaz təəssübkeşliyini sezməmişdim. İndi, o, hətta gürcü ləhcəsi ilə dedi:
- Mən yəhudiyəm? Demək, sənin fikrincə mən yəhudiyəm?! Əzizim, xətrimə dəyirsən!
Qısası onlar qapının arxasına doğru getdilər. Mən dedim:
- Əl çək! Adamı sakit burax. Gedək buradan.
Qardaşım isə artıq döngəyə burulurdu, mənə qışqırdı:
- Getmə. Əgər milis gəlsə, fit çal…
Qardaşım bir dəqiqədən sonra gəldi. Alt dodağı partlamışdı. Onun əlində dəniz pişiyinin xəzindən olan tamamilə təzə papaq var idi. Biz cəld Vladimirovski meydanına yollandıq.
Borya nəfəsini dərdi və dedi:
- Mən onun sifətinə ilişdirdim. O da mənim sifətimə ilişdirdi. Onun papağı düşdü. Mənim də papağım düşdü. Baxıb görürəm, onun papağı təzədir. Əyilib onun papağını götürürəm. Təbii ki, o da mənim papağımı. Mən onun anasını söydüm. O da mənim. Bununla da ayrıldıq. Bu papağı isə mən sənə bağışlayıram. Götür.
Mən dedim:
- Yaxşısı budur, bir şüşə günəbaxan yağı al.
- Əlbəttə, – qardaşım cavab verdi, – amma əvvəlcə içək. Bu mənə dezinfeksiya üçün lazımdır.
Sözü inandırıcı çıxsın deyə əzilmiş dodağını qabağa verdi…
Evə gecədən xeyli keçmiş gəldim. Lena hətta harada olduğumu belə soruşmadı. O soruşdu:
- Günəbaxan yağı hanı?
Mən nəsə anlaşılmaz tərzdə mızıldandım.
Cavabında isə Lena dedi:
- Dostların həmişə sənin hesabına içirlər!
- Əvəzində, – deyirəm, – mənim dəniz pişiyi xəzindən təzə papağım var.
Mən başqa nə deyə bilərdim?
Hamamdan mən onun necə təkrar-təkrar:
- Aman Allahım, bütün bunlar nə ilə qurtaracaq? Nə ilə qurtaracaq?  – dediyini eşidirdim…

Tərcümə etdi: Aslan Quliyev
Yüklə 43,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə