Sən mənim dözümümü görəcəksən



Yüklə 0,67 Mb.
səhifə3/6
tarix17.06.2018
ölçüsü0,67 Mb.
#49210
1   2   3   4   5   6

Bəzz qalası
Xürrəmilərin əsas sığınacaqlarından olan Bəzz qalası Azərbaycanın cənubunda, Ordubaddan şərqə doğru Araz çayı ilə Əhər arasında, Qaradağ mahalının Kəleybər qəsəbəsinin yaxınlığında idi. Strateji baxımdan çox əlverişli mövqedə, uca dağlar başında, sıldırım qayalar qoynunda yerləşən qalanın divarları əsasən çay daşlarından, qaya parçalarından, çiy kərpicdən tikilmişdi. Divarların dörd küncündə yarımdairəvi gözətçi məntəqələri vardı. Bürclərində qırmızı bayraqlar yellənən möhtəşəm qalanı dörd bir tərəfdən dərin uçurumlar, enli dərələr dövrələyirdi.
***

Uzun-uzadı ittihamnamənin davamını eyni ibarə və ifadələrlə, üstəlik daha böyük şövq və həvəslə ikinci hakim oxumağa davam etdi:

- ...Bəli ya... Müttəhim öz ətrafında bütün mənəviyyat qadağalarını ləğv edibən murdar istəklərlə yaşayan əxlaqsız bir qrup yaratmış, başının quldur mübəyyiyə dəstəsi ilə Azərbayqan dağlarına çəkilmiş, ilahi kəlamı dünyaya yaymaq kimi müqəddəs amaldan başqa heç bir pis niyyəti olmayan həşəmətli Xilafətin elçilərinə “yox” demiş, ağır iti qılınclarıyla onları kəsib doğrayanda isə heç “uf” deməmişdi... Əlbəttə, şəhid döyüşçülərimiz mütləqa cənnətlik olaraq səadət mərtəbəsinə yüksəlirdilər, amma bu cəhənnəmliklər yenə dinclik bilmədən hey vuruşur və vuruşurdular... Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Hakimin bəlağətindən vəcdə gələn və bayaqdan bəri susqun durmaqdan canları sıxılan əyanlar böyük ruh yüksəkliyi ilə bir ağızdan: “Amin!” – deyib tərpənişdilər, sağa-sola gərnəşib darıxmaqdan əzilib-büzülən qırışıqlarını açdılar: “Allahu-Əkbər!”

Xəlifə nifrətlə Babəkə baxdı, murdar bir varlıqla danışırmış kimi iyrənə-iyrənə ağzını əydi:

- Nə deyəcəksən?! Haqqdan gələn bu ittihamlara cavab verə biləcəksənmi? Bütpərəst kafirləri başına yığıb küfr əməllər törədəndə çox çılğın oğlan idin. Canfəşanlıqla gedirdin, gəlirdin, çığırırdın, bağırırdın... Amma indi susursan... Əməllərin bir-bir üzünə oxunduqca altından çıxa biləcəksənmi?.. Əfvimi rədd etdin, təklifimi qəbul etmədin... Onda Allahın lütf və kəraməti sayəsində bu uca divana yığışan mömin bəndələrə izahat vermən gərəkdir ki, sən kimsən, nəsən, nəçisən və hansı cürət sahibisən ki, uca Allahın elçilərinə qarşı çıxırdın?!. Buyur, möhtərəm hakim, oxu... ee... Əstəğfirullah! Dəvam et...

Xəlifəyə tərəf baş əyən hakim nitqinə davam etdi.

Xəlifə öz sözlərindən sonra Babəkin gözlərindəki nifrəti sezib indicə Babəkin ağır bir söyüş söyəcəyini güman etdi. Babək həqiqətən ona baxıb nələrsə dedi. Ancaq yalnız dodaqları tərpəndi. Səsi eşidilmədi.



O eşitdiklərini daxilən düşüncələrindən keçirib qiymətləndirirdi: “Bizmi bütpərəstik, cahil? – düşünürdü Babək. - Böyük Mühəmməd sizə Doğru Yolu göstərib bir olan Allaha sitayişçün məscidlər inşa edənə qədər əslən bütpərəstlik edənlər sizlər deyildinizmi? Hərəniz evdə bir ağac budağından, bir ovuc palçıqdan bütlər yapıb da özünüzə dilək çeşməsi edərdiniz, nə tez unutdun? Amma bizim elatda hamı binadan bir Tanrıya dua edir. Böyük Mühəmməd sizə məsciddə dua qılmaq üçün qiblə verdi və siz indi hamınız bir məscidə yığılıb üzü qibləyə o bir Allaha dua edirsiniz və mənim elimə bütpərəst kafir deyib qınayırsınız. Amma bizim elat min ildir hamımız üçün bir olan Tanrının insanlığa göndərdiyi ilk xilaskarlıq təlimi ilə tək Tanrı adına qurulan müqəddəs ocaqda Yaradanın verdiyi bərəkətə - oda, atəşə, günəşə, aya üz tutub diləyimizi etdik, taxtaya, palçığa qapanmadıq... Bizmi bütpərəstik, cahil... Bütün dinlərin əzəl məqsədi kimi mənim dinim də səmalardan gələn ilahi paklığa, doğruluğa səsləyir... Şərə qarşı gələn inandığımız Xeyir allahı mühafizimiz Hörmüz cismən göydəki Günəşə, ruhən səmadakı Həqiqətə bənzər... Oysa xeyir fikrə, xeyir sözə, xeyir əmələ sahib həqiqətsevər atəşpərəstlərdirmi kafir dediyiniz, ey insanlığın ən çirkin əməli olan yalançı cahil... Nəfsinə qul olub dünyaya ağalıq etmək istəyən Allahsız...” – Bütün bu düşündüklərini ucadan demək istəyərdi Babək, amma qarşısındakı yabanılara iyirmi iki ilə qılıncla başa sala bilmədiyi həqiqəti indi bu qanlı dəri üzərində əli-qolu bağlı dayanıb sözlə başa salmağın mümkünsüzlüyünü dərk edir, mübahisənin mənasız olduğunu görüb sadəcə qəlbinə dolan nifrət, qəzəb, hiddət hisslərini baxışları ilə büruzə verirdi.
Hakim ucadan oxusa da, Babək hakimin nə dediyinin fərqində deyildi, öz aləminə qapılb min cür fikir-xəyal edirdi. Və ağzını ayırıb heyran-heyran hakimə baxan əyanlardan fərqli olaraq o başqa yöndə düşünürdü: “...Məndən cavab tələb edən cahillər, özünüz Tanrı dərgahında sorğulara cavab verə biləcəksinizmi? Axı, göylər də sizdən cavab istəyəcək... İmansızlıq edib bizə dinsiz deyirsiniz, amma cahilliyiniz üzündən bilmirsiniz ki, bizim qövm bəlkə də Tanrıya ən yaxın, İlahın himayəsində olan ən qədim qövmdür, ən ali dəyərlər qoruyan soydur. Biz də Kitab əhliyik. Siz yuca Allahı indi tanıyırsınız, bizimsə könlümüzdə göy Allahı olan yuca Tanrının sevgisi ömür boyunca ta əskidən var olub. Qoran görklü Tanrı elmi Sizin üçün anlayacağınız dildə indi yazılıb-düzülüb endirilibsə, biz Tanrı – Təalanın eyni Doğru Yolunu min il öncədən bilmişik. Min il öncədən bizim məmləkətə səmalardan Kitab müjdəsi gəlib. Tanrının lütfü hamıdan öncə bizimlə olub. Bizim torpağa Elçisini göndərib, Zərdüştə peyğəmbərlik verib, “Avesta” ilə qutlu edib. Bu Kitabla Xeyir mühafizinə arxlanıb Şərlə, zülmətlə savaşın deyib Yaradan bizə. Oysa sizin bundan sonra hələ min ilə keçəcəyiniz yolları biz artıq min illər öncədən keçib gəlmişiksə sən mənə səmaların Haqqınımı tanıdacaqsan?... Nə hərzə laflar üyüdürsünüz qarşımda... Məgər sizin üləmalarınız, həzrət Əli kimi nurlu simanın özü deməmişdimi – “Zərdüştilərə toxunmayın, onlara Kitab və Peyğəmbər göndərilib”? Demişdi, cahil! Unutdunuz, ya inanmadınız... Biz Azər bəylərinin və xanım xatınlarının diyarı Odlu Yurd el-aləmin müqəddəs torpaqlarındandır, biz yaşamı sevən, aydınlığı sevən, üstümüzdəki şu parlaq həyatverici ocaq olan günəşi sevən kişilərik. Min il öncə sözünü insanlara çatdırmaq üçün yuca Tanrı bizim gözəllər-gözəli Urmiyəni, urmiyəli pak adamı Elçi seçdi özünə. Zərdüşt peyğəmbərimizin yaydığı Tanrı Sözündə dörd özələ - toprağa, çeşməyə, havaya və od kimi, alov kimi saçan günə ehtiram var. Məgər bu sevgi bizim günahımızmıydı?! Dünyamızı murdarlıqdan qoruyan, həyatımızı məhv olmaqdan saxlayan, gözəlliyi sevən ulu Tanrıya xas gözəllik yaradan insan sevgisi, insan məhəbbəti, canlı istək – günahdırmı?! Tanrının lütfüylə əbədi şölə saçan Yanar Dağ bizim yurddadırsa, bərəkətli göy dəryalar, büllur kimi saf çeşmələr, qarlı dağlar, aydın səma, açıq hava, hamıya, hər yana yaşam verən parlaq Günəş ən çox bizim yurddadırsa... Bizim olan bu gözəl yurda görə yucalardan yuca Tanrımıza necə sitayiş etməyək?! Biz bu yaşamı necə sevməyək?! Biz necə yalan danışıb, pis əmələ qurşanaq?! Biz ki səhralarda azuqə peşində sərgərdan dolaşan dodağı susuzluqdan çatlaq bədəvi deyilik! Tüm işığı sevənlər bizim ocağa gəlibsə, qamu Tanrıya diləyinin bizim yurddan dərgaha daha tez yetişəcəyinə inanıbsa... İnam inamdır, cahil, göydən gələn o pak ruha sən nə ad verdin, mən nə ad verdim - fərqimi var?! Bizim kahinlər, möhtərəm maqlar ulu Tanrının işığını göz bəbəyi kimi qoruyurlar... Bunlarmı günahdır, küfrdür, cahil? Ya müqəddəs dəyərlərdən danışıb talançılıq etməkmi... Mənə nahaq divan quran şah, bax bu suallara zamanı çatanda da sən Tanrının haqq divanı qarşısında cavab verəcəksən bilirsənmi?! Onda başına yağan odlara dözəcəksənmi?!”

Babək bütün bu düşüncələr içində dinməzcə dayanıb bəlağətlə nitq söyləyən hakimlərə baxırdı.


***

Avesta”


Ərəb işğalından hələ min il qabaq Azərbaycan ərazisi Zərdüştlüyün mərkəzi idi. Səmalardan nazil olan ilk müqəddəs “Avesta” Kitabını Tanrı bu yerə göndərmiş, min illərlə yaşı olan qədim tək-Tanrıçılıq dininin baş məbədləri burada dikəldilmiş, Zərdüştlüyün kahinləri - müqəddəs maqlar burada yaşamışdılar.

Həmin minillər boyu möhtəşəm mədəniyyət nümunələri yaradan, dil, ədəbiyyat, musiqi, memarlıq, idman oyunları, meydan teatrı tamaşaları və kütləvi el şənliklərinin təşəkkül tapdığı Odlar Yurdunun sakinləri həyat gözəllikləri yaratmaqla yaşamışlardı.

Zərdüşt Peyğəmbərin yaydığı dində - Tanrı Kəlamı olan “Mazdayasna”da (“Mazda”- Tanrı, “Yasna”- Söz) dörd mügəddəs ünsürə - Oda (Günəşə), Torpağa, Suya, Havaya böyük ehtiram bildirilirdi. Yerə, Günə, Aya, Oda, Havaya ehtiramla yanaşmağı təlqin edən zərdüştilikdə Yerin nizamını qoruyub ahəng və tarazlığını saxlamaq, qurmaq-yaratmaq eşqi Xeyirə qulluq deməkdir. Kim bunun əksini edirsə Şərin təzahürüdür demək.

Tarixən Azərbaycanda inanc kimi “Od haqqı-Ocaq haqqı!”, “Torpağa and olsun!”, “Göylər qənim olsun ki!”, “Axar Suya and içirəm!” – deyə Yaradana tapınılıb. Yaz bayramlarında yer həyatının əsas amillərini təşkıl edən həmin təbiət ünsürlərinə – Oda, Suya, Torpağa, Havaya - xüsusi mərasimlər həsr olunub. İlkin dini mətnlərdə Tanrıya dərin bağlılıq, ruhi biliklərə qovuşmaq yolu ilə kamilləşmə imkanları barədə məlumatlar vardı ki, bu da insanla təbiət arasında vəhdəti göstərirdi.

“Avesta”nın Yunan və Roma fəlsəfi məktəblərinə, habelə başqa dünya mədəniyyətlərinə və dinlərinə təsiri məlumdur. Avestaşünaslar Zərdüştlüyün uca və orijinal doktrinasının bütün Yaxın Şərqdə buddizm, iudaizm və xristianlıq təlimlərinin əmələ gəldiyi və inkişaf etdiyi ərazilərə təsirini göstərirlər. Brahmanizmlə yanaşı buddizm, mahayana, qədim hind dastanları “Mahabharata” və “Ramayana”, qədim hind fəlsəfi məktəbinin ideoloji əsasları və s. ilkin olaraq məhz “Avesta” mətnlərindən bəhrələnib. “Avesta”dakı ideyaların “şamanizm” timsalında qədim türk sivilizasiyasının beşiyi Altay, Sibir və başqa ərazilərdə yaşayan xalqların adət-ənənələrində və dünyagörüşlərində mövcudluğu bəllidir.

Dahi Azərbaycan filosofu, şair Nizami Gəncəvi “Atəşpərəst”liyin mənəvi paklığına işarə edərək yazırdı: “ Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən, \\ Bir Günəşin eşqindən zərrəcə məst deyilsən. \\ Kaş ki, adi möbid tək dərk edəsən dünyanı, \\ Bu dünyaya uymadan tərk edəsən dünyanı...”

Bütün bunlar onu göstərir ki, Azər xalqının əcdadları heç də düşmən salnaməçilərin qələmə verdiyi kimi dinsiz və kafir olmayıb, əksinə, Tanrısını hamıdan öncə tanımış, İlahi qüdrət tərəfindən himayə olunan fövqəladə soydur. Bu xalqın idrakına yaraşan “Avesta”dakı dəyərlər toplusu da onun qüdrətindən xəbər verir:
“Yaxşıların ən yaxşısı - Doğruluq, \ Işıltılı amacıdır yer üzündə yaşamın; \ Bu işığa çatar biri Doğruluqla yaşarkən \ Yalnızca ən yücə Doğruluğun adına.” (Yasna 27.14)

İslamın Azərbaycana gətirildiyi vaxtdan bir-neçə yüz il sonraya aid olan bir Ərəb mətnində bu torpaqlarda genetik olaraq qədim Zərdüştiliyə xas maqik xüsusiyyətlərin, həmçinin Atəşpərəstlik ayinlərinin qorunduğu göstərilir. Bu fakt həm də yerli əhalinin göy Tanrıya bağlı olduğunu sübut edir.


Mətn: “...Dərbəndə gəlib çıxan Əl-Qərnati Əmir Əbu əl-Məlik ibn Əbu Bəkirdən soruşur: “Necə oldu ki, bu millət İslamı qəbul etməmiş onlar cizyə və xəracdan azad ediliblər?” Əbu Bəkir belə cavab verir: “...Mən heç bir müqavimət görmədən bu kəndə birinci daxil oldum. Bu millətin qorunmaq üçün nə bürcləri, nə də müdafiə qalaları var idi. Amma onların sehri varmış... Birdən-birə yerin altından adamların çıxdığını gördük. Hamısı da silahsız idi. Əllərini göyə qaldırıb dağlara tərəf işarə ilə nəsə deməyə başladılar. Əsdilər-coşdular... Və qəflətən hava dəyişdi, göylər lərzəyə gəlib üstümüzə qar, külək, soyuq göndərdi. Heç bilmədim hardansa bir ox uçub gəldi, mənə dəydi... Allaha and olsun, biz onlarla heç döyüşməsək də, qoşunumuzdan xeyli adam itirdik. Bu isə yalnız və yalnız yerli adamların sehirkarlığından ola bilərdi...”
Dəmir qapı Dərbəndli oğuzların səmavi dinə sitayiş etdiklərini göstərən ərəb səlnaməçisinin bu qeydləri həm də ərəblərin “İslam” adı altında əhalidən bac-xərac topladığı faktını ortaya qoyur.
***

...Qəfil qopan fil hayqırtısı Babəki fikirdən ayırdı.

Başını dik tutub üzü göylərə sarı dərin xəyala dalmış Babək heyvan çığırtısının dağıtdığı fikirlərindən ayrılıb şişman göz qapaqlarının arasından meydana baxdı, hər şeyin hələ əvvəlki yeknəsək, darıxdırıcı axarla getdiyini gördü. Və onu da gördü ki, hayqırtı səsi arxa tərəfdə qulağını yaprıdıb xortumu ilə əlləşən fağır boz fildən yox, qarşı tərəfdə taxtın üstündə nadinc uşaqlar kimi qalxıb-oturan, o yan-bu yana vurnuxan Mötəsimbillahdan çıxıbmış. O, müttəhimin hakimə məhəl qoymadan öz aləminə qapılaraq buralardan çox uzağa getdiyini görüncə fınxırtı ilə taxtdan dik atılıb Babəkin üstünə bağırırmış:

-Heyvərə!!! Zındıq!!! Yekəxana!!! Nə belə şah kimi dayanmısan qarşımda?! Əvvəlcə qolundakı köpək zəncirlərinə bax, sonra o qüruru göstər mənə! Siz Azərlər kimsiniz axı?! Kürreyi-ərzi tutan nəhəng Xilafətin yanında bapbalaca bir kəndistan, cılız cırtdanlar ölkəsi! Bu boyda dev Xilafətə nə edə bilərdiniz siz? Cavab ver! Düşünürdünmü bunu o yekə başınla?! Cavab ver, cüvəllağı, cırtdan, zzzzbbrrnnuuuttt, eee... zındıq!!!...

Babək onun nədən belə etdiyini, nə demək istədiyini və nə səslər çıxartdığını anlamasa da... əslində heç anlamaq da istəmədi. Bundan öncə nümayiş etdirdiyi əhəmiyyətli və samballı görkəmini saxlaya bilmədən nəhayət, özünə qayıdıb özü kimi danışan Xəlifənin aciz halına acıdı. Təmkinini pozmadan heç nə deməyib yenə üzünü uzaqlara tutdu. Damarlarından axan qaynar qan kimi coşqun fikirləri sürətlə bu oyunbazlıq meydanından uzaqlaşdı, səmaya qalxdı, günəşin parlaq şüaları üstündə gəldiyi doğma, əziz, ürək sızıldadan əsrarəngiz məkana uçdu:

“...Aman Tanrım... Gör nələr olur... – düşünürdü o. - Bizə balaca kəndistan... cılız cırtdanlar deyirlər?.. Vay səni, cahillər padşahı, vay səni, səni... Nə söylədiyinin fərqində olsan bir belə nadan olmazdın həlbət... Bilərdin ki, biz Sumər kimi qədim-qaim qövmlərdənik, ey ərəb. Bəşərin beşiyi olan Odlu Yurdun, min-min ildir Oğuzlarda var olan Qor Atanın azim övladlarıyıq biz, ərəb. Azmanlarıq! Bilsən cırtdan deməzdin bizə. Bilərdin ki, ulu Tanrıya bağlı qövmümüz göylərdən gələn qanı ilə, canı ilə, ruhu ilə məğlubedilməzdir, basılsa da əyilməyən, əzilsə də sınmayan, dikəlib Günəşə boylananlarıq biz. Daim artan, dirçələn, qalxan, ucalan, var olan, yaşayan, yaradan Azərbəylərik biz! Siz axirətə qovuşmaqdan həzz alırsınız, biz hər iki dünyada var olmaqdan... Oğuzlar bədəvi deyil ki, yurd basa, talan törədə, ev yıxa... Zülmü, zülməti yox, eşqi, büsatı, işığı sevərik biz. Siz Tanrının insanlar üçün yaratdığı gözəl dünyadan, həyatdan qaçıb axirət peşinə düşərsiniz, şəvəni sevib qaranı seçərsiniz. Bizsə al da geyərik-şal da. Göylərdən gələn qanımız kimi ruhumuz da qaynardır, parlaqdır... Eynən amalımız kimi libasımız da pakdır, əlvandır. Öpüb gözümüz üstünə qoyduğumuz, dikəldib başımız üstünə ucaltdığımız bayrağımız da aldır, sizinlə vuruşlarda torpağa çilənən qanımız kimi qıpqırmızıdır. Bizim yurda Tanrının bərəkəti od-alov, işıq üstündə, bağ-bağat, çaylaq, zəmi üstündə gəlir; qum, tikan, kərtənkələ üstündə yox... İndi özün bax, cahil, Tanrı gözündə kim Cırtdan, kim Azman ola...”


Xeyli müddətdir hazırlanan təntənəli mərasimə məhəl qoymadan dinməz-söyləməz dayanıb deyilənlərə laqeydlik göstərən zəncirlənmiş əsirin inadkarlığı Xəlifəni hövsələdən çıxarırdı. Gözü üzlərinə sataşanda anidən şımaran vəzir-vəkilə, saray əyanlarına, möminlərə, qazilərə, hakimlərə tərəf şikayətlənirmiş kimi inildədi: “Camaat, noldu axı, bu niyə danışmır... Sözü yoxdur, ya dili quruyub bu zındıq hərifin?”

Hələ belə edam olayı görməmişdi bura toplaşanlar. Məhkumun belə inadla susacağı həqiqətən ağlagəlməzdi və heç kim gözləməzdi. Və bu gözlənilməz olayın yaratdığı gərginlik içində əlacsız qalan məmurlar qəzəbli hökmdara necə təsəlli verəcəklərini bilmədən sadəcə arabir candərdi “Sə-əlam olsun! Min yaşa!” - deyib sədaqət sərgiləməklə canlarını qurtarırdılar. Ancaq hamı düşmən üzərində qələbənin həzzini yaşadacaq bu təntənəli mərasimin artıq baş tutmadığının fərqində idi.

İndiyədək bu meydanda divana çəkilən əsirlərdən fərqli olaraq, Azərbaycandan gətirilmiş azman adam heç kimə məhəl qoymadan qorxusuz-hürküsüz susqun dururdu.

Nəhayət, istidən çox gərginlikdən axan tər damlasını birçəyindən ipək yaşıl dəsmalla silib ağ çini fincandan bir qurtum sarımtıl şərbət alan Xəlifə qıpqırmızı pörtmüş halda bütün rəsmiliyi, təntənəli halı, mötəbərliyi unudub üzünü birbaşa Babəkə tutdu:

- Adə, ay adəm övladı, noldu sənə, niyə danışmırsan axı? Lalsan? Sözün yoxdur? Üzün gəlmir? Nəsə desənə! – Sonra Baş vəzirə tərəf döndü. - Vəzir, zindanda bunun dilini kəsib-eləməyib ki uşaqlar?

Baş vəzir qorxudan əllərinin ikisini də göyə qaldırdı:

-Əstağfürullah! Kəsmək olmayıb, ya xəlifə! Kəsmək zati-alinizin səlahiyyətində olan sərəncamdır.

-Bəs buna noldu axı?! Bu necə adamdır? Vay yazıq qardaşım... Vay Məmun!

Babək qalın qaşlarını düyüb tam bir qan çanağına dönmüş qəzəbli gözləri ilə Xəlifəni basıb əzirdi. O, başını yüngülcə sağa-sola tərpədib heç nə demədən aram-aram, sanki hamıya şəxsən müraciət edirmiş kimi meydandakı adamların cərgəsini süzə-süzə dodağının altında pıçıldayırdı: “...Siz məndən cavab gözləyirsiniz? Heyhat! Cavab alıb da şərəfə nail olmaq, sonra da yendik deyə qürrələnməkmi istəyirsiniz?!”

Xəlifəyə elə gəldi ki, Babək danışdı, nəsə dedi, amma dəqiq nə dediyini kəsdirə bilmədi:

- O nəsə dedi?!

Vəzir-vəkil çiyinlərini çəkib təəccüblə Xəlifəyə baxdılar. Heç kim Babəkin nəsə dediyini eşitməmişdi. Xəlifə bir qədər dirçəldi. Hətta qürrələndi də:

- Əlbəttə, -dedi, - bizim əzəmətimizin qarşısında danışmağa üzü, deməyə sözü yoxdursa, elə belə mızıldanmağa məcbur olacaqdır adam. Ha-ha-ha...

Ətrafdakılar da Xəlifənin istehzalı gülüşünə dəm tutdular, eyni tərzdə düşmən əsirinə istehza edib bir qədər gərginliklərini boşaltdılar.


Babək zəhmli baxışlarla ərəb mömünlərini çəpəki süzə-süzə səmada dolaşan əbədi həqiqət haqqında düşünürdü:

“Ey ərəb... Siz Günəşin gücünə bələd deyilsiniz... Səbr edin Tanrı eşqinə. Kaş siz də ən sadə bir Atəşpərəst möbid təkin dərk edəydiniz bu dünyanı, qan tökmədən, talan törətmədən, pisliyə uymadan rahat yaşayaydınız bu gözəl dünyada... Onda dünya necə dinc olardı, hey... Kaş...”

- Ha-ha-ha... – qollarını geniş açıb qəflətən ləzzətlə şaqqanaq çəkən Xəlifə elə qəflətən də gülməyini kəsib gülüşün arxasında gizlətdiyi əsəbini püskürdü: - Bizim qarşımızda kim duruş gətirə bilib ki?! Qoca-qoca səltənətlər yıxılıb, məmləkətlər dağılıb, neçə-neçə kafirlər dağlanıb. İslama xor baxanları cəhənnəmlik etmişik... Dönüklərin anasını ağlatmışıq... Yüz ildir dünya bizim nəzarətimizdədir, min il də belə olacaq... Biz Doğru Yolu tapmış mömin bəndələrik, Allahın qullarıyıq, Allahın əmrinə müntəzirik...

Babək əvvəlki kimi təmkinlə susurdu. Vəcdə gələn Xəlifə söyüb-söyləndikcə sıx cərgələrlə meydana düzülmüş mömünlər istidən az qala əriyib bir-birlərinə yapışacaqdılar:

- ...Ova çıxdın ov ovla, quş quşla. Ovlamışıq, quşlamışıq... Bərəkət göydən yağıb... Neyləyək indi? Ruzini kəsək, ya əlimizi üzək?.. Yox, əlbət, yox, Allahın biz mömin bəndələrinə əta etdiyi xidmət borcumuz bitməyib hələ. Bizə etibar olunmuş müqəddəs bayrağı hələ çox yerlərə sancmaqda borcluyuq. Çox əziyyətlər gözləyir bizi irəli illərdə. O qənimətlər ki, Allah-Təala yürüşlər zamanı qarşımıza çıxarır, o ölkələr, o sərvətlət, o təbəələr, o dinarü-dirhəmlər, altunlar, ləl-cəvahiratlar ki yürüşdən-yürüşə başımızdan tökür, - hələ çox olacaq. Biz qalibik. Biz seçilmişlərik. Hər qələbə altun deməkdir, gələn altun, gedən altun... Nuri-çeşmanımız altun! Azərlər bunu anlamaz, Bəbak, o səbəbdən sərvət qədri bilməzsiniz, olanınızı sağa-sola, toya-düyünə səpələrsiniz... Bizsə...Bizsə... – Xəlifə birdən Babəkin təbəssümlü baxışlarını sezincə duruxdu, anidən çaşqınlıq içində döyükdü. - Əlbəttə, pul, altun, sərvət bizə bir dünya malı kimi yox, İslam naminə, Allah eşqinə yürüşlərdə qələbə üçün zərurətdir... Allahu-Əkbər!

Babəkin xəfif təbəssümü elə bil Xəlifənin alovlu nitqinə Odlar Yurdunun neftini tökdü, ocağa yağ caladı:

- Bəsdir istehza etdin!!- qışqırdı o. – Nə belə kifir-kifir baxırsan üzümə? Zəhmin öldürdü bizi... İnsan deyilsənmi sən? Bir suala cavab verə bilmirsənmi? Soruşduq səndən ki, əgər Allah bizim yolumuzu sizin məmləkətlərə yönəldibsə, sən kim olurdun da Allahın məsləhətinə qarşı çıxmağa cürət edirdin? Doğru yolumuzu kəsmək istəyirdin... Kim?! Cavab ver!!!

Babək duyğulandı, qəhər onu boğdu, gözləri doldu, görməsinlər deyə gözünü yumub köksünü ötürdü: “Ah, bizim məmləkət! Bizim məmləkət! Tanrının yer üzündə yaratdığı ən gözəl insan məskəni! İndi sənin halın nə, məmləkətim! ”

Xəlifə vəcdə gəlmişdi:

- ...Siz nə qədər höcət etsəniz də, biz İsfahanı, Təbəristanı, Kirmanı, Sistanı, Xorasanı bir-bir basıb keçdik. Arran bizim oldu. Urmidən üzü dik qalxan qalib ordumuz Səlması, Xoyu adladı... Nə edə bildiniz? Sevgili Ömər ibn Xəttabın zamanından mübarək İslamın bayrağı daha sürətlə, daha vüsətlə, daha geniş ərazilər boyunca yayılmaqdadır. Məhz həşəmətli Ömər həzrətlərinin müdrikliyi sayəsində Dəcla-Fərat boyunda, İraqdan şimalda, Mısırda, cəmi qardaş zənci məmləkətlərində... bütün qütblərdə müqəddəs İslam bayrağı dalğalandı. Lə-İlahə-ill-Allah! Allahu-Əkbər!

İstinin əridib bir-birinə yapışqanladığı yarıyuxulu adamlar topası diksinib bir ağızdan üç dəfə dalbadal “Allahu-Əkbər!” deyə ucadan təkrarladı. Uzaqlardan, əsgərlərin və şəhər camaatının arasından da “Allahu-Əkbər!” nidalarının əks-sədası eşidildi.

Sözünə davam edən Xəlifə üzgün-üzgün xırıldadı:

-...Amma təkcə Azərbə-əycanda xürrəmilər qızıl-qırmızı dirəndi, qarşı gəldi. De nədən? Niyə? De...

Babək halını belə pozmadan oxunan ittihamların, söylənən moizələrin və amiranə müraciətlərin fərqində deyildi. O yalnız susur, susur, susurdu...

Meydana çökən sükutun isti həlməşik ağırlığını Xəlifənin xırıltılı səsi yarıb keçirdi:

- Olsun, - deyirdi o aram-aram. - Biz sənin dilini açarıq. Günahların üzünə oxunduqca, sən dəvə kimi sus... görüm necə susarsan... danışmazsan.


***

Xürrəmilər
...VII əsrin ortalarında Ərəb Xilafətinə məxsus saysız-hesabsız qoşun hissələrinin ətraf ölkələrə yürüşü ərəfəsində Böyük Azərbaycan Həmədandan, Zəncandan ta Dərbəndədək böyük bir ərazidə qərar tutan dinc bir məmləkət idi. Min il əvvəldən güclü Sasani imperiyasının tərkibinə düşən Azərbaycan ölkəsinə Gəncə, Naxçıvan, Bərdə və Beyləqanın daxil olduğu Arran diyarı, Kür-Araz vadisindəki geniş torpaqlar, aşağı-yuxarı böyük Qarabağ elatı, Qarabağın bağrındakı Alban (Alpan) vilayəti, vilayətin Ərsax, Şəki, Sünik və başqa əyalətləri daxil idi.
...Ciddi müqavimətə baxmayaraq ölkənin cənub vilayətləri ərəb işğalından qurtula bilmədi. Öz dünyagörüşlərini başqa xalqlara qəbul etdirmək kimi qəribə birtərəfli öhdəliyə qəlbən inanan sadəlövh ərəblərlə dünyaya öz baxışı, təfəkkür və həyat tərzi olan qədim Azərbaycanın ciddi türk oğuz əhalisi arasında ağır müharibələr dövrü başlandı. Bir müddət özünü təcavüzdən qoruya bilən Alpan ərazisi qanlı savaş və qırğınlardan sonra zor gücünə müstəqilliyini itirdi.

Cənublu-şimallı bütöv Azərbaycanda faciələrlə müşaiyət olunan dəhşətli dağıntılar baş alıb gedirdi. Uzun sürən savaşlar dövründə axın-axın gələn ərəb qoşununun aramsız basqıları, bu basqınların səbəbini çox vaxt anlaya bilməyən yerli əhali ilə vəhşi davranışları ölkəni xaraba qoymuşdu. Yadelli işğalçıların dağıdıcı yürüşləri əhalini səfalətə sürükləyirdi. Yüz minlərlə yerli sakini qətlə yetirib qılınc gücünə bərəkətli torpaqlarda yerləşən ərəblər burada ilk dəfə gördükləri, yaxından tanımadıqları, keçmişinə, dilinə, dininə, düşüncəsinə, xoy-xasiyyətinə bələd olmadıqları yad bir elatın qədim adətlərinə, zamanlardan bəri bərkimiş milli-mənəvi-əxlaqi dəyərlərinə, oturuşmuş yaşam tərzinə etina etmədən öz yabançı vərdişlərini, öz təfəkkürlərinə uyğun inanc və dünyabaxışlarını yeritməkdə idilər. Hətta tətbiq etdikləri dinin dəyərlərinə zidd olaraq ifrat səbrsizlik göstərən bu köçəri tayfalar hələ çox-çox qədim zamanlardan yerli əhaliyə məxsus müqəddəs məbədləri mahiyyətinə varmadan uçurur, səmavi inanca bağlı Zərdüştiliyi lap yaxınlaradək özlərində mövcud olmuş və yalnız dahi peyğəmbərləri tərəfindən haqlı olaraq yasaq edilmiş bütpərəstliklə eyni bilir, Atəşgahları dağıdır, müqəddəs Ocaqları kor qoyur, abidələri məhv edir, bəzənsə xəyanətkar xidmətləri müqabilində bütün bunları qonşuluqdakı qaraçı xislətli ermənilərə bağışlayırdılar. Müqəddəs məbədlərin üstündəki yazıları oxuya bilməyən cahillər anlamadıqları üçün tanış olmayan bütün rəmzləri - Xaç, Günəş, Od, Alov işarələrini, qədim Şumer-Alpan-Türk yazısı ilə həkk olunmuş mətnləri, həmçinin qiymətli sənət nümunələrini məhv edirdilər. Onlar oxuya bilmədikləri bütün elmi-fəlsəfi, dini kitabları oda atırdılar, gözlərinə cazibəli görünən qənimətləri isə arabalara yükləyib öz ölkələrinə daşıyırdılar. Bu qaba davranışlara hər hansı etiraz bildirən Azər bəyinin başı üzərində dərhal qılınclar parlayırdı. Ərəblər əyri əməllərinə hər hansı bəraət donu geydirmək barədə belə düşünmədən tapındıqları yeni dini ağına-bozuna baxmadan qarətə məruz qoyduqları ərazilərdə yaymaq üçün qəzəblə hikkə göstərirdilər. Təbii ki, İslami dəyərlərə bələd olmadıqları səbəbindən hələ onu qəbul etməyə hazır olmayıb tərəddüd edənləri də ağır işgəncələrə məruz qoyurdular. Günahsız adamlar açıq-açığına təhqir edilir, bezdirici təqiblərlə üzləşir, var-dövləti əlindən alınıb cəzalandırılırdı.

Oğuz elinin müdrikləri yurda qarşı yürüdülən belə qəfil amansız və imansız işğalın artıq milli fəlakət həddinə çatdığını, qədimdən qədim Azər-Türk-Oğuz yaşam tərzini, həyat və məişət varlığını nizamlayan adətlərin məhv olduğunu, çox vaxt geniş xalq kütlələrinə yeni dini dünyagörüşün paylaşılması ilə heç bir əlaqəsi olmayan dəhşətli faciələr yaşadıldığını görüb çarə axtarırdılar. Alicənab, mədəni və dərin düşüncəyə meylli saf qanlı Azərbaycan oğuzları artıq VIII əsrin ortalarından (miladi 748-ci ildən) etibarən get-gedə artan hərbi-siyasi-ideoloji hikkələrə dözməyin mümkünsüzlüyünü görürdülər. Xalq güc və say etibarilə qeyri-bərabər durumda olsa da, heysiyyatı onu qeyri-ixtiyari ayağa qaldırdı. Bu qalxınma işğala, kobud davranışlara, açıq-aydın nadanlığın iddialı hikkəsinə mənən daha üstün olan bir toplumun kütləvi etirazı idi.
Beləcə Azərbaycan ərazisində xalqın qəhrəmanlıq tarixinə şanlı səhifələr yazacaq Azadlıq - Xürrəmi hərəkatı sürətlə yayılmağa başladı. Müqəddəs Ocaqdan ruh alan, uzun illər boyu ağır, yandırıcı itkilər bahasına davam edəcək bu namus, qeyrət, şərəf savaşı get-gedə daha gur alovlanırdı.

Belə bir mürəkkəb tarixi şəraitdə Azərbaycanın Azadlıq məkanında insanları eyni amal ətrafında birləşdirməyə qadir el qəhrəmanı, böyük iradə sahibi, qüdrətli və cəsur sərkərdə Babək görünür.


Böyük ideallarla yaşayan xürrəmilər – bu “Azadlıq aşiqləri” doğma vətən torpaqlarının təmizlənməsi üçün mübarizə aparırdılar. “İslam” örtüyü altında bərəkətli yurd yerlərini zəbt edənlərə qarşı amansız olan xürrəmilərin fəlsəfi baxışlarına və inamına görə Zərdüşt təliminə uyğun dünyada iki əks enerjinin - Xeyir və Şər ruhlarının, İşığın və Zülmətin əbədi mübarizəsi var. Azərbaycan xürrəmiləri ali idrak və əbədi qüdrət kimi Tanrıya sitayiş edir, onun yerdəki əlamətlərini, xüsusən həyat gücü olan günəşi, odu, atəşi, alovu müqəddəs sayırdılar. Xürrəmilər bəşər tarixindəki minlərlə peyğəmbərdən biri olmuş Şirvin peyğəmbərin çağırışlarına inanır, insan ruhunun əbədiliyini qəbul edirdilər. Şirvinlik inancına görə insanlar arasında ayrı-seçkilik olmamalıdır, Tanrının yaratdığı qadınla kişinin bərabər hüququ adi yaşam tərzidir. Onlar bədəvi ərəb tayfaları kimi qızla oğlan övladı arasında fərq qoymurdular. Qəribə də olsa, məhz belə bərabərlik anlayışları onlara hücum edən cahillərin təfəkküründə ən əcaib yaşam tərzi kimi qavranılırdı. Ərəbləri dəhşətlər içində heyrətə salan və “vəhşi adət” kimi hiddətləndirən qadın-kişi bərabərliyinə xürrəmilər normal baxır, başqa dinləri inkar etmir, heç kimin daxili işinə qarışmır, təhqirə və təqibə yol vermirdilər. Digər dini inanclara belə dözümlü yanaşma o dövrün başqa Orta Şərq xalqları, icma və tayfaları üçün, eynən qadın-kişi bərabərliyi kimi, anlaşılması çətin qavranılan məqamlardan idi (təəssüf ki, hətta indiki dövrə qədər də belə yanaşma davam etmədədir...).
22 illik mübarizəsi dövründə Xilafəti lərzəyə salan Azərbaycan Xürrəmi Dövlətinin hökmdarı sərkərdə Babək heç də düşmən səlnaməçilərin qəsdən əhəmiyyətini azaltmaq məqsədilə qələmə verdikləri kimi xırda “qiyamçı”, yaxud əyalət miqyaslı “qisasçı” deyildi. O, müstəqil bir dövlət yaratmış qüdrətli hökmdar, xalqa yol göstərən müdrik öndər, güclü düşməndən daha güclü bir sərkərdə idi. Onun idarə etdiyi dövlətin bəlli icra qurumları, ideya-mənəvi istiqamətləri, həyat amalına uyğun od, alov, günəş, işıq rəmzi olan qırmızı rəngli bayrağı, ciddi təlim görmüş nizami ordusu, bacarıqlı sərkərdələrdən ibarət hərbi şurası, əsgərlərin xüsusi qırmızı geyimləri vardı. Qırmızı rəngin Odlar Yurdunda uğur rəmzi sayılmasının səbəbi də Tanrı tərəfindən endirilmiş müqəddəs “Avesta” Kitabının amalından irəli gəlirdi. Yadelli işğalçılara qarşı müqavimətin döyüş taktikası Babəkin başçılıq etdiyi hərbi şuranın toplantılarında müzakirə olunur, hamılıqla razılaşdırılır, sonra həyata keçirilirdi. Babəkin iqamətgahı ilə Qərbi Avropa dövlətləri arasında diplomatik əlaqələr mövcud idi. Bizans imperatoru Feofilə göndərdiyi məktubda Babək bütün ərəb ordusunun onunla mübarizəyə qalxdığı bildirirdi. Bu o demək idi ki, Babəkin azadlıq mücadiləsi o dərəcədə uğurla gedirdi ki, Ərəb Xilafəti bütün digər rəqibləri ilə hərbi münaqişələri dayandırıb qüvvələrini ancaq Babəkin üzərinə yönəltmək məcburiyyətində qalmışdı.

Nəhəng imperiya xırda qiyamçı dəstəsi ilə belə mübarizə aparmazdı...


“Babək Tanrının insan surətində təcəssüm etməsi, ruhun bir bədəndən başqa bədənə köçməsi inancını qəbul edib inanırdı ki, qeyb olan müqəddəs ruh sonralar qayıdacaq.” Akademik Ziya Bünyadov yazırdı.

Babəkin bu inamı haqqında ərəb tarixçiləri də (Əl-Təbəri, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi və b.) özlərinə xas şəkildə qeyd ediblər: “...Bu kafirlər ruhun bədəndən-bədənə keçməsinə inanır, mövlanələrinə ilahi varlıq kimi baxırlar.”

Məhz Xeyirlə təmsil olunan qalib enerjiyə malik ruhun əbədiliyinə, ölməzliyinə inam Babəki və onun ətrafındakıları düşmən qarşısında əyilməz edirdi. Xürrəmilər ölümün yalnız vücuda, cismə, bədənə aid olduğuna, ruhun isə əbədi qaldığına əmin idilər.

Xürrəmi hərəkatı Azərbaycanın azadlığı uğrunda işğalçılara qarşı yüz il fasiləsiz mücadilə verdi. Bu müddət ərzində onlar Xilafətin 6 böyük ordusunu darmadağın etdilər. Düşmən yüz minlərlə hesablanan canlı itki verdi. Həlak olan Azərbaycan oğulları doğma yurd uğrunda cəsarətlə son nəfəsədək döyüşürdülər. Babəkin başçılığı altında Xürrəmi azadlıq hərəkatı Böyük Azərbaycanın bütün tarixi ərazilərini əhatə etmişdi. 22 il ərzində şəxsən Babək özü qeyri-adi sərkərdəlik və idarəçilik istedadı ilə güclü bir dövlət yaradıb onu tam müstəqil idarə etdi, xalqı basqınlardan qorudu, hətta əzəli milli-mənəvi dəyərləri, dini adət-ənənələri bərpa edib məmləkəti azad və xoşbəxt görmək arzusu ilə bir gün belə at belindən enmədi.

Əvvəllər Azərbaycan üzərinə xırda bir ordu göndərən Xəlifə Məmun sonralar bacarıqlı sərkərdənin başqılıq etdiyi bu xalqa qarşı döyüşməyin heç də asan olmadığını gördü, bir-birinin ardınca daha təcrübəli sərkədələrin başçılığı altında bölük-bölük qoşun hissələri göndərməyə başladı. Lakin Babəkin başqılıq etdiyi xalqa qalib gəlmək mümkün olmurdu...
Babəklə Xilafət arasında ilk hərbi toqquşma miladi tarixi ilə 819-cu ildə baş verdi.

Azərbaycanın cəsur oğulları o zaman düşmən hücumunu mərdliklə dəf edib ərəbləri geri oturtdular. Sərkərdə İbn Müslüm heç bir uğur qazana bilmədiyindən bir il sonra Məmun onun yerinə başqa sərkərdə - İsa ibn Mühəmməd ibn Əbu Həmidi təyin edir. Bu sərkərdə də qoşunu öz arxasınca ram edilməzlər yurduna yürüşə çıxarır. Ərəbləri ölkənin cənub sərhədlərində qarşılayan Odlar Yurdunun igidləri bu dəfə də çox ağır döyüşə tab gətirib düşməni darmadağın edirlər.

Xilafətin növbəti qoşun başçısı Züreyk ibn Əli ibn Sədəq əl-Əzdi də heç nəyə nail ola bilmir. Şəstlə önünə düşüb gətirdiyi ordunun arxasınca Azərbaycan torpaqlarından rüsvayçılıqla qaçır.

Tezliklə Babəkin sərkərdəlik məharəti barədə xəbərlər ərəb işğalından əziyyət çəkən ətraf ölkələrə də yayılır, böyük diqqətə səbəb olur. Sayca düşməndən qat-qat az olan oğuz igidləri Babəkin hərbi məharəti sayəsində qurulan həmlələrlə düşmənə aman vermirdi. Düşmən mövqeləri qəfil və sürətli hücumla ələ keçirilib darmadağın edilir, təslim olmayan işğalçı döyüşçülər məhv edilir, qalanları qaçır, ya əsir götürülürdü... Bu yolla cəmi iki il ərzində xürrəmilər öz ərazilərində on minlərlə ərəb döyüşçüsünü ləğv etmiş, əsir almış, bundan qat-qat çoxunu isə yurd dışına qovmuşdular.

Öz başçılarına inanan və güvənən azərlər mərdliklə döyüşürdülər. Azərbaycan ölkəsində yaşayan xalqı yaxşı tanımayan və böyüklüyünü dərk etməyən, bu xalqın yetirdiyi Babək kimi cəsur bir insanın sərkərdəlik istedadını düzgün qiymətləndirməyən imperiya hələ heç bir ölkədə bu dərəcədə rüsvayçılığa uğramamışdı. Bu səbəbdən bütün hərbi strategiyasını Azərbaycanı susdurmaq hikkəsi üzərində quran Xəlifə Məmun çox götür-qoydan sonra Xilafətin bütün iri qoşun hissələrini birləşdirərək təcrübəli sərkərdə Mühəmməd ibn Hüməyd əl-Tusinin sərəncamına verib Azərbaycana göndərdi. Odlu Yurdu ram edəcəyi təqdirdə əl-Tusini bütün Azərbaycana rəhbər təyin edəcəyini vəd etdi.

Beləliklə, 829-cu ildə Birləşmiş Ərəb ordusu Azərbaycan üzərinə yeridi. İlk qanlı çarpışmadan sonra böyük say çoxluğuna malik bitib-tükənməyən ərəb qoşunlarının təzyiqi altında xürrəmilər cənub vilayətlərindən şimala doğru, Bəzzə tərəf çəkilmək məcburiyyətində qaldılar. Onları təqib edən ərəblər Bəzzin lap yaxınlığınadək irəliləyə bildilər.

Həmin yay (iyunun 3-də) gözlənilən növbəti döyüş qabağı Babək ən say-seçmə igidlərdən ibarət dəstə toplayıb dağların arxasında gizlədir. Özü Bəzz qalasının ətrafındakı qayalarda mövqe tutub aşağıda düzəngah yollarla irəliləyən ərəb qoşunlarının hərəkətini səbr və təmkinlə müşahidə etməyə başlayır. Ətrafındakıların həyəcanına baxmayaraq, ərəbləri çox yaxın məsafəyədək buraxan Babək, nəhayət, sövq-təbii həlledici anın çatdığını duyub qəflətən hücum əmri verir. O, qayalardan enərək atın belinə sıçrayır və şimşək qılıncını sıyırıb ildırım sürətilə dağlardan üzü aşağı şığıyır. Atlanıb hazır dayanan qoşun da bir anda onun arxasınca düzəngaha doğru axışır. Xürrəmilərin ön cərgəsi qayalardan sel kimi üzü aşağı gəldikcə aşağıdakı düzənliklərdə qərar tutan ərəbləri həyəcan bürüyür. İldırım sürətilə düşmən qoşununun içinə təpilən qırmızılarla çaxnaşan qaralar arasında şiddətli çarpışma başlayır. Bu ölüm-dirim çarpışmasında azadlığını geri almaq istəyən xürrəmi igidləri qorxu bilmədən vuruşur, onları köləyə çevirmək iddiası ilə uzaqlardan sürüb gələn yadellilərə sarsıdıcı zərbələr endirirdilər. Azərbaycan çöllərində günahlı-günahsız minlərlə insanın qanı bir-birinə qarışıb su yerinə axırdı...

Döyüşün gərgin məqamında ərəblər gözləmədiyi halda Babəkin dağlar arxasında gizlətdiyi ehtiyat dəstə arxa cəbhədən qəfil hücuma keçir. Böyük sərkərdənin qurduğu bu dəqiq taktiki gediş döyüşün taleyini həll edir. Mühasirəyə salındığını anlayan Xilafət qoşunu qorxudan qaçıb dağılışır, əsgərlər çöllərdə pərən-pərən düşürlər. Qanlı qırğından canını qurtara bilən ərəb uşaqları onları şəstlə uzaq diyara qalibiyyət yürüşünə gətirmiş sərkərdə Mühəmməd ibn Hüməydin ayaqlar altında qalan meyidi üstündən atılıb gəldikləri yolla geri qaçırlar. Bir anda döyüş meydanı qaralardan boşalır. Onları bağrı yanıq laləli yaşıl düzəngahlarda vətən naminə oxa-qılınca-nizəyə rast gəlib parça-paça olan oğuz igidlərinin minlərlə qanlı cəsədi üstündə şad-xürrəm dolaşan ruhlar yola salırdı...

Bu dəfəki məğlubiyyət xəbəri Bağdadı büsbütün sarsıdıb dəhşətə gətirir. Dalbadal istedadlı sərkərdələr məhv olur, yüz əlli minlik ordu dağıdılır, əlli minədək döyüşçü itgin düşür... Xilafətin başbilənləri uzaq şimal ölkəsində nələr baş verdiyini anlamayaraq öz aralarında azərləri cin-şəyatin kimi təsvir etməkdən başqa xalqa izahat verə bilmirlər. Çünki Babəklə döyüşlərdən dalbadal gələn acı məğlubiyyət xəbərləri xalq arasında narazılıq və ruh düşgünlüyü yaradaraq Xilafəti çökdürmək üzrə idi. Bağdad heç cür Azərbaycana qarşı özünü və gücünü toparlaya bilmirdi. Artıq üç yüz minlik nəhəng ordusu olan Babəkin adı gələndə Xəlifə qorxudan əsəbiləşir, saray əyanları isə sanki cin vurubmuş kimi sarsıntı keçirirdilər...
***

Artıq üçüncü hakim idi ittihamnamənin növbəti səhifələrini oxuyan:

- ...Bəli, həşəmətli Xəlifəmiz Mötəsimbillah həzrətlərinin çox doğru buyurduğu kimi... həqiqətən şanlı əsgərlərimiz igid sərkərdələrin rəhbərliyi altında min bir zülümlə Bidlisin dağ keçidlərindən aşıb Van gölü həndəvərinə, oradan Azərbaycan torpaqlarına varid oldu... Hicri 22-nin yayında Həmədanla İsfahan arasındakı Nəhavənd şəhəri həndəvərində üç gün üç gecə misli görünməmiş döyüş oldu. Qan su yerinə axdı... Əlbəttə, ərəb döyüşçülərinin qələbəsi ilə başa çatan o döyüşdə bizim də itgilər oldu. 20 minədək şəhidimizə bu “zəfərlər zəfərində” səadət nəsib oldu ki uca dərgaha yetişdilər (Allah rəhmət eyləsin!). Təkəbbürlü Sasanilərin işini bitirdikdən sonra şanlı ordumuz Huzeyfə ibn-ul-Yəmanın başçılığı altında Azərbaycanın cənub-şərqinə doğru yeriyərək Ərdəbilə girdi. Şükr ki, Ərdəbil döyüşü müqəddəs İslamın qələbəsi ilə başa çatdı. Oradan ordu İsfahana hərəkət etdi. Lakin İsfahan hakimi ağıllı tərpənib qala qapılarını açdı, sakitcə şəhəri təslim etdi. Saziş bağlandı. Haqq-ədaləti itirməyən ərəb hökuməti buyurdu ki, şəhər əhalisindən kim istəsə köçüb gedə bilər. Amma şərt bu ki köçüb gedənlər özləri ilə su və çörəkdən başqa heç nə aparmayacaqlar, onların qalan əmlakı qalib ordunun müsəlman döyüşçülərinə ərməğan olacaq. Və o cür də oldu... Fəqət bədbaxt Həmədan camaatı ağılsızlıq üzündən üsyana təhrik olundu. Qeyzlənən möhtərəm Xəlifə Ömər haqqına Nueym ibn Muqərrinə məktub yazıb 12 minlik ordunu Həmədana sürməyi tövsiyyə etdi. Bu əhvalatlar baş verirkən Deyləm, Rey və Azərbəycanın digər cənub əyalətlərində də bəsirət gözü bağlanmış əhali Doğru Yolu tapa bilməyib, səhvən savaş yolunu tutdu. Kafir Bizanslılar da bunlara kömək etdi... Bəli, Nəhavənd zəfərinin ili çıxar-çıxmaz Vaci Ruzda döyüşçülər üz-üzüə gələr, savaş başlayar. Şiddətli döyüş olar. Çox şiddətli döyüş olar. Nəhayətdə, həmişəki kimi uca Allahın köməkliyi ilə ərəb ordusu Rey şəhərini mühasirəyə alıb diz çökdürər. Məhz bu nankorluqdan sonra sevgili Xəlifəmiz Ömər ibn Xəttab kafir Azərlərin harada olur-olsun tapılıb cəzalandırılmasını tövsiyyə edər, hətta cəhənnəmə vasil edilmələri barədə mübarək fətvaya barmaq basar...
Xəlifənin çadırının qarşısına toplaşanlar dalbadal üç dəfə “Allahu-Əkbər!” deyib əllərini göyə qaldırdılar, salavat çevirdilər, dua pıçıldadılar. Yenə “Allahu-Əkbər!” çağırışı uzaqlarda, bəlkə də Bağdadın üstündə əks-səda verdi, səsi Samirədə duyuldu.

Babək ətrafında baş verən bu hadisələrə, divan mərəkələrinə, “ədalətli ittiham” oyunbazlıqlarına, hər çətinə düşəndə Allahı köməyə çağırıb onun xofuna dayaqlanan mömünlərin, cahil əyanların yaltaqcasına canfəşanlığına artıq təəccüb etmirdi. O harada olduğunun, bu cahillər məmləkətində nələr baş verdiyinin, hakimin nə oxuduğunun, Xəlifənin ondan nə istədiyinin tam fərqinə varmışdı. Odur ki, bütün bu miskin oyunlar meydançasında o yox idi. Onun ruhu uzaqlarda, yerdən yüksəklərdə var olan ləyaqət, əzəmət, vüqar və qürur məkanında pərvaz edir, çirkabdan uzaq ucalıqlarda uçur, uçur, hey uçurdu...


Xəlifə isə böyük itkilər, xərclər, əziyyətlər bahasına qalib gəlib də əl-qolu bağlı hüzuruna gətirtdiyi ən qorxulu düşmənin indi məşhər ayağında heç bir hədə-qorxu tanımadan ölümə qürur göstərib tam saymazyana susqunluq sərgiləməsi ilə barışa bilmirdi:

- Sus, sus...- Xəlifə mızıldandı. - Vaxtilə kafir Azərbanlar qarşısında o qədər yalanlar üyüdüb-tökübsən, o qədər məsum ərəb övladı qırıb-çatıb günaha batıbsan ki, yorulub əldən düşübsən, danışmağa dilin, cavab verməyə taqətin, üzümüzə baxmağa üzün qalmayıb. Olsun. Növbə bizimdir. Biz ədalətli adamlarıq, haqqı nahaqqa vermərik, hər kəsin əməlini özünə anlatmasaq, boğazını üzmərik...

Babək xırıltı-mızltı-mırıltı ilə hey danışan özündən müştəbeh Xəlifəyə baxdı: “Həlbət gələr elə bir zaman ki, cahil, sizlərin də od ələnər başınıza... Gələr həlbət... Gələr...” – düşündü.

Xəlifə:


- Niyə elə nifrətlə baxırsan mənə? – dedi. – Mən ki hələ sənə pislik etməmişəm? Yoxsa ədalətimə inanmırsan? Amma biz bu bayrağımızı hələ çox yerə aparacağıq. Nəyin bahasına olursa-olsun! Zorla-xoşla – fərq etməz. Çox yürüşlər olacaq hələ sizin kimi kafirlərə qarşı...

Bunları dedi, amma yenə ürəyi soyumadı, əsəbiləşdi:

-Bəsdir elə pis-pis baxdın mənə! Biz dünyaya hökm etməyə layiq ali qövmük. Biz qüdrət sahibiyik... Təkcə siz ləngitdiniz bizi Allah yolunda. Sən qoymadın vaxtında çatsın mənim xalqım ağacları altından çaylar axan o cənnət-məkan məmləkətə! Sən, sən, sən əclaf!!!

Amma bu əsəbi sözlər Babəkin ürəyinə yağ kimi yayılırdı, siması bir az daha nurlanırdı, gözləri gülürdü: “Ah, gözəl məmləkətim, odlu yurdum mənim, ah...”

Xəlifə birtərəfli mükalimə aparmaqdan ya usanıb, ya utanıb susdu, taxtın içinə çəkildi, arxaya söykənib əli ilə hakimə işarə elədi. Hakim baş əyərək titrəyən barmaqlarının arasında bərk-bərk tutduğu lovalaqlı kağızı oxumağa davam etdi:

- ...Bəli, möhtərəm Xəlifə həzrətlərinin də buyurduğu kimi, qüdrətli Xilafət ordusu İsfahanı, Təbəristanı, Parsistanı, Kirmanı, Sistanı, Xorasanı adladı keçdi. Arran da bizim olandan sonra Urmiyə gölünün sahilləri boyunca irəliləyən ordumuz Səlması, Xoyu aldı. Amma...

Saray əyanları üç dəfə dalbadal “Bərəkallah! Allahu-Əkbər!” deyib qışqırışdılar.

Hakim saydıqca əlləri-qolları zəncirli Babək bir zamanlar vətənində apardığı o gərgin mübarizələr dövrünü xatırladı. Gözləri önündə qan su yerinə axan o ağır, amansız döyüşlər canlandı.


...Budur, Babək sıldırım qayalar üstündə at belində dayanıb aşağıdan səf-səf gələn düşmən qoşunlarının yürüşünü izləyir. Onların lao yaxına gəldiyini və nəhayət, məqamın yetişdiyini görüb atdan enir, üzünü göyə tutub: “Ey Göy-Tanrı, sənə sığınıram! – deyə dodaqaltı pıçıltılarla şükranlıq edir. – Səndən başqa qüdrət tanımıram. Səndən qeyri güc bilmirəm. Sən məni indiyədək yönəltdin. İnnən belə də məsləhətin üzrə yönəlt, yuca Tanrı...”

Tanrı duasını bitirib yenidən at belinə sıçrayan Babək iri ağır qılıncını qından sıyırıb göyə qaldırdı, arxasındakı sadiq döyüşçülərinə tərəf döndü və ucadan qəzəblə bağırdı: “Andından dönənin cəzasını Tanrı versin!” Dabanları ilə atın böyrünə möhkəm təpik ilişdirdi. İldırım sürətilə irəliyə şığıyan Babəkin arxasınca xürrəmilər sel kimi axdı. Bir göz qırpımında göylərdən gələn bəla kimi çaşqın ərəb qoşununun içinə basıldlılar. “Uca Şirvinin ruhu, bizi hər iki dünyada şad et!”- deyərək Babəkin ardınca özlərini düşmən qoşununa vurub amansız döyüşə girən oğuzlar dünyanı lərzəyə gətirə-gətirə ərəb uşaqlarının başına od ələyirdilər. Başdan-ayağacan al qana bələnib vuruşan savaşçıların bağırtısı, qorxudan hürküb şahə qalxan atların kişnərtisi, od saça-saça bir-birinə çarpılan qılıncların cingiltisi dünyanı titrədirdi... Üz-üzə ölüm-dirim savaşında çarpışan iki qoşunluq insan selinin hayqırtısı ərşə ucalırdı...”



Bütün təfərrüatları birbə-bir yaddaşında oyanıb gözünün qarşısından keçən o canlı səhnələrin qanlı mənzərələri ilə yanaşı Babəkin düşüncələri də döyüş çaxnaşmalarına qarışıb gedir, aşıb-daşır, axır, axırdı...
“...Allaha xoş gedən əməlin adı təcavüz, işğal, talan ola bilməz, cahil! Siz bizə xoş niyyətli Doğru Yol müjdəçisi kimi, yoxsa kölə axtaran qoluzorlu hozular kimi gəldiniz? Siz şad-xürrəm ölkəmizə fəlakətlər gətirdiniz. Allah sizə nəfsini qoru dedi. Sizsə sizin olmayan el-obanı yağmalayıb xarabazara çevirdiniz. Şəhərləri, kəndləri qarət etdiniz, görməmişcəsinə yurdumuzu taladınız, elədən-belə çalıb-çapdınız, camaatın var-yoxunu qamarladınız, dinc adamları qılıncdan keçirtdiniz, insanlarımızın şirin həyatını acı zəhərə döndərdiniz. Bu oldumu yeniliyiniz? Qara əllərinizi oğuzun min-min illik pak ruhuna, təmiz yaşam tərzinə uzatdınız. Özünüzün quru çöl adətlərinizi bizim al-əlvan güzəranımıza, səhralar dolaşan qarsımış ruhunuzu dağ havalı təravətli könlümüzə, qaratikan kolu kimi qarmaqarışıq dilinizi bulaq suyu kimi şəffaf dilimizə yamaq etmək istədiniz. Nadancasına qədim-qaim məbədlərin üstündəki nişanələrə “küfr” deyib lağ etdiniz, dağıtdınız, ululardan qalma müqəddəs kitabələrə amansızlıq etdiniz, gözəllik doğuran hər şeyi yandırdınız-yaxdınız. Bu idimi insan sevgisi? Allah böyük Mühəmməddən sizə ismarıc nazil etməmişdimi ki, göydən enən başqa dinlərə dözün, onlar da mənim göstərdiyim Doğru Yolun yolçularıdır, onlara da Kitab göndərilib? Etmişdi də, amma sizin cahil və nəfsini qoruya bilməyən acgöz adamlarınız bizim satqın və xəyanətkar qonşularımızla əlbir olub yanar ocaqlarımızı, pak od məbədlərini imansızcasına dağıtdılar. Sizin məscidlər qədər bizim üçün də müqəddəs olan Atəşgahları, ziyarət və sitayiş yerlərimizi uçurtdular. Tək Tanrıya tapınan Zərdüştilərə yönəltdiniz nifrətinizi. İnsana yaraşmayan vəhşi əməllərə əl atdınız bizim ölkədə. “Kafir” adı qoydunuz, cahillik edib “qeyri-kitab əhli” dediniz bizə, qılıncla gəldiniz üstümüzə. Amma ən qədim müqəddəs Kitabın sahibləriydik biz. Uca dediyiniz doğru amalların bu dünyaya bizim “Avesta”dan yayıldığını bilmirdiniz. Sizin yürüşlər inanc üçün deyil, işğal üçün oldu... Sizin gəlişinizlə insanların ruhu ucalmadı, heysiyyatı tapdandı. Qoşunlarınız Azərbaycana... - oy... gözəl yurdum, gözəl oy!... - Azərbaycana daraşıb da harda işıq gördüsə qaraltdı, köz gördüsə kor qoydu. Min illərlə qəlbimizdə, beynimizdə, ruhumuzda daşıdığımız dəyərləri “İslama yaddır” deyib dağıtdınız... Aclıq görmüş adamlarınız cənnət sandığınız bağlarımızda ağacları yoldular, yaşıl vadilərimizdə axar çayları murdarladılar, bərəkətli zəmilərimizdə sünbülləri tapdaladılar... İnsana yaraşmayan hər əməl törətdilər tanımadıqları məmləkətdə ərəb cahilləri... Beləmi buyurmuşdu Allah?! Yox, əlbəttə! Tanrı nuru qəlblərdə, könüllərdə, fikir-düşüncələrdə işıq saçmalıdır, nizələrin ucunda, qılıncların qığılcımında yox. Siz odlu yurda təcavüz edib də səadət əvəzinə səfalət gətirdiniz... Onun üçün dinc Azər bəyləri namərd zülmünə dözmədi, tapdananda sayımız sayınızca olmasa da, qalxmağa qeyrətimiz yetdi... Qor oğlu oğuz dəliqanlısı qulağı sırğalı qara həbəşdən, Qorqud oğlu azərban qeyrətlisi dəvədodaq bədəvidən acizmiydi bu zülmə dözəydi?! Biz sizi qılıncdan keçirmədik, zatən siz özünüz qılıncımıza çarpıldınız... Əməliniz qəzəbimizə doğrandı... Silahlanıb atlanmağa siz vadar etdiniz bizi haqsız, imansız, dinsiz hərəkətlərinizlə...”
Babəkin susqunluğu xəlifəni çox darıxdırırdı. Nəhayət, hakimin oxunuşunu yarımçıq kəsib üzünü Babəkə tutdu:

- Bura bax, Azərbəyli, niyə danışmırsan? Niyə heç olmazsa özünü müdafiə üçün nəsə demirsən, ay od oğuz? Dəlisən, divanəsən? Şərt kəsdim axı səninlə kişi kimi? Özün özünü cəhənnəm əzabına düçar edirsən bil... Bir anlat görək nədi axı siz xürrəmilərin niyyəti, istəyi ki, bu qədər höcətlik edirsiniz? O nə dəli vuruşmalar idi aparırdınız məsum Allah bəndələri ilə? Niyə bizi sevə bilmədiniz? Sizin sirriniz nədədir ki, yüz dəfə min-min qoşun göndərdik üstünüzə, hamısını qırıb-çatdınız, qaçırtdınız, dağıtdınız...


“...Xürrəmilərin bir sirri var, ey cahillər şahı, – Babək köksünü ötürüb düşündü. - O da sevgidir, hürr sevgisi! Azərbaycan oğulları cılız amallar ardınca qoşmaz... Özü azad olmayanlar, bizi anlayamaz! Bizim qollarımıza kobud zəncirlər vurmaqla içimizdəki odu, alovu, yanğını buxovlaya biməz. Biz oddan törənən qaynar qanlı oğuz övladlarıyıq, odu söndürmək olar, yox etmək olmaz. Külümüzün altında közümüz qalar, bir zaman yenidən alovlanar, sən də bil! Sərt qış bizi nə qədər sarsa da, yenə yaz çiçəyi, novruz gülü kimi ana torpağın altından qalxıb sevdiyimiz günəşə ucalarıq. Biz azərləri məhv etmək olar, diz çökdürmək olmaz. Bizi qırarsan, amma sındıramazsan! Hələ bunu anlamadınızmı? Mən öz qövmümüzün içindəki bu Tanrı nuruna, bu odlu özəyə, bu pak niyyətli sönməz istəyə inanıram, vaxt gələr yurdumuz yadlarsız, yağılarsız olar, tərtəmiz, hürr olar, azad olar! Biz nə zamanlarsa mütləqa çatacağımız o azadlıq məqamı naminə kimsəyə baş əymədik, əymərik, cahil! Sən bunu görəcəksən...”
Babək dinməzcə durub bu düşüncələrə qapılırkən, xəlifə qarşısındakı dikbaş əsirə nifrətlə baxa-baxa hiddətindən gülümsəyir, istehzalı təbəssümlərlə ucadan deyirdi:

- Siz Allah, bir bunun nazına baxın da... Möhtərəm hakim, bu dikbaş oğlan mənə cavab vermir, bəlkə sən soruşasan görək, ömrü boyu kef-damaq içində gün keçirən bu arsız-abırsız azərlər, şadyanalıq, çal-çağır xoşlayıb müqəddəs hüzrdən, dərin mənalı yaslardan qaçan şeytani xürrəmilər doğrudanmı səhv yolda olduqlarını, şanlı ərəbə qalib gələ bilməyəcəklərini dərk etmirdilər... anlamırdılar... qanmırdılar? Soruş!


...Göz işlədikcə uzanıb gedən, qızmar istidən pırıl-pırıl sayrışan sarı-qızılı qum səhrasının tən ortasında, bütün canlı varlıqları şiddətlə yandırıb-yaxan günəşin şüaları altında sanki Tanrının yaratdığı nəhəng bir abidə ucaldı. Böyük Azərbaycan sərkərdəsi Babək Ərəbistan çöllərində əzəmətlə boy verib ucaldı. O ucalıqdan aşağıya, yazıq və miskin bir məxluqa baxırmış kimi ərəb şahına baxdı, onun iblisanəliklə söylədiyi təhqir dolu fikirlərə görə anındaca cüllüt boğazını çəkib üzə bilməməsindən az qaldı ürəyi partlasın. Var gücü ilə dartınıb hirsini biləyindəki zəncirlərə saldı, onları qopartmaq, parça-parça eləyib qollarını açmaq istədi. Ancaq eynən ürəyindəki damarlar kimi dəmir halqalar da dartıldıqca dərin-dərin qançırlı şırımlar açaraq biləyinə işlədi. Qəzəbindən dili-dodağı səyridi, qan daman gözləri ilə xəlifəni didib-parçalayacaqmış kimi - “Bədbəxt! – deyə düşündü, - qaranın aşıqi miskin qarğa! Min illik sazlı nəğmələrimizi məğmun-məğmun sinə yırtan mərsiyəxan naləsinə dəyişmək istəyən bədbəxt!.. Belə hünər sahibisən aç qollarımı!.. Aç!!!”

Xəlifə Babəkin hədsiz qeyzləndiyini sezdi, ancaq özünü o yerə qoymadı. Heç hakimin də Babəkə sual verməsini gözləməyib saray şairinə tərəf döndü:

-Qələm işləyir, əl-Bəxili?

Şair Hüseyn ibn əz-Zəhhak əl Bəxili qəflətən Xəlifənin dilindən öz adını eşidincə

diksindi, amma dərhal da xalqın arasında ona belə bir məxsusi lütf göstərilməsindən xoşhallanıb irişdi, qorxudan əsə-əsə baş əyib əlindəki dəftər-qələmi yuxarı qaldırdı:

-Bəli, ya xəlifə, əlbəttə, bəli, - dedi.

- Bu mərəkəni bilirsən də necə yazmaq lazımdır?!

Dərhal Baş vəzir irəli addım atıb astadan Xəlifənin qulağına pıçıldadı:

-Təlimatlanıb, ya xəlifə.

Xəlifə razılıqla başını tərpətdi.

– Mən bundan əvvəl öz əsgərlərimizlə də çox söhbət eləmişəm,-dedi şair.- Onlar da maraqlı şeylər danışıblar mənə.

- Hə? Nə deyiblər ki?

- Xürrəmilərin qəribə dinindən danışıblar, ya xəlifə. Bunlar Zərdüştü də peyğəmbər sayırlar. Ocağa baş əyirlər. Odu, alovu qoruyurlar... Ruhlarla danışırlar...

-Pah! – Xəlifə qaşlarını dartdı. – Bunlar hamısı lap şairdi ki! Aha... sonra...

-Bəli, ali həzrətləri, - şair əl Bəxili Xəlifənin diqqətini cəlb edə bildiyini görüb cuşə gəldi. – Deyirlər bunlar ruhun canlanmasına, bədəndən-bədənə keçməsinə inanırlar və guya bu heyvərə adama da, əstafürullah, öndəri davakun dəli Cavidanın ruhu təmas edib... girib içinə... – şair başı ilə Babəkə tərəf işarə etdi.

-Pah! – toplumdan bir nida ucaldı.- Şeytan girsin belə onun içinə, ilahamin ya rəbbim! Cindilər, iblisdilər onlar... Adam deyillər.

-Bəli ya... Azərbəycinlidir onlar... bəli... - daha kimsə də atmaca atıb ətrafındakıları güldürdü.

- ...Və bu arsızlarda hətta qadın-kişi söhbəti də yoxdu, ya Xəlifə, təsəvvür edirsinizmi? – Şair Bəxili vəcdlə davam etdi. – Guya hamı bərabərdir. Məsələn, qız uşağı doğulanda bunların heç vecinə olmur. Üstəlik ata valideynin mirasını uşaqlar arasında tən bölür bu kafirlər, qız-oğlan demədən.

Ətrafdakılar eşitdikləri sözlərə elə heyrətli səslər çıxarmaqla münasibət bildirirdilər. Sanki başlarına qaynar su tökülürdü...

- Bəli, bəli, təsəvvür edin! Bu kafirlərdə ən böyük rüsvayçılıq odur ki, ya Xəlifə, Azərbəycan qadınları örtük tanımaz, örpək bilməz, zənənlər üz-gözü açıq gəzər. Oralarda hərəmxana olmaz. Qızlar öz istəklərincə kimə istəsələr məhəbbət edib ərə gedərlər. Sonra da ərləri ilə çiyin-çiyinə işə çıxar, əkin-biçin edər, at çapar, küşt tutar, qılınc çalıb döyüşər... Bax belə dəhşətdilər bunlar...

-Paho!!! Pah-pah-pah!!!– Xəlifə səmimidənmi, ya Babəki cırnatmaq üçün qəsdənmi şairin söylədiklərini çox qabarıq hissiyatla qarşılamaqla topluma istiqamət verirdi.

Mərasimdə iştirak edən möminlər Xəlifəyə baxıb ah-vayla əllərini dizlərinə çırpır, üzlərini tutub başlarını yellədir, Babəkə tərəf lənətlər yağdırıb tüpürürdülər.

Babək qara əbalı, qara saqqallı, ağ əmmaməli bu qərib məxluqları seyr etdikcə, sanki kiməsə nəyisə sübut edib anladırmış kimi daxilində çox fikirlər dartışırdı: “...Şairimə bax... Bunun idrakına bax... Sözünə, söhbətinə, ruhuna bax... Siz nə biçim insanlarsınız. Siz Allah-Allah deyib nə çox öyünərsiniz. Biz oğuzlar binadan yeri-göyü yaradan, həyat timsalı torpağı, suyu verən, güc timsalı odu-alovu qanımıza yeridən qadir Tanrıya sığındıq, özümüzü ona qurban dedik, çünki biz dildə yox, qəlbdə sevdik onu... Əbləh, sən Mədinəli ixtiyar İsmayıldan ibrət alaydın barı... O hazırcavab dürüst adamın da istehzası, kinayəsi vardı... Amma nəyə? Oturaq kənd əhlinin dililə köçəri cahil bədəvilərin kobud və qabalığına gülərdi Mədinəli İsmayıl ibn Yasar. Sən də oxumuş olarsan yəqin onun qoşduqlarını əgər həsəddən çıldırmamısansa. Xatırla bir nə deyirdi: “Ey adamlar, bizim qarşımızda özünüzü dartmayın, \ Nahaqqı bir yana qoyub haqqla danışın. \ Əgər biz və özünüz barədə məlumatınız yoxdursa, \ Soruşun ki, keçmiş vaxtlarda biz necə yaşamışıq.\ Biz öz qızlarımızı boya-başa çatdırdığımız vaxt, \ Siz düşünmədən onları torpağa basdırırdınız...” Yadındadı, İsmayılın bu yazdıqları? Budur həqiqət... Sənsə İslama yaddır, yasaqdır, – deyib nazlı qızları, xanım-xatın qadınları çıxdaş edən, qara örpək altında örtülü saxlayan qapalı əbləh. Məgər Tanqrıya inamın taleyi bir örpəyəmi bağlıymış?! Ey ulu Zərdüşt! Mən bu cahillərə necə anladım ki, hərənin etiqadı özünə xasdır. Necə anladım ki, ruhun əbədi var olmağına, ölməzliyinə inamdır bizə dözüm verən, ərənləri çəpəl düşmən qarşısında əyilməz edən. Ölüm yalnız bu dünyada var olan ötəri cismə, yer üzərinə müvəqqəti gələn və gedən bədən adlı qəfəsə aid haldır. Biz bunu bilirik. Amma məskəni əbədi səmalar olan ruh o səmalar qədər əngin və əbədidir - buna əminik. Ruhun bədəndən ayrılması məqamına qədər ən ağır işğəncələrə dözmək, ağrı-acıya əyilməz olmaq şücaəti bizim xalqda bu inama bağlılıqdan gəlir... Mübarizlik əhvalını doğuran – yerdəki həyatın müvəqqətiliyinə, fəzalarda dolaşan ruhunsa əbədiliyinə inamdır! Cahil adamlar anlamaz bunu. İndi mən bu cahillərə necə anladım, Tanrım... Oğuzun bir etiqadı var - o da tək Sənə bağlılıq. Dilində yox, könlündə aşiqdi Sənə. Bizim Tanqrımız yucalarda, əlçatmaz, ünyetməz səmalarda qərar tutar. Və Ona gedən yol içimizdən keçib gedər, gücümüzdən yox, ərəb. Onu ürəkdəki sevgi ilə görüb anlaya bilərsən, qorxu və təhdidlə yox. Çalış elə yaşa, elə davran ki, sevdiyin də səni sevsin. Hər şeyin ruhu var bu dünyada. Çalış sən də öz ruhunu təmiz tut, inamını möhkəm. Onun yazdığına inan. Ona sığın, Ondan um. Bu qədər təkəbbürlük eləmə, əziz Tanrımız sevməz bunu, ərəb, bilsən yeydir...”
Bu zaman saray səlnaməçisi əl-Qələm ibn Katib Xəlifənin şairə marağını görüb qısqandı, cürətini toplayıb irəli çıxdı. Çiynindən asdığı qaba dəvə yunundan hörülmüş sarımtıl-qəhvəyi rəngli iri heybənin içindən bir top kağız çıxartdı:

- İzninizlə, ya Xəlifə... Bu mənim yeni kitabəmdir. Mən də zəfərlərimizdən yazıram. Oralardan gələn xəbərlər də var. Xəzər türklərilə bağlılığı olan xürrəmilər çox qəribə tayfadır... Bu tayfa ellikcə qırmızı geyinər, xələtləri qırmızı, tumanları qırmızı, qurşaqları, şalları, bel bağları qırmızı, hətta bayraqları da qırmızı... Hələ beləsini dədə-babadan görməmişik...

Əyanlardan kimsə söz atdı:

-Ona görə elə özləri də qırmızı adamdır da!

Toplaşanlar gülüşdülər. Xəlifə gözünün ucu ilə həmin söz atan cəsarət sahibinə baxdı, tanıdı, məclislərin təlxəyi olduğu yadına düşdü, onunçün heç bir irad bildirmədi. Nəzərlərini yalan-doğru heyrətdən qışqırışan, tüpürən, lənət yağdıran, dəhşətlər eşidirmiş kimi qulaqlarını tutub özlərini döyən əhli-əyanın sıralarında gəzdirdi. Başını çevirib dimdik şax dayanan Babəkin uca boy-buxununa, tunc sifətinə, qürur yağan üzünə, gözünə, qaşına, ağzına, burnuna, əzələli qollarına, iri ayaqlarına diqqətlə baxdı, baxdı... Fikrə getdi.

Babək sanki durduğu yerdə bitmişdi. Zəncirli qollarını yanına salıb öz içinə qapanmışdı, daim öz-özü ilə danışır, eşitdiklərini yalnız daxilində götür-qoy edirdi:

“...Döz könül, döz, aldırma... Cahilin saçma sapanlarına uyma... Bədbəxt, tayfa yox, xalqıq biz! Qədim bir xalq. Azərlər. Od oğlu oduq... Oğuzuq... Vəhşi tayfaları, soysuz qəbilələri mən ilğımlı qızmar səhralardan, qara tikanlı susuz çöllərdən qolubağlı keçəndə gördüm. Bənizləri xofdan saralmış ac-susuz, məğmun insanları bitib-tükənməyən qumsallıq yarğanlardakı alaçıqlarda, çadırlar önündə gördüm... Bizim diyarların nə könül açan mənzərələrini, nə bulaq kimi qaynar həyatına oxşar füsunkar bir məkanı görə bilmədim bu yerlərdə. Bax, lağ etdiyiniz al qırmızıya sevgimiz o həyatın rəmzidir, görməyən bilməz! Tanrının peyğəmbərimizə verdiyi müqəddəs Kitabın saf amalından, xoş niyyətindən gəlir o allıq... Dərk etməyən bilməz! Sübh erkən bərəkətli dəryaların, uzaq üfüqlərin, uca dağların arxasından tülu edən müqəddəs Günəşin rəngindən rəng alır, gücündən güc alır bayrağımız... Bu qüruru yaşamayan anlamaz! Yaradanın lütfü ilə bu gözəlliklər içində yaşamaq üçün yaradılmışıq biz... O gözəlliyi duymayanlar dərk etməz. Ulu Tanrı, sən özün güc ver mənə, qoru ruhumu, sındırma bu cahillərin önündə! Lütfən...”
Xəlifə əlini əlinə vurdu:

-Katib! Səlnaməçi əl-Qələm ibn Katib!

Saray dəftərxanasının katibi dayandığı yerdə baş əydi.

-Yadındadı, sən bir dəfə Azərbəylilər haqqında sicilləmə oxuyurdun, yadındadı? - -Xəlifə üzünü səlnaməçiyə tutub beyninə maraqlı bir fikir gəlibmiş kimi dedi. - Mən də dedim, maraqsızdır, rədd elə... Yadındadı? Bax sən də bir şahid kimi yazdığın o sicilləməni oxu. Oxu görək bu zındığın yeri-yurdu o böyük Azərbəycan ölkəsinin hansı bucağındadır? Hansı tayfadan, kimlərdəndi bu belə ki qaldırıb qoyub özünü Qaf dağının başına? Oxu!

Babək ağır-ağır göz qapaqlarını endirib qəzəb və nifrət dolu baxışlarını yuxarıdan aşağıya, Xəlifə Mötəsimə dikdi: “Bədbəxt, - düşündü, - mənim yurdum Azərbaycan ölkəsinin bir bucağı deyil. Mənim vətənim o başlı-bu başlı böyük Azərbaycan ölkəsinin özüdür... ”

Səlnaməçi əl-Qələm ibn Katib iri heybəsini açıb içərisində eşələndi və başqa bir dəftərçə çıxartdı. “1001 gecə” nağılları oxuyurmuş kimi, ədəb-ərkanla, aram-aram qiraətə başladı.

- ...Qibleyi-aləm, ərz edim mübarək hüzurunuza ki, bunun atası var ki ya ismi Abdullah olub, Ərdəbil yaxınlığındakı Bilalabad deyilən bir kənddə yaşayarmış... Müqəddəs zeytun yağı alıb-satarmış o çəpəl məxluq... Əhvalat belə vaqeə olur ki, zeytunsatan kafir bir gün dağ kəndlərinin birində Bərumənd isimli, tay gözlü, ayağı sürüşkən bir kor zənənə tamah salır. Nəfsini saxlaya bilməyib siqəsiz bu arvadla zina edir. Vaxt tamam olub vədə yetişəndə bic vələddüzinna ki özünü büruzə verir, el içində rüsvay olmamaq üçün yağsatan taygözü almağa məcbur olur. Bax, qarşınızdakı bu Allahın bəlası o günah izdivacdan doğulan həmən həramzadədir.
Babək nifrətlə səlnaməçiyə baxdı: “Haramzada... Haramzada... Sən namussuzcasına uydurduğun şər-böhtanla tək özünə yox, Tanrının müqəddəs kəlamını yazan qələminə də xəyanət edirsən, cahil gəda!”

Və yenə zəncirlər onun biləyinə işlədi, qan-qançır oldu.

Xəlifə isə ibn Katibin danışığına xüsusi zövqlə, hətta göstərgəli bir maraqla qulaq asırdı:

- Aha, aha! Maraqlıdır, çox maraqlıdır. Sonra, sonra noldu?

Səlnaməçi əl-Qələm ibn Katib Xəlifənin diqqətini şairdən özünə doğru çəkə bildiyindən məmnun halda baş əyib kitabəni açdı...
...Ərəbistan çöllərində əzəmətlə boy verib ucalan Böyük Azərbaycan sərkərdəsinin şəcərəsi haqqında iblisanəliklə söylənilən təhqiramiz yalanlara rəvac verdiyi üçün, yenə ərəb şahının armud saplağı tək nazik boğazını çəkib üzə bilməməsi səbəbindən az qala ürəyi partlayacaqdı. O qəzəbini biləyindəki qara zəncirlərə salıb qollarını açmaq istəsə də, eynən ürəyindəki damarlar kimi zəncirin halqaları da gərildikcə dərin qançırlı şırımlar aça-aça sümüyə işlədi. Qan daman qəzəbli gözləri ilə didib-parçalayacaqmış kimi xəlifəyə baxıb-baxıb da yalnız çarəsizcə bozqurd sayağı inildədi...

Dünyadan bixəbər səlnaməçi yazdığı səfeh mətni şəstlə oxumağında idi:

- Bəli... Zinakar Abdullahı bir gün Savalan dağının ətəyində namuslu adamlar tutub yaxşıca kötəkləyirlər. Sürünüb birtəhər evinə çatsa da, az keçməmiş gəbərir...
Xəlifəyə xoş gəlsin deyə özlərini çox maraqla qulaq asan pak əqidəli mömünlər kimi göstərən əhli-əyan arabir mətn arası vəcdlə qışqırışırdı: “Bərəkallah!”, “Halal olsun o namuslu adamlara!”, “Allah zinakarın cəzasını mütləq verər!”, “Tfuuu, lənətə gəlmiş məlun!”
Babəkin gözləri önündə anasının solğun, zəif, mülayim çöhrəsi canlandı, yaddaşında anası ilə keçirdiyi günlərin şirin xatirələri oyandı. Ən çox da bu mənzərəni xatırladı: “Uca Tanrıdan zavallı oğluna yardım diləyən ana göz yaşları içində bir çimdik duzu oğlunun başına hərləyib ocağa atır, alovun dinclik və əminlik gətirən qaynar dillərindən yığdığı qüvvəti üz-gözünə çəkə-çəkə dodaqaltı dualar pıçıldayır...”

Çox sonralar xürrəmilərə başçılıq edəndə Babəkin qanlı-qadalı döyüşlər içində necə ağır, əzablı bir həyat yolu keçdiyini görən ana həmişə uşaqlıq illərində olduğu kimi, oğlunu ocağa yaxın gətirər, başına duz hərləyib oda atar və dodaqaltı pıçıltılarla Tanrıya dua göndərərdi.


Saxtakar salnaməçi həvəslə öz işində idi və çox da bəlağətlə yalanlarını oxumaqda davam edirdi:

- Bəli... Əri cəhənnəmə vasil olandan sonra Bərumənd arvad iki yetimilə tək qalır. Onun-bunun uşağına əmcəyindən süd verməklə bunları böyüdür... Bəbak lap kiçik vaxtından çobanlıq eləməyə başlayır... Bir gün Ordubad səmtində, Araz çayı ilə Əhər arasındakı ərazidə - Qaradağ mahalının Kəleybər qəsəbəsindəki Bəzz qalasının sahibi Cəvidan isimli bir kişi Bilalabad yaxınlığında çovğuna düşəndə sığınmaq üçün Bərumənd arvadın evinə düşür. Gecəni onunla keçirir. Səhər durub gedəndə balaca küçüyü də özüylə Bəzzə aparır... Dəli İmranla pul-para savaşında cəhənnəmə vasil olan Cavidanın gözəl-göyçək totuq zövcəsi bu pəzəvəngə ərə getmək üçün hiylə ilə camaatı tovlayıb guya ərinin vəsiyyətini çatdırırmış kimi, yalandan göz yaşları axıdır: "...O mənə tapşırdı ki, xürrəmilərə de ruhum cismimdən uçub Bəbakın bədəninə keçdi. Bundan belə bizim təlimi o yaşadacaq! Ona itaət edin..." – deyir. Beləcə Bəbak olur xürrəmibaşı...


Bu iyrənc nağıllara qulaq asdıqca Babək göylərdən imdad diləyirdi: “Uca Tanrım, sən özün mənə kömək ol! Dözüm ver mənə, ruhumu sınmağa qoyma... Döz, Babək! Şərə cavab verib də şəri mənaya mindirmə. Cahillərlə həmsöhbət olacaq qədər cahillik etmə. Özünü alçaltma! Sus və döz! Döz və sus!”
- Bəli... Amma Cavidan da az aşın duzu deyilmiş, tülkü kimi çox bic tərpənib mükəmməl bir ərazidə, dəryalardan ucalarda tikilən Bəzzə yerləşibmiş. Və bütün din düşmənləri ətraflardan o dağlara axışır...

Bu yerə çatanda Xəlifə Mötəsim böyük bir həzzlə səlnaməçinin sözünü kəsib onun mətninə düzəliş verdi:

- Dayan, ibn Katib, dayan... Axışır yox, axışır niyə ki, yaz ki axışardı. Bəli, axışar idi!.. - Xəlifə xüsusi vurğu ilə deyib qəh-qəhə çəkdi. - Ha-ha-ha... İndi o iblis yuvasının daşı daş üstündə qalmayıb... İgid Əfşin darmadağın edib, silib yer üzündən o şeytanqalanı... Soyuq təndirləri, uçuq evləri qalıb o xarabalığın... Daha ora axışan yoxdur, şair... Ha-ha-ha... Bax, müqəddəs “Qurani-Kərim” ona görə buyurur ki şairlətə inanmayın... Ha-ha-ha... – Xəlifə salavat çevirib qalib hökmdar ədası ilə ağır-ağır Afşinə tərəf döndü. - Afərin, Əfşin, afərin, bütün o kafirlər məmləkəti sənə halaldır...

Babək meydana göz gəzdirdi. Hər yan ağ əmmaməli qara əbalı adamlarla, qara bayraqlı silahlılarla dolu idi. Onlardan arxada boşluq, səmum yelləri əsən çöllü-biyaban, qara tikan yetirən qızılı rəngli qum səhraları uzanıb gedirdi... Babək Xəlifənin şadyanalığına baxıb: “Gül... Sevin hələlik...- deyə ürəyində fikirləşdi, - amma bil ki özgə qoruğuna girən ovçu nə xeyir tapar, nə halallıq!” O bir daha Afşinə nifrətlə baxdı: “Gələr... gələr həlbət öylə bir zaman ki...”

Afşininsə kefi ala-buludda idi.

Xəlifə davam etdi:

- Bura bax, ibn Katib, o zındıqlar haqqında da məzəli söhbətlər söyləyirdin e... Guya onlar... əstafürullah... Guya xürrəmilər bütün vaxtlarını şit musiqilər altında yeyib-içməklə, gülüb-oynamaqla keçirirlər... Guya...hətta... ən yaxın qohumları ilə... məsələn, əstafürullah, ana-bacıları ilə də zad edirlər... zada girərlər yəni... nədi onun adı... ha-ha-ha... hə də lap kəbinsiz, siğəsiz övrətləri dəyişdirib istifadə edirlər... haram iş tuturlar...
Daha çox Xəlifəyə yarınmaq niyyəti ilə əyanlar yenə hərəkətə gəlib qəzəblə lənətlər yağdırdılar, sağa-sola tüpürdülər, əllərini aşağı-yuxarı oynatdılar və şəhadət barmaqlarını dişləri arasına salıb amiranə görkəmlə yastı-yastı yaxa vurdular, dizlərinə döydülər...
Özünü nə qədər təmkinli tutsa da, eşitdiyi murdar söhbətlər, şər-şəbədə danışıqlar Babəkə, əlbəttə, pis təsir edirdi, əsəblərinə toxunurdu: "Bədbəxt!- düşünürdü o. - Sən nələr saçmalayırsan? Bu qədər şit, qayğısız, abırsız-həyasız ömür sürən başıpozuq adamlar yüz il qara niyyətli vəhşi imansızlarla döş-döşə dayana bilərdimi?! Qeyrətsiz adamlar yüz il qara niqablı qaniçənlərlə çarpışa bilərdimi? Qorxudan, acizlikdən qaçıb dağılışmazdımı?!.. Mənim xalqımı qılıncla əyə bilmədiniz, indi söz yarası vurub da qürrələnmək istəyirsiniz?! Şər-böhtan-iftira ərən işi deyil, ərəb. Sizin əməlinizsə bu... Amma uca Tanrı sizlərə nazil olunan müqəddəs Kitabda şərdən, böhtandan uzaq durmağı tövsiyyə etmişdi sizə, cahil! Vəz etdiyinizə də inanmırsınızmı?!"
Xəlifə Babəkin qolundakı zəncirlərin gərilməsindən onun çox əsəbiləşdiyini və çox da qəzəbləndiyini duydu. Düşmənini bu dərəcədə qıcıqlandıra bildiyindən məmnun qalıb yarasına daha artıq duz basmaq istədi:

-Sən nə deyirsən, Bəbak? Düzdür bu deyilənlər sizin haqqınızda? – sual etdi.

Babək susdu: “Döz, Babək! Döz və sus! Şərə baş qoşub şəri mənaya mindirmə. Alçaqlara cavab verib özünü alçaltma! Aman, Şirvinin ruhu, məni qoru! Mənə dözüm ver, səbr ver, yuca Tanrı!”

- ...hə, dillənmirsən? Axı, bu sənin mübarizə tarixindir, istedadlı səlnaməçimiz əl-Qələm ibn Katib onu gələcək nəsillər üçün yazır. Sizinkilər də oxuyacaq ərəbcəni öyrənənədə. Düz yazır, düz yazmır, bir söz de.

Babək gözlərini yumdu: "...Aldırma dedim, düşmən sevindirmə dedim, döz könül, döz, dedim... Şu cahil adama baxsana! Gələn nəsil sən ağılda olmayacaq! Əgər sənin mirzən mənim haqqımda düzünü yazsa idi bu mənə pis təsir edərdi. Düşünərdim nədən bu qədər mənə güzəşt edir, qəbahətim nədir ki düşmənə xoş gəldim? Amma indi... Mən böhtana nə deyim? O sənin mirzəndir və əlbəttə, sənə xoş gələni yazacaq... yazır da! Bunudamı düşünmək çox çətindir... Gələcək nəsil hər halda sən ağılda olmayacaq, bilən olacaq ki, biz sizdən qorxmadıq, qaçmadıq, qılınc yarası vura bilmədiniz bizə. İndi söz yarası ilə qalib gəlmək istəyirsən Azərbaycana. Heyhat! Sizin qılınc üstündə gətirdiyiniz şəri bizim çal-çağırlı xeyirimiz min il qala yenə kəsəcək, kəsəcək, kəsəcək..."
Xəlifə gülümsəyə-gülümsəyə başını yellədib müdrikanə əda ilə dedi:

- Özün bil... Sus... Amma deyirlər at belinə qalxanda bağırtından qulaq tutulurmuş. Qışqırır, çığırır, söyürdün Bəzzin həndəvərindəki günahsız ərəb balalarını, zalımcasına qılıncdan keçirirdin ərəb uşağını. Qəddar adamsan. O qədər qəddar adamsan ki, hətta mərhəmət göstərmək istəyən özünüzünkülərin də boğazını üzürdün. Yüz dəfə minlərlə ərəb övladı öldürmüsən, qorxutmusan, qaçırtmısan, əsir aparmısan... Təkcə döyüşçüləri yox, adi ərəbi də, ərəbə çörək-su vermək istəyən türkü, farsı, ərmənini də amansızca doğramısan. Sənin üzündən yüz minlərlə döyüşçü itirmişik... Yüz minlərlə!!! Buna nə zamansa cavab verməli olacağın heç ağlına gəlirdimi? Danış, zalım! Sən insanlarda nə qədər vahimə yaratmısan, qansız! Azərbəycana yürüş adı gələndə əsgərlərimin arasında fərarilik baş alıb gedirdi... Nə qədər fərari cəzalandırmışam sənə görə... Başa düşmürəm sən nə edirdin ki, bizim qoçaqlar döyüşdən qaçırdı, amma sizin əclaflar ölsə də meydanda qalırdı?..


Babək bayaqdan tədricən səsini ucalda-ucalda çılğıncasına bəlağətli nitq söyləyib öz şücaətini camaata nümayiş etdirən Mötəsimə tam sakit, laqeyd nəzərlərlə baxıb susmaqla onun çılğınlığını daha da şiddətləndirdi. O artıq burada ayaq üstə durmaqdan, üzücü sorğu-suallardan bezmişdi: “...Cahil... Sizinkilər qaçırdı, çünki onlar canlarını qoruyurdu, - düşündü Babək. – Bizsə qaçmırdıq, çünki vətənimizi qoruyurduq. Onlar canını götürüb öz ölkəsinə qaçırdı, biz öz ölkəmizdəykən hara qaçacaqdıq? Bizim üçün canımız ötərgidir, vətənsə əbədi... Siz bir zamanlar bu ötərgi can hayındanmı vahiməyə düşüb paytaxtınızı Xorasandan Bağdada, Bağdaddan Samirəyə çəkdiniz? Əcəb axirətpərəstsiniz! Ölümdən niyə belə qorxursunuz?!”

Babəkin yüngülcə gülümsündüyü Xəlifənin gözündən yayınmadı:

- Sən gül.. – dedi acıqlı-acıqlı. - Görək axırda kim güləcək... Qəddar adam! Qansız! İmansız! Əclaf! Sən o biçarə ərəb analarının göz yaşlarına cavab verəcəksən! Sən çox zalımlıqlar etmisən. Sənin Allahsız hərəkətlərin bütün İsfahan, Farsistan, Kuhistan, Xorasan tərəflərdə yayılıb camaatı yoldan çıxardıb. Millətin hamısı xürrəmi olub... Həmədanda bizə vurduğunuz zərbədən az qala çökmüşdük... – Xəlifə dediyi sözün fərqinə varıb bir anlıq duruxdu. - Nə isə... Yəni o qədər qiymətli sərkərdələri öldürdün, o qədər qoşun qırdın, o qədər əsgərləri pərən-pərən saldın ki... Axırda ölüm ayağında olan əziz qardaşım Məmun məni çağırıb bilirsən nə dedi? Dedi, yadda saxla Mötəsim, o türkü ancaq bu türk yenə bilər! – Mötəsim gözünü Babəkdən çəkmədən əlini Afşinə tərəf apardı. - Malına, puluna xəsislik eləmə, dedi, hardan tapırsan tap, ancaq dinsiz türkə qarşı imanlı türkləri çıxart, dedi. Nə qədər ki, bu kafir xürrəmilər var, Xilafətdə rahatlıq olmayacaq dedi mənə əziz qardaşım Məmun ölüm ayağında… Düz iyirmi il bundan əqdəm sən Yəhya ibn Məaz ibn Müslümün başçılıq etdiyi qoşunumuzu dağıtmışdın, şanlı bir ordunu Azərbəycanın qapılarından geri qaytarmışdın… Ondan bir il keçmiş qardaşım Məmun bacarıqlı sərkərdə İsa ibn Məhəmməd ibn Əbu Həmidi qoşunun başında göndərdi sizin odlu cin diyarına. Şanlı ərəb qoşununu yenə Azərbəycinin cənub ətəklərində qarşılayıb irəliləməyə qoymadın, höcətlik elədin, Bəbak… Hətta o boyda Əbu Musa da qorxaqcasına sənin qabağından qaçdı... İbn Katib, qələmə almısanmı o qorxaq əbləh nə demişdi qaçanda? Oxu.
Xəlifənin sadaladağı o döyüşlər vuruş meydanından qılınc səslərini, insan

hənirini, nərəsini, atların kişnərtisini... bir-birinə qarışmış halda lap uzaqlardan Babəkin qulağına çəkib gətirdi. Babək o döyüşlərin hamısını yaxşı xatırladığı üçün Xəlifənin nələr danışdığını bu meydanda hamıdan yaxşı başa düşürdü.

İbn Katib baş əyib kitabəsini vərəqlədi:

“Ya Xəlifə! Demək, şanlı Ərəb qoşunu pərən-pərən düşüb qaçdığı zaman əsgərlərdən biri arxasına baxmadan qaçan Musadan soruşdu:

-Ey Əbu Musa, hara belə?

O isə cavabında dedi:

-Biz onlarla vuruşa bilmərik, biz ancaq müsəlmanları qorxutmağa qadirik".
Xəlifə əlini qaldırıb bu qədər bəsdi dedi:

- Bəli, cəzasını verdik əlbəttə Əbu Musanın...Layiqincə aldı cəzasını o qorxaq... Amma Xilafətin sonrakı qoşun başçısı... Ona etibar edilən nəhəng ordunu aparıb Azərbəylərin qapısında qoydu. Minlərlə şəhid...On minlərlə tələfat... Yaxşı, oxu, görüm sən orda başqa nələr yazmısan, o təzə kitabında.

İbn Katib yazdıqlarını oxumağa davam etdi:

- Bəli ya... Çox götür-qoydan sonra mərhum Xəlifəmiz ibn Məmun – Allah ona rəhmət eləsin! - Xilafətin əksər qoşun dəstələrini birləşdirdi və sərkərdə Məhəmməd ibn Hüməyd əl-Tusinin sərəncamına verdi. – Bu arada yer-yerdən “Amin!” sədaları ucaldı. - ...Odlu Yurdu işğal edəcəyi təqdirdə onu bütün böyük Azərbaycanın hakimi-mütləqi təyin edəcəyini vəd verdi. Günlərin bir günü əl-Tusi nəhəng ordunu da alıb Azərbəycana yürüşə çıxdı. Xürrəmiləri cənub vilayətlərdən ta Bəzzin həndəvərinədək qovub apardı... Amansız döyüşlər oldu. Xürrəmilər dağdan, daşdan, qayadan bir sel timsalı düzəngahlara axışır, zalım-zalım döyüşəndən, bəs qədər zərbəni vurub tələfat verəndən sonra yenidən dağlara, meşələrə qaçırdı... Döyüşün gərgin çağlarında hardansa qəfildən yeni dəstələr çıxıb namərdcəsinə arxadan ərəb uşaqlarını qılıncdan keçirirdi... Böyük sərkərdə Məhəmməd ibn Hüməyd də o tərəflərdə uca dərgaha qovuşdu. Allah ona rəhmət eləsin!

Əyanlar “Amin” dedilər, salavat çevirdilər, ətəkləri ilə göz yaşlarını silən də oldu.

İbn Katib davam etdi:

- Bəli... Görkəmli sərkərdə həlak olmuş, ordu darmadağın edilmiş, döyüşçülər it-bata düşmüşdü... Çox adam heç tapılmadı, bilinmədi öldülərmi, qaldılarmı, yad ellərə qaçdılarmı... Qüdrətli xilafətimiz hələ belə ağır zərbə almamışdı. Nə qədər ərəb ana-bacısı, qız- gəlini ağlar qaldı...
İbn Katib oxuduqca Babək xəyallar qoynunda düşünürdü:

“Bəli... Kimsəsiz deyilik biz də bu dünyada... Tanrının gözü üstümüzdədi... həmişə...”

O, uzaqlara baxıb köksünü ötürdü: “Gözəl məmləkətim, Odlu Yurdum mənim, ah!”

Bir xeyli sus-pus qulaq asan Xəlifənin birdən-birə beyni qızdı, sifəti pörtdü, coşdu, qızardı, bozardı, sanki şişib-şişib yepyekə yumrulandı, hikkəli-hikkəli gözlərini bərəldib Babəkə tərəf qıcandı, dişlərini bir-birinə sıxıb barmağını silkələyə-silkələyə həmin qızarıb-pörtmüş halında:

-Sən bunlara cavab verəcəksən, kafir! – deyə-deyə çığırdı. – Mütləqa! Sənin sadə ərəblərlə nə işin var?! Toxunma onlara! Zalım! Dinsiz... dinsiz... zzzz.... Oxu! Yox oxuma! Ta lazım deyil. Hər şey aydındır...

***



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə