SəNƏtkarin öMÜr qüDRƏTİ



Yüklə 9,91 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü9,91 Kb.
#18709

background image
SƏNƏTKARIN ÖMÜR QÜDRƏTİ

 

 



Cəfər Cabbarlının lap ilk əsərlərindən başlayaraq xalqımızın onu son dərəcə sevməsi, öz 

qəlbində ona heykəl ucaltması heç də təsadüfı deyildi. Onun böyük istedadı, insanı təlatümə 

gətirən hisslər, xəyallar aləmi öz xalqının arzularından, istəklərindən doğmuşdur. Onun əsərləri 

böyük xalq ürəyinin tərcümanı idi. Aydının, Oqtay Eloğlunun iztirabları, Elxan Biləgənlinin, 

Sevilin, Almazın mübarizəsi məhz Azərbaycan xalqının iztirabları, mübarizəsi idi. Cavan ərini 

sevə-sevə, onun üçün hər bir fədakarlığa hazır ola-ola, Dövlət bəylərin cəhənnəminə düşən 

Gültəkinin faciəsi keçmiş məsum, fədakar Azərbaycan qadınının faciəsi idi. C.Cabbarlı bütün 

ruhu, istedadı ilə Azərbaycan xalqına bağlı idi. Həqiqi sənətkarın, məhz öz xalqının ürəyindən 

qopub gələn duyğuları, idealı onu başqa xalqlara da sevdirir. Bu, həqiqi sənətin qanunudur. 

Şekspiri də, Bernard Şounu da, Çexovu da, Tolstoyu da, Sabiri, Mirzə Cəlili də bizə və 

millətindən asılı olmayaraq, hamıya sevdirən məhz budur. Həqiqi istedad heç bir zaman öz 

xalqına bağlı olmaya bilməz. 

Hacı Əhməd, İmamyar surətlərinin bədii qüdrəti bizi ona görə heyran edir ki, onları nə vaxtsa, 

haradasa görmüşük, indi də bəzən görürük. Doğrudur, Hacı Əhməd indi bahalı parçadan 

kostyum geyir, şlyapa qoyub, qalstuk bağlayır, İmamyar da hər yerdə düzlükdən, sədaqətdən 

dəm vurur, ancaq yenə də Hacı Əhməd Hacı Əhməddir, İmamyar da İmamyar. Onlar buqələmun 

kimi yeni şəraitə uyğunlaşırlar, «müasir» üsullara əl atırlar. Şekspirdə də belədir - hələ Yer 

üzündə Yaqolar, Klavdilər yaşayırlar. Sənətkarın ömrü onun öz xalqını nə dərəcədə dərindən 

duyması və necə sənətkarlıqla ifadə etməsi ilə bağlıdır. 

C.Cabbarlı Azərbaycan dramaturgiyasına tarixi yeniliklər gətirdi. Əgər, Mirzə Fətəli Axundov, 

Mirzə Cəlil Azərbaycan dramaturgiyasında böyük satira yaratdısa, C.Cabbarlı bu dramaturgiyada 

faciə, həyəcanlı dram dilini yeni yüksəkliyə qaldırdı. C.Cabbarlı teatrın, səhnə və aktyor 

sənətinin inkişafı üçün yeni imkanlar, yeni vüsət yaratdı. Səhnəmizə yeni, müasir, intellektual 

qəhrəman gətirdi, Bu qəhrəmanın fikir dairəsi, idealı cahanşümul oldu, Azərbaycanlı Elxan 

Biləngənlinin dərdi, mübarizəsi bütün Yer üzündəki məhkumların dərdi, mübarizəsi idi. 

Gültəkinin faciəsi hüquqları, namusları tapdalanan qadınların faciəsi idi. Dövlət bəyin 

əxlaqsızlığı, Salamovun yırtıcılığı, qubernatorun siyasi ikiüzlülüyü, müstəmləkəçilik 

psixologiyası, «parçala, məhkum et!» doktrinası bu gün də dünya imperializminin əsas 

sifətlərindəndir. 

C.Cabbarlı dramaturgiyası realizmlə romantikanın üzvi vəhdətinə gözəl nümunədir. 

C.Cabbarlı realizmi öz-özlüyündə səmimi, hərarətli, ürəyə yapışandır. Ona görə də, biz 

İmamyarı da, Elxanı da, Aydını da eyni dərəcədə duyuruq. Ona görə də, bu qəhrəmanların 

romantik xəyalları, real hərəkətləri də bizə təsir edir, yadımızdan çıxmır. 

C.Cabbarlının vaxtında daha artıq təriflənən pyesləri az olmamışdır. Lakin bu gün onlardan əsər-

əlamət qalmamışdır. C.Cabbarlının pyesləri isə, zamanın sınaqlarından qalibiyyətlə çıxmış və 

gələcək əsrlərə yol almışdır. 



«Ulduz» jurnalı, 

N3, 1979-cu il 

Yüklə 9,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə